Nizami CƏFƏROV
Zərif duyğuların poetik tərcüməçisi Fəxrəddin Ziya elə bir soy-kökün nümayəndəsidir ki, o nəsildən çıxan çox sayılıb-seçilən adamlarla dostluq əlaqələrim, xoş münasibətlərim olub.
Həmin şəxslər təkcə doğulduğu kənddə, rayonda deyil, bütün respublikada tanınmış insanlardır. Zülfüqar Qodmanlı, Ağəddin Mansurzadə kimi məşhur qələm adamları ötən əsrin 70-80-ci illərində ölkə səviyyəsində tanınmış ziyalılar idilər: Zülfüqar müəllim gözəl şair-pedaqoq idi. Ağəddin müəllim yazıçı-publisist kimi şöhrət qazanmışdı, görkəmli ictimai xadim, jurnalist idi, "Bakı-Baku" qəzetində şöbə müdiri vəzifəsində çalışırdı. Onlar Fəxrəddin Ziyanın dost-doğma qardaşlarıdır. Ailənin digər iki üzvü də yazardır: Nurəddin Əliyev ixtisasca mühəndis olsa da, şairdir, özü də çox istedadlı qələm sahibidir. Fəxrəddin Ziyanın qardaşı Şəmsəddin müəllim polis orqanlarında polkovnik rütbəsinə, böyük bir rayonun polis idarəsinin rəisi vəzifəsinədək yüksəlsə də, şair təbiətli, incə zövqlü bir söz adamı kimi tanınır. Uzun müddət Mətbuat Şurasında icraçı katib kimi uğurla fəaliyyət göstərən Şəmsəddin Əliyev hazırda istedadlı jurnalist və kriminal mövzularda maraqlı əsərlərin müəllifi kimi tanınır. Ailə və nəsil şəcərəsinə sədaqətiylə seçilən Orxan Mansurzadə (mərhum dostum Ağəddin müəllimin oğludur) ehtiramla atasının və əmilərinin yolunu davam etdirir, ölkənin tanınmış jurnalistlərindəndir.
Maraqlıdır ki, Fəxrəddin Ziyanın doğulduğu kənddə çox şairlər, söz-sənət insanları yetişmişdir, bunun səbəbini uzun müddət düşünmüşəm. Marağı daha da artıran amillərdən biri də budur ki, kəndin ədəbiyyat müəllimləri, humanitar sahədə çalışan insanları bir yana, ixtisasca filoloq olmayan, poeziyadan çox uzaq peşələrinin sahibləri də gözəl şeirlər yazmışlar. Biləndə ki, yaxın dostum Rəfiq Zəkanın qayınatası, 60-cı illərin sevilən şairlərindən biri olan Azad Talışoğlu da bu kənddəndir, marağım təəccübə çevrildi. Çünki, Azad müəllim uzun müddət indiki Bakı şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi olmuş, istedadlı polis, cinayət axtarışı üzrə yetkin mütəxəssis kimi tanınmışdır. Adətən şairlərin yetişməsində, ya genetik amillər, ya təbiət gözəllikləri, ya da ərazi ənənələri həlledici rol oynayır. Bəs hansı hikmət Masallı rayonunun Qodman kəndini şairlər kəndi kimi tanıda bilmişdir? Bu maraq cənub rayonlarında səfərdə olarkən məni həmin kəndə aparıb çıxardı. Deputat həmkarlarımdan xahiş etdim ki, məni Qodmana aparsınlar və kəndin füsunkarlığı, qeyd edim ki, bu zaman Talış dağlarının təkrarsız mənzərəsi, aşağıda axan gözəl çay, əzəmətli palıd ağacları, dəmirağacı meşələri, buz bulaqlar, yamyaşıl yamaclar məni valeh etdi. Onda insanların şairliyinin səbəbini başa düşdüm, burada, bu gözəlliklər məskənində, sadəcə, şair olmamaq mümkün deyildi.

Yazı-pozu adamlarının cərgəsində bu soydan daha kimlərin olduğunu bilmirəm, təəssüf ki, ən gənc nəslin nümayəndələri ilə tanışlığım yoxdur. Ancaq şübhə etmirəm ki, Fəxrəddin Ziya kimi istedadlar yetirən bir kəndin və genetikanın mütləq davamçıları da olmalıdır. Əlbəttə, istedadın genetik tərəfi də var. Əgər bir ailənin 5-6 üzvü poeziya ilə, ümumiyyətlə ədəbiyyat və jurnalistika ilə belə peşəkarcasına məşğuldurlarsa, hər kəs öz cığırını tapıb sərbəst addımlayırsa, çap olunursa, ədəbi mühitdə qəbul edilirsə, qibtəedici faktdır, bu, nadir ailənin çata biləcəyi xoşbəxtlikdir.
Əslində "Ziya" təxəllüsünü ustalıqla götürüb, Əliyev-Mansurzadə familiyasından "imtina edən" Fəxrəddin həkimdir. Füzuli "biz həkimi-vəqtiz"i məcazi mənada deyirdi, Fəxrəddin Ziya isə həqiqətən, yaxşı həkimdir, uzun müddət səhiyyə qurumlarında yüksək vəzifə daşıyıb, müvafiq nazirlikdə idarə rəisinədək yüksəlib. Ancaq bütün bunlar şair qardaşımızın nə ürəyinin və gözünün "ziya"sını aparıb, nə də "poetik" sözünün işığına təsir göstərib. Fəxrəddin çətin mərhələlər aşa-aşa, nəzmin məsuliyyətini dərk edə-edə, təcrübəyə yiyələnə-yiyələnə püxtələşib, şair "mən"ini təsdiqləyib, özünəməxsus şeir dünyasını yaradıb:
Fəxrəddin, şairlik duyğudu, dərddi,
Şeirin gah şirindi, gah acı, sərtdi.
Kim söz bağçasından bir buta dərdi,
Onun misrasından gül iyi gələr.
Bilirəm ki, Fəxrəddin Ziyanın neçə-neçə şeir kitabı çap olunub, işıq üzü görüb. Bəlkə heç say çoxluğunun əhəmiyyəti də yoxdur. Klassik təcrübədən bəllidir ki, bir-iki və ya dörd-beş şeiriylə ədəbiyyat tarixinə düşən şairlərimiz olub. Şair Fəxrəddin Ziya həqiqətən, oxucunu düşündürməyi və duyğulandırmağı bacarır. Nəğmələri, mahnıları dillər əzbəridir. Xeyli sayda şeirinə musiqi bəstələnib, həmin şaqraq, oynaq, xalq ruhundan qidasını alan kövrək mətnlər görkəmli müğənnilərimiz tərəfindən ifa olunur, teleradio dalğalarında tez-tez səsləndirilir:
O getdi, dərdimin dərmanı getdi...
Gələn xoş günümün fərmanı getdi...
Olum yollarının qurbanı, getdi...
Doldu gözlərimə duman, ayrılıq,
Aman, ay ayrılıq, aman, ayrılıq...
Həm düşündürən, həm də axıcı bir poetik qüdrətə malik şeirlərin müəllifi olduğuna görə Fəxrəddin Ziya populyar mahnıların, nəğmələrin şairidir. Şeirlərinə Mobil Babayev, Nəriman Məmmədov, Xumar Qədimova, Abbas Soltanoğlu, Nadir Əzimov, Aydın Ağasıyev, Zamiq Əliyev, Əli Baxış kimi tanınmış bəstəkarlar, ifaçılar musiqi bəstələyiblər.
Həmin mətnlərin bircə bəndi səslənən kimi dərhal yaddaşa hopur, ürəyə yol tapır. "İstərəm", "Səni sevməmək olmaz", "Ruhunla yaşayıram", "Qəşəngim", "Gözlərinə qurban olum", "Keç günahımdan", "Qayıt, sevgi dünyam", "Nə biləydim", "Bağışla", "Unut bu sevdanı", "Kaş qayıdaq o illərə", "Görməyəcəksən", "Mən səninləyəm", "Xatirə", "Neyləyim" və s. lirik parçalar bu qəbildəndir.
Baxışın iz qoyub gözlərim üstə,
Dilinin ahəngi sözlərim üstə.
Bir dəfə baş qoysam dizlərin üstə
Bütün gəncliyimi yatmaq istərəm.
Müasir həyatımız elmi-texniki tərəqqinin ən yüksək səviyyəyə çatdığı dövrdür. Çoxlarında belə təəssürat yaranır ki, elmi-texniki tərəqqi və şeir bir araya sığmaz. Lakin poeziyanın qüdrəti çox böyük sınaqlardan çıxmış, özünün əbədiyaşar ruh mənbəyi olduğunu dəfələrlə sübut etmişdir. Sadəcə, şeirin hər kəs tərəfindən yazılması, əvvəlki dövrlərdən fərqli olaraq asanlıqla çap edilməsi onu bir qədər nüfuzdan salmışdır. Böyük Müşfiq demişkən, "şairəm söyləyir yerindən duran" dövründə, "qəlp pulu əslindən seçməyin getdikcə mürəkkəbləşdiyi" zəmanədə "Görən, doğrudanmı, oxunmur şeir?" sualı ədəbiyyat xiridarlarını getdikcə daha çox düşündürür. Ancaq əgər bu yaxınlarda BDU-nun Filologiya fakültəsində, onun istedadlı və tələbkar tələbələrinin iştirakı ilə Fəxrəddin Ziyanın yaradıcılıq gecəsi böyük anşlaqla və sonsuz maraqla keçibsə, deməli, əsl sənət hələ də mövcuddur və poeziyaya qiymət verilir, heç bir texnologiya təbii dəyərləri, o cümlədən, şeiri üstələyə bilməz.
Digər tərəfdən, elm və texnologiyanın inkişafı çağdaş zamanın oxucusunu kifayət qədər hazırlıqlı edir. Bu oxucunu hər bəsit cızmaqara və ya duyğudan, hissdən məhrum nəzm parçası ilə aldatmaq mümkün deyil. Fəxrəddin Ziyanın şeirləri intellektual baxımdan çağdaş oxucunun tələblərinə cavab verməyə layiq poeziya nümunələridir. Və bu nümunələr insanın könül rübabını dilləndirən, oxşayan lirik nəğmələrdir: həmişə müasirdir, təzə-tərdir:
O da mücahiddir, millətə örnək,
Duraq, salamına elliklə gedək.
Biz də Vaqif bilək, Nəsimi bilək
Ölümün üzünə gülən şairi.
Şairin qənaətinə görə, yazda ağaclar necə tumurcuqlanırsa, çiçək açırsa və ətriyyatı necə bağı-bağçanı rayihələndirirsə, söz də hisslərin, duyğuların zərif ucunda pardaqlanır, çiçək açır, parlaq tonqal kimi düzü-dünyanı cəlb edir. İnsanın arzu-istəyi söz şəklində onu təravətləndirir, ruhunu ənginliklərə qaldırır:
Arzusu nə, istəyi nə, kim bilir,
Bulaqları həzin-həzin dindirir?
Çaylarını elçi kimi göndərir,
Ümmanlara işi düşüb dağların...
Fəxrəddin Ziyanın şeirlərinin ictimai motivləri təsdiq edir ki, o, bu mövzularda bəzi dırnaqarası millət qəhrəmanlarıtək elə boş-boşuna, nələrinsə xatirinə külüng çalmır. Mövzunu münbit torpağa düşən dən kimi ürəyində cücərdir, onu fəhmin-ağlın süzgəcindən keçirir, sonra qələmə alıb ağ kağıza köçürür: "Millət şərqisi", "Cəsurların nəğməsi", "Xətai işığında", "Şah Xətainin ruhu ilə giley-güzar", "Dördlüklər", "Qəhrəmanlar laylası", "Soyuq təndirlərə çörək yapılmaz", "Yaxşılar", "Keçid dövrü", "Pulsuz kişilər", "Mənim sarvanım", "Qocalar evi", "İki tale", "Ruh dünyası", "Qəzavat", "İslam dinimiz", "Min şükür", "Sənin varlığını kim danar, Allah", "Haqqın dərgahına gedən yol ilə" kimi poeziya nümunələri fikirlərimizin təsdiqi üçün kifayətdir. Şairin məhz söz xəritəsinin genişliyinin səbəbini bunda axtarmaq lazımdır:
Əzan səsi bir sehrdir işimdə,
Yox qeyri səs bu ölçüdə, biçimdə.
Muğamatın yanğısı var içində,
Səsindəki təravətə min şükür!
Şairin "Talesiz qızlar" və "Cavanlıqda" şeirlərində qaldırdığı ciddi məsələlər, bəşəri dəyərlər, əxlaq, tərbiyə məsələləridir. Bu nəsihətamiz poeziya parçalarında konkret süjet xətti yoxdur, əsərlər epik janrın tələblərindən uzaqdır, daha çox lirik səciyyə daşıyırlar. Əsl lirika isə didaktikanı, nəsihəti sevmir. Onun "Talesiz qızlar" şeiri su kimi axıcıdır, rəvandır, eyni zamanda bu kiçik həcmli əsərdə şairin filosofcasına toxunduğu incə məqam nəinki müəllifin, bütöv millətin yaralı yeridir. Müəllif vurğulayır ki, kəndində iş tapmayan və ya elini-obasını bəyənməyən cavan oğlanlar ailə qurmadan, subaylığın daşını atmadan uzaq-yaxın ölkələrə üz tuturlar, irili-xırdalı yaşayış məntəqələrimizdə isə onların yaşıdları "talesiz qızlar" ata ocağında qarıyıb qalırlar. Hər iki tərəf itirir; həm milli kökündən gen düşən oğlanlar, həm də körpə qığıltısına ömürlük həsrət qalan, şairin ürək ağrısı ilə vəsf elədiyi "talesiz qızlar".
Yaşı yaşdan keçər, baxtı açılmaz,
İstisi duyulmaz bu ulduzların.
Gəlinlik boxçası, taxtı açılmaz
Gəlinlik üzünə həsrət qızların.
Bəs kim qarğıyıb bizim cavanları? Onlar niyə qınından çıxıb, qınını bəyənmək istəmirlər? Haçanacan ocaqlarımız kor qalacaq, evlərimizin işığını yandıran olmayacaq? Bu tipli sosial, vacib məsələlərlə bağlı suallar cəmiyyətimizdə hər kəsi düşündürür. "Taleyi bir azmış gəmi taleyi"nə dönən, "Güman və duman içində yol gözləyən", ancaq "Elçi sevdasında aldığı qiymət acı həqiqətə", yalana dönən, "Zərrəcə qayğıya möhtac qalan" bütün yer kürəsinə, "Dünyaya sevilmək öyrədən qadın" obrazını tamam yekunlaşdırmaq naminə şair yenə cəmiyyəti günahlandırır, hədəf seçir:
Şöhrət gəziriksə hər şeydən öncə,
Bədbəxt tükəzbanlar azalmaz, bacım!
Xəstə düşüncəmiz dəyişməyincə,
Sizə sağlam tale yazılmaz, bacım!
Müəllif, deməli, ümumiləşdirmə ilə bu nəticə hasil edir ki, gənclik, cavanlıq ömrün bahar çağıdır, hərdənbir isə bu sevgi fəslində sopsoyuq yellər, xəzan küləkləri də əsə bilər. Çünki fərd kimi yeniyetməlikdən tədricən yetişməyə başlayan insan gah büdrəyir, səhvə yol verir, müdrikləşənə qədər bütöv bir inam-iman yolu keçir. Doğrudur, el arasında "uşaqlığın, cavanlığın bütün qüsurları bağışlanır" - deyirlər. Bu şərtlə ki, sonra təkrarlanmaya, ömrün maneəsinə çevrilməyə:
Gördüyün yüz tərbiyənin faydası yox
Qazanmasan hüsn-rəğbət cavanlıqda.
Uşaqlıqdan xəcillikdən, tənədən qorx,
Qoy özünə qədir-qiymət cavanlıqda.
Fəxrəddin Ziyada bəyəndiyim cəhətlərdən biri də klassik Şərq poeziyasına bağlılığı və Nəsimi, Füzuli, Xətai yaradıcılığını mükəmməl bilməsidir. Fars-ərəb dillərindən xəbərdarlığı onu klassik üslubda yüksək səviyyəli poeziya nümunələri yaratmağını şərtləndirir. Yazdığı qəzəl və qəsidələr göstərir ki, Fəxrəddin əruzu mükəmməl öyrənib, müasir ədəbi dildə çətin janrın tələblərinə uyğun şeir nümunələri yazır:
Sevgisin car eyləməz haqq aşiq ad-san eşqinə,
Canını qurban dilər, aləmdən pünhan eşqinə.
Puç olub arzu-xəyalım, xəzandı fəsli-baharım,
Necə qan ağlamayım bağçası viran eşqimə...
İşıqlı insan, istedadlı şair, səmimi dost, nəcib həkim Fəxrəddin Ziyanı dəyərli vətəndaş, əvəzsiz ziyalı, yaxşı ailə başçısı kimi tanıyıram və ona cansağlığı, oxucuların yaddaşında uzunömürlü məskən tutmağı bacaran yeni yaradıcılıq uğurları arzulayıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
