Əbədi yaddaşda yer alan xatirələr danışanda... - Sara OSMANLI

 

Kitabla tanışlıq üz qabığındakı adından başlayır. Təcrübə göstərir ki, adətən uyğun adın axtarışı kitab yazılandan sonra başlanır.

Haqqında söhbət gedən nəşr də bu baxımdan istisna olmadı. XX əsr Azərbaycan poeziyasının tanınmış tədqiqatçısı Safurə Quliyeva sonuncu kitabını nəsrə göndərmək ərəfəsində seçdiyi adı şöbə əməkdaşlarına səsləndirəndə - "Ədəbi yaddaş - əbədi yaddaşımız" - düzünü deyim: şəxsən məndə bu ad cinasvari söz oyunu təəssüratı yaratdı.

Ötən əsrin 70-80-ci illərdə Safurə xanımın özünün ilk qələm təcrübəsinə verilən rəylərdən (bu yazılar kitabın sonunda "Safurə Quliyeva haqqında yazılanlardan" başlığı altında verilmişdir). Söhbət müəllifin 1974-cü ildə "Müşfiqin sənətkarlığı" mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasına görkəmli alimlər - Məmməd Arif, Bəkir Nəbiyev, Qulu Xəlilov tərəfindən verilən rəylər və qeyd edilən tədqiqat əsasında 14 il sonra nəşr edilən "Müşfiqin sənət aləmi" adlı monoqrafiyasının mətbuatda yaratdığı geniş rezonansdan gedir (Azadə Rüstəmova, Tehran Əlişanoğlu, N.Qurbanova, N.Axundova, Ə.Əzimov).

Qeyd edilən rəylərdə Safurə Quliyevanın tədqiqatının müşfiqşünaslığının təşəkkülündəki ciddi əhəmiyyəti qeyd edilir. Təbii ki, şairin 20-30-cu illər arasındakı onilliyə təsadüf edən yaradıcılığına yaşanılan dövrün yeni siyasi-ictimai iqlimi əks olunmaya bilməzdi. Rəylərdə tədqiqatçı tərəfindən şairin sənətkarlığının səciyyəvi xüsusiyyətlərinin aşkarlanması, onun klassik irsə münasibəti, forma və məzmun baxımından yenilikçi axtarışlarının müəyyənləşdirilməsi vurğulanır. Məxsusi olaraq şairin klassik irs və xalq yaradıcılığının dərin təsiri ilə formalaşan bədiiliyin aşkarlanması qeyd edilir. Əksər rəylərdə monoqrafiyanın xüsusi dəyəri şairin poeziyasının qaynaqlarının tədqiqi, şeirlərində lirik "mən" və "lirik qəhrəman" binarlığı ilə bağlı probleminin açılması, heca vəzni və şeir şəkli sahəsindəki novatorluğu və s. problemlərin ilk dəfə olaraq zəngin material əsasında qoyulması və tədqiqi ilə bağlanılır. Tədqiqatın "Müşfiqin sözünə, özünə vurğunluq, taleyinə canıyananlıq duyğuları ilə yazılması" xüsusi vurğulanır (B.Nəbiyev).

"Müşfiqin sənət ecazları tədqiqatçı gözü ilə" adlı məqalənin müəllifi klassik irsimizin ustad tədqiqatçısı Azadə Rüstəmovanın özünəxas üslublu yazısında S.Quliyevanın monoqrafiyasında "yüksək professional səviyyədə, təmkinlə, həm də öyrəniş obyektinə vurğun, məftun bir tədqiqatçı ehtirası ilə qələmə almış Müşfiq dünyasına bir daha yeni bucaqlardan oxucuya açıqlamasıdır".

Alimin xüsusi diqqət yetirdiyi məsələ tədqiqatçının Müşfiq şeirində "lirik mən" və "lirik qəhrəman" binar problemi ətrafındakı ricətləridir.

Monoqrafiyanın "Müşfiqin bədii üslubu" fəsli ilə bağlı qənaətlərində Azadə xanım müəllifi kamil bir şeirşünas kimi dəyərləndirir.

Eyni zamanda alim tədqiqatın yazıldığı ili (1974) və onun müəllifinin aşkarladığı potensialı nəzərə alaraq belə bir inamını ifadə edir: "Bu gün qələmə alınsaydı burada bir sıra mətləblər də öz həllini" tapardı. Söhbət, əsasən, "Yenə o bağ olaydı" məşhur şeirindən gedir, daha dəqiq desək: "Bu yaz başqa bir yazdır, bu yaz daha da xoşdur", "Bu yaz dostlarım bir az bəxtəvər olacaqdır" və s. bu kimi misralardan, şeirin ab-havasından gedir. Bir növ, 1937-ci ilin tariximizə qara səhifələrlə yazılan o mənfur yazda: (yəni dövrün təzyiqi ilə qələmə alındığı misralar) "süni calandığı" kimi təqdim edilir.

Əlbəttə, bunabənzər mühakimələrin də (əslində ehtimalların) yürüdülməsinə (ələlxüsus, şairin faciəvi taleyi kontekstində) haqq qazandırmaq olar. Amma, zənnimizcə, belə tam sübutu mümkün olmayan məsələlərə aidiyyatda yanaşma təxminlər müstəvisində qəbul edilə bilər.

Düşünürük ki, bu həssas məsələ ilə bağlı fərqli bir yanaşmaya diqqət etmək ədaləti axtarmaq deməkdir. Məlum olduğu kimi, qədim Roma hüququna aid məşhur latın aforizmlər sistemində yer alan ədalətli hökmün vacib şərtlərindən biri belə səslənirdi: "Audiatur et altera pars". ("Digər tərəfin mövqeyi də dinlənilməlidir!")

Söhbət yuxarıda qeyd edilən "dövrün təzyiqi ilə qələmə alındığı misralar" və bu kimi dəyərləndirmələrlə bağlı həmin illərdə dərc edilən (1991) yazıda Tehran Əlişanoğlunun real tarixilik meyarına söykənən mövqeyindən gedir ki, 30-cu illərin qabarıqlaşdırılması, şairin "əyilməz rəmzi olaraq..." təbliğ edilməsinə ehtiyacının olmamasından gedir. Həmin yanaşma kontekstində "nakam sənət" meyarı, şairin böyüklüyünün edə biləcəklərində axtarılmasına tədqiqatçının tənqidi münasibəti əsaslı görünür (bu yerdə Tehran assosiativ olaraq V.Şukşinə məxsus uğurlu lirik haşiyəyə müraciət edir: "Kədərlənirlər ki, Yesenin az yaşadı. Lap nəğmə qədər... Nəğmələr ki uzun olmur..."

Əslində söhbət ustad zirvəsinə yaxınlaşmış Müşfiq poeziyasında sovet rejiminə qarşı hansısa sətiraltı etiraz notların axtarılmasına ehtiyacın olmasından gedir. Bircə məsələni diqqətsiz qoymaq istəməzdik: Müşfiq üslubu. Safurə xanımın şairin üslubunu lirik-romantik istiqamətə aid etməsi Tehranda təəccüb doğurur, çünki "Müşfiqin lirik düşüncəsində romantizmə xas heç nə yoxdur". Fikrimizcə, bu məsələdə "müqəssir" terminlərin qarışdırılmasıdır. Bir var "romantizm" (metod) və bir də var "romantika" (üslubi təmayül): hər iki isim "sifətləşəndə" romantik olur. Bu məntiqlə Safurə xanımın "lirik-romantik"ində söhbət romantizmdən deyil, sosialist realizmi metodunun tərkibində romantik üslubi təmayüldən gedir (ideologiya kontekstinə uyğun həm də "inqilabi romantika" adlandırılırdı: məs., M.Qorkinin "İzerqil qarı", "Danko", "Şahin haqqında nəğmə" və s.).

Yazımızın əvvəlində təxmin etdiyimiz təsnifata uyğun sözügedən topludakı nəzəri yönlü məqalələrdən ikisinə nəzər salmağa qərar verdik: "Lirik qəhrəman probleminə dair" (1974) və "Səməd Vurğunun "Vaqif" pyesində müəllif" (2014).

Məlum olduğu kimi, "lirik qəhrəman" - "müəllif məni" binarlığı ədəbiyyat nəzəriyyəsində aktuallığını saxlayan, birmənalı şərh olunmayan problemlərdir.

Bu seçim həm də Safurə xanımın "Poeziyamız XX yüzillikdə" adlı məqalələr toplusunun redaktoru olduğu Şirindil Alışanlının "Səriştəli poeziya tədqiqatçısı" sərlövhəli Giriş sözündə xüsusi vurğuladığı həmin kateqoriyalarla bağlıdır: "həmin bu anlayışların nəzəri şərhi bu mətləblərin tədqiqinə zəmin olan şairlərin yaradıcılığı fonunda aparılır".

Öz fərdi tədqiqatçı üsuluna sadiq olaraq Safurə xanım ilk məqalələrindən olan "Lirik qəhrəman probleminə dair" (1974) yazısında ədəbiyyatşünaslıqda bu problemlə bağlı görkəmli alimlərin (L.Timofeyev, N.Venqrov, A.Mixaylov, Z.Qinzburq, Z.Papernıy və b.) mövqelərinin icmalını verərək, mübahisəli görünən məqamlara münasibətini bildirir.

Safurə Quliyevanın "Vaqif pyesində müəllif" adlı yazısında dram əsərinə aidiyyatda ədəbiyyatşünaslıqda müəllifin iştirakı probleminin nisbətən az işıqlandırılması qeyd edilir. Bunun izahı sadədir: "monoloq və dialoqlardan ibarət olan dramlarda müəllifin müdaxiləsi yalnız remarkalarla bağlıdır".

Tədqiqatçılıq xəttinə sadiq qalan məqalə müəllifi müraciət etdiyi mövzuyla bağlı özündən əvvəlki təcrübəni qeyd edir. Və haqlı olaraq görkəmli alimimiz Yaşar Qarayevin mövqeyinə xüsusi önəm verir: tarixi təfərrüatla yanaşı, müasir fərdi avtobioqrafik məqamlara işarə edir ki, "XVIII əsr hadisələrində 1937-ci ilin "podtekstini" də tanımaq çətin olmadığını qeyd edir. Məşhur rus tənqidçisi O.Reznikin etirafını qeyd edir: "Vaqif surəti bizə nədənsə dramatik poemanın öz müəllifini xatırladır". Məqalədə müəllif Məmməd Arif, Mir Cəlal, Məmməd Cəfər, Mirzə İbrahimov, Mehdi Hüseyn, Yəhya Seyidov kimi görkəmli alimlərin mülahizələrində "Vaqif" pyesinin yalnız tarixi əsər kimi deyil, eyni zamanda müasir ideyalı əsər kimi səslənməsini qeyd edir.

"Qəhrəman-müəllif" probleminin açılması əsasən məşhur Vaqif-Qacar dialoqunda baş verir: tədqiqatçı hər iki tərəfdən səsləndirilən mənəvi dəyərlərin üstündə dayanaraq, eyni zamanda ikinci planı sezməkdədir: virtual müstəvidə Vaqifin nitqindəki müdrik kəlamları S.Vurğunun hikmətli ifadələri ilə tutuşdurur, səsləşmələr aşkarlayır.

Səməd Vurğunun "Vaqif" pyesində müəlliflə bağlı əsas məsələyə gəldikdə, "qəhrəman-müəllif" tənasübündə tədqiqatçı məşhur Vaqif-Qacar dialoqunun üstündə dayanarkən 1) dialoqun əyani iştirakçıların əbədi qütblü mənəvi baxışlarını; 2) Vaqif - müəllif "qeyri-əyani dialoqda" şair Vaqifin nitqindəki Səməd Vurğuna xas hikmətli ifadələrinin ruhunu aşkarlayır. Və Vurğunun məlum bəşəri duyğularını Vaqifin obrazında yüksək məharətlə canlandırır.

Yazımızın əvvəlində təxmin etdiyimiz şərti təsnifatda ayrıca bölmə Safurə xanımın (və çoxumuzun) yarım əsrdən artıq Ədəbiyyat İnstitutunda işlədiyi müddətdə məşhur həmkarlara ayrılıb. Bölmə daxilində söhbət portret-oçerklər, xatirələrdən gedir. Çoxumuzun tanıdığı şəxsiyyətlər haqqında: Böyükağa Talıblı, Mirmehdi Seyidzadə, Ənvər Əlibəyli, Qasım Qasımzadə, Yaşar Qarayev, Azadə Rüstəmova, Fəridə Vəlixanlı, Həbib Babayev, Əliheydər Hüseynov, Arif Səfiyev, Hüseyn Kürdoğlu. Sonuncu yazı professor Qəzənfər Paşayevin Hüseyn Kürdoğluna həsr etdiyi kitabı haqqındadır (geniş istedad sahibinin alim qələminə böyük hörmət əlaməti olaraq).

Qeyd edilən yaradıcı şəxsiyyətlərə həsr olunmuş yazılarda Safurə xanımın istedad sahibinə ədəbi-elmi dəyər vermək qabiliyyəti, şəxsən tanıdıqlarının insani keyfiyyətlərini duymaq hissiyyatı görünməkdədir.

Qeyd etdiyimiz portret-oçerklərlə bağlı bir yazı xüsusi gözə çarpır: ilk baxışda həcminə görə (30 səhifə). Tanış olduqda isə müəllifin onilliklərlə işlədiyi şöbənin müdiri olmuş görkəmli şair, alim, publisist Qasım Qasımzadəyə həsr edilmiş etiraf. Əslində bu yazı müəllifin 2024-cü ildə "Yazıçının elmi pasportu" seriyasında nəşr edilmiş "Qasım Qasımzadənin yaradıcılıq yolu" adlı monoqrafiyasının ətraflı təqdimatıdır.

Nəşrin redaktoru Şirindil Alışanlı "Giriş sözü"ndə kitabın əsas tədqiq istiqamətlərini və dəyərini təqdim edir: "Kitabda mətn və şairin bioqrafiyası, sənətkarlıq axtarışları paralel öyrənilir. Qasım müəllimin şəxsi arxiv materiallarının da tədqiqata cəlb edilməsi onun poeziyasının sənət özəlliklərinin, poetik sistemindəki obrazlar aləminin açılmasına yardımçı olur..."

Sonrakı nəsillər demiş... Nisbətən cavan nəslin nümayəndələri ilə şəxsi yaradıcı ünsiyyətdə olan müəllif onların da yaradıcı uğurlarını diqqətindən kənarda qoymamışdır (Fəridə Əzizova, Yadigar Əsgərova, Dilarə Adilgil və başqalarına həsr edilən yazılar). Yorulmaz tədqiqatçı Asif Rüstəmlinin dövlət himnimizin mətninin müəllifi ilə bağlı axtarışlarına aid yazı xüsusi yer tutur. Söhbət müəllifin yaşından asılı olmayaraq həmkarları ilə insani, yaradıcı ünsiyyət qurmaq qabiliyyətindən gedir ki, varisliyin yaşadılması üçün canlı bir keyfiyyətdir.

P.S. Tehran Əlişanoğlunun Safurə xanımın kitabına yazdığı "Giriş sözü"nə qoyduğu ad yada düşür: "Ədəbi yaddaş əbədi yaddaşa çevriləndə". İstər-istəməz Safurə xanımın Müşfiqin həyatı və sənəti ilə bağlı, demək olar ki, daima yaşatdığı xatirə söhbətləri, yeni aşkar etdiyi faktlarla bağlı şöbədə söylədikləri yada düşür. Məlum olur ki, tədqiqat davam edir. Və müəllifin bu əsəri ilə bağlı keçirdiyi böyük məsuliyyət hissi aşkar duyulmaqdadır: tələsmədən, addım-addım. Ədəbi yaddaşın əbədi nəğməsi. "Səmimi bir nəğməsi".

Bu nəğmənin sorağında getdiyi yolda alimə uğur diləyirik.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!