İdrakın Azad Mirzəcanzadə ucalığından görünən Yaşar Qarayev - Sərxan XAVƏRİ

 

1. Şərh.

2000-ci ilin ortalarında təsadüfən kompüterimdə akademik Azad Mirzəcanzadənin professor Yaşar Qarayevin "Tarix: yaxından və uzaqdan" kitabı haqqında rus dilində yazdığı "Böyük xəzinə haqqında" ("O bolğşom vklade") adlı resenziyanın elektron variantı qarşıma çıxdı. Onun bura necə düşdüyünü xatırlaya bilmədim. Həvəslə məqaləni Azərbaycan dilinə tərcümə etdim. Düşündüm ki, bir də orijinalla tutuşdurub, redaktə edib nəşr etdirərəm. Məqaləni unutdum. Aradan illər keçdi. İyirmi ildən sonra, ustadın doxsan illik yubileyini qeyd etdiyimiz bu günlərdə məqalə yenidən yadıma düşdü. Elektron arxivdə axtardım, tərcümənin ilkin variantını tapdım, orijinal isə yağlı əppək olub göyə çəkildi, tapılmadı.

Yazını bir də acgözlüklə oxudum: XX əsr Azərbaycan elmi düşüncəsinin iki nəhəng simalarından, unikal təfəkkür sahiblərindən birinin digəri haqqında olduqca orijinal, yalnız A.Mirzəcanzadə təfəkkürünə məxsus multidissiplinar mülahizələri... Vərdiş etdiyimiz konyuktur, basmaqəlib rəylərdən fərqli, öhdəlik duyğusundan uzaq, kitabın dəyərləndirilməsi kontekstində ciddi elmi-ədəbi, sosial-fəlsəfi problemlər qaldıran qiymətli bir yanaşma... İxtiyarsız olaraq resenziyanı təhlil etməyə başladım. Beləliklə, orta əsrlər ənənəsinə uyğun olaraq (məlum olduğu kimi, orta əsrlər Müsəlman Şərqində çoxsaylı zəncirvari şərhlər silsiləsi olmuşdur) "şərhin şərhinin şərhi" yarandı.

Hesab edirik ki, professor Y.Qarayevin doxsan illik yubileyi ərəfəsində bu resenziyanın (şərhin şərhinin) və bizim resenziya barədə düşüncələrimizin (şərhin şərhinin şərhinin) geniş oxucu kütləsinə təqdim edilməsi, A.Mirzəcanzadənin yanaşmalarının yenidən aktiv elmi-ədəbi və ictimai-fəlsəfi fikir dövriyyəsinə daxil edilməsi faydalı olar.

 

2. Şərhin şərhi.

 

Böyük xəzinə haqqında...

 

Yaşar Qarayevin 1996-cı ildə nəşr olunmuş "Tarix: yaxından və uzaqdan" kitabını böyük məmnunluq və maraq hissi ilə oxudum. Kitabın mənə bəxş etdiyi ilkin təəssüratı dahi alman şairi Fridrix Şillerin misraları ilə ifadə etmək mümkündür. Şillerin Y.B.Zeldoviç tərəfindən ruscaya tərcümə olunmuş həmin misralarını xatırlayaq:

Yalnız bütövlük bizə bütün aydınlığı ilə

Həqiqətin yaşadığı uçurumun dərinliyini göstərir.

Bu misralarda vurğulanan "bütövlük" anlayışı Yaşar Qarayevin kitabında öz əksini tapan geniş və çoxşaxəli yanaşmanı dəyərləndirmək üçün olduqca yerinə düşür. Müəllif milli bədii düşüncədə etnik və tarixi yaddaşın təzahür formalarını bütövlükdə araşdırır və onları müasir elmi-fəlsəfi kontekstlə əlaqələndirir. Nəticədə ortaya həm keçmişə, həm də günümüzə aid hadisə və proseslərin bütöv bir mənzərəsi çıxır.

Yaşar Qarayev əsərində insanlıq tarixi ilə bağlı fəlsəfi paralellərə də müraciət edir. O, xüsusilə, Karl Yaspersin ekzistensial fəlsəfəsində mövcud olan insanla tarix arasındakı qarşılıqlı əlaqə analogiyasına toxunur. Müəllif ədəbiyyatımızda milli və tarixi yaddaş motivlərini incələyərkən, bu motivlərin ekzistensial müstəvidəki əhəmiyyətini ortaya qoyur. Son onilliklərin elm və ədəbiyyat meyillərinə nəzər saldıqda da bu yanaşmanın əhəmiyyətini görürük. Belə ki, canlılar psixologiyası və psixopatologiya sahəsində əldə olunan gözlənilməz empirik kəşflər, Syoren Kerkegor (Kierkegor) kimi mütəfəkkirlərin ekzistensial ideyaları ilə əlaqələndirilərək, müasir roman və dramlarda bütün hadisələrin psixoloji baxımdan izahını ön plana çıxarmışdır. Elm insana artıq yalnız fəlsəfi deyil, həm də sosioloji, psixoloji və antropoloji baxış bucaqlarından yanaşmağa başlamışdır. Bu cür yanaşma, insanın həm fərdi, həm də tarixi varlıq kimi dərk olunmasına gətirib çıxarır.

Yaşar Qarayevin kitabında ifadə olunan fikirlərdə xalqa - ixtisasından, konfessional və ya partiya mənsubiyyətindən asılı olmayaraq sıravi insana dərin bir sevgini hiss etmək mümkündür. Bu humanist baxış müxtəlif ideya istiqamətlərinin bir-biri ilə barışmasına zəmin yaradan amillərdəndir. Məhz bu kontekstdə müəllif Lloyd deMauseun psixogenetik tarix nəzəriyyəsinə diqqət yetirir. DeMause tarixin hərəkətverici qüvvələrini nə iqtisadi, nə də siyasi amillərlə deyil, məhz tarixi "psixogenetik" yanaşma ilə dəyərləndirir. Alimin nəzəriyyəsinə görə insan nə "iqtisadi insan", nə də "siyasi insan" olaraq deyil, məhz "homo relatus" (latınca "ictimai insan") kimi öyrənilməlidir. Yəni insanın cəmiyyətdə ünsiyyətə və məhəbbətə olan tələbatı onun iqtisadi və siyasi davranışından daha fundamental hesab olunmalıdır. Alim insana nə "yaşıl iblis", nə də hakimiyyət "zənciri" kimi yox, məhz ünsiyyət və sevgi təşnəsi kimi baxır. Bu kontekstdə vurğulanan təsirli nəticələrdən biri də budur: "Uşaqlıq yoxdursa, psixoloji tarix də yoxdur!" Yəni cəmiyyətin psixoloji tarixini anlamaq üçün onun yetişməkdə olan yeni nəsillərinin - uşaqların durumunu və tərbiyəsini nəzərə almadan keçinmək mümkünsüzdür.

Olduqca diqqətçəkicidir ki, kitabda bazar iqtisadiyyatının mahiyyəti də əxlaqi-konseptual kontekstdə təhlil olunur. Müəllif Gerar Debreunun məşhur ümumi tarazlıq teoreminə istinad edərək bazar münasibətlərinin avtomatik olaraq hər şeyə möcüzəvi bir çarə ("panaseya" yunan dilindəki Panakeia - "hər şeyi sağaldan" mənasını verir") olmadığını vurğulayır. Y.Qarayev yazır ki, "Özü-özlüyündə bazar iqtisadiyyatı panaseya deyil!" Doğrudan da, Debreu teoreminin işığında baxsaq, bazar iqtisadiyyatı bizi prinsip etibarilə təkcə sabitliyə deyil, əksinə, müəyyən şəraitdə hər cür xaosa da aparıb çıxara bilər. Yəni sərbəst bazar mexanizmləri cəmiyyətdə rifah və sabitlik yarada biləcəyi kimi, düzgün tənzimlənmədikdə və ya sui-istifadə olunduqda ciddi mənəvi və sosial sarsıntılara da yol aça bilər. Bu fikir, bazar iqtisadiyyatına tənqidi-etik yanaşmanın əhəmiyyətini akademik dəqiqliklə xatırladır.

Kitabdakı düşüncələr XX əsrin əvvəlləri ilə sonları arasında da maraqlı paralellər aparması ilə də diqqəti cəlb edir. Tanınmış rus yazıçısı və tarixçisi Edvard Radzinski 1999-cu ildə nəşr olunmuş "Rasputin, sonuncu həqiqət" kitabında Rusiyanın keçdiyi tarixi mərhələləri müqayisə edərək ibrətamiz bir qeyd edir. O yazır ki, "1996-cı ilin Rusiyası inanılmaz dərəcədə 1899-cu ilin Rusiyasına oxşayır. Eynilə hakimiyyətlə cəmiyyət arasında ünsiyyətsizlik, eynilə belə bir ünsiyyət üçün edilən uğursuz cəhdlər. Rasputin vulkan və külək kimi, tamamilə özünəməxsus bir ömür sürürdü. O, bir gün mələk kimi müqəddəs olur, növbəti gün əsl iblisə çevrilirdi".

Bu təsbit tarixi şərait dəyişsə də, cəmiyyətlə hakimiyyət arasında kommunikasiya boşluğunun eyni qalmasını və bir şəxsin (Rasputinin) obrazında ekstremal xarakter xüsusiyyətlərinin təzahürünü vurğulayır.

Yaşar Qarayev isə "Tarix: yaxından və uzaqdan" əsərində bunabənzər bir dialektikaya diqqət çəkir. Müəllif yazır: "Biz yaradanda Allaha, dağıdanda iblisə bənzəyirik. Və hər yeni iblisin yaratdığı xaosdan sonra yenidən Allah işi görməyə ehtiyac yaranır." Bu fikir insan və cəmiyyət həyatındakı quruculuq və dağıdıcılıq qüvvələrinin növbələşməsini çox obrazlı şəkildə ifadə edir. Radzinski ilə Qarayevin yanaşmaları ortaq məxrəcə gəlir: cəmiyyət xaosa sürükləndikdə yenidən qurucu, yaradıcı başlanğıca - sanki "ilahi işə" ehtiyac yaranır. Müəllif bununla sosial-siyasi sistemlərin transformasiyasının riyazi əsaslarına dair bir nəticə də çıxarır: sistem nə qədər zəifdirsə, o, ən pis vəziyyətdən ən yaxşı vəziyyətə bir o qədər tez keçə bilər. Başqa sözlə, dayanıqsız, kövrək sistemlərdə kiçik bir təsir belə, radikal dəyişiklik üçün yetərli olur və o, sıçrayışla tənəzzüldən tərəqqiyə keçə bilər. Bu qənaət, yenidənqurma (perestroyka) mərhələsində müşahidə edilən sürətli dəyişimin də izahı kimi dəyərləndirilə bilər.

Yaşar Qarayevin müəyyən etdiyi bu dialektik yanaşma - yəni cəmiyyətdə xeyirlə şərin, quruculuqla dağıdıcılığın, tərəqqi ilə tənəzzülün bir-birini əvəz etməsi - klassik Azərbaycan ədəbiyyatının bir çox nümunələrində öz əksini tapmışdır. Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Şəhriyar və başqa görkəmli söz ustadlarının əsərlərində ictimai-siyasi həyatın məhz belə antinomik dialektikası təcəssüm olunur. Bu yazıçılar və şairlər yaradıcılıqlarında cəmiyyətin tərəqqi və tənəzzül, ədalət və zülm kimi ziddiyyətli mənzərələrini böyük ustalıqla əks etdirmişlər. Yaşar Qarayevin tədqiqatı da məhz bu ziddiyyətlərin milli bədii düşüncədəki təzahürlərini üzə çıxarmaqla dəyər qazanır. Müəllif sadalanan ədəbi örnəklər əsasında, Azərbaycan ədəbi-estetik fikir tarixindəki ictimai-mənəvi dialektikanı dərindən təhlil etmiş və onu yeni elmi kontekstlərdə şərh etməyə nail olmuşdur.

Kitabda milli istiqlalın və dəyərlərin anlaşılması ilə bağlı səslənən tənqidi fikirlər xüsusilə diqqətəlayiqdir. Müəllifin əsərindən götürülmüş aşağıdakı sitat bu məqamı parlaq şəkildə əks etdirir:

"Suverenliyi və hürriyyəti Novruzəli və Məhəmmədhəsən kimi başa düşənlər də tapıldı: bilmədilər ki, istiqlal bizi nədən azad edir - köləlikdən, yoxsa... əxlaqi dəyərlərdən və mənəvi sərvətlərdən, torpaq və Vətən üçün məsuliyyət və cavabdehlikdən, milli vicdan və borc duyğusundan?.. Bazar münasibətlərini "erməni ilə torpaq, meyit, girov, benzin... alveri", əxlaqla, namusla, şərəflə alış-veriş kimi başa düşənlər tapıldı"...

Bu sətirlərdə müəllif yeni müstəqillik dövründə bəzi insanların istiqlal və azadlıq məfhumlarını yanlış dərk etmələrini kəskin tənqid edir. Belə şəxslər azadlığı sanki hər cür mənəvi öhdəlikdən azad olma, bazar iqtisadiyyatını isə, hətta Vətən torpağının, şəhid meyitinin və milli şərəfin alver predmetinə çevrilməsi kimi yanlış anlamışlar. Qarayev bu tənqidi nümunə vasitəsilə milli istiqlalın əsl mahiyyətini - yəni xalqı köləlikdən, qorxu və ədalətsizlikdən azad etməklə yanaşı, onu daha yüksək mənəvi dəyərlərə, vətəndaş məsuliyyətinə bağlayan bir konsepsiya olduğunu oxucuya çatdırır.

Beləliklə, Yaşar Qarayevin "Tarix: yaxından və uzaqdan" kitabı milli mənəviyyatımızda son dərəcə misilsiz bir elmi-publisistik kəşf olaraq dəyərləndirilə bilər. Müəllifin ədəbiyyat, fəlsəfə, tarix və psixologiyanı vəhdətdə təhlil etməsi, keçmiş ilə bu günü, fərd ilə tarixi, milli təfəkkür ilə bəşəri dəyərləri peşəkarcasına əlaqələndirməsi bu əsərə xüsusi nəzəri dərinlik qazandırır. Kitab elmi-tənqidi baxımdan tədqiqatçılar üçün son dərəcə dəyərli bir mənbədir. Çünki o, ədəbi fikrimizin inkişafını təkcə ədəbiyyatşünaslıq kontekstində deyil, həm də geniş fəlsəfi və sosiopsixoloji müstəvidə izah edir. Bütün bu keyfiyyətlərinə görə Qarayevin sözügedən əsəri təkcə Azərbaycan oxucuları üçün deyil, daha geniş beynəlxalq elmi auditoriya üçün də maraqlıdır. Bu nadir xəzinə rus və digər Avropa dillərinə tərcümə olunmağa tamamilə layiqdir. Çünki burada irəli sürülən fikir və qənaətlər ümumbəşəri elmi-düşüncə müstəvisinə qiymətli töhfə vermək gücündədir.

 

Akademik Azad Mirzəcanzadə

 

 

3. Şərhin şərhinin şərhi.

Göründüyü kimi, akademik A.Mirzəcanzadənin "Böyük xəzinə haqqında..." adlı məqaləsi Y.Qarayevin "Tarix: yaxından və uzaqdan" kitabına verilmiş adi rəy deyil, bu mətn böyük bir alimin başqa bir böyük alimin konseptual düşüncəsinə verdiyi dərin, fəlsəfi və mənəvi qiymətdir. A.Mirzəcanzadə burada yalnız kitabın məzmununu şərh etmir, o, Y.Qarayevin "yaddaş konsepsiyası"nı milli-mədəni özünüdərk sisteminin əsas sütunlarından biri kimi təqdim edir və onu humanitar düşüncənin ümumi inkişaf kontekstində qiymətləndirir.

Məqalənin əvvəlində müəllif kitabdan aldığı ilkin təəssüratı "bütövlük" anlayışı ilə ifadə edir. Bu, təsadüfi deyil. A.Mirzəcanzadə üçün Y.Qarayevin əsərinin əsas üstünlüyü ayrı-ayrı faktların, ədəbi nümunələrin və tarixi hadisələrin mexaniki şəkildə bir yerə yığılması deyil, onların vahid mənəvi-tarixi sistem daxilində dərk edilməsidir. O, həqiqətə aparan yolun məhz bütövlükdən keçdiyini vurğulayaraq göstərir ki, Y.Qarayev yaddaşı epizodik xatırlama kimi yox, milli varlığın sistemli özünüdərk mexanizmi kimi təqdim edir. Məhz bu yanaşma akademikin nəzərində kitabı adi ədəbi-tarixi tədqiqatdan fərqləndirir və onu konseptual səviyyəyə qaldırır.

Məqalədə A.Mirzəcanzadə diqqəti Y.Qarayevin bədii düşüncədə milli və tarixi yaddaşın təzahür formalarına yönəltməsinə çəkir. Burada yaddaş keçmişin sadə rekonstruksiyası deyil. O, milli şüurun formalaşma və yenidənqurma mexanizmidir. Yaddaş vasitəsilə xalq öz mənəvi dayaqlarını, dəyərlər sistemini və tarixi təcrübəsini qoruyur. Akademik göstərir ki, Y.Qarayev yaddaşı statik kateqoriya kimi deyil, dinamik və yaradıcı prinsip kimi təqdim edir. Bu prinsip ədəbiyyatda, ictimai düşüncədə, hətta siyasi davranış modellərində özünü göstərir. Yəni yaddaş yalnız "keçmişdə nə olmuşdu?" sualına cavab vermir, "gələcəkdə nə olacaqdır?", həmçinin "biz kimik və necə olmalıyıq?" suallarına da cavab verir.

Burada A.Mirzəcanzadə Y.Qarayevin konsepsiyasını fəlsəfi kontekstdə də qiymətləndirir. O, insan və tarix arasındakı qarşılıqlı əlaqəni ön plana çəkərək göstərir ki, Y.Qarayevin baxışında tarix insanın xaricində mövcud olan mexaniki proses deyil. Tarix insanın mənəvi təcrübəsinin davamıdır və yaddaş bu əlaqənin əsas vasitəsidir. Bu məqamda akademik Y.Qarayevin düşüncəsini ekzistensial fəlsəfənin kontekstinə daxil edir. Beləliklə, "yaddaş konsepsiyası" milli çərçivəni aşaraq ümumbəşəri humanitar düşüncə ilə səsləşən bir modelə çevrilir. A.Mirzəcanzadə bununla Y.Qarayevin ideyalarını yalnız Azərbaycan ədəbiyyatı miqyasında deyil, geniş elmi-fəlsəfi məkanda dəyərləndirir.

Məqalədə diqqət çəkən digər mühüm xətt, yaddaşın əxlaqi ölçüsüdür. A.Mirzəcanzadə Y.Qarayevin bazar münasibətləri, istiqlal, suverenlik, milli vicdan və torpaq məsuliyyəti kimi anlayışlara yanaşmasını xüsusi vurğulayır. O, göstərir ki, yaddaşın zəiflədiyi və ya təhrif olunduğu mühitdə milli dəyərlər də deformasiyaya uğrayır. İstiqlalın mənası yanlış başa düşülür, azadlıq məsuliyyətsizliklə qarışdırılır, bazar münasibətləri mənəvi ölçüdən ayrılır. Akademikin təqdimatında Y.Qarayevin yaddaş konsepsiyası bu cür deformasiyalara qarşı mənəvi müdafiə mexanizmidir. Yaddaş burada etik kompas rolunu oynayır; o, xalqı öz tarixi təcrübəsinə və dəyərlər sisteminə qaytararaq mənəvi tarazlıq yaradır.

A.Mirzəcanzadə, həmçinin Qarayevin yanaşmasının humanitar elmlərlə sintezini qeyd edir. O, müasir elmin insana sosiologiya, psixologiya və antropologiya prizmasından yanaşdığını vurğulayaraq göstərir ki, Y.Qarayevin konsepsiyası da insanı yalnız ictimai və ya iqtisadi varlıq kimi deyil, mənəvi və psixoloji bütövlük kimi dərk edir. Yaddaş insanın psixoloji qatları ilə, uşaqlıq təcrübəsi ilə, ünsiyyət və sevgi ehtiyacı ilə əlaqələndirilir. Bu isə konsepsiyanı daha da dərinləşdirir və onu təkcə ədəbi-nəzəri model deyil, insanşünaslıq baxımından da əhəmiyyətli edir.

Akademikin məqaləsində Y.Qarayevin ədəbi prosesə baxışı da yüksək qiymətləndirilir. O qeyd edir ki, monoqrafiya diskret etüdlər şəklində yazılsa da, bütöv tarixi-ədəbi mənzərə yarada bilir. Bu fikir əslində A.Mirzəcanzadənin elmi zövqünün göstəricisidir. O, formal parçalanmanın arxasında dayanan daxili sistemliliyi görür və onu xüsusi olaraq vurğulayır. Bu, Y.Qarayevin tədqiqat metodunun mükəmməlliyinə verilən ciddi elmi qiymətdir.

Nəhayət, A.Mirzəcanzadənin kitabı "milli mənəviyyatımızda misilsiz bir kəşf" adlandırması və onun rus və Avropa dillərinə tərcümə olunmağa layiq olduğunu bildirməsi yüksək dəyərləndirmənin zirvəsidir. Bu hökm göstərir ki, akademik Qarayevin "yaddaş konsepsiyası"nı yalnız milli səviyyədə deyil, beynəlxalq elmi-mədəni kontekstdə də əhəmiyyətli hesab edir. Onun fikrincə, bu konsepsiya Azərbaycan humanitar düşüncəsinin nailiyyəti olmaqla yanaşı, ümumbəşəri elmi müzakirələrə daxil edilə biləcək səviyyədədir.

Beləliklə, A.Mirzəcanzadə Y.Qarayevin "yaddaş konsepsiyası"nı milli özünüdərk fəlsəfəsi, mənəvi dəyərlər sistemi və humanitar elmlərin sintezi kimi təqdim edir. O, Qarayevin əsərini yalnız ədəbi-tarixi tədqiqat kimi deyil, xalqın tarixi taleyini və mənəvi gələcəyini anlamağa yönəlmiş böyük konseptual layihə kimi dəyərləndirir. Bu məqalə həm Y.Qarayevin ideyalarına verilən yüksək qiymət, həm də Azərbaycan elmi fikrinin iki böyük nümayəndəsi arasında intellektual dialoqun parlaq nümunəsidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!