Yer üzünün Göy üzü - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Müstəqillik dövrü Azərbaycan poeziyasının polifoniyasında bir şairin səsi özünəməxsus ideya-məzmun və poetik forma axtarışları ilə müstəqillikdən əvvəldən də eşidilir ki, bu, Nazim Əhmədlidir.

Nazim Əhmədlinin "Bir ömür sevgi"si - ilk kitabı işıq üzü görəndə (1990) artıq Azərbaycan ədəbi ictimaiyyəti onu şair kimi yaxşı tanıyırdı, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmiş, şeirləri respublika mətbuatında 80-ci illərin əvvəllərindən müntəzəm yayınlanmışdı. Və Yazıçılar İttifaqında çalışması da ona bir ədəbiyyat adamı kimi, o vaxtlar üçün təbii olan əlavə nüfuz gətirirdi.

 

İlk kitabına gənc şairin 70-ci, 80-ci illərdə yazdığı şeirlər daxildir, o şeirlər ki, poeziyaya hansı poetik ovqat, etnoqrafik təəssüratlar və dil-üslub axtarışları ilə gəldiyi, az qala, hər misrasında özünü göstərir. Zahirən təəccüblü görünür ki, estetik dünyası dağlar qoynunda təşəkkül tapsa da, dəniz mənzərələrinin gözəlliyini eyni həssaslıqla duyur:

 

Bu dəniz qağayı qanadı altda,

qağayı nəğməsi enib sulara;

istəyim bu səhər dönüb sulara,

dəniz də xoşbəxtdir,

mən də bu səhər.

 

Ancaq Nazim Əhmədlinin poeziyasının əsasında elə ilk yaradıcılıq təcrübələrindən başlayaraq ata-ana, ev-ailə, vətən-torpaq cazibəsi var, bir də, nə qədər paradoksal olsa da, həmin cazibədən qopub harayasa getmək həvəsi... Harmoniya yaradan üçüncü bir motivdən də söhbət gedə bilər: keçmiş ənənələr üzərində qurulmuş yeni ailənin qayğıları, məsuliyyəti, nəslin davamı...

 

Həmin an -

xoşbəxt bir işıq gəlirdi

balalarımın üzündən.

 

Mən

onların üzündəki

işığı yazmaq istəyirdim.

 

Nə qədər nikbinlik iddiasında olsa da, gənc şairin şeirlərinə elə o vaxtlardan ağır bir payız nisgili çökmüşdü.

Nazim Əhmədlinin ikinci şeirlər kitabı - "Ruhum da sənin olacaq" birincisindən on iki il sonra (2002) nəşr olundu. Buraya ilk kitabdan bəzi şeirlər daxil edilsə də, o, bütövlükdə, şairin yaradıcılığının ikinci mərhələsini əks etdirir. İkinci mərhələnin əsas əlaməti müraciət olunan mövzuların daha diferensial, daha aydın cizgilərlə seçilməsidir. Hər şeydən əvvəl ona görə ki, Nazim Əhmədli artıq həyatın ona təqdim elədiyi rəngarəng mənzərələrin, epizodların sadəcə istedadlı, ilhamlı təsvirçisi deyil; indi onu varlığın gözlə görünməyən, daha metaforik, hətta daha mistik tərəfləri duyğulandırır:

 

Xırdaca bir yağış yağır,

bu gecə bir uzun nağıl,

uzaq bir dərdini çağır,

qoşulum dərdinə gəlim;

...əlimdən aldılar yurdu,

qəfəsə saldılar yurdu,

qəlbində yurd-yuva qurdum,

izn ver, yurduma gəlim.

 

Şair anlamağa başlayır ki, bu dünyanın - yer üzünün adamı deyil. Və elə ilk şeirlərindən harayasa getməyə can atan ruhu yenidən "bədəndə oynayır":

 

...ötən dərdin bir anıyam,

xatirələr dumanıyam,

göy üzünün adamıyam,

göy özünə çəkir məni.

 

Kitabın "Göylərin içindən gəldim" bölməsi Nazim Əhmədlinin yaradıcılığında yeni bir ifadə-üslub tendensiyasının başlanğıcıdır. Neosufizm adlandıra biləcəyimiz bu tendensiya - cərəyan Azərbaycan, ümumən türk aşıq poeziyasının ideya-estetik əsasında dayanmış xalq sufizminin yenidən təzahürüdür:

 

Lap ucadan uca Göylüm,

Allahım, Sənə gəlirəm,

boynumda günah kəndiri,

sonda önünə gəlirəm;

 

...dəmim bir yana aranıb,

qəmim bir yana daranıb,

min kərə ölüb yaranıb

doğulub yenə gəlirəm.

 

Şairin neosufizm istəyinin məhsuludur ki, müasir texnoloji anlayışlarda orta əsrlərin metafizik məntiqini canlandırır:

 

Üz tutdun hara, bilmədim,

suları yara bilmədin,

buzunu qıra bilmədin

gedib-gedib dönən gəmi;

 

Bu dərya dərin görünür,

uzaqdan dorun görünür,

buxtada yerin görünür,

xəyalım göndərən gəmi.

 

Görkəmli yazıçı-ədəbiyyatşünas Orxan Araz yazır:

"Müasir həyatın iztirabları, doğulduğu yerlərin həsrəti, ətrafdakı insanların vəfasızlıqları onu dünyadan soyutmaqda və bəzən bir uşaq kimi ulduzları əllərilə qoparıb yerlərə atmağa sövq etməkdədir... Nazim Əhmədli sıx-sıx dünyanın sıxıcılığından, dərdlərindən, pisliklərin basqısından qurtarmaq üçün göylərdə qeyb olub getməyi arzulamaqdadır".

Onun dərin inamına görə, "şair Nazim Əhmədlinin şeirini coşduran varlıqlara duyulan eşq onu getdikcə güclənən mistik ruh halına aparmaqdadır. Eynilə bir dərviş kimi təbiətdəki hər hərəkət onda çox fərqli duyğular oyandırmaqdadır".

Nazim Əhmədlinin xəyalları yaradıcılığının ikinci mərhələsində öz üfüqlərini genişləndirir. Güman etmək olardı ki, bu ideya-məzmun genişliyi onu poeziyanın daha böyük forma-janr miqyaslarına çıxaracaq. Ancaq şair həmin genişliyi lirikanın bir damlalıq həcminə sığışdırmağın yeni nümunələrini yaratmağa üstünlük verir:

 

Göndərib bu Yer üzünə,

neynirdin axır məni?

Günahlar sözbir eləyib

təklədilər fağır məni;

 

...bir-birinin qəsdindədi,

Allah, bəşər pis gündədi,

Yer üzü can üstündədi,

Göy üzünə çağır məni.

 

Şair əlinə qələm alandan inanır ki, bu Yer üzünün bir Göy üzü də var ki, çox təmiz, çox pak, çox müqəddəsdir.

Nazim Əhmədlinin şeirlərində söz formal poetik təzahürlər - fonetika ilə sintaksis arasında, əgər belə demək mümkünsə, beşikdəki körpə kimi yırğalanır, ideya-məzmun, forma-səsin zəngin çalarları olan harmoniyası ilə axıb gəlir, elə bir bədii ifadəsini təsəvvür etmək olmur ki, frazeoloji-üslubi energetikadan məhrum olsun. Ara-sıra yol verdiyi ifadə-obrazların təkrarına gəldikdə isə, onlar da kiminsə yox, özünün özünü təkrarıdır.

Və təsadüfi deyil ki, şairin istedadını müasir poeziyamızın dühası, xalq şairi Nəriman Həsənzadə, böyük söz ustaları Vaqif Bəhmənli, Rəşad Məcid və mərhum söz sərrafı, peşəkar ədəbiyyat nəzəriyyəçisi Şirindil Alışanlı etiraf etmişlər.

Kitabdakı son şeir dua kimi səslənir:

 

...yaz gəlsin, yaşıla dönüm,

göylərin quşuna dönüm,

 dağların başına dönüm,

dumana bələnim, gedim.

 

Başlanıb köçümün yolu,

Ağdamın, Xaçının yolu,

açılsın Laçının yolu,

əhdim var, dilənim gedim;

 

Ah çəkdi, ləlidi şair,

dağlarsız ölüdü şair,

desinlər dəlidi şair,

bir səhər çöllənim gedim.

 

Ədəbiyyata hər nə qədər xalq şeiri üslubunda yazdığı əsərlərlə gəlsə də, Nazim Əhmədlinin növbəti kitabı klassik şeir üslubunun ən səciyyəvi janrı olan qəzəllərdən ibarətdir. "Əfv eylə məni" adlandırdığı bu kitaba (2004) "Qəzəldir səfabəxşi-əhli-nəzər" adlı Ön söz yazmış mərhum dostumuz, professor Nizaməddin Şəmsizadə deyir:

"Nə qədər ki eşq var, aşiq var, hicran da, qəm də var, dünyada eşqin qəmindən şirin həzz yoxdur. Ümumiyyətlə, insana ən doğma, ən məhrəm hiss qəmdir. Qəm dünyanı duyan, dərk edən insanlara xas olan duyğudur. Nazim də qəzəllərində bu duyğunu tərənnüm edir".

Qəzəllərində şair özünü həm qəmi, həm də eşqi ilə məhz Allah dərgahında görmək istəyir:

 

Məni tənha buraxın, Nazimi Əhmədli olum,

Bölüşüm dərdlərimi təkcə bir Allahım ilə.

 

Çünki Nazim Əhmədli əmindir ki, nə Züleyxaya, nə Şirinə, nə də Leyliyə etibar yoxdur:

 

Məcnun öz Leylisinin vəslinə can atdı, fəqət

Leyli öz Məcnununu çəkdi biyabana tərəf.

 

Odur ki, deyir:

 

Məni aşiq eləyən Tanrıya ömrüm fədadı,

Çəkəcəkdir bu məhəbbət məni imana tərəf.

 

Nazim Əhmədli bu dünyayə dönərsə təzədən,

Yenə də üz tutacaq qadiri-sübhanə tərəf.

 

Ədəbi şəxsiyyəti üçün bu da son dərəcə səciyyəvidir, şair qoşmada olduğu kimi, qəzəldə də taleyinin ona doğmalaşdırdığı mövzunu - düşmən işğalına məruz qalmış yurdunun dərdini unutmur:

 

Dağı dağdan yıxılan, xanəsi bərduş Laçınım,

Talanıb el-obası, yurd-yuvası xar olanım.

 

Ulu əcdadlarımın məskəni qoynundu sənin,

Şəhid olmuşlarımın mədfəni dağlar olanım.

 

Bir məzarlıq yer ayır, Nazimi Əhmədli üçün,

De ki, var daş qəfəs içrə belə, bimar olanım.

 

Şair bunu da deməkdən çəkinmir:

 

Ərbabi-qələmdir ki, bu Nazim sənə müştaq,

Öylə var eyləmisən, eşqi-nəğməkarın olub.

 

Əlbəttə, Nazim Əhmədli, yaradıcılığının təbiəti etibarilə bir qəzəl şairi deyil, ancaq hər bir Şərq şairi üçün qələmini qəzəldə də sınaması dərin tarixi kökləri olan mənəvi istəkdir. Və bu istək o zaman özünü doğruldur ki, həmin janrı heç olmasa, bir-iki kəlmə dilləndirə bilsin.

Qəzəllər kitabı ilə eyni ildə Nazim Əhmədlinin "Sevgi Allahı" adlı qoşmalar kitabı (2004) dünyaya gəldi. Görkəmli tənqidçi-ədəbiyyatşünas Qurban Bayramovun ona yazdığı Ön söz, tamamilə haqlı olaraq, kitabdan daha çox, ümumən müəllif - "Yer üzünün dərdindən keçən göy üzünün şairi" haqqındadır... Qurban Bayramov ilk dəfə olaraq Nazim Əhmədlinin poetikasını lazımi dərinlik və genişlikdə tədqiq edərək, bu özünəməxsus yaradıcılıq hadisəsi barədə obyektiv fikir söyləmişdir:

"Onun yaradıcılığında ənənəvi şeirin, xüsusən, gəraylıların sivil, müasir məzmunu, obrazları ardıcıl, arasıkəsilməz, ritmik döyüntüyə çevrilir. Onun şeirlərində ənənəvi şeirin parametrlərində yeni poetik düşüncə tərzi, fikrin obrazlı dönüşləri, astanaları reallıqdan qeyri-reallığa və geriyə dönüş, ruhun sözdə, mənada, ritmdə əksi, qlobal obraza, təşbehə meyil... aşkar üslub məqamı kimi görsənir".

Nazim Əhmədli yaradıcılığının xarakteri etibarilə şair olsa da (görünür, ona verilmiş "Nazim" adının da burada psixoloji-mistik təsiri az deyil) gənc yaşlarından hekayələr, bədii-etnoqrafik oçerklər, publisistik yazılar qələmə almışdır. Bunlar "Mənim generalım" (2002), "Mollaəhmədli və mollaəhmədlilər" (2007), "Qız təbəssümü" kitablarında toplanmışdır.

Nazim Əhmədli 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmişdir ki, bu onun yaradıcılığına təsirsiz qala bilməzdi... "Bu kəndin yiyəsi hanı?", "Vətən kiçilə-kiçilə", "Dağlara sarı", "Müharibə", "Son döyüş", "Xocalı" və s. şeirlər "göy üzünün adamı"nın diqqətini yer üzünün dərdlərinə, ağrılarına, ölüm-itiminə cəlb edir. Ancaq bütün sufilər kimi, bizim neosufist də reallığın "vulqar" şıltaqlıqlarına dözə bilmir:

 

...nə kövşənim, örüşüm var,

nə əyişim-üyüşüm var;

axı, burda nə işin var?!

mən çox uzağın adamı...

 

Nazim Əhmədlinin yaradıcılığının üçüncü mərhələsi birinci və ikinci mərhələlərdən bir neçə baxımdan təcrid olunmayıb ki, onlardan ən əsası ailə-nəsil, ömür-tale, gün-güzəran motivləridir; şair bütün bunlara yaradıcılığının hər bir mərhələsində çox böyük məsuliyyətlə yanaşır. Ata, ana, həyat yoldaşı, övlad, qohum-əqrəba Nazim Əhmədli üçün onun bioqrafiyasının ayrılmaz tərkib hissəsidir. Bioqrafiya isə şair üçün təbiətdən - yazdan, qışdan, dağdan, dərədən, çaydan, göldən başlayır:

 

Mən yazda yaşıldan gələn

bir kür naxışın balası;

yarpağın, otun, çiçəyin,

qarın, yağışın balası;

 

Onun avtobioqrafiya şeirlərində qəribə bir kədər var: bu kədərin həyatdan, yoxsa ədəbiyyatdan gəldiyini ayırd eləmək asan deyil. Ancaq bir məsələ tamamilə aydındır ki, bu kədər müdrik, insanı mənən-ruhən yüksəldən, əgər belə demək mümkünsə, ideya-estetik dəyəri olan kədərdir:

 

mən özüm özümü yazsam,

bir ağrılı nağıl çıxar;

başını söykə sinəmə,

ürəyimi çağır, çıxar;

 

könlüm sınır darıxmaqdan,

buludam, bezdim yağmaqdan;

uzaq yollara baxmaqdan

gözlərimin ağı çıxar;

 

Şairin şeirləri ayrıca kitablar halında Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Almaniya, Gürcüstan və başqa ölkələrdə yayınlanmışdır.

Nazim Əhmədlinin illərlə həsrətini çəkdiyi dağlar, çaylar, bulaqlar artıq düşmən əsirliyindən xilas olub, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... qaçqın-köçkünləri öz doğma yurdlarına qayıdırlar. Şair yeni şeirlərini yazır... Və mən heç şübhə etmirəm ki, illər keçəcək, biz Nazim Əhmədli yaradıcılığının yeni mərhələsindən söhbət açmağa ehtiyac duyacağıq. Hər şeydən əvvəl ona görə ki, şairimiz bu dünyanın nə sevincinə, nə kədərinə; nə ləzzətinə, nə ağrı-acısına; nə yazına, nə qışına biganə deyil...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!