Təkcə Cümhuriyyət dövrünün jurnalları ("Zənbur", "Məşəl", "Övraqi-nəfisə" və s.) içərisində deyil, bütövlükdə Azərbaycan satirik mətbuatı tarixində önəmli yer tutan "Şeypur" jurnalı Bakıda 1918-ci ilin 5 oktyabrından 1919-cu ilin 18 yanvarınadək nəşr olunmuşdur. Cəmi on dörd sayı çıxmış jurnalın müdiri, yəni redaktoru görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin oğlu, tanınmış publisist Məmmədəli Sidqi, naşiri isə məşhur ədibimiz Səməd Mənsur idi.
İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmir, qətiyyətli mövqe ortaya qoyurdu. Xüsusən Azərbaycanın yenidən işğalına can atan rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, ölkəmizə əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar "Şeypur" jurnalının səhifələrində tutarlı faktlar, əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapırdı.
M.Ə. Sidqi və S. Mənsurla yanaşı, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Balaqardaş Mürşüd, Məmmədəli Nasir, Mirhəsən Münsif və digər ədiblərin həmin jurnalda dərc edilmiş əsərləri satirik poeziyamızın və publisistikamızın inkişafında özünəməxsus rol oynamışdır.
Ümumiyyətlə, "Şeypur" jurnalının səhifələrində müxtəlif müəlliflərin əllidən artıq gizli imza ilə çoxsaylı əsərləri verilmişdir. Bu imzalardan bir qisminin sahibi konkret şəkildə bəllidir. O cümlədən "Pampuşalı", "Kənarçı Pampuşalı" imzaları ilə dərc olunmuş çoxsaylı poeziya və publisistika nümunələrinin Səməd Mənsura məxsusluğu şübhəsizdir. Bununla yanaşı, onun bu jurnalda digər imzalardan istifadəsi barədə də bəzi fikirlər var. Bu məqalədə biz həmin imzalardan biri - "Mömin çinovnik" barədə bəzi məsələləri aydınlaşdırmağa səy göstərəcəyik.
Vaxtı ilə Səməd Mənsurun şeirlərini toplamış şair Əliabbas Müznib "Şeypur" jurnalında "Mömin çinovnik", "Biz", "Yaftımalı", "Yaftım", "Hatif", "Cingirov" imzalarıyla verilmiş bir neçə mənzuməni də onun əsərləri sırasına qatmışdır. Ə. Müznibin toplayıb tərtib etdiyi həmin kitab xeyli sonralar nəşr olunub və yuxarıdakı imzalarla "Şeypur"da çıxmış şeirlərin əksəriyyəti də orada yer alıb (bax: S.Mənsur. Birinin bayramı, birinin matəmi. Bakı: Nurlan, 2003, s.7, 37, 39-40, 44, 49-50, 51-52).
Ə.Müznib "Şeypur" jurnalının 9 noyabr 1918-ci il tarixli 5-ci sayında "Mömin çinovnik" imzasıyla çıxmış "Yaraşıqlı "Ceyranıma" töhfə" adlı satirik şeiri də Səməd Mənsurun qələminə məxsus sayaraq hazırladığı kitaba daxil etmişdi. Həmin kitabın 2003-cü ildəki ilk nəşrində bu əsərin S.Mənsura aidliyi bildirilsə də oxuculara təqdim olunmayıb. Səməd Mənsurun beş il sonra çapdan çıxmış "Əsərlər"ində isə Ə.Müznibin ona aid etdiyi yuxarıdakı imzalarla "Şeypur"da verilmiş bir neçə şeirə ("Yaraşıqlı "Ceyranıma" töhfə" şeiri də daxil) rast gəlirik (S.Mənsur. Əsərlər. Bakı, Nurlan, 2008, s.74-76, 80-81, 83, 91-94)...
Tədqiqatçı Novruz Ağayev də, güman ki, Ə.Müznibə əsaslanaraq "Şeypur"dakı "Mömin çinovnik" imzasını S.Mənsura aid etmişdir. (bax: Ağayev N., Paşayeva M. İmzalar. Bakı, Elm və təhsil, 2015, s.29). Bəzi ədəbiyyatşünaslıq əsərlərində də "Şeypur"da "Mömin çinovnik" imzasıyla verilmiş "Yaraşıqlı "Ceyranıma" töhfə" satirasından Səməd Mənsurun şeiri kimi qısa şəkildə söz açılmış və bu gün də açılmaqdadır (əlavə sadalamalara ehtiyac duymuruq).
Bəs əslində vəziyyət necədir?
Araşdırmalarımız göstərir ki, bu şeir Səməd Mənsurun deyil. Onun müəllifi məşhur ədəbiyyatşünas və şair Salman Mümtazdır. Əlbəttə, S.Mənsur, onsuz da, ədəbiyyat tariximizdə layiqli yer tutub və bu möhtəşəm mövqe hər hansı bir əsərin ona aid olub-olmaması ilə dəyişən deyil. Lakin aydınlıq naminə bəzi digər faktlara da diqqət yetirib dəqiqləşdirmə aparmağa ehtiyac duyuruq.
Mərhum salnaməçi, tədqiqatçı Qulam Məmmədli "İmzalar" kitabında "Şeypur" jurnalında işlənmiş "Mömin çinovnik", "Müxbiriniz mömin çinovnik", "Xəbərçiniz Hacı Badamalı", "Hərbi müxbiriniz Hacı Gülabdan" imzalarının Salman Mümtaza aidliyi barədə məlumat vermişdir. Qulam Məmmədlinin həmin qeydlərinin dürüstlüyü, fikrimizcə, şübhə doğurmamalıdır, çünki, o, kitabın müqəddiməsində vaxtı ilə ünsiyyətdə olduğu bir sıra ziyalıların, o cümlədən Salman Mümtazın da müxtəlif imzaları dəqiqləşdirməkdə ona kömək etdiyini yazmışdır. Şübhəsiz ki, başqa imzaların sahiblərini dəqiqləşdirməkdə Q.Məmmədliyə yardım göstərən Salman Mümtaz öz imzalarını da konkret bildirmişdir.
Salman Mümtaz irsinin araşdırıcılarından ədəbiyyatşünas Nəcəf Nəcəfov da 1987-ci ildə nəşr olunmuş "Salman Mümtazın ədəbi və elmi fəaliyyəti" kitabında onun imzaları sırasında "Mömin çinovnik"i də xatırlatmışdır.
Tədqiqatçı Səadət Bünyadzadə isə "Satirik gülüşün hikməti" məqaləsində ("Kredo" qəzeti, 12 iyul 2014) Salman Mümtazın "Tuti" jurnalında "Mömin çinovnik" imzasından istifadə etdiyini göstərmişdir...
Aşkara çıxardığımız aşağıdakı təkzibolunmaz fakt isə "Şeypur"dakı "Mömin çinovnik" imzalı şeirin kimə aidliyi barədə konkret fikir söyləməyə imkan verir. Salman Mümtazın şəxsi arxivində "Öz şeirlərimin mətlələri" adlı iki vərəqlik bir material da var. Burada S.Mümtaz müxtəlif vaxtlarda yazdığı mətbu və qeyri-mətbu şeirlərinin siyahısını vermişdir. Həmin siyahıda "Şeypur"da çıxdığı konkret şəkildə bildirilən "Ey görkəmi insan, özü ceyran, qarabağlı" şeiri də göstərilmişdir (bax:Salman Mümtazın şəxsi arxivi. Azərbaycan MEA Əlyazmalar İnstitutu, fond 24, saxlama vahidi 33). Bu isə məhz "Mömin çinovnik" imzası ilə həmin jurnalda verilmiş "Yaraşıqlı "Ceyranıma" töhfə" adlı şeirdir, S.Mümtazın başlığa çıxardığı yuxarıdakı misra da bütün bəndlərin sonunda təkrarlanır.
Yəni qəti şəkildə deyə bilərik ki, söz sənətimizdə danılmaz xidmətləri olan Əliabbas Müznibin vaxtı ilə yol verdiyi bir yanlışlıq nəticəsində ona istinadən Səməd Mənsura aid edilən "Yaraşıqlı "Ceyranıma" töhfə" satirik şeiri əslində Salman Mümtazındır.
Bir neçə kəlmə də həmin şeirin mövzu-ideya mündəricəsi barədə. Ayrı-ayrı ədəbiyyatşünaslar bu şeir haqqında fərqli, bəzən də birtərəfli mülahizələr yürütmüşlər. Əslində isə beş bəndlik satiranın əvvəlində müəllif yalnız özünü düşünən, şəxsi maraqları üçün ən müxtəlif üsullara əl atan bəzi başabəla həmvətənləri tənqid etmiş, həmin şeirin sonrakı bəndləri, yəni əsas qismi isə Qarabağda xalqımıza qarşı əsassız iddialar irəli sürən, vəhşilik edən, nahaq qanlar törədən gəlmə ermənilərin tənqidinə həsr olunmuşdur. Müəllifin onlara "kirvə" deyə istehzalı müraciəti də bunu dəqiq şəkildə göstərir. (Haşiyə çıxaraq deyək ki, "Şeypur"dakı çoxsaylı bədii və publisistik materiallarda həmişə "kirvə" sözü ilə birmənalı şəkildə ermənilərdən bəhs edilmişdir). Salman Mümtaz Qarabağdakı həmin fitnəkar erməniləri tutduqları qanunsuz yoldan, nahaq işlərdən çəkinməyə çağırırdı. Şair onu da vurğulayırdı ki, artıq Azərbaycanın ordusu var və hər cür haqsız iddiaların cavabını qətiyyətlə verə bilər:
Get, kirvə, çalış tap özünə bir iyi peşə,
Biçarələri çəkmə böyürdək kimi şişə.
Çalma füqəra rişəsinə qəhr ilə tişə,
Hərçənd qılıbsan bizə sən zülm həmişə.
Lənət oxu, bəsdir dəxi bu tutduğun işə,
Bax zabitə, bax orduya, bax əsgərə, cişə...
Şair onu da bildirirdi ki, havadarlarına arxalanıb lovğalanan, "qaztək döşünü gərən", "mən-mən" çığıran" bədnam "kirvələrin" fitnəkar əməllərinə, başqalarının hüququnu tapdamasına gec-tez son qoyulacaq, necə deyərlər, örkən nə qədər uzun olsa da, axırda gəlib doğanaqdan keçəcəkdir:
Gücsüzlər ilə güclü hüququnda olub tən,
Yoxsa xəbərin, kirvə, biləndən soruş, öyrən!
Qaz tək döşünü gərmə, çığırma, demə mən-mən,
Çox da gücünə, xəncərinə olma sən eymən.
Örkən nə qədər olsa uzun, bilməlisən sən,
Axır doğanaqdan keçəcəkdir yenə örkən...
Təsəvvür tamlığı üçün başqa bir əsərə də nəzər salaq.
"Şeypur"un 26 oktyabr 1918-ci il tarixli 4-cü sayında "Mömin çinovnik" imzasıyla başqa bir əsər - "Simavar" felyetonu dərc olunmuşdur. Nəsr və nəzmin növbələşdiyi bu felyetonda müəllif o zaman bolşeviklərin Bakıda qısa hakimiyyət dönəmindən sonra yaranmış iqtisadi çətinliklərə, möhtəkirliyə, bəzən adicə qənd-çayın qəhət olduğuna, bir çox evlərdə samovarların qaynadılmadığına diqqət yönəldirdi. Maraqlı süjetə malik bu felyetonun daxilində ayrı-ayrı şəxslərin dilindən verilən "simavar" rədifli müxtəlif bəndlər də mövzu ilə bağlanmışdır:
Hər kim onu görsə düşər, əlbəttə, sücuda,
Hər bəzmdə çün rəşk verir məcməri-uda,
Şaqqıldamağı şur salır çərxi-kəbuda,
Əlqissə, o hər evdə əgər gəlsə vücuda,
Güya o evə şami-münəvvərdi simavar".
Müəyyənləşdirdik ki, buradakı şeir parçaları felyetonda bildirilməsə də, əslində geniş tanınmayan bir şairin - Dərbəndli Molla Əhməd Faizin "Simavər" adlı müxəmməsindən götürülərək cüzi dəyişikliklə verilmişdir. Maraqlıdır ki, həmin müxəmməsə Salman Mümtazın tərtibi ilə bir neçə il sonra nəşr olunmuş "El şairləri" kitabında da rast gəlirik. Ədəbiyyat tariximizin mötəbər tədqiqatçısı kimi məhz S.Mümtazın bu şeirə bələdliyi və felyetonda ondan istifadəsi daha inandırıcı görünür.
Bu fakt da bir daha yəqinləşdirir ki, "Mömin çinovnik" imzası və həmin imza ilə verilmiş "Simavar" felyetonu da Salman Mümtazındır.
"Şeypur" jurnalında S.Mümtaz bəzi digər imzalarla da çıxış etmişdir. Dərginin 12 oktyabr 1918-ci il tarixli 2-ci sayındakı "Əhəmiyyətli teleqraflar" rubrikasında S.Mümtazın üç fərqli imza ilə - "Müxbiriniz: Mömin çinovnik", "Hərbi müxbiriniz: Hacı Gülabdan" və "Xəbərçiniz: Hacı Badamalı" imzaları ilə diqqətəlayiq satirik yazıları dərc olunmuşdur. 4 yanvar 1919-cu il tarixli 12-ci sayında "Hərbi müxbir" imzasıyla dərc etdirdiyi satirik xəbərlərdə də Salman Mümtaz dövrün aktual məsələlərinə münasibət bildirmişdir...
Deyilənlər göstərir ki, Salman Mümtaz "Şeypur" jurnalında yaxından iştirak etmişdir.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!