Yaşar Qarayev: "Səməd Vurğunun poeziyası da, bioqrafiyası da bilavasitə xalqın tarixinin və taleyinin ifadəsidir"... - Aslan SALMANSOY

 

Səməd Vurğun irsi, az qala, bir əsrdir ki, ardıcıl olaraq ən ciddi və nüfuzlu ədəbiyyatşünasların, dilçilərin, folklorşünasların, etnoqrafların, filosofların... maraq dairəsindədir: görkəmli yazıçı və ədəbiyyatşünaslar Mir Cəlal Paşayevin, Mehdi Hüseynin, akademiklər Məmməd Arif Dadaşzadənin, Məmməd Cəfər Cəfərovun, Kamal Talıbzadənin, Nizami Cəfərovun, professorlar Cəlal Abdullayevin, Fəridə Vəlixanovanın, Şirindil Alışanlının, Qurban Bayramovun... elmi fəaliyyətinin geniş bir sahəsini şairin yaradıcılığına həsr etdikləri fundamental əsərləri təşkil edir. Onlardan Səməd Vurğun sadə, təvazökar, eyni zamanda möhkəm əqidəli, prinsipial, xalqın qəlbində öz əzəmətli heykəlini sağlığında ucaldan böyük şəxsiyyət, ictimai xadim, Azərbaycanı poeziyaya gətirmiş ustad şair, görkəmli dramaturq, öz konsepsiyası olan ədəbiyyat nəzəriyyəçisi, səriştəli tərcüməçi... kimi keçir. Bu ciddi və nüfuzlu mütəxəssislərin sırasında AMEA-nın müxbir üzvü professor Yasar Qarayev də mötəbər yerlərdən birini tutur. Onun, ustad şairin yaradıcılığına məxsusi həsr etdiyi irihəcmli məqalələrin ("Romantikaya yeni baxış", "Böyük sovet şairi", "Canlı müasirimiz", "Azərbaycan ədəbiyyatının Vurğun dövrü") vurğunşünaslığa dair yazılanlardan öz orijinallığı ilə xeyli fərqlənir. Sonuncu məqaləni isə vurğunşünaslıqda ciddi bir hadisə kimi də dəyərləndirmək olar: belə ki, ilk dəfə Yaşar müəllimin konseptləşdirdiyi bu mövzu və bu ad, bizə görə, Səməd Vurğunun ədəbiyyatımız tarixindəki xidmətlərini müəyyənləşdirən ən dəqiq atributlardan biridir.

Həqiqət naminə qeyd edək ki, Azərbaycan filologiyasında S.Vurğun dövrünün, mərhələsinin mövcudluğu adıçəkilən məqaləyə qədər də bu və ya digər şəkildə etiraf olunur və təsdiqlənirdi. Yaşar müəllim bu adı məqaləsinin başlığına çıxarmaqla, bir qədər ümumi və fraqmental şəkildə deyilmiş oxşar mülahizələri ədəbi-tarixi fakt səviyyəsində konkretləşdirdi və təsdiqlədi. Həm də, təkcə adı sadəcə başlığa çıxarmaqla yox, həmin adı məqaləsində irəli sürdüyü tezislərlə əsaslandırmaqla, belə demək mümkünsə, dövrü sahibinə qaytardı. "Azərbaycan ədəbiyyatının Vurğun dövrü" bölgüsü mütəxəssislər tərəfindən birmənalı olaraq qəbul edildi, şairlə eyni dövrdə yaşayıb-yaradan və ondan sonra ədəbiyyata gələn bütün istedadlı şairlər onun poetik məktəbinin davamçıları olduqlarını, ondan öyrəndiklərini fəxarətlə dilə gətirdi və bu ədəbi varislikdən qürur duydular. Səməd Vurğuna borclu olduğunu etiraf edən və onu özünə ustad bilən Bəxtiyar Vahabzadə şairin nəfəsini "əcdad nəfəsi"nə bərabər tutmuş, Məmməd Araz özünün və ədəbi nəslinin "şeirə Səməd Vurğunun şöhrətinə gəldiklərini, amma heç birinin Vurğun ola bilmədiklərini" təvazökarlıqla dilə gətirmiş, Xəlil Rza onu "milli sərvətimiz, Vətənin özü", Nəbi Xəzri "müasir poeziyamızın təmiz, pak vicdanı", Tofiq Bayram "istedadlı gənclərin mənəvi atası", Hüseyn Kürdoğlu "şeirimizin Şahdağı", Məmməd Aslan "çağdaş poeziyamızın rəngi", Nəriman Həsənzadə "epoxanın poetik tərcümeyi-halı" adlandırmış, Qabil öz şair nəslini "Səməd Vurğunun mənəvi övladları, həyata keçmiş arzuları, canlı əsərləri" hesab etmiş, Oqtay Rza "gənc şairlərin yazmağı ondan öyrəndiklərini, ustadın indiki şairlərə də bələdçilik etdiyini" vurğulamış, Əliağa Kürçaylı da "ədəbi nəslinin taleyində Səməd Vurğunun müstəsna xidmətləri olduğunu, başlarında S.Vurğunun əlinin istisinin duyulduğunu, onları pərvazlandıranın, ərsəyə çatdıranın" Səməd Vurğun olduğunu, gənc şairlərin onu özlərinə "mənəvi ata" hesab etdiklərini diqqətə çatdırır. Hər biri böyük istedad sahibi və poeziyamızın aparıcı qüvvələri olan bu sənətkarların səmimi etirafları Səməd Vurğunun milli ədəbiyyatımızın inkişafına öz zəngin yaradıcılığı ilə yanaşı, həm də yaratdığı əzəmətli ədəbi məktəblə xidmət etməsinin təsdiqidir.

Ədəbiyyata bir qədər sonra gələn şairlərimiz də S.Vurğun yaradıcılığı və şəxsiyyətinə ehtiramla yanaşmış, onun yaradıcılığını yüksək dəyərləndirmişlər. Belə ki, çox istedadlı şairlərimizdən Ramiz Rövşən "Komsomol poeması"nı Füzulinin "Leyli və Məcnun"undan sonra yazılı ədəbiyyatımızda ən gözəl sevgi poeması", Zəlimxan Yaqub şairi "Azərbaycan xalqı və ədəbiyyatının başucalığı, dilimizin memarı" adlandırmış, Vaqif Bayatlı isə "Bir dəfə "Azərbaycan" demək -Azərbaycan, iki dəfə "Azərbaycan" demək isə - Səməd Vurğun deməkdir"- kimi obrazlı ifadəsi ilə ustad şairi Ana Vətənlə eyni zirvədə görmüşdür...

Müqayisə üçün xatırladaq ki, S.Vurğun haqqında ilk irihəcmli məqaləni Mir Cəlal Paşayev yazıb. "Özünü yenidənqurma yollarında" adlı o məqalə sovet dövründə şairin yaradıcılığı ilə bağlı aparılan əksər tədqiqatların təməlində dayanmış, ondan, demək olar ki, bütün vurğunşünaslar bu və ya digər şəkildə bəhrələnmişlər. Yaşar müəllimin isə adını çəkdiyimiz məqaləsi, mübaliğəsiz deyirik ki, vurğunşünaslığın müstəqillik dövrünə binagüzarlıq etmişdir. Üstəlik, bu məqalə S.Vurğuna qarşı son illər irəli sürülən ittihamlara da tutarlı cavablar verir.

Yeri gəlmişkən, bir məqama da diqqət yönəldək: əslində müxtəlif alimlərin eyni mövzulara, hadisə və predmetlərə (xüsusilə də, bir əsr ardıcıl tədqiq olunan S.Vurğun kimi ustad şairin mətnlərinə) münasibətlərində oxşarlıqların olması anlaşılandır. Belə bənzərliklər, təbii ki, Y.Qarayevin də dəyərləndirmələrində var. Amma, onun özünəməxsus üslubu və ifadə tərzi heç kimin dediklərinə bənzəmir.

S.Vurğunun "şeirimizin milli timsalı" olduğu Y.Qarayevin bu məqaləsinə qədər də, yəni, sovet dövründə də deyilmişdi. Və təkcə Azərbaycan ədəbiyyatşünasları yox, qeyri millətlərin nümayəndələri də onu bu statusda tanıyırdı. Onu "Azərbaycan xalqının milli pasportu", "milli ədəbiyyata sevgi oyadan ilk Qafqaz şairi" və s. adlandırırdılar. S.Vurğunu "təbiətimizin milli timsalı" isə ilk dəfə Y.Qarayev adlandırmış və üstəlik, orijinal bir təklif də irəli sürmüşdü: "Vurğun ilhamının ən uca orbiti poeziyanın səması idi: o hələ "Muğan" poeması ilə özündən sonrakı poetik perspektivin ... ilk özül daşlarını qoyur. Elmi-texniki inqilabın təbiət əleyhinə çevrilən nəticələrinə qarşı poeziyanın böyük üsyanını elan edir. XX yüzilin təbiəti müdafiə salnaməsinin ilk səhifəsinə məhz Səməd Vurğunun "Muğan" poemasındakı ceyranın emblemini həkk etmək lazımdır".

Deyilənlər Yaşar müəllimin adını çəkdiyi "Muğan" poemasından "qara gözləri dillərə düşən" ceyranı gözlərimiz önündə canlandırmaqla yanaşı, bu misraları da yada salır:

 

Kür qırağı, Qarayazı, göy çəmən,

Qoşa palıd, tüstülənən od-ocaq.

Saç ağardı, unutmadım sizi mən,

Hansı şair sizi bir də yazacaq?

 

Y.Qarayev S.Vurğunun sənətdə böyüklüyünə körpünü, maraqlıdır ki, zahiri əzəmətindən, ucalığından salır. Bildirir ki, "Səməd Vurğun həmişə tribunaya da qartal kimi sinə gərərdi və bu tribuna nə qədər uca olsaydı, Vurğun ona o qədər yaraşardı".

S.Vurğunun tamlığa, sonsuzluğa, yalnız ömür adlı zamanda yox, həm də "Azərbaycan" adlı məkanda, Vətəndə nail olduğunu vurğulayan Y.Qarayev yazır: "Ən mükəmməl "Azərbaycannamə" 40-60-cı illər şeirində hamıdan çox Vurğunun poeziyasıdır. Könül və can kimi Vurğun və Azərbaycan da bu şeirdə bir yerdədir: "Azərbaycanı o, şeirdə yenidən yaradır. Milli himn şəklində, "Muğan" şəklində, "Bakının dastanı", "Aslan qayası" şəklində, hətta "Lökbatan" şəklində! Muğanın, Bakının, Lökbatanın ikinci dastanı bu tamlıqda, möhtəşəmlikdə daha heç kəsdə yoxdur.

Digər tərəfdən, Azərbaycanın şeir dilini Vurğun yenidən yaradır. Bu tamlıqda, duruluqda, saflıq və gözəllikdə Azərbaycan türk şeir dili o illər hamıdan çox Vurğuna xas idi".

Y.Qarayev Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdə ən mükəmməl salnaməsini də o illərdə yenə hamıdan mükəmməl, məhz Səməd Vurğunun yaratdığını deyir; Zərdüştün, Hörmüzün, Şirinin, Fərhadın, Vaqifin, Söhbətin, Şahbazın obrazlarının səhnədən bizim tarixə, məhz, Vurğunun dili və sözü ilə daxil olduğunu xatırladır.

S.Vurğunun poeziyası və bioqrafiyasını "xalqın tarixinin və taleyinin ifadəsi" adlandıran Y.Qarayev şairin müsibətlər içində keçən gəncliyinin qanlı keçmişindən ayrılan və yenidən doğulan ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə düşdüyünü də diqqətə çatdırır. Yeni epoxanın ictimai-siyasi həyatda aprel çevrilişi ilə, çağdaş milli poeziyada isə Səməd Vurğun və onun təmsil olunduğu ədəbi nəsillə başladığını, şəxsiyyəti və yaradıcılığına məxsus bədii və inqilabi miqyasların şairin, bütünlükdə milli poeziyanın da bioqrafiyasında tarixi yerini və xidmətini müəyyənləşdirdiyini diqqətə çatdırır, əlavə edir ki, "Nizaminin və Xaqaninin, Nəsiminin və Füzulinin, Vaqifin və Sabirin böyük varisi və xələfi rolunda indi o tayda Şəhriyar, bu tayda Vurğun çıxış edirdi" .

Azərbaycan xalqının milli-ictimai düşüncəsinin, əxlaq və mənəviyyatının, bədii təfəkkür və intellekt ənənəsinin XX yüzilin ortalarında öz təkrarsız əksini bu bədii-tarixi fenomendə - Səməd Vurğun poeziyasında tapdığını qeyd edən Y.Qarayev dediklərinə bunları da əlavə edir: "Qanadlı və romantik bir vətəndaşlıq amalına, bədii-estetik və fəlsəfi ideala xidmətdə miqyaslı qlobal meyarlar və hüdudlar onu yalnız böyük sələfləri ilə yox, həm də böyük müasirləri ilə müqayisə edəndə görünür" .

O dövrün böyük romantik ənənəsinin hamıdan çox S.Vurğunun adı ilə bağlı olduğunu vurğulayan Y.Qarayev deyir ki, "Füzulidən və Hafizdən, Bayrondan və Puşkindən, Əbdülhəqq Hamiddən və Namiq Kamaldan, Məhəmməd Hadidən və Hüseyn Caviddən sonra romantik poeziyada ən böyük yeri Səməd Vurğun tuturdu. Poetik ərşə və zirvəyə yüksəltdiyi Vaqiflə, Fərhadla, Şahbazla birlikdə o da romantik ucalıq və zirvəyə yüksəlirdi" .

Şairin "Şair, nə tez qocaldın sən?!", "Gödəkçə", "Unudulmuş tək məzar", "Mən tələsmirəm" kimi fəlsəfi şeirlərini bədii dildə və üslubda "katarzis"in qabarıq nümunəsi hesab edən müəllif "Zamanın bayraqdarı"nda da bizimlə danışanın poeziyanın bayraqdarı - Vurğunun özü olduğunu vurğulayır. Bu poemanı "dövrün ədəbi zirvələrindən birini təşkil edən şeir incisi, peşəkar sənət hadisəsi" hesab edir, sənətin isə ideologiyadan həmişə yüksəkdə dayandığını diqqətə çatdırır.

Yaşar müəllim şairin digər siyasi mündəricəli əsərləri ilə də bağlı maraqlı mülahizələr irəli sürür. S.Vurğuna məxsus istedadın, poetik təfəkkürün əsl miqyası və möhtəşəmliyinin məşhur "Dünya" və "Yadıma düşdü" rədifli qoşmalarda deyil, məhz "Zamanın bayraqdarı", "Komsomol poeması", "İstiqbal təranəsi" tipli böyük bədii strukturlarda axıra qədər gerçəkləşdiyini və sonacan əyani göründüyünü diqqətə çatdıran Y.Qarayev deyir ki, "Həmin əsərləri Zamanın tozlu arxivinə verməyə tələsmək lazım deyil. Əksinə, zamanın, günün tozundan yaranan pərdəni, empirik, hərfi qatı onlardakı sözlərin və sətirlərin üstündən silmək, daxildən, içdən gələn saflığı özünün təmizlədiyi "təzə" mətni yenidən oxumaq lazımdır. Bu gün əcdad Nizamini, Füzulini hakim rəsmi etiketdən təmizləyərək oxuduğumuz kimi!"

Müəllif fikrinin davamında şairi sovet ideologiyasına xidmət etməkdə qınayanlara bir daha cavab verir: "O (S.Vurğun - A.S), yer kürəsinə sığmırdı, "sovet ideologiyasına" necə sığa bilərdi? Sonsuzluğa, intəhasızlığa sığmırdı, "bolşevik sxolastikaya" necə sığa bilərdi?

Şair cahana sığmayan ruhunu, sərhədsiz düşüncəsini sıxdığı üçün zamana üsyan edir, faniliyi və müstəqilliyi üçün vaxtın (!) özünü qınayır:

 

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi ötməsin vaxt üstümüzdən!"

 

Azərbaycanda ilk sovet poeziya məktəbini Səməd Vurğunun yaratdığının təsadüfi olmadığını xatırladan Y.Qarayev Səməd Vurğunu böyük şair və böyük poeziya təcəssümü adlandırır, əlavə edir ki, "Müasirləri üçün "Vurğun" anlayışı poeziyadan da geniş idi. Vurğunla şeir arasında təmas qarşılıqlı, ikitərəfli idi: bu təmasdan hər şey poeziyanın, poeziya isə Səməd Vurğunun səviyyəsinə qalxırdı! Vurğunun poeziyası həyat, şəxsiyyət və şeiriyyət adlı üç dünyadan ibarət idi.

XX yüzilin və planetin qayğıları bu üç dünyaya sığışırdı. Vurğun ilhamının poetik məcrası, onun sənətkar marağının bədii əhatə dairəsi ən geniş fəlsəfi miqyasları, coğrafi üfüqləri birləşdirirdi" .

S.Vurğunun, ilk növbədə, Azərbaycan xalqının öz milli qəhrəmanlıq keçmişinin və ağrılı, dramatik bu günün nəğməkarı olduğunu vurğulayan müəllif yazır: "Hər şeirində Vurğun - eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və tarix adlı üç məkanda yaşayan filosofdur. Onu bu və ya digər məhdud zamanın konyuktur, ibtidai, merkantilist süzgəcinə salıb, ona orada qiymət vermək ən böyük məhdudluq olardı. Sözlərin, sətirlərin adi mənası bu obrazın ancaq görünən qatı, səthi və zahiri tərəfidir" .

Y.Qarayevin Gəray bəy haqqındakı fikirləri də orijinaldır: "Sovet dövrü ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan - kübar (mülkədar) obrazının ilk tutumlu nümunəsi sayılan Cahandar ağanın da (İsmayıl Şıxlı, "Dəli Kür") daha qədim, ilkin Cahandar mənşəyini Səməd Vurğunda tapmaq olar. Poemada ("Komsomol poeması") romantik Cəlal şərəfsiz və qəddar Kəbleyinin qurşun yağmuruna hədəf olur, amma Gəray bəyin özünü Səməd Vurğun "Komsomol qurşunu" ilə öldürmür: onu Humayın teyfi Kürdə qərq edir. Bu, Gəray bəyin, hətta ölümünə şairin rəğbətinin ifadəsi idi" .

Yaşar müəllimin S.Vurğunun romantikası haqqındakı fikirləri də "unudulmuş gerçəyi" əks etdirir: "O, poeziyanı romantikaya ehtirasla çağırırdı, həmişə romantikadan romantik bir heyranlıqla danışardı. Vurğun poeziyasının qartal qanadı romantika idi. Məhz bu romantika xalqın xəyalına qanad oldu, şairin özünü xalqın nəzərində romantik bir yüksəkliyə qaldırdı. Bu, Səməd Vurğun sənətindəki əzəmətin, ondakı romantik vüsətin təsdiqi idi".

Romantikanı xalq ruhu ilə bağlı olan milli lirikamızın, klassik Şərq şeirinin ən davamlı ənənələrindən sayan və S.Vurğunun sovet yazıçılarının II qurultayının kürsüsündən sovet poeziyasını romantik vüsətə səslərkən, həm də klassik şeirin bir neçə əsrlik tarixindən ibarət daha böyük bir ənənəyə istinad etdiyini xatırladan Y.Qarayev böyük romantik keçmişə malik Şərq ədəbi-bədii fikrini təmsil edən bir şairin (S.Vurğunun - A.S.) romantikanın böyük təəssübkeşi kimi çıxış etməsini qanunauyğun hesab edir. Yazır ki, "Vurğunun romantikaya çağırışlarının arxasında həm də onun öz şəxsi bədii təcrübəsi, fərdi yaradıcılıq qənaətləri dururdu. Romantika haqqında Vurğun konsepsiyası Vurğunun romantik poeziyası zəminində yaranan estetik manifest və nəzəri təlim idi".

H.Cavid romantizmi ilə S.Vurğun romantikası arasındakı varis-irs əlaqələrinin nədən ibarət olduğuna Y.Qarayev aydınlıq gətirir: "Real fakt kimi baş verən yaradıcılıq hadisəsi, estetik proses əslində budur ki, Cavidin metodu romantizmi dəyişir, romantikası isə qalır (əlbəttə, yeni keyfiyyət kəsb edərək). İctimai gerçəkliyə çevrilmiş romantikanı ictimai gerçəkliyin öz romantikası əvəz edir. Romantik və dramatik poeziyanın böyük təəssübkeşi S.Vurğun, məhz bu mənada H.Cavidi davam və inkişaf etdirir: sosialist realizmi daxilində romantik üslubi təmayülün davamı və inkişafı şəklində...

Yaşar müəllimin bu qənaəti də ədəbi-tarixi faktlara söykənir. S.Vurğun, məlum olduğu kimi, yaradıcılığının ilk dövrlərində Türkiyə şairləri - T.Fikrət, N.Kamal, Ə.Hamid, N.Hikmət kimi görkəmli dramaturq Hüseyn Cavidin əsərlərindən də təsirlənmiş və "Sızıltılarım" adlı şeirini "Möhtərəm və əziz Hüseyn Cavidə" qeydi ilə onun "Sağalmaz" şeirinə müraciətlə qələmə almışdır. Bu, gənc şairin ilk ithafı idi. Adıçəkilən şeirlər, təkcə mövzu deyil, forma və məzmun baxımından da sanki eyni əsərin parçaları, misraları təsirini bağışlayır. Üstəlik, onlarda məhəbbət mövzusu yer alsa da, bütün bəndlər və misralar heç də sevgidən danışmır: hər iki "mən"in, "şanlı və qanlı dünya"dan, insanlardan uzaqlaşıb, qaranlıq bir küncə çəkilmək istəyi onların dövrdən narazılığından, "sağalmaz xəstəliy"ə düçar olmalarından xəbər verir. "Qaranlıq bir küncə çəkilmək" məcburiyyəti assosiativ olaraq S.Vurğunun 1944-cü ildə qələmə aldığı "Şair, nə tez qocaldın sən?!" şeirinin ilk variantındakı "insanlardan uzaqlaşmaq" podtekstini də yada salır ("İnsanlardan uzaqlaşdım; Səda gəldi yerlə göydən; Şair, nə tez qocaldın sən?!") və onun ağrılı günlərinin 1940-cı illərdə də davam etdiyindən xəbər verir.

Əslində təsadüfi olmayan bu təsirlənmə faktı gənc Səmədin H.Cavidin "Sağalmaz" şeiri ilə yanaşı, ümumilikdə yaradıcılığı, eləcə də onun türkçülük ideologiyasını təbliğ və tərənnüm etdiyi "Qoca bir türkün vəsiyyəti" şeiri ilə yaxından tanış olduğu inamını da yaradır. Həmin şeirdə H.Cavid deyirdi:

 

Bir millətin tarixidir - kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əskik olmasın.

"Altay" dağı, "Maham" çölü, həm də "Yasın" ovası

Birər aydın səhifədir, hər türk gərək anlasın.

 

Deyilənləri anlayan və "gənc türklər"dən olduğunu təsdiqə çalışan S.Vurğun da "Sızıltılarım" (Möhtərəm və əziz Hüseyn Cavidə) şeirindən az sonra (1927), sanki vəsiyyətə əməl edib, Altaylara - türkün ulu yurduna üz tutur:

 

Bir qəlb ki çalxanar, hər zaman coşar,

Tufanlar keçirən dəryaya bənzər.

Qafqazda çırpınar, Altaya qoşar,

Dağlardan atılan bir yaya bənzər.

 

Doğrudan da, burada böyük türk elləri, Turan dünyası yada düşür: "Şairin qəlb çırpıntıları məhdudiyyətə sığışmır, geniş aləmə çıxmaq istəyir və bu arzu ilə coşur. Lakin onun yolları sərhədlərlə kəsilmiş, böyük türk dünyası para-para olmuşdu. Bu halda şair insan ömrünü xəyala bənzədir, yəni heç hesab edir"...

Bütün bunlar "Cavid romantizmi ilə Vurğun romantikası arasında varis-irs əlaqələri"nin tarixinin elə gənc Səmədin yaradıcılığa başladığı illərdən formalaşdığını və onun ədəbiyyata romantik şair kimi gəlmək istəyindən xəbər verir...

Deyilənlər tənqidimizin filosofu Yaşar Qarayevin vurğunşünaslığın inkişafında əvəzsiz rol oynadığını təsdiq etməklə yanaşı, onun özündən də orijinal bir vurğunşünas kimi söz açmağa imkan verir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!