Sadəlik və müdriklik, yaxud Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında düşüncələr (Əvvəli ötən sayımızda) - Firuz MUSTAFA

Esse-triptix

 

2. "Bayraqdar"

 

Ədəbiyyat - üslubi rəngarəngliyin, daha doğrusu, müxtəlif üslubların məcmusudur. Yazıçı öz üslubunu "yaradıb" formalaşdıra bilmirsə, polifonik ədəbi "orkestrdə" onun "solo"su eşidilmirsə, böyük ədəbiyyat və ciddi ədəbi sima haqqında söhbət gedə bilməz. Elçin öz üslubu, ifadə və təhkiyə tərzi olan yazıçıdır, əgər belə demək caizsə, o, təkrarsız yazıçı-stilistdir.

Əsl ədəbiyyat həm də mövzuların rəngarəngliyi, çeşidli hadisələrə müxtəlif bucaqlar altında baxmağın bədii-estetik formalarından biri, habelə sözün müəyyən mənasında, ədəbi iddiası olan adamın öz mövzu "monopoliyasına" malik olması deməkdir. Bu mənada Elçin "öz mövzusu" olan yazıçıdır. Onun ədəbi personajlarının - qəhrəmanlarının əksəriyyəti heç də böyük xarüqələr yaradan "qəhrəmanlar" deyil. Lakin "qəhrəman" olmayan (və ya ola bilməyən) qəhrəmanlar (obrazlar) məhz Elçinin təqdimatında orijinal təsir bağışlayır. Doğrudur, ədəbi təsərrüfatda Elçinə qədər də həmin obrazlara, bir az da başqa cür desək, həmin qəhrəmanlara, müraciət edilib. Lakin, etiraf etmək lazımdır ki, bu cür "qəhrəmanların" əksəriyyəti o vaxtacan başqa "platforma" və ampluada təqdim olunub; belə ki, qəzet-jurnal səhifələrində, ekran-efir dalğalarında, məsələn, "aerodrom" kepkalı mirzoppalar, mirzağalar, baladadaşlar uzun illər tənqid və istehza hədəfinə çevrilib. Məhz Elçinin təqdimatında oxucu bu "antiqəhrəmanları" yeni rakursdan seyr etmək, onlarla yaxın(dan) tanış olmaq imkanı əldə edib. Və əgər bu cür ifadə etmək təbiri-caizsə, bir çox ənənəvi "mənfi qəhrəmanları" Elçin ədəbiyyata təzə "xasiyyətnamə" ilə təqdim edib; yazıçı özünün bir vaxtlar ittiham olunan, "təqib olunan" qəhrəmanlarına qeyd-şərtsiz "ədəbi reabilitasiya" verib.

Ədəbiyyat - həyatın bədii inikası deməkdir. Elçinin qəhrəmanları (hətta mifoloji və ya tarixi personajları belə) diri, canlı və həyatidir.

Elçinin ayrı-ayrı əsərləri haqqında ədəbi tənqiddə vaxtaşırı söhbət açılıb. Mən bu müxtəsər qeydlərdə yazıçının yaradıcılığının yalnız ümumi məziyyətlərinə toxunaraq qısaca onu deyə bilərəm ki, Elçin öz dəst-xətti, öz mövzusu, öz qəhrəmanları, öz stixiyası və özünəməxsus ədəbi arqumentləri olan yazıçıdır.

Elçin həm də ədəbi prosesi (geniş spektrdə) diqqətlə izləyən tənqidçidir. Əgər o, bədii əsərlərində hadisələrin "induktiv tədqiqinə" daha çox diqqət yetiribsə, ədəbiyyatşünaslığa aid əsərlərində "dedektiv təhlilə", bədii yazılarında isə "detallarla", elmi-tədqiqat xarakterli əsərlərində paradiqmalarla "danışmağa" üstünlük verib.

...Bəzən sənət əsəri böyük bir təbliğat maşınının görə bilmədiyi işi görür. Elə sənətin bir məziyyəti də bundan ibarətdir.

İki epoxanın qovşağında yaşamış yazıçının yaradıcılığı da epoxaldır.

Sual yaranır: yazıçının yaradıcılığında diqqəti cəlb edən başlıca cəhətləri necə səciyyələndirmək olar? Əlbəttə, bu məsələ barədə konkret kanon və reseptlər çərçivəsində iddialar yürütmək bir qədər çətin olardı. İndiki halda onu demək olar ki, yazıçının müraciət etdiyi mövzular və eləcə də obrazlar mif, tarix və müasirlik kontekstində boy verməkdədir. Və bu cəhətlərin konstruktiv mahiyyətindən çıxış edərək Elçinin yaradıcılıq nümunələrini də məhz həmin adekvat prinsiplər müstəvisində - neomifoloji, realist və postrealist əsərlər kimi nəzərdən keçirmək olar.

Son illərdə linqvistikada geniş işlədilən bir termin artıq tənqid və ədəbiyyatşünaslıqda da özünə möhkəm yer tutmaqdadır. Bu, "intertekst" və ya "intertekstuallıq" istilahıdır. Adından göründüyü kimi, bu anlayışın alt qatında "gizlənmiş" bir mətn və dialoq anlayışı aydın sezilməkdədir. Bəli, burada həm müxtəlif üsluba malik yaradıcı adamların ortaya qoyduğu mətnlərin, həm də müəllifi konkret şəkildə bəlli olmayan əsərlərlə konkret müəllif tekstlərinin "səsləşməsindən" söhbət gedir. Bu mənada "intertekstuallıq" təkcə bədii deyil, həm də elmi əsərlərdə özünü büruzə verməkdədir.

Bəs Elçinin yaradıcılığında bu "dialoqun" (başqa sözlə, "intertekstuallığın") kökünü hansı mətnlərdə axtarmaq olar? Mən məsuliyyət hissi ilə deyə bilərəm ki, intertekst Elçin yaradıcılığının bütün mərhələlərində özünü göstərmişdir. Onun təkcə təsvir etdiyi hadisə və qəhrəmanlar deyil, zamanlar və məkanlar da biri digəri ilə dialektik bağlılığa malik fenomenlər kimi diqqəti çəkir. Yazıçı öz qəhrəmanlarını sanki mikroskop altında öyrənir və təqdim edir.

İntertekstuallıq prizmasından yanaşdıqda qəribə nəticələrə gəlib çıxırıq. Sən demə, mətnlər arasındakı "səsləşmə" və ya "dialoqu" bütün hallarda "yad ədəbi qütblər" arasında axtarmaq işin yalnız bir tərəfidir. Bu mənada Elçinin tarixi və müasir mövzularda qələmə aldığı mətnlərdə kifayət qədər assosiativ, yəni "intertekstual momentlər" tapmaq mümkündür.

Əgər yazıçı, bayaq dediyimiz kimi, öz realist qəhrəmanlarını "mikroskop altında" təqdim edirsə, postrealist qəhrəmanlarını sanki "teleskopla" müşahidə edir və buradaca xatırlatmağı vacib bilirəm ki, Elçinin "Teleskop" adlı pyesi də vardır.

Təkcə oxucular deyil, elə peşəkar ədəbiyyatşünaslar da Elçinin bəzi əsərlərinin janrının müəyyənləşdirilməsi zəminində müəyyən mübahisələrin şahididir. "Hər bir istedadlı yazıçı həm də istedadlı oxucudur" desək, zənnimcə, səhv etmərik. Bu mənada Elçin dünya ədəbiyyatına yaxından bələd olan, geniş mütaliəli bir sənətkardır. İndiyəcən onun tarixi-mifoloji planda yazılmış əsərlərinin üslub və janr xüsusiyyətləri barədə bir sıra mülahizələr söylənmişdir. Əlbəttə, bu əsərlərdə realizm və postrealizm, modernizm və postrealizm, mifoloji və neomifoloji elementlər tapmaq mümkündür. Və burada, yeri gəlmişkən, bir nüansa toxunmaq istəyirəm: hətta elmi-nəzəri cəhətdən ən hazırlıqlı yazıçı belə, öz yazdıqlarının estetik mahiyyətini tam dolğunluğu ilə açmağa qadir deyildir. Bunun üçün daim "yad gözə", "yad baxışa" ehtiyac duyulur. Bu da təbii bir haldır. Heç bir halda heç bir normal yazıçı əlinə qələm alarkən əsərinin hansı janrda, hansı üslubda və ya hansı metodoloji prinsiplər əsasında yazılacağını əvvəlcədən müəyyən edə, "dəqiqləşdirə" bilməz. Klassiklərin bir çoxunun haqlı olaraq dedikləri kimi, üslub və janr elə yazıçının özü deməkdir. Bu mənada, hər bir qələm əhlinin, eləcə də Elçinin əsərlərinin janr və üslub xüsusiyyətlərini müəyyənləşdirmək onun özünün yox, ədəbiyyatşünaslığın və ədəbiyyatçıların borcudur.

Elçinin yuxarıda adıçəkilən romanları barədə fikir söyləyən ədəbiyyatçılar bir çox hallarda həmin əsərləri polifonik əsərlər qisminə aid edirlər. İncəsənət və mədəniyyət nəzəriyyəçisi Mixail Baxtin vaxtilə Tolstoy və Dostoyevski yaradıcılığından söhbət açarkən birincini daha çox monoloji, ikincini isə polifonik romanlar müəllifi kimi xarakterizə edirdi. Özlüyündə maraqlı yanaşmadır. Amma hesab edirəm ki, üslubları bir-birindən kəskin şəkildə fərqlənən hər iki dahi sənətkarın yaradıcılığında kifayət qədər "ümumi cəhətlər", "səsləşmələr" də tapmaq mümkündür.

Bəli, bir qədər əvvəl başlanan söhbətə qayıdaraq bunu da demək olar ki, intertekstuallıq bütün yaradıcılığı boyu Elçin yaradıcılığını izləmişdir. Həm də bu "dialoq" təkcə mövcud mətnlər, hadisələr və qəhrəmanlar arasında baş vermir. Əsl yazıçı həm də öz yaratdığı obrazlarla daim təmasda olur, onlarla mübahisə edir, onların fikirlərini tənqid, təkzib və ya təsdiq edir. Hesab edirəm ki, məhz bu cəhət də yazıçı ilə obraz arasındakı intertekstual əlaqə, rabitə və bağlara aid edilə biləcək bir fenomendir.

Elçinin yaradıcılığı milli olduğu qədər də ümumbəşəridir. O, öz xalqını sevir, onun sevinci və kədəri ilə bir yaşayır. Lakin o, milli dəyərlərimizin dünyaya çıxması üçün də əlindən gələni əsirgəmir.

Haşiyə (xatirə): 1987-ci ilin yağışlı-çiskinli bir noyabr günündə xalqımızın böyük milli şairi Bəxtiyar Vahabzadə ilə Moskva şəhərində təsadüfən görüşdük. Mən elmi ezamiyyətə getmişdim. Söhbətarası şair soruşdu: "Bura bax, sən Elçinin yaradıcılığına bələdsən?" Mən: "Əlbəttə", - deyib, yazıçının bir sıra əsərlərinin adını çəkərkən, Bəxtiyar müəllim qımışıb dedi: "Bilirsən, niyə bu sualı verdim?" Çiyinlərimi çəkdim. O, söhbətinə davam edərək şəhadət barmağını yuxarı tuşlayıb əlavə etdi: "Bizi "yuxarıdan" çağırmışdılar. Kamran dedi ki, (o vaxtkı Respublika MK-nın birinci katibi Kamran Bağırovu nəzərdə tuturdu - F.M.) yeni bir təşkilat yaradılacaq. Bu, ilk baxışda Nəbinin (o, Nəbi Xəzrini nəzərdə tuturdu - F.M.) rəhbərlik etdiyi cəmiyyətə oxşasa da, fəaliyyəti bir az başqa yöndə olacaq. Əgər Nəbinin idarəsi bizi xaricdə təbliğ edirsə, burada əsas məqsəd dünyaya səpələnmiş istedadlı soydaşlarımızı bizə tanıtmaqdır. Düzünü deyim ki, mən bu vəzifədə Elçini görürəm. Niyə? Çünki o, milli adamdır. Qızları da məktəbdə öz dilimizdə təhsil alır. Atası İlyas Əfəndiyev də uşaqlarını öz dilimizdə oxudub. Zənnimcə, bu sahə üçün Elçin çox yaxşı namizəddir. Mən "yuxarıdakılara" da elə bu cür dedim".

Elçin bir çox maraqlı roman və povestlərin müəllifidir. Yazıçının, xüsusilə, "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları rəngarəng forma, üslub və təhkiyə formaları ilə diqqəti çəkir.

Yazıçının maraqlı əsərlərindən biri də "Bayraqdar" povestidir. Həmin əsərin hər sətrində və əsərdəki obrazların hər birinin nəbzində düşmən əsarətində olan Qarabağın sanki nəbzi vurur. Bu povestdə də Elçin yaradıcılığına xas intertekstuallıq və "ikinci plan" mühüm yer tutur.

Yeri gəlmişkən, Elçinin özünü də ədəbiyyatımızın ən aparıcı simalarından, bayraqdarlarından biri hesab etmək olar.

"Elçinin "Ölüm hökmü" romanını oxuyanda yaşadığım acı günləri, qorxu və təlaş dolu illəri yenidən yaşadım və onun yaşını düşünüb heyrətləndim. O amansız və dəhşətli illəri bu qədər təbii və inandırıcı şəkildə qələmə ala bildiyinə təəccübləndim. Bu yazılar Elçinin şəxsi müşahidəsinin məhsuludur. Elçinin sənətinin sehrini və istedadının gücünü alqışlayıram" (Xalq şairi Bəxtiyar Vahabzadə).

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!