Böyük türkoloq, unudulmaz dost - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Mən Məmmədəlini keçən əsrin səksəninci illərinin əvvəllərindən tanıyırdım. Həmin illərdə o, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirib, dünyaya gəldiyi Naxçıvana təyinat aldı. Danışırdılar ki, Məmmədəli çox yüksək səviyyədə diplom işi müdafiə edib. Müdafiə şurasının sədri, görkəmli türkoloq-mifoloq Mirəli Seyidov təklif eləyib ki, təyinatını o zamankı Naxçıvan Pedaqoji İnstitutuna versinlər. Ancaq nə isə, qismət deyilmiş. Naxçıvanda öz kəndlərində - Cəhridə müəllimlik elədi, təyinat müddəti bitdikdən sonra yenidən Universitetə qayıtdı.

Aspiranturaya qəbulda Qərbi Avropa dillərinin birindən imtahan vermək tələb olunurdu. Məmmədəli orta məktəbdə fars dili keçdiyinə görə məcbur oldu ki, həm müəllimlik eləsin, həm də ingilis dilini öyrənsin. İmtahan verəcək qədər öyrəndi. Və həmin illərdən Məmmədəlinin xarici dil imtahanı barədə özünün dediyi maraqlı sözlər qaldı: "Aspirantura şöbəsinə ərizə yazacam ki, mən Çin dilindən imtahan vermək istəyirəm. Soruşun niyə? Birincisi ona görə ki, bütün xarici dilləri eyni səviyyədə bilirəm (yəni bilmirəm). İkincisi, Çin dilindən də imtahan götürəcək mütəxəssis tapa bilməyəcəklərinə görə əlacsız qalıb mənə qiymət yazarlar".

Əslində, Məmmədəli haqsız deyildi. O zaman azərbaycanlı bir türkoloqun ingilis dilini bilməsi, demək olar ki, heç nə vermirdi. Hər şeydən əvvəl ona görə ki, SSRİ-də, xüsusilə, Azərbaycan SSR-də ingilisdilli türkoloji ədəbiyyat əldə etmək mümkünsüz idi. Və hətta humanitar sahələr üzrə aspiranturaya ingilis dilindən kifayət qədər uğurla imtahan verənlər bu dili tezliklə unudurdular. Ancaq hər halda sovet təhsil sistemi Məmmədəlini məcbur elədi ki, o da hamı kimi ingilis dilini əvvəl öyrənib, sonra unutsun.

Hər nə isə, Məmmədəlinin zəhməti hədər getmədi, 1981-ci ildə "Türk dilləri" ixtisası üzrə aspiranturaya daxil olub, artıq Sovetlər Birliyi miqyasında yaxşı tanınan professor Fərhad Zeynalovun rəhbərliyi ilə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı (oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. Aspiranturanı qurtardıqdan sonra Məmmədəli bir müddət Türkologiya kafedrasında baş laborant olaraq çalışdı. Namizədlik dissertasiyasını yalnız 1989-cu ildə müdafiə etdi ki, bu cür gecikməyin birinci səbəbi apardığı elmi araşdırmaya son dərəcə məsuliyyətli münasibəti idi. Hər bir dil faktını, hadisəsini dönə-dönə yoxlamadan, gəldiyi nəticələrin doğruluğuna əmin olmadan "tribunaya çıxmaq" istəmirdi. İkinci səbəb o idi ki, 80-ci illərin ortalarında elmə gələn gənclik maddi baxımdan çox çətin duruma düşmüşdü, nəinki dissertasiyalarını, heç məqalələrini də makinada yazdırmaq imkanları olmurdu. Və ən dözülməzi də bu cür maddi çətinliklər, nəticə etibarilə, ciddi mənəvi-psixoloji problemlər də yarada bilirdi. Üçüncü səbəb, fikrimcə , o idi ki, Məmmədəlinin elmi rəhbəri, böyük nüfuzu olan Fərhad Zeynalov dünyasını tez dəyişdi... Bəlkə, başqa səbəblər də vardı... Hər halda olduqca istedadlı, zəhmətkeş və ünsiyyətcil gənc bir elm adamının bəxti elə də gətirmədi.

Yadımdadır, Məmmədəli müdafi eləmədiyi illərdə saathesabı dərs deyirdi. Ona tapşırılan tələbələrdən birinə haqlı olaraq aşağı qiymət vermişdi. Universitetin çox nüfuzlu bir əməkdaşı Türkologiya kafedrasına gəlib müdir, professor Tofiq Hacıyevə narazılığını bildirəndən sonra provakasiyaya keçib dedi ki, Məmmədəli müəllim, eşitdiyimə görə, neçə illərdir namizədlik dissertasiyasını müdafiə edə bilmir, ancaq tələbələrin qiymətini kəsir... Tofiq müəllim dözə bilmədi, "yox, məsələ siz deyən kimi də deyil, - dedi - onun elə məqalələri çıxıb ki, hər biri bir namizədlik dissertasiyası səviyyəsindədir".

 

Məmmədəli Novruzovun namizədlik dissertasiyası 1994-cü ildə BDU Nəşriyyatı tərəfindən rusca çap olundu. Doğrudur, o illərdə müdafiələr azərbaycanca aparılırdı. Ancaq dissertasiyalar son qərarlar üçün Moskvaya AAK-a rus dilinə tərcümə edilərək göndərilirdi ki, Məmmədəli çapa onu - tərcüməni məsləhət bilmişdi. Çünki sovet türkologiyası, bir qayda olaraq, rus dilində inkişaf edirdi. Və biz A.N.Kononov, N.A.Baskakov, V.A.Boqoroditski, N.K.Dmitriyev, S.Y.Malov, K.M.Musayev, B.A.Serebrennikov, N.Z.Hacıyeva, Ə.R.Tenişev, A.M. Şerbak kimi türkoloqları oxuya-oxuya həm türkologiyanın, həm də rus dilinin sirlərinə bu və ya digər dərəcədə yiyələnə bildik.

"Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı" yalnız Məmmədəli Novruzovun yox, bütövlükdə XX əsrin sonu Azərbaycan türkologiyasının ən yaxşı əsərlərindən biridir. Monoqrafiya giriş, iki fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatın siyahısından ibarətdir.

Giriş müəllifin elmi-yaradıcı üslubu üçün səciyyəvi olan belə bir sitatla başlayır: "Türkologiya elmi daha çox eninə inkişaf edir, lakin onda əhəmiyyətli dərəcədə araşdırmanın dərinliyi çatışmır". Görkəmli qazax türkoloqu Kenesbay Musayevə məxsus olan bu sözlərdən sonra Məmmədəli Novruzov bilavasitə, hal kateqoriyası üzərinə gələrək yazır: "...hal kateqoriyasının tipoloji planda öyrənilməsi, həmçinin bu kateqoriyanın modelləşdirilməsi ilə bağlı son araşdırmalar göstərir ki, dünyanın ayrı-ayrı dil ailələrində hal kateqoriyasının fəaliyyətinin ümumi prinsipləri uyğun gəlir. Lakin bununla bərabər, hər bir dil ailəsi bu kateqoriyadan istifadə baxımından özünəməxsus, təkrarolunmaz xüsusiyyətlərə də malikdir ki, məhz bu cəhətlərinə görə də digər dil ailələrindən fərqlənirlər".

Bu sətirlərin müəllifinin türkoloji araşdırmalarında dilə geneoloji (xüsusi) baxışla tipoloji (ümumi) baxış həmişə dialektik vəhdətdə çıxış edir. Və hal kateqoriyasının tədqiqində də türk dillərinin səciyyəvi xüsusiyyətlərini bir-biri ilə tutuşdurma ilə yanaşı, dünya dilləri ilə müqayisədə aşkarlamağa çalışır. Ona görə də çox tez-tez ümumi dilçilikdə mövcud olan mülahizələrə müraciət edərək türkoloji qənaətləri məhz bu kontekstdə "yoxlamağ"ın diqqətçəkən örnəklərini nümayiş etdirir.

Türkologiyada hal kateqoriyasının həm sinxron, həm də diaxron istiqamətdə öyrənilməsinin vəziyyəti barədə aydın məlumat verdikdən sonra gənc tədqiqatçı türk hal sistemini areal-tarixi baxımdan işıqlandırmış Q.F.Blaqovanın araşdırmalarından ayrıca bəhs edir. Xüsusilə, onun belə bir qeydini xatırladır ki, "bu günə qədər hal formativlərinin etimologiyası əksərən onların hal sistemində və sistemdaxili münasibətlərdə tutduqları mövqe nəzərə alınmadan gerçəkləşdirilir". Məsələyə bu cür baxış, əlbəttə, yalnız ən yeni türkologiyanın deyil, ilk ciddi tədqiqatlarına başlayan Məmmədəli Novruzovun da elmi-nəzəri (və metodoloji) maraqlarına uyğun gəlirdi. Belə ki, artıq aydın görünməyə başlamışdı ki, bir tərəfdən, sinxron və diaxron araşdırmaları qarşılıqlı əlaqədə aparmaq tələb olunurdusa, digər tərəfdən, müxtəlif dillərin geneoloji və tipoloji münasibətlərinin öyrənilməsinin ümumi bir məcraya gətirilməsi ehtiyacı meydana çıxır. "Məktəb qrammatikası"ndan "akademik qrammatika"ya keçid özünü türkologiyada da göstərməyə başlamışdı. Və Məmmədəli Novruzov elə ilk əsərindən - "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı"ndan başlayaraq yolun çətinini seçdi. Sinxroniya və diaxroniya, geneologiya və tipologiya kimi müxtəlif istiqamətlərin "dialoq"unu tələb edən bu yol onu sıradan yox, novator bir türkoloq olaraq yetişdirdi.

Sözügedən əsərlə üzdən tanış olanlara belə gələ bilər ki, müəllif ənənəvi türkoloji tədqiqat metod, üsul və qaydalarından o qədər də kənara çıxmır. Yəni əsər 1) qrammatik hallar və 2) məkani-qrammatik hallar şəklində iki fəslə bölünübsə, klassik təsnifata, yaxud "məktəb qrammatikası"na uyğun olaraq birinci fəsildə adlıq, yiyəlik və təsirlik; ikinci fəsildə isə yönlük, yerlik və çıxışlıq halları ayrıca başlıqlar altında verilibsə, deməli, burada novatorluqdan danışmaq əbəsdir. Ancaq əsərin məzmun-mündərəcəsinə getdikcə gözlərinin qarşısında o qədər geniş bir həqiqi elmi-linqvistik mənzərə canlanır ki, həmin təsnifatın "sadədilliy"i dərhal aradan qalxır. Əslində, bu da Məmmədəli Novruzovun araşdırıcı üslubunun xarakterik göstəricilərindən biri idi ki, həmişə yalançı novatorluqdan qaçır, yalnız kökü, əsası möhkəm olan, daxilən, ruhən inandığı ideyalara dayanaraq yeniliklər axtarırdı. Odur ki, onun istər hal kateqoriyası, istərsə də sonrakı digər əsərlərində çoxsaylı sitatlar, istinadlar vardır. Çox gənc yaşlarından anlamışdı ki, elmin dərinliklərinə enmədən onun zirvələrinə yüksəlmək mümkün deyil.

Məmmədəli Novruzovun türk hal sisteminə həsr olunmuş dəyərli əsərinin çox qısa (və mükəmməl!) nəticələri vardır ki, onları bir qədər də ümumiləşdirsək, aşağıdakı təkzibolunmaz müddəalar alınacaqdır:

a) hal paradiqması yalnız paradiqmatik yox, həm də sintaqmatik aspektdə öyrənilməli, bu zaman tarixi-müqayisəli metodla yanaşı tipoloji metodun da imkanlarından istifadə olunmalıdır;

b) hal kateqoriyası yalnız morfoloji, yaxud yalnız sintaktik yox, morfoloji-sintaktik (ümumqrammatik) kateqoriya kimi öyrənilməlidir;

c) alət və istiqamət halları dildaxili amillərin təsiri altında oğuz qrupu türk dillərindən çıxmış, adlıq ümumən hal sistemi tərəfindən sıxışdırılmış, digər hallar onun hesabına yüksələn xətlə inkişaf etmişdir.

Bu nəticələr kifayət qədər zəngin türkoloji ədəbiyyata dərindən bələd olmaqla yanaşı, türkcəni bütün təzahür genişliyi ilə duymağın, tarixi diferensiasiya prosesində baş verən dəyişiklikləri riyazi dəqiqliklə qeydə almağı bacarmağın məhsulu idi.

Əlbəttə, bütün elm sahələrində hər bir tədqiqatçının daha ümumi olan üslubdan əlavə, iş texnologiyası var ki, bu, alınan nəticələrə öz təsirini birbaşa yox, dolayı yolla göstərir. Məsələn, elə türkoloqlar var ki, sitat gətirməyə meyilli deyillər; elələri də var ki, əsərləri başdan-başa sitatlardan ibarətdir. Hər iki hal o zaman məqbuldur ki, a) elmin mövcud nailiyyətlərinə maksimum əsaslanılmış olsun, b) müəllif-tədqiqatçı mövqeyi aydın görünsün. Məmmədəli Novruzov sitat gətirməyə meyilli idi, ancaq bu onun çıxardığı nəticələrin özünəməxsusluğunu zədələmir, əksinə, onu daha əsaslı, daha mükəmməl, daha inandırıcı edirdi.

Mən Məmmədəlini heç vaxt tənha, özü öz problemləri ilə məşğul olan, yaxud oxuyub-öyrəndiklərini, yazıb-yaratdıqlarını başqalarından gizlədən görməmişəm. Onun, əsasən, tələbə yoldaşlarından ibarət çox səmimi (və intellektual) bir ətrafı vardı: Arif Acalov, Arif Məmmədov (Əmrahoğlu), Məhəmməd Məmmədov, Arif Rəhimov, Muxtar İmanov (Kazımoğlu), Vaqif Məmmədov (Əjdəroğlu)... Sonra bu dəstəyə mən də qoşuldum. Və heç şübhəsiz, əldə etdiyim az-çox uğurlar üçün onlara minnətdar olmamaq mümkün deyil. Heç bir təmənna güdmədən həmişə bir-birinə arxa durmağa hazır olan, bir-birinin, kiçicik də olsa, uğuruna ürəkdən sevinən bu gənclərin münasibətləri böyük bir məktəb idi.

Məmmədəli filologiya fakültəsinin elmi-ictimai həyatında fəal iştirak edirdi. Onun həm müəllimlər, həm də tələbələr arasında xüsusi hörməti vardı ki, bu, ilk növbədə, öz sahəsinin yaxşı mütəxəssisi olmasından irəli gəlirdi. Lakin peşəkarlıq Məmmədəlidə heç zaman özündənrazılıq, müştəbehlik yaratmadı, əksinə, nüfuzu, hörməti artdıqca o, bir az da genişürəkli, bir az da ünsiyyətcil olur, ərkyanalığından qalmırdı.

Namizədlik dissertasiyasını müdafiə edib bitirdikdən sonra Məmmədəli Novruzov onun üçün sevimli olan mövzuya - say sisteminə qayıdaraq həmin mövzuda doktorluq dissertasiyası üzərində çalışmağa başladı. Ancaq yenə də maddi çətinliklər öz təsirini göstərməkdə idi. Bununla belə, yüksək intellekti, möhkəm iradəsi sayəsində o, istədiyinə çatdı. Və 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi (tarixi-tipoloji tədqiqat)" adlı doktorluq işini uğurla müdafiə etdi. Bu fundamental əsərin üç məziyyətini ayrıca göstərməyə, elə bilirəm ki, ehtiyac var. Birincisi, müəllif hal kateqoriyasında olduğu kimi, burada da türk dillərini dünyanın müxtəlifsistemli dilləri ilə müqayisədə almış, kəmiyyət anlayışının ifadəsinin geneoloji və tipoloji xüsusiyyətlərini qarşılıqlı əlaqədə araşdırmışdı. İkincisi, sözügedən müqayisə öz ümumtipoloji nəticələrini verməklə yanaşı, türk dillərində kəmiyyətin bir kateqorial sistem kimi öyrənilməsində nəzəri-metodoloji kontekst və ya baza rolunu oynamış, türk dil təfəkkürünün müvafiq sahədəki özünəməxsusluqlarını aşkarlamağa imkan açmışdır. Üçüncüsü, dil tarixi üçün olduqca zəruri etimoloji təhlillər aparılmışdır ki, bu zaman həmin təhlilin "zahiri effekt"inə yox, daxili məntiqinə, tarixi-müqayisəli metodun tələb etdiyi metodoloji əsaslara dayanılmasına diqqət yetirilmişdir.

Dissertasiya işinin həm "Türk dilləri", həm də "Dil Nəzəriyyəsi" ixtisasları üzrə - iki indekslə müdafiə olunması, heç şübhəsiz, həm bu əsərə, həm də müəllifin elmi yaradıcılıq miqyasına verilən qiymət idi. Həmin dissertasiya əsasında hazırlanmış monoqrafiya 2000-ci ildə "Elm" nəşriyyatında çap olunmuşdur.

Əlbəttə, Məmmədəli Novruzovun Azərbaycan türkologiyası qarşısındakı xidmətləri namizədlik və doktorluq dissertasiyaları ilə bitmir. Haqqında bəhs etdiyimiz işlər nə qədər dəyərli olsa da, onun diqqəti çəkən daha bir sıra maraqlı əsərləri vardır ki, buraya "Söz aləminə səyahət" (2002), "Türk dilçiliyinin müasir problemləri" (2004), "Türk dillərinin səs quruluşu" (2005), "Kitabi-Dədə Qorqud"un leksikası (2012) və s. kitabları, onlarla elmi, elmi-publisistik məqalələri, çoxsaylı fənn proqramları daxildir. Məqalələri bir çox xarici ölkələrdə nəşr edilmişdir.

Hər cəhətdən örnək bir haldır ki, 70 illik yubileyinin qeyd olunduğu bu günlərdə alimin vaxtilə filologiya fakültəsinin tələbələrinə dediyi mühazirələr əsasında Türkologiya kafedrasının dosenti Afaq Məmmədovanın tərtib etdiyi "Türk dillərinin tarixi və quruluşu" adlı dərs vəsaiti işıq üzü görmüşdür. Vəsaitə həmin kafedranın müdiri, professor Məhərrəm Məmmədov Ön söz yazmışdır.

Məmmədəli Novruzovun Bakı Dövlət Universitetində müəllim, dosent və professor olaraq uzun illər göstərdiyi məhsuldar fəaliyyət də unudulmazdır. Ancaq filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov (Qıpçaq), çox təəssüf ki, bu dünyadan tez getdi. O, yüksək ixtisaslı türkoloq kadrlar hazırlayıb özünəməxsus elmi məktəb yaratmağa yeni-yeni başlamışdı. Yalnız bir təsəllimiz var ki, böyük alimlərin əsərləri əbədi olaraq elmin sərəncamındadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!