Azər Turanın "Xalid Səid Xocayev" kitabının Daşkənd nəşrinə ön söz
Elnarə AKİMOVA
Bu kitab işığa və elmə bürünmüş kədər abidəsidir. Onu "Divanü lüğat-it-türk"ün Azərbaycanda ilk tərcüməçisi, 1937-ci ilin repressiya qurbanı, özbək əsilli Azərbaycan türkoloqu Xalid Səid Xocayevin ömür salnaməsi də adlandırmaq olar. Bütün elmi istiqamətləri və tədqiq çoxcəhətliliyi ilə seçilən bu kitabda Azər Turan Xalid Səid Xocayevin fəci, əzablı sonluqla bitən ömrünü roman siqləti ilə oxucuya çatdırıb. "Yeni əlifba yolunda əski xatirə və duyğularım" kitabının Daşkənd nəşrinə yazdığı "Özbək dili və ədəbiyyatının Azərbaycandakı böyük nümayəndəsi Xalid Səid" adlı Ön sözdə özbək alimi, professor Baltabayevin bildirdiyi kimi, "Azərbaycan alimi Azər Turan "Xalid Səid Xocayev - şəhid türkşünas" adlı bir kitab yazmışdır. 1937-ci ildə Xalid Səidin əsərləri məhv edilsə də, qızı Bəhicə xanımın xatirələri əsasında müəllif onun elmi portretini yaratmışdır".
Bu kitabı elmi portret də, sənədli roman da adlandırmaq olar. Ancaq onu müəllifin bədii fantaziyası deyil, dəqiq elmi faktlar və müşahidələr hasilə gətirib. Xalid Səidin yaradıcılıq bioqrafiyasını və həyatını geniş tədqiqata cəlb edən Azər Turan unudulmaqda olan böyük bir alimin haqqını tarixin xərabələri altından çıxarıb aydınlığa qovuşdurdu. Bu məqamda, Bəhicə Xalid Səid qızının Azər Turanın 2009-cu ildə nəşr olunmuş "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabını oxuyandan sonra müəllifə ünvanladığı məktubdakı fikirlər yada düşür: "Siz mənim atamı yenidən dünyaya qaytardınız".
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində bu kitabın yenidən nəşr olunması ayrıca önəm daşıyır. Çünki Türkoloji Qurultayın hazırlıq prosesində də, Qurultayın keçirildiyi günlərdə də daha çox fədakarlıq göstərən alimlərdən biri Xalid Səid Xocayev olmuşdu. Azər Turan Xalid Səidin Türkoloji Qurultaya istər hazırlıq mərhələsində - Yeni Əlifba Komitəsinin nümayəndə heyətinin tərkibində Krıma, Türküstana səfərlərini, istərsə də Qurultaydakı çıxışlarını, məruzəsini, Qurultay nümayəndələri ilə, xüsusən, Özbəkistan və Türkiyə nümayəndələri ilə görüşlərini bütün təfsilatı ilə qələmə alıb.
Kitabda Azər Turanın üzərində geniş dayandığı məqam Mahmud Kaşğari "Divan"ının ilk tərcüməsi məsələsidir. Bununla o, yalnız bir alimin haqqını bərpa etmir, həmçinin türk əxlaqının, türk mənəviyyatının kökündə dayanmış bu qiymətli divanın ilk tərcüməsinin bizə məxsus olmasını xüsusi məhəbbət və maraqla vurğulayır. Azər Turan bu məsələni uzun illərdir yaradıcılığının əsas hədəflərinə çevirmiş fikir adamıdır. Hələ Xalid Səid barədə ilk kitabında yazırdı ki, Xalid Səidin tərcümə etdiyi "Divanü-lüğat-it türk"ün bu günəcən üzə çıxarılmaması, nəşr edilməməsi, belə bir acı reallığın davam etməsi, meydanda olan məlum fakta göz yumulması çağdaş türkologiya, dilçilik elmimizin kəsiridir. Dünyada yalnız bu kitaba görə həyatı dərbədər olmuş, bu kitaba görə qanına qəltan edilmiş bir insanın - türk elminin nakam şəhidi Xocayevin çiləli ruhu hələ də 1937-ci ilin qanlı çarmıxından endirilməyib".
Azər Turanın Xalid Səid Xocayevlə bağlı araşdırmaları nəhayət, uğurla nəticələndi. "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "Sirli" seyfin tilsimini kim qıracaq, yaxud "Divanü lüğat-it-türk"ün Azərbaycanda ilk tərcüməsi niyə üzə çıxarılmır?" məqaləsindən sonra məsələ yenidən aktuallaşdı. Nəhayət, məlum oldu ki, itmiş, yaxud 1937-ci ildə NKVD tərəfindən müsadirə olunmuş əlyazma Dilçilik İnstitutunun kitabxanasında 30-cu illərdən qalma əlyazmaların, kitabların arasındaymış. Məqalə sirli seyfin 86 il davam edən tilsiminin qırılmasına səbəb oldu. Bu dəfə Azər Turanın "Sirli seyfin səksən altı illik tilsimi qırıldı - Xalid Səid Xocayevin tərcümə etdiyi "Divanü lüğat-it-türk" nəşrə hazırlanır" adlı məqaləsi dərc olundu və problem Azərbaycan humanitar-filoloji mühitinin əsas mövzularından birinə çevrildi.
2024-cü ildə Azərbaycanda ən uğurlu ədəbi-elmi hadisə Xalid Səid Xocayevin tərcüməsində Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinin əlyazmasının Nəsimi adına Dilçilik İnstitutunda tapılması idi. Bu, ömrü Stalin repressiyasının amansız dalğasında güdaza gedən bir alimin haqqının bərpası idisə, digər tərəfdən, Azərbaycanın türkologiya elminə verdiyi böyük töhfə idi ki, bunun üçün də hamıdan çox, illərlə bu əlyazmanın tapılması naminə mücadilə aparan, Xalid Səid Xocayevlə bağlı ilk kitabın müəllifi Azər Turana təşəkkür düşürdü. Xalid Səid Xocayevin tərcümə etdiyi mətni nəşrə hazırlayan AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli də kitabın "Giriş" qismində "Xalid Səidlə bağlı Azərbaycanda ilk monoqrafiyanın müəllifi, görkəmli alim, tanınmış publisist, filologiya üzrə fəlsəfə doktoru, sözün əsl mənasında, millət cəfakeşi" adlandırdığı Azər Turanın xidmətini ayrıca qeyd etməyi unutmadı: "Qəzet məqalələrində, çıxışlarında "Divan"ın məhz Dilçilik İnstitutunda olduğunu söyləyən və ciddi axtarış aparmağı dəfələrlə məndən xahiş edən Azər Turana dərin təşəkkürümü bildirirəm" ("Divanü lüğat-it-türk" I c/ Bakı. 2024 s.43-44).
Başqa məqamlar da var kitabda; məsələn, Xalid Səidin 1934-cü ilə qədər müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmasından, şair, nasir, ədəbiyyatşünas kimi məziyyətlərindən, Abdulla Qədirinin "Ötən günlər" və Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanlarını Azərbaycan türkcəsinə tərcümə etməsindən, həbs olunduğu gecənin təfərrüatlarından, şər toplusu olan 12493 saylı istintaq işindən, qızı Bəhicə ilə söhbətdə Xalid Səidin tərcümeyi-halının, xarakterinin bir çox özəlliklərindən ətraflı bəhs edilir. Azər Turan, hətta hələ 2008-ci ildə yazdığı "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabında Xalid Səidin yeganə şeirini də üzə çıxarmışdı. Bu kitabda gün işığı qədər aydın, təmiz məqamlardan tutmuş, "müəllimini 30 gümüşə satan tələbələr"inin qaranlıq əməllərinə qədər, hər şeydən bəhs edilir.
Onun Xalid Səid irsinə həssas münasibəti ardıcıl, davamlı xarakter daşıyıb.
2008-ci ilin 12 sentyabrında "Yeni əlifba yollarında əski xatirə və duyğularım" əsərindən "Birinci Ümum Türkoloji Qurultayı", 2015-ci ilin 29 avqustunda isə "Annagəldi baba ilə kiçik müsahibə" hissələrini "Ədəbiyyat qəzeti"ndə təqdimatla oxuculara təqdim etmişdir. "Xalid Səid Xocayev - şəhid türkşünas" kitabı ilə isə dövrün böyük ehtiyacına cavab olaraq ədəbi-elmi fəaliyyətin yeni mərhələsini istiqamətləndirmiş oldu. Yeni elmi meyilləri, metodoloji başlanğıcı, filoloji istiqamətləri şərtləndirmiş tutumlu qənaət və tövsiyələri ilə tarixi əhəmiyyət kəsb edən bir iş meydana çıxardı.
Doktor Cavad Heyət Azər Turanın türk məfkurəsi yolunda şəhid getmiş bir alimin haqqında yazdığı "Xalid Səid Xocayev" kitabını "türk haqqına qayıdış, milli yaddaşın bərpasına böyük xidmət" adlandırırdı.
Xalid Səid Xocayevin indi Kanadada yaşayan nəvəsi Əfruz xanım yazır ki, "Anam Bəhicə xanım atasının əlyazmasının bir gün tapılacağı və gün işığına çıxacağı arzusunu Azər Turanla tez-tez bölüşürdü. Uzun illər Azər müəllim onu əlyazmanın tapılacağına inandırdı və həmin itmiş mətni tapmaq üçün bütün səylərini əsirgəməyəcəyinə söz verdi... Azər Turan Xalid Səid Xocayev haqqında kitab nəşr etdikdən sonra onun irsi barədə bir sıra məqalələr dərc etdirmiş, orada "Divanü lüğat-it türk" əsərini tez-tez xatırlatmışdır. Özü də onu tapmaq üçün çox səy göstərir və bir gün Xalid Səidin əsas kitabını görmək ümidi ilə anamı dəstəkləyirdi... 2009-cu ildə ailəmiz Kanadaya köçdü. Anam vətənindən uzaqda olsa da, Azər Turanla əlaqə saxlamağa, ona göndərilən yazıları oxumağa davam edirdi. Lüğətin əlyazmasının mütləq tapılacağına və nəşr olunacağına inamla danışması anamı çox ümidləndirdi. Ana bu ümidlə yaşayırdı və həqiqətən, onun sözlərinə inanırdı".
Ümumiyyətlə, Azər Turan qəribə taleli araşdırıcılardandır. O, Xalid Səid barədə ilk kitabın müəllifi olur. Xalid Səidin qızı son yuxusunda onu görür, sonuncu dəfə onunla danışır. Yenə Əfruz xanımın məqaləsindən sitat gətirməli oluram: "Taleyin çoxlu sirləri və əlamətləri var. Təsadüfi deyil ki, anamın həyatında sonuncu telefon danışığı Azər Turanla oldu. Anam həmin gün yuxuda Azər Turanı görmüşdü. Zəngləşdilər. Yenə də Mahmud Kaşğarinin lüğətindən və onu axtarmaq barədə danışırdılar. Son söhbətlərində Azər Turan dedi: Söz verirəm ki, atanızın itirilmiş əlyazması tapılacaq. Təəssüf ki, bu söhbətdən bir neçə saat sonra anam dünyasını dəyişdi".
Bəhicə xanımın vəfat xəbərini alanda necə sarsıldığına şəxsən şahidəm və bunu sözlə ifadə etmək indi mənim üçün çətindir. Bu sətirləri yazıram və nədənsə Hüseyn Cavid yadigarı Turan Cavidi xatırlayıram; sonuncu Cavidi. Onun da son gördüyü, son yuxusunu danışdığı və dünyasını dəyişəndə yanında olan tək adam Azər Turan idi...
Xalid Səidin yeganə övladının dünyasını dəyişdiyi günün ertəsi "Ədəbiyyat qəzeti"ndə Azər Turanın "Metafizik və sürreal işıq, yaxud Bəhicə xanımın son yuxusu..." məqaləsi dərc olundu. Müəllif yazıda Bəhicə xanımla olan son söhbətini, onun son yuxusunu rəmzləndirərək şüurun dərk etməkdə acız qaldığı sonuclara varırdı…
2024-cü il noyabrın 8-də Nyu-Yorkda YUNESKO-nun proqramı çərçivəsində Divanın çapı ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən Əfruz xanım "Xalid Səidin əlyazmasının axtarışında böyük əməyi olan, babamın həyat və yaradıcılığına dair ilk monoqrafiyanın müəllifi Azər Turana bu tribunadan minnətdarlığımı bildirirəm", - dedi: "Mənim üçün və bütün ailəmiz üçün əsas məsələ Azər Turanın bu axtarışda əzmkarlığı və uğura qəti inamı idi ki, bu da tarixi ədalətin bərpasına və uzunmüddətli arzunun həyata keçməsinə səbəb oldu".
Xalid Səid Xocayev bir qərib, yaralı ruh idi. İndi o ruh ona görə məmnundur ki, həm haqqı bərpa olunub, həm də doğma yurduna qayıdıb. VƏTƏNDƏN VƏTƏNƏ YƏNİ...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
