Qələbədən necə yazmalı, yaxud "9-cu mərtəbə"nin əbədiyyət üfüqündə - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

"Mənim göylərdən başqa nəyim var ki?.."

 

2020-ci ildə şanlı Zəfərimizi qazandıqdan sonra bizi ən çox narahat edən sual bu oldu: sənətin, ədəbiyyatın diskursu dəyişdi, bəs ədəbiyyat baş verənlərin bədii dərkini necə verə biləcək? Hər şəhidin ömrü, həyat yolu, Şuşa qələbəsi özü bir filmdirsə, bu qədər təsirli həyat faktları, müharibə lövhələri önündə bədii sözün mövqe və münasibəti hansı çəkidə, hansı ağırlıqda olacaq? Etiraf edək ki, qələbəmizin gözlənilməz olması müəyyən nəfəsdərim tələb edən sənət meyarları ilə dissonans təşkil etsə də, hadisələrdən bir müddət sonra bu mövzuda, az əsərlər yaranmadı. Amma biz təbii ki, daha epoxal, daha siqlətli, müharibənin və onun törətdiyi faciələrin dərinliyini, insan psixologiyasının görünməyən, gizli tərəflərini təsirli şəkildə göstərməyə qadir bədii nümunələr umuruq və buna haqqımız da var. Çünki bu tarix, bu qələbə bizimdir və heç kəs bunu bizim qədər ağrıyıb, duyub yaza bilməyəcək.

Müharibədən keçmiş hər şəhidin, hər qazinin ömür yolu bir roman mövzusudur və onların yaşadığı təcrübənin universallığı, ekstremal situasiyalarda davranışı ədəbiyyat üçün ciddi bazadır. Əsas məsələ bu bazadan uğurla yararlanmaq, mövcud materiallardan yaradıcı şəkildə bəhrələnib yüksək bədii dillə həllinə nail olmaqdır. Bu sıradan oxuduğum növbəti mətn - İlqar Kamilin "9-cu mərtəbə və ya Muradın iztirabları" əsəri ilə bağlı qənaətləri bölüşmək istəyirəm.

"9-cu mərtəbə və ya Muradın iztirabları" əsəri 44 günlük Vətən müharibəsi şəhidi, tank komandiri, leytenant Murad Nağıyevin tale yolunun məktublar əsasında təqdimidir, başqa cür desək, onu Murad Nağıyev haqqında bioqrafik dram da adlandırmaq olar. Çünki daha çox real hadisələrə əsaslanan əsərdə Muradın həyatından da götürülmüş nüanslar yer alır. Ümumilikdə isə, əsərin əsas ideyası müharibə şəraitində qəhrəmanın obrazını yaratmaqdır, əsgər olmağın məsuliyyətini, insani duyğuları, onun savaş reallıqları qarşısında düşdüyü emosional durumu necə yaşamasını, iç təlatümlərini verə bilməkdir.

 

Əsərin süjet xətti nəqlçilik üzərində qurulduğundan hansısa xüsusi ədəbi texnika müşahidə edilmir. Buna baxmayaraq, İlqar Kamil yazıçı olaraq əsərdə məktublarla xitab edir deyə mətn daxilində rahat gəzişmələr edə bilir. Fəlsəfi düşüncələr, psixoloji vurğular, şeirlə nəsrin qovuşuğundan yaranmış yeni kolorit burada aparıcı amilə çevrilir. Bəlkə sonuncu amilin dominantlığıdır ki, müəllif bədii təsvirdən daha çox essevari təhlili xatırladan təhkiyə yolunu seçir, lirik-psixoloji, sentimental, şairanə ovqatla Muradın ömür süjetinin cəbhə dönəmini yazmağa çalışır. Digər tərəfdən, bütün ağırlığı sanki bir qəhrəmana yükləyərək eyni nöqtədə düşüncələr polifonizmi yaratmağı məqsədə çevirir. Əsərdə iştirak edən digər personajları da - Namiq abini, Azəri, Elsevəri və b. biz Muradın məktublarından görüb tanıyırıq. Elə ayrıca obraz qismində iştirak edən Müharibənin özünü də! Əsərdə emossional duyğular, kövrək anlar, əsgər yaşantılarının müxtəlif məqamlarını əks etdirən həyat lövhələri az deyil. Amma mətn daha çox fəlsəfi rakursu, metafizik yanaşmaları ilə diqqət çəkir. Bəlkə də əsəri roman janrının ölçülərindən çıxaran məhz bu nüansdır. O mənada ki, müəllifin janr daxilində apardığı struktur, forma və tərz axtarışlarına baxmayaraq, əsər daha çox ətrafa səpələnən fəlsəfi tezisləri ilə yadda qalır. Əlbəttə, roman müəllifə fəlsəfi-publisistik düşüncələrinin izharı üçün geniş imkan və şərait yaradan janr kimi daha əlverişli görünə bilər, amma əsas məsələ müəllif istəyinin - təxəyyülünün, elmi-fəlsəfi qənaətlərinin mətnə hopdurulmasıdır ki, İlqar Kamilin "9-cu mərtəbə, yaxud Muradın iztirabları" əsərində bu kontekst çox zaman açıq qalır, mətnə qarışmır.

Bununla belə, yazıçı əsərdəki başlıca ideyanı əvvəldən sonadək idarə edə bilir. İlqar Kamil şəhid Murad Nağıyevin ömür yolunu tale mətni kimi əbədiləşdirir, yazıya köçürür. Əsərin strukturu Muradın sevgilisi Banuya yazdığı məktublar əsasında qurulub. Bu məktublarda biz Muradın yaşantılarını, qorxusunu, psixoloji yaşantılarını görə bilirik. Cəmi 44 məktuba sığan həqiqətlərdə görünən müharibənin sərt üzü, sınağı, gərginliyi, ölüm və əbədiyyət duyğusu! Lap 44 günlük müharibəmizin özü kimi! Bu kitab müharibənin ön cəbhəsində iştirak edən yüzlərlə əsgərin obrazını bir neçə şəxsdə vizuallaşdıran, bədii psixoloji rənglərlə zəngin bir əsərdir. Bir obrazın nümunəsində ümumiləşdirilən çalarlar ümumən, müharibənin simasını açmağa imkan verir. Hadisələrin axarı Muradın məktublarındakı əhvalatların ardınca sürüklənsə də, o hadisələrdəki fərdi duyğulardan bəşəri sualların qoyuluşuna, metafizik dünyaların, qeyb aləminin özünə qədər törəmə istiqamətlər ayrılır. Keçmiş ağrılarımızın təsviri (Murovda soyuqdan donan əsgərlərimizin faciəsi), ictimai-siyasi proseslər, ailə-məişət cizgiləri, sevgi etirafları, əsgər müşahidələri və s. Amma "bütün yollar Romaya aparır", edilən bütün kənaraçıxmaların altında fərdi talelərin nisgili, ağırlığı boy verir. Biz Muradın, müharibəyə bütün varlığı və əzmi ilə atılan bu gəncin etiraflarında amansız gerçəkləri də görüb tanıya bilirik. Məsələn, "burda əsgərlər yaxından tanış olmağa maraq göztərmirlər, bunun təhtəlşüuru nədir, bilmirəm, amma fakt belədir (s.27)".

Yaxud "Özüm üçün yeni bir həqiqət də kəşf eləmişdim; ocaq işığının elektrik işığından fərqi odur ki, bu işığın qaranlıq payı da var və o qaranlıqda gizlənmək olur. Elə baxma, ay qız, gizlənmək böyük ehtiyacdır; bəzən utanan, bəzən qorxan, bəzən qaçmaq istəyən tərəfini rahatlıqla gizlədə bilirsən ocaq işığının qaranlıq üzündə. Ehh, qurban olum, biz bu ala-qaranlıqda nə qədər göz yaşı, nə qədər həsrət gizlətmişik, bir bilsən... (s.114)".

Zənnimcə, İlqar Kamil məhz bu nüanslara, yazıçı müşahidəsinin gücündən irəli gələn məqamlara köklənsəydi müharibə ədəbiyyatının daha fərqli nümunəsini meydana qoya bilərdi. Lap elə mətndəki "Müharibədən heç kəs qayıtmır", - frazasının özündə necə amansız insan kədəri, insan həqiqəti yatır. Yazıçı isə başqa yol seçir. Daha çox mütaliə gücünü, inanc duyğusunu, əxlaqi-mənəvi dəyərləri sərgiləyən mətn yaratmağa adaptasiya edir özünü: "Bir gün şagirdi Bəyazid Bəstamiyə deyir: vaxt var idi, Allahdan başqa heç kim, heç nə yox idi. Bəstami gülümsünür:

Nə vaxt elə deyildi ki?"

Adam yaşadıqca bu həqiqəti daha aydın formada dərk etməyə başlayır; sanki "Allahdan başqa ilah yoxdur" ifadəsi get-gedə "Allahdan başqa heç nə yoxdur" ifadəsinə çevrilir" (s.175).

Əsərdəki bir çox belə etiraflar əsgər ruhunun təbəddülatlarını açmağa imkan verir. Amma bu təbəddülatlar yalnız ön cəbhənin yaratdığı suallarla bağlı deyil, ümumən qəhrəmanın iç savaşlarının yaratdıqlarıdır. Mətn boyu qəhrəman - Muradı daim axtarış, sual-cavab narahatlığı içrə görürük. Müharibə, savaş gərginliyinin içində qəhrəmanın sanki "Mənim missiyam nədir?" nigaranlığına köklənmiş ruhu cavab araçılığı ilə uşaqlığından yaşadığı dövrə qədər hər zaman kəsiminə səpələnmiş şifrələri çözməyə çalışır. Cavab isə sadəcə, xilasa köklənməkdir, "çovdarlıqda uçurumdan qorumaq" kimi nəcib bir missiya da demək olar buna: "...dünən gecənin ən tüstü-duman vaxtında qəfil nataraz bir sual ilan kimi çıxdı dolandı boğazıma: bəs görəsən, mənim göz yaşlarım kimin göz yaşlarının davamıdır?..

Mən... şəxsən mən... atası şəhid olmuş bir qızcığazın davamı olum istərdim, o dayansın, mən başlayım, hönkürüm e nə qədər lazımdır. Uşaqlar gülsün, sevgilim, yetər artıq, bəsdir, biz əl-ələ, göz-gözə verib onların yerinı əbədiyyən də ağlamağa hazırıq..." (s.35)

Yazıçı Murad obrazı vasitəsilə mütaliə biliyi sərgiləyir. Onun proseslərə baxışı da, sevgisinə verdiyi dəyər də, hətta yanındakı insanlara münasibəti də mətn duyumu içindədir və biz bir kitabın içinə yerləşmiş onlarla əsərin, onlarla şeirin, əsərin səsini eşidirik. Roman içinə roman yerləşməsi, yəni əsər daxilində Muradın yazdığı romandan bəzi parçaların yer alması isə əsərin ümumi ruhu ilə tamamlansa da, qeyd edim ki, xüsusi bir effekt yarada bilmir.

Əsasən realistik üslubda yazılmış əsərdə müəllif simvolik mənalandırma xəttindən də imtina etmir. Gerçək hadisələrin təsviri içərisində müharibə amili simvolik məna yükü ilə obrazlaşır. Muradın həyat, bəşəriyyət, ölüm-itimlər, müharibələrin mahiyyəti, insanın düşmənə qarşı davranışı ilə bağlı düşüncələri də mətndə daha çox bu obrazla söhbətində üzə çıxır. İlqar Kamil əsərdəki Müharibə obrazını da sanki bizim apardığımız savaşın mahiyyətinə uyğun yaradır. Daha humanist, əxlaqlı, dəyərləri itirmədən yaşanan müharibə ovqatına adekvat olaraq.

Müharibə əsərlərində adətən kamera effekti öndə olub. Müharibə gedən məkanlara məxsus görüntülər, yaşantılar, düşüncə və təəssüratlar və s. Bu əsərdəki bəzi məktublarda oxucu qəhrəmanlarla çiyin-çiyinə bütün hadisələrin iştirakçısına çevrilir, müəllif sanki qəhrəmanının gözü ilə görülən, ruhu ilə yaşanan təsvirləri, hadisələri təsvirə çəkir. Ümumən isə, əsərdə müharibənin daha dərin, psixoloji məqamlarına toxunulmur, bəşəri faciə miqyasında qavranılan müharibə faktoru fərdi talelərə hansı fəlakət gətirir, - kimi məqamların işləkliyi ilə bu əsərdə rastlaşmırıq, əvəzində həyat və ölüm, dünya və mən, təbiət və insan - bu dəfə artıq özgə problematika və mündəricədə prozaik müstəviyə gətirilir. Amma bu da var ki, əsərdə qəhrəmanın yaşantılarının klişe epizodlarla təsviri yoxdur, daha çox suallar qoyan, daxili çəkişmələri, iç təlatümləri ilə savaşda olan obraz var. Mətn boyu qəhrəmanı daha çox ekzistensial məqamlara, mətləblərə həssas biri olaraq görürük, o, mistik mənalar, simvolik atributlarla dünya işləklərinin hesabatını dini-ilahi qatda arayır. Hər situasiyada, üzləşdiyi reallıqlar içrə sanki bəşəriyyəti də, insanlığı da itirdiyi ilahi bağlara bağlamağa çalışır. "...onunla ilk görüşümüz bax belə olmuşdu, nə bir çimdik artıq, nə bir çimdik əskik, sonra aramıza dünya qayğıları girdi və mən göyü unutdum - göyü unutmağın cəzası nədir, Banu?" (s.5)

Qəhrəmanın inadkarlıqla hiss olunan Allah axtarıcılığı, tənhalıq, kədər, Tanrı, ölümlə bağlı düşüncələri - simvolik qatda ifadəsini tapan bu mətləblər əslində, dekadans durumunun başlanğıcı kimi görünür. Hər addımda, hər toxunuşda qabarıqlaşan Tanrı başlanğıclı məqamların, ruhsal-mənəvi dəyərlərin inikasında simvolist çalarları görməmək mümkün deyil. Müəllif hətta sevgi, həyat mövzularının inikasına varanda belə son məqam metafizik qata açılır. Gənc olmasına baxmayaraq, kifayət qədər yetkin təsir bağışlayan Murad sanki ölümdən dünyaya baxır və onda hamının görmədiyi yeni, məchul, sehrli qatlar tapır. "9-cu mərtəbə" də əsərdə mənəvi kamilliyi - həm Tanrıya qovuşmanı, həm də vətəni sevməyin - ona can nisar etməklə, fəda olmaqla sübutunu simvolizə edir. Amma diriliyə prospektiv bucaqdan - ölüm rakursundan baxdığına görə burada ölüm amilinin özü artıq mistik, təhtəlşüur simvolikaya çevrilmir, əksinə həyatın bitib harmoniyanın başlandığı, mənəvi və əxlaqi müvazinətdə ahəngin qurtardığı sərhəddə başlayan məkanı təşkil edir. Buna görə əsərdə Muradın simasında daim zəfər nidasına köklənmiş, bu yolda ölümü belə gözə almış, son əzmi və gücü ilə təğyiri-libas olub vətənə can nisar etməyə hazır olan qəhrəmanlar görürük: "...ya Allah, çox şükür, bu gün də dayanmadıq! Biz Şəms sevdasına yola çıxmışıq, abi! Biz əlisilahlı Rumilər artıq yalançı xoş xəbər deyil, Şəmsin özünü istəyirik!" (s.116)

Qələbəni Şəmsə bənzədən və onu sevgilərin ən üstün qatında ilahiləşdirən Murad Nağıyev! Bəlkə buna görə oxucunun gözləri önündə 23 yaşlı gənc deyil, meditativ düşüncə, təklik nisgili, nəsihət, təsəlli mövqeyi, yorğunluq əhvalı ilə yüklənmiş yetkin insan canlanır. Muradın düşüncələri artıq dünyanın içindən, insanın təfəkkür dramından, anlamaq faciəsindən danışan nümunələrdir. Yəqin elə buna görədir ki, o, cavabı bəlkə də heç vaxt tapılmayacaq suallara meyil göstərir, içində olduğu qarışıq dünyanın məntiqinə və özünəməxsusluğuna daha üstün mövqedən yanaşmağa çalışır və bu mövqe artıq real həyatın ölçülərinə, məntiqinə və prinsiplərinə uyğun gəlmir. Bütün beşmərtəbəli evlərin altıncı mərtəbəsinin qəhrəmanı kimi, Muradın da tale yolu arzuladığı yüksəklik qatında sona varır, nə zamansa can atdığı səkkizmərtəbəli binanın doqquzuncu mərtəbəsində bitir, tamamlanır: "O vaxt məni 1-ə düşürən, indi də 9-a ucaltdı.

Mən qalxmaq üçün düşübmüşəm!

Mən burdayam, burda!

Sözün bitdiyi yerdə!

Şəkər pambığı qayalıqların arasında!" (s.201)

Muradın həyat hekayəsi də, tale yolu da 9-cu mərtəbədən başlamışdı, elə burada da bitdi. "Əbədiyyən susduğu" əbədiyyət üfüqündə! Önəmli olan həm də nədir? İkinci Qarabağ savaşında əbədiyyətə ucalmış minlərlə əsgərimizin həyatını ədəbiyyata gətirmək əzmi və əməyi! Bu yaxınlarda kitab haqqında yazan həmkarım Mətanət Vahid doğru qeyd edir ki, "əvvəlki dövrün məğlub psixologiyasına köklənmiş "itki ədəbiyyatı"ndan fərqli olaraq, burada şəhid obrazı bizdən sadəcə göz yaşı tökməyi deyil, bir vətəndaş duruşu tələb edir. "9-cu mərtəbə"nin qəhrəmanı üçün ən böyük qorxu ölüm deyil, ömrünü qurban verməsinin hədər olması, "səssizcə və sakitcə" unudulmaqdır. Burada xatırlanmaq hər şəhidi adbaad tanımaq, bioqrafiyasını əzbərləmək anlamından daha çoxudur - hər kəsin bacardığı sahədə Vətən üçün əlindən gələni etməsi ilə onların yolunu davam etdirmək kimi şərəfli bir missiyadır".

Zənnimcə, bu missiyanın bir yükü də ədəbiyyatın öhdəsinə düşür. Statistika içində itib-batan yüzlərlə talelərin əbədiləşməsinin estetik üsulunu axtarmaq! Murad Nağıyev onlardan biri olaraq ümumi axından ayrılıb fərdiləşdirildi, portreti yaradıldı. Məhz elə bunun üçün yazıçı İlqar Kamilə təşəkkür etməyə dəyər!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!