İşarəni tapmacalardan gözləyin... - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Kamil Araz uşaq poeziyasının uğurlu nümunələrini meydana qoymaqla fərqli bir yaradıcılıq keyfiyyəti sərgiləyən uşaq şairidir. Eyni zamanda, bu gün artıq tükənməkdə olan iddiasizlıq kimi mənəvi keyfiyyətin daşıyıcılarındandır. Təbliğ, təqdimat məsələləri özü demiş, onluq deyil. Əsl yaradıcı insanlara lazım olan istedadına güvənib şeirlərini yazır, onları kitab şəklində sistemləşdirib oxucu ixtiyarına verir, vəssəlam. Ədəbiyyatın, qalıcı sənətin əzəli və əbədi düstüruna müvafiq olaraq!

Azərbaycan ədəbiyyatının inkişafında Naxçıvan ziyalılarının, düşüncə sahiblərinin, milli münəvvərlərinin böyük rolu olmuşdur. Elm və sənət məxəzi sayılan Naxçıvandan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin formalaşmasına xüsusi intellektual çəki qatmış böyük şəxsiyyətlər çıxmış, fikir həyatımızda müstəsna iz salaraq doğulduqları yerin qürur və şərəf ünvanlarına çevrilmişlər. Kamil Araz da belələrindəndir, müəyyən ənənələr üzərində yetişmiş uşaq poeziyasının müasir dövrdə davam tapmasında xidməti olan şəxslərdəndir.

Kamil Arazın uşaq şeirlərini məzmunundan asılı olaraq, bir neçə istiqamətdə qruplaşdırmaq olar: azadlıq, müstəqillik, azərbaycançılıq duyğularının tərənnümünə; müharibə amili, Qarabağ problemi, yurd sevgisinə; Naxçıvanın gözəlliyi, eləcə də tarixi yerlərimizin tanıdılmasına; uşaqların təbiət və heyvanlar aləminə; cəmiyyətə və əməyə məhəbbətini ifadə edən şeirlər. Bu şeirlərdə önəmli olan əsas cəhətlərdən biri məfkurə, amal məsələlərinin uca tutulmasıdır. Bilirik ki, uşaqlarda yurda məhəbbət, sevgi hissi kiçik yaşdan formalaşmalıdır. Onların ayıq-sayıq böyüməsi, torpağı yadlardan qorumaq əzmini hasilə gətirmək üçün ilk növbədə, doğulduğu yurd yerinin, baba ocağının sevgisini ötürmək, vətənin hər dağı, daşı ilə öyünmək, onu göz-bəbəyi kimi qorumaq mübarizliyi aşılanmalıdır. Balacalar üçün yazılmış şeir onlarda həm də məfkurəvi hissin tərbiyəsinə xidmət etməlidir. Bu baxımdan, Kamil Arazın poetik mətnləri ilə tanışlıq göstərir ki, milli amalin ifadəsi onun prioritet yaradıcılıq istiqamətinə çevrilmişdir. Vətən, azadlıq, əsgər marşı, bayrağın vəsfi, torpağın işğalçıdan azad edilməsi əsas motiv kimi diqqəti cəlb edir. Bütün şeirlərində vətənin, yurd gözəlliklərinin vəsfi daim öndədir.

Kamil Arazın şeirləri məna aydınlığı ilə seçilən nümunələrdir. Şairin yaradıcılığı ilə bağlı mərhum professor, filologiya elmləri doktoru Hüseyn Həşimli qeyd edir ki, "Kamil Arazın uşaqlar üçün yazdığı şeirlər mövzuca müxtəlif olduğu kimi, həm də janr, bədii təsvir və ifadə vasitələri baxımından da rəngarəngdir. Şair balaca oxuculara vətənvərpərlik tərbiyəsinə, həmçinin təbiət haqqında biliklərinin dərinləşməsinə xüsusi fikir verir".

 

Doğrudan da, Kamil Arazın şeirlərinə diqqət yetirdikdə onların sırf müstəqillik dönəminin ardınca gətirdiyi mövzuların uşaq ədəbiyyatı üçün işləkliyinin zəruriliyindən hasilə gəldiyini görürük. Bu mövzular içərisində ən mühüm olanı Qarabağdır. Aydın məsələdir ki, Qarabağsız bir nəsil yetişmişdi və yeni yetişən uşaqlara, formalaşan gəncliyə Qarabağ həqiqətlərini çatdırmaq bəlkə yazıçıdan əvvəlkindən daha həssas, daha məsuliyyətli olmağı tələb edirdi. Bu mövzuda dönə-dönə, eyni zamanda daha yaxşı yazmağı şərtləndirirdi. Ona görə də xüsusilə, uşaq ədəbiyyatı yönündə qələm işlədən şair və yazıçılarımızın adı keçən mövzuları diqqətdə saxlamaları, uşaqların fikir səviyyələrinə uyğun yazmağa çalışmaları çox önəmli bir hadisə sayılmalıdır. Kamil Araz bu mənada, vətənlə bağlı poetik mövqeyini daim qoruyan, bu mövzunu mətnlərində ön sırada saxlayan şairlərdən biridir. Onun vətən, bayraq, yurd sevgisi ilə bağlı şeirləri uşaqlarımızın zamanın tempinə uyğun olaraq müasir, ləyaqətli bir vətəndaş kimi yetişməsində mütləq bir funksiya daşıyır. "Mənə uşaq deməyin" şeirinə diqqət edək:

 

Adımı bilən belə

Ay uşaq deyir mənə,

Deyin məgər uşaq da

Soruşarmı özündən

Nə vermisən vətənə?

Axı sənin vətənə

Necə dəyər köməyin?

Səsləyirəm hər kəsi

Nə qədər ki sinəmdə

Var Qarabağ qüssəsi

Mənə uşaq deməyin.

 

Bəli, sinələrində "Qarabağ qüssəsi" gəzdirən uşaqlar Qarabağı ermənilərdən xilas edib tarixi zəfərə imza atdılar. O qeyrətli nəsli yetişdirən həm də uşaq poeziyasının bu cür siqlətli gücü oldu. Digər bir şeirə baxaq:

 

Öyünməyi öyrədib,

Mənə böyük qardaşım

Ucadadır bayrağım

Demək ucadır başım.

Yarır dərin göyləri,

Bayraq saxlayan dirək.

Qardaşımla gəlmişik

Bayrağa baş endirək.

 

Professor Rüstəm Kamalın Naxçıvan ədəbi mühitinə məxsus nitq janrları haqqında maraqlı fikirləri var: "Y.Lotman deyirdi ki, hər bir xalqın mədəniyyət tipini, yaddaş tipini müəyyən nitq janrları şərtləndirir. Məsələn, xalq deyimləri nitq janrları kimi Naxçıvan türklərinin yaddaş və təfəkkür tipinin bərpasını mümkün edir". Bu fikri nümunə gətirməyim əsassız deyil. Naxçıvan uşaq şairlərinin yaradıcılığında deyimlərə müraciət mühüm yer tutur. Bu rəvayətlərdə uşaq və gənclərə daha çox vətənpərvərlik duyğuları təlqin olunur. Bəli, "vətənpərvərliyin, yurd sevgisinin mənbəyini əfsanələrdə və rəvayətlərdə axtarmaq lazımdır. Kral Arturla bağlı əfsanələr Böyük Britaniyada ingilis aristokratiyasının neçə nəslini formalaşdırıbdır. Kral Artur obrazı ingilis uşaqlarında kral hakimiyyətinə sayğı hissini tərbiyə edibdir. Bu gün qazax xalqı milli özünüdərki, dövlətçilik yaddaşını ucsuz-bucaqsız yovşanlı çöllərdə, yurtalarda söylənilən əfsanələrin hesabına bərpa edir".

Naxçıvan uşaq şairlərinin mətnlərində əfsanə, rəvayətin mühüm yer tutması iki məramdan irəli gəlir. Həm şairlər bununla hər hansı rəvayət və əfsanənin qaynağına varır, nədən hasilə gəlməsini uşaq üçün aydınlaşdırırlar, digər tərəfdən onlara vətəni sevmək, onun hər parçası ilə öyünmək hissi aşılayırlar. Kamil Arazın da şeirlərində bu çalar qabarıqdır. Süjetli şeir, hər şeirin arxasında dayanan hadisə fonu uşaqlara şeirdəki əsas ideyanı aşılamağa yardımçı olur. Bu, bəlkə də şairin seçdiyi ədəbi priyomdur. Çünki yaxşı bilir ki, istənilən fikir süjetsiz, bilavasitə nəsihət şəklində verildikdə təsirsiz olur. Nəsihəti isə Belinski demiş, "heç böyüklər də sevmir".

Kamil Arazın şeirləri uşaqların vətənpərvərlik ruhuna bağlılığını gücləndirməklə bərabər, onların təbiət haqqında biliklərini dərinləşdirməkdə də mühüm rol oynayır. Nəcib hisslər formalaşdırmağa xidmət edən bu şeirlər ideya-bədii məziyyətləri, səlisliyi, təbiiliyi və yığcamlığı ilə seçilir, eyni zamanda uşaqların estetik baxımdan zövqlərinin dolğunlaşmasına, dünyagörüşünün zənginləşməsinə imkan yaradır. Digər bir məqam, Kamil Arazın şeirləri üçün yumoristik ovqat hakimdir ki, bu da uşaqların şeirləri həm tez mənimsəməsinə, həm onların dünyalarının maraqlı olmasına hesablanmışdır.

Bu məqamda Kamil Arazın şeirlərindəki dilə həssaslığından da ayrıca bəhs etmək yerinə düşər. Azərbaycan dilinə münasibət, onun saflığının keşiyində dayanmaq amalının bir çox şairlərimizin əsas sənət kredosuna çevrilməsi məlumdur. Kamil Araz da balacalar üçün yazdığı şeirlərdə bədii-konseptual əsaslarla bu amaldan çıxış edir. Çünki dil şairə görə tarixi yaddaşa sədaqətdir, xalqın və dövlətin böyük xilas yolunun, yaşamaq haqqının mühüm tərkib hissəsidir.

 

Dostum yazır lövhədə,

Təbaşir var əlində.

Ancaq ona "mel " deyir,

Yadellinin dilində.

 

Arxamıza "sumka" yox,

Gəlin biz çanta asaq.

Dilimizi korlayan,

Sözləri edək yasaq.

 

Kamil Arazın 2015-ci ildə çap olunan "Xəzinə" kitabına "Vətən eşqi" adlı ön söz yazmış AMEA-nın müxbir üzvi Əbülfəz Quliyev doğru qeyd edir ki, "O, kiçik yaşlı məktəblilərin estetik zövqünə uyğun həyati hadisələri qələmə alır". Adətən, uşaq ədəbiyyatı ilə bağlı klişeləşmiş bir fikir var ki, uşaq ədəbiyyatını uşaq yerinə qoymaq olmaz. Yəni uşaqlar üçün yazılmasına baxmayaraq, onların zövqünə, dünyagörüşünə, ali dəyərlərinə xidmət edən məqamları mətnləşdirmək əsas qayə olmalıdır. Bu baxımdan Kamil Arazın şeirləri doğrudan da, fikir, axtarış təriqi ilə yazılan şeirlərdir. Elə bu axtarış əzmindən yola çıxaraq müraciət etdiyi tapmaca janrı da şairin uşaqlarla bağlı qanadlı düşüncələrinin uçuşudur. 

Artıq uzun illərdir ki, Kamil Araz tapmaca janrına müraciət edir. Aydın məsələdir ki, ədəbiyyatın janrları uzun müddət funkional olmayanda, yəni ona müraciət olunmadıqda o, bədii-estetik yaddaşdan silinmək təhlükəsi ilə üzləşir. Bu mənada, Kamil Araz uşaq ədəbiyyatında həm də bəlli bir missiya daşıyıcısıdır. O, folklorun bu qədim janrını həm yaşadır, həm də uşaqlarımıza bu janrın tələbləri çərçivəsində gözəl nümunələr təqdim edir. Məsələn:

 

Divardayam, qoldayam

Mən həmişə yoldayam.

 

Azacıq idrak qabiliyyəti olan uşaq o dəqiqə anlayır ki, burada söhbət saatdan gedir. Kamil Arazın tapmaca janrında yazdığı mətnlərdə də heyvanlara, çiçəklərə, məktəbə, bağçaya, dostluğa həsr olunmuş düşüncələr önəmli yer tutur. Bu kiçik nümunələr axtarış əzmi ilə doludur. Şüuraltını oynatmaq, uşaqları düşünməyə sövq etmək, əşyaları tanıtmaq, ipucularla vasitəçilik edib doğru yola bələdçilik etmək!

Bu işin bir də pərdəarxası missiyası var: əsas məqsəd gənc nəslin estetik və əxlaqi tələblərini təmin etmək, onlara böyük zövq aşılamaqdır. Təbiət onların ən yaxın dostlarıdır, məktəb gələcəkdə faydalı insan kimi yetişmələrinə aparan yolun başlanğıcıdır, müəllim, valideyn ən böyük dəyərlərdir. Bir də vətən sevgisi! İlk baxışda düşünmək olar ki, bunu tapmacaların nümunəsində əyaniləşdirmək mümkündümü?! Şair yaralı Araz çayının timsalında sübut edir ki, mümkündür!

 

Hər iki sahil

Oduna yandı.

Bu dərdli çayın

Ləqəbi "Xan"dı.

 

Bu tapmacalarda sözçülüklə rastlaşmırıq, mündəricə zəifliyi hiss olunmur, rəngin və səsin uğurlu qovuşuğunu verən, sözlərdəki məna tutumu ilə seçilən kiçik poetik parçalar məzmun cazibərdarlığı ilə dil, ifadə təbiiliyinin vəhdətini yaradan nümunələr kimi yadda qalır. Görün "ətir" anlayışını ifadə etmək üçün müəllif hansı işarələrdən istifadə edir?

 

Tapmaq istəsən,

Güllərdə axtar.

Göz görmür onu,

Burun deyir var.

 

Digər bir məqamı da qeyd etmək lazımdır. Tapmacalarında Kamil Araz daha çox məişət həyatını detallaşdırmağa çalışır və bu cəhət şeirlərə özünəməxsus bir kolorit aşılayır. Mətnlərini oynaq ritm və emosionallıqla yazması, hər mövzuya uyğun ifadə tərzi, təsirli, dinamik obrazlar tapması, yaratdığı lövhələrdə rənglərin təbii, təravətli olmasına çalışması Kamil Arazın uşaq şairi kimi seçilməsinin əsas göstəricisinə çevrilmişdir. Bu keyfiyyət şairin tapmacalarına da xasdır. O, tapmacalarında sadə və mənalı misralarla canlı poetik lövhələr yaradır. Əyanilik və konkretliklə fikrin balacalara çatdırılmasına, səmimiyyət və ilhamla nəql edilməsinə yol açır. Fikrin ibrətamizliyi, uşaqlar üçün tərbiyəedici, öyrədici funksiya daşıyıcılığının qayğısına qalması müəllifə bəzi hallarda forma mükəməlliyi yarada bilməməsi qüsurunu da hardasa bağışlanan edir. Çünki uşaq ədəbiyyatı ilk növbədə, uşağın psixoloji durumunu, mənəvi-tərbiyəvi cizgilərini səciyyələndirməlidir, təxəyyül hüdudlarını aşmalı, emosional vəziyyətini sərgiləməlidir. Onu böyüklər üçün yazılan əsərlərdən fərqləndirən də məhz budur.

 

Mətbəxə gərək deyil,

Tək də yaramır işə.

Sonluğunda "qabı" var,

Cüt satılar həmişə.

 

Kamil Arazın tapmacalarındakı həyatın zahirən adi, kəşf olunmamış tərəflərinə poetik məzmun vermək meyli onu kiçik yaşlı oxucunun qavrama, dərketmə imkanlarına müvafiq obrazlarla ifadə etməyə özül yaradır. Hər şeyin asanlaşdığı, uşaqların daha asana qaçmağa cəhd göstərdiyi, ovuclarına aldıqları telefonlara sığınıb axtarışlardan uzaqlaşdığı bir dönəmdə tapmacalar vasitəsilə balacaların ruhuna və beyninə xitab etməyə çalışmaq həm uşaq ədəbiyyatının praktik imkanlarını meydana qoyur, həm də müəllifin qadir olduğu ideya-estetik bütövlük haqqında aydın təsəvvür yaradır.

Axtarmaq, düşünmək varsa, həyat var demək! Ona görə də işarəni tapmacalardan gözləyin!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!