Əziz Sultan çağdaş uşaq ədəbiyyatının nümayəndəsi kimi
Uşaqlar üçün bir-birindən maraqlı kitablar ərsəyə gətirən yazarlardan biri də Əziz Sultandır. "Kapsul" kitabı müasir Azərbaycan ədəbiyyatında fərqli üslubu və novator yanaşması ilə seçilən maraqlı nəsr nümunəsidir. Bu kitab, postmodern ədəbiyyatın elementlərini daşıyaraq, oxucunu qeyri-ənənəvi düşüncə tərzinə sövq edir: "Kapsul... Bura üst qismi yumurtanın iti tərəfi kimi nisbətən incələn şəkildə yumru, aşağı tərəfi isə silindr kimi dairəvi hazırlanmış, üstün elektrotexniki cihazlarla təchiz edilmiş və yüksək səviyyədə mühafizəyə malik xüsusi sığınacaq idi. Bu təkcə sığınacaq deyil, həm də raket tipli, uçuş qabiliyyətinə malik bir kosmik gəmi idi. Buna görə də içi pilot kabinəsi kimi dizayn edilmişdi". "Kapsul" həm forma, həm də məzmun baxımından eksperimentaldır - müəllif burada ənənəvi hekayəçilik strukturunu qıraraq, fərqli zaman və məkan qatlarını birləşdirir.
"Kapsul" əsasən insan yaddaşı, zamanın nisbiliyi, texnologiya və qlobal problemlərə toxunur.
Əsərdə hadisələr bir növ futuristik dünyada cərəyan edir və burada insanların hiss və xatirələri kapsul vasitəsilə ötürülə və saxlanıla bilir. Burada texnoloji inkişafa və onun insan psixologiyasına təsirinə fəlsəfi prizma ilə yanaşır. O, oxucunu düşünməyə vadar edən, bəzən isə çaşdıran süjet xətləri ilə eksperiment aparır. Müəllifin yazı tərzi oxucunun fəal şəkildə düşünməsini, mənaları axtarmasını tələb edir. "Kapsul" əsəri sadəcə hekayə deyil, həm də düşüncə oyunu, mövcudluq və zaman üzərinə yazılmış fəlsəfi bir axtarış kimi dəyərləndirilə bilər.
Əziz Sultanın 2024-cü ildə çap olunan "Dron arenası" kitabı müasir Azərbaycan uşaq ədəbiyyatında fərqlənən nümunələrdən biri kimi seçilir. Bu əsər yalnız əyləndirici süjet xətti ilə deyil, həm də müasir texnologiyaların, sosial-psixoloji problemlərin və uşaqların daxili dünyasının təsviri ilə diqqət çəkir.

"Dron arenası" müasir dövrün aktual məsələlərinə - texnologiya, süni intellekt, kiberməkanda təhlükə, uşaq-yeniyetmə psixologiyası və sosial əlaqələrə toxunur. Əsərin əsas ideyası texnologiyanın faydalı imkanlarından düzgün istifadə etməyin vacibliyi və insan amilinin heç vaxt unudulmamalı olduğu fikridir.
Əsərdə uşaqların texnologiya ilə münasibəti, virtual dünya ilə real həyat arasındakı sərhəd və bu sərhədin qorunması mövzuları uşaq baxış bucağından maraqlı şəkildə təqdim olunur. Bu, uşaq ədəbiyyatı üçün qeyri-adi olsa da, maarifləndirici və düşündürücüdür.
Mətn fantastik-macəra janrında yazılıb. Bu janr uşaq ədəbiyyatında xüsusi yer tutur, çünki uşaqlar üçün həm maraqlı, həm də maarifləndirici çalarlar daşıyır. Fantastika elementi (dronların idarə etdiyi mübarizə arenaları və süni intellektin cəmiyyətə təsiri) uşaqların təxəyyülünü genişləndirir, onları müasir dünyanı anlamağa sövq edir.
Əsərdə süjetin dinamikliyi, hadisələrin ardıcıl və maraqlı inkişafı, qəhrəmanların fərqli xarakterləri və qarşılaşdıqları psixoloji çətinliklər oxucunu daim maraqda saxlayır.
Əsas obraz - yeniyetmə qəhrəman texnologiyaya maraqlı, ağıllı və eyni zamanda həyatın mənəvi tərəflərini dərk etməyə çalışan bir uşaq obrazıdır. Bu obraz müasir oxucu üçün tanış və eyniləşdirilə bilən fiqurdur.
Digər obrazlar - dostlar, valideynlər, texnoloji qurumlar və rəqiblər - hamısı qəhrəmanın daxili inkişafına təsir edən vasitələr kimi çıxış edir. Əsərdə yaxşı ilə pisin, dostluq ilə rəqabətin sərhədləri aydın göstərilir, amma stereotiplərdən uzaq yanaşma üstünlük təşkil edir. Müasir terminlər və texnoloji ifadələr uşaqlara yaxın və tanışdır. Eyni zamanda, müəllif didaktikadan uzaq durur; oxucunu tərbiyələndirməyə çalışmaq əvəzinə onu düşündürür və qərar verməyə sövq edir. Bu da uşaq ədəbiyyatında müasir yanaşmaların əlamətidir.
Kitabda əsas qəhrəmanlar müxtəlif heyvanlardır - tülkü, ayı, canavar, dovşan, pişik, quşlar və s. Onlar insan xarakterlərini təmsil edən simvollar kimi təqdim olunur. Hekayələr uşaqlara xeyirlə şəri, dürüstlüklə yalanı, əməksevərliklə tənbəlliyi müqayisə etməyə və düzgün həyat yolunu seçməyə yardım edir. Müəllif, heyvanlar vasitəsilə uşaqlara ətraf mühiti qorumağın, sülhə və qarşılıqlı anlaşmaya dəyər verməyin vacibliyini göstərir.
"Heyvanlar nə danışır?" kitabı həm əyləndirici, həm də öyrədici xarakter daşıyır. Bu əsər uşaqların həm təfəkkürünü inkişaf etdirir, həm də onlara doğru-dürüst davranış nümunələri təqdim edir. Kitabın tərbiyəvi əhəmiyyəti onu məktəbəqədər və ibtidai sinif şagirdləri üçün faydalı vəsaitə çevirir. Məsələn, "Pələngin meymunlarla imtahanı" hekayəsində vaxtilə nəriltisi ilə yeri-göyü lərzəyə gətirən pələng illər sonra taqətdən düşür, əvvəlki gücü olmur. Bunu görən meymunlar öz oyunlarına davam edirlər, pələngə yardım etmirlər: "Meymunların əyləncəsi gün batana kimi davam etdi. Bir zaman onlara mərhəmət göstərməyən qəddar heyvana indi özləri də mərhəmət göstərmir, onun halına yazıqları gəlmirdi. Çünki balacalıqda belə münasibət görmüşdülər. İndi onlar da eynisini təkrarlayırdılar. Yaxşılıq edən yaxşılıq görər, pislik edən pislik. Nə tökərsən aşına, o çıxar qaşığına. Həyat belə gəlib, belə də davam edir..." Əsər sadə, axıcı və uşaq auditoriyası üçün anlaşıqlı dildə yazılmışdır. Kitabda yumor, sarkazm və təmsil elementləri də mövcuddur.
Əziz Sultan bu əsəri ilə uşaqların dünyasına enməyi, onların təfəkkürünə uyğun obrazlar yaratmağı və təmsil vasitəsilə maarifləndirici mesajlar verməyi bacarmışdır.
Onun "Şimşək dəstəsi" romanı uşaqların marağına səbəb olacaq şəkildə macəra janrında yazılıb. Əsərin əsas ideyası birlik, dostluq, cəsarət, təmizkarlıq kimi mənəvi dəyərləri təbliğ etməkdir. Uşaqların bir dəstə kimi təşkilatlanması və qarşılarına çıxan çətinliklərlə mübarizə aparması onların sosiallaşmasına və bir şəxsiyyət kimi formalaşmasına xidmət edir. Əsərdəki hadisələr uşaq psixologiyasına uyğun şəkildə təqdim olunur, qəhrəmanların yaşına uyğun davranışlar və qərarlar onların şəxsiyyət kimi inkişafına nümunə ola bilər.
Əziz Sultanın nəsri uşaq ədəbiyyatı baxımından maraqlı və əhəmiyyətli xüsusiyyətlərlə seçilir. Əsərlərində uşaqların dünyagörüşünə uyğun sadəlik, səmimilik və mənəvi tərbiyə məsələləri ön planda dayanır. O, uşaqların həyata münasibətini, onların duyğu və düşüncələrini təbii və canlı şəkildə təqdim etməklə yanaşı, oxucuda xeyirxahlıq, dürüstlük, mərhəmət və vətənə bağlılıq kimi keyfiyyətlərin formalaşmasına çalışır.
Onun əsərlərində ailə sevgisi, dostluq, böyüklərə ehtiram və təbiətə qayğı kimi mövzular xüsusi diqqətlə işlənir. Bu xüsusiyyətlər uşaqların mənəvi inkişafına təsir göstərən vacib amillər kimi təqdim olunur.
Yazıçının dili sadə, aydın və uşaq şüuruna uyğundur. Həm məişət leksikasından, həm də obrazlı ifadələrdən istifadə edilərək uşaqlar üçün əyləncəli bir dil qurulur. Dialoqların canlılığı, təbiiliyi və yumor hissi uşaqların əsərə diqqətini cəlb edir. Eyni zamanda, əsər vasitəsilə uşaqlar yeni sözlər və ifadələrlə də tanış olurlar.
Yazarın bu yaxınlarda yeni kitabları nəşr olunmuşdur. "İtmiş qılınc" əsəri qədim tarixin sirli qatlarına aparan maraqlı macəra romanıdır. Əsərdə ailəsinin adını üzərinə düşmüş köhnə ittihamdan təmizləmək istəyən Turqutun Türkiyədən Azərbaycana, Zaqatalaya uzanan axtarış yolu təsvir olunur. Macəra həvəskarı Rəşadın da qoşulduğu bu təhlükəli səyahət dostluğun, birliyin və məqsədə sədaqətin əhəmiyyətini ön plana çıxarır.
"Buqələmun zərbəsi" əsərində elmi-fantastik hadisələr fonunda müasir texnologiya və elmi kəşflərin cəmiyyətə təsiri təqdim edilir. Kimya mühəndisinin yaratdığı qeyri-adi boya uğrunda mübarizə hadisələrə dinamizm qazandırır və oxucunu maraqlı süjet xəttinin mərkəzinə aparır.
"Qıfıllı ada" əsəri isə "Adəmin macəraları" silsiləsinin maraqlı nümunələrindən biridir. Burada insan problemlərinin həll edilməsi üçün, ilk növbədə, düşüncə tərzininin dəyişilməsinin vacibliyi göstərilir. Adəmin və dəniz qızı Suayın sərgüzəştləri əsərə həm fantastik, həm də tərbiyəvi məzmun qazandırır.
"Xızır baba" əsərində xalq mifologiyasının məşhur obrazı olan Xızır haqqında eşitdiklərini araşdıran uşaqların macəraları təsvir edilir. Onların başqalarına kömək etməsi nəticəsində yaranan xeyirxahlıq zənciri əsərin əsas ideyasını təşkil edir.
Əziz Sultanın fantastik yaradıcılığında xüsusi yer tutan "Kapsul - Qayıtmaq istəyirəm" əsəri isə məşhur "Kapsul" romanının davamıdır. Yer kürəsini xilas etmək uğrunda mübarizə aparan Nin bu dəfə fərqli bir planetdə yeni sınaqlarla qarşılaşır. Əsərdə insanlıq, texnologiya və mənəvi seçimlər kimi aktual məsələlər maraqlı fantastik süjet çərçivəsində təqdim olunur.
Müəllifin bu əsərləri müasir Azərbaycan uşaq ədəbiyyatında macəra və fantastika janrının uğurlu nümunələri kimi seçilir. Yazıçı gənc oxuculara həm maraqlı oxu təcrübəsi təqdim edir, həm də onların mənəvi-əxlaqi dəyərlər əsasında formalaşmasına töhfə verir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
