Çulpan ZARİF (Zaripova Çetin)
filologiya elmləri doktoru, professor
Qars "Kafkas" Universiteti
Azərbaycan türkləri də Tatar türkləri kimi çox erkən dövrlərdə oturaq həyata keçmişlər və bunun nəticəsində, başqa türk boylarıyla müqayisədə, elm və ədəbiyyat kimi yüksək dəyərlərə daha erkən sahiblənmişlər. Buna görə də odlar yurdunun yalnız nefti ilə deyil, şairləri ilə də şöhrət qazanması bizləri heç təəccübləndirmir. Füzuli, Nizami, Nəsimi, Şah İsmayıl Səfəvi, Vidadi və Vaqif kimi klassik Şərq şeirinin unudulmaz adları, insan könlü və duyğularını bütün incə detalları ilə izah edən qələm ustaları, hamısı bu türk xalqının oğullarıdır və onlar ilə yalnız Xəzər və Şərq deyil, eyni zamanda bütün dünya qürur duyur.
Mən Azərbaycan klassik və sovet dövrü şeiri ilə 1988-ci ildə, Kazan Dövlət Pedaqoji Universiteti Rus filologiyası fakültəsinin tələbəsi olaraq müalicə və istirahət məqsədi ilə Bakıya gəldiyim zaman tanış oldum. O illərdə Azərbaycan şairlərini ruscaya tərcümədə oxudum və məmləkətimə dönmək üçün yola çıxanda mənimlə birlikdə yola əsl bir şeir karvanı da qoşuldu: çamadanımda incə belli gümüş sürahilər və Qız Qalası naxışlı təsbehlər ilə birgə İdil Boyu Bulqar və Qazan xanlığı torpaqlarına, bəzisi rus dilində, bəzisi Azərbaycan türkcəsində Nizamı, Füzuli, Vidadi və Vaqif kimi şairlərin kitabları da yol alırdı… Bu şairlərin əsərləri, uzun illərdir mənim könlümü və fəaliyyətimi ilham verərək bəslədilər. Artıq doktorantura tələbəsi olduğumda da mən yenə bu tilsimli şeir şəlaləsinə toxunmadan keçə bilmədim və doktorluq dissertasiyamın bir hissəsində XX əsrin əvvəli tatar şairi Sagit Remievin üsyankar şeirlərini Nəsiminin panteistik ruhda yazılmış əsərləri ilə müqayisə etdim. Beləcə, həyatımda anidən, bir təsadüflə Bakıya qarşı oyanan sevgi, mənim ürəyimi və ağlımı uzun illərdir məşğul etdi.
.jpeg)
2008-ci ildə Türkiyənin şərqində, Elazığ şəhərində, haqqında dastanlar deyilən Harput qalası, Fırat çayı və Xəzər gölü sahilində Azərbaycanın məşhur şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş XVI Beynəlxalq Xəzər Şeir Axşamlarında mən bir şair kimi müasir tatar şeirini təmsil edirdim və bu bayrama gələn müasir Azərbaycan şairlərini də yaxından tanıma imkanım oldu. Onlar, nağıl və dastanlarda olduğu kimi üç nəfər idilər: Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı və Zəlimxan Yaqub. Hər üçü də yalnız onlara xas bir şeir ustası təkin könlümə oyuldu. Zəlimxan Yaqub, türk millətinə olan sevgisini əks etdirən və bu millətin keçmişinə sahib çıxaraq gələcəyi üçün də mübarizə aparmağa çağıran vətən və millətsevər şeirləri ilə könüllərdə taxt qurdu. Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib, məşhur şair Çingiz Əlioğlu və nəhayət, həqiqətən, tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan məhrəm şeir ustası Elxan Zal Qaraxanlı. Bu şairin mənə hədiyyə etdiyi, o il daha yeni nəşr olunan kitabının adı belə, zehnimi məşğul edəcək qədər sirli idi: "Yaquar Yerişli Vaxt". Sanki bunlar söz deyil, əsrlərin dərinliyindən gələn bir pıçıltı, isti bir yaz gecəsi səsi yavaş gələn bir yarpaq xışıltısı, hələ kəşf edilmədən qəlbin dərinliklərində gizli qalan duyğuların keçilməz meşələrində gəzən bir yaquarın yaşıl gözlərindən axan, əsrlərə sığmaz yabanı bir hüzn idi…
Elxan Zal Qaraxanlı ilə 12 iyul 2011-ci ildə, Bayburtda düzənlənən XVII Beynəlxalq Bayburt Dədə Qorqud Kültür və Sənət Şölənində də görüşdük. Daha sonra şair, 2013-cü ildə Tatarıstanın başkəndi Kazanda nəşr edilən Apelsinovaya osen' (Portakallı Payız) adlı rusca şeir kitabıma, şeir sənətimi çox dərindən hiss edərək, ancaq onun qələminə məxsus olan bir giriş sözü hazırladı. Daha bir on il keçincə, 2023-cü ildə Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında görüşdük. Bu festivalda Tatarıstanı təmsil edən bir şair olaraq gənclik xatirələrimi paylaşıb, Bakıya həsr edib yazdığım şeirlərimi də oxudum. Ən önəmlisi isə bu festivalda TÜRKSOY tərəfindan Molla Pənah Vaqif medalı və Türk dünyası ədəbiyyatı və mədəniyyəti üzərinə yazılan xidmətlərimdən dolayı Beynəlxalq Mahmud Kaşğari Fondunun qurucu başqanı Elxan Zal Qaraxanlı tərəfındən Beynəlxalq Mahmud Kaşğari medalına layiq görüldüm. Ayrıca şair, adıma bir sürpriz daha hazırlamışdı: ilk dəfə yurtdışında - Bakıda! - rusca, tatarca və Türkiyə türkcəsində yazılan şeirlərim, Elxan Zal və şair İbrahim İlyaslı tərəfindən Azərbaycan türkcəsinə çevrilib Laciv?rd yuxular (Mavi Düşler) adlı bir kitab olaraq yayınlanmışdı. Belə dərin sayqı, sevgi və şeirlə yoğrulan, XX yüzilin başında gəlişən Tatar-Azərbaycan ədəbi əlaqələrinin günümüzdəki davamı olan dostluğun başlamasından iyirmi ilə yaxın zaman keçmişdir. Bu ilin iyun ayının sonunda çağdaş Azərbaycan şeirinin ən sevilən, şeirləri Avropa və Şərq dillərinə çevrilən şairi, tərcüməçi, naşir və əski dönəm araşdırmaçısı, Azərbaycan Yazarlar Birliyinin idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi ədəbi tərcümə və əlaqələr mərkəzi yayını olan "Ulu çinar" (Ulu Çınar) dərgisinin baş redaktoru və Beynəlxalq Mahmud Kaşğari Fondunun başqanı Elxan Zal Qaraxanlı artıq 65 yaşını qeyd etməkdədir. Şəxsinə Allahdan uzun sağlıqlı ömür və daha neçə illər. Şeir bağında rəngarəng, xoş qoxulu çiçəklər - şeirlər yetişdirməsini təmənna edirəm!...
Vətənin haradan başladığını hamımız çox yaxşı bilirik. Vətən evin qarşısında böyüyən qayın, ya da çinar ağacından, kəndin yaxınında "ürkək ilxılardan daha sürətli, ya da sakit axan çaydan, dağın ətəyində küləyə yalını daradan ərköyün dayçadan, günəşin altında otarılan quzulardan və əlimizə götürdüyümüz ilk kitabın hərflərindən başlar.
Yaxşı, bəs şair?
Məncə, şair də eyni dəyərlərdən başlar, yəni ata yurdundan. Şair atalarının qanı, təri və şanı ilə yoğrulan torpaqlardan incə bir qamış kimi cücərər. Şair, zaman və millət anlayışlarından kənara çıxan universal bir anlayış olsa da, xalq onun əsərlərində mütləq vardır. Hər şair öz xalqının, öz tayfasının və öz ana dilinin ayrılmaz bir parçasıdır. Çünki damarlarında, millətinin yaddaşına Yaradan tərəfindən yüklənən məlumat və inancları daşıyır. Eyni zamanda şair yaşadığı dövrün də doğma övladıdır.
.jpeg)
Şair və zaman. Bu anlayışlar şeir sənətində əsla bir-birindən ayrı düşünülə bilməz. Elxan Qaraxanlının şeirlərində zaman gözəgörünməz olsa da, varlığı ilə insanı həmişə tətikdə tutar. Bəzən isə bu zaman, birnəfəsə, bir baxışa sığan, heç bitməsin deyilən, bitincə də həmişə özünü axtartdıran şirin, titrək bir an olaraq təsvir edilir:
İstəyirəm vaxt uzansın,
İstəyirəm gəlməsin son,
Bu qapını açma, qarson, açma, qarson.
("Çiseli Musiqi")
Yaşanmış anlarda dad var, damaq var.
("Eşqli Pıçıltılar Mələk Azanı")
Bəzən də bu zaman həm əsrlərə sığar, həm bitməsini bilməyən, dan yeri qızarmayan və bütöv bir ilə bərabər olan, amma tək bir gecəyə sığan sonsuzluğa da işarə edir. Məşhur azərbaycanlı çağdaş yazar, dramaturq və filosof Firuz Mustafaya görə, "Elxan Zal, şeirlərində ayrı zamanları bir araya gətirməyə çalışır. Bu şeirlərdə zaman bütün, birləşik və əskiksizdir." Amma necə ifadə edilirsə-edilsin, hər anı özəl yaşanan bu zaman, hər şeydən öncə, cəngliyi və Tanrıya olan ulu eşqiylə cahanı titrədərək mavi sonsuzluğa qanad çırpan bir Türkün zamanıdır!
Elxan Zal Qaraxanlının şeir kitabı, mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biriydi. Bəzi şairlərin şeirləri yüngül və asan oxunar. Onlarda hər gün görüb bildiyimiz hadisələr və duyğular yenə hər gün gözümüzə dəyən obyektlərin vasitəçiliyi ilə izah edilir. Bəzi şairlərin şeirləri isə, onların dərinliyinə çatmaq üçün geniş məlumat istər. Elxan Qaraxanlının kitabı da elədir. Nə ilə heyrətləndirdi məni şair? - Hər şeydən öncə, dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairin sahib olması lazım olan əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumat, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik. Bunları mən şəxsən, şairə Yaradan tərəfindən verilən bir hədiyyə olmaqla yanaşı, yetişdiyi dövrdə - sovet dövründə - aldığı təhsilin nəticəsi olaraq da görürəm. Sovetləri nə qədər söysək də, o dövr bizə çox qiymətli dəyərlər də peyvənd etdi: yaşadığın müddətcə elm toplama, müxtəlif mədəniyyətləri öyrənmə və ən əhəmiyyətlisi, kitab oxuma. Zatən, ancaq kitab oxuyan bir insan bu qədər məlumat və mədəniyyət sahibi ola bilər. Biz, sovet uşaqları, inanılmaz dərəcədə kitab xəstəsiyik. Sovet İttifaqı adı ilə xatırlanan böyük bir dövlətin içində olan bir çox millətin məşhur yazar və şairlərini ibtidai məktəbdən etibarən tanıyar, bir çox şeirləri əzbərdən bilərdik. Amma yalnız bizi saxlayan dövlətin mədəniyyətini deyil, Misir, Orta Şərq və Uzaq Şərq mədəniyyətlərindən də xəbərdar edərdi bizi sovet məktəbi. Çünki bu bir gerçəkdir: şair olmaq üçün yalnız öz xalqının keçmişini tanımaq bəs etməz. Şair, bütün dünya mədəniyyəti və ədəbiyyatına da toxunmalıdır ki, onlar ilə öz əsərlərini bəsləsin, daha da zənginləşdirsin. Məsələn, Elxan Qaraxanlı kimi. Misir sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida, sfinks, Nefertiti, Kleopatra və piramidalardan tutmuş, Şumer və Göytürk mədəniyyətinin tanrısı, ilahələri və qəhrəmanları: İnanna, İştar, Tan-Ra, Umay, Mehr Banu, Çulpan, Ötüken, Alp Ər Tonqa… qədim yunan mədəniyyəti ilə əlaqədar şəxslər - Esxil, Helen, Paris, Orfey, Uzaq Şərqin simvolu olan Budda, islam dini və onun nümayəndələri - Məhəmməd, Mikayıl, Cəbrayıl, xristian dininə aid Məryəm Ana, İsa, Roma Papası və daha yaxın dövrlərin qazancı olan, dünyaca məşhur şəxslər -Rembrant, Janna D'ark, Bonapart, Marks, Mitskeviç, Svetayeva, Kafka, Çe Gevara, Pikasso, Mirey Matye, Elton John, Zeki Müren, onlar hamısı Elxanın şeirlərində dilə gətirilməkdədir. Maraqlı olanı da odur ki, yad etmək xətrinə xatırlamaz bu şəxsləri şair. Hamısını mütləq öz yerində, bir düşüncəsini daha iti, daha diqqətə çarpan etmək üçün istifadə edər. Orta məktəbdə oxuduğumuz kitabların səhifələrindən çıxan qəhrəmanlar da az deyil bu kitabdakı misralarda: macəraçı Oliver Twist, həyata erkən atılmaq məcburiyyətində qalan Lolita, qadınların ağlını başından alan Sirano De Berjerak, Sen Jermen və Don Juan, tək bir nəfəsi ilə sevən ürəyi buza çevirən Qar Kraliçası və onun sehrinə boyun əyməyən Gerda ilə Kay… hamısı bizə uşaqlığımızdan o qədər tanış olan və tərəfimizdən sevilərək, kim bilir, neçə dəfə oxunmuş kitablar və həmişə özümüzü onların yerinə qoymağa çalışdığımız qəhrəmanlar! Yalnız bu qədər deyil. Dünyaca məşhur Tac Mahal, Notr Dam və Aya Sofya kimi əsərlər də Qaraxanlının şeirlərində xatırlanır. Sanki bir şairin könlünün heç bir kainata sığmazlığını göstərmək istədiyi kimi, bu kitab öz içinə inanılmaz geniş coğrafiyanı sığdırmaqdadır: Savannaları ilə məşhur Afrika, çayı ilə məşhur Seylon, Çin, hər gün televiziyadan eşidilən Sidney, Mayami, Paris, Dakar, Polşanın gözdə şəhəri Krakov, XX əsrin başında rusların Parisi sayılan Odessa, türklərin könlündə xüsusi bir yerə sahib olan Məkkə, hər bir azərbaycanlı üçün yaxın İstanbul, Tiflis və azərbaycanlıların ürəklərini dağlayan Təbriz, Bəzz qalası, Şiraz, Xorasan… Bu şeirlərdə çaylardan belə, "hippilərin" çıxdığı Missisipidən götür, qarla örtülü Visla, şamanların ayinlərinə şahid olan İrtış ilə Yeniseyə və Azərbaycanın qüruru olan Araza qədər yada salınır. Mifologiyaya adı həkk olunmuş Olimp dağı, əfsanəvi Tanrı dağları… Yəqin ki, bu qədər nümunə bəs edərdi şairin bilgisini ölçmək üçün. Lakin bunlar hamısı bizim daha çox rus mədəniyyəti vasitəçiliyi ilə öyrəndiyimiz məlumatlardır. Çox təəssüf ki, bütün bu zəngin biliklər içində bizim öz türk mədəniyyətimiz ilə əlaqədar məlumat verilmirdi. Şairin də yazdığı kimi, o dövrlərdə
Umay anam, Alp Ər Tonga, Yad Kongodan daha yaddı. ("Axta Yaddaşın Rapsodisi")
Gün gəldi, sovetlər dağıldı. Artıq hər millətin öz kiçik vətəni, ana dili, keçmişi və gələcəyi üçün uzun sürən mübarizə illəri başladı. 1990-cı illərdən bu günə keçən zaman, türk boylarının milli şüurunun oyanış və yüksəliş dövrü olaraq bilinir. Artıq hər millət öz tarixini olduğu kimi oxuya, izah edə və yaza bilirdi. Türk olmaqla qürur duyma, öz tarixini öyrənmə və onu dünya tərəfindən tanınma dövrü başladı. Vəziyyət bütün türk boyları üçün eyni idi. Gizli qaynaqlardan gizlicə oxuduqları şanli tarixlərini və milli qəhrəmanlarını artıq tatar da, qırğız da, qazax da, özbək də misralara düzərək kəndi məmləkətinin meydanlarında oxuya bilirdi!
Azadlığına müharibə nəticəsində böyük itkilər ilə çatan Azərbaycan şairləri də, sanki yığılan dərdləri izah etmək üçün bir azad nəfəs gözləyirmişlər kimi, düşüncələrini duyğu ilə yoğuraraq ortaya bir çox əsərlər çıxartdılar və Elxan Qaraxanlının bir Türk kimliyini yansıdan şeirləri, bunun ən gözəl nümunəsidir, desəm, yanılmaram.
2019-cu ildə İstanbulda, "Turay Kitap Yayıncılık"da Elxan Zal Qaraxanlının "Türk Asrının Türküleri" adlı şeir kitabı yayınlandı. Bu kitabdakı şeirlərində biz gəlib keçən bütün köhnə türk inanclarının izlərini görə bilirik: Tanrıya inanma, Umay ananı tanıma, Çulpan ulduzunu eşq tanrıçası ilə qaynaşdırma, şamanlıq, kamlık, təbiətə, ağaclara tapınma və bəzi heyvanları totem olaraq qəbul etmə və s. Ayrıca, "içində Səlcuq ruhu yatan" ("Unudulmaz İstanbul") bir türk olaraq, şair əsərlərində bütün türk boylarına xas geniş çöllərə köç etməyə və ata olan sevdasını da dilə gətirməkdədir. Atların kişnəməsini xatırladan dalğaların səsi ("Yağma Həvəsi"), "cəng həvəsi dəf eşidincə işıqlığa qaçan", ya da "göy dağlardan son dənizə su içməyə enən atlar" ("Göy Dağlardan Atlar Enər"), yorğa gedişli araqlı-kımızlı hava ("Bir gün İzidanı Bakıda gördüm", "Dan üzünün qəzəli"), sam yeli dadında şərab ("Ölüm haqqında Günəş"), duanın dadında kımız ("Şam kölgəsində vida"), çöl qoxulu sevdalar ("Yuxu bilməz İstanbul"), sonsuzluğa çəkən köç həvəsi ("Göy dağlardan atlar enər"), "yalını oynadan" atlara bənzər avtomobillər ("Kenquru həvəsli anlar"), "şahlanan göy ayğır"ı xatırladan duyğular ("Parapetdən bir qız gəlir"), "gecəni kamlayan şaman" ("Xəncərlənmiş sevginin soneti"), "ürkək ilxılardan daha sürətli qaçan" çay ("Qızılcıqlı öpüşlər")… Atalarımızın qədimdən at qurban etməyi, yağış yağdırmaq üçün "yadadaş"ı istifadə etməyi, maralı müqəddəs bir heyvan kimi düşünməyi, şamanların barabana vuraraq ayin keçirməyi, Ötükəndə uduk (müqəddəs) bir meşə, onun şeirləri ilə hamısı tək-tək canlanır bizim yaddaşımızda:
Qurbanlar at olmasa, Haqqa gedərdik yaya. ("Firiştəli Şərqi"); Busə yağmurlarını, Yağdıracaq yada daş. ("Otel Qəsrvaridi"); Maral buynuzunu budaq budaq gəz, Vəcdinin dadını uçuşlarda bul, Qutsal Qam atanın dualarını, Sevdalı səslərlə nəqş edər davul. ("Sevginin Yekəlik Qoşqusu")
Cəng meydanı olan dünyada özünü "əlində qılınc, dilində dua" olan bir döyüş əri ("Taissa yanına çağırar məni") və sürəti sevən bir çöl oğlu ("Görüşönü") olaraq hiss edən şair, bir yerdə oturmaq bilməyən, həmişə hərəkətdə olan könlünü "yeldə yelləyən ilxılara" bənzədərək ("Görünməzlər görgüsündə") ruh halını izah etmək üçün min bir türkcə təsvirdən istifadə edir:
Qara bulud, qıvraq bir yam,
Qaranlıqda qurd ağzıyam.
Göy üzündə çaxdı qamçı,
Qır atları qov, ay yamçı.
("İldırım")
_________________
Yam - poçt arabası
***
Elxan Qaraxanlının təbiət təsvirli şeirlərini oxuyarkən də onların ancaq bir türkün qələmindən çıxdığını görürsən:
Dönməz geri uçsan, Qıvraq və şən bir qut. Issız qaranlığa Qanad çırpar berkut. ("Mən xeyli yalnız")
Maral buynuzudur yerə taxılmış, Əncir ağacının bahar qoxusu. ("Sevilmək istəyi ac Yaquardı");
İydə çiçəkləri ətir səpirlər, Ağ keçə üstündə bardaş qurmuş may. ("Mayda")
Sanki bütün bu öz türkcə təsvirləri təsdiq etmək üçün, Qaraxanlı şeirlərinə türklərin ürəyinə oyulmuş qəhrəmanlarının adlarını hörür:
Bozqır həsrətinin gil kitabları Köksünə yazılmış ər oğlanların. ("Həsrətimin gil kitabları"), Koroğludan dastan deyir quş xoru. ("Urmiyəli Sevda"), Bu sevdamla nə Fərhadam, nə Kərəm, Bir yüküm var, onu zorla çəkərəm. ( "Nə ağlarsan, nə dağlarsan sinəmi"), Gələndə Leyli gəldin, Gedəndə Ərəbzəngi. ("Cinlərin dağılanda"), Nəsrin yuxusunda şirinləşən dad, Növbəti nağılı qoşan Şəhrizad. ("Ney havasında gecə").
Elxan Qaraxanlının türk tarixini yad edib yazdığı uzun şeirləri də (poemaları) var. Məsələn, türk tarixinin bir çox məqamını bir yerdə verməyə çalışdığı "Xaqannamə" adlı dastana bənzər şeiri. Bu şeir, hələ yazılmaqda olub bəzi qisimləri yeni tamamlanmış vəziyyətdədir. Əsərdə məkan, "Xəzər küləyi Oğuz ağızında oxuduğu" və Dədə Qorqudun yatdığı Dərbənd, azanlar susub minarələrdə küləklər oynaşan, xan torpaqlarının hərraca qoyulduğu Daşkənd və Xivə torpaqları, rusların işğalına uğrayıb dinindən və dilindən imtina etdirilmə qorxusu yaşayan Qazan xanlığı və s. bu kimi çox geniş türk coğrafiyasında keçməkdədir. Əsərdə Çingiz xan, Saltıq Buğra, Timuçin, Baybars, Artuk xan, Çağrı bəy, Atilla, Mahmud Kaşğari, Fateh, Qazi Burhanəddin, Kürşat və Süyümbikə kimi göstərdikləri qəhrəmanlıqları, ya da faciəvi qədərləri ilə türk dünyasını titrədən hökmdar və məşhur şəxslərin həyatından parçalar verilməkdədir. Şeirin dili çox axıcı olduğundan ötəri təsvir edilən hadisələr - türkün şanlı ve eynı zamanda faciəvi tarixi gözümüzün qarşısında bir film kimi canlanmaqda və keçmişdən ibrət götürməyə çağıraraq gələcəyimiz haqqında ciddi düşüncələrə aparmaqdadır.
Xüsusi olaraq burada Elxan Qaraxanlının türkçülüyü əks etdirən və türk ruhunda yazılan "Savaş ayələri" adlı əsəri üzərində də dayanmaq istəyirəm. Bu şeirində şair, türkü cəngə çağıran "əbədi bir çağırış"ı duyaraq və "Alpların zamanı gəldiyinə" içdən, könüldən inanaraq "qılıncının pasını silkələyib" bütün türk dünyasını "ölümlə ölməzliyin sonuncu döyüşü"nə çağırmaqda. "Yatmış ruhumuzu titrət, oyandır!.." kimi misralar ilə Tanrıya səslənən Qaraxanlı, bütün ümidini "bozqurtların uluduğu müqəddəs ana" - son döyüşə bağlamaqdadır. "Dünyanın eşi" olan insana bunu şair çox dəqiq və hər türkün anlayacağı bir şəkildə açıqlamaqdadır:
Savaşın bitən yerdə
Başlayır köləliyin…
Bu şeirdə türk milləti, bənzərsiz bir tarixə sahib olan ulu və cəngavər bir millət olaraq göstərilməkdədir:
Göylər səltənətindən
Sürüşüb qalan bizik.
Yenilməz orduların
Cəngini çalan bizik…
…Millətlər gəldi-gedər,
Əbədi qalan bizik!
"Göydəkinin də sevdiyi" Alpların bu döyüşdə qazanacaqlarından şairin heç şübhəsi yox. "Tanrı, qoru, Türkümü" deyə dua edən şairin burada vermək istədiyi ən əhəmiyyətli mesajı da bütün türkləri bir bütün olaraq görmə istəyidir. Çünki ancaq birlik olduqları zaman zəfər türklərin olacaq:
...Budur Türkün ordusu,
Bayrağında Ay gəlir. Çök.
Ölümə qənşər duran,
Basılmaz alay gəlir. Çök.
"Ölümü bir əyləncə" bilən və döyüşü "qılıncın qını" olaraq tanıyan türk millətinin göylərə qədər çıxan şöhrəti, şair tərəfindən bir təsadüf olaraq deyil, bəlkə Tanrının əli ilə çəkilən bir yazğı hesab edilməkdədir və yerdə buna qarşı gələcək heç bir güc yoxdur:
Yazı Göydə yazılar.
Yerdəki pozarmı? Gəl!
Türklüyü ilə qürur duyan və "fateh duyğusunu qanında daşıyan" Qaraxanlının qələmi ilə bu şeirdə çox gözəl misralar yazılmışdır:
Türklüyün bilinməsə
Dünya bizə yarmı? Gəl!
Bu şeir, müasir türk xalqlarının ədəbiyyatında türklərin milli şüurunun oyanışını müjdələyən və türk millətini dastançı bir millət olaraq yenidən gündəmə gətirən nümunə bir əsər sayıla bilər. Çünki bu şeirin hər misrasında qılınc səsi, at nalı, Tanrıya dua və zəfər qışqırığı duyulmaqdadır və bu şeir, şübhəsiz, yeni Türk nəslini şüurlu və milli dəyərlərinə, özünə sahib çıxan bir nəsil olaraq yetişdirmədə böyük rol oynayacaq. Məşhur azərbaycanlı ədəbiyyat araşdırmaçısı dok. Arif Əmrahoğlu Elxan Zal Qaraxanlının savaş mövzulu şeirlərini belə dəyərləndirir: "şairin təsvir və təqdimində savaş, başqalarının yollarına göz dikmək deyil, özümüz olaraq yaşayaraq sabaha gedən yolumuzu qorumaqla bağlıdır. Bu üzdən Elxan Zalın şeirləri mənim savaşımın şeirləridir."
.jpeg)
Elxan Qaraxanlının qələmindən uzun şeir (poema) olaraq təqdim edilən başqa bir əsər də "Güney göyərçini"dir. Adından da təxmin edə bildiyimiz kimi, bu şeir, Azərbaycan türklərinin iki əsri aşan bir zamandır bölünmüş vəziyyətdə yarısı Şimali, yarısı da Cənubi Azərbaycanda yaşamaq məcburiyyətində qalmaları işlənməkdədir. Şeirin adında da iştirak edən göyərçin, burada uzun illərdir gözlənilən barışın simvolu olaraq verilmişdir. Şair, "qopuzlu ozan"ı xatırladan yollardan evinə gəlmişcəsinə "vətənini fəth etməyə" Təbrizə və Mərəndə gəlir. "Kimi Azər, kimi Baycanlı" olduqdan bəri ürəyində "öz yurdunda mühacir olma" ağırlığını daşıyan şair, "eşinə getmək istəyən bölünmüş sevgiləri" birləşdirmək üçün gəlmişdir buralara:
Unudulan mahnılarda tüklü palmiye bitər.
Ax, göyərçin ol, ya kəbutər,
Uğrunda ölməyə bayrağın yoxsa
Ax köynəyinə qan sıx!
Heydər və İsmayılın ruhlarının yaşadığı və peyğəmbərimizin merac zamanı gördüyü qırx pirin olduğu, "zirvə görünüşündə Tanrı əzəməti"ni əks etdirən Savalan dağına getməsinin səbəbi də çox açıqdır əslində:
Can üstündə bir çuval qar istədi babam,
Savalan qarı istədi canını uyutmaq üçün,
Çünki dərgaha gedərkən Tanrı sevgisi
Yandıra bilər həsrət çəkənləri.
Babam vətəninə tamarzıydı.
"Xurma gözlü, qarabuğdayı sevgilisi" olaraq təsvir edilən İrandan şair əbədi olaraq ayrılmır, o buralara yenidən dönəcək. "Ayrı-ayrılıqda yanacaqlarını" bilsə də, bir gerçək ovutmaqdadır onun könlünü:
Baba Babək Koroğluluq həvəsində
Qan rəngində bayraqları qaldıracaq.
Madam coğrafiyaya toxunduq, Elxan Qaraxanlının şeirlərində iştirak edən iki ulu şəhərdən də bəhs etmək istəyirəm: Bakı və İstanbul. Birincisi, şairin yaşadığı və öz əli qədər yaxın və tanış olduğu Bakı. Bəzən mərkəzi küçəsində rus akkordeonu çalan ("Kefli Bakı"), bəzən də durğun və neftə bulaşmış bu şəhərin türküləri "tam fərqlidir, tam fərqli" ("Çiseli musiqi"), "Şumer ləhcəsində mahnı oxuyan" və dənizdən qaçan "eşq qalası, təklik qalası" ("Bu gecə Çulpanı düşünərəm mən") Bakının simvolu Qız Qalası ilə məşhur bu şəhərdə şairin yazdığı kimi, "dualar da tez çatar göyə" ("Polonez").
Şairin könlündə xüsusi yer tutan digər şəhər isə İstanbuldur. Qaraxanlının "Boğaziçindən türkülər" adlı güldəstəsində "Avropanın bürclərinə qarmaq atan" İstanbul, "yarpaq tökən vəziyyətdə" göstərilməkdə olsa da, əslində şair, qədimliyi və müasirliyi yan-yana tutan bu şəhərin tam bir yağlı boya tablosunu çəkməyi bacarmışdır:
…Üfüq köşkündə şölən var,
Enli bir terasta manqal yanar
Kişnəyən avtomobillərin qazı,
Göydələnin başına
Çalma çalma dolanar".
…"Dalğa xoru zikrimizi ovsunlayanda
Mövlananı xatırlayır Dəspinə Xatun".
…"Ürkək Helen sığalının Bizanslığı dul,
Yüz illərin arxivləşən qaranlığında,
Sevgilərə körpü olar qoca İstanbul".
…"Əlbəttə, bu rəqs edənlər
Yeniçəri rəqslərini unutmuşlar çoxdan.
Və Avropadan nə gəlsə,
Məbəd qarşısında oturmuş kimi
Qatlayırlar dizlərini…
Keçmişlər burada çox şanlı…"
"Bir ömürə dəyər Boğaziçində bir gün", "istər qıraq obadakı Krakova get, istər Lozannaya, yenə bir ayrı yeri var İstanbulun" və "sonsuza qədər unuda bilmərəm İstanbulu və səni", deyə yazır şair.
Elxan Qaraxanlının şeirlərində çox geniş və zəngin inanc dünyası da ayrı bir mövzu olaraq izlənilə bilər. Yuxarıda təqdim etdiyimiz nümunələrdən də gördüyümüz kimi, əsrlərdir İslam dininə mənsub bir türk olmasına baxmayaraq, Elxan Qaraxanlı, şeirlərində tez-tez qədim türk inanc sisteminə müraciət edir. "Allah" sözü yerinə, daha çox "Tanrı" sözünü istifadə etməsi ona, bəlkə də türklərin yaşadığı ən qədim dövrlərə dönməsini təmin etməklə çox cazibədar görünməkdədir. Çünki Göy Tanrı dini, qadağalardan çox azadlıq vəd etməkdə idi insanlara:
Göy Tanrının səltənəti
Bambaşqadır, bambaşqa.
("Atəşgahlı Anılarda")
Göy türklərin şüuruna Tanrı anlayışı ilə birgə yaxşıca yerləşən Umay, Bay-ana, Ayzıt, Taissa, Anaqut, Mehr Banu, Çulpan kimi tanrıçalar da şairin könlünə hakim olub onun düşüncələrinə sızmaqdadır:
Yolumuza uğur çilə, Umay ana, bayana,
Nal səsləri qoşun-qoşun yayılacaq cahana.
("Göy dağlardan atlar enər")
Yoluma nur saçan dan ulduzudur,
Başımın üstündə eşq ilahəsi.
("Polonez")
Amma eyni zamanda şairin Allahı, onun varlığını və tək olduğunu tanıyan gözəl misraları da az deyil. Allahın şairə gecə və yalnız ikən daha yaxın olduğunu görürük:
Mənə mane olma, gecə, Mən Allahla danışıram. ("Atəşgahta Söndü Çırağ"); Yalnızlığın sonu yoxdur, Mən burada tək, sən orada tək,….Sən mənə bu canı verdin, Mən sənə dua verirəm. ("Mən Burada Tək, Sən Orada Tək")
Bəzən də şairin könlündə bu torpaqlara xas olan və müəyyən bir dövrdə ataları tərəfindən inanılan Zərdüştlük inancı da qanad çırpır:
Gün doğarkən od oynayır havada, Müsəlmanın atəşgahı olurmı? ("Urmiyəli Sevda")
Böyük Azərbaycan şairi Nəsimi kimi, könlünə barındırdığı bütün inancları ilə bərabər hər iki dünyanı sığdırıb, özü heç birinə sığmayan Elxan Qaraxanlı, Yaradana bəzən bütün olub keçən adları ilə bir yerdə səslənir. Bir göyərçin kimi göylər üçün yaradılan şairin ruhu, dua edə-edə qonaq yaşadığı Yer kürəsindən əbədiyyətin sakini olmaq üçün göylərə yüksələrkən, Yaradan adının necə xatırlanacağı nə fərq edər ki:
Tanrı, Göy, Xuda, Allah,
Qurban dedim adına,
Al götür məni qanadına,
Canım dayanmaz - uçur,
Sil türkünün suçunu,
Hu…, hu…, hu…
("Haça Qaya")
Biz Göyün oğuluyuq, yer bizə sığmaz. ("Sevginin yekəlik türküsü");
Cismimiz qalsa da torpağa muraz, İşıqlı ruhumuz yalnız göyündür. ("Yaşanmış günlərin neyi")
Özünün ilahi bir sevdadan yaradıldığına inanan şair - "İlahi sevdadan mən oldum zahir…" - ("Şahbaz ŞəhərinTürküsü") beləcə sevginin kökünü Yerdən deyil, Göydən axtarmaqda. Haqsız da deyil, çünki sevgi, kainatda hər şeyə nəfəs üfürən və həyatın başlanğıcı olan bir duyğudur. Tanrını xatırladığımız anlar da daha çox sevdiyimiz zamanlar olar:
"Tanrı bostanında sevgi bəsləyir, Nə qədər seviş var, həyat da bitməz", ("Ölüm son deyil"), İlahi sevişlər burulğanında, Tanrına könlünün gülünü göndər. ("Çulpana baxaram Qız Qalasından").
Buna görə də Elxan Qaraxanlının inanc sistemini quranlar, daha çox türklərin qədim inancında yer alan tanrıçalardır: İlahə Taissa, Anaqut, Umay ("Dilimdə dua var, duamda Umay…"), Ayzit ("İlahə, sən bizi qutunda islat…"). Şair 2007-2008-ci illərdə "Mənim sevdiklərim İlahələşər" ("Unudulan İlahələr") adlı güldəstə yazır və burada qədim türklərdə mövcud olan və yuxarıda da saydığımız ilahələrin panteonunu verir. Onların arasında, xüsusilə də, şairin marağını qədim türklərdə Sevit, Mehri Banu, Şolpan (Çulpan) adları ilə bilinən Eşq tanrıçası çəkər və ilahi sevginin yanında bir yer qızına olan sevgi də ortaya çıxır:
"Ən qaranlıq duyğuların sənsən şamı", "Sən varlıqla qoşa yanan bir ocaqsan", "Sən nə Məhəmmədi, nə İsavisən, "Sənin ibadətlərin sevişlərindi, Öpüşün, sığalın, axşam duası " ("Çulpana baxaram Qız Qalasından"), "Dünya ağacının budaqlarından Çulpan ulduzunun meyvəsini dər". ("Mayda"), Sevgi ilahəsinin hökmündədir insanlıq, ("İlkin ibadət"), Seviş atımız, cəngimiz, İlahənin planetinə, Toxunmaq imkanıdır seviş. O, bir tanrı məqamıdır. (" Sevgi Uçumuzdu")
Bu tanrıça sanki şairin bütün varlığını sarmışdır. Başında ulduz olub yanan Çulpan, onun həyatını müsbət bir şəkildə istiqamətləndirərək həyatının hər seqmentində şairi eşq ilə mükafatlandırır. İlahə tərəfindən verilmiş sevgi, artıq nə məbədlərə, nə də şairin könlünə sığar və onu dadmadan yaşamaq, dünyadan keçmək şair tərəfindən bir günah hesab edilir. Eşqsiz ömür, mənasız keçən bir ömrə bənzədilir:
Əl çəkib dünyanın bu ləzzətindən, Sənə qovuşmaq da günahdır, Allah. ("Çarşafsız üfüqlər"); Canlılar yaradılıb məhəbbət üçün, Eşqsiz mənası vardırmı ömrün. ("Su Pərili Sonata"); "Dünyada bir ulu eşq uyqusu var, Gəlirkən kilitli qapıdan girər"."Eşq deyən qapılar açıqdır, açıq" ("Eşqli pıçıltılar mələk azanı"); Duyğuları sfinksə mindir, Sevgi özü başqa bir dindir, Hər yanda ovsun, hər yerdə sehr, Nə olar, mənə bir öpüş duası ver. ("Ayrı sevgilər")
Bəzən isə onun sevgisi bir döyüş meydanına çevrilir və sevdiyini qazanınca bir fəthetmə duyğusu ilə qürurunu oxşayır, sanki onu bir fatehə çevirir:
Seviş də bir döyüşdür bəlkə pani Anna, Bir fateh doğulular içimdə səninlə olanda. ("Balıktut türküsü"); Hər sevdadan hər vaxt bir fateh doğulular, Hər eşqin öz meydan savaşı var. ( "Unudulmaz İstanbul").
"Polonez" adlı poemasında şair polşalı bir gözələ olan eşqi izah etməkdədir və bu mövzu üçün çox zərif, çox romantik bir ad tapmışdır: "Polonez". Şair, "başının üstündə eşq ilahəsi" ilə Polşa torpaqlarına - Krakov şəhərinə sevgilisinin yanına gəlir.
Avropalı bir mədəniyyətə sahib olan və katolik dininin inanıldığı ölkədə özünün türk olduğunu, qıpçaq olduğunu bir anlıq da olsa, unutmaz şair, kilsə zəngləri çaldığı zaman belə, fikrində "bismillah" çəkər. Bu şeirdə eşq, iki fərqli millətdən olan insanların görüşmə, iki fərqli mədəniyyətin kəsişmə nöqtəsi olaraq verilir. Şopeni dinləyərək, Krakovyak oynayaraq, Mitskeviç və Füzulidən şeirlər oxuyaraq, taleyin onlara biçdiyi zamanı bir-birlərinə doya bilmədən yaşayırlar. Eyni zamanda bu şeirdə dərin duyğuların ifadəsi ilə birgə, müasir Avropa şəhərinin rəsmi də ustalıqla çəkilmişdir:
Yorunuq skripkaçı
Havanı key çalır,
Bax bunlar geylərdir,
Bunlar da geyşadır.
Gey dəbi avanqard,
Saç uzun, ard açıq,
Satanlar biç olar,
Alanlar xırdaçı.
Para ver, mətah al,
Ucuzdur can əti,
Burada şik sayılar
Sutenyor sənəti.
İsalıq daş-qalaq,
Magdalina suçsuz,
Küçənin seks işi
Viskidən də ucuz.
Üzlərdə məmnunluq,
Gözlərdə yox sual,
Krakovda gecələr
Katolik-seksual.
Baxışlar şprisindən
Boylanar kokain,
Sifətlər samuray,
Məmələr Bahai.
Havada bəyaz var,
Vitrində qızartı,
Ruletka fırladır,
Kazino azartı.
Disko bar cinlidir
Kabare qarışıq
Dodaqlar rom içir,
Bədənlər alışır.
("Katolik seksual bir gecə")
Şairin eşq mövzulu bir çox şeiri arzu və şəhvət məzmunludur. Söz düşmüşkən, bu istiqaməti ilə onun şeirləri, fransız Appolinerin və rus şairi Boris Pasternakın şeirlərini xatırladır mənə.
Hər eşq şeirində olduğu kimi, Elxan Qaraxanlının şeirlərində də eşq ilə onun əbədi yoldaşları - ayrılıq ilə həsrət əl-ələ gəlməkdədirlər. Tək qalanda havaların da soyuması ("Yalnız qalınca qucaq"), ayrılığın yaratdığı ümidsizlik və həsrət axar bəzi misralardan:
Hər kəsin içində odlu bir dəniz, Ayrı-ayrılıqda yanacağıq biz" ("Ayrılığın zamanı"), Ümidlərin taksisi Boş gedər qaranlığa. ( "Hicran gecəsi qəzəli"), Həsrət günlərinin gözləri yaşıl, Həyatın sonudur, həsrətin sonu ("Yaşıl gözlü həsrət").
Son illərdə dəyişən həyat, Qaraxanlının şeirlərində açıq-aşkar görünməkdədir. Artıq mavi yelkənli şahzadələr qızlara "paralel dünyanın yarığından" gəlirlər ("Könül dəhlizində təlaş"), "sevdalı duyğular yatırım yığar, baxışlar xərcləyir kredit kartını" ("Kenquru həvəsli anlar"), "hər öpüş bir yatırım, könüllərin külfəsində yanmaz sevgi vekseli" ("Üzüntülər oteli"), "dərd yatar can bankının gizli hesablarında" ("Dərdin gizli hesabları"), virtual öpüşün dadında petrol ("Çisək"), ruhlar da qurbanı pivə olaraq istəyir ("Xəncərlənmiş sevginin soneti"), Rembrant da sürtülmüş boyalardan rəsm deyil, klip çəkir, işıq da arsız bir şəkildə striptiz göstərir ("Romansero"), məktubları da şəhərdən artıq poçtalyon deyil, internet gətirir, kompüter titrək pıçıltıları sıraya düzür ("Yosun yorğunluğunda su"), eşq otu və dərmanı olmayan bir virusa çevrilmiş və qumara bənzəmiş ("Sevdalı gecənin türküsü", "Görünməzlər görgüsündə"), çalmaların çalmasının reallığı virtual ("Göyərçinli Sevda"), şair özü də tez-tez İstanbula virtual gəzintiyə gedir ("Virtual gecə") və başqa bir çox bunabənzər bənzətmələr var:
"Kainat bir böyük bilgisayardı, Sevdamın internet səhifəsindən, Sənə göndərərəm məktublarımı". ("Nərgiz şərqilər axşamı"), "Yığar qazancını könül bankına, Gizli gəzməmizin öpüş qumarı". ("Sevilmək istəyi ac Yaquardı")
Zatən, Elxan Qaraxanlının şeirlərinin ən üstün cəhəti, deyərdim ki, təsvirlərdir. Bu, həm təbiət təsvirləri, həm insana xas yaşanan hərəkət və duyğuların təsviridir. Təbiət təsvirləri içində ən çox rast gəldiyimiz, günəş və gecə təsviridir. Məsələn, yetişmiş əriyə, saat 3-ün yarısında içilən kokteylə, qədəhdəki sarı şirəyə ("Günəş kokteyli"), tavada qızardılan yumurta sarısına ("Dan üzünün qəzəli") bənzəyən günəşin şeirlərdə fərqli halları təsvir edilməkdədir: onun doğuşu, yandırıcı istiliyi, batışı:
"Günəş gedər aramağa itirdiyi qadını". ("Dan üzünün qəzəli"), "Üfüqün narını dərməyə yox ümid". ("Kauçuk ləngərində sükut."), "Hər axşam çarmıxda ölər Günəş". ("Altun baxışlı qadına alqış"), "Göy altında Türk hamamı boyda dəniz, Su qızları ölən günü çimdiriyor". ("Yağma həvəsi")
Gecə təsviri də şeirlərdə bir neçə parçadan meydana gəlir: dinc, nostaljik bir axşam, hiyləgərcə çökərək hər yerə şəhvət saçan qaranlıq və nəhayət, nə qədər öpüşlərə və sevdalara şahidlik edən ulduzlu və aylı yaşıl gecə:
Axşam:
"Masanın üstündə keçən günü əridər şam. Axşam". ("Uyqu bilməz İstanbul"), "Çılpaq axşamların gözündə yaş var". ("Yaşanmış günlərin neyi")
Qaranlıq:
"Qaranlıq damla-damla əriyir şamlarda". ("Polonez"), "Qaranlıq soyunar şam işığında", ("Şam işığında vida"), "Hər kəz sayğac qoşanda sənin çılpaqlığına, Qaranlıqdan don biçər yarasa uçuşları" ( "Duet")
Gecə:
"Ulduz baxışları Helen kimidir, Parisə bənzəyir yaşıl göz gecə". ("Qənirə İlahənin qəzəli"), "Yuxu çalxalayır gecə nehrəsi, Ulduzları sayrışır sarı yağ kimi". ("Saralan saniyələr"), "Şüşələrə düşüb qalar Ulduzların hıçqırığı". ("Qar üstündə nar"), "Lüt bədəni qızğın gecə, Taxar Ayı yaxasına. Xatirələr yatan küncdən Salxım-salxım ah asılar". ("Qar üstündə nar"), "Gecənin əlbisəsi Öpüşdən dəlik-dəlik". ("Ləhləyən işıqlar"), "Yaşmaqlı gecələr utancaq olub". "Mart Həsrəti", "Ay dama sərilib can sorar". ("Kübar qurbağa"), "Ürək dolu, Ay kəsik". ("Virtual gecə").
Gecə, haradasa, şairin hər şeirində mövcuddur. Bunun üçün şeirlərin başlıqlarına baxmaq belə yetər: "Virtual gecə", "Şəhvətli gecə", "İntellektual gecə", "Hicran gecəsi qəzəli", "Yuxusuz sətirlər", "Ney havasında gecə", "Retro sevgilər gecəsi", "Axşam dərin, Umay uzaq", "Sevdalı gecənin türküsü", "Katolik seksual bir gecə", "Helenli axşam", "Yuxu bilməz İstanbul", "Su Pərili sonata". Hamısında dolğun təsvirlərlə, şairi səhərə qədər düşüncələrlə məşğul edib yatmağa qoymayan gecə havası verilmişdir və ən gözəl gecə təsvirlərini "Yağışlı Melanxoliya", "Şam yandırar Dan Tanrısı", "Dan üzünün qəzəli", "Sevdalı gecənin türküsü" kimi şeirlərdə tapırıq.
Ümumiyyətlə, təbiət ilə əlaqədar o qədər maraqlı, gözəl təsvirlər var ki, Elxan Qaraxanlının şeirlərində, könül istər hamısını saysın. Amma mümkün deyil! Onun şeirlərində Günəş, Ay, ağaclar, külək hamısı bir canlı kimi nəfəs alır və bir insana xas hərəkətlərə sahibdirlər: "xoşbəxtlik sandığından akçalar tökən yağmur" ("Görünməzlər görgüsündə"), "bir az öpüş dadı verən yaş havanın turşuluğu" ("Şam yandırar Dan Tanrısı"), "axşamın ilıq qız dərisini yavaşca yalayan çisək" ("Çisək"), öpüşü yovşan yumşaqlığında olan və yovşan dadını üfüqə çəkən külək ("Dan üzünün qəzəli"), duel istəyib masanın üstünə əlcək atan yel ("Polonez"), ot qoxusundan məst olan, fleyta səsindən daranan qızıl saçlarını bəzən suya salan, bəzən bu saçları ilə havanı oxşayan və bir yanardağ kimi ah çəkən söyüd ("Təngnəfəs qalan işıqlar", "Mart həsrəti", "Zoğal öpüşləri", "Saralmış saniyələr"), "göy bürcünə qarmaq atıb yollar açan" şamlar ("Sən özünə dönərkən"), qış yuxusunda zanbaq gülüşünə bənzəyən almaların damla-damla qan axmasını xatırladan qabığı ("Dan üzünün qəzəli", "Qar üstündə nar"), "ürkək ilxılardan daha sürətli qaçan" çay ("Qızılcıqlı öpüşlər"), "yosun yorğunluğunda su" ("Yosun yorğunluğunda su"), bir zəncinin dişlərindən daha bəyaz olan quşların səhər ötüşünün niyyəti ("Dan üzünün qəzəli"), "qurd təbəssümlü" günəşli günlər ("Ölüm son deyil"), "dəvə gövşəməsində əzilən sükut" ("Kenquru həvəsli anlar"), təngnəfəs qalıb dilləri yerə dəyən və rəngarəng tüstülənən işıqlar ("Təngnəfəs qalan işıqlar", "Mart həsrəti"), "virtual öpüşün dadında" olan neft ("Çisək"), "tasa dərd yığan" sönmüş pəncərələr, "qınına çəkilən ilbiz"ə bənzəyən küçələr ("Səfilə dönmüşük doğulma şəhərdə")…
Amma, yalnız təbiət hadisələri deyil, insanın yaşadığı duyğu, düşüncələr və hərəkətlər də çox gözəl izah edilir Elxan Qaraxanlı tərəfindən: "duyğu dənizində sulanan sığal" ("Apağ bir qız idi"), "havanı dua ilə örtən duyğular azanı" ("Duyğu desantı"), "səma bürclərinə qarmaq atan şirin duyğuların minarələri" ("Çulpana baxaram Qız Qalasından"), "eşq dadında olan axşam düşüncəsi" ("Yuxulu sətirlər"), "gecəni soyunduran sevda düşüncələri" ("Yağışlı qadın bədəni"), "şirin göbək yalayan kros qaçan düşüncələr" ("İtli gəzinti"), "xoş günlərin göy rəngli gülüşləri" ("Helenli axşam"), çimən qızların suların sərinliyində əriyən alovlu gülüşü ("Kızılcıklı öpüşlər"), sısqa bir leylək kimi yorğun düşən ürək ("Yuxulu sətirlər"), "bir dev qəsrindəki xəzinə kimi" boşalmaq bilməyən arzu anbarımız ("Yenidən doğulular köhnə sevdalar"), ac yaquara bənzəyən sevilmə istəyi ("Sevilmək istəyi ac Yaquardı"), səhra dəhşətini içinə alan Sfinks baxışı ("Unudulan İlahələr"), zəncinin saçları kimi qarışıq vəziyyət ("Qot Mit Uns"), ütüsüz sözlərin mayasından doğan öpüş ("Bir günlüyə çirkab"), mələk azanına bənzədilən eşqli pıçıltılar ("Eşqli pıçıltılar mələk azanı"), mülksüz bir paşanı xatırladan yuxulu sətirlər ("Mürgülü sətirlər"), axşamüstü sarmaşıqlara çevrilən misralar ("Tənhalıqların Ərəbi"), tox dəvənin gülüşünə bənzəyən kefli şairlər ("Dan üzünün qəzəli"), "küçə türkülərini dəvələrə yükləyib gizlicə tənhalıqları sarmaşıqlara çevirən Ərəb" ("Tənhalıqların Ərəbi")… "Dodaqlarından gül dərdiyi" sevgilisi ilə əlaqədar bənzətmə və təsvirləri də şair çox uğurla qələmə alır:
"Sənin ürkək-ürkək toxunmaların, Axşam sükutunu caynaqla yardı". ("Sevilmək istəyi ac Yaquardı."); "Öpüşün sinəmə iz qoyub nal kimi, Saçların yastığa dağılar yal kimi". ("Mayda");
"Saçların Quşadasında sirli çalılara tüzaq". ("Uyqu bilməz İstanbul"),
"At həsrəti saçlarının sığalında yayğın, Mənim əllərim, söyüd yarpaqları qədər hesabsız…" ("Unudulmaz İstanbul"), "Yorğun gülüşündə ağ su zambağı. ("Ömür retrosu" ), "Səni hər ananda xoş müjdə quşu, Dərdin divarını dimdiklə yonar". ("Yaşıl gözlü həsrət"),
Bunların arasında o qədər maraqlı, orijinal bənzətmələr var ki, bu günə qədər onlar kimisini daha eşitməmişdim. Məsələn, "uyqu qaçışında buza, duyğu yerişində pisik" ("Axşam dərin, Umay uzaq"), "yaquar yerişli vaxt", "vaxtın qıvraq kobrası", "yorğa yerişli hava", "at gedişli təyyarələr" ("Polonez")… Ən əhəmiyyətlisi də, yuxarıda da yazdığımız kimi, bütün bu təsvirlər, bu bənzətmələr bir türkün yaşadığı coğrafiya və qanına həzm etdirdiyi mədəniyyət ilə əlaqəlidir:
"Qarmaq atar bürclərinə ayrılıqların, İçimizdə yatan Səlcuq ruhumuz". ("Unudulmaz İstanbul"), "Göy üzünə şırım çəkər qılıncların parıltısı, Cahangirlik həvəsimiz yumağına yol doluyar". ("Göy dağlardan atlar enər")
Elxan Qaraxanlının şeirlərində xalq mədəniyyətinə xas olan atalar sözü kimi qısa və qiymətli məna yüklü misralar da az deyil:
"Hər şeyin ilki çətin olar, ilki".("Yelkənli ümidlər"), "Ehtiyacın dağları Köz bişirər qarında".("Dərdin gizli hesabları"), "Ər doğulan durarmı dinc". ("Xəncərlənmiş sevginin soneti"), "Pişiksiz bir təbəssümdür mənasız adamın ömürü". ("Dan üzünün qəzəli"), "Göz bezər, can usanmaz". ("Hicran gecəsi qəzəli"), "Hər zamanın öz elxanı doğulular". ("Urmiyəli Sevda"), "Kədər yaxalatmaz, duyğu ram olmaz". ("Monastr qəbiristanlığında"), "İnsanlar timsah kimidir Anna, Ağlamaq üçün öldürərlər, Öldürmək üçün ağlayarlar". ("Ave İsida"), "Qəhrəmanlıq moda ilə gələn şey deyil". ("Urmiyəli Sevda…"), "Dəniz düyünüylə bağla andını".("Ömür retrosu"), "Könlünün başını səmaya bağla".("Çulpana baxaram Qız Qalasından")
Bütün bu uğurlu poetik tapıntıların içində mənim diqqətimi çəkən bir ünsür daha var: Elxan Qaraxanlının şeirləri yalnız sözlərdən meydana gəlmir, hər misrada musiqi mövcuddur! İnanılmaz dərəcədə muzikaldır onun şeirləri. Musiqi onun başqa bir çox şeirində də incə qırmızı bir ip olaraq həmişə özünü göstərməkdədir. Bu, azərbaycanlıların öz muğamları da ("Su Pərili sonata"), İrtış sahilindəki bir kənddə şaman rəqsinin ritmləri də ("Boğaziçindən türkülər"), polşalıların Polonezi və Krakovyakı da ("Polonez"), ispan restoranında "iti qılınc oynadan" dəli gitara səsi də ("Polonez"), ağlaya-ağlaya oynayan gözələ yoldaşlıq edən gitara da ("Gitara"):
Aç musiqinin gammasında döşürür üzüm dənələrini Bir Ərəb şeyxinin kölgəsində göyərçinlər. ("Tənhalıqların Ərəbi")
Musiqi mövzusu açılmışkən, mütləq "Polonez" adlı güldəstə içində yer alan "Krakovyak" adlı bir şeirdən də bəhs etmək lazımdır. Krakovyak, polşalıların milli oyunudur. Qaraxanlının bu şeirini oxuyarkən, sanki bu oyunu oynayırmış kimi hiss edir və birdən özünü bu musiqinin içində tapırsan. Şair bu oyunun ritmini misralarda o qədər doğru tutdurmuşdur ki!
Qaraxanlının şeirlərində təbiət sanki musiqiyə yoldaşlıq edir: "Pəncərənin şüşəsində su nəğməsinin ritmi" ("Yağışlı Melanxoliya"), "su üstündə rəqs eləyir yarpaqların hıçqırığı" ("Şam yandırar Dan Tanrısı"), "Meyvə sulu söhbətlərin nəbzi Ərəb rəqsi ritmində" ("Neyzənli gəzinti"), "ney havasında gecə" ("Ney havasında gecə"), "gümüş gülüş cingiltisi rəqs saçır, rəqs saçır" ("Janna D'Arklı Park")…
Şairin timsalında, mən şəxsən, XX əsrin əvvəli dünya şeirinin ən məşhur adları olan Boris Pasternak, Nikolay Qumilyov, Appoliner, Sartr, Pablo Neruda, Xəlil Cübran, Orxan Vəli Kanık kimi şairlərin ruhunu və dərin fəlsəfi axınlar olan simvolizm ilə varoluşçuluğun izlərini gördüm. Amma yenə də Elxan Qaraxanlını heç bir şair ilə müqayisə etmək istəməzdim. Çünki onun şeirləri həm mövzu, həm də üslub olaraq çox özəldir. Onlar, yalnız Elxan Zal Qaraxanlının şeirləridir. Ancaq bu şairin ruhundan var olub, ancaq onun qələmindən yazıla bilərdilər.
…Elxan Qaraxanlının şeirlərini bir neçə dəfə oxuyaraq artıq kitabını bağlayanda, hələ gözümdə yağışlı bir gecə yarısı, sükunət içində söyüdlərin altında çoxdan itən sivilizasiyaların və gözlə görülməz sirli dünyaların səsinə qulaq asan şairi görürdüm. "Səhra sarısı" gözlərini qəmli - hüznlü göyə dikmiş həsrətin gil kitablarını oxuyurdu sanki:
Güllərin açılışında yaşayırıq,
Atların qaçışında doğuluruq,
Daşlaşan duayıq bir məbəddə,
Səhra yuxusunda suyuq…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
