Elnarə QARAGÖZOVA
Filoloq, dilçi, ədəbi tənqidçi Aydın Məmmədovun Azərbaycan filologiyasında, türkoloji fikir və milli ideologiyanın formalaşmasında diqqətəlayiq xidmətləri olmuşdur. Onun elmi fəaliyyəti, ədəbi-tənqidi görüşləri milli filoloji düşüncə sistemində özünəməxsus yer tutur. XX əsrin II yarısında, xüsusilə, əsrin sonlarında Azərbaycan filoloji fikrində yeni dalğa başladı. Həmin dalğaya məxsus imzalar yalnız elmi deyil, həm də milli düşüncənin formalaşmasına təsir edən ziyalı və ictimai xadim kimi tanındılar. Bu imzalardan biri olan Aydın Məmmədovun elmi araşdırmalarının əsas istiqamətlərini türk dillərinin tarixi, Azərbaycan dilinin inkişaf problemləri və milli-mədəni identiklik məsələləri təşkil edirdi. Aydın Məmmədov elmi fəaliyyətində Azərbaycan türklərinin qədim tarixinin və etnik köklərinin araşdırılmasına xüsusi diqqət yetirir, araşdırmalarında onların bu coğrafiyada qədim dövrlərdən yaşadığını elmi faktlarla əsaslandırmağa çalışırdı. Türk xalqları arasında ortaq mədəni yaddaşın və dil birliyinin qorunmasını vacib hesab edən alim yalnız türkologiya və dilçilikdə deyil, Azərbaycan ədəbi tənqidində də özünəməxsus mövqeyə malik tədqiqatçı kimi iz qoymuşdur. Xalq yazıçısı Anar yazır: "Səksəninci illərdə bir neçə gənc dilçi-alimimiz, yəqin ki, ədəbi tənqid sahəsində müəyyən kasadlıq, xüsusən də, cavan nəsil tənqidçilərinin az olması səbəbindən, əzm və həvəslə ədəbiyyatımızın bu cəbhəsində fəaliyyət göstərməyə başladı. Aydın da onlardan biri, həm də ən dərin mühakimələrə, ən dəqiq təhlilə qadir olanlarından idi. İstər öz ədəbi nəsli, istərsə də daha yaşlı nəsillərin nümayəndələri haqqında yazıları, o cümlədən, mənim haqqımda yazdığı məqalə o dövrki tənqidimizin yeni, daha müasir səviyyəsini müəyyənləşdirirdi".
Klassik irslə müasir ədəbi düşüncənin sintezini vacib hesab edən Aydın Məmmədov ədəbi mətnlərdə süni pafosun, şablon ifadələrin, ideoloji stereotiplərin əleyhinə idi. Onun ədəbi-tənqidi məqalələri sırasında "Zamanla səsləşən şeirlər sorağında" araşdırması xüsusilə seçilir. Məqalədə Aydın Məmmədov Azərbaycan poeziyasında saxta pafos, şablon və "konveyer şeir" problemini sərt şəkildə tənqid edir. Alim poeziyanı şüarçılıqdan azad etməyə, vətənpərvərliyi pafosla deyil, bədii yenilik, fərdi düşüncə və canlı obrazlarla ifadə etməyə çağırır: "Əgər eyni mövzuya həsr olunan şeirlərin hər birisi orijinal obrazlar sistemi və poetik özünəməxsusluqla fərqlənsəydi, onda heç bir şübhə yoxdur ki, onlara olan oxucu marağı da güclənərdi. Lakin əfsuslar olsun ki, vətəndaşlıq və vətənpərvərlik "iddiası" ilə yazılmış şeirlərin çoxusunda müəllifdən müəllifə keçdikcə dəyişən, ancaq sadalanan fikirlərin, sadalanan predmetlərin sayı olur". Ciddi estetik və elmi meyarlar üzərində qurulmuş məqalədə klassik və müasir poeziya müqayisəli şəkildə analiz edilərək ənənə ilə novatorluğun əlaqəsi xüsusi vurğulanır. Sərt tonu ilə seçilən bu ikihissəli geniş məqalə zamanında böyük rezonans doğurmuşdu. Aydın Məmmədovun məqalədə səsləndirdiyi həm milli kökə bağlı, həm də yeni düşüncə daşıyan poeziya haqqında fikirləri bu gün də aktuallığını qoruyur.

Aydın Məmmədovun "Bugünkü nəsrimizin poetik mənzərəsi" məqaləsi 60-70-ci illər nəsrinə analitik və yeni elmi baxışı ifadə edir. Aydın Məmmədov nəsr əsərlərini yalnız süjet və mövzu baxımından deyil, mətnin poetikasına və bədii obrazların strukturuna görə qiymətləndirir. "Lakin şeir və nəsr haqqında fikir söyləyərkən, bir şeyi yadda saxlamaq lazımdır ki, hər iki növdən olan əsərlər oxucuya xidmət edir və bu baxımdan da şeirlə nəsrin əsas fərqlərindən başlıcası onlardan alınan effekt, təəssüratdır. Şeirdən əksər hallarda poetik, lirik-psixoloji çalar, ruhi təlatüm gəlirsə, nəsr əsərindən bunlardan əlavə daha çox yaddaqalan mövzu, danışılan hadisələr olur."
Tənqidçinin dilçi kimliyi onun nəsr əsərlərinin bədii dilinə qarşı tələbkarlığında özünü kəskin şəkildə büruzə verir. Aydın Məmmədov nəsr əsərlərində dilin ritminə və sintaktik quruluşun dəqiqliyinə xüsusi diqqət yetirir, dilimizin təbii ahəngini pozan xarici sintaktik qəliblərin süni şəkildə nəsrə gətirilməsini kəskin tənqid edirdi. Ədəbiyyatşünas Qurban Bayramovun fikrincə, "Dilçi Aydınla tənqidçi Aydının birləşən müşahidə və mühakimələri ayrı-ayrı ədəbi-estetik problemlərin əsaslı, obyektiv şərhinə, təhlilinə etibarlı estetik zəmin hazırlayır. Elə bir zəmin ki, xarakter, qəhrəman, forma və məzmun, yazıçı mövqeyi, aktuallıq və müasirlik, bədii dil və sənətkarlıq problemlərinin düzgün, dürüst, səviyyəli tədqiq və təqdimini təmin edir".
Aydın Məmmədov "Nəsrin çətin yolları, tənqidçi dolanbacları" məqaləsində 1980-ci illər Azərbaycan nəsrindəki mövzu eyniliyini, obrazların poetik kasadlığını və publisistik şablonların mətnə nüfuzunu tənqid edirdi. Kəskin tənqidçi baxışı 80-ci illər ədəbiyyatını belə qiymətləndirir: "Azərbaycan yazıçılarının müxtəlif nəsillərinin nümayəndələri tərəfindən 1980-ci ildən bəri yazılmış və yaxud ilk dəfə dərc edilmiş müxtəlif həcmli, müxtəlif janrlı, müxtəlif mövzulu və nəhayət, müxtəlif bədii səviyyəli əsərlərə nəzər salsaq, görərik ki, bunların içərisində 30-40-cı illərin zəif bədii nümunələri səviyyəsində olan əsərlər də var, ondan aşağı olanları da, 60-cı illərin yaxşı nümunələrini kor-koranə yamsılayanları da və nəhayət, tamamilə ötəri, yalnız çap olunmaq xatirinə yazılanları da..." Aydın Məmmədov bu məqaləsində ümumən dövrün nəsrindəki sxematizmi, bədii dilin zəifliyini və süni qəlibləri tənqid edir, yazıçılar qarşısında ciddi sənətkarlıq tələbləri qoymaqla dövrün ədəbi-tənqidi fikrinə yeni estetik meyarlar gətirir.
Tənqidçi Aydın Məmmədov və yazıçı Anar arasında reallaşan və tənqidçinin "Sözümüz eşidilənədək" adlandırdığı dialoq-müsahibə yalnız iki ziyalının söhbəti deyil, həm də bir dövrün mənəvi və estetik axtarışlarının ifadəsidir. Yazıçı və tənqidçi bu polemikada ədəbiyyatın cəmiyyət qarşısındakı missiyası, yazıçının məsuliyyəti və həqiqətin sənətdə necə əks olunması kimi mühüm məsələlərə fərqli cəbhələrdən münasibəti sərgiləyirlər. Fikrimizcə, "Sözümüz eşidilənədək" sovet dövründə Azərbaycan ziyalılarının düşüncə atmosferini, azad fikir axtarışını və milli-mənəvi özünüdərk prosesini əks etdirən mühüm mətnlərdən biridir. Təsadüfi deyil ki, Aydın Məmmədov 1988-ci ildə dərc olunan kitabını da bu dialoq-müsahibənin adı ilə - "Sözümüz eşidilənədək" adlandırdı. "Sözümüz eşidilənədək" alimin məqalələrini, tərcümələrini, müsahibələrini, ictimai-siyasi düşüncələrini, milli ideologiya ilə bağlı baxışlarını əks etdirən mühüm əsərlərdəndir. Milli düşüncə manifesti kimi də qiymətləndirilə bilən bu kitab bu gün də aktuallığını qoruyur və hər bir müasir ədəbi tənqidçinin stolüstü kitablarından biridir.
Aydın Məmmədov imzası yalnız ədəbi-tənqidi, türkoloji və dilçilik araşdırmaları ilə deyil, esseləri ilə də düşüncə tariximizə daxil olmuşdur. Onun "Biz nə istəyirik?" adlı essesi həmin dövrün insanının mənəvi yorğunluğunu, cəmiyyətin daxili böhranını və həyatın mənası ilə bağlı fəlsəfi düşüncələri özündə birləşdirir. Essenin əvvəlində xatırladılan "Əhədi kəsilmiş atları güllələyirlər, elə deyilmi?" filmi insanın ümidsizlik içində yaşamasının simvoluna çevrilir, müəllif ekzistensial suallara cavab verməyə cəhd edərək oxucunu da düşünməyə vadar edir: "Bizə nə vəd olunub? Biz nə istəyirik? Bizə vəd olunan şeyin mahiyyətini, qiymətini, dəyərini özümüz üçün düzgünmü müəyyənləşdirmişik? Və yaxud dəli kimi hayqıra-hayqıra, qışqıra-qışqıra, bir-birimizi itələyə-itələyə, dümsükləyə-dümsükləyə gah yavaş, gah yorğa, gah da nəfəsi kəsilə-kəsilə, sürünə-sürünə işığına getmiş olduğumuz o arzu özü bizim üçün tam aydındırmı? Mahiyyətini bilirikmi? Bilirikmi ki, bu bizim, doğrudan da, həyatımız boyu arzuladığımız, gözlədiyimiz o böyük arzudur, yoxsa bu da milyon-milyon arzularımız kimi bir yol dolanbacında, bir dalanda qismətimizə çıxandan sonra dişimizə vurub ayaqlarımızın altına tullayacağımız və üstündən adlayıb keçəcəyimiz arzulardan biridir?
Yüz minlərlə sualımız var. Və bu sualları elə bil dünya bir dərd kimi, bir sər kimi, bir yağış kimi, qar kimi atıb bizim üstümüzə. Biz də bu sualları çuvallarımıza yığır, qucaq-qucaq, anbar-anbar toplayırıq. Və Allahın bir insaflı bəndəsi də yoxdur desin ki, ay İnsan, bu qədər sualları dağ anbarı yığmısan üst-üstə, bəs onların hansı birinin cavabını tapmısan? Və yaxud cavabını tapmağa iqtidarın, ağlın və gücün var?" Essedəki bu ardıcıl verilən suallar - "Biz nə istəyirik?", "Arzumuzun mahiyyətini bilirikmi?" - oxucunu düşündürməklə yanaşı, yazının emosional təsir gücünü də artırır. Aydın Məmmədov bu essesində ruhu yorulan insanın həyatın "əraf"ında qalmasını metaforalar, ritmik cümlələr, ritorik suallarla çatdıraraq fəlsəfi-publisistik essenin maraqlı bir örnəyini yaratmışdır.
Yaradıcılığında milli düşüncə və milli özünüdərk, Azərbaycan türklərinin tarixi kökləri, dil və mədəniyyət problemi, ədəbiyyatda həqiqət və sənət anlayışı, sovet ideologiyasının tənqidi, mənəvi azadlıq məsələləri mühüm yer tutan Aydın Məmmədovun irsi vəfatından sonra da diqqət mərkəzində qalmaqda davam edir. 70 illik yubileyi münasibətilə 2015-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən "Tərcümə Mərkəzinin kitabları" seriyası çərçivəsində "Sözün Aydını" sərlövhəli kitab-toplu dərc edilmişdir. Yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlının tərtibatında işıq üzü görən kitabda Aydın Məmmədovun elmi məqalələri, esseləri və müsahibələri ilə yanaşı, onunla bağlı xatirələr, haqqında yazılan araşdırmalar da yer almışdır. Xalq yazıçısı Afaq Məsud "Bu dünyanın Aydın hadisəsi" adlı Ön sözdə yazır: "Aydın kimi insanlar, həmkarım Aqil Abbasın Aydın barədə dediyi kimi, "peyğəmbər olmaq istəyən, lakin ola bilməyən" insanlar Yer üzünə öz möcüzələri, ərməğanları və əlamətləri ilə gəlirlər. İnsanlığı nələrdənsə agah etməkdən, yeni insan nümunəsi nümayiş etdirməkdən ötrü gəlirlər. Aydın da Azərbaycana bundan ötrü gəlmişdi. Möcüzəvi fikirləri, adi insan təfəkkürünə sığışmayan, hansısa, ayrı növ həqiqətləri ilə gəlmişdi. Digər "qalan peyğəmbərlər" və peyğəmbər olmaq istəyənlər kimi gəlib onlar kimi də getdi.". "Sözün Aydını" Aydın Məmmədovun alim obrazını həm öz əsərləri, həm də onu yaxından tanıyan həmkarlarının, çağdaşlarının xatirələri vasitəsilə təqdim edən dəyərli mənbə-topludur.
Bədii mətnə dil, tarix, milli kimlik kontekstində yanaşan Aydın Məmmədovun ədəbi-tənqidi yazılarında emosional üslub, fəlsəfi yanaşma və polemik düşüncə üstünlük təşkil edir. Bədii mətnə yanaşmada analitika, elmi dəqiqlik, ictimai məsuliyyət faktorlarını ədəbi tənqid tariximizdə möhkəmləndirən Aydın Məmmədovun yaradıcılığı bu gün də aktuallığı ilə diqqəti cəlb edir və yeni araşdırmalar üçün istinad, ilham mənbəyinə çevrilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
