Vaqif YUSİFLİ
Xoşbəxtəm ki, tale məni bir neçə dəfə böyük şairimiz Süleyman Rüstəmlə görüşdürüb. Sonuncu görüşümü xatırlayıram: ölümündən iki il öncə onunla görüşüb "Azərbaycan" jurnalı üçün böyük bir müsahibə hazırlamışdım. Bilirdim ki, Süleyman Rüstəmlə görüşmək, söhbət etmək - XX əsrin ədəbi hadisələrini, poeziya tarixini vərəqləmək, Qorkini, Mayakovskini, Nazim Hikməti, Hüseyn Cavidi, Mirzə Cəlili, Haqverdiyevi, Üzeyir Hacıbəylini, Seyid Hüseyni, Cəfər Cabbarlını, Səməd Vurğunu və onlarla görkəmli sənətkarları "görmək" deməkdir. Çünki Süleyman Rüstəmin heyrətamiz dərəcədə güclü yaddaşı vardı, 40-50 il öncəki hadisələri, insanları olduğu kimi xatırlayır, haqqında danışdığı adamın xasiyyətindən tutmuş danışığına qədər, hər şeyi təfərrüatı ilə nəql edirdi. Mənim üçün "Ana və poçtalyon"un, Təbriz nisgilli şeirlərin müəllifi ilə görüşmək unudulmaz anlara çevriləcəkdi və çevrildi də...
Süleyman müəllim danışırdı ki, onun həyatında, xüsusilə, uşaqlıq və gənclik illərində iki böyük şəxsiyyət çox böyük rol oynayıblar: Süleyman Sani Axundov və Seyid Hüseyn. "Atamın məni ilk dəfə "Süleyman Sani məktəbi"nə aparmağını xatırlayıram. Haqqımda lazımlı məlumatı dəftərə qeyd etdilər və sonra atam getdi. Özümü yad adamların arasında görüb ağlamağa başladım. Başa düşürdüm ki, belə yerdə ağlamaq olmaz, amma özümü saxlaya bilmirdim. O zaman bir əl saçımı oxşadı:
- Niyə ağlayırsan, oğlum?
- Anamı istəyirəm.
- Çox gözəl, dərsdən sonra ananı görərsən.
- Yox, yox! Mən indi görmək istəyirəm.
- Oğlum, gəl səni sinfinizə aparım. Gör orda necə yaxşı uşaqlar var, amma heç ağlamırlar.
Sonra o, yanındakı müəllimlərə xitabən: - Görürsünüzmü, nə ağıllı oğlandır. Daha ağlamır, gedək, bala, gedək, - dedi.
Daha ağlamadım. Süleyman Sani bizi bir ata kimi sevirdi.
Əgər Süleyman Sani uşaqlıq təsəvvürümdə Simurq quşu kimi qalıbsa, Seyid Hüseyn sənət taleyimdə Xilaskar rolunu oynayıb. Seyid Hüseyn - bu görkəmli yazıçı texnikumda mənə ədəbiyyatdan dərs deyib. Mən onda ilk şeirlərimi yazırdım. Bir gün cəsarətə gəlib bir şeirimi ona verdim ki, fikrini bildirsin. Bir neçə ay keçdi, ondan səs çıxmadı. Bir gün tələbə yoldaşlarımdan biri mənə dedi ki, sənin "Maarif və mədəniyyət" jurnalında şeirin çıxıb - "Unudulmuş gənc". Bundan o qədər sevindim ki... Sonralar Seyid Hüseynlə tez-tez görüşürdüm.
İyirminci illərdə sovet ədəbiyyatının azmanları sayılan M.Qorkinin, V.Mayakovskinin, D.Bednının Bakıya gəlişi böyük əks-səda doğurur. Bu sırada, əlbəttə, böyük türk şairi Nazim Hikməti heç cür unutmaq olmaz.
1927-ci ildə Mayakovski Bakıya gəlmişdi. Akademiyanın akt zalında onun oxucularla görüşü keçirilirdi.
Mayakovski yorulmadan şeirlər oxuyur, suallara cavablar verirdi. Həmin şeir gecəsində böyük şairimiz Hüseyn Cavid də iştirak edirdi. Axırda o, dözə bilməyib mənə sarı əyildi və dedi: "Canım, bu necə adamdır, necə tab gətirir, dözür belə şeylərə. Niyə hər suala cavab verir?" Bir nəfər ona belə yazmışdı: "İnsanın qəlbində boşluq olanda, iki çıxış yolu vardır: biri susmaq, ikincisi isə bağırmaqdan ibarətdir. Neçin siz ikincini intixab etmisiniz?" Mayakovski pərt olmadı. O, belə cavab verdi: "Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da vardır. O da belə qabiliyyətsiz suallar yazmaqdan ibarətdir!" - Hamı gülüşdü.
Xatirə olaraq onunla bir yerdə şəkil çəkdirdik. O, fotoqrafxanada stol üstündəki gül dəstəsini götürüb ayağımızın altına qoydu, fotoqrafa: - Çəkə bilərsən, - dedi.
Moskvada onu tez-tez görürdüm. Son dəfə 1930-cu ildə Moskva Yazıçılar Evində gördüm. Moskva proletar yazıçılarının konferansiyası gedirdi. Mən bufetdə çay içirdim. Birdən RAPP işçilərindən biri: - "Süleyman, tez zala keç, yoxsa böyük şey itirmiş olacaqsan, tez, tez" - dedi. Mən tez zala cumdum. Mayakovski tribunada idi. O, RAPP-a girmək haqqında bir ərizə oxudu. Zal ayağa qalxdı. Sonra spiçka qutusundan bir az böyük bir dəftərçəyə baxa-baxa bizə "Vo ves qolos" poemasından girişi oxudu. Alqış səsləri zalı lərzəyə gətirdi. Amma lap son görüş çox kədərli oldu. Aprelin 14-ü idi. Saat 11 radələrində Moskvada - adını unutduğum bir meydançada iki gənc həvəskar yazıçı mənə yaxınlaşdı, Mayakovskinin intihar etmək xəbərini verdilər. Onlarla bərabər bir həyətə girdik. Bir qapı ağzında Təcili yardım maşını dururdu. Qapıda bir neçə şair də vardı. Hamısının sifəti tutqun idi. İxtiyarsız olaraq gözlərimdən yaş axmağa başladı. Mayakovskinin dəfnində Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Osman Sarıvəlli də iştirak etdilər. Mayakovskinin o dövrdə bizim şairlərə (o cümlədən, mənə) təsiri çox böyük olub. Bu barədə tədqiqatçılar da yazıblar".
Maksim Qorki haqqında isə Süleyman Rüstəm bunları söylədi: "İyirmi səkkizinci ilin 31 may günündə Qorki xaricdən Vətənə qayıtdı. Çox keçmədi ki, Bakıya gəldi. Bakıda olduğu günlərin birində "Qızıl qələmlər" Cəmiyyətinin üzvləriylə də görüşdü. Üzünü gənclərə tutub dedi ki, yeni ədəbiyyatı siz yaradırsınız, ancaq gərək özünüz də dünya mədəniyyətindən bəhrələnməlisiniz. Qorki Azərbaycan dilində bir şeir oxumağı xahiş elədi, mən Sabirdən əzbər dedim. Sonra Abbas Səhhətin tərcüməsində Qorkinin bir şeirini dedim".
Nazim Hikmətin isə Bakıya birinci gəlişi iyirminci illərin axırlarında olmuşdur. Bakıda Süleyman Rüstəmin də iştirakı ilə onun "Günəşi içənlərin türküsü" kitabı çap olunmuşdu. Bu kitabın çapından sonra Nazim Hikmət Bakıya dəvət olunur və həmin dövrdə onunla ən çox münasibətdə olan gənc şair Süleyman Rüstəm idi. Onlar bir də 1951-ci ildə görüşdülər. "Nazim Hikmət mənim üçün elə sənətkar idi ki, ondan öyrənmək, görüb-götürmək üçün çox şeylər vardı - həm sənətində, həm də şəxsiyyətində. Nazimlə hər dəfə görüşəndə, söhbət edəndə onun gözlərində gizli bir kədər görürdüm. Vətəniylə, xalqıyla bağlıydı bu kədər. O illərdə onun vətəni Türkiyədə Nazimin adını çəkmək belə qorxulu idi".

***
Süleyman Rüstəm ədəbiyyata məhz bu illərdə gəlmişdi və tez bir zamanda da o, ədəbi mühitdə tanınmağa başladı. İnkar eləmək lazım deyil ki, Azərbaycanda sovet ədəbiyyatının ilk nümunələrini yaradanlardan biri də Süleyman Rüstəm olmuşdur. Şura inqilabı yaradılandan sonra "yeni bir ədəbiyyat"a keçid başlandı. Özü də bu ədəbiyyatı, əsasən, gənc komsomolçu və kommunist şairlər, ədiblər yaratmalı idi. İyirminci illərin əvvəllərində bu tələbi şüurlu şəkildə ilk dəfə dərk edənlərdən biri məhz Süleyman Rüstəm oldu. Az sonra onun adı proletar şairləri cərgəsində çəkilməyə başladı. 1927-ci ildə Süleyman Rüstəmin "Ələmdən nəşəyə" şeirlər kitabı çapdan çıxdı. Bu kitab o dövrdə Azərbaycan sovet poeziyasının manifesti kimi dəyərləndirildi.
Artıq indi sağalmışdır ürəyimin yarası,
Budur, sazım yorulmadan çalır şənlik havası!
Yeni həyat başlayırkən üzümüzə gülməyə,
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə!
Orta məktəb dərsliklərinə Süleyman Rüstəmin "Çapayev" şeirini salırdılar. Bəlkə də bu gün üçün "Çapayev" tipli şeirlər "siyasi" olduğu üçün, daha çox qırmızı ulduzlu qəhrəmanı tərənnüm etdiyi üçün unudulub, bəlkə də haqlı olaraq unudulub. Amma bu şeirə siyasi yox, bədii baxımdan yanaşsaq, onun bir şeir kimi gözəlliyini təsdiq etmiş olarıq. Şeir başdan-ayağa alliterasiyalar əsasında qurulmuşdur (Süleyman Rüstəmin qəzəllərində belə alliterasiyalara tez-tez rast gəlirik). Ümumiyyətlə, ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan mütəxəssislər üçün S.Rüstəm poeziyası qiymətli bir örnəkdir, xüsusilə, bədii təsvir vasitələrinin müxtəlif çeşidləri ilə zəngindir. Onun təşbehləri də orijinallığı ilə seçilir:
Məndən soruşursunuz: De görək, səhər-səhər
Nəyə bənzəyir Xəzər?
Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir,
Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.
Qayaların sinəsi sulardan oyuq-oyuq,
Xəzərə keşik çəkən sahildəki hər buruq,
Babək ordusundakı saçları buruq-buruq,
Yapıncısı qapqara bir əsgərə bənzəyir.
***
Süleyman Rüstəmin ədəbiyyat tariximizdə rolunu müəyyənləşdirərkən daha bir neçə məqamı xatırlayırsan. Bir anlığa fikirləşirsən ki, Süleyman Rüstəm olmasaydı, XX əsr Azərbaycan poeziyasında hansı boşluqlar və çatlar yaranardı? Axı, Cənub həsrətini, ikiyə bölünmüş Azərbaycanın dərdini, harayını, fəryadını kim Süleyman Rüstəm qədər böyük yanğı və poetik ustalıqla əks etdirə bilərdi? Cənub mövzusunda S.Rüstəmdən sonra da nə gözəl şeirlər yazılıbsa, bunlar S.Rüstəm şeirləri ilə yanaşı tutulur.
O illərdə Süleyman Rüstəm Təbrizi, Cənubi Azərbaycanı qarış-qarış gəzmişdi. Onu Təbrizdə, Sərabda, Ərdəbildə yaxşı tanıyırdılar.
Süleyman Rüstəmin Cənub şeirləri təkcə həsrət, ayrılıq motivlərini ifadə eləmir, həm də bütövlük arzusunu, Azərbaycanın o tay-bu tayının birləşmək duyğusunu əks etdirir. İllər gəlib keçib, bir vaxtlar bir-birinə həsrət qalan qan qardaşları və bacıları üçün indi görüşmək, dərdləşmək maneəsi yoxdur. Ancaq bu gedişlər-gəlişlər bütövlük arzusunu reallaşdırdımı? Elə bilirəm ki, S.Rüstəmin Cənub şeirlərinin bir çoxu indi yenidən doğulur.
Vaxtilə Abbas Səhhət Sabirin İran inqilabına həsr etdiyi şeirlərin çox böyük rol oynadığını, fədailərə "bir ordudan ziyadə xidmət etdiyini" iftixar hissilə qeyd edirdi. Süleyman Rüstəmin Cənub şeirləri də səksən ilə yaxındır ki, təxminən, belə bir missiyanı yerinə yetirir. Bir təbrizli qızı sonralar şairə ümumxalq məhəbbətini ifadə edib yazacaq: "Süleyman Rüstəmin insanı həyəcana gətirən gözəl şeirlərini oxumaq biz Cənubi Azərbaycan qızlarına da nəsib olmuşdur. Bu şeirlərin bizə nə qədər dərin təsir bağışladığını qələm ilə təsvir eləmək mümkün deyildir. O, bizim uçurumlu həyatımızı düzgün təsvir edir və bunların səbəblərini gözəl şeirlərində aydınca göstərir".
Süleyman Rüstəmin Cənub şeirləri təkcə ədəbi hadisə kimi yox, həm də tarixin poetik inikası kimi də qiymətləndirilməlidir. Bu silsilədə şairin Təbrizə ilk səfərindən tutmuş, orada müşahidə etdiyi hadisələrə qədər, bütün olayları izləmək olar. Bu sırada, heç şübhəsiz, "Təbrizim" şeiri birincidir.
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Süleyman Rüstəmin Cənub şeirləri Təbrizlə tükənmədi, illər boyu bu həsrət, bu nisgil davam etdi. Ömrünün son günlərinə qədər o, bu nisgillə yaşadı. Adətən, bir mövzuda illərlə qələm çalmaq, hardasa, yeknəsəkliyə, forma və məzmun təkrarına gətirib çıxarır, bunu az görməmişik. Ancaq Süleyman Rüstəmin Cənub şeirləri hər dəfə yeni bir bədii təravətilə diqqəti cəlb edib. Altmışıncı illərin sonlarında onun ustad Şəhriyara yazdığı poetik məktublar Cənub şeirləri silsiləsinə yeni incilər əlavə etdi:
Kim deyir ki, ünvanımız ayrıdır?
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır,
Ürək birdir, bədən birdir, Şəhriyar,
Vətən birdir, Vətən birdir, Şəhriyar!
"Şair qardaşıma məktub" şeiriylə başlanan bu ünsiyyət tez bir zamanda Şimal və Cənub arasında əsr yarım davam edən ayrılığın buzunu əritdi. Tezliklə Şəhriyarla digər Azərbaycan şairlərinin də məktublaşmaları başlandı. Şəhriyarın "Qardaşım Süleyman Rüstəmə" şeirlər silsiləsi ilə bir xalqın ümumi poeziyası arasında yeni mənəvi birliyin əsasını qoydu:
Sən unutsan da, Süleyman, məni,
Unutmayacaq Şəhriyar səni.
Yaz gələr, bülbül qarsar çəməni,
İndilik sevsin zaman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!
Çox təəssüf ki, Azərbaycanın bu iki böyük şairinin görüşü baş tutmadı. Şəhriyar Bakı, Süleyman Rüstəm isə Şəhriyar və bir daha Təbrizi görmək həsrətiylə dünyadan köçdülər.
***
Deyirlər ki, qəzəl janrı Füzuliylə zirvəyə çatdı, Vahid isə Füzuli yadigarı kimi qəzəl dünyasının son ustadı oldu. Bu fikirdə müəyyən həqiqət var, amma məsələ burasındadır ki, elə Vahidin sağlığında və Vahiddən sonra qəzəl janrı süqut eləmədi. Şeirimizdə Füzuli, Nəsimi, Seyid Əzim, Vahid ənənələri yeni məcrada davam etdi. Bu sırada Süleyman Rüstəmin qəzəl yaradıcılığı müstəsna rol oynamışdır.
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım ay tək olur, mən də halə şəklində.
Ürək qanımla yazıb eşqimi, məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.
O incə qəlbinə təsir edincə hər qəzəlim,
Gözündə nəm görürəm inci-jalə şəklində.
Mən aşiqəm, bu səbəbdən hər aşiqanə sözüm
Coşub axır ürəyimdən şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində cananın
Bu qan olan ürəyindir piyalə şəklində.
Doğrudan da, bu qəzəl Füzuli ənənəsini yaşadan, hətta cəsarət edib deyə bilərik ki, Füzuli qəzəlləri sırasında durmağa layiq bir qəzəldir. Süleyman Rüstəmin qəzəlləri haqqında ilk məqaləni Xalq şairi Rəsul Rza yazmışdır. Həmin məqalədən bəzi sətirləri bu yazıda xatırlamaq nə qədər xoşdur: "Süleyman Rüstəm qəzəllərinin çoxu mahiyyət etibarilə yeni qəzəllərdir. Bu yenilik yalnız onların forma və ifadə tərzinə aid deyil, bəlkə birinci növbədə bu qəzəllərin məzmununa aiddir".
Böyük Vətən müharibəsi illərində, o zamanın təbirincə desək, Süleyman Rüstəm də qələmini süngüyə çevirən şairlərdən biri oldu. O, həm də ön cəbhədə oldu, batalyon komissarı, siyasi işçi kimi əsgərləri vətən uğrunda qələbəyə ruhlandırırdı.
Ancaq Süleyman Rüstəmi müharibə illərində daha çox məşhurlaşdıran onun "Ana və poçtalyon" şeiri oldu. Bu şeir müharibədən sonra da poeziyamızın ən gözəl incilərindən biri olaraq qaldı. Şeirdəki insan obrazları o qədər təbii və koloritli idi ki, heyranlığını gizlədə bilmirdin, özünü gah ananın, gah da poçtalyonun yerində hiss edirdin.
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Belə şeiri isə izah eləməyə heç bir ehtiyac yoxdur. Bü, təkcə şeir deyil, həm də nəzmlə yazılan bir müharibə romanıdır. Əgər keçmiş SSRİ məkanında - o illərdə yazılan ən yaxşı ədəbiyyat nümunələri haqqında söhbət açılarsa, "Ana və poçtalyon"un adını öncə çəkməliyik.
İllər keçəcək, Süleyman Rüstəm o günü də görəcək ki, bədnam qonşularımız bizimlə torpaq davasına çıxırlar. Onda qocaman şair məşhur "Qarabağı vermərəm" şeirini qələmə alacaq. Amma Qarabağın taleyindən nigaran gedəcək.
Dostlarından eşidirsən bu sözü nəğmə kimi -
"Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ".
Sən bilirsən ki, mənim təkcə Cənub dərdim var,
Ayrılıq dərdi ölümdən də yamandır, Qarabağ.
Sən canımsan, ciyərimsən, ürəyimsən, ürəyim,
Deyirəm, car çəkirəm, canlara candır Qarabağ.
***
Süleyman Rüstəm həm də bir şəxsiyyət kimi bütöv idi. Repressiya tufanı başlananda bir neçə ziyalını o bəladan xilas etdi. Onunla müsahibədə cəsarətə gəlib belə bir sual verdim: - Süleyman müəllim, 37-ci il repressiyasında sizin günahınız olubmu? Məsələn, Müşfiqlə bağlı... Dedi ki, oğlum, get bütün arxivləri araşdır, mənim bu xüsusda bir sənədə qol çəkdiyimi, ya kiminsə üzünə durmağımı görə bilməzsən. Mən ədəbi mübahisələrdə kimlərisə tənqid etmişəm. Amma bu, ədəbiyyat-mövqe məsələsiydi. O ki qaldı Müşfiqə, anam onun qarşısına duz-çörək qoyub. Bəziləri kimi mən də ona "faşist", ya "kontrrevalyusyon" desəydim, onda o duz-çörəyə və anama xəyanət etmiş olardım".
Süleyman Rüstəm böyük bir ədəbi irs qoyub getdi - mənəvi Azərbaycan irsi... Bu irsi qorumaq bizim və gələcək nəsillərin borcudur.
Son olaraq Süleyman Rüstəmin bu misralarını xatırlayaq:
Vaxt gələndə,
Mən öləndə,
Məni Vətən torpağında təntənəsiz basdırın.
Sevmiyənlər gendə dursun, sevənlər, siz basdırın.
Arzum budur, məndən sonra ölüm-itim olmasın,
Dostlarımın qəlbi qəmlə, gözü yaşla dolmasın.
Həyat daha gözəlləşsin, gülsün bağlar, bağçalar,
Ruhum gəzsin çiçəklərlə əldən-ələ, hər bahar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
