"...Mən gərək sahili sahilə qoşum" - Söhrab Tahir-100 - Pərvanə MƏMMƏDLİ

 

 

Söhrab Tahir görkəmli ədiblər - Süleyman Rüstəm və Mirzə İbrahimovdan sonra bölünmüş Azərbaycan, Həsrət, Araz mövzusunu daha yeni yöndə və bütün çalarları ilə ədəbiyyatımıza gətirən yazarlardandır. Əsərlərində döyüşkənlik, azadlıq, mübarizə ruhu hakimdir.

Güney Azərbaycanın Astara şəhərində "Səadət" məktəblə ilk görüşünü müsahibələrinin birində belə xatırlayırdı: "Anam mənə bir həftə yaxalıq çanta tikdi, kitab-dəftər aldı. Həftənin birinci günü məni məktəbə apardı. Mən fars dilini bilmirdim. Həyətimizdə Gitidən fars dilində eşitdiyim sözlərin incəliyi və deyilişi xoşuma gəlmirdi. O sözləri tez-tez deyir, Gitini yamsılayırdım. Fars dilini bilmədiyim üçün çox sıxıntı keçirirdim. Anam bunu hiss etmişdi. Bir gün anam mənə dedi: - Az fars dili, fars dili, deyə narahat ol. Atanı, əmini tutduran elə bu farslar idi. O gündən mən Gitini dindirmədim"

Yaxın qohumları Demokrat firqəsinin (partiyasının) üzvləri idilər. Atası Əbülfəz kişi partiyanın üzvü olmasa da, onun iclaslarında iştirak edirdi. Rza xan hakimiyyətə gələn kimi demokratların təqibi başlandı. Atası və əmisi da Ərdəbildə zindana düşdükdən sonra ailənin sürgün həyatı başlayır.

Sovet ordusunun İrana daxil olmasından sonra ölkədə xalq hərəkatları başladı.

Gənc Söhrab da ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabda atası ilə birgə yaxından iştirak edirdi. Milli hökumət qurularkən təşkilatı şöbənin işləri S.Tahirə tapşırıldı. 1945-ci ildə S.C.Pişəvəri onu hərbi təhsil almaq üçün bu taya - Quzey Azərbaycana göndərəndə demişdi: "Sənin hərbi təhsil almağın firqə tapşırığıdır. Get hazırlaş." Milli hökumətin gənc prokuroru Firudin İbrahimi əlavə edib demişdi ki, səni göndəririk qızıl Bakıya. Get oxu, başını qızıl elə, gəl Qızılbaş Ordusunun zabiti ol!

Lakin nə vətən oğlu kimi elinə, yurduna geri dönə bildi, nə də zabit kimi vuruşa bildi. S. Tahir bütün ömrü boyu bu nisgildən, Vətəni ilə bağlı həsrətdən yazıb, yaradıcılığını mübarizə meydanına çevirdi.

1946-cı ilin yazında Bakıya gəlişini belə xatırlayırdı: "Azərbaycanda əhalinin vəziyyəti ağır idi. Mən də xalqla birgə çətinliklərə sinə gərdim. Bir çox quruculuq işlərində fəal iştirak etdim. Sonralar bütün bunlar "Gəncliyim, hardasan?" poemasında öz əksini tapdı".

1946-cı ilin aprelindən Şimali Azərbaycanda mühacirətdə yaşamalı olub. O vaxtdan təhslini davam etdirdi. Bakıda filologiya fakültəsinin məzunu və Moskvada Ali Ədəbiyyat kurslarında müdavim olub, fəal bədii yaradıcılıqla məşğul oldu.

Özündən sonra bizə zəngin bir irs qoymuş Söhrab Tahir 57 poema 18 roman, 75-dən çox hekayənin və 3 pyesin, eyni zamanda xeyli məqalə, yol qeydləri və xatirələrinin müəllifi olmuşdur.

İranda 14 yaşından inqilabi hərəkata qoşulan S.Tahir o illərdən başlayaraq ədəbiyyata maraq göstərdi. Söhrab Tahirin yaradıcılığında Cənubi Azərbaycan həyatı, xalqın inqilabi və qəhrəmanlıq tarixi, azad gələcək uğrunda mübarizə qırmızı xətlə keçir.

Şair el sevgisini, qoyub gəldiyi yurdunu əks etdirən "Savalan", "Ərdəbil", "Təbrizim", "Səhəndim", "Şah gölü", "Ərk qalası", "Urmiyə gölü", "Mərənd" və s. şeirlərində Vətənin xəritəsini yaradır.

Savalanı dünya dağlarının "ən gözəli, ən ağırı, ən ağsaqqalı və fağırı" adlandıran şair ellərinin dözülməyən (dözülməyəcək) dözümündə də ona bənzədiyini dilə gətirir:

 

Neçə milyon eloğlun var

Vətənində vətənsiz,

Ona görə şorməzədir

Bu çay, bu göl, bu kəhriz,

Savalanım, Savalan.

 

Təbriz hər zaman İranda baş qaldıran azadlıq mübarizəsinin beşiyi sayılıb. İrana hakimlik edən bütün şahlar, tiranlar ən çox Təbrizdən qorxub, Təbrizdən çəkiniblər. Şair Təbrizə gələn nabələd adama: "Salam uca, gülüş asta, göz oynaq..." eyhamını vurub, "Asta danış, Təbrizdəsən, ay qonaq!" söyləyir:

 

Bir söz desəm qan gözündən silinər,

Öz dilində danış,

Qurban dilinə...

 

Şair "Ərk atam", "əcdadım" dediyi Ərk qalasına ərk edib onun əzmini və çiynində ucalmasını arzulayır. Sənət inciləri dünyanın muzeylərini bəzəyən, Şah İsmayılın qurduğu böyük Səfəvilər dövlətinin başkəndi Ərdəbili xüsusi ehtiramla anır:

 

"Şahsəfi" çiynində şahlıq quşudur,

Bu şöhrət tacıyla şəhər qonşudur.

 

S.Tahir Cənubi Azərbaycanda milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət aşiqidir.

Şair 30 il sonra həsrətində olduğu  yerlərə ayaq basanda, torpağa sərilib onu qucaqlayaraq ovuclayır. Və bu zaman xalq şairi Süleyman Rüstəmin "Bir ovuc torpaq" şeiri yadına düşüb yazır:

 

Mən xoşbəxt olmadım, döyüşçü oldum,

Barı, ovcumdakı xoşbəxt olaydı...

 

Söhrab Tahir "döyüşçü oldum" desə də, o vaxtdan qələmlə vuruşa bildi, torpaq həsrəti, azadlıq arzuları ürək qanı ilə yazılmış yüzlərlə əsərin meydana çıxmasına səbəb oldu.

Araz şah misramdır, Təbriz poemam, - söyləyən şairin Cənub mövzusu bölünmüş Azərbaycan, susdurulmuş inqilab mövzulu şeirlərinin sətirləri həm də onun ömrünün səhifələridir.

S.Tahir ikiyə bölünmüş vətən dərdini ömürboyu çiyinlərində və qəlbində daşıdı, vətən həsrəti qəlbindən süzülüb yazılarına çökdü:

 

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmərəm daha...

 

Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də S.Tahir bənzərsizdir. Onun poemaları, hər şeydən əvvəl, insan mənəviyyatına, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

Şahidlərdən biri söyləyirdi ki, S.Tahirin "Azərbaycan" poemasını Bakıda 1988-ci ilin meydan hadisələrində, gecələr tonqal başında oxuyanlar dəhşətə gəlirdilər ki, bu poemada səslənən fikirləri və sözləri, meydanın tribunasından söylənilən alovlu sətirləri hələ 1976-cı ildə sovetlərin qılıncının dalı-qabağı kəsən vaxtlarda onun "Döyüşən lövhələr" kitabında yazılmışdı:

 

Yüz il də keçərsə bu ayrılıqdan

Öz birlik haqqını bu xalq alacaq...

 

Onu sevdirən başlıca səbəb də şeirlərindəki vətən sevgisidir. Şair məhz xalqdan güc aldığı üçün böyükdür.

Onun əsərlərində xalqının azadlıq hərəkatının mili liderləri - Səttarxanın, Bağırxanın, Ş.M.Xiyabaninin, S.C.Pişəvərinin xatirəsi tez-tez canlanır, onların şərəfli həyat yolu şair tərəfindən mədh olunur.

"Səttarxan" poeması Sərdari-millinin həyat və fəaliyyətinə, xalqla münasibətinə, mübarizliyinə, səngərdəki qəhrəmanlığına həsr olunmuşdur.

Vətənin istiqlalı, dil, söz, torpaq uğrunda apardığı söz mücadiləsi S.Tahir lirikasının əsas xətti olmuşdur.

Söhrab Tahir qələmini həm şeirdə, həm də nəsrdə sınamasını belə izah edirdi: "Şeir kitablarım çıxanda düşündüm ki, bütün dərdləri şeir dili ilə demişəm. Gördüklərimi monumental şəkildə vermək niyyəti ilə roman və digər nəsr əsərləri yazdım. Onlar da oxucular tərəfindən maraqla qarşılandı. "Qonşu qızın məktubları" romanım çapdan çıxanda Lerikdən bir oxucum gəlib məni tapmışdı. Həmin kitabı əldə etmək üçün məndən kömək istəyirdi."

Ədib nəsr yaradıcılığına "Kəniz qızın hekayəsi" ilə başlamışdır. Hekayənin oxucular tərəfindən bəyənilməsindən ruhlanan müəllif sonralar "Ağac", "Şəlalə və qaya", "Yol" kimi hekayələr yazmışdır.

"Ölümdən güclü, həyatdan uca" kitabında müəllifin kiçik həcmli əlli beş hekayəsi yer almışdır. Həyatının bütün dövrlərində yazdığı yaddaqalan, canlı, maraqlı hekayələr ədibin bu janra xüsusi marağından irəli gəlir.

"On iki dekabr" hekayəsinin adı Təbrizdə Azərbaycan xalqının böyük oğlu Seyid Cəfər Pişəvərinin başçılığı altında başlamış "21 Azər" hərəkatının adından götürülüb. Hekayədə xalq inamla, coşquyla Təbrizin səsinə səs verib milli mücadiləyə, son və qəti döyüşə atılır.

"Şeirdən hekayəyə keçən müəllif 70-ci illərdə hekayədən də üz döndərmiş, povest yaradıcılığına qədəm qoymuşdur. Sonralar ədib povestin bədii imkanlarına da sığmayacaq, roman sahəsində qələmini yoxlayacaqdı."

S.Tahirin ilk povesti "İki sevgi, iki güllə" adlanır. Əsərin süjetindəki real iki qeyri-cins arasında olan sevgi ilə vətən sevgisini, azadlıq - müstəqillik məhəbbətini ifadə edir. Povestin sonunda bu obrazlara atılan güllələrin biri tək bir şəxsin ölümünə səbəb olursa, ikinci güllə müstəqilliyin, azadlığın köksünə sıxılmış güllə kimi mənalandırılır.

Milli azadlıq ideologiyasının Söhrab Tahir nəsrində ən bariz nümunəsi "Sonuncu şah" romanında qarşımıza çıxır. Ən kiçik olayların təsvirində də, müəllifin kiçik obrazlara münasibətində, şahın, siyasi liderlərin, inqilab rəhbərlərinin bədii portretlərində də, məhkəmə, döyüş, mitinq səhnələrində də əsərin alt qatına hopmuş azərbaycançılıq duyulur.

Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayan şairin hər şeyə rəğmən yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı xətt kimi keçib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!