Azərbaycan nəsrində ilk epoxal roman-tetralogiya (Əvvəli ötən sayımızda) - Qurban BAYRAMOV

 

Bizə elə gəlir ki, başlıca meyar Məmmədin yaradıcılığının bədii keyfiyyətində, ziyalı kimi onun ideyalarında, eləcə də estetik sözünün gerçəkliyə təkrarsız söykənişindədir... Təbii-xəlqi bədii dil onun bədii əsərlərində fikri dolğun ifadə etməyə yönəlir. Bax, bu kimi ədəbi keyfiyyətlər onun əsərlərini cəlbedici edir.

Bu tetralogiyada müəllif gördüyü, rastlaşdığı, təmasda olduğu, müşahidə etdiyi adamların iç dünyasını, duyğu və yaşantılarını, bacarıq və istedadını əks etdirən, bu adamların ictimai-sosial duyğularını, işgüzarlığını müasir oxucuya çatdıra bilir.

Məmməd - Murad obrazı haləsində yazıçıya, alimə, ziyalıya yaraşan sənətkar mədəniyyəti, dərin bilik, həyat təcrübəsi, gözəl və təsirli qələm, zəngin müşahidə qabiliyyəti, sözün əsl mənasında, sadə və əlvan bədii dil, şəxsi nəzakət, mehribanlıq, həssaslıq - bütün bunların hamısı, onun şəxsiyyət obrazında cəmlənmişdir. Bütün bunları onun özünü də, yaradıcılığını da nurlandıran dəyərlər hesab edirəm.

Oxudum və gördüm ki, Məmməd Əliyev böyük türk mücahid-şairi Mehmet Akif Ərsoyu təkcə dahiliyinə görə deyil, həm də, əqidəsinə - Vətənini azad, əsarətdən uzaq görmək arzusuna, insanlarının xoşbəxt yaşayışına can atmasına görə, türkçülük, islamçılıq, müasirlik düşüncələrinin vurğunu kimi sevir. Sanki, Mehmet Ərsoyun bu şeir parçasındakı:

"Zülmü alqışlayamam,

zalımı əsla sevəməm,

Gələnin keyfi üçün keçmişə

qalxıb söyəməm!.." - ideya-estetik qayəsi Məmməd Əliyevin bu tetralogiya memuarının da baş xəttini təşkil etmişdir. Məmməd Əliyev Mehmet Ərsoy haqqında yazır: "Böyük vətənpərvər idi, insanlarla ünsiyyət saxlamağı, dostluq etməyi çox sevər, Allah və Peyğəmbərinə böyük imanı və inamı vardı. Gözə soxulmağa, yaltaqlığa nifrət edir, tərifi xoşlamazdı. Biri onu tərif edəndə üzünü yana çevirər və qızarardı, təkliyə çəkilib fikirləşməyi sevərdi. Xalqın zülm və istismar edilməsinə, yoxsulların halına biganə qala bilmirdi, onunla dost olmaq çox çətin idi. Dostla dost, düşmənlə düşmən olurdu. Yoxsul və sadə yaşamağı daha üstün tuturdu, cahilliyə, fanatizmə qarşı çıxırdı. O, böyük şair, alim və vətəndaş idi, gəncliyi sevir, ona məsləhətlər, tövsiyələr verir, onların gələcəyinə inamla baxırdı. Xalq şeiri nümunələri toplayır, onlara musiqi bəstələyir, neydə ilahi nəğmələri ifa edirdi."

Məmməd Əliyevin epoxal roman-tetralogiyasını oxuduqca görürsən ki, onun prototipi olan Muradın da, xarakterindəki əsas mənəvi daşıyıcılar bu meyara, bu xarakterik ülgünün əsas cəhətlərinə uyğun gəlir.

Tetralogiyadakı baş qəhrəman Murad obrazı, deyərdim ki, Allahın kəramət və bəsirət bağışladığı insanlardandır. Çünki, uşaq çağlarında müqəddəslər sırasında olan Mir Mövsüm Ağanın əli onun başına, çiyninə, kürəyinə çəkilib, bu müqədəs ruhlu Ağanın əlindən loxma yeyibdir... Bax, kəramətin maqik sirri də buradadır. İnsanlara həm mənəvi, həm də zahiri cəhətdən qayğı göstərən bu insanın həyat yolu Murad obrazının həyat yolunda gözlərimizin önündəcə kitab kimi vərəqlənir. Bu zaman onun yardımçısı başı üzərində səcdə etdiyi Allahı olur. Allah isə hər şeyi insana bəyan edəndir. İnsan mərhəmət hissi ilə ucalır. Yerlərdə mərhəmət edənlərə göylərdən müjdə gəlir. Ruhaniyyətə qapısı açıq olan şəxslərin imanı, inamı ilə yanaşı insafı da yetərincə olur. İnamlı, imanlı olanlardan olan Murad obrazı oxucuda örnəkli rəğbət doğurur.

Murad obrazının cəlbedici cəhətlərindən biri də və əsası da budur ki, bu obraz fərdilikdən uzaqdır və müəllif bu obrazın aurasında yaşadığı - uşaqlıq, gənclik, təhsil, daşıdığı vəzifələr, göstərdiyi fəaliyyət sferasında ictimai-sosial mühitin naməlum, görünməyən, gizli, örtülü qalan, qəsdən gizlədilən tərəflərini göstərməyə nail olur, keçən əsrin bir çox gizlinlərinin üzərindən pərdəni qaldırır, müasir oxucu auditoriyasına yönəldir.

Tetralogiyanın yazı manerası bəzən publisistik üsluba meyillənsə də, əsasən lirik-emosional təhkiyə ilə təqdim edilən tarixi faktlar və hadisələrin hekayəti oxucunu alıb-aparır...

Tetralogiyada dövrün ədəbi-mədəni mühiti, SSRİ - Rus imperiyasının çöküşü, yeni həyat, müstəqillik uğrunda mübarizə, görkəmli ədiblər, sənət və siyasət adamları ilə ünsiyyət və onların xarakterləri, ictimai mövqeləri, onlarla fikir mübadiləsi, ayrı-seçkiliyə, ədalətsiz təzyiqlərə, təpkilərə məruz qalması maraqlı faktlar, hadisələr, az qala, sənədlər əsasında tamlığı, bütövlüyü ilə təqdim edilmişdir.

Murad roman-tetralogiyada mübariz, haqsızlığa dözməyən, xeyirxah, prinsipial, nəcib insan, məğrur şəxsiyyət kimi canlanır və təsirli, sirayətedici rəğbət doğurur.

Əsl həqiqətdə, yazıçı Məmməd Əliyev davam edən bu tetralogiyası ilə keçən əsrdə Azərbaycan xalqının keçdiyi əzablı-əzabsız həyat yolunun realist lövhələrlə epopeyasını yaratmışdır. Bu mənada, Məmməd Əliyevin memuar-tetralogiyası həm də, maarifçilik missiyası yerinə yetirir, görünən üfüqlərdəki görünməzi görünən edir... Bu tetralogiya qələm tişəsində sözlə yonulan ədəbi abidə kompleksidir.

Roman-tetralogiyada 750-dən çox insan həyatından fraqmentlər, xatırlamalar, xatiratlar keçir və bunları yan-yana düzəndə həm təqdim olunan bu şəxsiyyətlərin çoxcəhətli fəaliyyətlərini, həm də, həyata, mühitə, sənətə baxışlarını, həm də onların yaşadığı mühitin zəruri detallarını müasir oxucuya çatdırır. Beləliklə, tetralogiya yalnız təqdim etdiyi insanların, şəxsiyyətlərin deyil, geniş mənada zamanın, dövrün, mənsub olduğu məkanın abidəsi, xronotopu funksiyasını yerinə yetirir. Bu mənada Məmməd Əliyev Azərbaycan nəsrinə mənsub memuar janrına yeni konstruktiv əlamətlər əlavə etmiş, milli nəsrimizdə düşündürücü, çevik, dinamik ədəbi detallarla daha da zənginləşdirmişdir.

Müəllif bu roman-tetralogiyasında dövrün maraqlı, görkəmli, tanınmış siyasi, ədəbi şəxsiyyətlərinin, xadimlərinin, müəllim-pedaqoqların, mütəfəkkirlərinin də xarakterik cəhətlərini, xalqın taleyüklü problemlərinin həllindəki rollarını da yeri gəldikcə əks etdirir. Bunlar düşünən, əməlpərvər, xeyirxah, mütəffəkkiranə xarakterlərdir...

Bu obrazlardakı xarakterik cəhətlər dövrün xarakteri ilə harmoniya təşkil etdiyindən vahid pyedestalda görsənən heykəlləşmiş kompleksə çevrilir, belə bir harmonik təsəvvür yarada bilir. Bu obrazlar xarakter etibarı ilə özünəməxsus, fərdi, bənzərsiz olsalar da, bir məqamda - vətənə, xalqa, milliliyə, azərbaycançılığa, dövlətçiliyə, dürüstlüyə bağlılıqda birdilər, vahiddirlər, bölünməzdilər...

Tetralogiyanın "Mavi-yaşıl gözlərin, işığı..." (2023) üçüncü hissəsinin həcmli - 490 səhifəlik cildi qarşımdadır. Romanın birinci fəsli "Gənc rəssamın faciəsi" adlanır. Bu fəsil dedektiv janrına uyğun təsir bağışlayır. Çünki burada kriminal süjet var. Rəssamlıq məktəbinə qəbul olunmuş, gənc, istedadı, qabiliyyəti ilə hamının diqqətini özünə cəlb etmiş, özünün rəng duyumu, mövzu orijinallığı ilə seçilən, müəllimlərinin sevimlisinə çevrilmiş Babazadə gecədən keçmiş emalatxananı tərk edib evlərinə qayıdarkən yolda milisin təzyiqinə məruz qalaraq, ağır dərəcədə döyülərək milis məntəqəsinə gətirilir, soyuq kamerada yiyəsiz qalaraq aldığı yaralardan həlak olur... Bu kriminalı örtmək üçün sovet milisinin rəisi min bir fırıldağa əl atır, aldığı rüşvəti geri qaytarır, guya oğlan küçədə dava-dalaş salıb, döyülüb, tanınmaz adamlar tərəfindən milisə gətirilib və s. yalan ehtimallar irəli sürürlər. Amma rəis yanılmışdı. Respublika Prokurorluğu və Dövlət Təhlükəsizlik Komitəsinin birgə istintaq-əməliyyat qrupu çox az bir müddətdə hər şeyi öz yerinə qoydu, cinayətin bütün təfərrüatları aşkar edildi. Növbətçi milisioner mərdliyinə salıb yoldaşlarını güdaza vermir. Bu mərd oğlan isə əsərin qəhrəmanı Muradın və onun yoldaşları olan Mirzənin, Məmmədəlinin ən yaxın dostları Ramiz idi və boş "kişilik", "mərdlik" mentalının beləcə güdazına gedir, səkkiz il, altı ay həbsxana cəzasına məhkum olur. Murad isə belə bir zərbədən, onun mənəvi sarsıntısından özünə gələ bilmir, psixoloji sarsıntı keçirir. Romanın belə bir başlanğıcı oxucunun marağını süjetə cəmləyir, romanı oxumağa marağı artırır... Həmçinin müəllif bu fəsillə sanki həyəcan təbili çalır, Muradın həyatının yeni mərhələsinin "kriminal" cəmiyyətdə, kriminallaşan bir mühitdə keçəcəyinə işarə edir.

Romanın ikinci fəsli "Yüksək səviyyəli qonaq" adlanır və 1978-ci ilin (70-ci ilin sonlarının, 80-ci ilin əvvəlinin) hadisələrini xronikal, publisist üslubda təqdim edir. SSRİ kimi bir imperiyanın rəhbərinin - L.İ.Brejnevin Bakıya gəlişi, qarşılanması, İrandakı şahlıq rejiminin İslam Ruhullah Mustafavi Musəvi Xomeyni rejimi ilə əvəzlənməsini əhatə edir. Siyasi-publisistik xronika təsiri bağışlayır. Bu fəslin girişini olduğu kimi təqdim edirik ki, romanın üslubi imkanı haqqında təsəvvür yaradaq: "Hələ ki, 1978-ci il idi... Bu il bir də onunla əlamətdar idi ki, bir müddət sonra dünyanı lərzəyə salan Sovet dövlətinin başçısı Leonid İliç Brejnev Bakıya gələcək, burada dövlətin çox məxfi saxladığı hərbi-siyasi planları müzakirə olunacaqdı. Sovet qoşunları bizə qonşu olan cənub bölgəsinə girməli idi. Cənub həsrəti, ürəyimizdəki arzular baş qaldırdı... Lakin qəbul edilən strateji əhəmiyyət kəsb edən qərarlar yerinə yetirilmədi. Həmin vaxtlarda Amerika dövlətinin dəstəyi ilə Əfqanıstanda hərbi çevriliş baş verdi, qərbpərəst Əmin hakimiyyətə gətirildi. Sovet qoşunları Əfqanıstan uğrunda müharibəyə qoşulmalı oldu. Zəngin həyat təcrübəsi olan L.İ.Brejnevin digər sovet rəhbərlərindən fərqli olaraq Azərbaycana xüsusi rəğbəti vardı. Mötəbər görkəmli, xeyli ciddi və məsuliyyətli şəxs kimi bütün qüvvə və bacarığını sovet dövlətinin güclənməsinə yönəltsə də, gündən-günə iqtisadiyyatda tənəzzül özünü göstərirdi. Buna baxmayaraq, onun Azərbaycana maraq göstərməsi ölkəmizin inkişafına təkan verdi, lakin heç kim deyə bilməzdi ki, sovet qoşunlarının Əfqanıstana müdaxiləsi onun iqtisadiyyatı və siyasi sisteminin çökməsinə səbəb olacaqdı! 1989-cu ildə sovet qoşunları Əfqanıstandan çıxarılarkən məlum olmuşdu ki, həmin uğursuz müharibəyə 55-60 milyarda yaxın pul xərclənib (generalın bizim üçün oxuduğu mühazirədən).

Bu, Sovet dövləti üçün böyük məbləğ idi. Əgər nəzərə alsaq ki, 1 ABŞ dolları 63 qəpik sovet pulu idi, onun nə qədər irihəcmli maliyyə vəsaiti olduğu müəyyənləşər..." Bu publisist xatırlamalar və ricətlər o dövrün siyasi-ictimai xarakteristikasını canlandıraraq müasir oxucuya informatik məlumat ötürür və o dövrü görməyən gənclərə xatırladır ki, sizin babalarınız, atalarınız belə bir mürəkkəb dövrdə yaşayıblar.

İranda baş verən hadisələr, şahlıq rejiminin yıxılması, Ayətullah Xomeyninin Fransadan gəlişi və İran İslam Respublikasının aldadıcı manevrləri, radikal, orta əsrlər dövrünün bölücülük, şovinist, farsçılıq siyasətini islam adı ilə idarəetməyə gətirməsi, nazirlikdə işləyən İshaqov Hüseyninin İranda işləyən kiçik qardaşı Abbasəli (illər keçəcək, Abbasəli ali təhsilini başa vurub yenidən İranda işləməyə gedəcəkdi. Bu dəfə ölkəmizin İrandakı səfiri missiyası ilə!) üçün keçirdiyi psixoloji təlaşlar fonunda verilməsi romanın oxunaqlı səhifələrindəndir. Bu fəslin də yaxşı cəhətlərindən biri onun o dövr üçün informatik qatının üstün olmasıdır. Və İran İslam Respublikasında bu günlərdə (2026-cı ilin ilk on günlərində) baş verən hadisələrin məğzi də müəllif fəhminin uzaqgörənliyindən xəbər verir.

Tetralogiyanın "Mavi-yaşıl gözlərin, işığı..." (2023) cildində Murad artıq bir şəxsiyyət kimi özünü təsdiqləmiş durumdadır. Elmlər namizədidir, doktorluq işini müdafiəyə təqdim edir, bir uğursuz evlilik həyatı keçirir, işlədiyi nazirlikdə erməni məkri ilə qarşılaşır, kafedra müdiri olur, Moskvada yeni bir sevdaya mübtəla olaraq romantik həyat keçirir... Bütün bunlar tetralogiyanın üçüncü hissəsinə lirik-dramatik bir ovqat gətirir, onu daha da oxunaqlı və maraqlı edir. Bütün bunlar romanın "Yüksək səviyyəli qonaq", "Tamamlanan elmi iş. Tallində", "Nazirlikdə yeni "kadrlar" fəsillərini əhatə edir.

Romana olduqca maraqlı obrazlar, surətlər, xarakterlər gətirilmişdir. Muradın elmi işinin yazılması və müzakirəsi fonunda cərəyan edən hadisələr, elmi rəhbəri, akademik Məmməd Cəfər müəllimin müdrikliyi və qayğıkeşliyi, prof. Mirzəağa Quluzadənin xəstəliyi, ölümü və yoxluğunun nisgili hər iki alimin müsbət səciyyəsini sərgiləyir... Murad bu doktorluq elmi işində ilk dəfə idi ki, türkoloji mövqedən şeirimizin vəzn və evfoniya problemlərini tarixi-müqayisəli metod əsasında araşdırmış, ilk dəfə şeirin poetik strukturunun riyazi modelini, yazılışını tapmağa cəhd göstərmiş, bir sıra tanınmış türkoloq alimlərin nəzəri problemlərinə qarşı çıxmış, özünün nəticə və elmi mülahizələrini nəzəri-problematik tərzdə onlara qarşı qoymaqla işin nə ilə nəticələnəcəyi haqda düşünməmiş, bir növ, elmi sferada özünə qarşı qısqanclıq yaratmışdı ki, bütün bu "astanalardan" qorunmaqda ona hami olan işıqlı adamlar lazım idi...

Burada akademik Fərəməz Maqsudovun, dilçi-alim prof. Çingiz Bədəlovun, Sov.İKP MK-nın məsul işçisi Polyakovun, təhsil naziri Qurban Əliyevin, nazir müavini Ənvər Nəzərlinin, akademik, "Qurani-Kərim"in tərcüməçisi, tanınmış islamşünas-şərqşünas Vasim Məmmədəliyevin, Təhsil Nazirliyinin əməkdaşı Aidanın, nazirlikdə idarə rəisi Məmmədsadığın, xüsusi şöbənin rəisi təyin olunan Minasyanın, onun nazirliyə, xüsusi şöbəyə gətirdiyi, işvəli-nazlı Tamara Borşevanın, dəftərxana müdiri Xavər xanımın, əsaslı tikinti və təmir işləri üzrə nazir müavini vəzifəsinə gətirilmiş Ruslan Səmədovun, texnikumlar üzrə mərkəzi müfəttişliyə rəis gətirilmiş Tamilla Nəcəfovanın, BDU-nun rektoru, akademik Faiq Bağırzadə və digərlərinin xarakterik cəhətləri, bir insan kimi müsbət və ya mənfi cəhətləri iş prosesində, əyaniliklə xarakterizə edilir. Bunların arasında ən işıqlı ziyalılardan biri Ənvər Nəzərlinin obrazı daha qabarıq verildiyindən xoş təəssürat yaradır. Ənvər Nəzərlini həyatının son illərində, tamamilə özünü şeir yazmağa, bədii yaradıcılığa həsr etdiyi çağlarında, təqaüddə olan dövründə "Kredo" qəzetinin redaksiyasından tanıdım və qəzetin redaktoru Əli Rza Xələflinin ona qarşı hədsiz ehtiramının işığında xoş münasibətimiz, ünsiyyətimiz də formalaşmışdı...

Ənvər Nəzərli kimdir?

1937-ci ilin repressiya qurbanlarından biri olan Azərbaycan Yazıçılar Birliyinin ilk sədri Hacıbaba Nəzərlinin qardaşı oğlu Ənvər Nəzərli keçdiyi həyat yolunun cəfalarını ürəyində yaşatmış ziyalılarımızdan biridir.

Təhsil nazirinin müavini olarkən Muradın ən məhrəm hamisi olan, bu keşməkeşli, dramatik, fərəhli həyat yolu keçmiş ziyalını - Ənvər Nəzərlini müəllif romanda belə təqdim edir: "Ənvər Nəzərli tanınmış bir ziyalı nəslinin nümayəndəsi idi. Əmisi Hacıbaba Nəzərli 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, ailələri illər boyu təqib edilmiş və təzyiqlərə məruz qalmışdı. İ.Stalinin ölümündən sonra əmisinə bəraət verildi, ailə sərbəst həyata qovuşa bildi. Ə.Nəzərli universitetin Şərq fakültəsinə qəbul olunmuş, əla qiymətlərlə oranı bitirdikdən sonra Bakının Kürdəxanı kəndində arvadı Surə xanımla birlikdə kənd məktəbində müəllimlik etmişdilər. Akademik Vasim Məmmədəliyevin ilk müəllimlərindən biri olmuşdu. Klassik Şərq və Azərbaycan ədəbiyyatını dərindən bilən Ənvər Nəzərli tezliklə tanınır, müxtəlif vəzifələrə irəli çəkilir, nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinə məsul vəzifəyə təyin olunur. Ənvər müəllim Vasimin vasitəsilə Muradı tanımışdı, tanışlığının ilk günlərindən Muradın işgüzarlığı və çalışmasından razı qalmışdı. Onların arasındakı səmimi münasibət sonralar möhkəm dostluğa çevriləcəkdi..."

Bu faktı ona görə xatırlatdıq ki, Məmməd Əliyevin tetralogiyasının obrazları Ənvər Nəzərli kimi işıqlı şəxsiyyətlərdir...

Lakin hamı bu cür işıqlı olmur. Tetralogiyanın bu hissəsində, "Hikmət Zalov, Toma, Minasyan" fəslində daha bir erməni məkri ilə qarşılaşırıq, hansı ki, tetralogiyanın birinci hissəsi - "Həsrətin o üzü" romanında Muradın atası İrac da erməni məkrinin qurbanı olaraq həlak olmuşdu. Məmməd Əliyevin memuar-romanının üçüncü hissəsində nazirliyin xüsusi idarə rəisi təyin edilmiş erməni emissarı Minasyan belə, məkr dolu bir obrazdır...

Məmməd Əliyevin romanda təqdim-təsvir etdiyi Minasyan obrazı bu qism ermənilərin bariz obrazıdır... "Minasyan gödək boylu, domba gözlü, şişman bir adam idi, hər gün üzünü qırxır, seyrəlmiş saçlarını geri darayır, özünə mötəbər bir görkəm verib təşəxxüslə tez-tez nazirin kabinetinə girib-çıxır, çox vacib "persona" olduğunu nümayiş etdirirdi.

Bir gün xəbər çıxdı ki, Minasyan şöbə müdirləri və bəzi əməkdaşları yanına çağırıb onlarla söhbət edir və "tanış" olur... Əvvəl deyinənlər, etiraz edənlər oldu, sonra onunla "söhbətə" çağırılanlar boyun qaçırdılar... Kim ona bu səlahiyyətləri vermişdi, məlum deyildi. Uzun müddət nazirlikdə işləyən, əslən bakılı olan Hikmət Zalov hamının diqqətini çəkən bir tərzdə dilləndi: - Bəlkə, aramızda "xalq düşməni" axtarır?! Mən onların daşnakpərəst nəsillərini yaxşı tanıyıram! Getsin "xalq düşməni"ni özünün ata-babasında axtarsın! Gündə üç-dörd dəfə nazirin kabinetinə girib çıxır... Yer qurbağasına oxşayır!"

Məmməd Əliyev romanında bu obrazı və eləcə də, digər obrazları yaradarkən hafizəsi önündə heyrət hissimi gizlətmirəm. Artıq çoxdan tarixə dönmüş hadisələri yenidən gündəmə gətirib bu yaşında kitab səhifələrinə düzmək böyük cəfa, zəhmət və məhəbbət tələb edir.

Romanda bədii mətnin kompozisiyasında ən müxtəlif komponentlər iştirak edir. Təhkiyə mütəhərrikliyi elə bir fonda təqdim edilir, daha doğrusu, hərəkətə başlayır ki, klassik roman texnikasında olduğu kimi, hadisələr bir-birinə calanır, iç-içə virtual əlaqə qaynağından impuls alırlar, xaraktercə nə qədər müxtəlif olsalar da, bir-birlərinə tapınaraq klassik, milli əxlaq müstəvisində bərabərləşirlər, irreallıq reallaşır...

Məmməd Əliyevin epoxal-romanının bədii-estetik dəyərinin ən mühüm qatlarından birini də bu söylədiyimiz nəsnələrə ciddi, möhkəm bağlılığıdır...

Yazıçı Məmməd Əliyevin roman-tetralogiyasının bir mühüm cəhəti də, XX əsrin ikinci yarısı ilə, XXI əsrin birinci çərəyində baş verən hadisələrin panoram təsvirindədir, başqa sözlə, yaxın tarixi yaddaşın ədəbi-bədii müstəvidə bərpasıdır. Bu baxımdan, Məmməd Əliyev tarixi yaddaşın bərpaçı müəllifidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!