İstedad və zəhmətin gücü - Rəhim ƏLİYEV

 

Mən İbrahim Quliyevi əlli ilə yaxındır ki, tanıyıram. İşlədiyim "Ədəbiyyat və incəsənət" qəzeti Zevin küçəsindən indiki Mətbuat prospektinə köçəndən sonra İbrahimin tərcüməçi işlədiyi "İdman"-"Sport" qəzeti də doqquzuncu mərtəbədə yerləşirdi. Onun bahalı qara dəri pencəyi vardı, Əfqanıstanda hərbi tərcüməçi kimi çalışmış, döyüşlərdən və ağır müharibədən keçmişdi, o, ağır-ağır yeriyir, az danışırdı. Həmişə qaş-qabaqlı görünürdü. Amma onu yaxından tanıyandan sonra çox kövrək, həssas, xeyirxah insan olduğunu gördüm.  Davanın psixozu, görünür, hələ canında idi.

Bir müddət sonra İbrahim Quliyev Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda İran filologiyası şöbəsində işləməyə başladı. Bu mərhələdən bizim onunla ünsiyyətimiz daha da sıxlaşdı. İbrahim Birinci Qarabağ müharibəsində Əfqanıstandan gəlmiş döyüşçülərin tərcüməçisi kimi yenidən cəbhəyə gedib, döyüşlərdə fəal iştirak etdi. Xalq hərəkatı başlanandan sonra isə İbrahim yeni mərhələnin fəal publisistlərindən birinə cevrildi, müxtəlif mətbuat orqanlarında çalışdı və Sabir Rüstəmxanlının yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının eyniadlı qəzetini  buraxmağa başladı. Bu iş üçün onun sağlam düşüncəsi, biliyi və xeyirxah niyyəti kifayət qədər idi. İbrahim hərəkatdakı  çayxana millətçilərindən fərqli olaraq, yaradıcı və elmli ziyalıların hərəkatda və onun redaktə etdiyi qəzetdə iştirakına xüsusi əhəmiyyət verir və onların qəzetdə iştirakına qayğı ilə yanaşırdı. Bu, Vətəndaş Həmrəyliyi Partiyasının inkişafına və populyarlaşmasına güclü təsir göstərirdi. Onun buraxdığı qəzetdə mənim də xeyli yazılarım çap olundu.

 

İrəlidə qeyd etdiyim kimi, İbrahim həm də çox istedadlı publisistdir. O, qəzet redaktoru olduğuna görə nisbətən az yazırdı. Amma keyfiyyətli yazırdı. Siyasi proseslərin düzgün və obyektiv izahını verirdi.

İbrahim Quliyev ixtisasca şərqşünasdır, İran filologiyası üzrə mütəxəssisdir. Amma pərəstişkarları onu zərif lirik şair, farscadan incə tərcümələr müəllifi, nizamişünas alim və polemik publisist, Baki Slavyan Universitetinin kafedra müdiri, gözəl müəllim kimi tanıyır. BDU-nun şərqşünaslıq fakültəsini bitirdikdən sonra zabit kimi Əfqanıstanda hərbi xidmət keçmiş, müşavir və tərcüməçi kimi çalışmışdı. Əfqanıstan müharibəsinin odunu-alovunu keçməsi həyatda İbrahimin mühüm dayaqlarından biri oldu, çünki artıq ona dünyanın sərt üzünü tanımaq əzabı lazım deyildi. Əfqanıstan veteranlarından ona ən yaxın adamlardan biri istedadlı yazıçı Əlibala Hacızadə idi. Onlar İbrahimlə Şərqşünaslıq İnstitutunda birlikdə, İran filologiyası şöbəsində işləyir və dostluq edirdilər.

***

İbrahim fitri bədii istedadı olan bir adamdır. Parlaq söz yaddaşı sayəsində o, klassik və müasir fars dilini,  Əfqanıstanda işlənən qədim İran dialektlərini gözəl bilir. O həm də müasir farsdilli interneti, İran ədəbiyyatşünaslığını yaxşı öyrənib və başlıcası, elmin informasiya çoxluğunda, dəryasında balıq kimi üzür. Əslində bu, bilik yox, elmi fəhmdir. İbrahim qısa bir vaxtda istənilən bir məsələni öyrənib ondan baş çıxara bilir, yazılar da yazır. Onun "Nizami Gəncəvi və Zərdüştilik" mövzusunda namizədlik dissertasiyası nizamişünasların diqqətini cəlb etmiş və iki dəfə kitab şəklində nəşr edilmişdir. 2012-ci ildə baş tutan "Nizami və Zərdüştilik" kitabı müdafiədən sonra, ikinci dəfə "Nizami yaradıcılığında zərdüştilik" (2018) adı ilə yenidən işlənərək, mükəmməlləşdirilərək çap edilmişdir. Bu qiymətli əsərdə zərdüştiliklə bağlı İran və Qərb mənbələri uğurla ümumiləşdirilmişdir.

İbrahim Quliyev həm də istedadlı şair və tərcüməçidir və bunlar onun sözügedən kitabında əsas yer tutur. Onun həm klassik fars şeirindən, həm də yeni İran şeirindən tərcümələri kitaba zənginlik və rəngarənglik verir. On yeddinci əsr şairi Məczub Təbrizinin "Şahrahi-nicat" əsərinin, İranın məşhur qadın şairəsi Foruq Fərruxzadın şeirlərindən tərcümələri deyilənlərə ən yaxşı misal sayıla bilər. Xüsusilə, sonuncu öz fərdiyyəti, poetik ruhu baxımından İbrahimə daha yaxındır, onların dünyaduyumundakı yaxınlıq tərcümələri İbrahimin öz şeirlərinə oxşardır. Fikir başlanğıcının qabarıqlığı, orijinal assosiasiyalar, təmkinli düşüncə axını bu nümunələrin ümdə xüsusiyyətləridir.

İbrahimin klassik Şərq poeziyasının nəhəngləri - Cəlaləddin Rumidən, Hafiz Şirazidən etdiyi tərcümələri mürəkkəb sufi konstruksiyasının və terminologiyasının  Azərbaycan dilində sadə, lakin obrazlı şəkildə ifadəsinin uğurlu tapıntıları kimi diqqəti cəlb edir. İbrahim təkcə poetik nümunələri deyil, "Pəhləvi kraliçasının xatirələri" romanını, "İrəvan bir müsəlman vilayəti idi" adlı tarixi tədqiqat əsərini, "Dünyanı fəth edən Nadirin tarixi" ("Tarixi-Nadir") adlı əsərini də dilimizə çevirmişdir. 

Hesab edirəm ki, xalq şairi Sabir Rüstəmxanlı İbrahimin "Dar ağacı" kitabına yazdığı Ön sözdə onun poetik fərdiyyətinin əsas xüsusiyyətlərini çox uğurla ümumiləşdirmişdir. O haqlı olaraq göstərir ki, İbrahim şeirdə say, ucuz populyarlıq dalınca qaçmır, ancaq yeni şeir onun qəlbində hazır formaya düşdükdən sonra onları kağıza köçürür, oxucularına təqdim edir. Elə buna görə onun şeirlərinin əksəriyyətində tapıntı  və yenilik müşahidə etmək olar:

 

Sənə ürəyimdə bir ev tikmişəm,

Hopub divarına payız sarısı.

Sənə ürəyimdə bir ev tikmişəm,

Orda qurd ulayır gecəyarısı.

 

Orda sənsizlik var, bir də həsrətin,

Orda çiçəkləri külək daramır.

O ev gözlərinə bənzəyir sənin,

Yağışlar yağanda tavanı damır.

 

"Sənə ürəyimdə bir ev tikmişəm"

 

Qarabağ müharibəsində qələbəmizə həsr edilmiş "Ey Ali Baş komandan" şeiri də siyasi-ictimai siqləti baxımdan səciyyəvidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanıb zəfərlə bitən müharibəmizi şair "uzaq ümidlərimizin həqiqətə çevrilməsi" kimi səciyyələndirir. Bu bənzətmənin dəqiqliyi heyrətamizdir: axı otuz il ərzində çoxumuz torpaqların qayıdacağına ümidlərimizi itirmişdik. Bunun əsası da var idi, bütün xristian dünyası erməni millətçilərini himayə edirdilər. Lakin məhz Ali Baş Komandanımızın qətiyyəti, uzaqgörən siyasəti sayəsində milli ümidlərimiz çin oldu və insanlar öz rəhbərlərini sevdilər:

 

Sən döyüş meydanında

Yenilməz sərkərdəsən.

...Bəlkə də sən İsasan,

Bəlkə də Mehdi sənsən.

Tanrı göndərib səni

Xalqı xilas edəsən.

Əmr et, hücuma keçək,

Keçək bu yolda candan.

Ey yenilməz qəhrəman -

Ey Ali Baş komandan!

 

İbrahimin ən yaxşı şeir kitablarından biri "Dar ağacı"dır (1997); Qarabağ müharibəsi bitəndən sonra işıq üzü gördü. Adından göründüyü kimi, kitabda əsgər borcu, döyüşçü hünəri və qəhrəmanlıq mövzuları əsas xətt təşkil edirdi.

İki il sonra şairin yeni kitabı çıxdı: "Yovşan ətirli dünya" (1999) artıq lirik duyğularla aşılanmış bir kitab idi, şairin addım-addım dünyanın lirik ətirlərinə daxil olmasını, dinc həyata alışmasını əks edirdi. Növbəti kitabda qəzəliyyat ruhu vardı, özündən əvvəlki şeir kitabından on il sonra işıq üzü görürdü. "Qüssə mələyi" (2008) çıxan zaman onun yaşı əlliyə yaxınlaşırdı, görünür, dissertasiya üzərində işləməsi onun lirik ovqatını qısaldırdı. Şairin başı ciddi işlərə qarışmışdı, ona görə növbəti şeir kitabı (2019) əvvəlkindən on bir il sonra işiq üzü gördü. Lakin iki şeir kitabı arasında İbrahim Quliyevun Nizami və Zərdüştilik mövzusunda kitabı iki dəfə çap olundu. Həmin kitabın ikinci nəşri xeyli təkmilləşdirilmişdi, müəllifin mövzuya çox ciddi bağlandığını və Nizami sehrindən çıxmağa tələsmədiyini əks edirdi.

İbrahim Quliyev zəhmətkeş, yorulmaz ziyalıdır. Onun yaradıcılıq yolunu bir məqaləyə sığdırmaq mümkün deyildir. Nümunə kimi onun sonuncu "Regionşünaslığın tarixi və metodologiyası" (2024) kitabını yada salmaq olar. Bu onun başçılıq etdiyi kafedranın proqramı ilə bağlı bir dərs vəsaitidir və müəllifinin elmi marağının universallığını göstərən faktlardan biridir.

İllər keçdikcə İbrahim Quliyev daha müdrik və işgüzar olur. Öz bədii yaradıcılığını yenidən nəzərdən keçirir, yenə ədəbiyyata, sözə, ədəbi ənənələrimizə qayıdır. Ona uğurlar arzulayırıq, hesab edirəm ki, onun bu kitabı ədəbi cameənin diqqət mərkəzində olacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!