Şair, dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi Hikmət Ziya bir çox janrlarda əsərlər yazmışdır. Lirik və satirik şeirlər, poema, hekayə, nağıl-povest, pyes, səhnəcik, publisistik məqalələr müəllifi olan şair ədəbiyyatda daha çox təmsilləri ilə tanınmışdır. Hikmət Ziya təmsillərində cəmiyyətdə baş verən xoşagəlməz hadisələri, nöqsan və qüsurları daha çox heyvan və bitkilərin timsalında ifadə edirdi. Təmsillərində insanlara xas müsbət, yaxud xoşagəlməz xüsusiyyətləri heyvanların üzərinə köçürməklə ifadə edən şairin məqsədi oxucularda, xüsusilə, yeniyetmə və uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlər, zəhmətsevərlik, ətrafındakılara ədalətli münasibət, cəmiyyətlə uğurlu ünsiyyət kimi dəyərlər aşılamaq olmuşdur.

Azərbaycan ədəbiyyatında təmsillərə hələ Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Xətainin, Abbasqulu Ağa Bakıxanovun, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin yaradıcılığında rast gəlinsə də, sonrakı mərhələdə janra müraciət daha çox Hikmət Ziyanın adı ilə bağlıdır. Onu "Azərbaycan poeziyasının Krılovu", "ustad təmsilçi", "təmsilin ustadı" adlandıranlar haqlı idilər. Üç minə yaxın təmsil yazan şair heyvan və bitkiləri, ayrı-ayrı təbiət varlıqlarını, müxtəlif əşyaları, durğu işarələrini, hərf və rəqəmləri şəxsləndirmiş, onların maraqlı obrazlarını yaratmışdır. Onun təmsilləri özündə hikmət, lakoniklik, maraqlı fikir tutumu əks etdirir. Məsuliyyətsiz, iddialı, iş bacarmayan, tənbəl, yalan danışan, paxıl, saxtakar və nankorluq kimi xüsusiyyətləri öz təmsillərində tənqid atəşinə tutan şair yazır ki:
Mənə deyənlər var: "Doymadın cana?
Təmsilin sonuna nöqtə qoysana!.."
- Xeyr! Əl çəkmərəm, söyləyirəm mən, -
Tülkü əl çəkməsə tülkülüyündən,
Çaqqal Şirə quyruq bulamağından...
Xülasə, qısa,
Əşyalar, heyvanlar olmasa adam,
Təmsilin sonuna nöqtə qoymaram.
Təmsil yazmaq müəllifdən həm diqqətli müşahidə qabiliyyəti, gördükləri ilə heyvan və cansız varlıqlar arasında uyğunluq tapmaq, onların obrazları vasitəsilə fikrini aydın çatdırmaq və ibrətamiz nəticəyə gəlmək kimi bacarıqlar tələb edir ki, Hikmət Ziya şeirində bütün bu xüsusiyyətlər gözlənilmişdir.
Şairin həm böyük, həm kiçikhəcmli təmsilləri oxucuda tanıdığı bir xarakteri, rastlaşdığı hadisəni yada salır. Hətta bu təmsillərdə hansısa millətə xas olan xüsusiyyətləri də görmək olur. Məsələn, "Tarix uyduran bayquş" təmsilində özülü zəif olduğu üçün dağılan yeni bir tikilinin - xarabalığın üstünə qonub "min il qabaq burada yurd salmışdır əcdadım" - deyən bayquş bizə yalançı, iddialı qonşularımızı xatırladır. Yaxud aşağıdakı təmsildə başqasının bacarığını, uğurunu gözü götürməyənlərin obrazını görürük:
Tərifli söz danışsan
Dovğaya Doğramacdan,
Deyirdi eyham ilə:
- Çiydir, bişməyib hələ.
İynənin bacarığını üsküyün qabiliyyəti hesab edən sancaq, bülbülün səsini bəyənməyən cırcırama, qurbağa və sərçə, çaya paxıllıq edən arx, çəngəli gözü götürməyən yaba, palıd ağacına tənə edən cır armud, bal arısının işinə şərik olmaq istəyən eşşək arısı, ələkdən şikayət edən kəpək, ağacdələni lazımsız bilən ağacqurdu kimi özünəməftunlar, heç nəyə faydası olmayanlar Hikmət Ziya təmsillərinin maraqlı personajlarıdır. Azyaşlılar bu təmsillər vasitəsilə təbiəti, cəmiyyəti, onun yazılmamış qanunlarını əylənə-əylənə öyrənir, nəticə çıxarır, həm ədəbi-estetik, həm tərbiyəvi keyfiyyətlərə yiyələnirlər. Belə maraqlı təmsillərdən biri də bülbül və sərçə haqqındadır. Öz "ifası" haqqında bülbülün fikrini bilmək istəyən sərçə xeyli cik-cikdən sonra ustadın münasibətini soruşur:
Sonra sual etdi: - Əziz Bülbülüm,
Necədir? İstədim rəyini bilim.
Bülbül cavab verdi açıq ürəklə:
- Müğənniyə fitri, xoş səs gərəkdir,
Yoxsa, de, səni kim dinləyəcəkdir?!
O gündən bu Sərçə hara baş çəkir,
Dərin ah çəkir,
Deyir: - Cavanlara Bülbül dağ çəkir!
Şairin "Qış yuxuları", "Yeni ildən umacaqlar", "Qarğış təmsilləri", "Alqış təmsilləri", "Qorxulu xəstəliklər", "Mahnılar", "Monoloq təmsillər", "Xəbərdarlıqlar", "Bir aprel aldatmaları" və başqa adda maraqlı silsilə təmsilləri var. Bu başlıqlar altında verilən təmsillərdə hər obrazın xarakterik xüsusiyyətini ustalıqla təsvir edən müəllif öz məqsəd və qayəsini ifadə etməklə yanaşı, münasibətini də bildirmiş olurdu. "Monoloq təmsillər"də cırcırama, mamır, ördək, qurbağa, çömçə, rəndə, civə, ilan monoloq söyləyirsə, onlar təkcə özlərinin deyil, xislətcə bənzəri olduqları insan obrazlarını, onların düşüncə və xarakterini ifadə etmiş olurlar. "Yeni il umacaqları"nda Göyərçin yeni təqvim ilindən dünyaya sülh, Fil fərəh və rahatlıq, Bal arısı gül-çiçək istəyəndə Tülkü bicliyinin artmasını, Zürafə ağacdakı meyvələrin hamısını özü yeməsi üçün hamının boyundan kəsilib ona verilməsini, Ayı arılara bolluca bal, amma iynələrinin olmamasını istəyir. Çaqqal hiyləgərliyin tülküdən alınıb ona verilməsini, Buqələmun işlərini aşıra bilmək üçün heç kimin sezmədiyi rəng arzulayır.
Şairin hərflər, rəqəmlər, durğu işarələrinin dilindən səslənən maraqlı təmsilləri var. Bir-birinin uğuruna sevinməyən, iddialı, hər yerdə özünü birinci görənlər, öz yerində olmayanlar hərflər, durğu işarələri vasitəsilə ifşa olunurlar:
Kiçik "a" dedi: - Cümlə,
Mənlə başlasa olmaz?
Hərdən kiçikləri də,
Qabağa çəkin bir az!
...Bir gün sətir başında
Gördülər kiçik "a"nı,
Dedilər: - Bu cümlənin,
Görün əvvəli hanı?..
Oxucu Hikmət Ziyanın təmsillərində xalq ədəbiyyatında, digər yazılı nümunələrdə rast gəlinən təmsil qəhrəmanlarından fərqli və maraqlı obrazlarla da tanış olur.
Hikmət Ziyanın yaradıcılığında Vətən, onun əsrarəngiz gözəllikləri, maddi-mənəvi sərvətləri, tarixi nailiyyətləri də vəsf olunmuşdur. Onun Şəki, Mingəçevir, Qəbələ kimi şəhərlər haqqında əsərləri ilə yanaşı Qarabağa həsr olunmuş şeiri də var. Şeirdə Qarabağın füsunkar təbiəti, tarixi abidələri və şəxsiyyətləri, zaman-zaman formalaşan qonaqpərvərlik, böyüklərə qədirşünas münasibət kimi dəyərləri heyranlıqla təqdim olunur:
Köksündə hər qayası tarixləşib tunc olan
Yenilməz abidəmdir yerdən göyə ucalan.
Yaşı yüzü ötsə də, yoxdur burda qocalan,
İnsan ömrü çətin ki, köç eylər Qarabağda,
Min ilin yorğunu da dincələr Qarabağda.
Qobustanı "daş kitab", "sirli sirdaş kitabı", rəngsiz, boyasız rəsmlər muzeyi, "yerin qövsi-qüzehi" kimi xarakterizə edən, Şəkini Qafqazın bir parçası, ana dilinin xoş hecası adlandıran şair vətən haqqında yazdığı əsərlərdə Azərbaycanın obrazını yaratmışdır:
Xəritədə baxsan mənə, qartalam,
Tarix göstərməyib bir quşu çalam,
Haramdan uzağam, hər vaxt halalam,
Daş heykəl Qobustan, qədim Azıxam...
Nəyi udmuşam ki, nəyi uduzam?!
Hikmət Ziya ülvi sevgini, saf duyğuları tərənnüm edən lirik şeirlər də yazmışdır. Bu poetik nümunələrdəki səmimi hisslərin ifadəsi, dil sadəliyi və axıcılıq bəstəkarların diqqətindən qaçmamış, onun "Sənin qəlbindən keçər", "Sən məni yad etsən", "Mən sənsiz, sən də mənsiz", "Küsüşdük, barışdıq", "Yeganəm", "Bəxtiyarlığım", "Ay yaraşıqlı", "Şirin yuxum olasan", "Sən olmasan", "Xoş gəlmisən" kimi şeirlərinə musiqilər bəstələmişlər.
Uzun illər uşaq mətbu orqanlarında - "Azərbaycan pioneri" qəzetində, "Göyərçin" jurnalında məsul vəzifələrdə işlədiyindən daim kiçik oxucuların marağını, zövqünü, estetik tərbiyəsini, dünyagörüşünü nəzərə alan yazıçı onlar üçün müxtəlif janrlarda - hekayə, nağıl, səhnəcik, təmsil yazmışdır. "Göyərçin" jurnalında uzun müddət "Balaca Nəsrəddin" rubrikası altında lətifələr, tapmacalar, yanıltmaclar təqdim etmişdir. Hekayələrlə yanaşı nağıl-povest janrına da müraciət etmiş, "Qərib cinlər diyarında" adlı maraqlı əsər yazmışdır. Əsərin əsasında film də çəkilmişdir. Nağıl-povest maddi sərvət, var-dövlət üçün vətənini, doğmalarını qoyub, cinlərin diyarına üz tutan Qəribin timsalında nəfsinə satılıb yadlara köləlik yolunu seçənlərin aqibəti haqqındadır. Qərib əcinə və iblislərin məmləkətini seçib onların təklif etdikləri daş-qaş qarşılığında bütün istəklərini yerinə yetirir, insanların bacardığı - ev tikmək, əkin sahəsi becərmək, taxıl yetişdirmək kimi işləri cinlərə həm öyrədir, həm də icrasında köməklik edirdi. Sonda nə qədər sərvət sahibi olsa da, xoşbəxtliyin maddiyyatda olmadığını başa düşür. Əsarətdə qalmaq, yadlara köləlik etmək, istismar olunmaq, özü üçün yox, başqası üçün işləmək onu ağrıtmağa başlayır. O, qazandığı hər şeyi - işinə yaramayan daş-qaşları verib əvəzində Vətənə, anasına qovuşmaq istəyir. Qayıtmaq onun üçün asan başa gəlmir. Gedəndə anası, qardaşı, sevgilisi Zərəfşanla mübarizə aparan Qəribin yolunda indi divlər, əjdahalar, iblislər dayanır. Amma Qərib Simurq quşunun ona öyrətdiyi sehrli "Can, ay Vətən!" sözünü deyə-deyə yolunun üstündəki bütün maneələri məhv edə bilir. Vətən sevgisi onun bütün qorxularına və çətinliklərinə qalib gəlir. Bütün qara qüvvələri dəf edən Qərib "- Ömrün uzun olsun, Simurq quşu! Obandan-yuvandan ayrı düşməyəsən! Balalarının canı sağ, qanadları qüvvətli olsun! Ömürləri boyu yad yerə, yad ələ keçməsinlər...", - deyib, ona vətənə qayıtmaq üçün köməklik edib yol göstərən Simurq quşuna alqış edir. Yazıçı uşaqlar üçün yazdığı bu nağıl-povest vasitəsi ilə azyaşlılara vətən sevgisi, ana öyüdünə qulaq asmağı aşılayırdı. Sovet dövründə azadlığa qovuşmaq üçün mücadilə aparan, divlərlə, əjdahalarla döyüşən, başqalarına işləməkdən imtina edən bir obraz yaratmaq yazıçıdan cəsarət tələb edirdi. Hikmət Ziya Qəribin timsalında belə obraz yaratmağa nail olmuşdur.
Hikmət Ziya bədii tərcümə ilə də məşğul olmuş, rus ədəbiyyatından - A.S.Puşkinin əsərlərindən bir neçə nümunəni, A.Krılovun təmsillərini Azərbaycan dilinə çevirmişdir.
Yazıçı kinematoqrafiya sahəsində də fəaliyyət göstərmişdir. "Əli Bayramlı" (1971), "Azərbaycan qadını" (1974), "Qərib cinlər diyarında" (1977), "Dəcəl dovşan" (1981) filmlərinin ssenariləri Hikmət Ziyaya məxsusdur. Həmçinin "Sınaq" pyesi Lənkəran, "Əkiz qardaşlar" dramı Abdulla Şaiq adına Kukla Teatrında tamaşaya qoyulmuş, "Mehir məsələsi", "Meşədə qala" əsərləri əsasında isə radio-tamaşalar hazırlanmışdır.
Hikmət Ziya öz çoxyönlü fəaliyyəti və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, xüsusilə, uşaq ədəbiyyatının, uşaq mətbuatının inkişafına xidmət etmiş, Azərbaycan poeziyasında təmsil janrının formalaşmasında böyük rol oynamışdır. Onun uşaq ədəbiyyatı nümunələri quru və sönük təsvirçilikdən, nəsihətçilikdən uzaq olub, mənalı və maraqlı təqdim üsulu ilə seçilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
