İsa HƏBİBBƏYLİ
Son illərdə görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun elmi-ədəbi irsinin tədqiqi üzrə tədqiqat apararkən iki müxtəlif fikrin qarşısında yenidən düşünüb-daşınmalı oldum. Müşahidə etdim ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində bir çox hallarda ədəbiyyat tarixçiliyi istiqamətində yazılmış tədqiqatlar da nəzəri təhlil və yanaşma yetərincə olmadığı üçün təqdim olunan faktoloji material xronoloji icmaldan uzağa gedə bilmir. Eyni zamanda ədəbiyyat tarixinə həsr edilmiş araşdırmalar həm də əsasən XX əsrin ikinci yarısında Qulam Məmmədli kimi fədakar salnamələrin arxivlərdən və kitabxanalardan min bir zəhmətlə üzə çıxardıqları faktların, məlumatların və sənədlərin çevrəsində dövr etməkdə davam edir. Son iyirmi-otuz ildə ədəbiyyatşünaslıq tədqiqatları sferasına daxil edilən arxiv materialları heç də arzuedilən səviyyədə deyildir. Ədəbiyyat nəzəriyyəsi tədqiqatlarında da ədəbiyyat tarixinə və ədəbi mətnlərə istinad azlıq təşkil etdiyi məqamlarda nəzəri müddəalar hazır sxemlər təsiri bağışlayır, sanki havadan asılı qalır. Problemi akademik Məmməd Cəfər Cəfərovun elmi-ədəbi irsi ətrafında apardığı araşdırmalar müstəvisində aydınlıq gətirmək əyanilik yarada bilər.
Görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfərov XX əsrdə ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid elmi məktəbinin yaradıcısı kimi Azərbaycanın elm tarixinə daxil olmuşdur. Onun zəngin və çoxcəhətli elmi irsi dövr və zaman sədlərini aşaraq yaşamaq haqqı qazanmışdır. Akademik Məmməd Cəfər Cəfərov sovet hakimiyyəti illərində yaşayıb elmi fəaliyyətlə məşğul olsa da, əsərləri hakim ideologiyanın prinsiplərinə çox az "bulaşan" alimlərdən biri olmuşdur. O, mümkün olduqca daha çox yazıçı və şairlərin gerçək portret-oçerklərini yaratmağa səy göstərmişdir. Alimin "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyası ölkəmizdə ədəbi cərəyan hadisəsinə həsr edilmiş ilk və çox nadir elmi əsərdir. "Hüseyn Cavid" monoqrafiyası yeni tipli ədəbiyyat tarixçiliyi nümunəsidir. "Füzuli sevir" silsiləsi ilə Azərbaycan Füzulişünaslığında fərqli elmi model yaradılmışdır. "Mirzə Fətəli Axundovun ədəbi-tənqidi görüşləri" də bu istiqamətdə müdafiə olunmuş ilk dissertasiyalardan biri kimi digər yazıçılarımızın da görüşlərinin araşdırılıb öyrənilməsinə yol açmışdır. "Nizaminin fikir dünyası" da eynilə Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun da fikir dünyasından yazmağın mükəmməl modelidir.
Akademik Məmməd Cəfər Cəfərovun sağlığında əsərlərinin böyük əksəriyyəti kitablarına daxil edilərək nəşr olunmuşdur. Lakin son illərin axtarışları göstərdi ki, alimin zəngin elmi irsindən onlarla məqalə kitablarında yer almamışdır. Onlardan "Ədəbiyyatımız xalqımızın xidmətində", "Səməd Vurğun yaradıcılığında xəlqilik" (1940), "Bir daha satiramız haqqında" (1942), "Bədii ümumiləşdirmə və romantika" (1945), "Azərbaycan mədəniyyətinin fəxri", "Nekrasov və müasirləri", "Tənqid və moizə" (1946), "Lermontovun şeirləri" (1948), "Azərbaycan sovet dramaturgiyasının bəzi məsələləri haqqında", "Ədəbiyyatın xəlqiliyi və ədəbi irs haqqında" (1949), "İlk Azərbaycan sovet dramları", "Saçlı" və həyatımız" (1949), "Maksim Qorkinin Bakıya üçüncü səfəri" (1950), "Belinski Qorolun sənətkarlıq xüsusiyyətləri haqqında", "Qoqol yaradıcılığının müasir əhəmiyyəti, "Tipiklik realist incəsənətdə partiyalılığın təzahür etdiyi sahədir" (1952), "Yüksək keyfiyyətli dramaturgiya uğrunda" (1953, "1930-1934-ci illərdə Azərbaycan sovet nəşrinin inkişafı" (1954), "Azərbaycan şeirində sənətkarlıq, ənənə və novatorluq haqqında" (1955), "Sovet Azərbaycanının xalq şairi" (1956), "Ədəbi tənqidin bəzi məsələləri" (1957), "XVIII ikinci yarısında nəsr" (1958), "Azərbaycan nəsri 1961-ci ildə" (1961), "Ədəbi qeydlər" (seriya məqalələr), "Qoca dahi bizimlədir" (1962), "Hər şeydən əvvəl konkretlik" (1965), "Tənqidşünas özünün yaradıcılıq planları haqqında" (1968), "Ustad tənqidçinin əsərləri" (1970), "Söz ustalarının böyük vəzifələri" (1971), "Tənqid və ədəbiyyatşünaslıqda şeir vəznləri haqqında" (1972), "Nəsimi şeirində qafiyə zənginliyi" (1973), "Müasirlik problemi və nəşrin axtarışları" (1977), "İşıqlı düşüncələr şairi" (1979), "Tənqid və ədəbi proses: sənətkar və zaman" (1981), "Dissertasiya yazanlara Molla Nəsrəddinin nəsihəti", "Var olsun məhəbbət" (1982), "Qardaşlıq duyğuları", "Şairin səsi-xalqın səsi" (1984), "Bəstəkarın arzuları", "Sevimli Üzeyirimiz" (1985), "Yeni üfüqlər: yenidənqurma və ədəbi tənqid" (1987), "Yeni il arzuların" (1988), "Barlı-bəhrəli ömür" (1991), "Tarixin dərsləri" (1992) və s.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi kitabxanasında akademik Məmməd Cəfər Cəfərovun kitablarını daxil edilməmiş məqalələrindən ibarət bir cildlik əsərləri çapa hazırlanır.
Çox az adam bilir ki, Məmməd Cəfər Cəfərov publisistika ilə də məşğul olmuşdur. Halbuki o, müxtəlif mətbuat orqanlarında fəal iştirak etməklə bərabər, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və baş redaktor vəzifələrində çalışmışdır. Mətbuatla bu qədər yaxın olan yaradıcı şəxsin publisistikadan kənarda qalması mümkün deyildir. Məlumat üçün deyək ki, akademik Məmməd Cəfər Cəfərovun bizə məlum olan iyirmiyə yaxın publisistik məqalələri vardır. Yəqin ki, bu da son hədd deyildir. Axtarışa ehtiyac vardır. Məmməd Cəfər müəllimin publisist məqalələri içərisində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun sağlığında yazılmış "Vətən qəhrəmanı" adlı mükəmməl bir oçerk vardır. Məmməd Cəfər Böyük Vətən müharibə cəbhəsində qəhrəmancasına həlak olan Həzi Aslanovun onun qəhrəman kimi Ana Vətənə "dönüşünü" bu haqda yazdığı "Qəhrəmanın tabutu önündə" adlı rekviyem xarakterli məqalə ilə əbədiləşdirilmişdir. Hər iki publisistika nümunəsini biz üzə çıxardıb, Məmməd Cəfər Cəfərovun ilk dəfə 2022-ci ildə nəşr etdiyimiz 917 səhifədən ibarət "Bədii əsərləri" kitabına daxil etmişik. Lakin Məmməd Cəfər Cəfərovun Böyük Vətən müharibəsi illərində müxtəlif dövrü mətbuat səhifələrində çıxmış alman faşizmi əleyhinə yazılmış çoxsaylı ictimai-siyasi məzmunlu məqalələri və "Ədəbiyyat qəzeti"ndə getmiş digər publisistika nümunələri də vardır. Yeri gəlmişkən, çap olunmuş "Bədii əsərləri" kitabına Məmməd Cəfər Cəfərovun yeni aşkar edilmiş "İnsanlar və talelər" kinodramı, "Get dolanginən, xainsən hələ" tragikomediyası, "Bir mənzum məktuba cavab" poeması da daxil edilmişdir.
Ümumiyyətlə, müşahidələrimiz göstərir ki, xalq yazıçısı Mirzə İbrahimovun, Xalq artisti, akademik Üzeyir Hacıbəylinin, akademik Məmməd Arif Dadaşzadənin, akademik Məmmədağa Şirəliyevin, xalq şairi Bəxtiyar Vahabzadənin, AMEA-nın müxbir üzvləri Abbas Zamanovun, Əbdüləzəl Dəmirçizadənin və onlarla başqa görkəmli yazıçı və şairlərimizin, elm xadimlərimizin də vaxtilə dövrü mətbuatda çıxan, yaxud əlyazması kimi arxivlərdə saxlanan kifayət qədər elmi-publisist məqalələri vardır ki, kitablarına daxil edilmədiyi üçün hazırda elmi dövriyyədə "iştirak" etmir, tədqiqata və təhlilə cəlb edilə bilmir. Azərbaycan Milli Elmlər Akademiyasının humanitaryönlü institutlarında ədəbi-tarixi şəxsiyyətlərə yenidən qayıdış layihələri əsasında görkəmli yazıçıların və elm xadimlərinin arxivləri əsasında onların əsərlərini toplanılıb və tərtib edilib çap edilməsi sahəsində iş aparılır. Üzə çıxarılan yeni məqalələr ədəbiyyat tarixinin müstəqillik işığında yenidən yazılmasında, ayrı-ayrı yazıçıların həyatı və yaradıcılığı haqqında ümumiləşdirilmiş monoqrafik tədqiqatların hazırlanmasında təzə "donor" kimi iştirak edir.
Məlum olduğu kimi, yazıçıların və elm adamlarının məktublaşmaları onların daxili dünyasını, əlaqə və münasibətlərini, sənətə və cəmiyyətə baxışlarını tam müəyyən etmək üçün mötəbər mənbədir. Ölkəmizdə cəmi bir neçə yazıçının və elm adamının məktubları toplanılıb çap edilmişdir. Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə İbrahimov, Abbas Zamandovdan başqa məktubları toplanılıb çap edilən yazıçı və alimlər barmaq ilə sayılacaq qədər azdır. Moskva Dövlət Universitetində uzun illər kafedra müdiri vəzifəsində işləmiş professor Əziz Şərifin Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mindən çox yaxın məktubu saxlanılır. Bu məktublar XX əsr Azərbaycan ədəbi-ictimai mühitinin epistolyar salnaməsidir. Xalq yazıçıları Süleyman Rəhmanovun, Mir Cəlalın, Əbülhəsənin, Əli Vəliyevin lap son dövr yazıçılarımızın və elm adamlarımızın, məsələn, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin və Xalq yazıçısı Elçinin məktublarının üzə çıxarılıb, toplanılıb nəşr edilməsinə böyük ehtiyac vardır. Bunlarsız nə o sənətkarların və alimlərin həyatı və yaradıcılığını, nə də onların dövrünü və mühitini tam dərk və şərh etmək mümkün deyildir.
Keçən illərdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun vaxtilə onunla birlikdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat İnstitutunda təhsil almış Azərbaycanın Xalq yazıçısı İmran Qasımova yazıb göndərdiyi təsirli bir məktubunu oxudum. Məsafəcə bir-birindən uzaqda yaşayan bu görkəmli şəxsiyyətlərin daxili dünyasının zənginliyi, qarşılıqlı dərin inamları və etibarı, sona qədər bölüşmək ehtiyacları, hisslərinin məktub dili ilə ifadəsi ilə tanış olandan sonra hər iki böyük sənətkarı sanki yenidən kəşf etmiş oldum. Məktublaşmaların toplanılıb tədqiq olunmasının əhəmiyyətini daha əyani şəkildə göstərmək üçün Çingiz Aytmatovun 22 sentyabr 1965-ci il tarixdə İmran Qasımova yazdığı məktubun tam mətnini oxuculara təqdim edirəm:
"Əzizim İmran!
Sənin xoş məktubun tam vaxtında gəlib çatıb. Yeni ili bayram kimi qeyd etməyi qəbul etmişik amma günümüzdə narahatlıq, ümid və şübhələr vardır. Belə bir gündə sənin dost sözlərini oxudum və yüngülləşdim. Niyəsini izah etmək çətindir. Belə hissləri yəqin quşlar uzun və çətin uçuşa hazırlaşarkən keçirirlər...
"Qızıl alma" hekayəmin "İzvestiə" qəzetində gülünc ixtisarlarla korlanması mənə pis təsir etdi. Sən yəqin "Literaturnaə qazeta"da əsərin korlanması haqqında yazını oxumusan. Təkcə bu deyil. Qorxulu tənhalıq dəqiqələri olur. Həyat nəhəngliyi ilə hərəkətdədir, sənsə çox şeyləri etmək istəyən amma minlərlə qayğıları olan ölümlü insansan. Çox sağ ol, dostum, ürəyindəki mənə qarşı olan istiliyə görə minnətdaram. Əgər dostların içində çox diqqətli və sənə qarşı həssas olanları varsa, deməli, addımlamaq və elə işləmək lazımdır ki, dostların utanmasınlar.
İmran, bağışla ki, belə şeylərdən yazıram, amma səndən gizlədəsi heç nəyim yoxdur. Əksinə, çox şadam ki, öz düşüncələrimi səninlə açıq bölüşə bilirəm! Hər adama ürəyini boşaltmaq olmaz
Cari ildə fikrim var ki, iki üçlü hekayə yazım. Hər bir üçlük ümumi ideyası və kompozisiyası olan müstəqil və tamamlanmış mərhələ olmalıdır. İlk hekayəsi kiçik povest xarakterindədir və "Ölmüş oğulla görüş" adlanır. Yarısını yazmışam. Tamamlayıb davam edəcəm. Məni "Ana tarla"da olduğu kimi, İnsan və Müharibə mövzusu narahat etməkdədir. Yenə və yenə də mən göstərmək istəyirəm ki, necə qeyri-adi, gözəl insanlar faşizm əleyhinə, sülh yaratmaq üçün müharibədə ölüblər. Mən kəmiyyət olaraq deyil, mənəvi itkiləri nəzərdə tuturam. Bilmirəm, buna nə qədər müyəssər olacam.
İmran, sənin işlərin necədir? Ümid edirəm ki, sağlığın yerindədi. Biz hamımız sənə və ailənə can sağlığı və uğurlu fəaliyyət arzu edirik.
Sənin hər məktubun bizim ailəmizdə hadisəyə çevrilir. Yaz zəhmət olmasa.
İmran, səni bağrıma basıram!
Minarə və Səidəyə ən ülvi arzularımı çatdır.
Yeni pyesini tamamlamısan? Harda tamaşaya qoyulacaq?
Çingiz
4.1.64".
İmran, əzizim!
Çox yaxşı etmisən ki, mənə məktub yazmısan. Buna çox ehtiyacım var idi. Dərhal cavab yazıram.
Darıxmışam səninçün, çoxdandı görüşmürük.
Hansısa kənddə dincəlirsən və işləyirsən. Bu, çox yaxşıdır. Hər dəfə bakılılarla görüşəndə səni soruşuram. Tanrının köməyi ilə hər zaman özünü yaxşı hiss edəsən.
Mənə qaldıqda isə, əvvəlki çatışmazlıqlarla, qorxunc zaman darlığı hiss edirəm. Bizim ziyalılar arasında mədəniyyətin keçmiş meyarlarla təqdimatı, "partiyalı" yaradıcılığa meyllənmə prosesi başlayıb. Qocaların böyük əksəriyyəti "kult" psixologiyasından elə möhkəm yapışıblar ki, onları ayıltmaq, tərbiyə etmək çətindir. Bu da mənim yaradıcılığıma və onlar olan münasibətlərimə təsir edir. Onlar ənənəvi, köhnə meyarları üstün tuturlar və yeni, orijinal olan hər şeydən qorxurlar. "Nəzarət" maniyası onların yenilik hissini boğur. Bütün bunlar mənə təsir edir. Çünki daim inkişaf edən sağlam gənclik ruhumu dəstəkləməliyəm. Çoxlu güc, enerji və əsəb belə işlərə sərf olunur.
Başladığım işləri bitirmək haqqında düşünürəm. Əgər hər şey yaxşı olsa üç povestim alınacaq. Ən əsası odur ki, üzərində işləməyə nəsə var.
Biz tez-tez Bakını, sizin evi, küçəni xatırlayırıq. Həmin binada və insanlarında italyansayağılıq var. Bu mənim çox xoşuma gəlir.
Bax belə, əziz İmran. Mən çox şadam ki, sənin ailən böyüyür, balaca Fərid ümidləndirir. Bizim uşaqlar da o qədər sürətlə böyüyürlər ki, hərdən təəccüb edirəm. Tezliklə məni ötüb keçəcəklər. Onları tərbiyə etmək çətinləşir. Bu yay Əsgərin qolu sındı. Qolunun ön hissəsi tamam qırılmışdı. Bütün yayı gipsdə gəzdi. Təsəvvür edirsən ki, mən Kereslə nə qədər həyəcan və narahatlıq keçirdik. Heç bir yerə getmədik, bütün yayı bağda oturduq. Növbəti işləri gözləyərək yaşayıram.
Bizdən hər kəsə, Minarəyə, Səidəyə, Fəridə salam olsun.
Səni bağrıma basıram, İmran.
Çox sağ ol, xatırladın, ürəyim şad oldu.
Çingiz
22.IX.65.
Hazırda AMEA Ədəbiyyat İnstitutunda Qırğızıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun ortaq layihəsi kimi Çingiz Aytmatovun məktublaşması layihəsi üzərində iş aparırıq. Akademiyanın Əlyazmalar İnstitutu, Şərqşünaslıq İnstitutu və Ədəbiyyat İnstitutunda yazıçıların və alimlərin məktublaşması üzrə elmi layihələr həyata keçirilməkdədir. Keçən il A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun alimləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bir sıra tərcümeyi-hal sənədlərini və haqqında dövrü mətbuat materiallarını aşkar edərək onun çoxcəhətli fəaliyyətimə dair qiymətli bir elmi əsər yazıb nəşr etdirmişlər. Eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin əməkdaşları Üzeyir Hacıbəyli ilə Fransada mühacirətdə yaşamış Ceyhun Hacıbəyli ilə yazışmalarını üzə çıxararaq ictimaiyyətə təqdim etməklə yalnız qardaşlararası münasibətlərə deyil, geniş mənada onların yaşadıqları dövrün xarakteristikasının müəyyən edilməsinə aydınlıq gətirmişlər. Hesab edirəm ki, görkəmli şəxsiyyətlərin məktublaşmaları toplanılmalı araşdırılıb öyrənilməsinin davam etdirilməsi və genişləndirilməsi yazıçı və şairlərimizin, elm adamlarımızın tərcümeyi-halının və yaradıcılıq dünyasının, əlaqə və münasibətlərinin daha əsaslı şəkildə araşdırılıb öyrənilməsinə böyük kömək olacaqdır.
Bir neçə kəlmə də xatirə əşyaları və fotoşəkillər barəsində danışmaq istəyirəm. Bir xeyli bundan qabaq "Literaturnaya qazeta"da Aleksandr Puşkinin Çar Kəndi litseyində oxuyarkən istifadə etdiyi mürəkkəb qabının tapılması haqqında geniş bir məqalə oxumuşdum. Məqalə müəllifi yeni tapılmış mürəkkəb qabını az qala müqəddəsləşdirərək belə nəticəyə gəlmişdi ki, Puşkin özünün litsey şeirlərini ruçkasını bu mürəkkəb qabına batıraraq yazmışdır. Bu qəbildən olan başqa faktlara da rast gəlmişəm. Mixail Lermontovun ən görkəmli tədqiqatçılarından biri olan İrakli Andronikov şairi Piyatiqorskiyə aparan faytonçunun kim olmasına dair müxtəlif versiyaları araşdırıb ortaq qənaətə gələndən sonra bu işi Lermontovun yaradıcılığında Qafqaz mövzusunun proloqu kimi dəyərləndirmişdir. Yaxud professor Əziz Şərif Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasında üç nəfər seminariya tələbəsi ilə çəkdirdiyi şəkildəkilərin adlarının müəyyənləşdirilməsi ilə bir neçə il məşğul olduqdan sonra onlardan birinin Mirzə Əbülqasım Sultanov olduğunu dəqiqləşdirmişdir. Bu, XX sərin əvvəllərinin daha bir tanınmış simasının əlyazmalarını, məktublarını, tərcümələrini, dövrün tanınmış adamları ilə çəkilmiş fotolarını üzə çıxarmağa, tədqiqata cəlb etməyə şərait yaratmışdır. Nadir fotodakı üçüncü şəxsin Ələkbər Məmmədxanov olduğu tərəfimizdən müəyyənləşdirildikdən sonra daha bir azərbaycanlı yazıçı və ictimai xadim haqqında da gerçəkliklər üzə çıxarıldı. Bu yaxınlarda filologiya elmləri doktoru, professor Vilayət Quliyev Ələkbər Məmmədxanov haqqında iri həcmə malik bir monoqrafiya yazıb çap etdirmişdir. Deməli, yazıçı və şairlərlə bağlı xatirə əşyalarının və fotoların tapılıb mətbuat vasitəsilə ictimaiyyətə təqdim olunması, muzeylərə, arxivlərə və kitabxanalara verilməsi sadəcə adi bir əşyanın və ya şəklin əldə olunması demək olmayıb, yaradıcı şəxsiyyətlərin dövrün, mühitin görünməyən tərəflərinin, naməlum səhifələrinin açılıb araşdırılmasına da meydan açır, ədəbi-mədəni mühitdəki boşluqların doldurulmasına xidmət edir.
Bu cəhətdən Azərbaycanda yaxşı bir ənənə olmuşdur. Filologiya elmləri doktoru, professor Teymur Əhmədov Nəriman Nərimanovun haqqında fotolar və tərcümeyi-hal sənədləri əsasında albom-monoqrafiya hazırlayıb çap etdirdikdən sonra bir sıra yazıçılarımızın da albom-monoqrafiyaları nəşr edilmişdir. Artıq Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Mir Cəlal, Məhəmmədhüseyn Şəhriyar, Rəsul Rza, İlyas Əfəndiyev və başqalarının haqqında albom-monoqrafiya janrında hazırlanmış kitablar elmi dövriyyədədir. Heydər Əliyev Fondunun Azərbaycanın görkəmli yazıçıları və mədəniyyət xadimləri haqqında həm yüksək elmi səviyyədə, həm də əsl poliqrafiya nümunəsi olaraq nəşr etdiyi unikal albom-monoqrafiyaları xüsusi olaraq qeyd etmək lazımdır. Lakin son illərdə bütövlükdə albom-monoqrafiya janrı arxa plana keçir və ya albom-monoqrafiyaları daha çox ədiblərin ailə üzvləri hazırlayıb nəşr etdirirlər. Bu məqamda kitabın albom tərəfi qazansa da, tədqiqatçılıq çəkisi, monoqrafiya istiqaməti istər-istəməz "itirir". Ona görə də yazıçı və şairlər, elm adamları və incəsənət xadimləri haqqında professional elmi səviyyədə, elmi ədəbiyyat icmalları ilə müşayiət olunan albom-monoqrafiyaların yazılıb hazırlanmasına və geniş ictimaiyyətə çatdırılmasına ciddi ehtiyac vardır.
Ümumiyyətlə, son illərin elmi-ədəbi proseslərində elmi əsərlərin fundamentallığına xüsusi diqqət yetirilməsi nəticəsində sanballı çoxcildlik nəşrlər, ensiklopediyalar, monoqrafiyalar meydana çıxmışdır. Yaranmış prosesi həm də arxivlərə, ilk mənbələrə, əlyazmalara, dövrü mətbuat materiallarına, tərcümeyi-hal sənədlərinə, fotolara, məktublara doğru yönləndirməklə elmdə fundamentallığın sanbalını və səviyyəsini daha da yüksəltmək olar və bu, zəruridir. Çünki hələ də ayrı-ayrı yazıçı və şairlərin, elm və mədəniyyət xadimlərinin ömür və sənət yolunu tədqiq edərkən XX əsrin altmış-səksəninci illərində Qulam Məmmədlinin, Məmmədəli Nasirin, Xeyrulla Məmmədovun, Kamran Məmmədovun, Ağarəfi Zeynalovun tapıb üzə çıxardıqları, nəşr etdirdikləri salnamələrə, faktlara və sənədlərə daha çox istinad edilir. Yeni tarixi dövr özünün Məmməd Cəfər Cəfərov, Mikayıl Rəfili, Mir Cəlal, Cəfər Xəndan, Yaşar Qarayev kimi nəzəriyyəçi alimlərini, Məmməd Arif və Kamal Talıbzadə miqyasında tənqidçilərini, Həmid Araslı, Feyzulla Qasımzadə kimi ədəbiyyat tarixçilərini, nəhayət, Qulam Məmmədli, Məmmədəli Nasir fədakarlığı nümunəsində salnaməçilərini də meydana çıxarmalıdır. Bu görkəmli şəxsiyyətlərin yaşadıqları dövrdən fərqli olaraq, indi, Müstəqil dövlətçilik şəraitində arxivlərin fondları açılmış, "məxfidir" qrifi aradan qaldırılmış, nəşriyyat imkanlarımız artmışdır.
Son dövrlərdə ədəbiyyat nəzəriyyəsi üzrə bir sıra tədqiqatların meydana çıxmasının təqdir etməklə bərabər, ümumi meyl kimi nəzəri araşdırmalarda ədəbiyyat tarixi materiallarının, bədii mətnlərə istinadın zəifliyini də qeyd etməliyik. Bu halda ədəbiyyat nəzəriyyəsi əsərləri məlum sxemlər əsasında yazılmış icmallar təəssüratı yaradır. Ədəbiyyat nəzəriyyəsində ədəbiyyat tarixçiliyinin "balansı"nı tapmaq lazımdır. Bu cəhətdən Məmməd Cəfər Cəfərovun "Azərbaycan ədəbiyyatında romantizm", Mir Cəlal Paşayevin "Azərbaycan ədəbi məktəblər" monoqrafiyaları çox səciyyəvi nümunə hesab oluna bilər. Nəzəri dərinlik həm də, ədəbi tarixi fakt və əsaslandırma tələb edir.
Nəticə olaraq demək istəyirik ki, elm və ədəbiyyat korifeylərimizin həyatı və yaradıcılığını azərbaycançılıq işığında, yüksək elmi-nəzəri səviyyədə, həm də ilkin mənbələr, yeni arxiv sənədləri, nadir əlyazmalar əsasında yenidən araşdırıb öyrənmək Zamanın çağırışıdır. Həm Azərbaycan Milli Elmlər Akademiyasında və həm də ali məktəblərimizdə, muzeylərimizdə kifayət qədər peşəkar tədqiqatçı alimlərimiz, potensial gənc ehtiyat qüvvələrimiz vardır. Tədqiqatçıları dünyanın müxtəlif elmi mərkəzlərinə göndərmək imkanlarımız da qaydaya düşməkdədir. Hazırda AMEA-nın gənc əməkdaşları Türkiyədə, İtaliyada, Fransada, Polşada, Misirdə stajirovka keçirlər. Elmi fikrimizi, tədqiqat sferamızı, araşdırma mühitimizi daha da genişləndirmək və zənginləşdirmək üçün çalışmaq və yenə də çalışmaq lazımdır: "Ayinəsi işdir kişinin lafə baxılmaz. Şəxsin görünür rütbəyi-əqli əməlindən".
Cəlil Məmmədquluzadənin dediyi kimi, "Əməl, əməl, əməl! Dəxi, bundan vacib başqa bir əməl yoxdur".
Akademik Məmməd Cəfər Cəfərovun indiyədək kitablarına daxil edilməmiş "Tənqid və moizə" adlı məqaləsini oxucuların diqqətinə təqdim edirəm.
31 may 2026-cı il
Məmməd CƏFƏR
Tənqid və moizə
M.F.Axundov özünün tənqid haqqındakı fikirlərində tənqidin insanların əxlaqını tərbiyə etmək işindəki xidmətindən də ətraflı bəhs etmişdir. Bu xüsusda biz istər "Kəmalüddövlə məktubları"nda, istərsə Axundovun məqalələrində və məktublarında müəyyən hökm və mülahizələrə tez-tez rast gəlirik. Tənqidin tərbiyəvi əhəmiyyətindən bəhs edərkən Mirzə Fətəli Axundov hər şeydən əvvəl tənqid ilə, tənqidə zidd olan moizə və nəsihətin əsaslı və kəskin fərqlərini göstərməyə çalışır.
Mirzə Fətəli bu məsələnin geniş izahına buradan başlayır ki, moizə və nəsihətin - bu moizə və nəsihət hər nə qədər mehriban bir dil və təmiz bir ürəklə söylənilmiş olsa belə - insanların tərbiyə və əxlaqına zərrə qədər təsiri yoxdur və olmamışdır. Çünki moizə və nəsihət, elmi və əqli dəlillərə istinad etmədikdə, insan ağlına təsir etmək qabiliyyətindən acizdir. İnsanın bütün fəaliyyətini isə onun ağlı, şüuru müəyyən edir. Sağlam fikirli, faydalı, qabiliyyətli və istedadlı adamı hazırlayıb ortalığa çıxaran hər şeydən əvvəl ağıl və düşüncə olur. Kimin ağlında, şüurunda nə varsa, onun həyatdakı və ictimai münasibətdəki fəaliyyəti, hərəkəti də ona uyğun olur. Yaxşı düşüncəyə sahib olan adam yaxşı, pis düşüncəyə malik olan adam isə pis hərəkət və fəaliyyət göstərir. Bunun nəticəsidir ki, düşüncəsi və idrak qabiliyyəti naqis olan insanlarda pis əməllər, mənfi xasiyyətlər və cinayətlər daha çox baş verir.
Tənqid isə möhkəm elmi və əqli dəlillərə əsaslanır və insanların ağlına müraciət edir, insanların şüuruna təsir edir. Nəsihət və moizə M.F.Axundovun fikrincə dini tərbiyə vasitəsi, xalqı həmişə cəhalətdə və avamlıqda saxlamaq istəyən ruhanilərin tərbiyə üsuludur. Onların məqsədi xalqa batil etiqadları aşılamaq, öz mənfəətləri üçün xalqın gözünü qapamaqdır; tənqid isə filosofların, xalq səadətini, xalq rifahını ürəkdən arzu edən, qəlblərində yalnız xalq, millət məhəbbətini gəzdirən yüksək idrak sahibləri mütəfəkkirlərin tərbiyə üsuludur.
M.F.Axundov tənqidi fikrin çiçəklənməsinin Avropaya nə qədər faydalar verdiyindən bəhs edərək yazır:
"Keçmişdə Avropada da zalıma zülmü etmək üçün nəsihət etməyin lazım olduğunu düşünürdülər. Sonra nəsihətin zalımın təbiətinə qətiyyən təsiri olmadığını gördülər. Buna görə də millət özü dinin maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-birilərinə yekdil, yekcəhət olub zalıma müraciət edib dedilər ki, səltənət və hökumət büsatından əl çək".
Nəticə aydındır. Tənqid siyasi azadlığın böyük və qüdrətli silahıdır. Moizə və nəsihət isə böyük mütəfəkkirin nəzərində siyasi kütlüyə və siyasi tənbəlliyə səbəb olan bir tərbiyə üsuludur. Tənqid edən, xalqın səadətini nəzərə alaraq tənqid edir, nəsihət və moizə edənlər isə öz mənfəətlərini güdərək xalqın başını yastıqlamağa çalışırlar. Bu məntiqə əsaslanaraq Mirzə Fətəli bu nəticəyə gəlir ki, tənqidçiyə ədavət bəsləmək ancaq nadanlıq əlaməti sayıla bilər. Əksinə, namuslu, vicdanlı tənqidçilərdən razı qalmaq, ağıllı adam olmağın ilk əlamətidir.
Tənqidçi öz müasirlərini bir tərəfdən də onların pis adətlərindən uzaqlaşdırmağa çalışır. Moizə və nəsihət edənlər isə, əksinə, keçmişi geri qaytarmağa və ya köhnəliyi mühafizə etməyə çalışırlar. Tənqid həqiqəti göstərir, yaxşını, pisi ayırd edir; nəsihət və moizə isə həqiqəti ört-basdır edir və haqq sözü danışanın ağlını tıxamağa, onu boğmağa çalışır, daim həyatın müsbət həqiqətini hədələməyə can atır. Nəsihət və moizə qəlbi itaətə, müti təbiətliliyə öyrədir, tənqid isə mübarizəyə, üsyana və nəhayət inqilaba, hüquq, azadlıq, istiqlaliyyət uğrunda mübarizəyə çağırır. Axundov tənqiddən xoşlanmayan və narazı qalan tehranlı Mirzə Məhəmməd Cəfərə tənqidin nəsihət və moizəyə görə böyük üstünlüklərindən danışaraq yazır ki: "...İslam əsərlərində kritika bu günə qədər işlənilməmişdir. Buna görədir ki, siz belə şeylərdən qorxursunuz".
Tənqiddən ancaq öz eyiblərini gizlətmək istəyən adamlar, yalançılar, saxtakarlar, hiyləgərlər qorxarlar.
Nəsihət və moizənin, başqa sözlə dini tərbiyə üsullarının tarix boyu bəşər həyatına heç bir müsbət təsir etmədiyindən bəhs edərək M.F.Axundov İranın maarif nəzarətinə göndərdiyi və ümumiyyətlə Axundovun tənqidi əsərləri sırasında mühüm bir yer tutan "Məruzənamə"sində eyni fikirləri inkişaf etdirərək yazır:
"Avropada filosofların zühuruna kimi Roma papaları xalqı elm və maarif təhsilindən mən edirdilər. Amma keşişlərin və vaizlərin vasitəsilə adamları həmişə yaxşı işlərə, gözəl adətlərə və xasiyyətlərə çağırmalarının əsla faydası yox idi. Hər yerdə pis işlər və fəsadlar get-gedə artırdı. Həmin ölkələrdə çap işi ixtira edildikdə xalq, filosofların yol göstərməsi ilə papaların itaət zəncirini boyunlarından atdılar və elmi-mərifət təhsil etməyə başladılar. Nəticədə tərəqqi etmələrindən əlavə, onlarda şər və fəsad yerli-dibli qaldırılmış kimi azaldı... Biz islam tayfası hicrətdən bu günə qədər həmişə minbər, məscid, yığıncaq və məclislərdə alimlər vasitəsilə cahilləri yaxşı işə və gözəl xasiyyətlərə çağırırıq və bu xüsusda onlara vəz və nəsihət edirik. Bizim vəz və nəsihətlərimiz sizlərin xasiyyətlərinə təsir edibdirmi? Bəs bu müddətdə zəhmətimizin nəticəsi nə olub? Oğrular, yol kəsənlər, qatillər həmişə cahillər tayfasından olubdur və vardır və moizə və nəsihət vasitəsilə onların əxlaqını düzəltməyə sərf olunan zəhmətimiz faydasız olubdur. Demək, əxlaqı düzəltmək və pis işləri tərk etmək üçün cəhənnəm qorxusu nə behişt vədi ilə nəsihət və moizənin kifayət edici səbəbi olmadığı sabitdir. Cahillərin hamısı cəhənnəm və behişt haqqında eşidiblər və onlara da etiqadları var və bu etiqadları ilə bərabər yenə pis işlərdən çəkinmirlər. Pis işləri və cinayətləri tərk etməyə kifayət edən səbəb elmdir".
Lakin tənqidin nəsihət və moizəyə görə üstünlüyü bununla qurtarmır. Tənqidin gözəl cəhətlərindən biri də budur ki, "tənqiddə anlaq, istehza və məzxərə kimi yazılır". Belə bir tənqidə isə insan təbiəti hərisdir. İnsanlar bu ruhda olan yazıları suya susamış adam kimi oxuyurlar, ondan öyüd və anlaq hasil edirlər. "Bu bir gizli sirrdir ki", - deyə Axundov davam edir, - "Avropa filosofları bunu anlayıblar, amma mənim millətim hələ bu sirrdən qafildir. İnşallah əgər Kəmalüddövlə məktubları nəşr olunsa, mənim millətim də tərbiyə və mərifət dairəsinə qədəm qoyacaqdır. Mənim millətimin təbii qabiliyyəti Avropa millətlərinin təbii qabiliyyətlərindən neçə mərtəbə yüksəkdir". Lakin nə edəsən ki: "İnsan beyninin tərəqqisi ağıl ilədir. Bu zavallıların isə ağlının hərəkət yolu bağlanmışdır". Demək, ağlı, xalq şüurunu, milli şüuru və dünyəvi şüuru hərəkətə gətirmək üçün ən gözəl çarələrdən biri tənqidi fikrin inkişafına çalışmaqdır.
Nə üçün insan təbiəti tənqidə, tənqidi fikrə hərisdir, nəsihət və moizədən isə insanın həmişə zəhləsi gedir? Yuxarıda görüldüyü kimi, M.F.Axundov tehranlı dostuna yazdığı məktubda tənqidin bu xüsusiyyətini "gizli bir sirr" adlandırır. Lakin biz Mirzə Fətəlinin başqa əsərlərini diqqətlə nəzərdən keçirdikdə bu gizli sirrin ətraflı izah edildiyinin şahidi oluruq.
"Kəmalüddövlə məktubları"nda M.F.Axundov insanlarda yeni əxlaq və yeni dünyagörüşü yaratmağın çarələrini, insanları köhnə, zərərli əqidə və adətlərin zəncirindən xilas edib yeni ruhda tərbiyə etməyin çarələrini izah edərkən böyük məqsədlər tələb edən belə bir tərbiyənin vasitələrini iki əsasda görür:
1. Təbii istedadların, qabiliyyətlərin, başqa sözlə, təbii hisslərin tərbiyəsi və ya sadəcə hissi tərbiyə.
2. Əqli tərbiyə.
Tərbiyənin bu iki vasitəsi M.F.Axundova görə bir-birindən asılı olmaqla bərabər, həm də biri-birindən qüvvət alır və biri digərini tamamlayır. Yəni əqli tərbiyə ilə hissi tərbiyə arasında həmişə sıx vəhdət, sıx əlaqə olur.
Təbii hisslərin tərbiyə edilməsi işində M.F.Axundov hər şeydən əvvəl incəsənətin (poeziya, musiqi, mahnı, teatr, rəqs, heykəltəraşlıq) və müxtəlif əyləncəli oyunların (şahmat, nərd və s.) xüsusi əhəmiyyətini göstərir, çünki bunlar "zehnə cilə verir və ağlı cövhərləndirir". İnsan təbiəti elədir ki, bu vasitələrlə hisslərin tərbiyə edilməsinə həmişə möhtacdır.
Bu dərin psixoloji bir məsələdir. Bunun sirri də ondadır ki, insanın təbiəti fərəh və hüzn ilə qarışır. Yəni hər bir insanda həm fərəhlənmək, həm də kədərlənmək qabiliyyəti vardır. İnsanın qəlbində, ruhunda fərəh kök saldığı kimi, kədər və hüzn də kök sala bilər. Bunlardan hər hansı birinin insan təbiətində özünə əsas yer tuta bilməsi xarici təsirlərdən, başqa sözlə, hissin nə yolda tərbiyə edilməsindən asılıdır. Hər halda hissləri elə bir yolda tərbiyələndirmək lazımdır ki, insanda olan bu təbii qabiliyyətlər fəaliyyətdən düşməsinlər. Xüsusən insanda şadlıq və fərəhdoğurucu təsirlərə fikir vermək lazımdır. Çünki: "Vəsaili-fərəhu sürurdan kənarə olmaq, həvasi-məəttəl edər (hissləri dondurar) və ağlı paslandırar". Şadlıq və fərəhdoğurucu vasitələrdən uzaqlaşmaq hissləri kütləşdirər, fəaliyyətdən salar və əksinə, fərəh və şadlıqdoğurucu təsirlər həddindən artıq, ifrat dərəcədə olsa, qeyd olunan qabiliyyətlərin xarab olmasına, korlanmasına da səbəb ola bilər.
Əqli tərbiyə vasitələrindən danışdıqda isə M.F.Axundov hər şeydən əvvəl müxtəlif elmlərin əsasını təhsil etməkdən ibarət bilir. Lakin bu elmlər dini elmlər kimi boş cəfəngiyatdan və əfsanələrdən ibarət olmayıb; fizika, kimya, astronomiya, coğrafiya, hesab (riyaziyyat), təbiyyət, tarix, incəsənətə aid elmlər və s. - əlhasil, sözün geniş mənasında təbiət və ictimai elmlərdən ibarət olmalıdır.
Hissi tərbiyə birinci növbədə insanda təbii qabiliyyətlərin və istedadların inkişaf etdirilməsinə kömək etdiyi halda, əqli tərbiyə isə nadanlıq və cəhalətin aradan qaldırılmasına, insanda yüksək idrak qabiliyyətinin yaradılmasına, insanın təbiət və ictimai həyat qanunlarını doğru və düzgün anlaya bilməsinə kömək etməlidir. Hissi tərbiyənin məqsədi hər şeydən əvvəl insanı bir insan kimi tərbiyə etmək, insanda insana məxsus olan təbii qabiliyyətlərin oyanmasına və saölam inkişafına kömək etmək olmalıdır. Əqli tərbiyənin məqsədi isə həmin bu insanı hisslər, duyğular əsasında qurulan və təbiətdən daha çox tərbiyənin və həyati təcrübələrin məhsulu olan yüksək kamalın inkişaf etdirilməsinə xidmət etmək olmalıdır.
Lakin M.F.Axundov bir həqiqəti xüsusilə qeyd edir, o da budur ki, əqli tərbiyə ancaq hissi tərbiyə əsasında qurulur. Başqa sözlə, əqli tərbiyə insanın təbii qabiliyyətlərinin əsasında yaranır. Ona görə də hissi tərbiyə əvvəlcədən məqsədəuyğun bir tərzdə tamamlanmazsa, onun üzərində əqli tərbiyəni qurmaq, əsaslandırmaq olduqca ciddi çətinliklər törədə bilər. Çünki hisslərin kütləşməsi nəticəsində əqli inkişafın yolları da qapanır, pas atır.
Hissi tərbiyə dedikdə - insan təbiətinə təsir etmək, onu məqsədəuyğun bir yolda oyatmaq, ona məqsədəuyğun bir istiqamət vermək deməkdir. Əqli tərbiyə dedikdə başqa sözlə, təbiət və həyat həqiqətləri haqqında biliklərlə zehni qidalandırmaq, ağla rövnəq vermək deməkdir.
Beləliklə, tənqidin insan əxlaqı, şüurunun tərbiyəsində və anlaq tərbiyəsində böyük faydalarının gizli sirrlərindən biri budur ki, tənqiddə tərbiyəvi anlaq fikirlər, ideyalar, istehza və məsxərə şəklində yazıldığı zaman - bədii əsərlərdə olduğu kimi, insanda təbii qabiliyyətlərdən, "qüvvələrdən" biri olan fərəhlənmək, şadlanmaq hissi oyanır və hərəkətə gəlir. Ciddi, düşündürücü, kəskin, tragik şəklində yazıldığı halda isə - ciddi fəlsəfi və ya bədii-tragik əsərlərdə olduğu kimi, insanda təbii qabiliyyətlərin ikincisi olan kədərlənmək hissini oyadır. Beləliklə də, tənqidi əsərləri oxuduqda və dinlədikdə insan bütün təbii hisslərdə və böyük bir həvəslə onunla maraqlanır. Başqa sözlə, tənqidi oxumaqda bütün hisslər iştirak edir.
İkinci tərəfdən tənqid qəti elmi dəlillərə istinad etmək üçün ağlın qüvvətlənməsinə və həyat haqqında yüksək biliklərlə silahlanmasına kömək edir. Ancaq tənqidi faydaları haqqında gizli sirrlərin tərifi bunlarla bitmir. Tənqidin böyük gizli sirrlərindən biri də budur ki, o, insanı pis əməllərdən, pis adətlərdən uzaqlaşdırır, yaxşı və gözəl əməllərə cəlb edir. Tənqidin bu sirri də, Mirzə Fətəlinin izahına görə, yenə təbii-psixoloji bir hadisədir və bunun izahına ehtiyac vardır. O da budur ki, bəşərdə fitri bir qabiliyyət var ki, haman bu qabiliyyət yaxşı əməllərlə pis əməlləri bir-birindən ayırd etmək, fərqləndirmək üçün insana kömək edir. Daha ətraflı deyilsə, bu fitri qabiliyyətin sirri və mənası ondadır ki, insan həmişə xeyir əməldən, yaxşı işdən ləzzət alır və pis işdən incinir, ruhi əzab duyur. Məsələn, bir yetim uşağın sevildiyini görmək və ya onu sevmək insana ləzzət verir; əksinə, haman yetimin döyüldüyünü görmək insanda ruhi əzab doğurur. Bu fitri qabiliyyət insanı heyvandan ayıran başlıca xüsusiyyətlərdən biridir və məhz bu xüsusiyyət insan eqoizmi ilə heyvan eqoizmini bir-birindən kəskin surətdə fərqləndirir. Bu qabiliyyətə istinad edərək tərbiyə etməklə insanı doğru yola cəlb etmək mümkündür. Tənqid isə bir cəhətdən də insanda olan bu təbii qabiliyyətə istinad edərək insanı tərbiyə edir.
Axundov bu məsələ haqqında fikirlərinə aşağıdakı sözlərlə yekun vurur:
"Pis və çirkin adətləri insanın təbiətindən kritika, istehza və məsxərədən başqa heç bir şey qoparıb çıxara bilməz... Kritika müasirlərin əxlaqını tərbiyə və təhzibdə təsirsiz deyildir və gələcək nəslin əxlaqını tərbiyə və təhzibdə mükəmməl təsiri var və gözəl nəticə də bağışlar".
İnsanları doğru nəslə sövq etmək üçün əlverişli vasitələrdən biri də, Mirzə Fətəliyə görə, insan sevgi-təbiilərinin ən əhəmiyyətlilərindən biri sayılan qorxu (vahimə) sövqi-təbiisidir. Çünki bu hissin köməyi ilə insan öz dost-düşmənini, ona xeyirli və ya zərərli olan hadisələri, iş və hərəkətləri daha aydın müəyyən edə bilir. Lakin insanda olan bu hissi axirət qorxusu, cənnət-cəhənnəm qorxusu ilə deyil, dünya siyasəti qorxusu ilə tərbiyə etmək lazımdır. Lakin Mirzə Fətəli təkrarən qeyd edir ki, bu dünya siyasəti qorxusu elə bir ədalətli siyasət qorxusu olmalıdır ki, onun təsiri ilə hər bir insan, hər bir vətəndaş namuslu, qeyrətli vətənpərvər olmağa çalışsın, ağıllı olmağa can atsın, pis əməllərdən uzaq olmağa səy etsin. "Pəs cəraimin ədəmi-süduruna bais cəhənnəm deyil, bəlkə xövfi siyasəti-dünyəviyyədir və sərzənişi-əmsal və ərqandır və namus və qeyrət və əql və elmdir və həm təbiəti-bəşəriyyətdə vədiə olunan bir qüvvə və bir xasiyyətdir ki, əməli-xeyir ilə əməli-şərrə və əməli-həsən ilə əməli-seyyiyə təşxis vermək üçün və əməli-xeyirdən məhzuz və əməli-şərdən münzəçir olmaq üçün insanı qabil edər".
Tənqid amansız olduğundan və bütün həyati həqiqətləri çıplaqlığı ilə açıb ortalığa qoyduğundan, pis insanları, pis əməlləri cəsarətlə qamçıladığından, o eyni zamanda insanda olan vahimə sövq-təbiisini də tərbiyə edir və bu hissi oyatmaq, hərəkətə gətirmək yolu ilə pis insanları pis əməllərdən çəkindirir və yaxşı insanları pis əməllər sahibi olan insanlara təqlid etməkdən, onların təsiri altına düşməkdən saqındırır, cəmiyyətin, həyatın əmin-amanlığın səbəb olur. Tənqidin həyata son dərəcə son dərəcə faydalı olmasının gizli sirrlərindən biri də həmin bu xüsusiyyətdir. Buna görədir ki:
"Hökumətin əmr və nəhylərini nüfuzlu və nizamlı etmək, milləti tərbiyə və həmməzhəblərin əxlaqını düzəltmək üçün kritikadan daha məharətli bir vasitə yoxdur".
Nəticə: bir tərəfdən təbiətin köməyilə - insanda olan fitri insanlıq qabiliyyətlərini hərəkətə gətirmək və tərbiyə etmək yolu ilə, ikinci tərəfdən isə tərbiyə, elmi tənqid sayəsində zehnə və təbiətə cilə vermək yolu ilə insanları pis əməllərdən, pis adətlərdən, batil əqidələrin təsirindən uzaqlaşdırıb doğru yola cəlb etmək, onları gözəl, xoşbəxt, ədalətli bir cəmiyyətin fəal qurucularına çevirmək mümkündür.
AEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat məcmuəsi" jurnalı, 1946, "2, s.48-54
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
