Hər şeyi anlamaq olar, lakin hər şeyi bağışlamaq olmaz - Elmira AXUNDOVA

 

Azərbaycan Respublikasının Ukraynada səfiri işlədiyim ilk zamanlar Vətən müharibəsinə - 44 günlük Qarabağ savaşına təsadüf etmişdi. 2020-ci ilin yayında biz səfirlik əməkdaşları ilə Kiyevdə erməni separatçılarının Qarabağda başlatdığı ədalətsiz müharibə haqqında kitab hazırlayıb nəşr etmək istəyirdik. Əslində kitab birbaşa döyüşlər barədə yox, faciəvi hadisələrin episentrində əziyyət çəkən insanlar haqqında olmalıydı. Bu kitab publisistika, şahidlərin sənədli ifadələrinə əsasən deyil, yüksək meyarlı nəsr əsərlərindən ibarət olmalıydı.

Biz bir neçə hekayə, povest, hətta bir romanı da oxuyub araşdırandan sonra çox qısa zaman ərzində bu mətnləri tərcümə edərək, qiymətli bir kitabı nəşr etdik.

Bu işdə bizə Azərbaycan Yazıçılar Birliyinin katibi, Ukrayna ədəbiyyatının köhnə dostu və tərcüməçisi Səlim Babullaoğlu çox kömək etdi. Kitabın tərcüməçiləri M.Karayeva və M.Salmanova, çapı isə "Dmitri Buraqo" nəşriyyat evinə məxsus idi.

Almanaxın nəşri Kiyevin oxucu ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. "Bayraqdar" kitabının Akt Evində keçirilən təqdimatında məşhur Ukrayna yazıçısı və ədəbiyyatşünası Dimitro Vasilyeviç Stus əsərlərin bədii keyfiyyətlərindən danışaraq dedi: "Təəssüflər olsun ki, Ukrayna yazıçıları hələ bizim müharibə haqqında belə güclü və təsirli kitab yazmayıblar".

İş zamanı istedadlı Azərbaycan yazıçısı Elçin Hüseynbəylinin yaradıcılığı ilə tanış oldum. Əslən, erməni terrorçularının işğal etdiyi Cəbrayıl rayonundan olan Elçin Hüseynbəyli Qarabağ münaqişəsi  mövzusuna çox həssas və ağrıyla yanaşırdı. Seçmək məqsədilə hekayələri oxuyarkən mətnlərin qeyri-adi süjeti, detalların dəqiqliyi, yalançı pafosdan, ifşa tonundan uzaq olması (artıq onlardan iki hekayə - "Gözünə gün düşür" və "Qocanın axdığı gün" "Bayraqdar" kitabına salınmışdı) məni valeh etdi. Bir də  qonşu olan iki xalqın faciəsinin əsl humanizm və vicdanla təsviri çox önəmli idi.

Təxminən, altı-yeddi il bundan əvvəl Azərbaycan mətbuatında Rüstəm İbrahimbəyovun "Qafqaz triosu" filmi haqqında qızğın müzakirələr gedəndə mən də "Yeni Müsavat" qəzetinə böyük bir müsahibə vermişdim. Həmin çıxışımda belə bir fikir söyləmişdim: "Rüstəm İbrahimbəyov və onun müdafiəçilərinin fikrincə, bu film iki düşmən xalqı barışığa, sülhə çağırır. Bu, doğrudan da, belədirsə, yazıçı çox böyük istedada malik olmalı və çox qüdrətli bir əsər ortaya qoymalıdır. Sən gərək böyük məsuliyyət hiss edəsən. Elə etməlisən ki, xalqın heysiyyətinə toxunmayasan. Bu, çox həssas məsələdir - hər şeyi elə təsvir etməlisən ki, insanların qəlbinə dəyməyəsən və səni başa düşsünlər. Axı Azərbaycan xalqının dərdi böyükdür, onun yaralarından hələ də qan axır... Erməni-Azərbaycan probleminin yüksək bədii təsvirinə gəlincə, onu deməliyəm ki, bunu hələlik ancaq böyük yazıçı C.Məmmədquluzadə özünün "Kamança" əsərində yarada bilib. Belə yazmaq üçün də Mirzə Cəlil kimi dahi olmaq gərəkdir..."

O müsahibəmdən on ildən artıq vaxt keçib. Mən bu gün deyə bilərəm ki, bizim istedadlı Azərbaycan yazıçıları Qarabağ müharibəsi haqqında çox dəyərli əsərlər yaradıblar. Bu əsərləri fəxrlə dünya ədəbi elitasına təqdim etmək olar və bu bədii əsərlərin arasında Elçin Hüseynbəylinin "Qarabağ" nəsri ön sıralardadır.

Bu yaxınlarda hörmətli yazıçımızdan müharibə haqqındakı əsərlərindən bir neçəsini (onların içində iki povest də vardı) mənə göndərməyini xahiş etdim və hekayələri oxumağa başladım. Bu əsərləri oxumaq ağır idi, ancaq onları unutmaq ondan da ağır idi. Onlar insanın yaddaşını və vicdanını lərzəyə salır, Azərbaycan xalqının bu savaşda yaşadığı dramatik və faciəli epizodları təkrarən xatırlamağa məcbur edir. Hekayələr çox kədərli və  acıdır. Onlar, bir qayda olaraq, faciə ilə sonlanır. Bir qəhrəman snayper gülləsindən ölür, iki körpəsi olan gənc ana Araz çayının sularında qərq olur, erməni əsirliyində olan gənc qadın intihar edir...

Elçin Hüseynbəyli oxucunu manipulyasiya etmir, o, əsərlərində oxucuya mərhəmət, acımaq hissi aşılamağa çalışmır. Yazıçı pafos və təmtəraqdan ağıllı məsafədə uzaqdır. Elçin Hüseynbəyli, əsərlərinin qəhrəmanları kimi, azdanışan, lakonikdir. Onun təhkiyəsi sərrastdır. Yazıçı ancaq özünün şahidi olduğu və ya Qarabağ müharibəsinin acılarını yaşamış insanların söylədiklərini qələmə alıb. Buna görə də onun əsərləri həyəcanedici və daha inandırıcıdır. Hekayələrindəki detallar dəqiq və sərrastdır. Süjet boyunca bunlar xüsusi məna, əhəmiyyət kəsb edir.

Ailəlikcə erməni hücumundan xilas olmaq üçün evlərindən qaçmaq məcburiyyətində qalan Ümüdün həyətlərində qoyub gəldiyi rəngli top ("Atəş səsləri qulağımda...") onun yadından çıxmır və hekayə boyu tez-tez öz rəngbərəng topunu xatırlayır. Axı o, qonşu uşaqları ilə futbol oynamağı çox sevirdi. Sonra Ümüd Arazın coşqun sularında həmin alabəzək topu görür... Top evindən-eşiyindən qaçan həmkəndlilərinin ev, təsərrüfat əşyaları ilə bərabər Arazda axıb gedirdi.

Ümüd, onun körpə bacısı və anası silahlı ermənilərdən canlarını qurtarmaq üçün Araza üz tutmuşdular.

Hekayənin axırında yenə də top görünür: Araz çayının anasını apardığını görən balaca qız ağlayır. Ümüd bacısını sakitləşdirməyə çalışır: "Ağlama. Mən sənə rəngli top alacam". Sadə uşaq oyuncağı həm  müharibədən qabaqkı, həm də gələcək sakit, xoşbəxt həyatın simvoluna çevrilir.

Elçin Hüseynbəyli əsərlərində yaratdığı qəhrəmanların acı taleyinə rəğmən heç kimi günahlandırmır, heç kimi ittiham etmir: nə uzun illər azərbaycanlılarla yanaşı yaşamış, lakin 1990-cı illərin əvvəllərində daşnak, millətçi, revanşist "siyasətçilər"in toruna möhkəm ilişmiş erməniləri, nə də həddindən artıq sülhpərvər, itaətkar azərbaycanlıları (həmin dövrdə azərbaycanlılar əllərində olan-qalan nə silahları vardısa, onu da hökumətə təhvil verib,  erməni faşistlərinin hücumları qarşısında qorumasız - təhlükəli vəziyyətdə qalmışdılar).

Elçin Hüseynbəyli yazıçı kimi heç kim haqqında hökm çıxarmır. Müəllif, sadəcə, ambisiyaları və xisləti tarixən hamıya bəlli olan qüvvələrin qarşı-qarşıya qoyduğu iki xalqın faciəsini böyük ustalıqla - real şəkildə göstərir. Bu faciənin əsas qurbanları isə uşaqlardır...

Azərbaycan və erməni kəndlərində qarışıq nikahdan doğulan uşaqlar bu faciənin - ağrının lap mərkəzindəydilər ("Sükutda hıçqırtı" hekayəsindəki balaca Kamil kimi).

Hər iki tərəfdəki qarşılıqlı nifrətin ağırlığına, doğmaları erməni daşnakları tərəfindən öldürülən, əsir götürülən əsgər və zabitlərimizin düşmənə dərin nifrətinə baxmayaraq, Elçin Hüseynbəyli yazılarında həqiqi humanizm, mərhəmət, əsl insanlıq nümunələri göstərməyə çalışır və buna uğurla nail olur.

Yazıçının "Əsgər barmağını əmən körpə" hekayəsi var... Ermənilər bu körpəni unudub boş evdə qoyub gediblər. Ac və susuz qalan südəmər uşaq durmadan ağlayır. Komandir bu uşağı övladlığa götürmək fikriylə özləri ilə aparır. "Arxadan vurulacağını gözləyirmiş kimi" hekayəsində isə Azərbaycan ordusunun zabiti işğaldan azad etdikləri kəndə müvəqqəti və məlum məqsədlə yerləşdirilmiş livanlı erməni qadınına iki uşağı ilə Ermənistan tərəfə keçməyə kömək edir. Erməni faşistləri qaçarkən bu Livan ermənisini taleyin ümidinə buraxıb getmişdilər. Xocalı faciəsinin şahidi olmuş döyüşçülər onu öldürməyi təklif etsələr də, Azərbaycan zabiti öz həyatını təhlükəyə ataraq, onu uşaqlarıyla birlikdə sərhədə ötürə bilir. Çünki "müharibə-müharibədir", "müharibə bütün izləri silib aparır", "qalibləri mühakimə etmirlər" anlayışlarını bu hekayənin qəhrəmanına aid etmək olmaz. Azərbaycan ordusunun döyüşçüsü hər şeydən əvvəl "hətta müharibədə də insan olaraq qalmaq mümkündür" fikrinə  əmindir. O zaman yaşamaq da, ölmək də asan olur.

Bu topluda təqdim olunan povest və hekayələr Qarabağ müharibəsinin  qazanında qaynamış insanlar haqqında böyük, epik rəsm tablosuna çevrilir. Onlar ekstremal vəziyyətlərdə özlərini necə aparırlar? Onları idarə edən nədir: günah, qəhrəmanlıq və ya macəra həvəsi, vətənə məhəbbət, təkəbbür, ya məhəbbət?

E.Hüseynbəylinin qəhrəmanlarının hər biri bu suallara özünəməxsus şəkildə cavab verir. Onların hər birinin öz həqiqəti-doğrusu var.

Yazıçı "müharibə" anlayışının qondarma romantika pərdəsini yırtıb qoparır, müharibənin dağıdıcı olduğunu, onun eybəcər, amansız iç üzünü göstərir, ölüm, dərd, əzab gətirdiyini inandırıcı şəkildə isbatlayır. Müharibə - zorakılıq və axırı olmayan sonsuz dəhlizdir.

Müəllifin, əlçatmaz, əsrarəngiz Edem kimi, təsvir etdiyi kiçik vətən obrazı - xudmani, yaşıl həyətlər, zəngin üzüm bağları, kənd uşaqları ilə çaydan balıq tutmaları, ot biçməkləri, quzu otarmaqları "Kəndə gün çıxanda qayıdacağıq" hekayəsində bütün əlvan rəngləri və çalarları ilə canlanır. "Biz mütləq ora qayıdacayıq - ata dörd yaşlı oğluna söyləyir, - mütləq qayıdacayıq! Biz öz kəndimizə qayıdanda anamın qəbrini də ora apararıq... atamın qəbrinin yanında... dəfn edərik..."

 

Aprel 2026,

Bakı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!