Südabə Ağabalayeva fərqi: intuitiv müdriklik və sirli həssaslıq - Lütviyyə ƏSGƏRZADƏ

 

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayeva təhlilə cəlb etdiyi yazılarında incə detallara əsasən insanın daxili aləmini, emosional vəziyyətini və gizli xüsusiyyətlərini üzə çıxaran bir qrafoloq kimi çıxış edir. Bunu onun araşdırma tədqiqatlarında və ədəbi şəxsiyyətlər haqqında yazdığı məqalə və esselərdə  müşahidə etmək o qədər də çətin deyil. Ədəbi portret yazılarında  sənət adamlarını təhlil edərək onların xarakteri, psixoloji vəziyyəti, hətta gizli bacarıqlarını təhlilə cəlb edərək maraqlı fikirlər bölüşür. Bizim Südabə Ağabalayeva adına və imzasına dəqiqliklə yanaşdığımız kimi, onun yanaşmalarında da imza insanın "bioloji möhürü", daxili dünyasının xaricə yansıması kimi xarakterizə olunur. Beləliklə, imza sənətkarın özünəməxsus üslubu, fəlsəfəsi və fərdi sənətkarlıq xüsusiyyətləridir. Adətən yaradıcı insanlar əsərin məzmununa, emosional təsirinə və fərqli üslubuna, çox zaman imzasına görə yadda qalır. Bəzi yaradıcı insanları şəxsən tanımasaq da, onların imzalarını tanıyır, gözümüz dövri mətbuatda bu imzaların yazdıqlarını axtarır. Südabə xanımın adı və soyadı (imzası) ədəbi aləmdə və dövri mətbuat səhifələrində hər zaman izlədiyim imzalardandır.

Yaradıcılığında milli dəyərlər və yaddaş məsələlərini önə çəkən Südabə Ağabalayevanın yaradıcılıq üslubu əsasən, tənqid və publisistikanın sintezi üzərində qurulub. O, məqalələrində təkcə ədəbi faktları təhlil etmir, apardığı təhlilləri milli-mənəvi-etik dəyərlər və yaddaş müstəvisində araşdırır.  Azərbaycan elmi və ədəbi mühitində ədəbi-tənqidi məqalələri, esseləri ilə tanınan Südabə Ağabalayeva eyni zamanda  "Karvan yolu, tənha yolçu",  "Vaxtın nə günahı...",  "Zamanla üz-üzə" kitablarının müəllifidir.

Müəllifin yaradıcılığının ilk dövrlərində qələmə aldığı ədəbi-tənqidi məqalələrdən və portret-yazılardan ibarət olan "Karvan yolu, tənha yolçu"  kitabında əsasən, həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının nümayəndələri haqqında təhlillərin yer aldığı kitabda sənətkarın cəmiyyətdəki yerini və "tənha yolçu" kimi mənəvi missiyası araşdırılır. "Karvan yolu, tənha yolçu"  kitabı Südabə xanımın bir tənqidçi kimi ədəbi mühitə gəlişini təsdiq edən və onun fərdi üslubunun (elmi məntiqlə bədii-publisistik dilin vəhdəti) təməlini qoyan ilk sanballı topludur. Kitabın adındakı "tənha yolçu" obrazı müəllifin sonrakı yazılarında ("Vaxtın nə günahı..." kitabında) inkişaf etdirdiyi "öz orbitində qalan insan" fəlsəfəsinin ilk rüşeymləri hesab oluna bilər.

 

"Vaxtın nə günahı..." kitabı (2011) Südabə Ağabalayevanın  fərqli illərdə yazdığı, əsasən ədəbi prosesin və mənəvi dəyərlərin təhlil edildiyi məqalələrin toplusu, eyni zamanda müəllifin bir tənqidçi və publisist kimi çoxillik müşahidələrinin bədii-fəlsəfi yekunudur. Kitabda müəllifin müasir Azərbaycan ədəbi prosesinə dair ciddi məqalələri yer alıb.

"İnsan öz orbitindən çıxanda..." və ya bu mövzulu esseləri tənqidçinin yaradıcılıq fəlsəfəsini ən yaxşı şəkildə ifadə edir.

Südabə Ağabalayevanın düşüncələrinə və "Vaxtın nə günahı..." kitabındakı fəlsəfəyə əsaslansaq, insanın öz orbitində qalması üçün ən vacib olan amil mənəvi bütövlük, insanın daxili vicdanı ilə üz-üzə qalmaq bacarığıdır.

Bütövlükdə, kitabdakı məqalələrin əsas qayəsini mənəvi-sosial mövzular, müasir dövrdə mənəvi atmosferin qorunması və "insanın öz orbitindən çıxma ehtimalı", - kimi problemlər təşkil edir.

Tənqidçi müasir yazıçıların yaradıcılığını təhlil edərkən ədəbiyyatın cəmiyyətdəki yerini və funksiyasını da təhlil edir, "insan-cəmiyyət-zaman" vəhdətini araşdırır, nakam şairimiz Mikayıl Müşfiq haqqında yazısında "Zamandan güclü" yanaşması ilə çıxış edir. "Sınıq ümidlərlə yaşamaq olmur" kimi esselərində müəllif bədii və fəlsəfi təfəkkürünü oxucularla bölüşür.  Ədəbi portretlər cərgəsində İsa İsmayılzadəni "60-cı illər poeziyasının yenilikçi nəfəsi" kimi, İnqilab İsaqı müasir Azərbaycan şeirini "urvatda saxlayan" imzalardan biri kimi qiymətləndirir. Tofiq Məliklinin polemika mədəniyyəti və filoloji görüşləri haqqında fikirlərini onun yaradıcılıq nümunələri əsasında təhlil, Mənzərə Sadıqovanın yaradıcılığındakı "insan-cəmiyyət-zaman" münasibətlərini və qlobal dəyişikliklərin əsərlərdəki inikasını tədqiq edir.

Bütövlükdə, Südabə Ağabalayevanın son illərdə yazdığı ədəbi-tənqidi məqalələri, esseləri və publisistik yazıları toplanmış "Vaxtın nə günahı..." kitabındakı yazılarla "Karvan yolu, tənha yolçu"dakı yazılarda mahiyyət etibarı ilə üst-üstə düşən məqamlar çoxdur.

Tənqidçi-publisist Südabə Ağabalayevanın yüksək sənətkarlıqla qələmə aldığı "Zamanla üz-üzə" sayca üçüncü kitabdır. Monoqrafiyada xalq şairi Mirvarid Dilbazinin 70 ildən artıq davam edən yaradıcılıq yolunu, ədəbi fəaliyyətini, onun Azərbaycan poeziyasına gətirdiyi yenilikləri, özünəməxsus üslubunu, bütövlükdə elmi tərcümeyi-halını təhlilə cəlb edərək, şairənin poeziyasının ana xəttini təşkil edən vətən sevgisi, doğma yurdun təbiətinə bağlılıq və milli ruhun tərənnümü kimi məsələlərə elmi nöqteyi-nəzərdən işıq tutulur.

Qeyd edək ki, Südabə Ağabalayevanın yaradıcılığı da ədəbi tənqidin diqqətindən kənarda qalmır. Azərbaycanın tanınmış ədəbiyyatşünasları, tənqidçiləri və sənət dostları müxtəlif vaxtlarda müsbət rəy və məqalələrlə çıxış edərək onun ədəbi tənqid sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Akademik Nizami Cəfərov tənqidçinin "Vaxtın nə günahı..." (2011) kitabı haqqında "Respublika" qəzetində "Kövrək sətirlər" adlı məqalə ilə çıxış edib, tanınmış tənqidçi, ədəbiyyatşünas Vaqif Yusifli Südabə Ağabalayevanın yaradıcılıq üslubu və ədəbi fəaliyyəti haqqında müxtəlif yazılarında bəhs edib, ədəbiyyatşünas və tənqidçi Nərgiz xanım Cabbarlı Südabə Ağabalayevanın həm redaktor müavini kimi fəaliyyətini, həm də onun müasir ədəbi prosesə münasibətini müxtəlif ədəbi görüşlərdə vurğulamışdır. Yazıçı-publisist Mənzərə Sadıqova yaradıcılığına həsr olunmuş təhlillər kontekstində Südabə xanımın tənqidçi mövqeyi və "Vaxtın nə günahı..." əsərindəki "insan-cəmiyyət-zaman" münasibətlərinə dair fikirlərini bildirmişdir.

Akademik Nizami Cəfərovun "Kövrək sətirlər" məqaləsi Südabə xanımın yaradıcılığı haqqında yazılmış ən sanballı yazılardan biridir. Məqalədə, "Tənqiddə qadın həssaslığı" məsələsinə toxunan akademik Südabə Ağabalayevanın tənqidi yazılarının quru, sxematik təhlillərdən uzaq olduğunu, onun tənqidə bir esseist, bir sənətkar kimi yanaşdığını qeyd edir, "Südabə xanımın tənqid etdiyi obyekti (əsəri və ya müəllifi) "canlı bir orqanizm" kimi hiss etdiyini, onun yazılarında qadın həssaslığı ilə elmi məntiqin birləşdiyini xüsusilə vurğulayır. Həmçinin kitabın bir tənqidçinin zamanla hesabatı olduğunu, "Vaxtın nə günahı..." kitabındakı yazıların oxucunu mənəvi təmizlənməyə səslədiyini qeyd edir.

Tanınmış tənqidçi ədəbiyyatşünas Vaqif Yusifli Südabə Ağabalayevanı müasir ədəbi tənqidimizin "vicdanlı səslərindən biri" kimi xarakterizə edir. Eyni zamanda Südabə xanımın "Azərbaycan" jurnalındakı fəaliyyətini və Mirvarid Dilbazi haqqında yazdığı monoqrafiyasını yüksək qiymətləndirərək, onun klassik irslə müasir ədəbi proses arasında möhkəm bir körpü yaratdığını vurğulayır.

S.Ağabalayevanın dövri mətbuatda təqdim edilən "Söz vaxtı: Fikrət Qocanın poemaları mənəvi dəyərlər kontekstində" ("525-ci qəzet"), Vaqif Bayatlı Ödər yaradıcılığını təhlil etdiyi "Məndən qəmli məktub yoxdu...", "Min qılınca bir qələm" ("525-ci qəzet"),  İsi Məlikzadəyə həsr etdiyi "Kölgə-adam", "Ədəbiyyatın fəxri vətəndaşı", Musa Yaqub haqqında yazdığı "Sərhədpozan", "Yaşamaq istədiyini yaşamaq istəyən qorxular - Ramiz Rövşən yaradıcılığı aksiosfera müstəvisində", "Yüz ilin birinciləri - Mustafa Quliyev", ("Ədəbiyyat qəzeti"), "Hər şeyə rəğmən yaşamaq" ("Azərbaycan" jurnalı),  "Bu insan mənə tanışdır" məqalə və məruzələri ("Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində") müasir ədəbi mühitin mənəvi atmosferi və tənqidçinin rolu haqqındadır.  Onun ədəbi-tənqidi və ya essevari yazılarına verdiyi adlar birbaşa haqqında yazacağı sənətkarın təqdimatına xidmət edir. Azərbaycanın tanınmış şairi Musa Yaquba həsr etdiyi məqaləsindəki "Musa Yaqub, budu ha, ömrünün yaxası vaxtın əlində, vaxt bir az qabaqda, bir az geridə - elə bir ilahi yerdə durub ki..." sözlərində şairin sənətkarlığı və ədəbiyyatdakı yeri o qədər konkretləşdirilib ki... "Bir az qabaqda, bir az geridə - ilahi bir yerdə duran" şairin nəhəng portreti oxucunun gözü önündə canlanır.

Südabə Ağabalayevanın yaradıcılığında və araşdırmalarında Rəsul Rza şəxsiyyəti xüsusi yer tutur. Müəllif "Mən onu tanıyıram" məqaləsində Rəsul Rzanı təkcə bir novator şair kimi deyil, həm də daxili dünyası, mənəvi dözümü ilə bir fenomen kimi təhlil edir. Şairin yaradıcılığına fərqli bir baxış bucağı təqdim edir, şairin yaradıcılığını onun xarakteri ilə eyniləşdirir, şeirlərindəki kəskinlik və səmimiyyəti insanın daxili "mən"inin inikası", mənəvi aşınmalara və çətinliklərə qarşı duran bir iradə rəmzi kimi   dəyərləndirir. Yenilikçi ruhunun (sərbəst şeir və s.) insana olan böyük sevgisindən qaynaqlandığını vurğulayır: - "Mən onu görməmişəm - bir əsrdə, bir şəhərdə yaşamışıq. Mən onu tanıyıram - bu "tanıyıram" qənaəti onun şöhrətindən yox, "Şair dərdlilərlə həmdərd doğulur", - fikrindən boy verir. Və onu da dəqiq bilirəm ki, ucuz zövqün, bəsit düşüncənin ah-zarı, "öldüm-yandım" qınından sıyrılmağı ağlının ucundan belə keçirməyən "əzabkeş" "Mən"in dərdindən çox uzaq, lap qütb uzaqlığında duran həmdərdlikdir bu". Mən onu tanıyıram. Özü verib tanışlığı: "İnsanlardan soruşun, /Onlar məni tanıyır".

Onu tanıyan insanların xatirə işığında şair Rəsul Rza "ömür pəncərəsini sabaha açır", "ötüb keçənlərə, gələnlərə üz tutur". Xalq şairi Rəsul Rzanı kim tanımır, kim sevmir ki... Təbii ki, hər kəs sevir, lakin Südabə xanımın təqdimatından bir başqa, həm tanıdığımız, həm də tanımadığımız bir Rəsul Rza boylanır. İnsanı sevən, insana dəyər verən, "bəzən ən sərt", bəzən ən kövrək şairi… "Bir qəlbin səsi, insanlığın qəlbində əks-səda verir: "Mən nə istəyirəm?/Ciyər dolusu hava!/Könül dolusu sevinc!"

"Yaşamaq istədiyini yaşamaq istəyən qorxular - Ramiz Rövşən yaradıcılığı aksiosfera müstəvisində" adlı məqaləsində Südabə Ağabalayeva şairin yaradıcılığına fərqli bir rakursdan yanaşır: "Onu heç vaxt oxumadım, oxumaq da istəmədim./Oxunmaqçün yazmadı da.../Sükutunun söylədiklərini dinləsinlər istəyilə yazdı, məncə. Acılarda arzuların nəğməsini, həsrətlərdə məsudluğun kimyasını, kürsülərdə səssizliyin cəbrini, xatirələrdə gələcəyin feilini dinləsinlər -  istədi. /Düşüncələri dünyalarından geniş olanlara güvənib yazdı. Yazdı ki, onu olduğu kimi tanısınlar: zamandan asılı olmayan, dəyişməz və ardıcıl..." "Kimsə onu bu qədər dəqiq, aydın və doğru ifadə etmədi bugünəcən. Sevənləri ifrat sevdi, şübhələr də kəm olmadı". Söhbət oxunan və sevilən, bəlkə də ən çox oxunan və sevilən Ramiz Rövşəndən gedir. S.Ağabalayevanın "oxumadım" dediyi müəllifi və onun yaradıcılığını "aksiosfera müstəvisində" təhlil və təqdimatından sonra Ramiz Rövşəni oxumamaq suçdur, imkansızdır. Ən qorxulu yıxılmaq "özündən yıxılmaq"dır, ən qorxulu ölüm içdən ölməkdir, ən ağır cəza unudulmaqdır. "Bu dünyada sən yıxılan ucalıqlar qalacaq" - yazan  şair, yerini, məqamını bilir, tənqidçinin təbirincə desək, "bir az eqoist"cəsinə olsa da.

Südabə xanımın esse üslubundakı yazıları, sanki oxucu ilə pıçıltılı, səmimi bir ünsiyyət qurmağa hesablanıb. Milli-mənəvi yaddaşa köklənən, fəlsəfi-psixoloji dərinlik duyulan bu yazılarda "Zaman və İnsan faktoru: qırmızı xətt kimi keçir. Müəllif ədəbi qəhrəmanların mənəvi dünyasını və "mən"ini incələməyi sevir, yaradıcılığın insan ruhunu oyatmaq gücünə inanır". "Vaxtın nə günahı..." və "Zamanla üz-üzə" kitabları bu yanaşmanın əyani nümunəsidir.

Südabə Ağabalayevanın "Karvan yolu, tənha yolçu", "Vaxtın nə günahı", "Zamanla üz-üzə" kitabları və "Azərbaycan" jurnalında dərc olunmuş yazıları öz "əlvan düşüncə improvizələri" ilə təkcə publisistikamıza deyil, çağdaş Azərbaycan ədəbiyyatşünaslığına da fərqli bir üslub mədəniyyəti gətirməkdədir. Südabə Ağabalayevanın yazdıqları vitrinlik deyil, dərinlikdir. Uğurlar olsun!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!