Vaqif YUSİFLİ
1963-cü ilin isti yay günlərində Yardımlının ucqar dağ kəndlərindən birindən - Hamarkənddən Bakıya bir cavan oğlan gəlir. Adışov Sabir Xudu oğlu. Bu cavan oğlan o zaman yeganə universitetimizin filologiya fakültəsinə daxil olur. Dünyanın yaşıl xalısına bənzəyən Hamarkənd Sabirin doğma ocağı, anasının laylalarının, bayatılarının, bülbül şərqilərinin vətəniydi. Dağ oğlu, çəmən oğlu, çiçək oğlu Sabir sonralar bu kəndi Azərbaycan şeirinin bir balaca ərazisinə çevirəcəkdi:
Burda geniş çəmənlərin
çiçək-çiçək gülüşü var.
Burda dolmuş səmaların
şimşək-şimşək gülüşü var.
Burda uca zirvələrin
bəyaz qardan gümüşü var.
Sabir hələ on bir yaşında ikən rayon qəzetində "Kəndim" şeirini çap etdirir. On səkkiz yaşında isə "Azərbaycan gəncləri" qəzetində "Kənd yolu" şeiri ilə respublika mətbuatına çıxır. Elə ilk şeirlərində Sabir qoynundan ayrıldığı, amma qanında, canında, ruhunda yaşatdığı kəndi poeziyaya gətirir: Qəlbindən tunel aç, dağlar inciməz, Ancaq zirvəsinə ayaq dəyməsin. Kəndlər də qırmızı almalar kimi Asılıb yolların şaxələrindən. Dünyanın ən uzun yollarını da Dağlar yumruğunda dəstələyibdir. Sabir kənddən əbədi ayrılmamışdı, ruhu, canı ordaydı, amma Hamarkənddən başlanan yol onu dünyanın çox yolları ilə qovuşduracaqdı.
Sabir Rüstəmxanlı mənim üçün sıradan biri olmayan şairdir. Sonralar o, tanınmış bir publisist, tənqidçi-ədəbiyyatşünas ictimai xadim, dövlət adamı, dönməz Azərbaycançı və Türkçü, Azərbaycanı dünyada təmsil edən ziyalılardan biri olsa da, şair Sabir Rüstəmxanlı birincidir.
Onun ədəbiyyata gəlişi səssiz olmadı. Altmışıncı illərin ən gənc şairlərindən olan Sabir elə ilk şeirlərindən hamını belə bir etirafa məcbur elədi ki, onun taleyi poeziyadan ayrılmazdır. O, heç kimə bənzəmir, Azərbaycan poeziyası karvanında əbədiyyətə yol gedə biləcək bir şairdir.
Sabir Rüstəmxanlı 60-70-ci illərin poeziya havasında təmiz oksigeni ilə seçilən bir şair oldu. Onun 1967-ci ildə qələmə aldığı "Vətən" şeiri Azərbaycan poeziyasında həmin mövzuda yazılan nümunələr sırasında birinciliyi fəth edən şeirlərdən biri oldu. Dövr sovet dövrü idi, amma bu şeir sovet dövrünün vətən şeiri deyildi.
Bir əlçim buludlu,
Bir ömür umudlu,
Bir içim sudu.
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu.
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin "Fəxriyyə" şeiridi,
Dağları dumanda itən -
Vətən... Vətən!
Hecanın sərbəst sintezindən yaranan bu gözəl şeir Sabirin şeir texnikasına mükəmməl bələd olduğunu sübut edirdi. Sonralar Sabir bütün şeirlərini təmiz hecada yazdı. Bütün ömrü boyu dilimizin saflığı, təmizliyi uğrunda mübarizə aparan Sabir Rüstəmxanlı şeirlərində də o təmizliyi, o saflığı göz-bəbəyi kimi qorudu. Ancaq söhbət burada şairin aşıladığı ideyadan gedirsə, deyim ki, elə Vətən haqqında bu bircə şeir bəs idi ki, öz vətəndaşlıq, vətənpərvərlik missiyasını poeziya dili ilə şərh edəsən. Çünki bu şeirdə Azərbaycan bütün tarixi və təbiəti ilə birgə görünür. Hər misra Vətənin bir parçasıdır, tarixinin gah qürurla, gah da nisgillə xatırlanan bir məqamıdır.
Hadinin şeir bazarıdı,
Füzulinin məzarıdı,
Taleyin ələnən ələyidi.
Durna lələyidi.
Araz hörüyündən
kəməndə düşmüş Sevildi.
"Ənəlhəq" harayıdı.
Ələsgərin sazıdı.
Qədim əlyazmasıdı -
Dahilər boylanır sətirlərindən
Vətən... Vətən!
Təbii ki, Sabir Rüstəmxanlının da təsirləndiyi dahi söz ustadları, müasir şairlər, onların əsərləri olub. O, elə bir dövrdə ədəbiyyata gəlmişdi ki, Bəxtiyar Vahabzadənin milli istiqlala təkan verən şeirləri, gizli də olsa, əldən-ələ gəzən "Gülüstan" poeması, Məmməd Arazın, Xəlil Rzanın, Söhrab Tahirin vətənpərvərlik ruhunda yazılan odlu-alovlu misraları poeziyada yeni bir tendensiyanın yaranmasından xəbər verirdi. Bəlkə ilk dəfə idi ki, Azərbaycan onların şeirlərində sərhədsiz görünürdü. Şeirimizdə mənəvi Azərbaycan bütöv görünürdü...
Şimşəklər çinartək sancılıb yerə,
Düşmənin gözünə dircəkdi hər dağ.
Babalar atını sürüb gedibdi,
Qalalar boylanıb qalıbdır ancaq.
Oğlu - Şah İsmayıl Xətayi adlı,
Ağ atlı oğlan var, atı qanadlı;
bir də Suraxanı atəşgahı var,
Bir də Misri qılınc, bir də Çənlibel;
bir də
"Heydərbaba" yazılmış bir dil.
Torpağı ot deyil, kişi göyərdən
Vətən... Vətən!
Sabir Rüstəmxanlı Vətən şairidir.
Əcəba, bu ifadə qəribə səslənmirmi? Azərbaycanda yaşayan, yazıb-yaradan istənilən şairə Vətən şairi demək olmazmı? Mən bu xüsusda heç bir mübahisəyə, polemikaya meydan açmıram. Ancaq "Vətən şairi" ifadəsiylə bağlı fikrimi belə şərh edirəm ki, o şairin şeirlərində aparıcı mövzu məhz Vətəndir - onun tarixidir, bu tarixin qürur doğuran qəhrəman səhifələri və həmçinin ürək ağrıdan faciələridir; Vətənin təkrarsız gözəlliyinin tərənnümüdür, Vətəni dünyada tanıtmaq istəyidir. Tarixin gizli qalan səhifələrini böyük bir cəsarətlə poeziyada ehya eləməkdir. Vətənin dilini, bayatısını, nağılını, holavarını, Füzulisini, Xətaisini, Cavad xanını, Sabirini, Hadisini, Üzeyirini qanına, ruhuna hopdurmaqdır. Təkcə kürsülərdə yox, Azadlıq meydanlarında mücadilə etməkdir. Sabir Rüstəmxanlı həm poeziyasında və publisistikasında, həm də ictimai fəaliyyətində məhz belə şairlərdən biridir.
Poeziyada Vətən anlayışını tarixlə müasirliyin vəhdəti kimi düşünüb Sabir Rüstəmxanlı. Onun Vətənlə bağlı duyğuları qolları, şaxələri, budaqlarıyla tarixə uzanır, əsrlərdən əsrlərə yol alır. Vətənin tarixinə, dünənə, keçmişə iki yanlış yanaşma tərzi olub: bir var, ifrat dərəcədə "mənim yurdum", "qəhrəmanlar diyarı", "şairlər vətəni", "dahilər məskəni", "Babəklər, Koroğlular ölkəsi" deyib quru vəcd və bəlağətlə "heyranlığını" ifadə edəsən. Bu "heyranlıqda" Vətən sazda alışan "İrəvan çuxuru"ndan, Ələsgərin və Əmrahın sazından, "Dərbənddə Pərvanə adlanan qızın çağlayan gözündən", Gəncə qapısından, Cavad xanın şəhid olduğu gündən, Şəhriyar sözündən, "Şumerdən adlayan on min il yaşlı ölümsüz bir dilin söz qatlarından" və Arazdan keçmir. İkinci yanaşma tərzi isə Vətəni, Vətənin tarixini saxtalaşdırmaqdan, onun dilini, mədəniyyətini ərəbə, farsa uzatmaqdan doğan yadlıqdan, biganəlikdən başlayır. Bu yadlıqda, biganəlikdə Vətən sənin deyil. Sabir Rüstəmxanlı isə Vətəni Qan Yaddaşı, Bölünməyən Torpaq, Sönməyən Ruh, Qopuz Səsi-Şaman Duası, Dədə Qorqud Yurdu, Dünyanın beş qitəsinin beşində də izi olan müqəddəs bir varlıq kimi dərk edir.
Məni bir ocağa, kəndə, rayona,
Bir dağ arasına,
dərə dibinə,
Balaca vadiyə,
balaca yola,
Balaca dünyaya bağlama, əsla!
Odur ki, Dağlıq Altayda oxunan zaman duası ona tanrı nəfəsitək yaxındı, anasının səsini xatırladır. Bu səs "qədim bir sevginin fəryadı kimi" ruhuna yaxındı. Bu səsdən "gündoğan eşqinin, yürüş eşqinin sədası gəlir". Ümumiyyətlə, S.Rüstəmxanlının poeziyasında cəngavərlik ritmi ilə həzin layla səsi bir-birindən ayrılmazdır. Nisgili sonsuz dəniz, Gileyi dalğa-dalğa, Mahnı ilə ölməyi Tarix öyrədib xalqa.
Qəmli "Qaragilə" mahnısı vardı,
Sözü ilmə-ilmə, vurğusu dən-dən.
Bürünüb anamın cavan səsinə,
Göyərib anamın cavan qəlbindən,
Ondan çox-çox əvvəl doğma Təbrizin
Qanı selə dönmüş səngərlərindən.
"Qaragilə" adlı bu şeiri oxuyanda nədənsə heç vaxt üzünü görmədiyim Təbrizin obrazı gözlərim qarşısında canlanır. Qanlı köynəklərini bayrağa döndərən fədailərin son nəfəsini eşidirəm.
Sabirin şeirlərini oxuyanda mən həm də Azərbaycan dilinin böyüklüyünü, bölünməzliyini, həm çiçək kimi zərifliyini, həm də qılınc kimi kəsərliliyini hiss edirəm. Böyük şairimiz Əli Kərimin "Üçüncü atlı" poemasında Lermontovun dediyi sözləri xatırlayıram: "Bu gözəl dilini yaratmış güman, İlahi damağı çağ olan zaman". Sabir isə deyir ki: Torpağım ikiyə bölünən zaman Bu dil bölünməyən torpağım oldu. Sabirin şeirlərində ana dilimizin ordular sarsıdan gücü, tikanlı məftilləri, Araz sərhədini qıran kəlmələri, Füzuli eşqindən divanəliyi dönə-dönə təsbit və təsdiq olunur. Ancaq bunlar deklarasiya deyil, bunlar Sabirin öz şeirlərində də poetik realizəsini tapır. Dilimizin sonsuz sayda emosional-ekspressiv çalarlarını Sabir bəyin şeirlərində axtarın. Həkim gəldi - qış günündə bir ağ çiçək! Nə gözəl bənzətmədir... Dünya gözümdən düşüb Bir damla göz yaşıtək. Burada həm bənzətmə, həm də metafora var. Parlaq metaforaya yenə bir misal: Bu balaca dünyada Ayaqlarım yol əkir... Yollar da gecə-gündüz Sənin yanına çəkir. Sabir Rüstəmxanlının şeirlərində bədii ifadə vasitələrinin zənginliyi də diqqətdən yayınmır. Onun "Təbrizlə görüş" şeirində bədii xitab nitqin başlıca funksiyasını üzərinə götürür. Bu xitablarda sanki Təbrizin tarixi oxunur: Çörəyi bol, qisməti az Təbrizim! Göz yaşına öyrəncəli Təbrizim! Azadlığın ilk səngəri Təbrizim! Tarixlərin şah əsəri Təbrizim! Bu dünyanı yola salan Təbrizim! Güllə dəymiş söz bayrağım Təbrizim! Zaman gedir, ayağa dur, Təbrizim! Bəzən bu xitablar sırf elegik bir dona bürünür.
Sabirin Vətən, Millət deyə haray çəkən şeirlərində bədii nitqin çaları öz ahənginə görə seçilir. Poetik təhkiyə kinayə, qəzəb, etiraz, ittiham donuna bürünür. Yenə də bədii xitablar, bədii suallar bu poetik təhkiyədə başlıca ifadə vasitəsi kimi diqqəti cəlb edir. Salam, Gəncə qapısı, qürbətdəki qardaşım! Salam, duzum, çörəyim, poladlaşan göz yaşım!
Sabirin poeziyasında nifrət çalarlarına rast gəlmədim. Şair kiməsə nifrət edə bilməz! Mən belə düşünürəm. Ancaq qəzəb, çılğın həyəcan tonu yetərincədir. Ona həsr etdiyim bir yazıda demişdim ki, poeziyanın bir missiyası da yaralara toxunmaq, bu yaraların kökünü, qaysağını işığa çıxarmaqdır. Bu işıqda "qələmiylə, yazısıyla xalqa ləkə yaxanlar, bir tarixçi diplomuyçun tariximizi yıxanlar", Vətən çörəyini yeyib onun bir yıxılı daşını qaldırmağa qeyrəti çatmayanlar, "kökümüzü farsa çəkən, işimizi tərsə çəkən nökər ruhlu haramzadalar" necə miskin görünürlər. Bu misralara diqqət edin: "Bu şəhərdə nə qədər "Zavağzalnı" olarmış? "Perevalnı" olarmış? "Onuncu Paralelnı", "Otuzuncu Bazarnı"...Niyə ucuz görmüşük bu küçə bazarını? İndi paytaxtımızın küçələrindən keçəndə yad dildə alışıb yanan reklamları görəndə Sabirin çox-çox əvvəllər yazdığı həmin şeiri xatırlayıram:
Qaldırıb ayaqdan iyrənci sözü,
Qapılar dolaşan dilənçi sözü.
Sürtük dodaqları dağlamalıyam,
Hər söz məzarına ağlamalıyam!..
Tarixin günahı, vaxtın suçudu,
Sözün xəstəliyi yoluxucudu.
Yurdun azadlığı sözdən başlanır,
Ürəkdən başlanır, gözdən başlanır.
Sabir Rüstəmxanlı təkcə gözəl şeirlər müəllifi kimi deyil, həm də poemaları ilə tanınır.
Poema deyəndə, Azərbaycan ədəbiyyatının bu sahədə çox zəngin ənənələri xatırlanır. Nizaminin, Füzulinin, Marağalı Əvhədinin, Arif Ərdəbilinin məşhur poemaları yada düşür. Roman nəsrdə hansı yeri tutursa, hansı bədii-estetik rolu oynayırsa, poema da şeir sənətinin romanı sayıla bilər. XX əsr Azərbaycan ədəbiyyatı həm də bir sıra gözəl poemalarla zəngindir. S.Rüstəmxanlı da bu ənənəni davam etdirib. "Bütövlük", "Azərbaycan irticası", "Didərginlər", "Hər kəs günəşi sevsə", "Cavad xan", "Vətənsiz", "Orxanla görüş"... onun poemaları da şeirlərində qaldırdığı problemlərlə bir sıradadır.
"Bütövlük" poeması Vyetnam xalqının müstəqilliyinə həsr edilib. Amerikanın amansız hücumlarına, neçə illik inadına baxmayaraq Vyetnam qalib gəldi. Əslində, Vyetnamın müstəqilliyinin alqışlanması Sabir Rüstəmxanlının Azərbaycanı da müstəqil görmək arzusunu, ikiyə bölünmüş bir xalqın - o taylı-bu taylı Azərbaycanın birləşməsi ideyasını ifadə edirdi.
"Azərbaycan irticası" poema-monoloqunu Sabir Rüstəmxanlı 1976-cı ildə qələmə alıb. Poema bu epiloqla başlanır: "Hər ilin dekabr ayında Cənubi Azərbaycan Demokratik Respublikasının imperialist qüvvələrin silahı gücünə yıxılmasını fars şovinizmi bayram edirdi..." Poemada bu "bayram təntənəsi"nə qəzəbli bir etiraz var. Adətən, Cənub mövzusunda yazılan şeirlərdə, poemalarda daha çox həsrət, nisgil ön plana çəkilir, Araz çayı isə bu həsrətin, bu nisgilin "obyektinə" çevrilirdi. Amma o tayda yaşayan həmvətənlərimizə mənəvi təzyiq başlananda bu tayın şairləri də susmurdu.
Təbriz böyük söz ustalarının, dünya şöhrətli rəssamların, alimlərin vətənidir. Həm də inqilablar beşiyi olub. Sabir Rüstəmxanlı da Təbrizi məhz qanına boyanan, amma bu qanı yaddaşından silməyən bir Vətən sanır. Poema təzadlar üzərində qurulub. Tehran gülür, Təbriz susur - Çatılıbdır qara qaşı. Tehran bu gün bayram edir, Matəmlidir qan qardaşım. "Qələbəyə" alqış deyir Qaliblərə fitva yazan. "Azadlığı" bayram edir Azadlığa quyu qazan. Və poema nikbin bir sonluqla bitir:
İstəyirsən bir milləti
Əridəsən öz içində,
Gizlədəsən, itirəsən
Sən günəşi toz içində.
Gecə-gündüz su töksən də,
Gur ocağı sönən deyil.
Qardaşdan da dönsə Təbriz
İnqilabdan dönən deyil.
Sabir Rüstəmxanlının "Cavad xan" (ilk adı "Sönmüş ocağın ağısı") poeması isə onun yaradıcılığında ədəbi hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan tarixində Cavad xan rus imperiyası ilə amansız ölüm-dirim vuruşuna girən ilk azadlıq fədailərindəndir. Mən deyərdim, Cavad xan rəmzdir, simvoldur. Azadlıq simvolu, müstəqillik rəmzi...
Gəncə bu məmləkətin tağbəndidir elə bil,
Gəncə getsə, dalınca Azərbaycan gedəcək.
Cavad xan ayılmışdı. O, indi torpağın, Gəncənin, həmvətənlərinin ağası deyildi, Azərbaycanın taleyini düşünən bir mütəfəkkirdi. Müdrikləşmişdi.
Yuxudan ayıltmışdı bu sınaq Cavad xanı,
Ayılıb çırpınırdı günahının əlində.
Bu o vaxtdı ki, Quba da, İrəvan da, Dərbənd də, Şamaxı da, Lənkəran da öz hayındaydı. Vətən bir idi, xanlıqlar ayrı. Dil bir idi, dilbirlik qeybə çəkilmişdi.
Fəlakət Cavad xanı oyatmışdı. Mənliyi, qüruru, vicdanı, ürəyi oyanmışdı. Təkəbbürlülüyünü, hansı xanlasa ədavətini unutmuşdu. Ya Gəncə darvazalarının qapılarını açıb təslim olmaq, ya da tikə-tikə, rizə-rizə doğranmaq! Cavad xan ikinci yolu seçdi. Bu yol Beyrəyin qanlı köynəyindən, Şah İsmayılın qızılbaş bayrağından, Nəsiminin edam edildiyi dar ağacından, Koroğlunun hayqırtısından keçirdi. İndi Cavad xan üçün yaşanılmamış ömür yoxdur. Qeyrət var, ölümünü duyub bu ölümü mərdanə qarşılamaq var. Və bir də acı bir təəssüf hissi:
Özümüz balta çaldıq kökümüzə o ki var,
Qolumuzu budayıb ocaq qaladıq yada.
Qardaşı olmayanlar özgəni qardaş tutar,
Qardaşı ola-ola yetim qaldıq dünyada.
Cavad xan üstündən Qeyrət əskik olmayan, şairiylə, qəhrəmanıyla, ulu ozanlarıyla qürrələnən bir xalqın oğlu idi. Cavad xanın adı çəkiləndə bişərəfləri, biqeyrətləri, təslimçiləri, nadanları unutmaq gərək! Tarix Cavad xanı xalqın ən kədərli günündə, artıq bayraqlarının əyildiyi, xanlıqların az sonra rus imperiyasının ərazisinə qatıldığı ərəfədə döyüş meydanına atdı. O, qala topu üstündə tikə-tikə doğrandı, qanına bələndi.
Cavad xan unudulmamalıdır!
Bir müddət - sovet imperiyası dövründə unudulsa da, indi millətin qəhrəmanı kimi anılır. Və bu poemada Sabir Rüstəmxanlı xalqı birliyə səsləyir:
Nə qədər davam etsə, sizlər, bizlər söhbəti,
Arazdan daha qəddar ayırar məmləkəti.
Hərə bir etiqada, hərə bir sözə bağlı,
Hər ötəri arzuya qul olduq gözü bağlı.
Nəslimin damarında axan qanlar dirilsə,
Bu tarix unudulmaz, bu həqiqət qısılmaz.
Ata-oğul daş kimi bir divara hörülsə,
Göydən atom da yağa, yurd kimsəyə basılmaz.
Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
Hər bir şairin bu yaşa çatması əslində, elə poeziyanın bir şair timsalında öz yaşı deməkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
