Xoşbəxt olmağa tələsməyən... Faiq İsmayılov - Azər TURAN

Azər TURAN

 

Özü şeirlərini yəqin ki, qısalığına görə "iynəboyu" adlandırıb. Amma bu "iynə boyda, çox yığcam, çox qısa, çox lakonik şeirlərdə böyük və zəngin bir dünya yerləşib - şairin İçəri dünyası - qüssələri, nisgilləri, şikayətləri, tənhalığı, sevgisi, ölümün həniri, ətraf aləmi tamamilə başqa gözlə görmək qabiliyyəti...

Anar

Xalq yazıçısı

 

 

Xalq yazıçısı Elçin son telefon söhbətimizdə yeni müsahibəsini çapdan əvvəl diqqətlə oxumağımı tapşırdı. Oxudum. Zəng vurdum.

- Oxudun?

- Bəli.

- Necəydi?

- Təşəkkür üçün bütün sözlər acizdi...

- Nədi, sənin kitabını tərifləmişəm, ona görə deyirsən?

- Yox, Faiqin şeirlərinə dəyər vermisiniz, ona görə.

- Hə. Faiq bənzərsiz şairdir.

Elçin müəllim Faiqin şeirlərini hələ Baş nazirin müavini olanda istəmişdi məndən. Faiqin "Ədəbiyyat qəzeti yayınları" seriyasından nəşr etdiyimiz son kitabını və özümün 1994-cü ildə Faiq haqqında çıxmış "Ölüm süvarisi" kitabımı göndərmişdim.

Faiq mövzusuna bir də son müsahibəsində dediyi fikirlərlə bağlı son söhbətimizdə qayıtdıq. Müsahibədə "tənhalıqdan şikayət etmək yox, tənhalığın obrazını yaratmaq lazımdır", deyir və gənc şair Faiq İsmayılovun:

 

Bir mənəm,

bir də ağ divarda

qara kölgəm...

deyirəm, nə yaxşı

tək deyiləm.

 

- şeirini xatırladırdı: "Bu beş qısa misra məndə bu cavan şairin daxilində tragik bir tənhalıq təəssüratı yaratdı. Çox istedadlı cavan olub. Hayıf..."

İndi o cavan şairin 64 yaşı var... Elçin müəllim isə müsahibə dərc olunandan bir neçə gün sonra dünyasını dəyişdi. Beləcə, Elçinin oxuduğu son kitab, son müsahibəsində də dediyi kimi, mənim "Qəbulə xanım və I Pyotr" kitabım, yenə də onun həmin müsahibədə təqdir etdiyi şair - mənim dostum Faiq oldu.

Elçin müəllimə sonsuz rəhmətlər...

Bəs Faiq İsmayılov kimdir?

Faiq İsmayılov XX yüzillikdə vur-tut, iynə boyu bir ədəbiyyat fırtınasından, səssiz-səmirsiz baş verən poeziya zəlzələsindən keçib-dağılıb ədəbiyyatın talesizlər, yaxud tənqidin "itirilmiş nəsil" üçün ayarladığı unutqanlıq girdabında əriyib getdi...

Halbuki, Faiqin 1980-1984-cü illərdə yazdığı "İynəboyu şeirlər" silsiləsinin iştirakı olmadan çağdaş Azərbaycan poeziyasının modern mənzərəsini görmək, dəyərləndirmək, onun elmi təsnifatını aparmaq çətin olardı, bəlkə heç mümkün olmazdı.

Poetik libası heç bir halda sosrealizmin xoşbəxtlik kirinə bulaşmamış Faiqin ədəbi taleyinin nəhs gətirməsinə səbəb təkcə onun dünyadan nakam, izsiz və soraqsız gedişi deyil. Daha çox da poetik düşüncələrinin mənsub olduğu ruh iqlimidir. Bu iqlim Faiqin şeirlər yazdığı zaman qurşağında (1980-1986-cı illər) arzuolunan iqlim deyildi. Bilirdi ki, ətrafında "xoşbəxtliyi əlindən salmamaq üçün qorxağa çevrilmiş xoşbəxtlər" yaşayır. Amma özü də xoşbəxt olmağa tələsmirdi. "Xoşbəxtlik yaş balıq kimidir, dostum / Heç vaxt tələsmirəm xoşbəxt olmağa". Faiq xoşbəxt olmaqdan qorxurdu...

Dostum Faiq barədə 1994-cü ildə yazdığım kitabı "Ölüm süvarisi" adlandırmışdım. 18 yaşlı Faiqin çox vaxt da sürrealist təsəvvürlərin, gerçəküstü təxəyyülün ümidinə buraxıb şeirləşdirdiyi duyğularını Salvador Dalinin sanki mistik ilğımlardan gələn süvarisinə bənzətmişdim. Haqqında yazdığım kitabın adını da elə bu səbəbdən Dalinin "Ölüm adlı atlı" tablosuna göndərmə edərək belə adlandırmışdım - "Ölüm süvarisi"

Dekadansı səbəbini bilmədən yaşayırdı. Bu barədə çox söhbət etmişdik. O zaman biz dekadans barədə, uzaqbaşı, xarici ədəbiyyat dərslərimizdə kitablardan, dərsliklərdən məlumatlanırdıq. Nə xarici mətbuatdan xəbərimiz vardı, nə də indiki kimi internet yox idi. Türkiyə ədəbiyyatına çıxışımız da çox məhdud. Nə Birinci Yenini bilirdik, nə İkinci Yenini. Bunu bilərəkdən yazıram. Faiqin poetik nəfəsinin qatqısız, duru, yalnız özünün olduğunu xatırlatmaq üçün. Dediyim kimi, onun təsirlənəcəyi heç bir ünvan yox idi. Amma nə sirdisə bütün şeirlərində qürub, çöküş, ölüm... O zaman onun 18-19 yaşı olardı. "Daşa da kəpənək kimi qonmaq istəyən" bu "güllüköynək kənd usağı"nın şeirlərini hüznlü bir ruh bürümüşdü...

 

Qaranlıq pəncərəmdə

Qara pərdə kimi -

Nə mənim o üzdən xəbərim var,

nə o üzün məndən.

Divarlar nənəmin ağ kəfəni kimi -

bilmirəm, çitdəndi, ya bezdən.

Ən yaxın nöqtəyə söykənib

gözlərim dondu.

Bəlkə də ölmüşəm,

bəlkə də sondu?..

 

***

Faiqin poetik halı sanki tənhalığın, ölümün, kədərin labirintinə düşmüşdü... Sükut, bir də ki, ölüm onun üslubuydu. 18-21 yaşlarında yazdığı bütün şeirlərinin üzündə sükutun və ölümün kölgəsi işıldayırdı:

 

Yarpaqların üzündə

ölüm kölgəsi.

Azca yel əsdi;

bəsdi!

Budaqdan torpağacan uzanacaq

yarpaqların ömrünə əl yelləməsi...

 

Özünə "qarabaxt" demirdi. Çünki şair idi. Qarabaxtı qarabuğdayı ilə əvəz edə biləcək qədər həssas şair.

 

Yağma, qar!

Məni qarabuğdayı doğub anam,

çətin ağaram.

Tutaq ki, ağartdın saçlarımı,

Ağartdın geyimimi-keçimimi...

Ağarda bilməzsən bəxtimi.

Özünü yorma, qar,

yağma, qar!

Çətin ağaram.

 

Yaxud:

 

Ölən ağacları tanımaq üçün

baharı gözləyək.

Dirilər göyərəcək.

Göyərməyənlərin qisməti daldadı.

Göyərməyənlərin qisməti baltadı.

Od qoxusu,

ocaq qoxusu.

Görəsən necə olur

ağacların yuxusu?!

 

Faiq sözləri rənglərlə qafiyələndirməyi bacarırdı. İşığın güllüköynək kənd uşağından göy qurşağındakı rənglərə axışını şeirləşdirirdi:

 

Güllüköynək kənd uşağı,

Arzuların göy qurşağı.

Yüyürərsən, çatammazsan...

 

Yaxud:

 

Gözlərimdə kədər, sifətim gülər,

Mənim kədərimi bilən - bölən yox.

Lalların dilini anası bilər,

Fağır oğlanların dilin bilən yox.

 

Deyirəm, bir şəkil çəkdirəm gərək.

Vallah, bu günlüyəm, sabah bilmirəm.

Bu qədər hicrana dözərmi ürək?

 

Mənim şeirlərim göz yaşlarımdı,

Orda könül açan bir şey tapılmaz.

Mart ayı, göy dəniz adaşlarımdı,

Həm isti olarıq, həm də ki, soyuq,

Fağır oğlanların dilin bilən yox.

 

Soyuq gecələrin yalqızlığında

Ulduzlar üşüyər, ürəyim yanar,

Məni kim ağlayar, məni kim anar?

 

Deyirəm, bir şəkil çəkdirəm gərək,

Vallah, bu günlüyəm, sabah bilmirəm.

Bu qədər hicrana dözərmi ürək?..

 

Poetikası da, fəlsəfəsi də bu qədər yerli-yerində olan bir bənzətmə ilə şeirlər yazmaq yalnız əsl şairlərə nəsib olur...18 yaşlı Faiqin hecasında sərbəstin hüdudsuz enerjisi, sərbəstində bayatı zərifliyi və lətafəti vardı... Sərbəst şeirlərinin də nəfəsindən bayatı ətri gəlirdi.

 

Hələ şirinliyi

Pətək balına bənzədirlər,

insan dilinə yox.

Hələ təmizliyi

Dağ çiçəyinə bənzədirlər,

insan gözlərinə yox.

Hələ kövrəkliyi

Kəpənək qanadına bənzədirlər,

insan ürəyinə yox.

 

Yaxud:

 

Bir ildi

bu şəhərdən getmişəm.

İndi qərib-qərib gəzirəm küçələri.

Qapıları döyməyə utanıram,

Gözlərimlə döyürəm

pəncərələri.

Kimin ürəyində varamsa

Pəncərədən baxacaq.

 

Yaxud:

 

Damcı pəncərədə sürüşən kimi,

Sürüşür qəlbimdə bir soyuq kədər.

O tanış nəğməni kimdi oxuyan?

Deyin, oxumasın, mümkünsə əgər.

 

Ya da susdurmayın, qoyun oxusun,

Onunçün şirindi bəlkə bu nəğmə.

Ürəyim titrəyir... Yoxdu qorxusu,

Yumub gözlərimi dinləyirəm mən.

 

Yaxud:

 

Aylı bir gecədə oturub yalqız,

Qəmli bir nəğməni söyləyirsənsə,-

Deməli, baş qoyub sənin köksünə

Xısınca ağlayıb nə vaxtsa bir qız.

Deməli, görmüsən səadət nədir,-

İndi bəyaz ayı gördüyün kimi,

İndi bəyaz ayı gördüyün kimi

Görürsən köksünə baş qoyub kədər.

 

Yaxud:

 

Günlərin bir günü

Xatırlayıb məni,

Oxumaq istəsəz

şeirlərimi,

dişlərinizi-dişlərinizə

sıxın oxuyun.

Dişlərimi-dişlərimə

sıxıb yazmışam.

 

***

İynə boyu şeirlər yazıram,

Misralarım quş balası kimi

Yoluq-yoluq.

Misralarım şoranlıq otu kimi

qırıq-qırıq.

Bilmirəm, oxuyan tapılacaq,

ya yox,

İynə boyu şeirlər yazıram,

Bəzən duzlusu olur,

Bəzən duzsuzu.

Uğurlusu da olur,

Uğursuzu da.

Oxusan da sağ ol,

Oxumasan da.

 

Faiqin şeirləri düşüncə hadisəsidir. Tənqidçi Elnarə Akimovanın dediyi kimi, mətnləri bütövdür və bu şeirlər estetik özünüifadənin imkanlarını açmağa gücü yetəcək qədər zəmin daşıyır özündə:

 

Payıza baxıram pəncərələrdən,

yarpaqlar hamısı

ürək şəklində.

Saralmış ürəklər,

Solmuş ürəklər

Son dəfə xırıldar

əgər tapdasan.

Alım ayağımı çiyinlərimə!

 

18 yaşında yazdığı şeirin magiyası onun müəllifini bənzərsiz edir. Bu şeiri təhlil etmək olarmı? Kinematoqrafik və sürrealist... Sadəcə oxuyub heyrətlənirsən və əbədilik yaddaşına köçür... İçində cərəyan edən şeir mifinə çevrilir. Saralmış yarpaqları basdamamaq üçün ayağını çiyinlərinə alıb gedən yeni poetik obraz. Azərbaycan şeirində beləsi olmuşdumu? "Yox" deməyə tələsirəm. Olmamışdı. Yarpaqlar hamısı ürək şəklində. Saralmış ürəklər, solmuş ürəklər. Son dəfə xırıldar əgər tapdasan... Alım ayağımı çiyinlərimə. Solmuş yarpaqlar və ürək simvolikası və ayağını çiynlərinə alıb gedən adam. Həqiqətən, düşüncə hadisəsidir. Sufi mətnlərində kəsilmiş başını əlinə götürüb gedən dərvişə də bənzəri var. Amma bizim bu yeni dərviş az qala, bütün izmlərin içindən keçib gedir... Yazıram və dərhal da yazdıqlarımı təshih etmək istəyirəm. Faiq bu şeiri yazanda, dediyim kimi, 18 yaşı var idi. Dəqiq bilirəm ki, o günə qədər heç bir sufi mətnini də oxumamışdı. Sənət estetikaları barədə anlayışımız da İncəsənət İnstitutunda estetika müəllimimiz İslam İbrahimovun və incəsənət tarixindən bizə dərs deyən Sevil xanımın danışdıqlarından ibarət idi. Amma indi mən bu şeiri oxuyanda müxtəlif estetikaların misralar arasında necə sayrışdığını görürəm. Fəriddin Əttarın mətnlərindəki sufi təhkiyəsini hiss edərək görürəm...

Faiq İsmayılov Azərbaycan poeziyasında yüzillərdən bəri ruhumuza hopa-hopa gəlmiş təsvirlərin həndəsəsini sındırmağı bacardı. Növbəti "Bənövşə" ilə hətta Qurbaninin qənşərinə keçdi:

 

Torpağın altında qala bilmədin,

Ah çəkdin, ahından torpaq söküldü.

İstəyin, diləyin özgəydi sənin,

Baxdın bu dünyaya, belin büküldü.

 

***

Son görüşümüzdə onun 28 yaşı vardı. Elə həmin ərəfələrdə də dünyasını dəyişdi. Gələn il 65 yaşı tamam olacaq. "İynəboyu şeirlər"ini yazanda isə 18 yaşı vardı. 26 yaşına qədər yazdı... Və sonra yazmadı. Dörd il susdu. "Sən də sus, pünhan böcək, / mən susantək" deyərək susdu.

- Niyə yazmırsan?

- Yazmaqdan zəhləm gedir... Mən yazanda elə bil körpəyə acı dərman içirirlər... İçimdə bir şair can verir...

- Sən böyük şairsən... Yaz, Faiq.

Cavabı ölümcül oldu:

- Mən indi şair deyiləm...

Yazmadı, yazmadı. Son anda, lap ömrünün sonunda içində uçuşan arıların yolu açıldı. Son iki şeirini ölümündən bir neçə gün əvvəl yazdı:

 

Kimin yadına düşəcəm

Bir isti yay günü,

O ayna sularınmı?

Üzümü özündə saxlamır.

 

Kimin yadına düşəcəm,

Yağışlı bir payız,

O asfalt yollarınmı?

İzimi özündə saxlamır.

 

Kimin yadına düşəcəm,

Bir ağappaq gecə,

O qərib ruhlarınmı?

Özümü özündə saxlamır.

 

***

Günlər səhra kimi gəlib keçmədə,

Dəvəsiz yolçuyam, xəbərin varmı?

Gümanlar an kimi qərib köçmədə,

Ovluyam, ovçuyam, xəbərin varmı?

 

Bilinmir ömürdür, ya da ki, oyun,

Bir kor quyu kimi unudulmada.

Kədəri, sevinci bilinmir bunun,

Bilmirəm, səsləyim kimi son anda?!

 

Dostluğumuzun ilk günündən indiyə qədər (və hər gün!) adı düşüncələrimdə sevgi və ürək sözləri ilə, çiçək ətri və ölümlə assosiasiya edir... Hər dəfə işıq sönür, şeir başlayır. Çiçəyə dair, ağ yağışlara, ürəyə, sevgiyə və ölümə dair...

 

17 iyun 2026

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!