Esse-triptix
1. "Min gecədən biri"
O, ədəbiyyata öz obrazlar pleyadası ilə qədəm qoymuşdur. Nəhəng meqopolisin ortasında və yaxud bir qədər ondan kənarda öz adi, sadə həyatını yaşayan personajların yeni, həm də qeyri-doqmatik təqdimatı peşəkar oxucular, habelə müqtədir tənqidçilər üçün də gözlənilməz idi. Sən demə, hər gün rastlaşdığımız bu "adi", sıravi insanların öz qəribə, sirli dünyası varmış. Və həmin "dünya"ya nüfuz etmək elə də asan məsələ deyilmiş.
İndiki halda söhbət qüdrətli yazıçımız Elçin və onun ilkin yaradıcılıq mərhələsində mühüm yer tutan "adi" qəhrəmanlardan gedir. Bir neçə il əvvəl qələmə aldığım bir yazıda vurğulamışdım ki, uzun illərdən bəri əksər yazıçılarımızın əsərlərində tənqid və ya istehza hədəfinə çevrilmiş həmin "adi qəhrəmanlar"a ədəbiyyatımızda ilk dəfə Elçin "reabilitasiya" verdi. Bu ədəbi bəraətin sosial mahiyyəti də az əhəmiyyət kəsb etmirdi. Sadə şəkildə deməyə çalışsaq, təkcə ədəbi personajlar arasında deyil, həyatda mövcud olan personaların timsalında da mənfidən müsbətə doğru bir təkamül baş verdi və həmin insanlara münasibət dəyişməyə başladı. Bu mənada "Baladadaşın toy hamamı", "Baladadaşın ilk məhəbbəti" hekayələri, habelə ötən əsrin 70-ci illərində işıq üzü görən "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" povestləri daha xarakterik səciyyə daşıyır. Sonrakı mərhələdə lentə alınan filmlər, habelə adıçəkilən və çəkilməyən əsərlər əsasında səhnəyə qoyulan tamaşalar bu qənaəti daha da möhkəmləndirdi.
Zaman keçdikcə, Elçinin mövzu diapozonunun və onun qəhrəmanlarının fəaliyyət "ərazisi"nin genişləndiyi müşahidə olunur. Yeni dövrün bədii ifadə tərzi və mahiyyəti, məşhur ədəbiyyatşünas və semiotik Yuri Lotmanın təbirincə desək, "humanitar partlayış" tərzi ilə seçilməkdədir. Fransanın tanınmış mədəniyyət nəzəriyyəçisi və filosofu Pol Mişel Fuko isə bir qədər də irəli gedərək, ədəbiyyatda epistemoloji bölünmə, başqa sözlə, bütövlüyün parçalanması prosesinin labüd olduğunu vurğulayır. Və o da qeyd olunur ki, bu total modernizasiya özündə sosial həyatın bütün sferalarını ehtiva edir. Belə bir sürəc, sözün müəyyən mənasında, Elçinin əsərlərinin semantikasına və onun qəhrəmanlarının taleyinə də müncər edilə bilər. Təbiətdə olduğu kimi, cəmiyyətdə, habelə elmi və bədii müstəvidə baş verən "partlayışlar" bir çox hallarda inkişafın əsasına, kvintessensiyasına çevrilir.
Zaman keçdikcə Elçinin bir sənətkar kimi mövcud həyatın və yaratdığı personajlarının psixologiyasının dərin qatlarına vardığı müşahidə edilir. Bu "nüfuzetmə" onun bir-birinin ardınca nəşr olunan romanlarında daha qabarıq şəkildə nəzərə çarpmaqdadır. Yazıçının genişplanlı epik əsərlərindən söhbət açan tədqiqatçıların bir çoxu onun bir çox romanlarını əsasən tarixi əsərlər kimi səciyyələndirirlər. Doğrudur, Elçin tarixə, tarixi qəhrəmanlara tez-tez müraciət edib. Lakin orasını da vurğulamaq lazımdır ki, ədibin "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanlarında tarix oxucuya həm də bir obraz kimi təqdim edilir. Xüsusi diqqət yetirsək, görərik ki, adını çəkdiyimiz əsərlərdə qəhrəmanlar təkcə öz müasirlərinin, yaşadıqları mühitin adamları ilə deyil, həm də tarixin özü və tarixi proseslərlə konfliktdədir.
Ümumiyyətlə, milli-tarixi ənənə və ənənəviliyə sadiq olan yazıçının əsərlərinin bir çoxunun nəinki strukturu, stilistika və semantikası, eləcə də personajları sözün müsbət mənasında "qeyri-ənənəvidir", yenidir, orijinaldır. Elçinin epik əsərlərinin əksər qəhrəmanları, öz həyat və fəaliyyət dinamikası ilə bir çox hallarda "qırmızı xətt"i keçir, bədii məntiqin əvvəldən "hesablanmış" radiusundan kənara çıxır. Qəhrəmanlar mövcud gerçəkliyə tabe olmur, aktiv və yaxud passiv şəkildə "qapalı mühitə" etiraz edirlər. Elə gözlənilməz "ədəbi partlayışlar" da, məhz bu zaman meydana gəlir.
İlk pyesini gənclik illərində qələmə alan Elçin ("Poçt şöbəsində xəyal" sürreal dramı nəzərdə tutulur) yaradıcılığının coşqun və kamillik mərhələsində yenidən dramaturgiyaya üz tutmuş, teatral qalereyanı maraqlı əsərlərlə zənginləşdirmişdir. Yeni və ən yeni ədəbiyyat tariximizdə orijinal hekayələr, təkrarsız povestlər və monumental romanlar müəllifi kimi tanınmış yazıçının bir-birinin ardınca qələmə alınmış "Mənim sevimli dəlim" (Diaqnoz "D"), "Ah, Paris, Paris", "Mənim ərim dəlidir", "Mən sənin dayınam", "Arılar arasında", "Şekspir", "Qatil", "Cəhənnəm sakinləri", "Teleskop" pyesləri bu gün təkcə milli səhnəmizdə deyil, dünyanın bir çox nüfuzlu teatrlarında uğurla tamaşaya qoyulmaqdadır. Əgər belə demək caizsə, bu gün ədəbi-mədəni həyatımızda "Elçin teatrı" anlayışı mövcuddur.
Elçin həm də ciddi ədəbiyyatşünas alim, tənqidçi, publisist və tədqiqatçıdır. Onun qələmindən çıxan "Tənqid və nəsr", "Bəstəkarın vətəndaş sözü" (Üzeyir Hacıbəylinin publisistikası haqqında), "Klassik aşıq poeziyasında "Dünya" obrazı", "Ədəbiyyatda tarix və müasirlik problemi" və digər tədqiqat əsərlərində, habelə M.F.Axundzadə, M.Ə.Rəsulzadə, Ö.F.Nemanzadə, A.Ağayev, C.Cabbarlı, Ü.Hacıbəyli, M.Ə.Sabir, Ə.Hüseynzadə, Ümmül Banu, S.Vurğun, M.Müşfiq, R.Rza yaradıcılığına həsr olunmuş ədəbi oçerklərində, o cümlədən, ədəbiyyata yeni gələn istedadlı gənclər haqqında yazdığı təqdimat xarakterli esselərində sözün geniş mənasında mədəniyyətimizin areal və coğrafiyası diqqətlə araşdırılmışdır.
Yazıçının "Daha dərin qatlara" (Seçilmiş məqalə və esselər. "Təhsil". 2019) kitabı öz universal və ensiklopedik siqləti ilə ədəbiyyatşünaslığımıza çox qiymətli töhfə kimi qiymətləndirilə bilər.
Bir neçə il öncə Elçin öz müsahibələrindən birində maraqlı bir məsələyə toxunmuşdu. O, "yazıçı nə üçün yazır?" sualına sualla cavab verərkən, təxminən, belə bir mülahizə söyləmişdi ki, dünyada bu qədər əsərlərin olduğu bir əyyamda təzə bir söz deməyə və nəsə yazmağa ehtiyac qalırmı? Elçin tərəf-müqabilinin və özünün özünə verdiyi sualı cavablandıraraq demişdi ki, hər bir yazıçı öz xalqının taleyini və tarixini yazır. Doğrudan da, hər hansı millətin bədii salnaməsini hansısa yad, ögey bir xalqın yazı-pozu adamı istənilən səviyyədə qələmə ala bilməz. Məlum həqiqətdir: bütün böyük yazıçılar bəşəri olduqları qədər də millidirlər.
Haşiyə (xatirə): 1978-ci ildə Uzaq Şərqdə, Vladivostok şəhəri yaxınlığındakı hərbi hissələrdən birində - tank alayında xidmət edirdim. Həmin ilin qışında xəstələnib hospitala düşmüşdüm. Məni müalicə edən zabit-həkim həm də ziyalı bir adam idi; ədəbiyyatla ciddi maraqlanırdı. Amma ən çox oxuduğu rus klassikləri idi. Mən onunla tez-tez mübahisə etməli olurdum. Məsələ burasında idi ki, həkimin digər xalqlar, o cümlədən, Azərbaycan xalqı və onun ədəbiyyatı haqqında təsəvvürü sıfıra bərabər idi. Mən müalicə olunduğum müddət ərzində həkim "dostum"a ədəbiyyatımız barədə xeyli informasiya verməli oldum. Hospitalın kitabxanasından əldə etdiyim (rus dilində çap olunmuş) kitabları - Mirzə Cəlilin, Çəmənzəminlinin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının əsərlərini, az qala, zorla ona oxutdurur, rəyini öyrənmək istəyirdim. Elə həmin günlərdə "Yunost" jurnalının bir sayı əlimə keçdi; orada Elçinin "Gümüşü furqon" ("Serebristıy furqon") əsəri çap olunmuşdu. Səhv etmirəmsə, orijinalda vaxtilə "Bir görüşün tarixçəsi" adı ilə çap edilmiş həmin povesti də hospitaldakı "ədəbiyyat aşiqinə" oxutdurdum. Əsər zabit-həkimin xoşuna gəlmişdi. Hətta, özünün dediyinə görə, həkimlərin "beşdəqiqəlik" yığıncağında fürsət tapıb təzəlikcə tanış olmağa başladığı Azərbaycan ədəbiyyatı və o cümlədən, adını ilk dəfə eşitdiyi yazıçı Elçinin Moskvada "Yunost" jurnalında çap olunmuş yeni əsəri barədə xoş təəssüratını bildirmişdi.
...Millətimizin əksər təbəqələrinə məxsus personalar Elçini adət-ənənələrimizə dərindən bələd olan, dilimizin zəngin rənglərinə yeni çalarlar qatan, sanki mövcud zamanın onun çiyninə qoyduğu missiyanı - insanlara xüsusi diqqət və qayğını əsirgəməmək missiyasını ləyaqətlə daşımaqda və doğrultmaqda olan, ölkənin ictimai, siyasi, ədəbi mühitində xüsusi yeri və çəkisi olan şəxsiyyət kimi tanıyıb. Elçinin təkcə yaradıcılığının deyil, elə şəxsiyyətinin diapozonu da daim onun bütün fəaliyyətinin miqyasını tamamlayıb.
Böyük ədəbiyyata "Min gecədən biri" kitabı ilə qədəm qoyan 23 yaşlı Elçin tezliklə ciddi ədəbiyyatşünasların diqqətini cəlb etmişdir. Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: "Elçinin əsərləri işıqlı, nikbin hisslərlə, həyat eşqi və insana hərarətli, lirik məhəbbətlə aşılanmışdır... O, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin zənginliyinə fikir verir".
(Davamı olacaq)

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
