Folklor ədəbiyyatı yaranma dövrünə görə yazılı ədəbiyyatdan fərqli olaraq nə qədər qədim tarixə malik olsa da, onun az sayda bizə gəlib çatmış əski yazılı nümunələrinin böyük qismi yaxın keçmişdə əlyazmalara köçürülmüş və yaxud litoqrafiya üsulu ilə tək-tük də olsa nəşr olunmuşdur. Xalq yaradıcılığına aid yazılı nümunələrin böyük hissəsinin müəllifli klassik yazılı ədəbiyyatla müqayisədə "gənc" olmasının başlıca səbəbi - onun ta qədim zamanlardan şifahi şəkildə yaranıb, əsrlər boyu dildən-dilə ötürülmə ənənəsinin formalaşması, kağızaqədərki böyük zaman mərhələsində və daha sonrakı vaxtlarda xalqın bu şifahi yaradıcılığı illər ötdükcə müəllifsizləşmiş, bəlkə də müəllifi, eləcə də onların kimə məxsus olması, demək olar ki, folklor informatoru və yaxud dinləyicisi üçün artıq heç bir əhəmiyyət kəsb etməyib. Bununla bərabər, onun yazılı variantına vaxtında çox da ehtiyac duyulmayıb, sonucda, folklor adı ilə yaranan xalqın şifahi mənəvi irsindən yalnız bəzilərinin yaxın tarixdə katiblər tərəfindən yazıya alınması ilə bağlıdır.
Az da olsa, çağdaş dövrümüzə gəlib çatan əski yazılı folklor irsimiz, bir neçə yazılı abidə istisna olmaqla, uzun illər gözdən-könüldən iraq, qaranlıq hücrələrdə çoxu indiyədək toxunulmaz qalmış, üzərində yerinə yetirilməsi vacib olan elmi-tədqiqat işi və nəşri hələ də gerçəkləşməmişdir. Ötən yüzilliyin sonlarında bərpa olunan müstəqilliyimizin verdiyi imkandan yararlanaraq əlyazmalara köçürülən mətnlərin çağdaş orfoqrafiyada tərtibi peşəkar tekstoloji səriştə, bacarıq tələb edən xalq yaradıcılığı əsərlərindən bəzilərinin nəşrini ağır əzab-əziyyətə qatlaşan, kirpiyilə od götürən cəfakeş əlyazmaşünas mütəxəssislərimiz qismən də olsa reallaşdırıb oxucuların istifadəsinə verməklə bərabər, həm də elmi tədavülə daxil etmişlər.
Çox sevindirici haldır ki, uzun müddət gizlində qalmış yazılı folklor abidələrimizlə bağlı son vaxtlar elmi axtarışlar nəticəsində bir-birinin ardınca əldə edilən yeni-yeni nailiyyətlər olduqca qürurvericidir. Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşlarının gərgin əməyi ilə ilkin qaynaqlar əsasında əski mətnlərinin transfoneliterasiyası, faksimilesi əlavə olunmaqla, iki mühüm yazılı folklor abidəsinin filoloji, tekstoloji və paleoqrafik cəhətdən monoqrafik araşdırması nəşr olunaraq oxuculara təqdim olunmuşdur. Bu, "Kitabi-Seyyid Battal Qazi" (yazılı dastan abidəsi), monoqrafiya" [Bakı, "Elm və təhsil", 2025] və "Kitabi-Xavərnameyi-türki" dastanının filoloji tədqiqat və transfoneliterasiyası" [Bakı, "Elm və təhsil", 2026] adlanan kitablardır.

Birinci nəşrin müəllifi tanınmış əlyazmaşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Mustafa qızı Rəhimovadır. Əlyazmalar İnstitutunda uzun illərdən bəri çalışan A.Rəhimovanın bu tədqiqatı Azərbaycan klassik ədəbiyyatı və yazılı folklor abidələrimizlə bağlı çap etdirdiyi növbəti mötəbər bir əsərdir. Buna qədər onun "Mirzə İsmayıl Qasirin ədəbi irsinin tekstoloji tədqiqi" [Bakı, "Nurlan", 2002]; "Kitabi-Battal Qazi" [Bakı, "Nurlan", 2009]; "Dini-tarixi qəhrəmanlıq dastanı "Xavərnamə" [Bakı, "Elm və təhsil", 2017]; "Qəhrəmannamə" yazılı dastan abidəsi (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası)" [Bakı, "Elm və təhsil", 2022] və tədqiqatçının bundan başqa, yazılı abidələrimizə həsr olunmuş çoxsaylı məqalələri respublikamızın və xarici ölkələrin elmi nəşrlərində çap olunmuşdur. Yenicə əlimizə gəlib çatan "Kitabi-Seyyid Battal Qazi" kitabı müəllifin yazılı abidəyə aid ikinci nəşrdir. İlk dəfəsində [2009] kitaba yazılı abidə haqqında yığcam Ön söz yazılmış və əsərin əski əlifbadan transfoneliterasiyası daxil edilmişdi. Tədqiqatçının yenidən bu yazılı abidəyə qayıdıb təkrar nəşr etdirməsinin əsas səbəbi, yazılı dastan abidəsinin Bakı nüsxəsi ilə bağlı hələ ki geniş şəkildə yazılmış monoqrafik araşdırmanın ortada olmaması idi.
Mənbəşünas alim yazılı abidə üzərində araşdırmasını vaxtilə filologiya elmləri doktoru, professor Azadə Musabəylinin tövsiyəsi ilə başladığını və buna görə o, kitabın sonunda yazdığı "Sözardı"nda görkəmli əlyazmaşünas alimə böyük ehtiram və sayqı ilə minnətdarlığını bildirmişdir. Yazılı abidənin Əlyazmalar İnstitutu xəzinəsində saxlanılan yeganə əlyazma nüsxəsi haqqında ilk məlumatın üzə çıxması və Azərbaycan filoloji mühitinə bəlli olması elə məhz professor A.Musabəylinin adı ilə bağlıdır. O, ilk dəfə yazılı abidəni 90-cı illərdə xəzinədən aşkar edərək üzə çıxarmış və haqqında elmi nəşrlərdə dörd məqalə dərc etdirmişdir. A.Musabəylidən sonra yazılı abidə üzərində tədqiqatı daha geniş planda A.Rəhimova davam etdirərək, "Kitabi-Seyyid Battal Qazi"nin tədqiqat tarixini, eləcə də abidənin Azərbaycanda olan yeganə əlyazma nüsxəsinin dünya kitabxanalarında saxlanılanlardan tekstoloji baxımından fərqli və bizdəki nüsxənin özünəməxsus xüsusiyyətlərə malik olduğunu diqqətə çatdırır. Kitabda araşdırma üç fəsildən ibarətdir. Hər bir fəsildə yazılı abidənin filoloji, tekstoloji və əlyazmanın paleoqrafik xüsusiyyətlərindən bəhs olunmuşdur. Bütün bunlarla bərabər, kitaba yazılı abidənin bir daha yenidən təshih edilərək dürüstləşdirilmiş transfoneliterasiya mətni və əlyazmanın faksimilesi, yəni ərəb qrafikalı əsli də əlavə olunmuşdur.
Tədqiqatçının araşdırmasından aşağıdakılar bəlli olur. Yazılı abidənin xaricdə saxlanılan nüsxələri haqqında ilk dəfə alman şərqşünasları H.Fleşer və H.Etye tədqiqat aparmış və 1871-ci ildə araşdırıb üzə çıxartdıqları bir neçə əlyazma nüsxəsi əsasında dastanın tərcüməsini etmişlər. Türkiyədə isə F.Köprülü yazmış olduğu "Türk ədəbiyyatında ilk mütəsəvviflər" kitabında əsərin qəhrəmanı Battal haqqında bəhs etmiş, daha sonralar isə V.Kocatürk, P.Boratav, Ə.Kabaklı, H.Köksal, N.Demir kimi məşhur Türkiyə alimləri yazılı abidəyə dair məqalələr yazmışlar. Fransanın Strasburq Universitetinin professoru, həmyerlimiz İren xanım Melikoff ingilis dilində nəşr olunmuş İslam ensiklopediyasındakı "Battal" bədii oçerkində və "Ədəbiyyat və incəsənət" qəzetində (1988) dərc etdirdiyi "Babək Xürrəmi və Seyyid Battal" adlı məqaləsində tarixi və dastan qəhrəmanının din, vətən uğrunda, xüsusilə, yazılı abidə qəhrəmanı Battalın Anadoluda islamın təbliği uğrunda apardığı mübarizəsindən söz açmışdır.
"Kitabi-Seyyid Battal Qazi" yazılı dastan abidəsinin dünya kitabxanalarında saxlanılan çoxsaylı həm əlyazma, həm də çap variantlarından fərqlənən Bakıdakı əlyazma nüsxəsinin Azərbaycan, eləcə də xarici ölkə tədqiqatçıları üçün əsas əhəmiyyəti ondadır ki, abidənin xarici nüsxələri haqqında yazılmış tədqiqatlar və əsərin özünün təkrar-təkrar nəşrlərindən sonra, xarici mütəxəssislərin də son dövrlərədək xəbərsiz olduğu Əlyazmalar İnstitutundan aşkara çıxarılan nüsxənin abidənin köçürüldüyü və öncəki dövrün dil-üslubuna aid xüsusiyyətlərin transfoneliterasiya mətnində qorunub saxlanılmaqla, eyni zamanda böyük maraq doğuran əsərin dilinin arxaik morfologiyası, leksikası haqqında aparılmış çoxcəhətli tədqiqat işi burada geniş surətdə təqdim olunur. Abidənin vərəqlərinə sonradan basılmış şəxsi möhürlərdən bəlli olur ki, əlyazma kitabı görkəmli dilçi alim, akademik Əbdüləzəl Dəmirçizadənin şəxsi kitabxanasından Əlyazmalar İnstitutunun xəzinəsinə daxil olmuşdur.
Dastanın Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsindən əlavə, daha üç daşbasma nüsxəsi də mühafizə olunur. Abidənin əlyazmasının həcmi 198 vərəq, mətni hərəkəsiz nəstəliq xətti ilə, hər səhifədə 12 sətir olmaqla köçürülmüşdür. Əlyazma h.1255/m.1839-cu ildə katib Əbdülvahhab Mirzə Cəlil oğlu tərəfindən qələmə alınıb. Əsər 19 bölümdən ibarətdir. "Kitabi-Dədə Qorqud" kimi "Kitabi-Seyyid Battal Qazi" də qəhrəmanın şərəfinə yaranmış və bizə bəlli olan digər nüsxələrdə müxtəlif adlarla - "Kitabi-Battal Qazi", "Kitabi-qəzavəti-Battal Qazi", "Kitabi-mənaqibi-qəzavəti-Battal Qazi", "Seyyid Battal Qazi", bundan başqa, sadəcə "Battal Qazi" və ya "Battalnamə" də adlandırılmışdır.
Tədqiqatçıların bildirdiyinə görə, "Kitabi-Seyyid Battal Qazi" dastanı səlcuqların Anadoluya gəlişindən sonra yeni məkanda yaratdıqları ilk yazılı dastan abidəsidir. O vaxta qədər neçə-neçə dastana malik olan səlcuqlar yeni məkana gələrkən tarixi dastançılıq ənənələrini də gətirmiş və Anadoluda Battalın islam uğrunda mübarizəsinə həsr olunmuş möhtəşəm bir dini-qəhrəmanlıq dastanını yaratmışlar. Dastanın əvvəlindən aydın olur ki, Hz. Peyğəmbər (s) səhabələri ilə oturmuş, Cəbrail (ə) üç gündür ki, gəlmir. Hz. Peyğəmbər (s) səhabələrindən gözəl bir hekayə danışmalarını istəyir. Əbdülvəhhab adlı bir səhabə yerindən qalxıb Rum vilayətinin böyüklüyündən, gözəlliyindən bəhs edir. Bu zaman Cəbrail (ə) Hz. Məhəmmədin (s) vəfatından 200 il sonra onun soyundan olan Cəfər adlı bir qəhrəmanın Rumu fəth edəcəyinə dair bir xəbər gətirir və bildirir: "O, həqq yolunda qılınc çalıb işlər edəcəkdir ki, dünyada Rüstəm-Zal eyləməmiş ola". Cəfər hələ dünyaya gəlməmiş atası Hüseyn Qaziyə yuxuda oğlunun doğulması agah olur. Yuxusunda: "Cəfər sənin oğlundur, dünyaya gəlməyinə az qalıb. O, Rum elini müsəlman edəcəkdir, dünyada elə işlər görəcəkdir ki, heç Rüstəm Zal görməmiş ola", deyə bir pir ona xəbər verir.
Atası Hüseyn Qazi Mehri Babilin başçılıq etdiyi Rum qeysərinin ordusu ilə təkbaşına döyüşərkən şəhid olur. Oğlu Cəfərə 13 yaşına kimi həm elm, həm də döyüş təlimləri keçirlər. Göstərdiyi qəhrəmanlıqlara görə tərəfdarları onu atasının yerinə orduya başçı təyin etmək istəsələr də, Cəfər atasının qanını almayınca buna razılıq vermir. Anasının xeyir-duasını aldıqdan sonra atını təkbaşına döyüş meydanına sürür və qələbə ilə Malatyaya dönür. Uğurlu qələbədən sonra isə "Battal", yəni qəhrəman adını qazanır. Bundan sonrakı hadisələrdə Battalın islamı yaymaq uğrundakı vuruşları təsvir olunur.
Dastanda Battal Qazi islam uğrunda igidliklər göstərməklə bərabər, həm də müdrik bir qəhrəman kimi də təsvir olunmuşdur. O, dastanın sonunda Malatya əhalisini toplayaraq qarşılarında çıxış edir. Bu dünyada Allah yolunda çox qəzavətlər etdiyini, din yolunda qılınc çaldığını, nəfsinə hakim olduğunu, əldə etdiyi qənimətləri kasıblara payladığını söyləyir. İnsanlara nəsihət edir ki, qiraət etsinlər, qızıla, gümüşə uymasınlar.
Tədqiqatçı A.Rəhimovanın monoqrafik araşdırmasında ən diqqətçəkən, mühüm məqamlardan biri "Kitabi-Seyyid Battal Qazi" ilə "Kitabi-Dədə Qorqud" arasında müqayisəli təhlillərin aparılmasıdır. Hər iki yazılı dastan abidəsinin müqayisəsi nəticəsində bir sıra ortaq məqamların olduğu aydın olur. Onlardan bir neçəsinə nəzər yetirək:
- Hər iki əsər Məhəmməd peyğəmbər zamanını xatırlamaqla başlayır. "Kitabi-Dədə Qorqud"un başlanğıcında Dədə Qorqudun peyğəmbər sağ ikən dünyaya gəldiyindən danışılır. "Kitabi-Seyyid Battal Qazi"nin başlanğıcında isə deyilir ki, bir gün Cəbrail Peyğəmbərin yanına gəlib onun vəfatından iki yüz il sonra nəslindən olan Cəfər adlı bir igidin zahir olub Rum elini fəth edəcəyindən xəbər verir;
- Battal Qazi "Kitabi-Dədə Qorqud" igidləri kimi qeyri-adi gücə malikdir, cəsur döyüşçü, mahir at çapan və ox atandır. O, etiqadlı müsəlmandır, kafirlərə qarşı vuruşub, islamı yaymaq uğrunda mübarizə aparan mücahiddir, qazidir. Nəticədə, kilsələri yıxıb, yerində məscidlər tikdirir, namaz qılır, dini qaydaları yerinə yetirir;
- Battal Qazi də bəzi "Kitabi-Dədə Qorqud" qəhrəmanları kimi bir çox məsələlərdə, igidlikdə, mücahidlikdə atasının davamçısıdır, düşməndən atasının qisasını alır. Battal Qaziyə də bir sıra "Dədə Qorqud" qəhrəmanları kimi hünərinə görə ad verilir;
- Battal da Salur Qazan kimi düşmənə qarşı mübarizədə gücü və şücaəti ilə bərabər, ağlından, fəndgirliyindən də istifadə edir.
Tədqiqatçı A.Rəhimova abidələrin müqayisəli təhlilindən belə qənaətə gəlir ki, "bu iki abidəni birləşdirən ən vacib cəhət onların oğuz türklərinin ana dilində yaradılmış dastan olmasıdır. Hər iki əsərdə müsəlman oğuzları yaşadıqları məkan, vətən, ölkə ilə bərabər, din uğrunda mübarizə aparırlar. Anadolunun tarixən həm də Azərbaycan türklərinin də vətəni olduğunu nəzərə alsaq, "Kitabi-Seyyid Battal Qazi"ni də "Kitabi-Dədə Qorqud" kimi ortaq oğuz abidəsi, Azərbaycan dini-qəhrəmanlıq dastanlarından biri hesab etməyimizin səbəbi aydınlaşar" [s.109].

Yazılı dastan abidələrinə aid ikinci nəşrin - "Kitabi-Xavərnameyi-türki" dastanının filoloji tədqiqat və transfoneliterasiyası"nın müəllifi Jalə Hüseyn qızı Rüstəmovadır. J.Rüstəmova elmdə ilk addımlarını atan gənc bir tədqiqatçıdır. O, yazılı mənbələr üzərində araşdırmaya başladığı ilk gündən çiyinləri üzərinə ağır bir yük götürərək, indiyədək məlum olmayan bir çox qədim yazılı mənbələri aşkar edərək üzə çıxarmışdır. Xatırladım ki, ərəb qrafikasında ayrı-ayrı xətt növləri ilə köçürülmüş arxaik mətnlərin bugünkü əlifbamıza çevrilməsinin nə qədər ağır bir iş olduğunu bu sahəyə yaxından bələd olanlar təsdiq edə bilərlər. Amma o, bu çətini asan edərək, çoxlarına məşəqqətli görünən işin öhdəsindən asanlıqla gəlmiş, uzaq olan bir yolu qısa zamanda qət etmiş, hazırladığı yazılı abidənin mətnini səriştəli tekstoloq qədər peşəkarcasına çevirmiş, bütün bunlarla bərabər, əski mətn üzərində filoloji, linqvistik təhlillər aparmaq qabiliyyətinə, səriştəsinə qadir olduğunu təsdiq edə bilmişdir.
Onun "Xavərnameyi-türki" dastanının filoloji tədqiqi və transfoneliterasiyası" adlı tədqiqatı çağdaş filologiyamız üçün çox əhəmiyyətli bir əsərdir. O, təqdim etdiyi araşdırmasını əlyazmalardan kitabşünaslıq baxımından heç də geri qalmayan daşbasma çap nüsxəsi üzərində aparmışdır. Qeyd edim ki, bir neçə il öncə bu yazılı dastan abidəsinin Əlyazmalar İnstitutunda saxlanılan B-6117 şifrli əlyazma nüsxəsini tədqiqatçı alim Aybəniz Rəhimova transfoneliterasiya edərək nəşr etdirmişdir ["Dini-tarixi qəhrəmanlıq dastanı "Xavərnamə", 2017]. Əlyazma nüsxəsinin daşbasma çapından [VI-407/2288] əsas fərqli cəhəti odur ki, əlyazma nüsxəsi Türkiyə türkcəsində yazılmış folklor abidəsidir. Daşbasma əsəri isə Azərbaycan türkcəsinə tərcümə olunmaqla yanaşı, onun nüsxə deyil, variant olduğunu tədqiqatçı qeyd etmişdir. Dastanın daşbasmasının mətni dövrünün tanınmış maarifçi və ziyalısı Mirzə Sadıq Fəna tərəfindən fars dilindən Azərbaycan türkcəsinə tərcümə edilərək, h.1328/m.1910-cu ildə litoqrafiya üsulu ilə çap olunmuşdur.
Filoloji araşdırma ilə birlikdə oxuculara təqdim olunan "Kitabi-Xavərnameyi-türki" dastanı əmirəlmöminin Həzrət Əlinin (ə) və yaranlarının islamı yaymaq uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətindən bəhs edir. Müəllif dastanla bağlı araşdırmasını "Cəngnamələr" silsiləsindən yaranan, islamın qəbulu uğrunda gedən mübarizələrə həsr olunmuş əsərlər arasında müqayisəli şəkildə aparır və əsərin süjet, motiv oxşarlığına, yaxınlığına aid məqamları göstərməklə geniş təhlillərə yer ayırmışdır.
Görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasib dastanlarla bağlı uzunmüddətli araşdırmalarından sonra belə qənaətə gələrək yazır ki, "Koroğlu"nun 20, "Dədə Qorqud" boylarının isə 12 müstəqil dastandan ibarət olduğu nəzərə alınsa, yüz əlliyə yaxın müstəqil dastana malik olduğumuz aydın bir şəkildə görünür" [Azərbaycan xalq dastanları, 1972, s.111]. Bütün bunlarla bərabər, Azərbaycan folkloruna milli dastançılıq ənənələrini əxz edərək daxil olmuş, mövzusu əsasən islamın meydana gəlməsi ilə əlaqədar olaraq ərəb folklor mühitindən gələn bir sıra dastanlar da vardır ki, bunlardan biri də haqqında bəhs etdiyimiz "Kitabi-Xavərnameyi-türki" dastanıdır. Görkəmli folklorşünas alim, filologiya elmləri doktoru Şamil Cəmşidov isə mövzu və süjeti ərəb folklorundan gələn bu cür dastanları milliləşdirilmiş dastanlar hesab etmişdir [Azərbaycan yazılı dastan abidələrinin tədqiqi, 2002, s.117].
Nəhayət, əlyazmaşünas alim Aybəniz Rəhimovanın və gənc tədqiqatçı Jalə Rüstəmovanın yazılı dastan abidələri ilə bağlı yenicə nəşr olunmuş, haqqında yığcam şəkildə bəhs etdiyimiz əsərləri Azərbaycan folklorşünaslığına yeni töhfə olmaqla bərabər, gələcəkdə neçə-neçə tədqiqatların yaranmasına stimul verəcək mötəbər bir mənbə olacağını əminliklə bildiririk.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
