Etirafın zamanı, yaxud Azərbaycan ədəbiyyatı tarixinin Anar dövrü - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Anarın yaradıcılığına, ədəbi-intellektual və ədəbi-ictimai fəaliyyətinə Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrünün, yaxud bir neçə dövrünün deyil, bütövlükdə həmin tarixin ümumi fonunda baxmaq (və bu cür miqyaslı baxışın zamanı çatdığını etiraf etmək) lazım gəlir... Ədəbiyyat tariximizə az-çox bələd olan bir adam kimi, mən artıq bir neçə ildir ki, həmin həqiqəti demək istəyirəm. Və düşünürəm ki, etirafın zamanıdır... Zamanın etirafı etirafın zamanından nə qədər "hökmlü" olsa da, inandığını deməmək ən azı cəsarətsizlik olardı.

...Azərbaycan ədəbiyyatı tarixi Azərbaycan coğrafiyasında yaranmış türkdilli folklorla başlayır. Mən bu folklorun ümumtürk coğrafiyası (və mənşəyi!) barədəki təsəvvürün miqyasını ümumtürk ədəbiyyatı tarixi mütəxəssislərinin miqyassız düşüncələrinin ixtiyarına buraxıram... "Dədə Qorqud" eposunun formalaşması ilə Azərbaycan folkloru ümumtürk kontekstində özünəməxsusluq qazanır. Və bu özünəməxsusluq axtarışları ümumtürk miqyasını inkar etmədən "Koroğlu"ya qədər gəlir...

Yazılı ədəbiyyat xalqa nə qədər yaxın olsa da, onun az oxuduğu, yaxud oxuya bilmədiyi Nizami dövrü ilə başlayır. Sonra Nəsimi, sonra isə Füzuli dövrü gəlir... Xalqdan dili, dini-ideoloji, estetik-fəlsəfi özünəməxsusluğu (və hünəri!) ilə ayrılan (nə qədər ayrılsalar da, məhz ona məxsus olan!) bu dövr (şəxsiyyət!)lərdən sonra ədəbiyyatımız özünü Vaqifin yaradıcılığında ifadə edir. Və Mirzə Fətəli Axundzadənin ədəbi-estetik mövqeyi təsdiq olunana qədər onun (ədəbiyyatın!) sözünü Vaqif deyir.

Mirzə Fətəlinin maarifçi-cəmiyyətçi ədəbi sənətinin dövrü o zaman bitir ki, mollanəsrəddinçilərlə füyuzatçılar üz-üzə dayanırlar. Mollanəsrəddinçilərin "hərtərəfli" realizminin milli ictimai düşüncədəki (və dövrün sosial-ideoloji konyukturasındakı!) qələbəsi ilə ədəbiyyat tariximizdə Cəlil Məmmədquluzadə, Sabir... dövrü müəyyənləşmiş olur... XX əsrin 20-ci illərinə qədər "inkarçı" ideologiyanın zövqünü oxşayan həmin tənqidi-realist ədəbiyyat Səməd Vurğunun qeyri-adi bir vüsətlə parlaması, dövrünün kifayət qədər romantik ideya-estetik maraqlarına cavab verməsi ilə cari nüfuzunu itirir. Və ədəbiyyat tariximizin Səməd Vurğun dövrü başlanır... 50-ci, 60-cı, hətta 70-ci illərə qədər davam edən bu dövrdən sonra ədəbiyyat tariximizin hansı dövrü gəlir?..

Anar dövrü!..

Hər şeydən əvvəl ona görə ki, Anar 60-cı, 70-ci, xüsusilə, 80-ci illərdən başlayaraq Azərbaycan ədəbi-ictimai təfəkkürünün fövqünə qalxa, Azərbaycan insanının ruhunu oxşaya bildi... Onun milli olduğu qədər də modern bədii-estetik yaradıcılıq məharəti respublikada böyük rezonans verdi. "Yaxşı padşahın nağılı", "Molla Nəsrəddin - 66", "Dantenin yubileyi", "Ağ liman", "Şəhərin yay günləri", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Evləri köndələn yar", "Dədə Qorqud", "Sizsiz", "Otel otağı", "Ağ qoç, Qara qoç"... yalnız oxunmadı, baxılmadı, xalqın ruhuna, qanına-iliyinə yeridi. Və Anarın qələmindən çıxan elə bir hekayə, povest, roman, dram, ssenari, publisistik yazı olmadı ki, cəmiyyətin, ədəbi-ictimai mühitin diqqətindən kənarda qalsın, xalqın sosial-mənəvi dünyagörüşünün yeniləşməsinə bu və ya digər dərəcədə təsir etməsin. Bütövlükdə isə, bu təsir qeyri-adi idi...

İkincisi, Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli, Cəlil Məmmədquluzadə - Mirzə Ələkbər Sabir, Səməd Vurğun kimi Anarın da sənətkarlıq-yaradıcılıq inersiyası (istedadı!) böyük (və miqyaslı) ideoloji intellektin başlanğıcı (və ya davamı) kimi təzahür etdi. Ona görə ki, Anar yüksək ziyalı mədəniyyəti, həqiqət axtarıcısı, mənsub olduğu dövrün (və cəmiyyətin) daxili aləminə nüfuz etməyi, onun arxitektorikasını görməyi bacaran yazıçı-intellektual xarakteri ilə seçildi. Nə "aşağı"lardan, nə də "yuxarı"lardan heç bir təzyiqi qəbul etmədi; nə ədəbiyyatın yaşlı nəslinin pedantizminə, nə də gənc nəslinin anarxiyasına dözmədi. Və bu mübarizələrdə qazandıqlarından müqayisəyə gəlməyəcək qədər dost itirməkdən də çəkinmədi. Çünki o, bu dünyaya (və ədəbiyyata!) konyuktura üçün deyil, xüsusi missiya ilə dövr yaratmaq üçün gəlmişdir... Ədəbiyyata xidmət etməyin nə olduğunu yalnız hiss etmir, həm də (və bəlkə də daha çox!) müasir intellektual texnologiyalar səviyyəsində bilir...

Üçüncüsü, Anar öz böyük istedadına (və intellektinə) dayanaraq qalmadı, Azərbaycan (və dünya) ədəbiyyatının tarixini mənimsəməyin (və özündə ehtiva etməyin!) miqyasını göstərdi. Yaxın (və uzaq!) varisliyi qorudu.

Mən elə bir yazıçı təsəvvür edə bilmirəm ki, özünəqədərki ədəbiyyatın elmi ilə Anar qədər dərindən məşğul olmuş, Azərbaycan ədəbiyyatı haqqında onun qədər söz demiş olsun... Dədə Qorquddan başlamış Səməd Vurğuna qədər, ədəbiyyat tariximizin, demək olar ki, bütün zirvə-korifeyləri haqqında yazmış, onların yalnız Azərbaycanda deyil, ölkəmizdən çox-çox kənarlarda da tanınması üçün həmişə ürəkdən çalışmış Anar varisi olduğu Azərbaycan ədəbiyyatı tarixi qarşısındakı övlad borcunu yalnız ləyaqətlə ödəməklə kifayətlənməmiş, eyni zamanda həmin tarixi özündə canlı (və yaradıcı) bir şəkildə təzahür etdirməyin klassik təcrübəsini vermişdir.

Dördüncüsü, məhz Anar müasir dövrün tələblərinə uyğun olaraq, Azərbaycan ədəbiyyatına, müasir ədəbi prosesə rəhbərlik eləməyi bacardı. Azərbaycan Yazıçılar Birliyini və onun orqanlarını son dövr tariximizin keşməkeşlərindən, hər cür dağıdıcı təzyiqlərdən qoruyaraq günümüzə gətirib çıxaran, müasirlərindən fərqli olaraq, yalnız öz yaradıcılığının deyil, bütövlükdə ədəbiyyatın təəssübünü, qeyrətini təkcə sözdə deyil, işdə də çəkən böyük yazıçı Azərbaycan yazıçılarının komandanı səviyyəsinə yüksəldi. Öz genişmiqyaslı fəaliyyəti ilə sözün geniş mənasında millət vəkili olmağın təcrübəsini verdi - müstəqillik qazanmış xalqın, xüsusilə, gənc nəslin milli-mənəvi dəyərlər üzərində yüksəlişinin təmini, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin formalaşması, həyata keçirilməsi üçün bütün gücü ilə çalışdı (və çalışmaqdadır).

Və nəhayət (beşincisi), öz ədəbi-ictimai fəaliyyəti ilə elə bir məktəb yaratdı ki, onun davam etməməsi, sadəcə olaraq, mümkün deyil...

Azərbaycan ədəbiyyatı tarixinin Anar dövrü davam edir... Və bu dövrün ədəbi-estetik tipologiyasını, ideya-məzmun, poetika-forma özünəməxsusluqlarını, intonasiyasını 80-ci, 90-cı illərdə olduğu kimi, 2000-ci illərdə də məhz Anar - yaradıcılıq tərcümeyi-halının birinci yarım əsrini başa vurub, ikinci yarım əsrinə başlayan böyük yazıçı-mütəfəkkir (və onun ədəbi məktəbi) müəyyənləşdirir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!