Yanvar ayında İranda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin "Nəsimi: edamdan sonrakı həyat" kitabı işıq üzü görüb (Tehran, "Naqus" nəşriyyatı, 2026, 215 səh). Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 15 noyabr 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamının yer aldığı monoqrafiyaya görkəmli şərqşünas alim, akademik Rafael Hüseynov ön söz yazmışdır. Məqaləni oxucu və tədqiqatçılara təqdim edirik.
Köhnə bir təşbeh var ki, hərdən şeir aləmini, şairlər dünyasını "kəhkəşan" kəlməsi ilə ifadə edirlər. Əsrlərcə istifadə edilsə də, yenə işlədildiyindən və köhnəlmədiyindən bu deyimin arxasındakı həqiqət barədə düşünmək lazım gəlir. Nədir şairləri, böyük söz ustalarını, onların doğurduğu inciləri zamanlar boyu diri, təzə-tər saxlayan, nimdaşlaşmağa, əskiləşib sıradan çıxmağa qoymayan? Həqiqətən də, hər dahi şair və belə müstəsnanın qələmindən çıxmış hər ölməz əsər uzaqlarda bərq vuran ulduz kimidir. Ulduzun isə nuru, hətta o sönmüş olsa belə, min illər boyu bizə doğru axmaqda davam edir, yaxınlaşdıqca işığının gurluğu daha artıq hiss olunur.
Böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimi bir ulduz olduğunu, hətta ulduzlardan ən parlağı Günəş olduğunu hər kəsdən əvvəl duyaraq bəyan edənlərdəndir.
Günəş Nəsiminin işığı altı əsrdir ki, saçmaqdadır. Və ən azı, arxada qalan zaman sübut edir ki, bu parlayış əbədi olaraq davam edəcək. Lakin Nəsimi nə qədər sevilən, nə qədər məşhur, dil baxımından isə Orta əsrdəki bir çox başqa anadilli şairlərimizdən zahirən daha sadə və anlaşıqlı olsa belə, onun fikir aləminin, düşüncə şəbəkəsinin dərki çətindir. Elə ona görə də nəsimişünaslıq Azərbaycanda artıq bir əsrə yaxın tarixə malik olsa da, şair haqqında yüzlərlə irili-xırdalı araşdırma aparılsa da, cavabı tapılmamış suallar hələ də çoxdur.
1926-cı ildən - Salman Mümtazdan başlayan Azərbaycan nəsimişünaslığı istər mətnşünaslıq, istərsə də Nəsimi poetikasının müxtəlif istiqamətlərdə təhlili baxımından yeni ciddi əsərlər umur.
Azərbaycan alimi Qəzənfər Paşayevin təqribən, 40 ilə sığan müddətdə dahi söz ustasına sədaqətlə apardığı araşdırmalar öz ardıcıllığı, sabitqədəmliyi və mövzuya sədaqəti baxımından ortaya belə bir həqiqəti çıxarır: Nəsimi irsi və şəxsiyyəti bu alim üçün son dərəcə doğmadır. Onun tədqiqatçı ömrünün ayrılmaz parçasıdır.
Bu cəhət də ayrıca vurğulanmalıdır ki, Nəsiminin dərkini, onu olduğu kimi görə bilməyi qəlizləşdirən başlıca amillərdən biri bu şairin universal zəka sahibi olması, ən çeşidli elm sahələrindəki bilgilərini və fəlsəfi düşüncələrini misralarında sonsuz məharətlə əks etdirmək bacarığıdır. Başqa sözlə, Nəsimini layiqincə araşdırmaq niyyətində olan alimdən də, ilk növbədə, belə universallıq, çoxşaxəlilik tələb olunur. Professor Qəzənfər Paşayev isə öz tədqiqatçılıq həyatı boyunca Azərbaycan və dünya ədəbiyyatının fərqli dövrlərinin bir çox məsələlərini səriştə ilə araşdırmış, cildlər silsiləsinə sığan dəyərli əsərlər yaratmışdır. Yəni o öz alimlik bioqrafiyası ilə Nəsimi haqqında səriştəli söz deməyə hazır olduğunu aşkar şəkildə nümayiş etdirə bilənlərdəndir.
Qəzənfər Paşayevin "Nəsimi: edamdan sonrakı həyat" monoqrafiyasında ilk dəfə olaraq 600 ildən artıq Nəsiminin həyat və yaradıcılığı üzərinə pərdə çəkildiyindən, nəsimişünaslıqda əvvəllər güman, şübhə, ehtimal kimi qəbul edilən bir çox məqamlar, həqiqətlər üzə çıxarılmışdır.
Hər şeydən əvvəl Nəsiminin qətli barədə məhkəmənin gedişinə nəzər salaq. On beşinci yüzilin ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbi (1427-1497) "Künuz üz-zəhəb və tarix-i Hələb" ("Qızıl xəzinələri və Hələb tarixi") ünvanlı kitabında bizi aparır qana batmış o günlərə.
Şairin məhkəməsi Hələbin şeyxi, Hələbin naibi Yəşbək Abdulla əl-Yusifinin, qazılar qazısı və rəsmi qəbul edilmiş məzhəblərin (hənifəlik, malikilik, şafilik, hənbəlilik) dördünün də şeyxlərinin iştirakı ilə keçirilib.
Baş hakim - İbn Şanqaşül Hənəfi Nəsiminin zındıq, mülhid elan edilərək Hələb şəhərinin din alimləri qarşısında ittiham edilməsini, hamının gözü qarşısında qətlə yetirilməsini tələb edir. Lakin məhkəmə üzvlərindən biri - Şəmsəddin ibn Əminüddövlə buna qarşı çıxır, belə bir ağır hökmü verməzdən əvvəl onu sübut etməyin gərək olduğunu söyləyir:
"Əgər sən bu iddianı sübut edə bilməsən, sənin özünün öldürülməyin barədə qərar çıxararıq", - naib Yəşbək deyir.
Bu dirənmə məhkəməni aparan ibn Şanqaşülü karıxdırır.
O, məhkuma aid etdiyi ittihamı isbat edə bilməyəcəyindən və cəzalanacağından qorxaraq geri durur.
Amma edamın sifarişli olmasının, hansı vəchlə olursa-olsun, yerinə yetirilməsinin şərt kimi əlaltından ortaya qoyulduğuna dəlalət edən budur ki, vəziyyət belə şəkil alanda hənbəlilər şeyxi Şihabaddin ibn Hilal yuxarı başa keçərək deyir:
"Nəsiminin tövbəsinin qəbul edilməməsinə və öldürülməsinə fətva verirəm. Çünki o, doğrudan da, kafirdir. Bunu sübut da edərəm".
Qaziy-ül qüzat - qazilər-qazisi Fəxrəddin əl-Maliki:
"Sən bir parça kağızda öz xəttinlə yaza bilərsənmi ki, məhkumun öldürülməsi lazımdır?" - soruşur.
Şihabəddin ibn Hilal elə o dəqiqə qələm götürüb yazır.
Nəsimi "kəlmeyi-şəhadət alıb, deyilənləri rədd edir. Din xadimləri, qazi və üləmalar fətva ilə tanış olduqdan sonra onun əsassız olduğuna və güman ki, şairin çoxsaylı bənzərsiz dini şeirlərini nəzərə alaraq, Yəşbəkin təkidinə baxmayaraq şairi günahkar bilməmişlər.
Hələ sovet dönəmində Qəzənfər Paşayev ilk olaraq şairin 70-ə yaxın dini şeirinin ilk və son beytlərini çap etdirməyə nail olmuşdu (Bakı, İraq Divanı, 1987, s.256-279).
Fəxrəddin əl-Maliki məhkəmə üzvü olan qazi və üləmaların bu qərarla razılaşmadığını əsas gətirərək ölüm hökmü çıxarmaqdan imtina edir.
Vəziyyətin gözlənilməz məcraya döndüyünü görən Yəşbək əl-Yusifi tez işə qarışır:
"Sultan nəticəni ona bildirməyi, Nəsimi haqqında veriləcək göstərişi gözləməyi əmr etdi".
Məclis dağılır. Misirdən - Sultan Müəyyəddən cavab gələnə qədər şairi zindanda saxlayıblar. Çox keçmir ki, Sultan Müəyyəddən əmr gəlir.
Əmrdə deyilir: "Nəsimi Ağqoyunlu və Qaraqoyunlu bəylərinin inanclarını (etiqadlarını) pozduğuna, osmanlılarla onların arasında düşmənçilik toxumu səpdiyinə görə edam edilsin. Dərisi soyularaq cəsədi Hələbdə 7 gün əhaliyə nümayiş etdirilsin. Sonra əl-ayaqları kəsilsin və bir parçası Zülqədər oğlu Əlibəyə, qardaşı Nəsirəddin və Osman Qarayölükə göndərilsin".
Göründüyü kimi, Nəsimi dini deyil, siyasi baxışlarına görə edam edilib.
Nəsiminin edamı ilə Babəkin edamının bənzəyişi var.
Onlar ikisi də amal uğrunda qurban gedən şəhidlər idi.
Babəkin da boynu vurulmazdan öncə qılınc tutan sağ, sonra isə sol qolunun, daha sonra ayaqlarının bədənindən ayrılması hökm edilmişdi. Məxəzlər heyrət və heyranlıqla şahidlik edir ki, bunca dəhşətli edam əsnasında Babək bütün ağrılara dözərək cınqırını belə çıxarmamışdı. Sadəcə, sağ qolu vurulanda sol əlini öz qanına batıraraq sifətinə çəkmişdi: "Qanım axdıqca rəngim ağaracaq. Elə zənn edərlər, qorxudan rəngim qaçdı".
Edam edilən Nəsiminin də qanı axdıqca avazıdığını görən ətrafdakılardan birinin kinayə ilə "Rəngin nə üçün saraldı?" sualına rəvayətlərdə şairin verdiyi məğrur cavab qalır: "Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edən zaman saralar".
İbrətli və çoxlarına da bəlli olan bir başqa söyləmə də elin yaddaşına nəqş olunub. Guya Nəsiminin edamında təkidli olan qatı dindarlardan biri qayıdır ki, bu elə rəzil kafirdir, qanından bircə damla hara düşsə, o yeri kəsib atmaq lazımdır.
Təsadüfdən Nəsiminin bir damla qanı o möminin barmağına sıçrayır.
Görənlər hay-küy salır ki, sözünə əməl elə, murdar qanın sıçradığı barmağını kəs.
Ruhani: "Əşi, mən elə sözgəlişi o cür söylədim", - deyərək vəziyyətdən çıxmaq istəyir.
Və Nəsimi ölüm ayağında çətinliklə də olsa axırıncı qəzəlini oxuyur:
Cana sən candan nə kim gəlsə, cigərlər ağrımaz.
Həqq bilir bir zərrə neştərdən damarlar ağrımaz.
Zahidin əfsanəsindən soydular nahaq məni.
Həqq bilir səndən şəha, sahibnəzərlər ağrımaz.
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Soyun ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar, ağrımaz.
Bu şeir şəkk oyadıb. Etiraz ediblər ki, o ağır anda qanı axa-axa insan nəinki şeir quraşdıra, heç ağrıdan kəlmə kəsib bircə söz belə deyə bilməz. Deməli, bu şeir Nəsiminin deyil, onun hansısa şagirdi tərəfindən sonradan yaradılmışdır.
Ağrıdan qıc olan insanın o məqamda şeir deyə bilməyəcəyini mən də təsdiqləyirəm. Amma bu şeirin həmin edamdan çox-çox əvvəl yazılmasına da inanıram. Onsuz da, Nəsimi bu təhər bir qətllə qarşılaşa bilmək ehtimalını həmişə saxlayırdı. Peyğəmbər kimi adam idi. Öz taleyini də öncədən görmək fəhmində idi.
Amma zahid macərasını xalq elə bu Nəsimi qəzəlinin havası ilə sonralar da yarada bilərdi...
Onu "dinsiz" deyib öldürdülər, "yolunu azmış" deyib məhv etdilər, "allahsız" deyib söndürdülər. Həqiqətdə isə nə dinsiz-imansız, nə də allahsız idi.
Qəzənfər Paşayevin monoqrafiyasında Nəsiminin dərisinin diri-diri soyulması məsələsinə aydınlıq gətirməsi də ədəbiyyatşünaslığımızda yenilikdir. Tədqiqatçı tarixi faktlara arxalanaraq şairin dərisinin diri-diri soyulmasının əfsanə olduğunu bir daha təsdiqləmişdir. Mən də bu fikirdə olduğumu qeyd etmişəm.
Qəzənfər Paşayev monoqrafiyasında göstərir ki, "Hələb tarixinə dair materiallar kitabının" VII cildinin 144-cü səhifəsində yazılmışdır: "820 hicri (1417 miladi - Q.P.). Bu tarixdə Hələb şəhərində yaşamış mürtəd Nəsimi öldürülmüşdür. O, hürufilərin şeyxi idi. Hələbdə yaşamış bu şeyxin tərəfdarları çox idi. Onun təriqət tərəfdarlarının artdığını görən Sultan (Misir Sultanı Müəyyəd - Q.P.) əmr edir ki, onun boynu vurulsun, dərisi soyulsun, dar ağacından asılsın.
Bu fakt şairin müasirləri İbn Həcər əl-Əslaqani (1372-1449), Şəmsəddin Səxavi (1427-1497), Müvəffəqəddin Əhməd ibn İbrahim əl-Hələbi (XV əsr) və başqalarının əsərlərində də yer alıb.
Nəsiminin çağdaşı İbn Həcər əl-Əslaqaninin "Ənba əl-gümr biənba əl-ümr" - "Həyat oğulları haqqında dolğun bilgi" əsərində xüsusi vurğulamışdır: "Onun boynunu vurub dərisini soydular və cəsədini çarmıxa çəkdilər".
Qəzənfər Paşayevin Nəsimi ilə bağlı nəsimişünaslıq elminə gətirdiyi çox mühüm bir yenilik də var. Araşdırıcı tarixi-elmi mənbələrdə əksini tapmış məlumata əsasən yazır ki, Nəsiminin ölümünə bais olan, Hələbin naibi, qəddar, tamahkar və pozğun Yəşbək əl-Yusifi 1421-ci ildə öldürüldükdən sonra, 1427-ci ildə Hələbin Ədalət Məhkəməsi işə yenidən baxmış, əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə bəraət vermişdir.
Ədalət Məhkəməsinin qərarı hər şeyi kökündən dəyişib.
Nəsiminin nəşi qədim məscidə köçürülmüşdür. Məscidin yerləşdiyi küçəyə onun adı verilib. Nəsimi təkyəsi yaradılıb. Şairin məzarının üstündə ərəbcə yazılıb: "Bu, şəhid bəndə, böyük sufi arif, Allahın dostu Şeyx Əli İmadəddin Nəsiminin qəbridir".
Miladi 1504-cü ildə (hicri 910) Sultan Qansulu əl-Quri müharibədə qələbəsi şərəfinə şairin əbədi uyuduğu məscidi bərpa etdirib.
1821-ci ildə isə Hələbin qubernatoru Mustafa Yaşar məscidi təmir etdirib. Onun həyat yoldaşı dünyasını dəyişəndə bu məsciddə dəfn olunub.
Nəsiminin şöhrəti get-gedə artıb. Qəzənfər müəllimin monoqrafiyaya "Nəsimi: edamdan sonrakı həyat" adı verməsi bununla bağlıdır.
Tədqiqatçının nəsimişünaslıq elminə gətirdiyi yeniliklərdən biri də Nəsimi sənətinin folklor qaynaqları və aşıq şeiri qatları ilə bağlıdır. Şair füsunkar poeziyasında yüzlərlə ibrətamiz xalq ifadəsinə, kəlməsinə, atalar sözünə həyat vermişdir.
Nəsimi aşıq poeziyasına ustadnamələr, bağlamalar, qıfılbənd bağlamalar, "əlif lam", "tərs əlifba", gəraylı kimi aşıq şeiri şəkillərini töhfə etmiş, aşıq şeiri qatlarını zənginləşdirmişdir. Nəsiminin aşıq poeziyasına gətirdiyi yeniliklər ilk dəfə olaraq Qəzənfər Paşayev tərəfindən tədqiq edilmişdir.
Qəzənfər Paşayevin Nəsimi araşdırmaları sırasına nəzər salarkən, ilk diqqəti çəkən cəhət ondan ibarətdir ki, alim bir yığın yeni, ilk dəfə qaldırılan suallara cavablar aramaqla yanaşı, dönə-dönə müraciət edilmiş, sanki cavabı da tapılmış məsələlərə toxunur. Eyni zamanda indiyədək söylənmişlərdən fərqli olan gərəkli müddəalar təklif edə bilir.
Qəzənfər Paşayevin Nəsimi tədqiqlərinin ilkin dəyəri ondan ibarətdir ki, o özü Nəsimini görə bilir.
Təəssüf ki, Nəsimini görüb dərk etmək imkanından məhrum olanların da ümumi axına qoşularaq qələmə aldığı çiy yazılara az rast gəlmirik.
Qəzənfər Paşayevinsə Nəsimini olduğu kimi görə bilmək gücünü təmin edən ilk şərt onun Nəsimi mətninə yaxından aşinalığıdır.
Hələ illər öncə şairin "İraq Divanı"nı nəşr etdirən Qəzənfər Paşayev, təbii ki, bu mətnşünaslıq araşdırması əsnasında hər misra üzərində dönə-dönə düşünməli, digər nüsxələrlə müqayisələr aparmalı olmuş, nəyin doğru, nəyin yanlış olduğunu dəfələrlə çək-çevir etmişdir. İllər sonra yenidən həmin Divanı artıq təshihlərlə nəşr etdirməsi isə təsdiqləyir ki, ilk nəşrdən sonra da araşdırıcının mətnlərlə daimi təması, incələmələri davam etmişdır. Belə uzunmuddətli ünsiyyət gedişatında isə, adətən, mətn, onun hər kəlməsi sənə doğmalaşır, səninlə danışmağa başlayır, sən onları əsl gözəlliyi ilə görməyə daha yaxın olursan. Görəndə isə gördüyünu başqalarına da göstərmək imkanı qazanırsan.
Qəzənfər Paşayevi bu mövzuya doğmalaşdıran ayrı bir cəhət ondan ibarətdir ki, o, Azərbaycan ədəbiyyatşunaslığında Kərkük ellərində yaradılmış anadilli irsimizi mükəmməl şəkildə araşdıran ilk və əsas alimdir. Nəsiminin həyatının son parçasının ötdüyü mühiti, ərəb dünyasındakı türkdilli və türk mədəniyyətli ab-havanı Qəzənfər Paşayev incəliklərinə qədər bilir, buna sıra-sıra kitablar həsr edib və həmin biliklər təməlində Nəsimi də ona daha yovuq gəlib.
Nəsimi elə zirvələrimizdəndir ki, onun ədəbi irsindən üzə çıxarılan hər yeni nümunə bu söz qalaktikasına daha məhrəm olmağımız üçün yeni körpüyə çevrilir.
Görkəmli nəsimişünas alim Cahangir Qəhrəmanovun Nəsimi əsərlərinin tənqidi mətninin "Əlavələr" hissəsində verdiyi, yalnız bir əlyazmada təsadüf edilən və buna görə də mübahisəli qalan, Nəsimiyə aid olması ehtimal edilən 129 şeirin 68-ni Qəzənfər Paşayev İraq Divan nüsxəsində üzə çıxarmışdır.
Qəzənfər Paşayevin Nəsimi araşdırmalarının və konkret olaraq bu kitabın diqqətəlayiq cəhətidir ki, o, şairin başqa heç yerdə olmayan, məhz İraq nüsxəsində əks olunmuş şeirlərini seçərək ayrıca təqdim edir, bununla da, əslində, araşdırıcıların yeni nəsillərinə "buyurun, öyrənin, bu şeirlərin də dərinliklərinə enin" mesajını verir.
Nəsiminin el ədəbiyyatı, şifahi söz sənətimizlə bağlılığı haqqında Qəzənfər Paşayevin mülahizələri daha sərrast və inandırıcı olması ilə bu sahədə indiyədək ifadə edilmiş qənaətlərdən seçilir.
Bunun da səbəbi, zənnimcə, ondan ibarətdir ki, müəllif Nəsimi və folklor münasibətlərini şairin həyatının keçdiyi bütün coğrafiyanın folkloru müstəvisində tədqiq edir. Nəsimi kimi müstəsnaları gərəyincə görməyin, anlamağın, duymağın yolu isə yalnız bu cür miqyaslı yanaşmalardan keçir.
Nəsimi ilə bağlı mübahisəli, sonacan dəqiq cavabı tapılmamış məqamlar az deyil. Qəzənfər Paşayevi bir alim kimi səciyyələndirən müsbət keyfiyyətlərdən biri də odur ki, araşdırıcı heç də həmişə uğur vəd etməyən bu mürəkkəb suallara doğru getməkdən çəkinmir. Hansısa suala cavabını tapır, hansısa sualın düzgün cavabına doğru aparan yolları nişan verməyə çalışır, bununla da o dərsi vermiş olur ki, Nəsimini layiqincə dərk etmək və hamınınkılaşdırmaq əzmindəyiksə, gərək belə sınaqlardan çəkinməyək, daim Nəsimi suallarına doğru qətiyyətlə irəliləyək.
Qəzənfər Paşayevin bu əsəri dahi mütəfəkkirimizə 1417-ci ildə baş vermiş edamından sonra yeni dirilik vermək, onun bu millətə yeni qayıdışını təmin etmək, şəxsiyyəti və ədəbi yadigarlarını daha aydın görməyə meydan açmaq yolunda nəcib təşəbbüsüdür.
Nəsimiyə və Nəsimilərə aparan yollarda Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev kimi həqiqətləri görməyə və göstərməyə qadir yorulmaz araşdırıcılar irəlilədikcə Zirvələrimizi bürüyən tarix dumanları daha artıq dağılacaq, dünənlərimiz bizə bütün parlaqlığı ilə görünəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
