Elnarə AKİMOVA
Fanilik İmamverdi İsmayılov nəsrinin sevimli xronotoplarından birinə çevrilib. Bu mənada, az əvvəl yazdığı və ədəbi prosesdə ciddi rezonans yaratmış "Bayquş və Qarovulçu" hekayəsini "Labirint"ə gətirən yolun başlanğıcı da saymaq olar. Bəlkə daha əvvələ gedib aforizmlərdən başlamaq da caiz sayılar. Hər bir halda həyata, dünyaya mediativ baxışın nəticəsi olan bu mətnlər insanın mənəvi təkamül mərhələsini, inanca çevrilmiş həqiqət axtarışını simvolizə edən sonsuzluq işarələridir. "Labirint" hekayəsində də bu sonsuzluğun, ölüm nəğməsinin səsini eşidirsən.
"Labirint" sırf dekadans üslubda yazılmış mətndir. Dekadans ruhun çöküşüdür, insanın həyat, dünya, gələcəklə bağlı düşüncələrinin müxalif bir çıxılmazlığa dirənməsi, fərdin içində yaranan "son" problematikasıdır.
Ötən əsrin əvvəllərində bədii düşüncənin yeni təfəkkür modelləri axtarışında fərqli fəaliyyət sferasına adlaması ilə bu cərəyanın işləklik ərazisi genişləndi. Qərbdə bu sosial anomaliya ilə ekzistensialist fəlsəfə məşğul olurkən, keçmiş postsovet məkanı ölkələrinin dünya ilə, insanla yeni münasibətlər sistemi yaratmağa çalışan fəlsəfi-estetik fikrində sərt realistik boyalar üstünlük qazanmağa başladı. Bu proses bizdə açıq-aydın yox, bir qədər gizli işarələr, mifik-mistik kodlarla sərgilənirdi və yalnız ədəbiyyat sahəsi üçün deyil, ümumən mədəniyyətin bütün aspektləri üçün səciyyəvi idi. Rəssamlıqda Səttar Bəhlulzadənin rəsmlərində (məsələn, "Kəpəzin göz yaşları" tablosu) ehtiva olunan altqatlığı, rənglərin bətninə çökən, daxilinə hopdurulan dərinlik ideyaları, ağrı simvolikasını virtual olaraq hiss eləmək çətin olmurdu. Musiqidə Qara Qarayevin çoxqatlı musiqisi - "Üçüncü simfoniya", "Skripka ilə orkestr üçün konsert"də gur, çılğın, əsəbi notlar arxasından axıb gələn dərin bəşəri kədərin səsi aydın eşidilirdi. Yaxud teatr sahəsində Vaqif İbrahimoğlunun yaratdığı "Yuğ" Teatrının tamam özgə məzmun, mündəricə arayan, tamaşaçını yepyeni dünya ilə üzbəüz qoyan estetikası, əslində, ənənəvi sənət baxışlarını dəyişməyə, yeniləşdirməyə yönəlmiş bir missiya idi və palimpsest olan, yəni, qat altından qat verən fəaliyyətində bu missiyanı realizə edirdi. Başlıca amil bədii qəhrəmanın mənəvi dünyasına varmaq idi.
.jpg)
Bu təmayül müstəqillik illərində də prozaik düşüncənin aparıcı istiqamətlərindən birinə çevrildi. 90-cı illərin xaotik durumu, bir-birinin ardınca baş verən kataklik proseslər, torpaq itkisi, soyqırım dəhşəti insanların içindəki boşluğu bir qədər də dərinləşdirdi, mənəvi tənəzzül prosesi başladı. Mənəvi-ruhsal çöküş ədəbi-mədəni həyatımızın bütün sferalarına sirayət etdi. Zaman və onunla bağlı ideyaların deqradasiyaya uğraması cəmiyyətdə "son" problematikasını labüdləşdirdi, şəxsiyyətin iflasına, onun içindəki çöküş fəlsəfəsinin yaranmasına rəvac vermiş oldu. Tribun səciyyəli toplumsal-siyasi tematikadan imtina edən nəsr daha çox boşluqla sonuclanan həqiqət axtarıcılığı, taleyin biganəliyi, dünyanın faniliyi və insan ruhuna yabançılığı, tənhalıq və bundan doğan çözümsüz kədər, ölümü həyat, həyatı iztirab kimi yaşamaq kimi məsələləri özünün əsas xəttinə çevirdi.
İmamverdi İsmayılovun son hekayələrində də başlıca hədəf absurd situasiyalar, insan təkliyi, mənəvi böhran təsvirləridir. Həyat və ölüm, dünya və mən, təbiət və insan - bu mətnlərdə artıq özgə problematika və mündəricədə bədii müstəviyə gətirilir. Xüsusilə, "Labirint" hekayəsində müəllif qəribə bir böhran zolağı yaradır. Qəhrəman özü ilə mənəvi dünyası arasında uçurumdadır. İlk baxışda heç bir hadisə baş vermir, əslində isə olanlar baş verənlərin sonucudur. İnsanın cəmiyyətdən və özündən təcrid olunmasına gətirən proseslər dalğası mətndə periferiyanı təşkil edir. Bu mənada, sona qədər hansısa hadisənin baş verəcəyinə, xatirələrin qanadında da olsa, hansısa situsiya ilə tanış olacağına ümidli olan oxucu boşluqla üz-üzə qalır. Qocanın ömür məkanın üfüqlərində keçmiş və gələcək qara bir xəyal kimi birdəfəlik uzaqlaşıb qeyb olur. Yerdə qalan nədir bəs?.. "Son" aqibətini yaşayan insanın tale mifologiyası! Belə çözümsüz kədərin arifmetikasında bioqrafik çalarlar ancaq fonu təşkil edə bilər.
"Labirint"də "ölüm" sözünün leksik-semantik təhlili və mətndə işləklik səviyyəsi qocanın tale mətninin bütün məqamlarını oxumaq imkanı verir. Hər şeyə marağını, həvəsini itirən, mənasızlığı dərk edən insan üçün keçmişlə indiki zamanın sərhədi itir. Bu dünyada heç nəyə bağlana, mehrini sala bilmir. Qəhrəman üçün ətrafda olan heç nə normal məntiqə sığmır, reallıqla qarabasma arasında qeyri-müəyyənlik hökm sürür.
Əslində, hekayənin qəhrəmanı iki dünyanın sərhədində yaşayır. Bəlkə buna görə həyat ona ikisəsli görünür, şüuraltındakı ikiləşmə, təkrarlara varmağı da bu səbəbdən baş verir. Bu şübhə və gümanlar, intravert - özünə, içinə yığılmış suallar, mühakimələr onun ömür fəlsəfəsinin cövhərinin əsasını təşkil etməyə başlayır.
"Ölüm", "fanilik" İmamverdi İsmayılovin mətn poetikasında sadəcə arxetiplər deyil, dünyanı dərketmə üsuludur. Bunu həmin sözlərin işlənmə tezliyi də göstərir. Bu ifadələrin hekayələrdəki varlığı poetik dilin strukturu və semantikasını da dəyişdirir. Yol boyu qəhrəmanın olduğu yerlər, ətrafa reaksiyaları, yaddaşından keçən düşüncələr dünyanın və insan ömrünün faniliyinə bir işarədir. Bu fənalıq duyğusu əsərin ovqat süjetini təşkil edir. Müəllif bu ovqat içrə qəhrəmanını şəhərin küçələri ilə gəzdirib dolaşdırdıqca onun məkanlara qaynayıb qarışdığı, hətta özünü itirdiyini belə hiss edirik. Bəlkə bu, elə qocanın öz içinin yaşam fəlsəfəsinə səyahəti imiş?!. Yəni qoca fiziki yoxluğu dadmazdan əvvəl psixoloji-mistik mənada ölüm məkanına daxil olur: "Evi ilə həkimin oturduğu o quş qəfəsinin arasındakı məsafəni unudur, adəti üzrə, dönüb təkrar addımlamaq, saymaq istəyir. Getdiyi yerdəcə mıxlanıb qalır, səkilərdə boydan-boya düzlənmiş aqlay daşları sayır, qəlbində qəribə niyyətlər tuturdu. Cüt, ya tək, niyyətində tutduğunu almayanda bikefləyir, heç nədən qanı qaralır. Guya hər şey bu inancla puç olub, bununla da bitdi. Daş qayaya rast gələn kimi çabalayır, nə axtarır, istəyi nədi, anlamır".
Ziqmund Freyd "Həzz prinsipinin o biri tərəfində" adlı araşdırmasında təkrarlama fenomenindən bəhs edir və bildirir ki, subyekt psixoanalitik akt prosesində gerçək həyatında baş vermiş travmanı xatırlamaq əvəzinə, onu dönə-dönə təkrarlayır. Bunun ləzzət prinsipi ilə heç bir əlaqəsi yoxdur. Bu, "ölümün cezvinə" düşməkdir. Görün nə qədər dəqiq analiz edir Freyd! "Labirint"in varlıqla yoxluq arasında çırpınan qəhrəmanı da bu dünya ilə haqq-hesabının bitdiyi anda özünü ölümə təslim edir.
Bu yerdə müəllifin mətn toxumasına daxil etdiyi - gəzişmə, müşahidə məqamları prosesi daha da qüvvətləndirmək səciyyəsi daşıyır. Xüsusilə, müşahidələrin obrazlı və emosional dinamikası "Labirint" hekayəsinin konstruksiyasında daha qabarıq görünür. Qəhrəmanın ölümü düşünmə aktı ontoloji müstəvidən sosial-metaforik müstəviyə keçir: "Darıxıb darınır, baş götürüb, boş-boşuna məhlələri gəzir. Yas yeri, mağar, mərasim zalı görəndə, dayanıb göz gəzdirir, düşünür ki, nə qədər adam tuta bilər bura? Tez də maraqlanır: "Cavandı, neçə yaşı vardı, xəstə idi? Aman, hər gün, hər məhlədə bir adam ölərsə, bu hesabla qəbiristanlıq itər, məzarlıq gəlib lap boğaza dirənər ki!?"
Hekayə gün işığı ilə başlasa da, gecənin bağrını yaran azan səsi ilə bitir. Bu dissonans yaradan mənəvi ərazidə İmamverdi İsmayılov yalnız məkanları dəyişmir, nuar estetika, bədbin atmosferlə nəinki gecə ilə gündüz, eləcə də qəhrəmanın özü ilə içi arasındakı sərhədi silir. Seçilmiş estetika isə mətnin faciəvi mahiyyətini tamamlayır. Personajın mənəvi mücadiləsinin vizuallaşdırılması da hekayədə emosiyaların üzdə deyil, daxili qatda yaşanması ilə baş tutur. Bu üsul müəllifə həm özgələşmə anını qəhrəmanın şüurunun prizmasından göstərmək, həm də ölümlə bağlı düşüncələrinin pafosdan uzaq bədii həllini vermək üçün gərək olur.
Hekayənin təsirli epizodlarından biri gülsatan oğlanla olan dialoqdur. Burada qəhrəmanın təkliyi çıxış yolu olmayan, hermetik təsvir olunur. Oğlana kömək məqsədilə pul verib əvəzində gülü mütləq şəkildə götürmək təklifi alanda: "Bilirsən, oğlum, sən bunu başqa yerə yozma. Məni bağışla, bağışla məni! Gülü alıb neyləyəcəm ki!? Bu ahıl çağımda, yan-yörəmdə gül hədiyyə verəsi heç kimim yoxdu mənim, heeeç kimim!..", - deməsi qocanın həyatla bağların qırılmasını işarələyir.
Boz şəhər həyatı, ayaqlar çəkilmiş hənirsiz küçə, yuxusuzluq, məscid, mərasim zalı, azan səsi, yeknəsək həyat tərzi - bütün bu mənzərələrin təsvirindən İmamverdi İsmayılov qəhrəmanın ekzistensial duyğularının fon gücləndiricisi kimi istifadə edir: "Bazar-dükanda hər malın qiyməti üstünnən asılı, bəs satıla və alına bilən adamların "məzənnəsini" kim qoyacaq?!. Hər şeyin dəyəri var, bütün səbəblərin səbəbkarı olan bəşər övladı isə hər an dəyərdən və gözdən düşür".
Mətndəki bütün mənzərələr qəhrəmanın sıxıntılı ruh halına nəzərən - sanki dar, nəfəskəsici qəfəs interyerində qurulur və kifayət qədər minimalist dekorasiya ilə, soyuq və solğun rənglərlə işlənir. Bununla yazıçı bütün mizanların depressivliyi ifadə etməsinə nail olur: "...Qaranlıq şəhərin canına çökürdü, zülmət gecə, elə bil, birdəfəlik qururdu öz çadırını.
Üz-gözünü qamaşdıran bayaqkı səhər günəşinin hərarətindən əsər-əlamət qalmayıb...
Havanın qaş-qabağı yernən gedir, gözünü yumub-tökür, əməlli-başlı yağış yağır. Bayaqkı dolmuş buludlar göz yaşını gözü doyunca boşaldır və sanki uca səmanın duzlu, nurlu gilələri onun köz bağlamış yaralı ruhunnan axıb süzülür".
Yazıçı daxili monoloq, fragmentar düşüncə axını, psixoloji təhlilə əsaslanan narrativ struktur vasitəsilə insanın tənhalığını, mənəvi parçalanmasını və özgələşmə, yadlaşma amilini təcəssüm predmetinə çevirir və uğurlu bədii həllini verir. Bütün situasiyalarda şüuraltı metafora avtomatizmi işə düşür və insan aqibət duyğusu ilə baş-başa verilir. Bu məqamlarda mətnin açıldığı metafizik qat da qəhrəmanın varlığının gizli, sirli mənalar stixiyasıdır: "Ey darda olanların dadına çatan Rəbbim! Sən özün kömək ol bizlərə!.."
Maraqlıdır, görəsən niyə bu fanilik və əbədiyyət duyğusu içrə qəhrəman Tanrıya sığınır? Bu, zikretmə təcrübəsinin bir ifadəsidirmi? Yaxud niyə görə dərdinin çarəsini bilmək üçün həkimə üz tutur? Nicat aramaq, sağalmaq, yaşamaq üçünmü? Hekayə qəhrəmanı bəlkə son dəfə ruhuna hopmuş ömür-gün yorğunluğunu atmağa özünü inandırmağa çalışırmış. Yox, sadəcə, həkimlər yalnız həyatın deyil, ölümün sirrini bilirlər axı! Bu mənada, Tanrı da, həkim də onun üçün ömrü və ölümü anlamaq imkanı idi.
Müəllif qəhrəmanın məzar, qəbir, ölümlə bağlı düşüncələrinin sürreal axarı arasında uğurlu assosiativ əlaqələr qurur. Hekayənin əvvəlində və sonunda eşidilən azan səsi isə qəhrəmanın taleyinə metafor kimi görünür, onun təhtəlşüur "oyunlarına" bir növ təkan verir: "...Sual və cavab da, intizarla baxan küçə və səki də ağzına su alıb, soyuq məzar kimi, boş tabut kimi müəmmalı susurdu...
...amma azan səsi kəsilmir, dar macalda gözü çəkili, qulağı səsdə olan gecənin bağrını yarırdı...
...Və bir Allah bəndəsinin ruhuna rəhmət oxunurdu..."
Bu, artıq ömrün də, ovqatın da fəlsəfi yekunudur!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
