Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanında türk birliyi və türkçülük ideyalarının bədii inikası - Gülxani PƏNAH

 

Tarixi yaddaş və milli kimlik məsələləri hər bir xalqın ədəbiyyatında mühüm yer tutur. Ədəbiyyat yalnız estetik zövq yaradan bir sənət sahəsi deyil, həm də xalqın keçmişini, mənəvi dəyərlərini və ideoloji düşüncə sistemini qoruyub saxlayan mühüm vasitədir. Xüsusilə, tarixi roman janrı bu baxımdan böyük əhəmiyyət kəsb edir. Tarixi roman vasitəsilə müəlliflər keçmiş hadisələri bədii şəkildə canlandıraraq oxuculara yalnız məlumat vermir, eyni zamanda onların milli düşüncəsini formalaşdırır və tarixi şüurun inkişafına təsir göstərirlər.

Azərbaycan ədəbiyyatında tarixi mövzulu romanların yaranması və inkişafı milli özünüdərk prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Bu əsərlərdə xalqın keçmişi, qəhrəmanlıq ənənələri və dövlətçilik tarixi bədii şəkildə təqdim olunur. Müasir Azərbaycan nəsrində bu istiqamətdə yazılmış diqqətəlayiq əsərlərdən biri yazıçı Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanıdır.

Yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli mövzunu bizim qədim Orxon-Yenisey abidələrimizin mətnlərindən götürmüş olsa da, onlardan birinə (Kül Tigin) yeni ruh, yeni modernist imkanlar aşılamışdır. Bilgə Kağan, Kül Tigin və Tonyukuk kitabələri qədim türk yazılı abidələridir və əsasən Göytürk dövrünə aiddir. Bu abidələr qədim türklərin yazılı mədəniyyətinin başlanğıcını təşkil edir və onların siyasi, mənəvi və ictimai həyatını əks etdirən nadir tarixi nümunələr sayılır. Daş üzərində həkk olunmuş bu yazılar vasitəsilə türklərin qəhrəmanlıq ruhu, dövlətçilik ənənələri və dünyagörüşü günümüzə qədər gəlib çatmışdır.

Orxon-Yenisey abidələri türk dünyasının ortaq tarixi yaddaşını əks etdirən ən mühüm yazılı irs nümunələrindən biridir və türk-Azərbaycan xalqının milli kimliyinin formalaşmasında xüsusi rol oynayır. Bu abidələrdə əks olunan dil xüsusiyyətləri, düşüncə tərzi və dəyərlər müasir Azərbaycan dilinin və mədəniyyətinin kökləri ilə sıx bağlıdır. Qədim türk dünyasının dövlətçilik ənənələri, vətənpərvərlik, birlik və ədalət kimi prinsipləri bu yazılarda aydın şəkildə ifadə olunur.

Abidələrdə təqdim olunan ideyalar Azərbaycan xalqının tarixi yaddaşında qorunub saxlanmış, onun etnik-mədəni özünüdərkinin əsas dayaqlarından birinə çevrilmişdir. Bu irs bu gün də təhsil sistemində, ədəbiyyatda, folklorda və elmi araşdırmalarda yaşadılır və gələcək nəsillərə ötürülməsi vacibdir.

Eyni zamanda Orxon-Yenisey abidələri yalnız keçmişin yadigarı deyil, həm də müasir dövrdə milli və mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayan bir mədəni körpüdür. Onlar türk xalqlarının ortaq tarixini, dilini və mədəniyyətini birləşdirən, dünya tarixində silinməz iz qoymuş əbədi abidələr kimi yüksək dəyərləndirilir.

Orxon-Yenisey abidələri VIII əsrdə Orta Asiyada, Orxon və Yenisey çayları ətrafında yaradılmışdır. Bu abidələr türk runik əlifbası ilə yazılmış olub, əsasən hökmdarların və görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmışdır. Onlar qədim türk dilinin, mədəniyyətinin və tarixinin öyrənilməsi baxımından ən etibarlı və dəyərli mənbələrdən biri hesab olunur.

Orxon-Yenisey abidələri çox geniş bir ərazini əhatə edir. Bu yazılı nümunələrin əsas hissəsi Orxon vadisi ərazisində yerləşir, digər hissəsi isə Yenisey çayı boyunca, xüsusilə, Sibir və Tuva bölgələrində yayılmışdır. Ən tanınmış kitabələr - Bilgə Kağan, Kül Tigin və Tonyukuk abidələri məhz Orxon vadisində yerləşir. Yenisey bölgəsində tapılan abidələr isə əsasən qəbir daşları, qısa yazılar və müxtəlif işarələrdən ibarətdir.

 

Bu abidələrdə qəhrəmanlıq, dövlətçilik ənənələri, ata-babaların xatirəsi və milli kimlik məsələləri ön plana çıxır. Elçin Hüseynbəyli bu mövzunu daha da müasirləşdirir. Romanda Orxon-Yenisey abidələri yalnız qədim yazı nümunəsi deyil, həm də türk xalqının dövlətçilik düşüncəsinin və milli dəyərlərinin güclü ifadəsi kimi diqqəti çəkir. Romanda hökmdarla xalq arasındakı münasibətlər, birliyin əhəmiyyəti, ədalət, əxlaq və ənənələrin qorunması kimi vacib prinsiplər ön plana çəkilir. Burada dövlətin möhkəmliyinin xalqın həmrəyliyi və düzgün idarəçiliklə bağlı olduğu aydın şəkildə göstərilir.

Romanda yer alan Bilgə Kağan, Kül Tigin kimi şəxsiyyətlər türk tarixində birlik, müstəqillik və güclü dövlət ideyasının simvolu kimi təqdim olunur. Elçinin "Gültəkin xaqan" romanında Bilgə Kağan surəti həm tarixi şəxsiyyətin bədii təcəssümü, həm də dövlətçilik ideyasının simvolu kimi təqdim olunur.

Bilgə Kağan əsərdə uzaqgörən, müdrik və xalqının taleyinə məsuliyyətlə yanaşan hökmdar kimi təsvir edilir. Onun əsas xüsusiyyətlərindən biri siyasi düşüncə qabiliyyətidir. O, yalnız döyüş meydanında deyil, həm də idarəçilikdə güclüdür. Müəllif onu emosiyalara qapılan deyil, daha çox düşünərək qərar verən lider kimi göstərir. Bu xüsusiyyət Bilgə Kağanın dövlətin sabitliyini qorumasında mühüm rol oynayır. Eyni zamanda, Bilgə Kağan xalqına bağlı hökmdardır. O, sadəcə hakimiyyət sahibi deyil, millətin rifahını düşünən bir liderdir. Xalqın rifahı, birliyi və gücü onun üçün prioritetdir. Bu baxımdan obrazda ideal hökmdar modeli yaradılıb. Onun nitqlərində və davranışlarında tez-tez milli birlik, vətən sevgisi və dövlətin qorunması ideyaları ön plana çıxır.

Romanda Bilgə Kağanın daxili dünyası da müəyyən qədər açılır. O, yalnız güclü hökmdar deyil, həm də məsuliyyət yükünü daşıyan insandır. Bəzən tərəddüdləri, qərarvermə prosesindəki çətinlikləri onun obrazını daha real və canlı edir. Bu isə obrazı sxematik qəhrəmanlıqdan uzaqlaşdırır. Bilgə Kağanın digər obrazlarla münasibəti də onun xarakterini açır. O, ətrafındakı insanlara qarşı diqqətli və seçicidir, sadiqliyi qiymətləndirir, xəyanəti isə bağışlamır. Bu xüsusiyyətlər onun dövlət idarəçiliyində prinsipial mövqeyini göstərir.

Bilgə Kağanın qardaşı Gültəkin romanında əsərin əsas ideya yükünü daşıyan qəhrəmanlardan biridir və həm tarixi, həm də bədii baxımdan çoxqatlı şəkildə təqdim olunur. Gültəkin, ilk növbədə, igid, cəsur və döyüşkən bir qəhrəman kimi təsvir edilir. O, türk döyüşçüsünün ideal obrazıdır: qorxmaz, vətənə bağlı və mübariz. Döyüş səhnələrində onun fiziki gücü, çevikliyi və hərbi bacarığı ön plana çıxır. Lakin müəllif onu yalnız bir savaşçı kimi təqdim etmir; Gültəkin həm də yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyətdir.

Onun xarakterində ən diqqətçəkən cəhətlərdən biri sədaqətdir. Gültəkin dövlətinə, xaqanına və xalqına sadiqdir. Bu sədaqət kor-koranə deyil, dərk olunmuş, şüurlu bir bağlılıqdır. O, anlayır ki, dövlətin gücü xalqın birliyindən keçir və bu birliyi qorumaq üçün şəxsi maraqlarını belə arxa plana atmağa hazırdır.

Eyni zamanda, Gültəkin obrazında daxili mübarizə də hiss olunur. O, bəzən qarşılaşdığı hadisələr fonunda düşünür, tərəddüd edir, lakin sonda doğru yolu seçməyə çalışır. Bu xüsusiyyət onu canlı və real edir, oxucuya daha yaxınlaşdırır. Onun psixoloji dərinliyi obrazın bədii dəyərini artırır.

Gültəkin həm də milli kimliyin və qəhrəmanlıq ruhunun daşıyıcısıdır. Onun davranışlarında, qərarlarında və münasibətlərində türkçülük ideyası, vətən sevgisi və azadlıq arzusu aydın şəkildə görünür. Bu baxımdan, o, yalnız fərdi qəhrəman deyil, bütöv bir xalqın ruhunu təmsil edir.

Digər obrazlarla münasibətdə Gültəkin dürüst və prinsipialdır. O, dostluğa sadiq, düşmənə qarşı isə amansızdır. Ədalət hissi güclüdür və bu xüsusiyyət onun qərarlarında özünü açıq şəkildə göstərir.

Gördüyümüz kimi, Bilgə Kağan obrazı romanda güclü dövlətçilik ideyasını, milli kimliyi və liderlik keyfiyyətlərini təcəssüm etdirən mərkəzi fiqurlardan biri olub, həm tarixi yaddaşın qoruyucusu, həm də gələcək nəsillər üçün nümunəvi hökmdar obrazı kimi təqdim olunur. Gültəkin surəti də romanda qəhrəmanlıq, sədaqət, vətənpərvərlik və mənəvi bütövlüyün simvoludur. O, həm tarixi şəxsiyyətin bədii təcəssümü, həm də Elçin Hüseynbəylinin ideal insan və döyüşçü modelidir.

Onların fəaliyyəti qəhrəmanlıq, vətənə xidmət, uzaqgörən idarəçilik və cəsarət nümunəsi kimi verilir. Eyni zamanda bu yazılarda keçmiş hadisələrin təsviri fonunda gələcək nəsillərə ibrətamiz tövsiyələr də var.

Və yazıçı haqlıdır ki, türk dünyasının birliyi məsələsi bəşəriyyət mövcud olduğu bütün dövrlərdə aktualdır. "Gültəkin xaqan" romanı bu abidələrin ruhunu və ideyalarını ədəbiyyat dilində yenidən canlandırır, tarixi hadisələri və qəhrəman obrazlarını müasir oxucuya çatdırır. Abidələr də, roman da xalqların tarixdən dərs almaq və milli birlik üçün əcdadların nümunəsindən ilham almaq ideyasını güclü şəkildə vurğulayır.

Abidələrdə və romanda əsas ideya millətin birliyi, dövlətçilik ənənələrinin qorunması və milli irsin yaşadılmasıdır. Qəhrəmanlar və hökmdarlar vasitəsilə göstərilir ki, xalqın gücü onun birliyindən, milli dəyərlərə sadiqliyindən və əcdadlarının qəhrəmanlıqlarından doğur. Bu ideya həm keçmişin xatirəsini qoruyur, həm də gələcək nəsillərin milli şüurunu formalaşdırır.

"Xaqan əlini yuxarı qaldırıb dedi:

- Göy Tanrı yardımçımız olsun, mənim türk budunum! Mən onun sayəsində taxta oturdum. Türk budunum yaşasın deyə. Ondan öncə Göy Tanrı atam İltəriş (Eltəriş) xaqanı, anam İlbilgə (Elbilgə) xatunu səmadan yerə endirmiş, taxta çıxartmışdı. Atam Tanrının sözlərini eşitdi və türk xalqını bütövləşdirdi. Ona qədər xitayların (çinlilərin) yağlı dilinə, qumaşlarına, qızlarına aldanmış bəylərimiz, xanlarımız türk qövmünü itirmişdi. Göy basmadısa, yer ayrılmadısa, xalqımız hara yox oldu? Şükürlər ki, indi budunumuz da var, bəylərimiz də. Sağ tərəfimdə tarxanlar, buyruq bəyləri və təkinlər, sol tərəfimdə şadlar, arxamda isə öz soyumdan olan millətim var.

Babamızın, əmimizin qazandığı millətin ad-sanı unudulmasın deyə qardaşımla sözləşdik. Türk milləti üçün gecə uyumadıq, gündüz oturmadıq. Gültəkinlə, buyruq bəylərilə var gücümüzlə çalışdıq.

Ey mənim türk millətim, babalarımızın ruhu dolaşan ilk damğamız yadellilərin əlindədir. Onu bizdən aldılar. Ona görə də məğlub olduq. Onu geri almasaq, millət kimi yaşaya bilmərik. Damğamızı və baydağımızı (bayrağımızı) geri almaq üçün türk boylarını bir yerə yığmalıyıq. Bax, onda güclü dövlət qura bilərik. Çünki o damğa bizə güc verirdi. Əlimizdən gedəndən sonra gücdən düşdük. Ellərimiz yağmalandı, tar-mar oldu. Ərlik oğlanlarımız çinlilərə qul, gəlinlik qızlarımız cariyə oldular!

Biz indi böyük sınaq qarşısındayıq. Atam İltəriş xaqan, əmim Qapağan xaqanın vəsiyyətini yerinə yetirməliyik. Yəcuc-məcuclar (xitaylar, çinlilər) onlara boyun əyən öz bəylərimiz sayəsində əmim Qapağan xaqanı pusquya salıb öldürdülər və damğamızı, bayrağımızı özlərilə apardılar.

Düzdür, əmim sərt təbiətliydi: öcü də vardı, gücü də, öfkəsi də vardı, ötkəmi də. Nəfəsi od qarsar, qılıncı şimşək təki çaxardı...

Biz xainləri cəzalandırdıq..."

"Gültəkin xaqan" romanında bu ideya daha dramatik və emosional şəkildə ifadə olunur. Bilgə Xaqanın nitqi vasitəsilə milli yaddaş, tarixi ədalət və qürur vurğulanır, milli birlik üçün həm əxlaqi, həm də siyasi məsuliyyət çağırışı verilir. Həmçinin, simvolik vasitələrlə - "damğa", "bayraq", "qurd və qoyun" kimi obrazlarla - milli gücün və birliyin əhəmiyyəti oxucuya aydın göstərilir.

Damğa və bayraq milli birliyi, gücü və tarixi mirası simvolizə edir. Qurd və qoyun isə xalqın gücü və zəifliyini əks etdirir. Eyni zamanda qəhrəmanların daxili dünyası, qorxuları və arzuları təsvir edilir, bu isə modernist ədəbiyyata xasdır.

Bilgə Xaqanın nitqi vasitəsilə həm ictimai, həm də şəxsi fikir və hisslər oxucuya çatdırılır.

Keçmiş və indiki zaman bir-birinə nüfuz edir, oxucuya tarixi hadisələrdən müasir dərs çıxarmağa imkan verir.

Orxon-Yenisey abidələrinin ruhunu daşıyan "Gültəkin xaqan" əsəri oxucunu tarixi şüurla təmin edir, milli kimliyi möhkəmləndirir və vətənpərvərlik hissini gücləndirir. Hər iki əsər göstərir ki, xalq yalnız birliyini və milli dəyərlərini qoruyarsa, güclü və davamlı dövlət qurmaq mümkündür. Tarixi ədalətin bərpası, əcdadlara hörmət və milli mirasa sahib çıxmaq isə romanda əsas motivlərdən biri kimi daha çox qabardılır. Bu da yazıçının zamanın nəbzini tuta bilməsindən irəli gəlir.

***

Türkçülük ideologiyası türk xalqlarının milli oyanış prosesinin nəticəsi olaraq formalaşmışdır. Türkçülük ideologiyası türk xalqlarının ortaq mənşəyə, dilə və mədəniyyətə malik olduğunu vurğulayan ideoloji konsepsiyadır. Bu ideya XIX əsrin sonu və XX əsrin əvvəllərində türk dünyasında geniş yayılmış və müxtəlif sahələrdə - siyasətdə, mədəniyyətdə və ədəbiyyatda öz əksini tapmışdır.

Türkçülük ideyasının əsasını türk xalqlarının ortaq mənşəyə malik olması fikri təşkil edir. Bu ideologiyaya görə, müxtəlif coğrafiyalarda yaşayan türk xalqları ortaq dilə, mədəniyyətə və tarixi yaddaşa sahibdirlər. Bu xüsusiyyətlər onların mənəvi birlik yaratması üçün mühüm zəmin təşkil edir.

Türkçülük ideyasının nəzəri əsaslarının formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri Ziya Gökalp olmuşdur. O, türkçülüyü milli ideologiya kimi təqdim etmiş və türk xalqlarının mədəni birliyinin vacibliyini vurğulamışdır.

Digər mühüm ideoloqlardan biri İsmayıl Qaspıralı olmuşdur. Onun məşhur "Dildə, fikirdə, işdə birlik" şüarı türk xalqları arasında mədəni və ideoloji yaxınlaşmanın əsas prinsiplərindən biri hesab edilir.

Türkçülük ideyasının siyasi istiqamətinin inkişafında isə Yusuf Akçura mühüm rol oynamışdır. Onun "Üç tərzi-siyasət" əsərində türkçülük Osmanlı dövlətinin gələcək inkişaf istiqamətlərindən biri kimi təqdim edilmişdir.

Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanında nəsr dili ilə türk xalqlarının dövlətçilik ənənələri, qəhrəmanlıq ruhu və milli idealları geniş şəkildə əks olunur. Romanın ideya istiqamətində əsas yer tutan məsələlərdən biri türk birliyi və türkçülük ideyalarının bədii təqdimatıdır.

"Gültəkin xaqan" romanında müəllif qədim türk dövlətçiliyinin tarixini bədii şəkildə təqdim etməklə türk xalqlarının birlik ideyasını ön plana çəkir. Əsərdə təsvir olunan hadisələr, qəhrəmanlar və tarixi mübarizələr türk dünyasının ortaq taleyini və gələcək perspektivlərini göstərir.

Romanın süjet quruluşu, obrazlar sistemi, ideoloji məzmunu və bədii xüsusiyyətləri diqqətçəkəndir.

***

Ədəbiyyat türkçülük ideyasının yayılmasında mühüm vasitələrdən biri olmuşdur. Tarixi mövzulu əsərlər vasitəsilə müəlliflər türk xalqlarının keçmişini xatırlatmış və oxucularda milli qürur hissini gücləndirmişlər.

Qeyd etdiyimiz kimi, türk xalqlarının tarixi qəhrəmanları və dövlətçilik ənənələri haqqında yazılmış əsərlər türkçülük ideyasının bədii ifadəsi kimi çıxış etmişdir. Bu baxımdan tarixi roman janrı xüsusi əhəmiyyət daşıyır.

Müasir Azərbaycan ədəbiyyatında da türk dünyasının tarixi və mədəni birliyi mövzusu aktual olaraq qalır. Bu istiqamətdə yazılmış əsərlərdən biri də Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanıdır ki, zamanımızda aktuallıq kəsb edir.

"Gültəkin xaqan" romanının tarixi və ideoloji konteksti romanda gözlənilir. "Gültəkin xaqan" romanı qədim türk tarixinin mühüm mərhələlərindən birinə həsr olunmuşdur. Əsərin süjetində türk tayfalarının siyasi həyatı, dövlət idarəçiliyi və hərbi mübarizələri təsvir olunur. Romanın mərkəzi obrazı olan Kül Tigin türk tarixində mühüm rol oynamış tarixi şəxsiyyətdir. Qeyd etdiyimiz kimi, o, Göytürk dövlətinin güclənməsində mühüm rol oynamış və türk tayfalarının birləşdirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

Əsərdə hadisələr yalnız siyasi və hərbi mübarizələrdən ibarət deyil. Müəllif, eyni zamanda türk cəmiyyətinin sosial həyatını, adət-ənənələrini və mənəvi dəyərlərini də təsvir edir.

***

Tarixi roman janrında yazılmış əsərlərin əsas xüsusiyyətlərindən biri real tarixi hadisələrin bədii şəkildə təqdim olunmasıdır. "Gültəkin xaqan" romanında müəllif qədim türk tarixinin faktlarına əsaslanaraq onları bədii təxəyyüllə zənginləşdirir.

Romanın hadisələri əsasən Göytürk dövlətinin siyasi həyatını əks etdirir. Bu dövrdə türk tayfaları arasında birlik və dövlətçilik məsələləri xüsusi əhəmiyyət kəsb edirdi.

Romanın əsas qəhrəmanı Kül Tigin (Gültəkin) türk qəhrəmanlıq ənənəsinin simvolu kimi təqdim olunur. Onun xarakterində igidlik, cəsarət və dövlətçilik düşüncəsi kimi xüsusiyyətlər birləşir.

Baş qəhrəman yalnız hərbi sərkərdə kimi deyil, həm də siyasi lider kimi təqdim olunur. Onun əsas məqsədi türk tayfalarının birliyini təmin etmək və güclü dövlət yaratmaqdır.

Romanda müxtəlif sosial və siyasi mövqeləri təmsil edən obrazlar da yer alır. Bu obrazlar vasitəsilə müəllif türk cəmiyyətində mövcud olan müxtəlif baxışları göstərir.

Bəzi obrazlar birlik ideyasını dəstəkləyir, digərləri isə şəxsi maraqlarını üstün tutaraq parçalanmaya səbəb olurlar. Bu qarşıdurma romanın dramatizmini artırır.

***

Romanın əsas ideya xətlərindən biri türk tayfalarının birliyidir. Müəllif göstərir ki, türk xalqlarının gücü onların birlik və həmrəyliyindədir.

"- Damğa da, bayraq da düzəltmək asandır. Amma o damğanı atam İltəriş xaqan öz əli ilə hazırlayıb və bizim ruhumuz ordadır. Onu geri almaq üçün qarşımızda bir yol var. Onu da dedim: bütün türk boylarını bir araya gətirmək, sonra damğamızın arxasınca getmək. Çinlilərin saysız-hesabsız qoyun sürüləri var. Biz qurd nəslindən olduğumuz üçün o qoyunları ələ keçirməliyik. Onların at ilxıları var, at bizim muradımız olduğu üçün atlarını almalıyıq. Onların gözəl qızları var, nəslimiz güclü və gözəl olsun deyə onları kəniz etməliyik.

Meydanda uğultu qopdu. "Yaşasın xaqanımız, bilgəmiz!" deyə hayqırdılar."

Mətndə əsas mövzu türk millətinin birliyi, tarixi irsin qorunması və milli kimliyin bərpasıdır. Bilgə Xaqan xalqına müraciət edərək keçmiş qəhrəmanlarını xatırladır, milli ruhu oyadır və gələcək üçün birgə hərəkət çağırışı edir. Bu, əsərin ideoloji əsasını təşkil edir.

Nitq epik-dramatik üslubda yazılıb. Təkrar və çağırışlar ("Türk budunum yaşasın deyə", "Ey mənim türk millətim"), simvolik obrazlar ("damğa", "bayraq") və metaforalar ("qurd nəslindən olduğumuz üçün") qəhrəmanlıq, liderlik və mübarizə motivini gücləndirir. Qısa və vurğulu cümlələr dramatik gərginlik yaradır, xalqın emosional reaksiyasını artırır.

Bədii vasitələrlə təqdim olunan bu nitq həm tarixi xatirəni qoruyur, həm də oxucuya milli birliyi, vətənpərvərlik və qəhrəmanlıq ideyalarını aşılamaqla müasir dövr üçün ideoloji əhəmiyyət kəsb edir.

Türk birliyi ideyası romanda üç əsas istiqamətdə təqdim olunur:

Tarixi birlik -türk xalqlarının ortaq keçmişə malik olması ideyası.

Mədəni birlik - dil, adət-ənənə və mənəvi dəyərlərin oxşarlığı.

Siyasi birlik - vahid dövlət ideyasının vacibliyi.

"Gültəkin xaqan" romanında müəllif müxtəlif bədii təsvir vasitələrindən istifadə edir. Bu vasitələr əsərin ideoloji məzmununu daha da gücləndirir.

Romanın əsas simvollarından biri qartaldır. Qartal türk mifologiyasında güc və azadlıq rəmzi hesab olunur. Bu simvol türk xalqının mübarizə ruhunu ifadə edir.

Bozkır təsvirləri də romanda mühüm yer tutur. Bozkır türk xalqlarının həyat tərzini və azadlıq ideyasını simvolizə edir.

Romanda tarixi yaddaş və milli kimlik əsasdır.

Tarixi yaddaş hər bir xalqın milli kimliyinin formalaşmasında mühüm rol oynayır. "Gültəkin xaqan" romanında müəllif tarixi yaddaş məsələsinə xüsusi diqqət yetirir.

Roman vasitəsilə qədim türk dövlətinin qüdrəti və qəhrəmanlıq ənənələri xatırladılır. Bu isə oxucuda milli qürur hissini gücləndirir.

"Gültəkin" romanının müasir dövr üçün ideoloji əhəmiyyəti vardır.

Müasir dövrdə türk dövlətləri arasında siyasi və mədəni əməkdaşlıq getdikcə güclənir. Bu kontekstdə türk birliyi ideyası daha da aktuallaşır.

"Gültəkin xaqan" romanı oxucunu tarixi köklər üzərində qurulan gələcək haqqında düşünməyə vadar edir. Əsər göstərir ki, türk xalqlarının ortaq keçmişi onların gələcək əməkdaşlığının əsasını təşkil edə bilər.

"Gültəkin" romanı Azərbaycan ədəbiyyatında mühüm ideoloji məzmun daşıyan əsərlərdən biridir və müasir dövr üçün də aktuallığını qoruyub saxlayır. Əsərin ideoloji əhəmiyyəti bir neçə əsas istiqamətdə özünü göstərir.

İlk növbədə, romanda insan azadlığı və şəxsiyyətin formalaşması məsələsi də ön plana çəkilir. Müasir dövrdə də fərdin azad düşünməsi, öz hüquqlarını dərk etməsi və cəmiyyət içində öz yerini tapması aktual problem olaraq qalır. Bu baxımdan əsər oxucunu düşünməyə və öz həyat mövqeyini müəyyən etməyə çağırır.

İkincisi, romanda milli-mənəvi dəyərlərin qorunması ideyası xüsusi yer tutur. Qloballaşma şəraitində milli kimliyin, adət-ənənələrin və mənəvi dəyərlərin qorunması vacib məsələlərdəndir. "Gültəkin" romanı da bu dəyərlərin əhəmiyyətini vurğulayaraq müasir oxucuya öz köklərinə bağlı qalmağın vacibliyini göstərir.

Beləliklə, "Gültəkin" romanı müasir dövr üçün ideoloji baxımdan əhəmiyyətli əsərdir və insan azadlığı, milli dəyərlər, sosial ədalət kimi aktual məsələləri əks etdirməklə bu gün də öz dəyərini qoruyur.

Romanın strukturu tarixi hadisələri müasir düşüncə və refleksiya ilə qarışdırır, lineyar xronologiyadan çıxır. Bu, modernizmin zaman anlayışına xasdır - keçmiş və indiki zaman bir-birinə nüfuz edir.

Modernizmdə olduğu kimi, roman fərd və cəmiyyət arasındakı gərginliyi göstərir: qəhrəmanlar milli kimliyi qorumaq və tarixi missiyanı yerinə yetirmək üçün şəxsi duyğu və məna ilə ictimai vəzifə arasında balans tapmalıdırlar.

"Gültəkin" romanında modernizm həm psixoloji realizm, həm simvolizm, həm də zamanın və tarixi hadisələrin subyektiv təqdimatı vasitəsilə özünü göstərir. Elçin Hüseynbəylinin əsərində fərd və millət, keçmiş və indiki, real və ideallaşdırılmış dünya arasında dialoq qurulması modernist yanaşmanın əsas göstəricisidir.

Aparılan təhlil göstərir ki, Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanı türk birliyi və türkçülük ideyalarının bədii ifadəsi baxımından mühüm əsərlərdən biridir.

Romanda qədim türk tarixinin hadisələri əsasında milli birlik, dövlətçilik və mənəvi dəyərlər ideyası ön plana çəkilir. Müəllif tarixi hadisələri bədii şəkildə təqdim etməklə oxucuda milli qürur hissi yaradır və türk xalqlarının ortaq gələcəyi haqqında düşünməyə stimul verir.

Beləliklə, "Gültəkin xaqan" romanı Azərbaycan ədəbiyyatında türkçülük ideyalarının bədii təcəssümü baxımından mühüm yer tutur və bu istiqamətdə aparılan elmi tədqiqatlar üçün zəngin material təqdim edir.

Ümumiyyətlə, E.Hüseynbəylinin "Gültəkin xaqan" romanı, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatında modernist xüsusiyyətləri ilə seçilən əsərlərdən biridir. Yazıçı bu əsərdə ənənəvi tarixi roman çərçivəsindən kənara çıxaraq hadisələri fərqli, daha çox psixoloji və fəlsəfi müstəvidə təqdim edir.

Romanda modernizmin əsas əlamətlərindən biri şüur axını və daxili monoloqlardan istifadədir. Obrazların daxili dünyası, düşüncələri və hissləri geniş şəkildə təsvir olunur. Bu isə oxucuya qəhrəmanları daha dərindən anlamağa imkan verir.

Digər mühüm xüsusiyyət zamanın qeyri-xətti təqdimidir. Əsərdə hadisələr xronoloji ardıcıllıqla verilmir, keçmiş və indiki zaman arasında keçidlər edilir. Bu da zamanın parçalanması prinsipini göstərir və modernist üsluba uyğun gəlir.

Bundan əlavə, romanda simvolizm və çoxqatlı məna diqqəti cəlb edir. "Gültəkin xaqan" obrazı yalnız tarixi şəxsiyyət kimi deyil, həm də hakimiyyət, kimlik və milli yaddaşın simvolu kimi təqdim olunur.

Əsərdə klassik qəhrəman modeli də dəyişdirilmişdir. Obrazlar idealizə olunmur, əksinə, onların daxili ziddiyyətləri və mürəkkəbliyi göstərilir. Bu da modernizmin insanı daha real və çoxşaxəli təqdim etmək prinsipinə uyğundur.

"Gültəkin xaqan" romanı modernist ədəbiyyatın əsas xüsusiyyətlərini özündə birləşdirərək oxucuya həm tarixi, həm də psixoloji baxımdan dərin bir əsər təqdim edir.

Elçin Hüseynbəylinin romanı haqqında əlbəttə, tənqidçilərimiz fikirlərini bildirəcək. Bütünlüklə roman türkçülük, milli birlik ideyalarına kökləndiyindən oxucu üçün maraqlı əsərdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!