Söz adamı - Yaşar Rzayev-85 - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

"Uçun, uçun, göyərçinlər! Uzaqlara, lap uzaqlara gedin. Səma necə də geniş, necə də sonsuzdur. Eh, əgər mən sizin yerinizdə olsaydım... bilirsiniz, haralara uçardım? - Ulduzlara. Bilirsiniz, ulduzlarda nə var? Bilmirsiniz. Mən də bilmirəm. Bilmək istəyirəm. Amma qanadım yoxdur. Siz isə qanadlısınız, göyərçinlər. Uçun, uçun!"

Onun "Gecə eşalonu" adlı ilk kitabındakı (1972) bu lirik ovqat, romantik duyğuların təsviri sonralar yaradıcılığında fərdi üslubunu müəyyənləşdirən əsas xüsusiyyətlərdən birinə çevrildi. İnsan ürəyinin təmiz və saf hisslərini, duyğuların gözəlliyini qələmə aldı və sonralar da yazdığı nəsr əsərlərində heç bir vaxt yalançı sentimentalizmə, bayağı, şirnikləndirici açıq-saçıqlığa aparmadı. O, sovet dövrü "romantikası"nın zorla oxuculara sırınan süjetlərindən imtina etdi, heç bir əsərində "müsbət sovet adamı" obrazı yaratmadı, sadəcə olaraq, insanı köksü altında döyünən ürəyinin "ərazisində" təsvir elədi; sevgisini də, gün-güzəranını da, sevincini, kədərini də, həyati qayğılarını da...

Bu, yetmişinci illərin gənc yazıçısı Yaşar Rzayev idi.

1981-ci ildə Yaşar Rzayevin "Əks-səda" adlı ikinci nəsr kitabı işıq üzü gördü. Bu kitabda Yaşar Rzayev artıq püxtələşmiş - fərdi üslubu formalaşmış bir nasir kimi diqqəti cəlb edirdi. Xüsusilə, onun hekayələrində bitkin bir süjet, təqdim etdiyi obrazların özünəməxsus səciyyəsi və həmin lirik ovqat bu yazılarda da diqqəti cəlb edirdi. Məsələn, "Ana ömrü" hekayəsi çox təsirli idi. Məşhur professor Əbilov - bu şöhrətli alim və həkim indi öz gözəl günlərini yaşayır. Amma onu bu zirvəyə qaldıran, 47 yaşında dünyanı tərk edən anasıdır - hər ay altmış manat maaşının düz yarısını oğluna göndərən ana... o ana ki, oğul qayğısına möhtac idi, "Əhmədağa Əbilov bir müddət yerindəcə donub qaldı. Birdən əzabla xatırladı ki, anasının şəklini indiyəcən hələ də böyütdürməyib. Yumruğunu düyünlədi. Pəncərəyə yaxınlaşdı. Əhmədağa düşündü ki, yoldan keçənlərin ən azı hər üç nəfərindən birinə onun adı tanışdır. Amma anasını - o yazıq qadını isə heç kim tanımır, özündən və bir neçə həmyerlisindən başqa heç kim xatırlamır... Heç kim! Heç kim də bilmir ki, professoru bu mərtəbəyə həm də o yazıq qadının boğazından kəsib göndərdiyi manatlar, qəpiklər ucaltmışdır". Bu hekayəni oxuyanda Əli Kərimin "Qaytar ana borcunu" şeirini xatırladım. "Əks-səda" povestini oxuyanda isə müharibədən sonrakı illərin gəncliyini xəyalıma gətirdim. Ağır sınaqlar dövrünü yaşayan gənclərin həyatın sərt realizmi ilə gələcəyə boylanan romantik duyğuları arasında təzadlı ömürlərinin şahidi oldum. Real həyat acı idi: ehtiyacla dolu bir ömür-gün, çıxış yolu tapmaqda acizlik... Romantik duyğular isə o qədər şirin və gözəl idi ki, o reallıqları unutdururdu. İnsan təmiz olurdu, paklaşırdı. Və təsadüfi deyildi ki, Yaşarın povestinin qəhrəmanı sonda da bu təmiz duyğularla gözümüzdə ucalır. Ümumiyyətlə, Yaşar Rzayevin bir povestindən də söz açmaq istəyirəm: "Dəryada gəmim qaldı". Bu povestdə müəllif bir rayon və bir kənd daxilində baş verən hadisələrdən söz açır. Müxtəlif talelər - müxtəlif, bir-birinə bənzəməyən insan xarakterləri. O, sübut etmək istəyir ki, əsl insan hansı şəraitdə, hansı zamanda olursa-olsun, onu heç bir qüvvə öz vicdanının əleyhinə getməyə məcbur edə bilməz. İnsan aldana bilər, səhv edə bilər, lap böhtana düşüb həbs oluna bilər, amma bütün bu məhrumiyyətlər onun insanlıq ləyaqətinə xələl gətirməz. Povestdəki Zeynəb və İmran obrazları bu fikrin əyani sübutudur.

 

Yaşar Rzayev sonrakı illərdə hekayə janrında uğurlarını davam etdirdi. Hətta deyərdim ki, onu bir nasir kimi tanıdan da hekayələri oldu. Elə hekayələr ki, onları bir kimsə yox, ancaq Yaşar Rzayev yaza bilərdi və yazdı. Məsələn, "Sözsüz mahnı" hekayəsini. Hekayənin qəhrəmanı Fərzulla uzun illər öz doğma kəndindən ayrı düşüb, şəhərdə elmlər namizədi olandan sonra özü yabançı bir illüziyaya qapılıb. Amma bu illüziya onun kəndə gəlişindən sonra alt-üst olur. Fərzulla hiss edir ki, kənd də dəyişib, adamları da, adamların psixologiyası da. "Aylı gecə, sərin külək, göy çəmən..." ancaq mahnıda qalıb. Və Y.Rzayev həmin dəyişməni, mənəvi-psixoloji qarşılaşmanı ustalıqla canlandıra bilib...

Yaşar Rzayevin ən maraqlı, hətta digər hekayələrinə də nümunə ola biləcək "Vəlinin kupletləri"dir. Əlbəttə, bu hekayədə Anarın "Dantenin yubileyi" əsərinin də təsiri hiss edilir. Hər iki hekayədə uğursuz, həyatda bəxti gətirməyən adamın taleyi qələmə alınıb. Amma "Vəlinin kupletləri"ndə Feyzulla Kəbirlinski tipinə başqa rakursdan nəzər salınır. Feyzulla Kəbirlinski əslində, istedadsız adamdır, lakin bu istedadsızlıq onun daxilindəki mənəvi gözəlliyin işığını azaltmamışdır. Səhnəyə böyük məhəbbət bəsləyən Kəbirlinski bu yolda hər cür təhqirə də dözür. Yaşar Rzayevin qəhrəmanı Xalıq isə istedaddan məhrum deyil, elə bircə "Arşın mal alan"dakı Vəli obrazı onu şöhrətləndirə bilərdi. Lakin Xalıq böyük aktyor olmaq əvəzinə əyalət teatrının qarderobçusuna çevrilir. Beləliklə, böyük səhnə əslində, onun şöhrətini qaldıra biləcək bir istedaddan məhrum olur. Lakin hekayədə əsas məqsəd Vəlinin taleyinə heyifsilənmək deyil, bəlkə də bu adamın artıq sönüb getməkdə olan inamını özünə qaytarmaqdır. Xalıq son dəfə səhnəyə qalxır, öz sevimli rolunu oynayır. Ona hamı əl çalır, hamı onun oyunundan vəcdə gəlir, lakin... evlərinə getməyə (özü də yağışlı havada) ona maşın tapılmır. Mətləb aydındır.

Hekayənin bir məziyyəti də onun psixoloji effekt doğurmasıdır. Biz Xalıqın daxili monoloqları ilə tanışlıqda onun bilavasitə öz həyat prinsipi, insanlara münasibəti, səhnəyə, teatra məhəbbəti və şəxsi kədəri ilə üzləşirik. Bütün bunlar obrazların qarşılıqlı münasibətlərini tənzim edən hərəkət və dialoqlarda da verilə bilərdi, lakin müəllif artıq xatirəyə dönən hadisələri Xalıqın düşüncəsi fonunda reallaşdırır.

Yazıçı üçün ən böyük vəzifə elə yazıçılıqdır - qələm, kağız, sonra qələmin kağız üzərində dövr etməsi, sonra özünü yazıçı kimi də təsdiq etməsi. Biz bunu xalq yazıçısı Elçin Əfəndiyevin timsalında görmüşük, o, iyirmi ildən artıq böyük bir vəzifə səlahiyyəti daşıyırdı, amma sevdiyi ədəbiyyatdan ayrılmadı, yenə əvvəlki şövq ilə yazdı, yaratdı. Bəs Yaşar Rzayev necə? Çünki o, yetmişinci illərin əvvəllərində partiya işinə keçdi, sovet-partiya sisteminin pillələrini aram-aram qalxmağa başladı. Amma iyirmi il yazıçı müvazinətini saxladı. Lənkəran şəhər komitəsində təşkilat şöbəsinin müdiri, sonra ikinci katibi, sonra birinci katib, daha sonralar Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini, sonra İcra Hakimiyyətinin başçısı... Azərbaycan Respublikası Milli Məclisinin deputatı... Mən iki dəfə onun qəbulunda olmuşam, hörmətlə qarşılayıb, amma deyim ki, qarşımda icra başçısını yox, yazıçını görmüşəm. İcra başçısı olanda "Beş dəqiqəlik yol" hekayələr, povestlər kitabının əlyazmasını mənə təqdim etdi, o kitaba Ön söz də yazdım. Öz hekayə və povestlərinin xeyirxah qəhrəmanlarına oxşayan Yaşar Rzayev Lənkəranda bir başçı kimi də nüfuz qazanıb. Amma yaradıcılığında doxsanıncı illərdən başlayan o "sükunət", təbii ki, onun yaradıcılığında daha irəli getməyinə öz təsirini göstərib. Bir də fikirləşirəm ki, əgər Yaşar Rzayev partiya-sovet hakimiyyəti, sonra müstəqillik illərində birinci katib və başçı kimi özünü doğrultmuşsa, bu da elə əsl yazıçılıq kimi xalqa xidmət nümunəsidir.

Təbii ki, rəhbər vəzifədə olanların heç də hamısı sona qədər ali kürsülərdə otura bilməz. Yaşar Rzayev də elə. Amma o, iyirmi illik "sükunəti" çox tezliklə aradan qaldırdı, yenə qələm, yenə kağız, yenə özünü yaradıcı insan kimi təsdiq etmək. "Dünya mənim" kimi maraqlı bir roman meydana gəldi.

Və birdən Yaşar Rzayevin filologiya elmləri namizədi kürsüsünə qalxdığını eşitdim. O, Azərbaycan Pedaqoji Universitetində XIX əsr ədəbiyyatından mühazirələr oxudu, bir pedaqoq və alim kimi də özünü təsdiq etdi. Onun namizədlik işi Azərbaycan romanının sovet dövrü illərini əhatə edirdi və Yaşar Rzayev sovet ideologiyasının romanlarımıza təsirindən söz açdı, siyasət və ədəbiyyatın qovuşduğu və ayrıldığı məqamları təhlil hədəfinə çevirdi. Namizədlik dissertasiyasını kitab halında da çap etdirdi. "Dünənə necə baxmalı?" kitabında isə vaxtilə ən gözəl romanlarımızın "tənqidinə" həsr olunmuş yazıların müəllifləri ilə polemikaya girişdi. Öyrəndim ki, Yaşar Rzayevin doktorluq dissertasiyası da hazırdır, amma..." səksən yaşım var, gecdir bu yaşda doktor olmaq", deyir.

Bəli, Yaşar Rzayev 85 yaşına gəlib çatdı. O, elmlər doktoru olacaqmı, eybi yox, olmasın, özü bilən məsləhətdir, amma çox istərdim ki, keçən əsrin yetmiş-səksəninci illərinin ən maraqlı hekayələrinin müəllifi kimi yenə gözəl hekayələr qələmə alsın.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!