Ədəbiyyatşünaslıq elmimizin iftixarı - Qəzənfər PAŞAYEV

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana Hörmətli Azər müəllim, Dünyanın bu keşməkeşli, qarışıq dövründə ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayevin 90 illiyi münasibəti ilə keçirilən tədbirlər o böyük alimə layiq oldu. Yaşar müəllimin laborantlıqdan direktor vəzifəsinə qədər yüksəldiyi, bu elm ocağına başucalığı gətirdiyi ədəbiyyatşünaslıq elmimizin beşiyi - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi, alimin oğlu Yalçın və nəvəsi əvvəlcə Fəxri Xiyabanda görkəmli alimi ziyarət etdi. Sonra isə Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin yaradıcılığına həsr olunmuş yüksək səviyyəli elmi konfrans keçirildi. Rəhbərlik etdiyiniz qəzetdə filologiya üzrə elmlər doktorları Elnarə Akimova, Yaşar müəllimin yetişdirməsi Sərxan Xavəri və Aslan Salmansoyun çox maraqlı elmi məqalələri çap olundu. Nədənsə, Yaşar Qarayevi məşğul edən folklor sahəsindəki möhtəşəm tədqiqatları araşdırıcıların diqqətindən kənarda qalmışdır. Bəlkə bu, akademik Bəxtiyar Vahabzadənin göstərdiyi kimi, onun məşğul olduğu problemlərin çoxşaxəli və miqyaslı olması: intibah, maarifçilik, realizm, romantizm, sosialist realizmi, inqilabi romantika, faciə, komediya, lirika, satira kimi sahələrin cazibəsindən çıxmağın çətinlikləri ilə bağlı olmuşdur. Hər halda həqiqət budur. Professor Şirindil Alışanlı və dosent Aygün Bağırlının hazırladığı, görkəmli ədəbiyyatşünas alimlərin, yazıçı və şairlərin Yaşar Qarayevə həsr etdikləri məqalələr toplusunda da eyni mənzərənin şahidi oluruq. Akademik İsa Həbibbəylinin "Mütəfəkkir tənqidçinin portreti" adlı Ön sözü və mənim maddi dəstəyimlə çap olunan çox böyük həcmli kitabda (Bakı, "Sabah", 2016, 404 səh.) mənim də "Ədəbiyyatşünaslıq elmimizin iftixarı" adlı geniş məqaləm yer alır. Məqalənin yarısı Yaşar Qarayevin folklorşünaslıq fəaliyyətinə həsr olunub. Əminəm ki, unudulmaz dostum Yaşar Qarayevin əziz xatirəsinə həsr etdiyim məqalə oxucu və tədqiqatçıların marağına səbəb olacaq. Odur ki, onu çap etməyinizi xahiş edirəm. Hörmətlə, Qəzənfər Paşayev.

 

Yaşından asılı olmayaraq elminə, mədəniyyətinə, mənəviyyatına qibtə etdiyim, özümə müəllim hesab etdiyim şəxsiyyətlər barədə düşünəndə, göz önünə ilk olaraq dostluğundan doyunca kam ala bilmədiyim professor Yaşar Qarayev gəlir.

Böyük Yaradan Yaşar Qarayevə titanik zəka və onu tükənməyə qoymayan heyrətamiz enerji bəxş etmişdi. O, ədəbiyyatşünaslığımıza və tənqidimizə yeni təfəkkür və orijinal üslub gətirən, elmi səviyyəsi ilə seçilən, bənzərsiz alimlərimizdən idi.

Onun möhtəşəm əsərlərini oxuduqca elə təsəvvür yaranır ki, Tanrı onu seçilmişlərindən etmiş, ilahi vergi ilə şərəfləndirərək bu dünyaya ədəbiyyatşünaslıq elmimiz yolunda mühüm missiyaları yerinə yetirmək üçün göndərmişdi.

Vicdanlı peşəkar yaradıcı fəaliyyəti və elmi ona heç bir vəzifə, rütbə, dərəcə, var-dövlətlə əldə edilməyən həqiqi ehtiram, nüfuz qazandırmışdı.

Yaşar Qarayevin müxtəlif dillərdə 38 monoqrafiyası və kitabı, 470 məqaləsi çap olunub. Onun rəhbərliyi ilə 35 nəfər müdafiə edərək elmlər namizədi, 7 nəfər elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Görkəmli alimlərimizdən - Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Ağamusa Axundov, Azad Mirzəcanzadə, Mehdi Məmmədov, Anar, Elçin, Qabil, Azadə Rüstəmova, İsa Həbibbəyli, Teymur Bünyadov, Həmid Nitqi, Məmmədəli Fərzanə, Əbdüllətif Bəndəroğlu, Şirməmməd Hüseynov, İmamverdi Əbilov, Yavuz Akpınar, Nizami Cəfərov, Kamal Abdulla, Tofiq Məlikli, Şamil Salmanov, Şirindil Alışanov, Gülrux Əlibəyli, Tehran Əlişanoğlu, Məhərrəm Qasımlı, Səlahəddin Xəlilov, Nizaməddin Şəmsizadə, Elnarə Akimova, Safurə Quliyeva, Azər Turan, Qurban Bayramov, Jalə Qurbanqızı, Vüsalə Süleymanova və bir çox başqaları Yaşar müəllimin yaradıcılığına sanballı məqalələr həsr etmişlər. Onların sayı 170-i keçir.

Etiraf edim ki, Yaşar müəllimlə məni yaxın edən, hər şeydən əvvəl folklor olmuşdur.

Həyatının və yaradıcılığının son dövrlərində o, özünün dəqiq işlətdiyi obrazlı ifadələrlə desək, hikmətdən, sözdən təməl və daş qoyan, əzəli, ədəbi, vahid mənəvi məkan hissinin, şüurun stixiyasında, əsatirdə və bayatıda, nağılda və dastanda yaşadan, xalqın bütövlüyünü, soyunu, əslini, zatını inamda, düşüncədə, mənəviyyatda parçalanmaqdan qoruyan folklor barədə, onun nəzəri məsələləri, istiqamətləri barədə bir-birindən sanballı məqalələr yazmışdı. Mülahizə və düşüncələrini ehtiva edən çox böyük həcmli "İki əsr və iki era ayrıcında", "Folklorumuzun tarixi", "Milli folklorun toplanması, tədqiqi və nəşri - milli intibahın şərti və zəminidir", "Prototip - şəkilidir, yaxud nəfəsdə zümzümə, tələffüzdə rəqs Şəki şivəsi", "Göyçəyə qayıdan yol folklordan keçir", "Bayatıdan - xoyratdan başlayan yollar və illər" belələrindəndir.

Yaşar Qarayevin Şəki və Göyçə folkloruna həsr etdiyi möhtəşəm məqalələri istər-istəməz mənim yadıma Mehdi Hüseynin Məmməd Hüseyn Təhmasibin tərtibində "Bayatılar", Elçinin Bəhlul Abdullanın tərtibində "Arazam, Kürə bəndəm" kitabına, Rəsul Rza və Bəxtiyar Vahabzadənin böyük səxavət və məftunluqla Kərkük xoyratlarına və folkloruna həsr etdikləri məqalələri salır.

Folklorla bağlı Yaşar Qarayevin miqyaslı elmi-təşkilati işləri, mühüm müddəaları özünün yaratdığı "Folklor Elm Mərkəzində, sonralar isə "Folklor İnstitutu"nda uğurla həyata keçirilməyə başladı. Başqa ölkələrdə olduğu kimi, orada da vahid milli arxiv, çoxsaylı nümunələri əhatə edən vahid kartoteka yaradıldı. "Azərbaycan folkloru antologiyası"nın Naxçıvan, Göyçə, Şəki, Şəki-Zaqatala, Şirvan, İraq-türkman, Qarabağ, Qaraqoyunlu və başqa cildləri çap olundu. İndi fundamental folklor abidələri, yüz cildlik "Azərbaycan folkloru külliyyatı"nın və "Azərbaycan folkloru atlası"nın çapına hazırlıq gedir. Bütün bunlar birbaşa Yaşar Qarayevin adı ilə bağlıdır. Yaşar müəllim Azərbaycan folkloru atlasını "mənəviyyat xəritəmiz" adlandırır və "xəritəmiz yalnız folklorda dəyişməyib", deyirdi.

Şəki lətifələrindən danışarkən, heç kimin ağlına gəlməyən bir tərzdə onların məziyyətlərini açıqlayırdı: "Hətta ən adi mətn də tələffüzdə, nitqdə bu şivəyə köklənəndə ondan pıqqıltı, qaqqıltı, şaqqanaq səsi gəlir. Lətifə qəhqəhəsi Şəkinin şöhrət və sərvətidir... Şəki lətifələrini "anlamağın zövqü", "qanmağın nəşəsi" adlandırmaq olar", - deyə maraqlı qənaətə gəlmişdi.

Kərkük folkloruna böyük maraq göstərən Yaşar Qarayev kərküklü alim, prof. Subhi Saatçı ilə birgə "Türkiyə dışında türk ədəbiyyatları antologiyası" silsiləsindən İraq-türkman cildini hazırlayaraq çap etdirmişdir (Ankara, 1997, 464 səh.) Qeyd edək ki, kitabda folklora dair hissələr bizim Bakıda çap etdirdiyimiz "Kərkük folkloru antologiyası"ndan götürülmüş və məxəz kimi göstərilmişdir. Sonralar Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə keçirilən "İraq-türkman Ədəbiyyatı və Mədəniyyəti" ocağının "Folklor Elm Mərkəzində" yaradılmasının ideyasını da Yaşar Qarayev vermişdi.

Ədəbiyyat İnstitutunda İraq-türkman folkloruna dair beynəlxalq konfransın keçirilməsinin təşəbbüskarı da o idi.

Ə.Bəndəroğlu ilə birgə tərtib etdiyimiz və Ədəbiyyat İnstitutunun "Folklor Elm Mərkəzi"nin nəşr etdiyi "Azərbaycan folkloru antologiyası", İraq-türkman cildi (Bakı, 1999, 468 səh.; təkrar nəşr 2009) kitabının işıq üzü görməsi də onun adı ilə bağlıdır. Redaktoru olduğu həmin kitabın adını da özü qoymuşdu. Kitabın 40 səhifədən artıq "Bitib-tükənməyən incilər xəzinəsi" adlı giriş məqaləsini ciddi şəkildə redaktə etdi. Təəssüflə deməliyəm ki, məqalənin hər sətrində dəst-xətti aydınca görünsə də, israrıma baxmayaraq adının həmmüəllif kimi getməsinə razı olmadı.

Artıq xəstəlik onu üstələsə də, akademik Bəkir Nəbiyev və Ayaz Vəfalı ilə mənim İstanbulda Kərkük vəqfinin çap etdiyi "İraq-türkman folkloru" kitabımın təqdimat mərasiminə getdi (fevral, 1999) və insanlarla dolu möhtəşəm "Kültür Mərkəzi"ndə salonda Kərkük folkloruna dair maraqlı mülahizələr irəli sürdü. Bütün bunları sadalamaqda məqsədim Yaşar müəllimin folklora olan vurğunluğunu xüsusi vurğulamaqdır.

 

Qəzənfər Paşayevin "İraq Türkman folkloru" kitabının təqdimat mərasimində.

Sağdan: Yaşar Qarayev, Qəzənfər Paşayev, Mahir Naqib, Bəkir Nəbiyev, Ayaz Vəfalı.

İstanbul. Kültür Mərkəzi. 12.02.1999.

 

 

Həyatının son aylarında deyirdi ki, sağalan kimi Kərbəlada Füzuli babamızı, Kərkükdə onun nəvə-nəticələrini, kötücələrini bir daha ziyarət edərik. Dəfələrlə Ə.Bəndəroğlunun "Ədəbiyyat qəzeti"ndə Yaşar müəllimin 60 illik yubileyi münasibətilə çap olunan yazısını yada salırdı. Güman ki, bu da Kərküklə, folklorla bağlı olduğuna görə idi. Ə.Bəndəroğlu yazırdı:

"Qardaşım Yaşar! Bizi bir-birimizə bağlayan böyük xalq mirasımız vardır. Tək bir dilin bu mirasına bizdə xoyrat, sizdə bayatı deyirlər. Bu xoyrat və bayatılarla öz-özümüzü ovundurduq, dərdimizi, qəmimizi yüngülləşdirmək istədik, yaşamaq üçün mücadiləni davam etdirərək ömür keçirdik:

 

Yaşar könlüm;

qəm içər, yaşar könlüm.

Dostların arzusuyla

Çırpınar, yaşar könlüm.

Bağdadda bir ah çəkər,

Bakıda yaşar könlüm".

 

Məlumdur ki, Yaşar müəllim fikir adamı idi. Obrazlı şəkildə fikrini elə ifadə edirdi ki, sanki mənsur şeir oxuyur. Xüsusən də, aşağıdakı bayatını qəribə tərzdə deyər, acı təbəssümlə fikrə dalardı.

 

Keşdi ömrüm,

Gör necə keşdi ömrüm.

Harayladım, dönmədi,

Elə bil heşdi ömrüm.

 

Yaşar Qarayev ömürlərə bərabər, mənalı bir ömür yaşadı. Vaxt sərvətdir, - deyərək, yazıb-yaratdı, əbədi ölməzlik qazandı.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!