Xaqani yaradıcılığında təsəvvüf ideyalarının bədii-fəlsəfi təcəssümü - Könül HACIYEVA

 

XII-XIII yüzilliklərdə təsəvvüf şeiri özünün yüksək inkişaf mərhələsində idi və bu poeziyanın gözəl nümunələri yaranmaqda davam edirdi. Azərbaycan ədəbiyyatının zəngin poetik irsə malik parlaq simalarından biri, Şərq intibah şeirinin yaradıcılarından olan Xaqani Şirvani də məhz bu dövrün yetişdirməsi idi. Zəngin və ziddiyyətli keçən həyatı boyunca istər hökmdarlardan, istərsə də onu əhatə edən digər insanlardan şeirə bəslənən ehtiramla yanaşı, biganəlik, öz sənətinə qarşı paxıllıq, xəbislik də görən şair bu barədə, eləcə də dünyada qarşılaşdığı ədalətsizliklər haqqındakı düşüncə və görüşlərini ictimai-fəlsəfi şeirlərində, təsəvvüfi anlam daşıyan bir sıra əsərlərində ifadə etməyə çalışmışdır. Ümumiyyətlə, sufizm ideyaları bir çox sənətkarın ictimai-fəlsəfi fikirlərini dilə gətirməsində bir vasitə rolunu oynamışdır. Xaqani Şirvani sufilik, sufi həyat tərzi və təsəvvüfi istilahlar barədə tam məlumatlı olmuşdur. Onun bir intibah şairi kimi, bütün bunlar haqqında dolğun təsəvvürü olduğunu əsərlərindən görmək mümkündür. Sufiliyin nəfsi tərk etmək, aza qane olmaq kimi ilkin şərtlərini yaxşı bilən sənətkar qəlbin zənginliyi məsələsini önə çəkərək tövsiyələrini də bu fikir ətrafında qurur:

 

Sufinin keçdiyi yoldan tozu al, sürmə elə,

Qəlbini dostuna ver, munis ol həmsöhbət ilə.

Həmdəm ol yoxsula sən, baxma ki, yoxdur əbası,

Yuva qur orda ki, xoş səsli quşun var yuvası.

 

Şairin sufilərin tutduğu yolu düzgün, məqsədlərini isə ali hesab etdiyi bu sətirlərdən aydın olur. Xaqani əsərlərindəki hikmət və didaktika da dünyanın sufi təfəkkürlə dərkinə bağlı idi. Xaqaniyə görə, sufi mütəfəkkirlərin ideyalarını dərindən dərk etmək yalnız hikmət sahibi olan ariflərə müyəssər ola bilər. Şair "Töhfətül-İraqeyn" əsərinin əvvəlində toxucu babasından bəhs edərkən özünün də bir sənətkar toxucu məharəti ilə sözün-sənətin ilmələrini vurduğunu deyir:

 

Mənəm, bax, bu günün əziz insanı,

Mənəm, söz toxuyan şair Xaqani.

Bir güşə içində yaradıb hikmət,

Edirəm bir neçə sufiylə söhbət.

 

Burada şairin bəhs etdiyi hikmət onun irfani-təsəvvüfi görüşlərinin məcmusundan doğan sənətkar təəssüratıdır. Bu təəssüratı Xaqaninin bütün həyatı və yaradıcılığı boyu az və ya çox dərəcədə müşahidə etmək mümkündür. Xaqani böyük eşqin uğrunda maddilikdən çıxıb xəyala dönən varlığının öz sevgi mənbəyi ilə görüşməyə can atmasının verdiyi ruhi ovqatı və bundan doğan təəssürat halını orijinal mətndə bu cür ifadə edir:

"Sən zəhmət çəkmədən mən sənin vüsalına qovuşuram. Sən olmadan da sənlə həsbi-hal (söhbət) edirəm. Varlığım sənin xəyalının qarşısında bir xəyaldır. Xəyallarımız bir-birinə qovuşmuşdur".

Şeirin təsəvvüfi düşüncələrlə yazıldığı şübhə doğurmur. Buradakı sufi dünyagörüşü özünü qabarıq göstərməkdədir. Şairin "həsbi-hal" etdiyi obraz onun ilahi başlanğıcıdır. Bu ilkin mənəvi qaynağa doğru yol aldığını şair obrazlı şəkildə ifadə etmişdir. O, digər sufi şairlər kimi, "tən mülk"ünü tərk edərək əbədilik aləmini seyrə çıxmasını dilə gətirmişdir. Şair əsərlərində zaman-zaman təsəvvüfün şərtlərini də sadalayır. Mədhiyyələrinin birində oxuyuruq:

 

Birinci şərtidir aşiqliyin nəfsindən əl çəkmək,

Fəna ardınca yoxluq tərkinə bağlı, fəda getmək.

 

Gördüyümüz kimi, şair aşiqlik yolunda özünü yoxluğa təslim etməkdən danışır. Sufinin, haqq aşiqinin üz tutduğu fəna halına çatmağın yolunu yoxluq aləminə bağlılıqda görür. Bir şikayətnaməsində isə əsl sufi kimi çıxış edərək son mənzilinin fəna qatı olduğunu, varlığa bağlanmağın doğru olmadığını vurğulayır.

 

Heç bilmirəm, hardan-hara

            mən bağlıyam bu varlığa,

Mənası yoxdur varlığın,

            son mənzilimdirsə fəna.

 

Əsərlərində tutduğu irfani-filosofanə mövqe eyni zamanda, təsəvvüfçü mütəfəkkirlərin şairin düşüncə tərzinə, yaradıcılığına təsirindən də xəbər verir. Əks təqdirdə, onun şeirləri özündə bu qədər dərin mövzuları, geniş əhatəli qlobal məsələləri, düşündürücü fəlsəfi-hikmətanə məqamları barındırmazdı. 

Təsəvvüf şeirində çox işlənən "mey" obrazı Xaqani poeziyasında da öz "missiyasını" davam etdirmişdir.

 

Yetir meylə dolu saxsı qabı torpaq dodağıma,

Daşa vur cami-Cəmşidi ki,

            camdan, Cəmdən azadıq.

Tapıbdır zinət ulduzdan, fələk bir taqü tarəmdir,

Xərabat əhliyik biz, taq ilə tarəmdən azadıq.

 

Xaqani qənaətin və əbədiliyin rəmzi olan "saxsı qab"la "mey" içmək, yəni ilahi hikmətə, mərifətə yiyələnmək üçün nəfsdən uzaq olmağı poetik obrazlarla dilə gətirir. Bu zaman insanın torpaqdan yaradıldığını da vurğulamağı unutmur. O, mərifət elmi ilə dolu həmin "saxsı qab"ı Cəmşidin camına qarşı qoyur və bir sufinin bütün dünyəvi maraqlardan uzaq və azad olduğunu vurğulamış olur. Şair "taq ilə tarəm" deyərkən, göy üzündəki ulduzları nəzərdə tutur. Şeirdə xərabat əhli olanların səma cisimlərinə, ulduzların düzülüşünə məhəl qoymayıb bu düşüncələrdən azad olduğu, özlərini yalnız Haqqı tanımağa, Tanrıya qovuşmağa yönləndirdiklərindən bəhs edilir. Xərabat adlanan yer sufilərin fikir mərkəzi olmuşdur. Onlar üçün xərabat fikir və düşüncələrini ifadə etdikləri məqam, sufizm ideyalarını sərbəstcəsinə dilə gətirdikləri məkan idi. Bəzən isə təsəvvüf poeziyası nümunələrində xərabat özündə mövcudatı əks etdirir. Başqa sözlə, Xərabat insan ruhunun özünü azad hiss etdiyi hər yer, hər mühit ola bilər. Bu, ruhun var olduğu bədən, ariflər məclisi və ya gözəlliklər aləmidir. Xaqani daha bir qəzəlində məstlik və xərabat anlayışlarının vəhdətini göstərən bədii simvolikanı işə salır.

"Hər gecə xərabat küçəsindən onun məhəlləsinə doğru nalə çəkərək gəlirəm, yəni onun sərxoşuyam".

Şair "O" deyərkən, zərrələrin qovuşmağa can atdığı bütövü, ilahi qaynağı, eşqinin sərməstlik verdiyi Haqqı nəzərdə tutur. Xaqani bu sətirləri ilə xərabatın dolğun təyinatını vermiş olur. Şairin buradakı izah və təsvirində xərabat Onun varlığını dərk etmək istəyənlərin, Yaradandan gəlib Yaradana qayıtmaq üçün saflaşmağa çalışanların, bu yolda Tanrı sevgisiylə "sərxoş" olanların məclisinin qurulduğu məhəllədir. Təsəvvüf simvolikasını təşkil edən digər mühüm ünsürlər cam, saqi, meyxanə, şam, dodaq, yanaqdır. Xaqaninin şeirlərində "cam", "saqi" anlayışlarına kifayət qədər çox rast gəlinir:

 

Mən sədəf cam əlimə almaram, ey saqi, ver,

Saxsı bir cam, dağılsın qəmi-bipayanım!

Coşaram dalğalı dərya kimi, məstəm, əlimə

Vermə, saqi, o sədəf camı, udar ümmanım.

 

Burada "saqi" haqq aşiqini dünya nemətləri ilə sınayan obraz kimi çıxış edir. Şair təsəvvüf poeziyasında mərifət və irşad sahibi olaraq dərk edilən saqidən meyi saxsı qabda təqdim etməsini istəyir. Xaqani daha bir şeirində də saqiyə müraciət edərək onun simasında behiştin əlamətlərini gördüyünü deyir:

 

Asilərə yoxdur əgər yol cənnətə, nə eyb edər?

Saqi üzünə qıl nəzər, yüz baği-rizvan onda gör!

 

Təsəvvüf şeirində saqi ilahi eşqlə çırpınan qəlbləri Haqqa doğru yönləndirən hikmət sahibi olaraq qəbul edilir. Məhz elə bu səbəbdən şairlər əsasən fikirlərini saqiyə müraciətlə dilə gətirirlər. Xaqani şeirində də bu halı çox müşahidə edirik. Onun şeirlərinin birində saqi obrazının daha fərqli tərzdə təqdimini görürük:

 

Mey bir Günəşdir - nursaçan, büllur camı - asiman,

Saqi əlisə şərqdir, yarın dodağı qərb olar.

 

Şeirdə "vacibül-vücud"a qarşı olan güclü sevgini simvolizə edən mey aləmi işıqlandıran günəşə bərabər tutulur. Hikmət sahibi bir mürşidin rəmzləşdirilmiş obrazı olan saqi isə Şərqlə eyniləşdirilir. Çünki Şərq Günəşin doğduğu səmtdir. Günəşin Şərqdə doğub Qərbdə batması hadisəsi şairin qüdrətli qələmi ilə uğurlu bir şəkildə təsəvvüfi nöqteyi-nəzərdən dəyərləndirilmişdir. Burada dodaq isə Günəşin qürub etdiyi yer olaraq verilir. Deməli, ilahi eşq mürşidin vasitəsilə ruha çatdırılır.

Xaqaninin şeirdə göstərdiyi poetik qüdrətinə heyran qalmamaq olmur. Şair obraz və rəmzlərlə yığcam, lakin dolğun poetik ifadənin öhdəsindən ustalıqla gəlmişdir. Daha öncə bəhs etdiyimiz sufizmdəki məqam və hallara gözəl bələd olan şair fəxriyyə və mədhiyyələrində, eləcə də ayrı-ayrı qəzəl və rübailərində yeri gəldikcə bunlara toxunur. Şairlərin ən çox adını çəkdiyi fəqr mərhələsidir. Fəqr də məqamın digər ünsürləri kimi Haqq aşiqinin öz səyi nəticəsində mənən kamilləşmək üçün keçilən mərhələdir. Xaqaninin yazdığı beytdə deyilir:

"Tapdanıb məhv olmuş bir ağılla üst-başı yırtıq bir qocadırsa (müriddir), əl açan fəqr üçün gözəl üzlü gəlindir".

Şairin fikrincə, onun mədh obyekti Haqq yoluna qədəm qoyub fəqr məqamı ilə sınanan, nəfsdən uzaq, daxili pak insan üçün xoş simalı dilbər qədər mükəmməl gözəllikdədir. Şairin fəqr məqamını sufi poeziyasında sıx-sıx rast gəlinən "pir" obrazıyla yanaşı işlətdiyini görürük.

"Fəqr - süfrə açan (Tanrı lütfü nəzərdə tutulur) mürşiddir ki, qarşıma çıxan bu piri-mürşidin qapısı önündə nəfəsimi dərirəm".

Haqq aşiqini düzgün yola yönləndirən, "pir" adlandırılan bu müdrik rəhbər ona Allahın mərhəmət və lütfündən pay almaqda kömək edir, yüksəliş və kamillik üçün onun mənəvi cəhətdən qidalanmasını təmin edir. Təsəvvüf simvolikasında "xirqə" anlayışı da xüsusi yerə malikdir. Klassik poeziyada xirqə, bir növ, ruhun zahiri örtüyünü simvolizə edir. Başqa sözlə, xirqə nəfsdən təmizlənmiş bir ruhun paltarıdır. Xaqani yazır:

 

Fəqirin xirqəsində bəxyələrdə rəmzlər vardır,

Ki, anlar "lövhi-məhfuz"u açanlar bu müəmmanı.

 

Şair bu beytdə sufi dərvişinin layiq görüldüyü xirqənin dərin mənalar, sirli anlamlar daşıdığını ifadə edir. O, bu sirləri yalnız "lövhi-məhfuz"dan agah olanların aça bildiyini vurğulayır. Xaqani xirqə simvoluna qəsidələrində kifayət qədər yer vermişdir. Bu qəsidələrdən birinə nəzər yetirək:

"Zövqdən xirqə yırtanlar dəfsiz, neysiz "səma" halındadırlar. Nurlanmanın təsirilə rəqs edənlər dəfin qanununa (ritminə) tabedirlər".

Şair burada sufi dərvişin düşdüyü halları təsvir edir. Təsəvvüfdə ilahi nurdan payını alıb daxili eşq ilə dolan sufi aşiqlər buna rəqs halında nail olduqları üçün ilahi vəcdin təsirindən əyinlərindəki cübbə və xirqəni yırtırlar. Diqqət yetirdiyimiz beytdə şair məhz buna işarə edir. Bilindiyi kimi, təsəvvüfdə insanın mənəvi yüksəliş və kamilləşmə uğrunda keçdiyi hallardan biri "rica"dır. Haqq aşiqi üçün bu mərhələ ruhən, mənən güclənmə, qüdrətə sahib olma mərhələsidir. Təsəvvüfdən bəhs edən əsərlərdə "rica" termini əsasən, "xof" adlı digər bir sufi halı ilə əlaqəli işlənilir. Beləliklə, həm ümid, həm də qorxu kamillik yolunda aşiqdə olması vacib sayılan hallardır. Xaqani yazır:

 

Gəzmişik "Qorxu-rica" aləmini şövqün ilə,

Görürük biz səni, sən isə xəbərsizsən hələ.

 

Bu beytlər bir mədhiyyədəndir və burada "xof" ilə "rica" istilahları şairin öz məmduhunu tərifləmə məqamında iştirak edir. Xaqani mədhin güclü və mübaliğəli alınması üçün təsəvvüfün bu hallarına məxsus cəhətləri tərif yağdırdığı obyektin üzərinə gətirir. Sufizm görüşlərinə görə bu anlamlar, daha dəqiq desək, aşiqin düşməli olduğu hallar arasında müəyyən bir tarazlıq olmalıdır. Təsəvvüfdə "xof" və "rica" bir quşun qoşa qanadına bənzədilir. Sufilər, bunlardan birinin dərəcəsi az, digəri çox olarsa, imana və sevgiyə zaval gələcəyi qənaətindədirlər. Şairin poetik obrazlar yaradarkən bu ifadələrdən ustalıqla yararlandığını görürük.

"Vücudumdakı yaralara həm dərd, həm də dərmansan. Ağlımın yarı yolunda həm "xof"um, həm də "ricam"san".

Xaqani bu qəzəldə haqqında bəhs etdiyimiz həmin təsəvvüf hallarının tarazlıq keyfiyyətindən faydalanaraq onu digər iki məfhumla - dərd və dərman anlayışları ilə qarşılaşdırır. Bildiyimiz kimi, "dərd" sözü farscada "ağrı" mənasını verir. Qəzəl qəhrəmanı öz sevgi obyektini həm canında daşıdığı yaraların ağrısı, həm də dərmanı adlandırır. Şair birinci misradakı ümumiləşdirməni sonrakı sətrə gətirərək aşiqin öz sevdiyinə qarşı münasibətdə qorxu və ümid hisslərini eyni anda yaşadığını ifadə etmiş olur. Şairin əsərlərində tez-tez rast gəlinən digər bir obraz da gül obrazıdır. Təsəvvüf şeirində "gül" sima ilə əlaqəli olub, təbiətin insan xilqətində yenidən doğuluşudur, o həm də Yaradanın insana bəxş etdiyi lütfüdür. Xaqani yazır:

 

Gül üzün, qönçə dodağın, sərv qəddin, ey gözəl,

Hansı bağda bəslənib, bağbanına qurban olum?!

 

Gördüyümüz kimi, gülün keyfiyyətləri insan surətinin üzərinə gətirilir və Yaradanın lütfündən alınmış xoş nəsib kimi qiymətləndirilir. Şairin qəhrəmanı bu "gül"ü yetişdirən "bağban"a canını fəda etməyə hazırdır. Xaqani "gül" obrazının rəmzi xüsusiyyətlərindən yararlanaraq Tanrının qüdrət və rəhmətini tərənnüm etməyə çalışmışdır. Beləliklə, Xaqani nümunə gətirdiyimiz bu beytdə "gül"ü kamillik simvolu kimi təqdim edərək onun yaradanına alqışlar ünvanlayır. Qəzəllərdən birində oxuyuruq: 

"Xaqani eşq olmadan heç nə yaratmaz. Gülün vəsli olmadan bülbüldən cəh-cəh vurması istənilməz".

Şair hər yaradılışın əsasında eşqin durduğunu, ilahi rəhmət və Tanrı istəyi olmadan heç nəyin hasilə gəlmədiyini vurğulayır. Bunu dilə gətirərkən özünün də eşqə bağlı olduğunu, yaratdığı söz sənətinin təməlində sevginin durduğunu diqqətə çatdırır. Burada yenə də "gül" obrazının sevgi, lütf və rəhmət rəmzi kimi çıxış etdiyinin şahidi oluruq. Şairin deyimincə, "gül" elə eşqin özüdür. O olmazsa, vurğunu olan bülbül birdəfəlik susar. Çünki, eşq yoxdursa, yaradılış da yoxdur. Xaqaninin əsl ifadə etmək istədiyi fikir, vurğulamağa çalışdığı məqam budur.

Xaqaninin əsərləri ümumilikdə bir sufi şairin ədəbi irsi qədər təsəvvüfi xarakter daşımasa da, təsəvvüfi-fəlsəfi ideyaların bədii təcəssümü baxımından zəngindir. Belə qənaətə gəlmək olar ki, Xaqani Şirvani yaradıcılığının daşıdığı təsəvvüf simvolikası özünün məna və məzmun rəngarəngliyi, bədii-estetik tutumu, elmiliyi, dini-irfani məsələləri əks etdirməsi və s. baxımdan tədqiqat üçün olduqca maraqlı materiallarla zəngindir. Maraqlı olduğu qədər də mürəkkəb olan bu rəmzlər sistemi tədqiqatçıya yeni yaradıcılıq və fəaliyyət üfüqləri açır, desək, yanılmarıq. Xaqani irsinin bədii-semantik siqlətini, obrazlılığını, ondakı poetik ifadə tərzinin rəmzlərlə bağlılığını açmaq, şairin əsərlərindəki təsəvvüfi ideyaların bədii-fəlsəfi təcəssümünü düzgün təhlil etmək üçün yeni tədqiqat işlərinə ehtiyac vardır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!