Qəzənfər Paşayev, Orxan İsayev. İraq-türkman ədəbiyyatı tarixi. Bakı, "Elm və təhsil", 2025
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevi Azərbaycan elmi ictimaiyyəti yaxşı tanıyır. O, gözəl insan, məhsuldar alim, başdan-ayağa ziyalı tülünə və xislətinə bürünmüş xeyirxah şəxsiyyətdir. Bütün bunlardan əlavə, Azərbaycan elmi ictimaiyyəti onu həm də İraq-türkman sevdalı bir Kərkük aşiqi kimi tanıyır. İraq türkmanlarını, Kərkük dünyasını bizə, Azərbaycan ictimaiyyətinə tanıtmaqda Qəzənfər müəllimin əvəzsiz rolu, xidmətləri, əməyi vardır. İndi bizdə Qəzənfər Paşayev deyəndə, hər kəsin xatirinə Kərkük və İraq türkmanları gəlir.
Qəzənfər müəllim, sözün həqiqi mənasında bir Kərkük sevdalısıdır. Onun İraq tükmanlarına olan sevgisinin ömrü, az qala, 60 ili haqlayır. Bu sevgi onun XX əsrin 60-cı illərinin əvvəllərində İraqdakı rəsmi fəaliyyət missiyasından başlayır. Və elə həmin illərdən İraq türkmanlarının kimliyini, həyatını, məişətini, adət-ənənələrini, mədəniyyətini, ən başlıcası, dilini və ədəbiyyatını bizə tanıtmaqda Qəzənfər müəllimin müstəsna əməyi olmuşdur. Bu yol onun Rəsul Rza ilə birlikdə çap etdirdiyi "Kərkük bayatıları" (Bakı, "Azərnəşr", 1968) kitabından başlamışdır. Müəllifin bir neçə dəfə nəşr olunmuş "Altı il Dəclə-Fərat sahillərində" kitabını isə Azərbaycanda oxumayan az adam tapmaq olar. Bu kitab, həqiqətən, müasir Azərbaycanla əsrlər öncə ondan qopmuş İraqdakı Türkmanelinin milli-mənəvi və ədəbi-tarixi baxımdan yenidən onunla bərpa olunan əlaqəsinin təməl daşı, ilk qaranquşu və müjdəçisidir. Bir sözlə, 60 ilə yaxın İraq-türkman həyatı ilə tanışlıq, onun tədqiqi, illər uzunu aparılan elmi axtarışlar, çap olunan çoxsaylı məqalələr, monoqrafiyalar, toplama və tərtib kitabları, edilən elmi məruzələr və s. dünya kərkükşünaslığının korifeylərindən olan Qəzənfər müəllimi İraq-türkman ədəbiyyatının sistemli elmi tarixini yaratmaq meydanına gətirib çıxarmışdır. Yəni müəllifin öz yetirməsi Orxan İsayevlə birlikdə ərsəyə gətirdiyi "İraq-türkman ədəbiyyatı tarixi" (Bakı, "Elm və təhsil", 2025) kitabı uzun illərin elmi axtarışlarının, alim cəfakeşliyinin, ziyalı əməyinin və ən başlıcası isə İraq-türkman sevdasının mötəbər yekunu kimi ortaya çıxmışdır. Kitabın hər səhifəsində Azərbaycan türklərinin bir uzantısı olan İraq türkmanlarına, Kərkük elinə olan məhəbbətin təzahürünü, onun ədəbiyyatını, mədəniyyətini, məişətini, həyatını, arzularını, düşüncələrini, duyğularını öyrənmək, bilmək və geniş ictimaiyyətə çatdırmaq həvəsinin izlərini görürük. Əgər belə demək mümkünsə, "İraq-türkman ədəbiyyatı tarixi" kitabı sevgi, zəhmət, qələm və ruhun vəhdətinin ifadəsidir.
Yeri gəlmişkən, onu da əlavə edək ki, son beş-altı il bir alim kimi Qəzənfər Paşayev üçün məhsuldar olmuşdur: Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevə həsr etdiyi "Xilaskarlar" (Bakı, 2021), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə çap olunan "Nəsimi: edamdan sonrakı həyat" (Bakı, 2019) və "Nəsimi. İraq Divanı" (İstanbul, 2019), "İraq Türkman poeziya antologiyası" (I kitab - 2019, II kitab - 2021), "Azərbaycanda və İraqda Bayatlar" (Bakı, 2022), "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri: ayrılığın sonu" (Bakı, 2025), "Kərkük pərvanəsi". Kərküklü tədqiqatçı Dr.Şəmsəddin Kuzəçi haqqında (Bakı, 2026) və nəhayət, "Nəsimi: edamdan sonrakı həyat" (Tehran, Xudafərin yayım, 2026).
Qəzənfər Paşayevin istər dilçilik, istər folklor, etnoqrafiya, mətnşünaslıq, tərcümə və istərsə də ədəbiyyatşünaslıq sahəsində xidmətləri böyükdür. Artıq qeyd etdiyimiz kimi, Q.Paşayev "İraq-türkman ədəbiyyatı tarixi" kimi dəyərli, fundamental, əhatəli bir əsərini gənc alim Orxan İsayevlə birlikdə ərsəyə gətirmişdir. Əslində O.İsayev də bir alim kimi Qəzənfər müəllimin əsəridir. Çünki bu gənc alimi həmin yola sövq edən, ona bu yolda rəhbərlik edən və yol göstərən, onu yetişdirən Q.Paşayev olmuşdur.
İndi də kitabın məziyyətlərinə bir məqalənin imkan verdiyi həcmdə şəkildə nəzər salaq. Kitaba akademik İsa Həbibbəyli yığcam, lakin qiymətli bir Ön söz yazmışdır. Ön sözdə hörmətli akademik bu mötəbər ədəbiyyat tarixinin ən ümdə məziyyətlərini və dəyərini yığcam şəkildə bəyan etmişdir. İsa müəllim yazdığı Ön sözə haqlı olaraq belə bir sərlövhə vermişdir: "İraq-türkman ədəbiyyatının ilk elmi salnaməsi". Doğrudan da, bu əsər İraqdakı Türkmanelinin mövcudluğu tarixində onun söz xəzinəsinin, bədii təfəkkür sərvətinin ilk sistemli və elmi ədəbiyyat tarixi, toplu elmi salnaməsidir. Belə ki, indiyə qədər kərkükşünaslıqda, İraq türkmanlarının söz sərvətini öyrənmək, tədqiq və nəşr etmək sahəsində uğurlu və diqqətəlayiq işlər görülsə də, onun sistemli və fundamental elmi ədəbiyyat tarixi yazılmamışdır. Bu şərəfli, əzablı, çətin və məsuliyyətli missiyanı ilk dəfə yerinə yetirən, həm də yetərincə ləyaqətlə yerinə yetirən Q.Paşayev və onun yetirməsi O.İsayevdir. Mübaliğəsiz deyə bilərik ki, bu kitab indiyə qədər meydana gələn Kərküknamələr silsiləsinin məcmusu və şah əsəridir.
Haqqında danışdığımız əsərdə biz İraq-türkman ədəbiyyatının bütöv tarixini, mənzərəsini, səciyyəsini və səviyyəsini, ədəbi simalarını görürük. Onun təşəkkül dövründən başlamış, indiyə qədərki inkişaf yolunu və istiqamətlərini, ədəbi meyillərini, mövzu və ideyalar aləmini, obrazlar dünyasını, dil-üslub xüsusiyyətlərini, ədəbi növlərini, əsas janrlarını və janr özəlliklərini, sənətkarlıq məziyyətlərini və s. izləyə bilirik. Bu ədəbi təsərrüfatın dirçəlişinə, yüksəlişinə və inkişafına az-çox xidmət göstərən ədəbi şəxsiyyətlərin, qələm sahiblərinin həyatı və yaradıcılığı ilə tanış oluruq. Onların ədəbiyyat tarixindəki rolunu, mövqeyini, yerini anlayır, ədəbi təsərrüfata verdikləri söz sənəti abidələrinin çəkisini, sanbalını və miqyasını fəhm edirik. Bir sözlə, İraq Türkmanelinin istər şifahi, istərsə də yazılı söz sənəti və sərvətinin bütün tarixi və ədəbi mənzərəsi gözlərimiz qarşısında canlanır. Həm də bu tarix və mənzərə bir kitabın səhifələrində faktlaşır, tarixləşir, əbədiyaşar hüquq qazanır, nəsildən-nəslə ötürülmək imkanı kəsb edir.
Yaxşı cəhətdir ki, müəlliflər daha səriştəli və usta hərəkət edərək kitabda İraq-türkman ədəbiyyatının tədqiqatçılarını, bu ədəbiyyatın toplanması, araşdırılması, nəşri, elmi və kütləvi ictimaiyyətə təqdim edilməsi, ölüb-itməkdən qurtuluşu yolunda az-çox əməyi olan alimləri, araşdırmaçıları da oxuculara təqdim edir, onların əməyini, gördükləri işləri həm girişdə, həm də əsər boyunca yeri gəldikcə xatırladırlar. Bu kərkükşünaslardan aşağıdakıları göstərə bilərik: Molla Sabir, Həbib Sevimli, Şakir Sabir, Əta Tərzibaşı, İbrahim Daquqi, Əbdüllətif Bəndəroğlu, Sübhi Saatçı, İhsan Vəsfi, Məhəmməd Xurşid, Mahir Naqib və s. Onu da əlavə edək ki, kərkükşünaslıqda nə qədər faydalı, uğurlu işlər görülsə də, İraq-türkman ədəbiyyatının bir sıra problemləri vardır ki, ilk dəfə məhz haqqında danışdığımız bu kitabda elmi araşdırma və şərh obyektinə çevrilmişdir. Müəlliflərin girişdə doğru olaraq qeyd etdikləri kimi: "İlkin janrlar, xalq mərasim və nəğmələri, bayatı-tapmacalar, beşik nəğmələri, xalq havaları, nağıllar, lətifələr, tapmacalar, atalar sözləri, dastanlar və s. demək olar ki, İraq-türkman folklorunda elmi-nəzəri cəhətdən ilk dəfədir tədqiq olunur".
"İraq-türkman ədəbiyyatı tarixi"ndə Türkmanelinin bütövlükdə həm folkloru, həm də yazılı ədəbiyyatı təşəkkül çağından bu günümüzə qədər sistemli şəkildə, tarixi-xronoloji prinsipə uyğun bir qaydada ehtiva olunmuşdur. Elə buna görə də müəlliflər doğru olaraq kitabı iki bölməyə ayırmış, hər bölməyə də ayrıca izahedici giriş və yekunlaşdırıcı nəticə yazmalı olmuşlar. Bu iki bölmə aşağıdakılardır: 1. Şifahi xalq ədəbiyyatı bölümü. 2. Yazılı ədəbiyyat bölümü.
Şifahi xalq ədəbiyyatı bölümü üç, yazılı ədəbiyyat bölümü isə dörd münasib fəslə ayrılır. Kitabın sonunda isə mövzu ilə bağlı zəngin kitabiyyat verilir.
Təqdirəlayiq cəhətdir ki, müəlliflər əsərdə İraq-türkman folklorunun həm lirik, həm də epik növünün rəngarəng janrlarının bütöv, sistemli və dolğun mənzərəsini yarada və təqdim edə bilmişlər. Belə ki, üç fəsildən ibarət "Şifahi xalq ədəbiyyatı" bölməsinin 1-ci və 2-ci fəsilləri xalq yaradıcılığının lirik növə daxil olan folklor janrlarının, 3-cü fəsli isə epik növə aid janrların tədqiqinə və təşrihinə həsr edilmişdir. Burada oxucu rəngarəng folklor janrları, onların mənşəyi, yaranma səbəbləri, şəkli əlamətləri, forma özəllikləri, mövzu və ideya istiqamətləri, işlənmə dairəsi və məqamı ilə bağlı dolğun məlumat ala bilir. Onu da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, müəlliflər folklorun çeşidli janrlarının çoxsaylı nümunələrini yalnız bədii fakt kimi təqdim etmirlər. Bu faktların xalqın tarixi, taleyi, onun arzuları, diləkləri, düşüncələri, həyatı, məişəti, dünyagörüşü, təbiətə və cəmiyyətə, xeyirə və şərə münasibəti ilə bağlılığına, əlaqəsinə də xüsusi diqqət yetirirlər. Başqa sözlə desək, xalq yaradıcılığı örnəklərinə yalnız bədii-estetik fakt hadisə kimi yox, həm də xalqın ruhunun, dilinin, inancının, həyatının, həqiqətinin, mənəviyyatının, əxlaqının, dünyagörüşünün və s. ifadəsi kimi baxırlar. Bədii nümunələrin təhlilində və təqdimində bu vacib məsələni daim diqqət mərkəzində saxlayırlar.
Mərasim folkloruna həsr edilmiş I fəsildə, əsasən, mərasim folklorunun aşağıdakı janrları nəzərdən keçirilir: ilkin və ya arxaik janrlar; xalq mərasim və nəğmələri; dini bayram və nəğmələri; yas mərasim və nəğmələri; toy mərasim və nəğmələri. II fəsildə isə xalq yaradıcılığının lirik növünün xoyratlar, manilər, xalq havaları, beşik nəğmələri (laylalar), oxşamalar, bayatı-tapmacalar və s. kimi janrları barədə geniş və qiymətli oçerklərlə üzləşirik. Bu janrlar içərisində xoyratlara və manilərə məxsusi önəm verən müəlliflər bu şeir şəkillərinin Kərkük folklorunda daha işlək, çevik və aparıcı janrlar olduğuna da diqqəti cəlb edir, bunlar üzərində geniş dayanır, çoxlu sayda bədii nümunələr verirlər. Uğurlu cəhətdir ki, müəlliflər xoyrat və manilərin bizim bayatılarımızla oxşarlığına (əslində eyniliyinə), əlaqəsinə də diqqət yetirir, maraqlı müqayisələr aparırlar.
Kitabın birinci bölümünün III fəsli Türkmaneli folklorunun epik növünə daxil olan janrların şərhinə həsr edilmişdir. Bunlar nağıllar, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, dastanlardır. Bu fəsildə müəyyən qədər aşıq yaradıcılığına da yer verilir. Dastanlardan danışarkən, "İraq-türkman ədəbiyyatı tarixi"nin müəllifləri daha çox "Koroğlu" eposunun və "Arzu-Qəmbər" dastanının Kərkük versiyasının üzərində dayanır, bu barədə orijinal və dəyərli məlumatlar verirlər.
Yuxarıda dediyimiz kimi, kitabın ikinci bölməsi yazılı ədəbiyyata həsr olunmuşdur. Dörd fəsildən (IV-VII fəsillər) ibarət bu bölmədə İraq-türkman ədəbiyyatının tarixi inkişaf yolu təşəkkül dövrü kimi qəbul edilən XIV yüzillikdən başlayaraq çağdaş dövrümüzə qədər, sistemli və ardıcıl şəkildə izlənilir. Bu zaman müəlliflər doğru olaraq tarixi-xronoloji prinsipi əsas götürürlər və Türkmaneli yazılı ədəbiyyatının tarixini dörd mühüm mərhələyə ayırırlar: I Mərhələ - XIV-XV əsrlər. Bu mərhələ İraq-türkman yazılı ədəbiyyatının təşəkkül və ilkin inkişaf mərhələsi kimi səciyyələndirilir; II Mərhələ - XVI əsr. Bu mərhələ ədəbiyyatın klassik ənənəyə bağlı sabit inkişaf dövrü kimi xarakterizə olunur; III Mərhələ - XVIII-XIX əsrlər. Bu mərhələ bədii fikirdə həm klassik ənənənin, həm də yeni yaranan, ancaq hələ gurlaşmayan yeni meyillərin, təmayüllərin, novatorluğun paralel şəkildə, yanaşı inkişaf etdiyi dövrdür; IV Mərhələ - XX əsr və XXI əsrin əvvəlləri. Bu mərhələ ədəbi təsərrüfatda yeni meyillərin, təmayüllərin, novatorluğun kəmiyyət və keyfiyyətcə gurlaşdığı dövrdür. Lakin bu mərhələdə klassik ənənə də bir qədər öləzimiş şəkildə davam edir, tamamilə yox olub itmir.
Onu da əlavə edək ki, müəlliflər İraq-türkman ədəbiyyatının tarixi inkişaf yolunun mərhələ təsnifatında kifayət qədər həssas, səriştəli, məntiqli hərəkət edir, mövcud olan ədəbi məhsulların, faktiki materialların diktəsindən, səciyyəvi əlamət və imkanlarından çıxış edirlər. Hər bir mərhələnin məxsusi səciyyəsini verir, onu digər mərhələdən ayıran elementlərin, əlamətlərin, atributların, ədəbi-bədii hadisə və təzahürlərin xarakterini ortalığa qoyur, şərh edirlər. Ona görə də onların təsnifatı elmi cəhətdən məntiqli və inandırıcı görünür.
Biz bir məsələni xüsusilə vurğulamaq, nəzərə çatdırmaq istəyirik. Müəlliflər İraq-türkman ədəbiyyatının I mərhələsinin təmsilçiləri kimi Q.Bürhanəddin, İ.Nəsimi, Ə.Marağayi, M.C.Həqiqi, Ş.İ.Xətai kimi bizim Azərbaycan şairi olaraq öyrəndiyimiz və tanıdığımız sənətkarlardan söhbət açırlar və bu bizə bir qədər qəribə gəlir. V fəsildə də müəlliflər XVI əsr İraq-türkman ədəbiyyatının əsas nümayəndələrini təqdim edərkən, M.Füzuli, Fəzli, Huşyar Dədə, Didar Dədə, Ruhi Bağdadi, Şəmsi Bağdadi, Zöhdi Bağdadi, Qövsi Xəttati və s. sənətkarlardan danışırlar. Hansı ki, biz bu qələm sahiblərini Bağdad ədəbi mühitində yetişmiş Azərbaycan şairləri kimi ədəbiyyat tariximizə daxil etmişik. Ancaq unutmayaq ki, bu müəlliflərin yaşayıb fəaliyyət göstərdiyi XIV-XVI yüzilliklərdə istər dil, istər ədəbi-mədəni və mənəvi, istərsə də coğrafi baxımdan Azərbaycanla Türkmaneli qovuşuq şəkildə, yəni bir bütövün parçaları idi. Ona görə də müəlliflərin bu ədəbi simaları müştərək ədəbiyyatın nümayəndələri kimi təqdim etməklə bağlı mövqeyinə haqq qazandırmaq olar.
Haqqında danışdığımız ədəbiyyat tarixində İraq-türkman ədəbiyyatının təşəkkül çağından başlayaraq günümüzə qədər yaşayıb-yaratmış onlarla sənətkar barədə oçerklər yer alır, onların həyat və yaradıcılığı barədə məlumatlar verilir. Əlbəttə, kitabın fokslandığı ədəbiyyat tarixinin obyekti zamanca uzunmüddətli, çoxəsrlik olduğu kimi, material, fakt və ədəbi şəxsiyyət baxımından da çoxsaylı və əhatəlidir. Belə bir dəyərli kitabı meydana gətirməkdən ötrü minlərlə ədəbi nümunəni, yüzlərlə ədəbi şəxsiyyətin həyatına aid faktları və yaradıcılıq örnəklərini tapmaq, oxumaq, mənimsəmək, ələmək, ümumiləşdirmələr aparmaq, onları təhlil süzgəcindən keçirib ümumi bir məxrəcə gətirmək gərəkdir. Bundan əlavə, bu materiallar və sənətkarlar barədə aparılmış tədqiqatlarla, çoxsaylı məqalə, monoqrafiya, toplama və tərtib kitabları ilə tanış olmaq lazımdır. Təbii ki, belə bir missiya uzun illər, ağır zəhmət, səbir, yüksək erudisiya, təhlil və ümumiləşdirmə bacarığı tələb edir. Cəsarətlə deyə bilərik ki, müəlliflər bu şərəfli işin öhdəsindən ləyaqətlə gələ bilmişlər.
Kitabda diqqəti cəlb edən uğurlu cəhətlərdən biri də müəlliflərin İraq-türkman və Azərbaycan ədəbi əlaqələrinə xüsusi diqqət yetirmələridir. Bundan əlavə, tədqiqatçı alimlər qələm sahiblərinin yaradıcılığının mövzu istiqamətlərindən söhbət açarkən Türkmaneli şairlərinin Azərbaycan sevgisini də qabartmış, onların yaradıcılığında Azərbaycana, onunla bağlı müxtəlif hadisələrə, proseslərə, məkanlara həsr olunmuş poetik örnəkləri qabartmış və oxuculara təqdim etmişlər.
Kitabda sistemli ədəbiyyat tarixinin tələblərinə uyğun olaraq İraq-türkman ədəbiyyatının yalnız poeziya qolu barədə deyil, onun nəsri və dramaturgiyası barədə də dəyərli bilgi öz əksini tapır. Yəni çoxəsrlik İraq-türkman ədəbiyyatının bütöv və əhatəli mənzərəsi yaradılır. Sadəcə olaraq Türkmaneli ədəbiyyatında poeziyanın çəkisi istər kəmiyyət, istərsə də keyfiyyətcə daim üstün və aparıcı olduğundan müəlliflər poeziyadan daha çox danışmalı olmuşlar.
Biz əminik ki, bu dəyərli kitab həm elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi üçün maraqlı, əhəmiyyətli, faydalı bir mənbə olacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
