Sadəlik və müdriklik, yaxud Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında düşüncələr (Əvvəli ötən sayımızda) - Firuz MUSTAFA

Esse-triptix

 

3. "Baş"

 

"Gündəliklər"imdən qeydlər. 03 avqust 2025-ci il.

Çox ağır, üzücü bir xəbər gəldi. Xalq yazıçısı, qüdrətli ədibimiz, görkəmli ictimai-siyasi xadim Elçin vəfat edib. Eşitmişdim, bilirdim ki, xəstədir. Ötən vaxtlar Türkiyədə müalicə almışdı.

Əlbəttə, biz onunla yaxın dost deyildik. Hətta, şəxsi görüşlərimiz də epizodik xarakter daşımışdır. Müxtəlif tədbirlərdə rastlaşıb kef-əhval tutmuşduq. Arabir zəngləşməyimiz də olurdu. İntensiv əlaqələrimiz olmasa da, bir-birimizə qarşılıqlı hörmətimiz vardı.

Haşiyə: "Gündəliklər"dən sətirlər. 20.03.2023

"Hava küləklidir. Günün ikinci yarısı Elçin müəllimə zəng vurdum. Bahar bayramı münasibəti ilə təbrik etdim. İş-gücümlə maraqlandı. Yazıçıların son qurultayında mənim dramaturgiya haqqındakı məruzəmi bir daha xatırlayıb dedi ki, "çox əhatəli çıxış idi, orada çox ciddi mətləblərə toxunulub". Sonra söhbət onun "Baş" romanının üstünə gəldi. Mən əsər haqqında fikirlərimi dedim. Yazıçı cəsarətini xüsusi olaraq vurğuladım..."

Elçinin romanının adı da rəmzi bir məna kəsb edirdi: "Baş". Roman özünün orijinal bədii məziyyətləri ilə yanaşı, bir yazıçı-vətəndaş mövqeyi ilə də diqqəti çəkən bir əsərdir. Bu romanda konkret tarixlə yazıçı təxəyyülü bir nöqtədə çarpazlaşır. Bəli, əsl söz adamı cəsarətdən hali ola bilməzlər. Onlar həm yaradıcı şəxsiyyət, həm də təəssübkeş bir vətəndaş kimi daim həqiqətin, gerçəkliyin yanında olurlar. Bu mənada Elçinin "Baş" romanı əsl yazıçı cəsarətinin parlaq təzahürü və şəksiz, ədəbi hadisə kimi qiymətləndirilməlidir. Doğrudur, bu əsərdə də hadisələr təlatümlərlə dolu olan konkret tarixi müstəvidə cərəyan edir. Amma bu, həm də yazıçının özünün yaratdığı tarixi müstəvidir. Əsərdəki hadisələr vizual şəkildə Azərbaycan reallığında baş versə də, hadisələrin kökü daha dərin qatlara enir. Yazıçı təkcə personajlarının deyil, hadisələrin baş verdiyi epoxanın, yəni təxminən, iki yüz il bundan əvvəlki dövrün də psixoloji və mənəvi "xarakteristikasını" dəqiqliklə vermişdir. "Baş" tam milli düşüncənin məhsulu olsa da, müasir dünya romançılığının sanballı nümunələrindən biri hesab oluna bilər.

Roman nəşr edilən kimi, təkcə bizdə deyil, bir sıra ölkələrdə də ədəbi aləmin diqqətini cəlb etdi. Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən çap olunmuş kitab rus ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirildi. Bu faktın xüsusi olaraq vurğulanması təsadüfi deyil. Məsələ burasındadır ki, bu roman Qafqazın baş komandanı - gürcü əsilli general Sisianovun hərfi və məcazi mənada başının üzülməsi fonunda rus imerialist- şovinist dairələrinə vurulan əsl bədii-tarixi bir "şapalaq"dır.

Gündəlikdən sətirlər: "Söhbət əsnasında mən yazıçıya məhz müasir rus ədəbiyyatçılarının və ümumiyyətlə "rus faktoru"nun bu əsərə münasibəti barədə üstüörtülü sual verərkən o, dəstəkdə gülərək dedi: "Bildim sən nəyə işarə edirsən. Elə mənim özümçün də maraqlı və bir az da gözlənilməz oldu ki, roman ruslar tərəfindən süngü ilə qarşılanmadı. Əksinə, təqdiredici yazılar da çıxdı".

Onu da deməliyəm ki, "Baş" romanı digər xarici ölkə nəşriyyatlarının da böyük marağına səbəb olmuşdur. Əsər Türkiyə, Almaniya, İngiltərə, Gürcüstanda və Moldovada da nəşr edilmiş, oxucular tərəfindən böyük maraqla qarşılanmışdır...

Yadımdadır, yazıçı ilə son dəfə 2024-cü ilin aprel ayında "Azdrama"nın tamaşaçı zalında görüşmüşdük.

"Gündəliklər"imdən qeydlər. 02.04.2024. "Elçinin bir neçə teatrda tamaşaya qoyulmuş "Şekspir" əsəri indi Bələdiyyə teatrında hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəylidir. Premyera "Azdrama"nın səhnəsində oldu. Zal dolu idi. Tamaşaya oğlum Aqşinlə baxdıq.

Tamaşa yaxşı keçdi. Tez-tez alqış sədaları eşidilirdi.

Sonda yaxınlaşıb Elçini təbrik etdim. Yazıçı bir qədər yorğun görünürdü".

Elçin təbiətən çox diqqətcil və obyektiv adam idi. Haqqımda dəfələrlə yazılı və şifahi söz demişdi. Uşaq kimi təmiz təbəssümü vardı. Xeyirxah idi. Arada zəngləşirdik.

Qüdrətli nəsr qələmi vardı. Fərqli dramaturji əsərlər müəllifi idi. Əvəzolunmaz ədəbiyyatçı və tənqidçi idi. İctimai-siyasi fəaliyyəti ilə seçilirdi. Vətənpərvər idi. Elçin həm "Vətən" cəmiyyətinə rəhbərlik edərkən, həm də ondan sonrakı dövrdə - milli hökumətdə yüksək ranqlı vəzifədə çalışarkən mədəniyyətimizin təbliği və dünya mədəni arenasına çıxması üçün əlindən gələni əsirgəməmişdir...

...Artıq Elçin yoxdur.

03.08.2025. Mən Gədəbəydə, kənddə, Şınıxdayam. Təəssüf ki, onun yas mərasimində iştirak edə bilməyəcəyəm.

Hə, indi xatırladım. Bir dəfə telefonda söhbət edərkən yarızarafat-yarıciddi dedi ki, mənim Gədəbəylə bağlı xatirələrim var, vaxtilə, lap ilk gəncliyimdə orada olmuşam. Dedim ki, bilirəm. Soruşdu ki, haradan bilirsən? Cavab verdim ki, "Poçt şöbəsində xəyal" absurd dramınızdakı personajdan, özü atdan yıxılsa da, rayona gətirdiyi qəzetləri xilas edən "poçt rəisi" obrazından bilirəm. Gülüb dedi ki, düz tapmısan.

P.S. Bir müsahibəmdə təxminən, belə bir ifadə işlətmişdim: "Ədəbi tənqidin mütləq ədəbi məntiqi olmalıdır". Elçin öz yazılarında bu ifadəni bir neçə dəfə təqdir etmişdi. Mənimçün o da xoşdur ki, böyük yazıçımız bir sıra çıxış, qeyd, müsahibə və məqalələrində yaradıcılığımla bağlı fikirlər söyləmişdir. Məsələn, o, yazırdı: "Firuz Mustafa filosofdur, fəlsəfə elmi ilə məşğul olur, ancaq onun pyeslərində hissiyyat idrakdan zəif deyil ki, bəlkə də güclüdür və mən bunu onun pyeslərinin müsbət bədii-estetik spesifikası kimi qəbul edirəm ...Firuz Mustafanın müasir dünyadakı qloballaşma mövzusu ilə bağlı esselərini mən yaddaqalan yazılar hesab edirəm". Və yaxud: "Professionallıq dil bilmək kimi bir şeydir, onu daima işlətmək lazımdır, yoxsa ki, passivə çevriləcək və son illər bizim ədəbi prosesdə fəal iştirak edən yazıçı Firuz Mustafa düz deyir ki, tənqidçi ədəbiyyatın içində olmalıdır ... ona görə düz deyir ki, tənqidçi ədəbiyyatın içindən çıxanda, yaxşı halda onun qələmi korlaşır, pis halda isə o artıq professional tənqidçi hünərini itirir, professional ilə həvəskar arasındakı mərtəbəyə enir. Tənqidçi üçün başqa sahələrlə (tarix, fəlsəfə, ictimai publisistika və s.) məşğul olmaq, onun "ədəbiyyatın içindən" çıxması bahasına baş verməməlidir; əgər o, "ədəbiyyatın içində" ola-ola başqa sahələrə maraq göstərirsə, bu, əlbəttə, onun düşüncələrinin, elmi-nəzəri təfəkkürünün zənginliyindən xəbər verir".

Bu qeydləri yazan zaman Elçinin son dəfə Şuşada olarkən "BakuPost.az" saytına verdiyi müsahibə gözümə dəydi. Bu onun son müsahibəsidir. Bu müsahibədə dramaturgiya haqqında söhbət açarkən, böyük yazıçı mənim də yaradıcılığıma toxunmağı unutmur, adımı digər həmkarlarımla birlikdə çəkərək dramaturgiyamızın, ümumiyyətlə ədəbiyyatımızın gələcəyindən narahatlıq və nigarançılığını ifadə edərək sözünü belə yekunlaşdırır: "Daha kim? Olsun ki, daha iki-üç ad çəkmək olar, bu, bəs edir? Əlbəttə, yox..."

Ruhun şad olsun, metr...

Xalq yazıçısı Anar yazır: "Elçin ləyaqətlə yaşanmış bir ömrün 40 ildən artıq müddətini ədəbiyyata həsr etmiş, çağdaş nəsrimizin, dramaturgiyamızın, tənqidimizin aparıcı şəxsiyyətlərindən biri kimi şöhrət qazanmışdır".

Bu yazını Elçinin öz sözləri ilə tamamlayıram: "Ədəbiyyatın... öz missiyası var. Bu missiya o vaxt bitə bilər ki, daha Yer üzündə insan olmasın. Əgər insan olacaqsa, bəşəriyyət yaşayacaqsa, ədəbiyyat da bəşəriyyətlə bərabər olacaq. O, yalnız formasını dəyişəcək, mahiyyətini yox..."

Bu sözlərə yalnız onu əlavə etmək olar ki, nə qədər ədəbiyyatımız varsa, Elçinin əsərləri yaşayacaq, oxunacaq, seviləcək.

Və nəhayət, məqalənin sərlövhəsi, yəni başlığa çıxarılan "Sadəlik və Müdriklik" ifadəsi Xalq yazıçısı Elçinin məşhur əsərlərindən birinin adıdır. Bəli, sadəlik və müdriklik Elçinin həyat və fəaliyyətinə daim işıq tutan amillər olmuşdur. Bu işıq heç zaman sozalmayacaq, sönməyəcək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!