Hər bir yaradıcı insanın fəaliyyəti onun yaşadığı zamanın müəyyən dövrlərində yaradıcılığının əhatə dairəsində olan qələm sahibləri tərəfindən yada salınır. Bəlkə də əlamətdar günlərdə geriyə dönüb arxaya baxmaq, keçmiş zamana xəyalən dönmək üçün bu, bir fürsətdir. Çünki illərin bir-birini qovaraq yaşın üstə yaş gətirdiyini ancaq onda hiss etmək mümkündür. Azərbaycan elmi mühitində özünəməxsus yeri olan Məmməd Əliyev yaradıcılığı da bu mənada xüsusi maraq doğurur. Məmməd Əliyevin elmi və bədii yaradıcılığına dəyərli elm adamlarımız, ədəbi mühitin sayılan imzaları, ictimai-ədəbi mühitin qələm sahiblərinin yazdıqlarını da göz önündə canlandırıram və bu qənaətdəyəm ki, bu ahəngdə qələm dostumun, tələbəlik (aspirantura) illərindən tanıdığım bu ziyalının ədəbi yaradıcılığı haqqında nəsə bir söz deyim, qənaətlərimi, müşahidələrimi bölüşüm, bəlkə də tədqiqatçıların, həmkarların görmək imkanı olmadığı, bəlkə də mənim görə bildiyim bəzi məqamları xoş niyyətlə aşkarlayım... Güman edirəm ki, bu bölüşdüklərim Məmməd Əliyevin bir ziyalı, xüsusən də, bir yazıçı kimi daxili dünyasına boylanmaq üçün əlavə bir imkan yaradacaq...
Əvvəl də qeyd etdiyimiz kimi, Məmməd Əliyev sadə bir ailədən çıxıb, atasını erkən yaşlarında itirib, anasının himayəsində, kasıb, halal, zəhmətkeş bir ailənin bütün məsuliyyəti və mənəviyyatını özündə aldığı tərbiyə ilə cəmləşdirib. Məmməd Əliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib, sadə müəllimlikdən elmlər namizədliyinə, sonra elmlər doktorluğuna, dosentliyə, professorluğa qədər ciddi elmi yol keçib... 1975-ci ildə akademik M.C.Cəfərovun rəhbərliyi altında "Azərbaycan xalq şeirinin forma və şəkilləri" adlı namizədlik dissertasiyasını, 1985-ci ildə Gürcüstan EA Şərqşünaslıq İnstitutunda "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edib.
43 il ali məktəbdə müəllim, baş müəllim, dosent, professor kimi müəllimlik edib, Təhsil Nazirliyində məsul vəzifələrdə işləyib, ali məktəblərdə dərs deyib, 27 il Quba Pedaqoji İnstitutunun rektoru olub, sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elm üzrə direktor müavini, hazırda isə həmin İnstitutda Türk Xalqları Ədəbiyyatı şöbəsinin müdiridir. Onlarla elmi monoqrafiyanın, dərsliklərin, məqalələrin müəllifidir, yazıçıdır, publisistdir... O, "Azərbaycan şeirinin vəznləri" (1983), "Kitabi-Dədə Qorqud dastanı" (2000), "Dədə Qorqud şeiri" (2000), "Azərbaycan xalq şeirinin şəkilləri" (2003), "Əruzu necə öyrətməli" (2004), "Əruz testləri" (2006), "Azərbaycan şeirinin vəzn və evfoniya problemləri" (2008), "Ədəbiyyat nəzəriyyəsinin əsasları" (2009), "Ədəbiyyat nəzəriyyəsi" (2012), "Quba-Şabran folklor örnəkləri" (2012), "Bir yay gecəsi" (2018), "Bədii təfəkkürdə erkən Azərbaycançılıq düşüncəsi" (2018), "Məhtimqulu Fəraqinin poetikası" (2018), "Türkdilli şeirində təfilə və onun pitmfunksiyası" (2023) təkin bu və ya digər sanballı kitabların, çoxsaylı elmi məqalələrin və hekayələrin müəllifidir.
Onu Azərbaycanın elm və təhsil ictimaiyyəti çox yaxından tanıyır, ziyalılar arasında xüsusi nüfuza malikdir...
.jpg)
1963-cü ildə kənd məktəbinin 8-ci sinfini, 1966-cı ildə Siyəzən şəhər orta məktəbini bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində, 1971-1975-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
Məmməd Əliyev bu ziyalı nüfuzu ilə ölkəmizdə və xaricdə - Orta Asiya ölkələrində geoədəbi əlaqələr üzrə praqmatik enerjili əsas ekspertlərdən biri kimi qəbul olunur. Əsas hədəf isə heç bir zaman dəyişməmişdir: Azərbaycançılıq, yenilik, klassik dəyərlərə önəm verməklə novatorluq və dərinlik. Ümumilikdə prof. Məmməd Əliyevi Şərq (Azərbaycan) ədəbiyyat nəzəriyyəsi məktəbinin nümayəndəsi hesab etmək daha doğru olar. Onun yaradıcılığında nəzəri baxış ədəbi tənqidi də, ədəbiyyat tarixini də hər zaman üstələyib. Yaradıcılığındakı bu çoxprofillilik - polifoniklik onun istedadının imkanının miqyas göstəricisidir. Başqa sözlə, onun bu çoxprofilli tədqiqatları nəzəri baxışların fundamental konsepsiyaya çevrilməsi istiqamətində bir təkamül trayektoriyasıdır. Bu mənada, Məmməd Əliyev bir ədəbiyyat adamı kimi sadəcə yaxşı, zəhmətkeş, novatorluğa meyilli tədqiqatçı deyil, coşqulu, ədəbiyyat sevdalı tədqiqatçıdır. Yaxşı cəhət budur ki, illər bir-birini əvəz etsə də, yaş üstünə yaş gəlsə də, professor Məmməd Əliyev gah alim, gah yazıçı libasında öz həmişəki ampluasındadır - davamlı olaraq əsaslı, maraqlı, yenilikçi mülahizələrlə zəngin, xalqın milli-mənəvi özünüdərkində əhəmiyyətli olan nəsə yazır, araşdırır, nəşr etdirir... Lap bu yaxınlarda nəşr etdirdyi say-seçmə tədqiqatların ("Böyük yolun davamı" I və II kitabları) sanballı topluları bunu bir daha sübut edir. Kitaba yazılan Ön sözdə dürüst müəyyənləşdirilir ki, "Prof. Məmməd Əliyevin elmi araşdırmalarının hüdudları çox genişdir. O, ümumi şeirşünaslıq problemlərinə, türkdilli şeirin tarixi poetikasına, onun ilk kitabələrindən tutmuş zamanımıza qədər, inkişaf qanunauyğunluqlarına, vəzn və dil münasibətlərinə bələd olan ədəbiyyat nəzəriyyəçisidir. M.Əliyev türk eposunu, bu əsasda türk xalqları ədəbiyyatının inkişaf problemlərini, ayrı-ayrı şəxsiyyətlərin ədəbiyyatın inkişafındakı rolunu tədqiq edən peşəkar mütəxəssislərdəndir. Nədən və kimdən yazırsa-yazsın, müəllif araşdırmalarını türkçülük, azərbaycançılıq müstəvisində aparır. M.Əliyev dərin elmi biliklərə, sağlam məntiqə əsaslanan, cəsarətli söz deməyi bacaran, özünəməxsus elmi üslubu ilə fərqlənən alimlərimizdən biridir."
Bu, trafaret qiymətləndirmə deyil, həqiqətən də, belədir. Prof. Məmməd Əliyev bütün tədqiqat obyektlərinə ədəbi ehtiramla yanaşmışdır...
Mənəviyyat baxımından Məmməd müəllimi səciyyələndirən əsas keyfiyyəti milliliyə sədaqəti, mənəvi məsuliyyəti, halallığı və fəaliyyət göstərdiyi sahədə cavabdehliyidir. Məmməd Əliyev elmi və bədii yaradıcılığında dövlətçiliyimizə öz sədaqəti ilə tanınır. O, bütün taleyilə Azərbaycan müstəqilliyinin dövlətçilik strategiyasına və ideyalarına tam bağlıdır. Məmməd Əliyev Azərbaycanın dünənini, bu gününü və sabahını yalnız və yalnız Qarabağın fatehi, Baş komandan, respublikamızın prezidenti İlham Əliyev siyasətində görür, əqidə, sədaqət və məsuliyyətlə qəbul və təbliğ edir... Bu yazıçı mənəviyyatı onun müstəqillik dövrü nəsrimizin ilk tetralogiya memuar epopeyasının mahiyyətindən keçir, cövhərini təşkil edir. Bəri başdan qeyd edim ki, real həyat həqiqətlərinə sadiqlik, üslubundakı sadəlik, aydınlıq və genişlik onun hələlik tetralogiya kimi təqdim edilən romanının hüdudsuz sərhədini təşkil edir.
Onun bu roman-tetralogiyasının hər bir obrazının özlərinə məxsus sosial statusu var, çünki bu obrazlar təxəyyülün məhsulu deyildir, real sosial həyatdan alınmış, real sosial statuslu, çoxlarının tanıdığı şəxsiyyətlərdir. Bu obrazlar baş qəhrəman Muradın müşahidələrində, ona olan münasibət sferasında qiymətləndirilirsə də (bu cəhətdən bəzi hallarda subyektivliyə yol verilir), öz hərəkət və fəaliyyətləri ilə cəmiyyətdə müasir korporativ mədəniyyət mənsublarıdırlar. Bu obrazların təqdimatında (Muradın fikrincə) mübahisə və təqdir doğuran nüanslar çoxdur... Oxucu münasibətilə Muradın münasibəti arasında lal dialoji konseptdə dilemma - gizlin dilləşmə atmosferi yaranır ki, bu da, ifrata varmadan romanın oxunuşu prosesində yaranan təzadlı hiss, duyğu, düşüncədə əsərin süjetinin dinamikasını təşkil edir... Tanıdığın və tanımadığın adamların, elə sənin özünün (oxucunun) içi duyğu və enerji ilə dolu əndişəsini, həsrət və iztirabını, mənəvi ehtiyaclarını, üzüntü və sevinclərini üfüqi genişlikdə, şaquli dərinlikdə göstərə bilir.
Məmmədin kitabında onlarla adamın adı çəkilir. Müxtəlif tale yaşamış çox adamdan bəhs edən səhifələr var. Bu siyahıda təkcə şair və yazıçıların deyil, məşhur ictimai və dövlət xadimləri, jurnalistlər, tanınmış alimlər, pedaqoqlar, hökumət adamları, rəssamlar, maarifçilər, xeyriyyəçilər, mədəniyyət və incəsənət xadimlərinin adları var. Xatirələri oxuyanda mənə aydın oldu ki, bu sayda insanların adlarının qeyd edilməsi heç də asan məsələ deyil. Bunun üçün gərək dərin yaddaşın, gözəl hafizən, zəngin dünyagörüşün olsun.
Məmməd Əliyevin xatirələri sovet dövrünün ictimai-siyasi-ədəbi həyatında baş verən hadisələri yaxından öyrənməyimizə imkan yaradır, tetralogiya keçmiş həyatın qarışıq və ziddiyyətli ruhunu müəyyən mənada bərpa edərək qoruyub saxlamaqla müasirliyə - indiyə və gələcəyə ötürür. Bu obrazların cəmiyyətdə tutduqları mövqeyə uyğun sifətləri, simaları, davranış, rəftar və ünsiyyət tərzləri var. Bu obrazların əksəriyyəti insanlara, sevgiyə, ümidə, arzuya, etiqada, mərhəmətə və s. bu kimi fəzilətlərə uyğun zərif təəssüratlar oyadır. Bu obrazlar həyatdan və gerçək təcrübələrdən doğan insanların obrazıdır.
Məlum məsələdir ki, hər bir dövrdə müəyyən mərhələdə cəmiyyətlər öz fərdlərinə bəlli əxlaq normaları, əxlaq prinsipləri, davranış qaydaları diktə edir. İnsanlar bu və ya digər şəkildə normalara əməl etməyə borcludurlar, həm də, buna məsuliyyət daşıyırlar. Etik, ictimai, sosial normalara düzgün və ya qeyri-düzgün əməl etməkdən çox şey asılıdır. Əlbəttə, insanın davranışında əxlaqi xüsusiyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri çoxdur. Səbəbsiz heç nə baş vermir. Hər halda, mənim fikrimcə, mənəvi-əxlaqi (istər mənfi, istər müsbət) xüsusiyyətlər fitri deyil, insan duyğularından kənarda, bəlkə də mühitdə yaranan məhsuldur. Bunlara təkcə təzahür kimi deyil, həm də mahiyyət kimi baxmaq lazımdır, yəni o, obyektivliklə subyektivliyin qarşılıqlı dialektik vəhdəti kimi başa düşülməlidir. Bütün başqa xarakter və xüsusiyyətlər kimi mənəvi-əxlaqi davranışlar sistemi də sonradan yaranır, inkişaf edir və nəhayət, xarakterə xas olur. Bunları vərəvurd etmək, ədəbi-bədii təsnifatını aparmaq üçünsə həssas yazıçı fəhmi gərəkdir.
Əminliklə deyə bilərəm, Məmməd Əliyev müasir memuar nəsrimizdə ancaq özü olan yazıçıdır. Məmməd bu memuarında sanki sözdən lap Şəkidəki, Xan sarayındakı şəbəkələr kimi şəbəkə hörüb və hər şəbəkənin öz naxışı, öz məzmunu və gözəlliyi var.
Onun romanını oxuyanda, təhlil edəndə orada çoxçalarlı hisslərin formulunu, maraqlı obrazların, insan xarakterlərinin həndəsi sxemini çəkmək olar. Onun yaradıcılıq ruhu sanki qələmə aldığı dövrün özünü bir gənclik ehtirası ilə yaşayır. Orada şəfqət hissi, nəzakət, vicdan əzabı, xeyirxahlıq kimi anlayışların mahiyyəti onun üzvləri - fərdləri tərəfindən düzgün başa düşülür, sosial mövqeyindən asılı olmayaraq hər bir fərd, vətəndaş ləyaqətin, ədəb-ərkanın, humanizmin və müdrikliyin nədən ibarət olduğunu dərk edir, bunları öz həyat kredosuna yönəltməyə cəhd edir. Məncə, tetralogiyada can atılan sağlam düşüncə və davranışın fəlsəfəsi də, ideya-estetik qayəsinin sirri də elə budur.
Bu memuar-tetralogiya sübut edir ki, Məmməd Əliyevin həyatının məntiqi mənasını, istər elmi, istər bədii əsərlərinin əsas qayəsini, ruhunu Azərbaycanın müstəqilliyini gücləndirmək, onun mənəvi cəhətdən enerjisini daha da artırmaq, millətin ruhunu dirçəltmək təşkil edir. Məmməd Əliyev hər zaman sözün böyüklüyünə tapınıb və onun keşiyində durub, öz üslubu, öz yolu olan qələm sahibi kimi bütün yaradıcılığı boyu insanlığa örnək olduğunu isbatlayıb. Bu tetralogiya onun alın yazısının, tale qismətinin kitabıdır və buna görə də hamının kitabıdır. Bu kitab-tetralogiya "İçində ömrümüzü çürütdüyümüz bu rəzil cəmiyyəti mənim istedadlı və böyük ürəkli dostlarımı istədikləri və layiq olduqları kimi yaşamağa qoymadığı üçün heç vaxt bağışlamayacam!" - deyir!! Məhz, elə buna görə, Məmməd Əliyev bir alim-yazıçı tipi kimi məxsusi hörmət və ehtiram sahibidir.
Məmməd Əliyev bir alim-yazıçı kimi tetralogiyasının ideyası - bu cılızlaşan dünyamızı yenidən qurub-yaratmaq, daha da gözəlləşdirmək, ulu Tanrının şah əsəri olan insanları sevmək, onlara yaxşılıq etmək, həqiqətin gözünün içinə düz baxmaq, yamanlığı özlərinə həyat prinsipi seçənlərə düz yol göstərməkdən ibarətdir.
Məmməd Əliyev yaxın tarixi keçmişimizin dürüst öyrənilməsinin vacibliyini, bu günümüzü və gələcəyimizi uğurla qurmaq üçün düzgün yol seçməyi, əvvəllər buraxdığımız səhvləri təkrar etməməyi oxucularına aşılayan, yaddaşın bərpasına, keçən əsrin anatomiyasını yaratmağa çalışan realist yazıçıdır. O, bu roman-tetralogiyasında "Keçmişini bilməyən bu gününü dərk edə bilməz!" - postulatından çıxış edir. O, dərin biliyinə, ensiklopedik savadına, tərbiyəsinə, zəkasına, zəhmətsevərliyinə, ən başlıcası isə, ulu Tanrının ona bəxş etdiyi vergi hesabına ədəbiyyatımıza öz imzasını atmış qələm sahiblərindəndir.
Bu tetralogiya göstərdi ki, ruhən mənsub olduğu Azərbaycan xalqının taleyüklü problemləri onu daima narahat edir. Bu mənada, Məmməd Əliyev xalqımızın əsrlər boyu qoruyub saxladığı milli dəyərlərimizin aşınmasına, mənəviyyatımızın cılızlaşmasına, yeni nəslin təhsilinə, əxlaqına, tərbiyəsinə görə narahatlıq keçirən təəssübkeş Azərbaycan yazıçısıdır. Onun özünəməxsus üslubu, deyim dərzi, sözünün ciddi həyati-estetik tutumu var. Onun əsərləri insanı düşündürür, saflaşdırır, cəmiyyətə, bəşəriyyətə faydalı olmağa səsləyir. Onun proobrazı olan Muradın təfəkkür ampluasından, yaşam tərzindən, həyata baxışından görsənir ki, Məmməd - Murad sadə, zəhmətkeş, həyatın ağır sınaqlarından mətanətlə çıxan bir insan, azərbaycanlı adını layiqli yüksəkliyə qaldıran, ədəbi mühitdə tanınan bir ziyalıdır. Murad bu əzablı həyat yolunda həyat eşqiylə dolu, sevgiylə çağlayan, sevincə də, dərdə də ortaq olmağı bacaran, ruhsal, milli təəssübkeşliyi ilə seçilən bir xarakterdir. Muradın bəxt yazısında bir üstün cəhəti də var, əksərən o, hamıya doğma kimi doğma olurdu, yəni ətrafındakı mühit onu doğma adam kimi qəbul edirdi, beləsinə el arasında deyərlər ki, "üzündə şeytan tükü var!" Murad mənən, gennən nütfəsitəmizlərdəndir!..
Məmməd Əliyevin bu trilogiyası ötən əsrin bütün tərəfləri ilə gedişatına, güzarına, gündəlik həyatına obyektiv, universal bədii-estetik, realist baxışdır.
Məmmədin bu tetralogiyası mənəvi-ədəbi ehtiyacdan, bədii tələbatdan doğmuşdur. Yazarın etnomental dünyasında, həyata, insanlara baxışında yalnız təmiz niyyət mövcuddur.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
