Azər TURAN
Avropada belə taleyi yaşayan şairləri lənətlənmiş şairlər adlandırırlar. Amma Hadi lənətlənmiş şairlər zümrəsinə aid deyil. Hadinin qarşısında zəmanənin özü günahkardır. Yeniyetməlik çağlarından öldüyü günə qədər, hətta ölümündən sonra da Hadi əzab çəkir. Qırx illik ömrünün xoş keçən illəri barmaqla sayıla biləcək qədər az olub. Azərbaycan Cümhuriyyətinin ilk məfkurəvi şairi olsa da, bioqrafiyası tam araşdırılmayıb. Bundan sonra da çətin araşdırıla. Harda, hansı səbəblə öldüyü təxminlərə əsaslanır. Mübahisəli qəbri üç dəfə açılıb... Haqqında yazılan xatirələrin əksəriyyətində küçələrdə sərgərdan və sərxoş gəzir. Xatirələrdəki burulğanlardan xilas edilməsinin zamanı isə çoxdan çatıb. Amma bunu necə etmək olar?
Haqqında nə biliriksə, Əbülqasim Əminzadənin xatirələrindən, bir də Seyid Hüseynin 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalında yazdıqlarından ibarətdir. Seyid Hüseyn Hadinin vəfatından üç il sonra qələmə aldığı "Ədəbiyyat tariximizdən" məqaləsini bu sözlərlə başlayır: "Nə zaman və nerədə vəfat etdiyi məlum olmayan Əbdülsəlimzadə Məhəmməd Hadi bir vaxt Azərbaycan ədəbiyyatında mühüm bir mövqe tutmuşdur. Hazırda xalqımız Hadini unutmuş kimidir".
.jpg)
Melanxolik tale müqəddiməsi...
Evin əziz-xələfi olub. İki bibisi balaca Hadini qucaqlarından yerə qoymayıblar. 10 yaşı olanda atasını itirib, anası Hadini və iki bacısını atıb başqa kişiyə ərə gedib. Ata-ana qayğısından məhrum olan üç balaca uşaq nənələri Təyyibənin himayəsinə sığınıblar. Təyyibə də vəfat edib. Üç uşaq pərən düşüb. Hərəsi bir qapıda, onun-bunun ümidinə qalıb. Hadi əmisinə sığınıb. Sonra əmisini itirib. Bundan sonra sevdiyi əmisi qızı Əminəni də anası yeni ailə qurduğu adamın oğluna verib. Hələ üstəlik, əmiqızının nikah mərasimində şahid qismində Hadini dəvət ediblər. Əminə xanım Hadi ilə evlənməməsinin səbəbini sonralar belə izah etmişdi: "Səbəb onun kasıblığı və kimsəsizliyi idi". Ömrünün sonuna qədər ailə qurmayıb. Həyatını qarışıq xəyallar qoynunda yaşayıb: "Bir fatiheyi-nazini fırlat da, güzar et, / Ehya elə, ruhum, məni həmtalər içində. / Vardır şu yatan kimsələrin fatihəxani, / Mən kimsəsizəm xaki-siyəhzalər içində".
Sonra da Şamaxıda zəlzələ. Yurdu viran qalır. "Qarlı, şaxtalı havada adamlar çöllərə düşür, doğma yurdunu tərk etməyə vadar olurlar... Hadi də bu sərgərdan adamlarla Kürdəmirə gəlir" (Manaf Süleymanov).
Və bu melanxolik tale müqəddiməsi bütün həyatına yansıyır.
Əli bəy Hüseynzadə amili
Hadinin tərcümeyi-halında ziddiyyət yaradan səbəblərdən biri, bəlkə də ən başlıcası Azərbaycan sovet ədəbiyyatşünaslığının Əli bəy Hüseynzadə ilə barışmaz münasibəti olub. Sovet dövrü ədəbiyyatşünaslığı Hadinin bütün "qüsurlar"ını Əli bəy Hüseynzadənin adına yazıb. Baxmayaraq ki, Məhəmməd Hadini ədəbiyyata gətirən, yazdıqlarını təshih edən, şeir dilini sadələşdirmək naminə ona tövsiyələr verən Əli bəy Hüseynzadə olmuşdu. Hadi İlk qonorarını "Həyat"dan, ilk maaşını "Füyuzat"dan almışdı. Seyid Hüseyn Əli bəyin 1906-cı ildə Hadiyə yazdığı məktubun məzmununu təqdim edir: "Həftəlik "Füyuzat" namında ədəbi bir məcmuə çıxarırıq. Zati-alilərini də heyəti-təhririyə (yazı heyətinə) namına qeyd etmişik". Bu məktubla kəndisinə 75 rüblə maaş təyin edildiyi də qeyd edilibmiş". Buna rəğmən, Əziz Mirəhmədov "Məhəmməd Hadi" monoqrafiyasında "Füyuzat"ın guya Hadiyə zərərli təsirlərini ayrıca paraqrafda araşdırır: "Güman etmək olar ki, Hadi başqa bir mühitə düşsə idi, onun dünyagörüşü ardıcıl olaraq mütərəqqi istiqamətdə inkişaf edəcək, oxuduğu nəğmələrdə "xaric səslər" get-gedə azalacaq idi. "Füyuzat" mühiti belə bir inkişaf üçün əsla münasib deyildi". Bunu deyən Mirəhmədov monoqrafiyasının başqa bir səhifəsində Hadinin "Bir əməlim" şeirinin üzərində xüsusilə dayanır və bu şeiri "Hadi poeziyasının başlıca ideya-estetik əsasının yüksək bədii ifadəsi, şairin proqram səciyyəli əsəri" olaraq yüksək dəyərləndirirdi. Amma xatırlatmırdı ki, həmin şeir 1907-cı ildə elə "Füyuzat"ın 15 mart tarixli sayında dərc olunub və:
Ey vətən! Ey pəriyi-vicdanım!
...Səni sevmək deyilmi imanım?
- misralarının da keçdiyi "Bir əməlim" şeiri ilə Azərbaycan poeziyasında Vətən estetikası gəlişməyə başlayıb. Hadinin poeziyaya və ümumiyyətlə ədəbiyyata gəlişi ilə Vətən sevdasının estetik ahəngi və rəngi, ictimai məzmunu müəyyənləşib.
Əli bəy Hüseynzadə 26 yaşlı cavan dostunun qələmindəki qüdrəti böyük yazıçıların qələmi ilə qiyaslandırır, Məhəmməd Hadi isə 42 yaşlı insanpərvər ustadını "Dahi" adlandırırdı. Hadinin "Firdovsi-ilhamat" adlanan ilk kitabında "İzhari-qədrdani" başlıqlı bir şeir var. Şeir "Ədibi-xəluq" Əli bəy Hüseynzadəyə ithaf olunub. Hadi ustadına "böyüksən, ən böyüksən", deyə xitab edir. Hadinin şeirində Vətən Əli bəy Hüseynzadədən mədət istəyən bir Kərbəla şəklində simvollaşır.
Abdulla Şaiq yazır: "Əli bəy Hüseynzadə o vaxta qədər bir beyt belə yazmamış olan Hadini dilləndirdi". Həmin məqaləsində Şaiq həm də belə yazır: "Hadi zəmanənin qabaqcıl ziyalıları ilə oturub-dursaydı, şübhəsiz, dövrünün daha böyük şairlərindən biri olardı. Lakin Hadi yaradıcılığının lap əvvəlindən "Füyuzat" mühitinə düşdü". Dili qəlizdirsə - səbəbi "Füyuzat"dır. Guya sərxoşluq xəstəliyinə tutulub, bunun da səbəbi yenə "Füyuzat"dakı mühitdir.
Əsərlərinin bütün nəşrlərində unudulan "Övraqi-pərişan arasında"
1907-ci ildə "Dəbistan" jurnalının 4-cü sayında dərc olunmuş "Olmasın" rədifli qəzəlinin əvvəlində yazdığı "Övraqi-pərişan arasında" başlıqlı təqdimat nə üçünsə, sonrakı bütün nəşrlərində - "Seçilmiş əsərləri"ndə də, "Əsərləri"nin külliyyatında da unudulmuş və çap olunmamışdır. "Övraqi-pərişan arasında" adlı mətndə Hadi bildirirdi ki, "Bir gecə idi, saat iki radələrində dövri-həyatın ən parlaq və şəşəəli zəmanı bulunan əyyami-səbavətimi (uşaqlıq çağlarımı) dər xatir etmişdim. Şöylə ki, həngami-səbavətimdə (uşaqlıq çağlarımda) qaraladığım bir xeyli əski-üski vərəqləri qarışdırmaya yönəlmişdim. Birdən-birə, kim bilir - neçə sənə bundan əqdəm söylədiyim bu əşarim nəzərə yetişdikdə məhv olub getməsin fikrilə "Dəbistan" cərideyi-müfidəsinin sütuninə dərci münasib görüldü". "Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? / Hansı bülbüldür cəfayi-xardan zar olmasın?" Hadi bu şeiri, özünün dediyinə görə, həngami-səbavətində (uşaqlıq çağlarında) qələmə alıb. Şeir 1907-ci ildə dərc olunsa da, onu Hadinin ilk şeirlərindən biri kimi qəbul etməliyik. Seyid Hüseyn isə bildirir ki, Hadi 25 yaşına qədər şeir yazmayıb. Amma Hadi özü bu şeiri "həngami səbavət"ində, yəni uşaqlıq çağlarında yazdığını iqrar edir...
Hadi Türkiyədə, yaxud Rza Tevfiq amili...
Hadi 1910-cu ildə Türkiyəyə gedir. Eyni ildə Əli bəy Hüseynzadə də Azərbaycandan İstanbula köçmüşdü. Türkiyəli hadişünas Mehdi Gəncəlinin 2011-ci ildə İstanbulda nəşr etdirdiyi "Azerbaycanlı Şair Mehemmed Hadi" kitabında diqqətimi ilginc bir məqam cəlb etdi. Gəncəli yazır ki, "Ustad ilə mənəvi şagirdi, 1910-cu ildə İstanbula, həqiqi Dərsəadətə, aşiq olduqları hürriyyətin paytaxtına gedirlər". Bir yerdə getdiklərini güman etmək olarmı, bilmirəm. Bəlkə də...
Gəncədə Əli Nəzminin evində Salman Mümtaza İstanbul xatirələrini anladarkən məlum olur ki, Hadinin İstanbuldakı xeyirxahı Rza Tevfiq imiş:
Hadi İstanbuldan edirdi söhbət,
Heç kəsdən görməmiş orada hörmət.
Ancaq Rza Tevfiq filosof, müdam
Etmişdi Hadiyə artıq ehtiram.
"Uyğunsuzluqları" atmış keçmişə,
Hadini düzəltmiş yüngül bir işə.
Həm də müdafiə etmişdir daim,
Bunu ondan başqa etməmiş heç kim.
Hadi sitayişlə bəhs edir ondan
- Təkdir İstanbulda, - derdi, - bu insan!
Təbii ki, Rza Tevfiq Hadini ən azı "Füyuzat"dakı şeirləri ilə çoxdan tanımalıydı. Yaxud Darülfünunda bir yerdə təhsil aldıqları yaxın dostu Əli bəy Hüseynzadənin araçılığı ilə Rza Tevfiq Hadiyə həyan ola bilərdi.
Hadi 1914-cü ildə İstanbuldan qayıtmış və yuxarıda da xatırlatdığım kimi, Gəncədə dostları ilə söhbət əsnasında Rza Tevfiqi şükranlıq və sitayişlə, qibtəylə anmışdı. Rza Tevfiqin yardımı ilə İstanbulda işə düzəlməsindən, Rza Tevfiqin İstanbulda yeganə güvənilir insan olmasından, onu qorumasından bəhs etmişdi. Belə çıxır ki, Hadinin İstanbulda "Tanin" qəzetinə işə düzəlməsinin də səbəbkarı Rza Tevfiq olub. Rusiya türklərinin Rza Tevfiqlə əlaqəsi isə, adətən Əli bəy Hüseynzadə vasitəsilə gerçəkləşirdi və bunu Rza Tevfiqin özü də Ammandan dostu Rza Turquta yazdığı məktubda xatırlatmağa ehtiyac duyurdu. Bu barədə "Cavidnamə" kitabımda ətraflı yazmışam...
Əziz Mirəhmədov "Məhəmməd Hadi" əsərində Əli Nəzminin yuxarıda adıkeçən şeirinin yalnız ilk iki misrasını ("Hadi İstanbuldan edirdi söhbət, / Heç kəsdən görməmiş orada hörmət") sitat gətirməklə kifayətlənir, Rza Tevfiqlə bağlı misraların üzərindən sükutla keçir. Əvəzində Rza Tevfiq haqqında əsası olmayan qəribə məlumatlar verir: "Rza Tevfiq jandarm idarəsində işə girib, inqilabçı fəhlələri döydürürdü". Amma istər 1907-10-cu illərdə Cavidi, istərsə də 1910-13-cü illərdə Hadini himayə edən Rza Tevfiq Osmanlı Məclisi-Məbusanının üzvü idi. Eyni zamanda, Osmanlının ən seçkin şairlərindən sayılırdı. Üstəlik, İstanbul Darülfünununda fəlsəfə professoru idi. Bir professor, incə ruhlu bir şair, Məclisi-Məbusan üzvü jandarm idarəsində işə girib fəhlələri niyə döydürməliydi ki?!
Hadinin İstanbul dövrünü araşdıran heç kəs Rza Tevfiq amilinin üzərində dayanmır. Halbuki, Rza Tevfiqsiz Hadinin İstanbul dövrü bütün hallarda tamamlanmamış qalır. Bu barədə bir qədər sonra...
"Dekadent şair" Əhməd Kamal
Hadinin bioqrafiyasında Əhməd Kamalın müstəsna yeri var. Əhməd Kamalla dostluğu sovet ədəbiyyatşünaslığında sanki Hadinin zəif tərəfidir. "Ə.Kamal gənc, istedadlı, filosof təbiətli şairin yaradıcılığında və təbiətində olan müsbət cəhətləri inkişaf etdirmək bir yana, Hadini əvvəlkindən də gərgin, böhranlı bir vəziyyətə saldı: onun həm ideya, bədii zövq cəhətindən, həm də həyat tərzi etibarilə düzgün, aydın bir yol tutmasına çox ciddi əngəl oldu". Guya sərxoşluğa meyil etməsi də Əhməd Kamalın təsiri ilə olub. Əhməd Kamalı Əli bəy Hüseynzadə Türkiyədən Bakıya dəvət etmişdi. "Füyuzat"da Hadi ilə bir yerdə çalışırdı. Dost idilər. Əhməd Kamalın Azərbaycan ədəbi tənqidinin gəlişməsində, poeziyamızda yeni estetik meyillərin pərvəriş tapmasında danılmaz xidmətləri var. Hadi ilə bu həssas və incə zövqlü şeir bilicisinin dostluğu sona qədər davam edir.
1911-ci ildə Əhməd Kamal Azərbaycan naşirləri, redaktorları ilə bir yerdə həbs olunanda bunu Türkiyə cəmiyyətinə "Türklərə məzalim" məqaləsində Əhməd Ağaoğlu və "Qafqaz xatirələri" məqaləsində Məhəmməd Hadi çatdırdı. Məhəmməd Hadi "Tənin" qəzetində yazırdı: "Tam bu parlaq, bu əməlfüruzi-istiqbal olan zamanlarda idi. Əli bəyin təhti-müdiriyyətində bu gün ancaq namı yaşayan "Füyuzat" məcmueyi-ədəbiyyəsi nəşr olunurdu. Naçiz də heyrəti-təhririyyəyə daxil idim. Təsadüf bizə hür fikirli bir qələm arkadaşı göndərmişdi. O, şimdi zindani-əsarətdə yaşayır - Əhməd Kamal. Bu arkadaş da bizimlə birlikdə çalışır, məhsuli-fikriyyəsini evraqi-"Füyuzat"a nəşr edirdi... Bakı qəryələrindən olan Balaxanıda millət tərəfindən güşad edilən məktəbə müdir təyin olunaraq iki sənə ərzində əhalini məmnun edəcək müvəffəqiyyətlər göstərdi. Bir çox münəvvər dimağlar yetişdirdi. Aqibət bu məktəbə də sair məkatibi-islamiyyə kimi şayani-tətil görüldü... Məktəbin tətilindən sonra ərbabi-şəbabın arzusuyla son zamanlar tətil edilən "Yeni füyuzat" məcmuəsinin sərmühərrirliyində bulunurdu. Şimdi arayişi-zindani-əsarətdir".
"Füyuzat"da Füyuzati imzasilə "Həsbi-hal, yaxud bizim Hadinin iztirabı" adlı bir şeir var. Şeir Hadi ilə dialoqdur və burda Əli bəy Hüseynzadənin "Məcnun və Leylayi-islam" məqaləsinə də göndərmələr edilir. Şeirin Əhməd Kamala aid olduğunu düşünməyə dəyər: "Bu yanda bir dekadan zülməti xəyalilə / Nəzirəsaz olur əlvahi-qəsvəti leylə". Əgər belədirsə, deməli, Hadi barədə ilk bədii parçanın müəllifi Əhməd Kamaldır.
Sovet ədəbiyyatşünaslığı isə Əhməd Kamalı "Türkiyədən gəlmiş siyasi fırıldaqçı", sərxoşluq azarına tutulmuş dekadan şair adlandırırdı.
Əhməd Kamal Bakıdan Türkiyəyə döndüyündə bu dəfə də Məhəmməd Hadi "Əhməd Kamalın vətənə əziməti" adlı məqalə yazdı... Güman etmək olar ki, Hadinin Türkiyədəki son illəri həm də Əhməd Kamalla bərabər keçib. Bakıda olduğu kimi, İstanbulda da ayrılmayıblar.
Hadi Qərbçilik hərəkatının təmsilçisi olduğuna görə Osmanlıdan sınırdışı edilib. Yaxud Selaniklə bağlı gerçəklər
Araşdırılmamış, yaxud heç bir qaynağa istinad edilmədən dövriyyəyə buraxılmış məsələlərdən biri də onun Selanikdə sürgündə olması ilə bağlı məlumatlardır. Hadi Selanikdə sürgündə olubmu? Bunu təsdiq və təsbit edəcək qaynaq hardadır? Bu barədə İlk məlumatı Hadinin ölümündən sonra uşaqlıq dostu Əbülqasim Əminzadə xatirələrində verir. Sonra Seyid Hüseyn əhvalatı eyni ilə təkrarlayır. 32 il sonra da bu barədə Abdulla Şaiq yazır. Sürgün həyatı ilə bağlı təxminlər kitabdan-kitaba ötürülür.
Bəllidir ki, Osmanlı-İtaliya savaşı günlərində Məhəmməd Hadi Türkiyədə "Tanin" qəzetində İtaliyanın "abırsız və namərd" hərəkətlərindən bəhs edən məqalələr yazır və "Türklər mədəniyyət kisvəsinə bürünənlərin nasıl kirli qəlbli, vəhşi niyyətli, yaradılmışların xıltlı olduqlarını bir daha öyrənmiş oldu. Xəndeyi-mədəniyyətin nasıl bir qəhqəheyi-fahişanə olduğunu bütün üryanlığı ilə anladı..." deyirdi. Qəribədir, eyni mövqe "Tanin" qəzetində Mehmet Ali Tevfikin də yazılarında bəzən eyni üslubdadır. O da mədəniyyət kisvəsinə bürünmüş İtaliyanın viran qalmasını niyaz edirdi. Məsələ burasındadır ki, Məhəmməd Hadi də Mehmet Ali Tevfik kimi "Tanin" qəzetinin yazarıydı və ikisi də Əli bəy Hüseynzadənin yetirməsiydi. Mehmet Ali Tevfik haqqındakı məqaləmdə də bildirmişdim ki, Əli bəy Hüseynzadənin tövsiyəsi ilə İttihad və Tərəqqi Partiyası Mehmet Ali Tevfik Yüksələni Selanikə göndərmişdi. O dönəmdə əksər türkçülər - Ziya Gökalp da, Ömər Seyfəddin də, Abdulla Canip də Selanikdəydilər. Əli bəy Hüseynzadə də Selanikdə konfranslar verirdi... Tevfiqin "Turanlının dəftəri" kitabında bu barədə ətraflı məlumatlar var... Hadi də Selanikə bu məqsədlə gedə bilməzdimi? Bir halda ki, Selanikdəki aydınların mürşidi Əli bəy Hüseynzadə Hadinin ilk xeyirxahı, "Tanin" mühərrirlərindən Mehmet Ali Tevfik isə yaxın dostlarından biriydi və Hadi 1910-cu ildə "Tanin" mühərriri olaraq İstanbulda Tofiq Fikrət haqqında yazdığı bir məqalədə onun barəsində "rüfəqayi-məsalikimdən, məktəbi-sultani müəllimi, "Tanin" mühərrirlərindən Mehmet Ali Tevfiq bəy" deyə ehtiramla bəhs edirdi...
Bizdə isə Hadinin ittihatçıllar tərəfindən Selanikə sürgün edildiyini, hətta sürgündə bazarlıq edən yunan qadınlarına hamballıq etdiyini yazırlar. Bunu Seyid Hüseyn də yazıb. Bütün bunları küçədə təsadüfən Şaiqə rast gələn "üstü-başı kirli", "yaxası görünən, alt köynəyi qapqara və yırtıq" Hadi özü "danışıb". Sonra da sürgün və hamballıq mövzusu Hadinin bioqrafiyasına əlavə edilib...
Ümumiyyətlə, Hadiyə münasibət xeyli düşündürücü və müəmmalıdır. Onu Türkiyədə, ya istibdad əleyhinə yazılarına, ya da sərxoşluq etdiyinə görə dönə-dönə polis idarəsinə çağırırlar. Məsələn, Cəfər Xəndanın yazdığına görə, guya Hadi Türkiyə despotizminə qarşı açıq çıxışlar edib. Bu işləri üçün üç dəfə polis idarəsinə çağırılıb, Nəhayət, bu çıxışları və şeirlərinə görə Hadini Selanikə sürgün ediblər. Abdulla Şaiq isə yazır ki, Türkiyə istibdadına dözməyib yenə şiddətli şəkildə içkiyə qurşanıbmış. Dəfələrlə onu sərxoş halda yaxalayıb polis idarəsinə aparıblarmış.
Başqa bir versiya isə budur ki, Hadi guya 1913-cü ildə sədr-əzəm Mahmud Şevkət Paşaya qarşı törədilmiş sui-qəsddə şübhəli bilinərək Selanikə sürgün edilib. Əvvəla, o sui-qəsdin uzaqdan-yaxından Hadiyə heç bir dəxli yoxdur. Digər tərəfdən, həmin sui-qəsdlə bağlı şübhəli bilinənləri Selanikə deyil, Sinopa sürgün edirdilər.
Hadinin Türkiyədə ardıcıl çap olunduğu "Mehtap" dərgisi 1911-ci ilə qədər nəşr olunub. "Mehtap" qərbçilik hərəkatının mətbu orqanıydı və Hadi bu dərgidə qərbçiliyi tərcih edən yazılar yazırdı və İstanbuldan uzaqlaşdırılmasına da həmin yazıları səbəb olmuşdu. Mehdi Gəncəlinin mənə fotosurətini göndərdiyi məhkəmə qərarnaməsi barədə ilk dəfə bu yazıda məlumat verirəm. Hərbiyyə nazirinin və sədr-əzəmin birgə imzaladığı həmin qərarnamədə Divani-hərb tərəfindən qapadılan "Mehtab" dərgisində "Rusiya təbəəsindən olan Qafqasiyalı Məhəmməd Hadi"nin "Nisvani-islamənin əleyhinə" dərc etdirdiyi yazının (əslində, müsəlman qadınların Avropada təhsil almasına çağıran məqaləsinin - A.T.) fikrən osmanlı cəmiyyətinə mənfi təsir göstərəcəyi bildirilir və Hadinin sonrakı fəaliyyətində bunu nəzərə almasa idareyi-ürfiyyə qərarnaməsinin altıncı maddəsinə əsasən hüdudi-Osmani xaricinə çıxarılacağı izah edilir. Qərarnaməyə nəzarət isə Hərbiyyə nazirliyinə tapşırılır. Amma qərarnamədə onun Selanikə sürgün ediləcəyi barədə fikir yoxdur.
Hadinin sürgün tarixini 1913-cü ilə aid edirlər. Bu, necə ola bilərdi ki? 1912-ci ilin noyabrından etibarən Selanik artıq yunanların nəzarətindəydi... Bir halda ki, yunanlar Selaniki türklərdən almışdılar, Türkiyə hökuməti onu öz nəzarətində olmayan əraziyə necə sürgün edə bilərdi? Digər tərəfdən, 1913-cü ilin mayında İstanbulda nəşr olunan "Rübab" dərgisində Hadinin "Həqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx, / Görün bu zülmətə batmış mühitə çöhrən açıq" deyə qərbçilik əhvali-ruhiyyəsində olan bir şeiri dərc olunub. Həmin ilin dekabrında, ya İstanbulda, ya da Bakıda yazdığı "Cinsi-lətifə" şeiri "İqbal" qəzetində dərc olunub və yəqin ki, Hadi bu şeirləri sürgündən yazıb göndərmirdi... 1913-cü ilin sonunda, ya İstanbuldaydı, ya da Bakıda. Hər halda, sürgündə deyildi...
Selanikdən sonra Bakıda
"İqbal" qəzetinin 19 fevral 1914-cü il tarixli sayında isə onun "İzhari-təşəkkür" adlı xırda bir qeydi dərc olunub: "Türkiyədən övdətimdə Odessaya uğrarkən həmin şəhərin sakini Şirvanın mötəbəran və tüccarından olan Məşədi Məhəmməd Əliyev cənabları insaniyyətin ortaya vəz edə bildiyi məhəbbətin ən səmimi dərəcəsi ilə mənə ikram etdikləri kimi, müavinəti-maddiyədə də dəxi bulunduqlarından qəzetəniz vasitəsi ilə kəndilərinə ərzi-şükran etməyi rica və istirham ediyorum". Başqa heç nə. Və həmin xırda qeydində Hadi "sürgündən qayıdarkən" demir, "Türkiyədən qayıdarkən" deyir. Hələ üstəlik, kübar və nazik davranır. Ona qayğı və maddi yardım göstərmiş adama yazılı təşəkkür etməyi özünə borc bilir. Əbülqasim Əminzadənin yazdığına görə, Məşədi Məhəmməd Əliyev Hadinin pərəstişkarıymış, "Firdövsi-ilhamat"ı oxuyubmuş və Hadi onun qonağı olarkən, şairi faytonla dəlləkxanaya, hamama aparıblar. Ona alt və üst paltarları - kostyum, palto və ayaqqabı alıblar. Beş yüz manat da pul verib yola salıblar.
Bakıya isə fərqli bir Məhəmməd Hadi gəlir. Seyid Hüseyn bildirir ki, "1914-cü sənənin nisan ibtidalərində Məhəmməd Hadi Bakıya gəldi... O, adətən çıldırmış bir halda bulunurdu. Bakıdakı dostlarının heç birinə yaxın düşmürdü. Pərişan və səfil halda gəzirdi. Kəndisinə yaxınlaşan arkadaşları təhqir edər, "mən kainatın göyündə bir adamam", deyə çıldırmış bir halda, sərxoş meyxanələrdə vaxtını keçirirdi..." Hadinin eyni günlərdəki halını Abdulla Şaiq bir qədər fərqli təsvir edir, Seyid Hüseynin təqdimatında ona yaxınlaşan arkadaşları təhqir edən Hadi Şaiqə özü yaxınlaşır: "Bir gün küçədən keçərkən üstü-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım... O, titrək bir səslə: - Şaiq, məni tanımadınmı? - deyə soruşdu... Çəkməsi yırtıq olduğundan ayaqları dışarıda qalmışdı. Və yaxası görünən alt köynəyi qapqara və yırtıq idi... Alt və üst paltarlarını tamamilə dəyişdirtdirdim..."
Bir neçə gün əvvəl şirvanlı tacir möhtərəm Məşədi Məhəmməd Əliyevin təzə paltarlar geyindirib yola saldığı Hadinin üstü-başı yenə kirlidir. Ayağındakı da Odessada geyindiyi təzə ayaqqabısı deyil, yırtığından ayaqları görünən köhnə ayaqqabıdır.
Bir sözlə, bu Hadi, o Hadi deyil. Hələ üstəlik, hamı Hadiyə yardım edir. Hamı ona təzə paltarlar alır. Hamı onu hamama aparır...
Bir də əgər Seyid Hüseynin, yaxud Şaiqin dedikləri həqiqətdirsə, o zaman Hadi 1914-cü ilin fevralından oktyabrına qədər qələmə aldığı şeirləri, məqalələri, "Eşqi-möhtəşəm" və "Şükufeyi-hikmət" kitablarını hansı ruh halı ilə yazıb nəşr etdirib?
Əsərlərinin bütün nəşrlərində unudulan "Şərqin yeganə filosofu Rza Tevfiq bəyə" ithafı
1914-cü ildə Hadi "Ümid səhneyi-tamaşayi-həyatın ruhudur" şeirini Rza Tevfiqə həsr etsə də, istər "Seçilmiş əsərləri"nin 1978-ci il nəşrində, istərsə də "Əsərləri"nin 2020-ci il nəşrində ithaf qeydi ixtisar edilmişdir. "İqbal" qəzetinin 15 sentyabr 1914-cü il tarixli sayında isə həmin şeir "Şərqin yeganə filosofu Rza Tevfiq bəyə" qeydi ilə dərc olunmuşdu:
Mən bir günəşəm, yerdə əyandır ləməatım,
Şeirimdə parıldar duruyor çöhreyi-zatım,
Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,
Kim olduğumu bildirəcək, bil ki, məmatım.
Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,
Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.
Mən solmalıyam, ta ki, açılsın da baharım,
Mən sönməliyəm, şəşəələnsin də nəharım.
Mən ölmədən əvvəl vətənim oldu məzarım,
Ərbabi-zəka düşmənidir indi diyarım.
Söndükcə zəka əhli-vətən ağlayacaqdır,
Göz - incisi yaşlar o zaman parlayacaqdır.
Ən son diləyim: məqbərim olsun vətənimdə,
Təndir vətənim, olmalı canım da tənimdə.
Ruhum ki mənim qalmayacaq bu bədənimdə,
Quş şəklinə girsin, qanad açsın çəmənimdə,
Əndamımı ağuşi-ədəm saxlayacaqdır,
Fərdayi-məmatımda adım parlayacaqdır.
Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak,
Heykəl diləməm, heykəli-qəbrimdir o əflak,
Millət işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm, qövmim ola sahibi-idrak.
İdrakı olanlar məni sonra qanacaqdır,
Bir qövmü dirildən də cahanda qanacaqdır.
Mən ölmədən əvvəl vətənimdir mənə məqbər,
Çünki, vətənimdir! Buna olmam ki mükəddər!
Yurdum da anamdır, bütün övladı bəradər,
Mən istəyirəm, olmalıdır həpsi münəvvər.
Qaldıqca qara əhl ziyanı qovacaqdır,
Bir gün gələcək, səhvini də anlayacaqdır...
Bu şeiri yazıb çap etdirdiyi 1914-cü ildə Hadi "Ey mərifətin, fəlsəfənin mənbəyi-nuru" misrasıyla başlayan "Türklərin yeganə filosofu Rza Tevfiq cənablarına" adlı başqa bir şeir də yazmışdı... Rza Tevfiqə xitab edib:
Əqlin də, kamalın da, fünunun da zəbundur,
İnsan hələ Məcnun, cahan səhni-cünundur.
...İştə mədəniyyət deyiriz, vəhşəti-əkməl
İnsanda təkamül bumu? Ey zati-mükəmməl!
- deyirdi.
Dikaya Diviziya
Baxmayaraq ki, Hadi 1914-cü ildə bir-birindən gözəl kitablar nəşr etdirir, fikir həyatımıza ayna tutan möhtəşəm şeirlər, dərin məzmunlu məqalələr yazır, tərcümələr edirdi. Buna rəğmən, xatirə yazılarında 1914-cü ildə "kəndisinə yaxınlaşan dostlarını təhqir edir, "mən kainatın göyündə bir adamam", deyə çıldırmış bir halda, meyxanələrdə vaxtını sərxoşluqla keçirir".
Elə isə həmin ərəfələrdə necə toparlanıb Vəhşi Diviziyanın sıralarına qatılıb?
Hadi 1915-ci ilin ilk aylarından 1918-ci ilin əvvəllərinə qədər Birinci Dünya müharibəsinin cəbhələrində Vəhşi Diviziyanın tərkibində müsəlman alayının imamı olmuşdu. Avstriyada, Karpatlarda, Ukraynada xidmət etmişdi. Can verən, yaxud şəhid olan müsəlman əsgərlərin başucunda Yasin və Ərrəhman oxumuş, onların dəfnində mollalıq etmişdi... Karpatlardakı günləri ilə bağlı belə bir passaj var: Stanislav şəhərində çeçen Məhəmmədin başucunda Yasin və Ərrəhman surələrini oxuyub çölə çıxanda oradakı xaçpərəst xanım - Məsiha Starovski əllərini Hadinin çiyninə qoyub təsirli və titrək səslə demişdi ki, "Mamed Qadi, Quran oçen krasivıy"...
Və bütün bunları dünənəcən sərsəm, "kəndisinə yaxınlaşan arkadaşlarını təhqir edən, "mən kainatın göyündə bir adamam", deyə çıldırmış bir halda, meyxanələrdə vaxtını sərxoşluqla keçirən" əli Quranlı, dili dualı olan Hadinin özü yazır. Özü də şairanə yazır: "Əzizim əfəndim. O günün sabahı da müharibə əsnasında qarnından vəhim bir surətdə yaralanmış olan krımlı Əbdülrəhim Əbdülhəmid oğlu bir bədbəxti də libasıyla bərabər xabgahi-nisyana tərk etdilər. Bu iki kəfənsiz mədfənlərin türabi-məzarı üstündə dəsti-təbiət kəfən sərmişdi. Qar yağdığı üçün iki qərib məqbərləri puşideyi-səfidə bürünmüşdü. Təbiət böyləcə bir səxavət göstərmişdi". Buna rəğmən, Cəfər Xəndan Hadinin cəbhədə olduğu illər barədə danışarkən, "göydən tökülən atəş yağmurlarının törətdiyi faciələri görməmək üçün o, burda sərxoşluğa qapılır", - deyir. Hadi isə cəbhədə Azərbaycan poeziyasının misilsiz "Əlvahi-intibah"ını yaratmışdı. Necə olurdu bu? Həm də bu necə olurdu ki, həmin günlərdə onu görənlərin yaddaşında aşağıdakı şəkildə qalmışdı: "Hadi əynində çərkəzi çuxa, belində şəmşir, papağının dövrəsində nazik sarğı, yəhərli atın üstündə uzaqdan nəzərə çarpırdı".
Gəncədə
1918-ci ilin əvvəlində müharibədən Gəncəyə qayıdır. Hadinin bacısı Gəncədə yaşayırdı...
Cəfər Xəndan yazır ki, "müharibədən qayıtdıqdan sonra Hadi daha pis və səfil bir həyat keçirir".
Nağı Keykurun Şeyxzamanlının xatirələrində isə "hörmətli və əziz şairimiz Məhəmməd Hadi" həmin günlərdə Gəncədə Milli Azərbaycan ordusunu səfərbər etməklə məşğuldur. Milli Komitənin mitinqlərində çıxış edir, "sözləri xalq tərəfindən sürəkli alqışlarla" qarşılanır...
Əli bəy Hüseynzadə onu 1918-ci ilin 13 iyununda, yəni Cümhuriyyətin elanından 15 gün sonra Gəncədə görüb. Görüşüblər. Məhəmməd Hadi türk əsgərini vəsf edən "Qəhrəman türk əsgərinə" şeirini Hüseynzadəyə bağışlayıb.
Bakıda
"Azərbaycan" qəzeti 1918-ci ilin 15 sentyabrında dərc olunan ilk sayında Qafqaz İslam Ordusu Komandanı Nuru Paşanın Bakının azad olunması barədə raportu ilə yanaşı, Hadinin "Türkün nəğməsi" şeirini də dərc edir. Cümhuriyyət poeziyamız bu şeirdən başlayır:
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan hədər olmaz...
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
Cümhuriyyət poeziyamız bu şeirdən başlasa da, buna rəğmən, bilmək olmur Əmin Abid hansı səbəbdən belə yazıb: "Osmanlı Türk ordusunun ta Bakıya qədər gəlməsi kimi böyük bir hərəkat ilə canlanıb qaynadığı bir zamanda Azərbaycan istiqlalının rəsmən elan edilməsi Məhəmməd Hadiyə təsir yapmadı, mühitin bir coşquda sel kimi axaraq qüvvətli inikas yapdığı və bir çox gənc şairlərin zühuruna səbəb olduğu halda Məhəmməd Hadi bu həqiqətdən mülhəm olamıyor (ilhamlanmır)".
1918-ci ilin 6 oktyabrında "Azərbaycan" qəzeti onun "Zəfəri-nihayətə doğru" şeirini dərc edib.
Mərd olan əsgərliyi təqdir edər izan ilə,
Əsgər olmaq fərzdir hər möminə Quran ilə.
Əsgər olmaq bir şərəfdir türk üçün, islam üçün,
Əsgəriyyətlə yaşar millət həyatı şan ilə.
Ən işıq bir ömr istərsək günəş altında biz
Durmalı əduya qarşı qeyrəti-rəxşan ilə.
Daima türk oğlu hifz etmişdir öz namusunu
Əldəki seyfi-şücaət, dildəki iman ilə.
İlin sonuna qədər Hadi "Azərbaycan" qəzetinin müəllifləri sırasındadır, şeirləri ilə, təhlil yazıları ilə Azərbaycan ədəbiyyatının birinci simasıdır. Elə "Əlvahi-intibah" da 1918-ci ildə kitab şəklində nəşr olunub.
1919-cu ilin fevralında Səməd Mənsura ithaf etdiyi "Hərarətli şeir və yaxud qızdırmalı halımda saçmalarım"ı yazıb.
"Azərbaycan" qəzetinin 23 aprel 1919-cu il tarixli sayında "Əsgərlərimizə, könüllülərimizə" şeirini çap etdirib:
Qorxutmamalı bizləri yollardaki əngəl,
Məfkurəyə doğru yürü, qoş, durma, çapıq gəl!
Millət tikəcək namına ölsən dəxi heykəl,
Qoyma toxuna yurduna naməhrəm olan əl!
...Amalımıza doğru şitaban olalım, gəl!
Millətlə Vətən rahinə qurban olalım, gəl!
"Azərbaycan dövləti-növzadına" - yeni doğulmuş Azərbaycan dövlətinə ithafən yazılmış "Məfkureyi aliyəmiz" və b. şeirlərini 1919-cu ilin mart, aprel aylarında "Azərbaycan" qəzetində dərc etdirib. Hadi bura qədər heç bir halda sərxoş və səfil deyil.
Amma 1930-cu illərin ədəbiyyatşünaslığı, yuxarıda qeyd etdiyim kimi, onun Cümhuriyyət və türk ordusuna etinasız münasibətindən yazır, hələ üstəlik, Hadinin sərxoş obrazını yaradırdı: "Məhəmməd Hadinin ta gənc zamanlarından bəri fazla içki düşkünü olduğu və getdikcə bu düşkünlüyün… mühlik təsirlər yapdığı məlum idi". Heç nə məlum deyildi. Sadəcə, onun sərxoş obrazını belə yaradırdılar.
"Bəsirət" qəzetinin 3 may 1919-cu il tarixli sayında dərc olunmuş "Qəmərə" şeiri isə sağlığında mətbuatda görünən son şeiridir. Otuz doqquz yaşlı şair səmaların işıq ulduzuyla - Qəmərlə, yəni Ayla danışır: "Çox diləfruz çöhrələr sönəcək. / Əbədi pərdələrlə örtüləcək".
Bu şeirdən sonra kim onu görübsə divanə görüb, səfil və sərxoş görüb. Sanki ssenari müəllifi ona eyni vəziyyəti təklif edib.
Gəncədə Əli Nəzmi küçədə Hadiyə rast gəlir:
Yolu gedirdi o, hər iki yana.
Onu öz evinə çəkmək istədim.
- Hadi, mənziliniz harada? - dedim.
Mənzilimmi? - dedi - Qəbristandadır,
Artıq nə Gəncədə, nə Şirvandadır...
1919-cu ilin Qurban bayramı günlərində Əli Nəzminin evində Salman Mümtazla qurban ətindən bişirilmiş kababla "araq içir". Dönə-dönə Mümtazın köklüyünə, şismanlığına lağ edir. Məclisdə pərtlik yaşanır. Elə həmin günlərdə yeni kitabını mətbəədən götürmək üçün Əli Nəzmidən 200 manat borc pul alıb gedir və bir daha geri qayıtmır, aldığı borcu qaytarmır. Bir ay sonra Əli Nəzmi onu Gəncədə tramvayda görür. Son kitabı "Əlvahi-intibah"dır. Kitabı özünün "Turan" mətbəəsində çap edən Səməd Mənsur Hadini puldan ötrü qısnayardımı? İnanmaq olmur.
Bakıda Hüseyn Cavidə rast gəlib, qolundan tutub onu saxlayır, tanımır və satılıq mal kimi beş manata şeirini təklif edir. Yaxud yenə də küçədə sərxoş halda Şaiqə rast gəlir, onu da tanımır, satmaq üçün əlindəki kağızı uzadıb beş manat pul istəyir. Bakının küçələrində, indiki "Torqovı" tərəflərdə, o zamankı "Metropol" mehmanxanası, indiki Nizami muzeyi səmtində vərəqələrdə çap olunmuş şeirlərini satır.
Müsavatçılar onu döydürmüşdürmü?
Cəfər Xəndan hansısa sənədlərə istinadən yazırdı ki, "Bəzi sənədlər Hadinin Gəncədə müsavatçılar tərəfindən təqib edildiyini, xəstə şairin vəhşicəsinə döyüldüyünü, təhqir edildiyini də aydın göstərir". Cəfər Xəndan hansı sənədləri nəzərdə tuturdu, bilmirəm. Ümumiyyətlə, belə bir sənəd varmı? Yəqin ki, yoxdur. Milli qüvvələr öz milli şairlərini niyə təqib etməli və niyə döydürməliydilər... Cəfər Xəndan Hadi barədə yazılarında bunu dönə-dönə təkrarlayır."Müsavatçılar onları hər yerdə ifşa edən şairi təqib edir, döydürürlər". Hadiyə Azərbaycanda kimsə əl qaldırardımı? Bir halda ki, Hadiyə hər iki tərəf - istər müsavat hökumətinin, istərsə də bolşevik hökumətinin nazirləri ehtiramla yanaşırdı. Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli küçədə onu görüb maşınından düşür, Hadiyə salam verib hal-əhval tutur, bolşevik hökumətinin ədliyyə naziri Əliheydər Qarayev onu görəndə salamlaşmaq üçün ayaq saxlayıb şairə yaxınlaşır.
Amma Əli Nəzmi "Keçmiş günlər" əsərində Hadinin Gəncədə Bağbanlar bazarında layiqsiz işlərə səbəb olduğunu, bu səbəblə də kəndlilərin onu öldürmək istədiyini yazır... Yəqin Cəfər Xəndan da bu nöqtəyə istinad edib Hadinin müsavatçılar tərəfindən təqib edildiyini, "xəstə şairin vəhşicəsinə döyüldüyünü" bildirib. O, layiqsiz işlər nədir? Əli Nəzmi yazır ki:
Var izdihamlı bir "Bağban bazarı",
Onda şəhrin bütün mərdimazarı...
Gündə bir bağbanla söz sözə durur,
Heç bir iş olmadan mərəkə qurur..
Savaşır bağbanla, özünü öyür,
İslamı zəmm edir, Allahı söyür.
Çox küfr söyləyib, çox edirdi səbb
Layiqsiz işlərə olurdu səbəb.
Öldürmək istərkən üç yol kəndlilər
Tutmuş fənalıqdan bir arif xəbər.
Etmiş kəndliləri çox-çox məzəmmət,
Demiş ki, şairdir, eyləyək hörmət.
Güc-bəla ölümdən etmişdi xilas.
Hadinin şüuru edirdi iflas...
Bu misraların Hadi barədə yazıldığına inanmaq olmur. Onu bu durumda xəyal etmək belə çətindir. Amma gəncəlilərin yaddaşında başqa bir məqam qalmışdı: Hadi islamı zəmm etmək, Allahı söymək deyil, bolşevizmi zəmm edirmiş və onu öldürmək istəyən də kəndlilər deyilmiş, bolşevizm tərəfdarı olanlar imiş...
Hadinin şüuru iflas edirdimi?
1919-cu ildə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli və dövrün digər tanınmışları ilə birgə çəkilmiş şəkildə şuxdur, geyimi səliqəlidir. Digər bir şəkildə isə pensne gözlük taxıb, hədsiz əsilzadə bir görkəmi var. Baxışları duru, dərin və aydın, saçı səliqə ilə daranmış, ağ köynəyinin yaxası səliqəli... Onun real, fotolardakı təsviri belədir, dostlarının xatirəsindəki fiziki yapısı isə başqadır: "Saç-saqqalı ağarmışdı. İldırım vurmuş, qol-budaqları vaxtsız qırılmış, şaxələri sınmış, yarpaqları tökülmüş palıd ağacına oxşayırdı. Hərəkətləri ağır, özü yorğun, üzüntülü bir görkəmi vardı...". "əynində nimdaş çuxa, ayaqlarında köhnə çəkmə gəzərdi". Otuz doqquz yaşında saç-saqqalı ağarmış, hərəkətləri ağır, özü yorğun, görkəmi üzüntülü", əynində nimdaş çuxa, ayaqlarında köhnə çəkmə laübalı Məhəmməd Hadi. Nə baş veribsə, çox qısa müddətdə baş verib. Hadini inanılmaz və tanınmaz şəklə salan (əgər belə bir hal olubsa), zahirən bu dərəcədə dəyişməsinə səbəb olan hər nədirsə, içki deyil. Hadinin ağrısının, sərgərdanlığının səbəbi nə Seyid Hüseynin dediyidir, nə Abdulla Şaiqin söylədiyidir, nə də Cəfər Xəndanın yazdıqlarıdır.
"Mən kainatın göyündəki adamam"
Yuxarıda dediyim kimi, "Qəmər" şeirindən sonra Hadidən səs-soraq yoxdur. Qəfil qarşımıza "havalanmış" Hadi çıxır. "Əlvahi-intibah"ın timsalında, bəlkə də ən böyük şairimiz bir gün dəlirmiş halda yola çıxır. Harasa gedir və geri qayıtmır... Amma...
Hadinin vəfatı
Manaf Süleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında Əliməmməd Mustafayevin bir xatirəsini verir: "İyirminci il may ayının ilk günlərində "Çanax Qala" kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik..."
Əli Nəzmi 1944-cü ildə qələmə aldığı "Keçmiş günlər"ində Gəncə üsyanından 10 gün əvvəl, təxminən, 1920-ci il mayın 15-də Bakıdan belə bir soraq gəldiyini bildirir: "Hadi Göyçaydan dəlirmiş halda / Üsyandan bir həftə, ya on gün qabaq, / Gəncəyə yollanmış çox ağır naçaq. Lakin o müddətdən indiyə qədər / Məhəmməd Hadidən yoxdur bir xəbər".
On gün ərzində Hadinin dəlirmiş bir hala düşməsinə səbəb olan nə baş vermişdi? Əli Nəzminin yazdığına inansaq, Hadi Göyçaydan Gəncəyə gəlib. Ölümü isə sovet işğalına qarşı baş vermiş Gəncə üsyanının bolşeviklər tərəfindən yatırıldığı mayın son günlərinə təsadüf edib. Əli Nəzmi o zaman Məhəmməd Əli Nasirin tapşırığı ilə Gəncədəki beş xəstəxanada Hadini soraqlayır, xəstəxanaların yalnız birindən Hadi ilə bağlı məlumat alır.
"Aldıq biz Hadini onlardan xəbər,
Onlar dedilər ki, üsyandan qabaq,
Hadi oradaca yatırmış naçaq.
Lakin başlananda şəhərdə üsyan
Hamı qaçmış, yoxdur xəstəyə baxan.
...Bir həftə almamış xəstələr yemək,
Acından ölən çox olmuşdur, demək.
Etmişdir Hadi də o günlər vəfat,
Kimdir ölənlərə edən iltifat"?
"Qəbri məlumdurmu? - deyə sordum mən,
Onlar dedilər ki, nə məzar, kəfən?
Bitdikdən az sonra şəhərdə üsyan,
Hər yerdən meyitlər toplanan zaman
Bizdə ölənlər də arabalara
Yığılıb atıldı xarabalara.
Seçmək, ayırd etmək, qılmaq ehtiram
Əsla deyil idi mümkün. Vəssalam".
Niyə Gəncə üsyanında öldürüldüyünə deyil, xəstəxanada baxımsız və aclıqdan öldüyünə inanmalıyıq? Bir halda ki, Hadinin ölümü Gəncə üsyanının silah gücünə yatırıldığı günlərə təsadüf edir. Bir halda ki, o da cümhuriyyət şairidir.
Hadinin məzarı
"Bakı" qəzetinin 4 iyun 1966-cı il tarixli sayında Əziz Mirəhmədovun "Məhəmməd Hadinin xatirəsi" məqaləsində belə bir fraza var: "Bu yaxınlarda Kirovabad müəllimlərindən Kərim Tağıyev təsadüfən keçmiş qəbirqazan, 90 yaşlı Məhəmməd Şahmar oğlu Rzayevlə görüşüb söhbət etdiyi zaman, ondan Məhəmməd Hadini soruşub. Yaşına görə xeyli qıvraq olan Məhəmməd Rzayev deyib ki, bəli, bu "qərib şairi" mən özüm dəfn etmişəm. Sonra o, Hadinin qəbrini də göstərib".
P.S. Qəribədir, Hadinin bacısı uşaqları Gəncədə yaşayırdı. Necə olub ki, Hadi xəstəxanada tənha və ac vəziyyətdə öləydi, yaxud necə ola bilərdi ki, bacısı uşaqları onun Gəncədə harda, hansı məzarlıqda dəfn olunduğunu bilməyəydi?
Əgər Əziz Mirəhmədovun məqaləsindəki qəbirqazanın dedikləri doğrudursa, o zaman Əli Nəzminin yazdıqları yalan olur. Yaxud əksinə...
Başqa bir xatirə: Hadi xəstəxanada keçinəndə orda, yəni xəstəxanada fəhlə işləyən Musa kişi Hadinin dəfnində iştirak etdiyini söyləyir və 1960-cı illərin əvvəllərində elə onun bələdçiliyi ilə 46 ildən sonra Hadinin Səbzikardakı məzarı (və üzərində, təbii ki, üstü yazılı başdaşı olmayan məzarı) tapılır. Hadinin olduğu güman edilən məzar açılır və onu Gəncəçayın sağ sahilinə köçürürlər. Həmin prosesdə iştirak edənlərdən biri və o zaman Kirovabad Partiya Komitəsində məsul vəzifədə çalışmış ədəbiyyatşünas rəhmətlik Xeyrulla Əliyevdən soruşmuşdum: "Hadiyə aid olduğu güman edilən məzar açılanda şairin qalıqları ordaydımı?" "Qəbir açılanda, qalıqlar vardı, amma yeniyetmə adamın qalıqlarına oxşayırdı" - demişdi.
2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətində yenidən Hadinin məzarının əvvəlki yerinə köçürülməsi barədə qərar qəbul edilir və Gəncəçayın sahilindəki məzar yenidən açılır. Bu dəfə AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev mətbuata belə bir açıqlama verir ki, "Komissiya tərəfindən şəhər ziyalıları, Gəncə Şəhər İcra Hakimiyyəti və qəbiristanlıq nümayəndələrinin iştirakı ilə Məhəmməd Hadinin Gəncəçayın sağ sahilindəki qəbri 4-5 metr uzunluğunda, 2 metr dərinliyində qazıldı. Büstün altında beton plitələr qaldırıldı. Ancaq oradan cəsəd qalıqları tapılmadı".
Bəs Hadi necoldu?
Hadinin məzarının taleyini bir-birini təkzib edən gümanlara etibar etmək olarmı? Hadinin ölümündən üç il sonra, Seyid Hüseyn belə yazmışdı: "Məhəmməd Hadinin ruhi xəstəliyi lazımınca tədavi edilməmişdi. O sərsəriyanə dolanmaqdan əl çəkmək istəmirdi. Xüsusilə, sərxoşluğa ehmal etmişdi. Hadinin son günlərində hər kəs onu qoltuğunda çap etdirdiyi mənzumələri satan bağda, bulvarda səfilanə bir halda gəzib-dolaşan görərdi. Ən nəhayət, 1919-cu sənənin nəhayətlərində Məhəmməd Hadi birdən-birə qeyb oldu. Kimsə onun qeyb olmasında maraqlanmadı. Beləliklə, Hadi vəfat etmiş oldu. Ehtimal Bakı xəstəxanalarından birində vəfat etmiş olsun. Fəqət bu nə zaman idi, kim onu dəfn etdi, nerədə dəfn edildi, bu günədək bilinmədi".
Yüz ildən çoxdur ki, Azərbaycanda Hadi adlı bir şair mifi var. Belə yalnız miflər barədə danışmaq olar: "Hadi öz əcəli iləmi ölmüşdür, yoxsa özü-özünümü öldürmüşdür, yoxsa onu öldürmüşlər? Aclıqdan, xəstəlikdənmi ölmüşdür..?" (Məmməd Cəfər) Yoxsa Hadi doğrudanmı, Köprülünün təbiriycə, "parasızlıq və səfalətlə keçən macəralı bir həyatdan sonra əsrarlı bir surətdə yox olub" getdi? "Heykəl diləməm, heykəli-qəbrimdir o əflak..." "Ruhum uçuyor cənnəti-ülyalər içində..." "Mən bir diriyəm, etdi məni dəfn təsadüf" deyən Hadi. Dediyi kimi də oldu.
Əli bəy Hüseynzadənin Hadi barədə vida sözlərinə bənzəyən şeiri
1923-cü il avqustun 1-də Əli bəy Hüseynzadə "İctihad" dərgisində "Hadiyi Şirvaninin vəfatı şaiyəsi üzərinə yazılmışdır. Bir müddət İstanbulda, aramızda yaşamış və bura mətbuatında azacıq çalışmış bulunan bu azərbaycanlı şairin bir divani-əşarı Baküdə təb və nəşr edilmişdir. Əşarından nümunə olmaq üzrə məktəb vəsfində söylədiyi şu beyt xatirimə gəliyor:
Məktəb bir sədəfdir
qətreyi-naçizi dürr eylər.
Məktəb bir çəməndir,
sərvini azad-ü hürr eylər"
- qeydi ilə "Xissət və Səxavət" adlı şeirini dərc etdirir. Dərin bir şeirdir. İki bəndi türkcə, bir bəndi isə fransız dilindədir. Şeiri, sənəti ilahi nektarla bəsləməyin fəzilətindən söhbət açılır. Vergili, Horatsi xatırlanır. Onları himayə edən Mesenin səxavəti təqdir edilir. Lafontenin nağıllarındakı qarışqaları izləməməyi, Mesenin nektarıyla almiləri gücləndirməyi təlqin edir...
Daim bəsləməli şeiri, sənəti
İlahi nektarla bədayi sevən!
Virjili, Horası öylə yaşatdı
Mesenin səxası; yaşasın Mesen!
Un sage me disait: Ne suivex jamsis
La mychante fourmis du fameux La Fontaine
Toujour fortiflez les poytes almys
Par du nectar divin comme le fit Mycyne!
Əli bəy Hüseynzadə Hadinin vəfatı xəbərinə bu şeiri niyə yazmışdı? Bəlkə ədnalar, rəzillər Hadini yaşada bilmədi, o böyük sənətkarı sevmək azdı, ona qarşı Mesen kimi səxavətli davranmaq gərək idi, demək istəmişdi...
P.S. Hadinin pessimizmi
Belə çıxır ki, Hadi ilk şeirlərini yazanda da, son şeirində də pessimist olub... Hənəfi Zeynallı Hadinin "yaradıcılığında əsas bir motiv varsa, o da pessimizmdir", - deyir. Məncə, ədəbiyyat tariximizin araşdırılmasına böyük zərurət olan problemlərdən biri Hadinin pessimizmidir. Pessimizm, ziştbinlik Hadinin fitrətindəydi. O, "Əlvahi-intibah"da Hartman, Şopenhauer səviyyəsində bir pessimistdir. Və bəzən, hətta Məmməd Cəfərin sözləri ilə desək, "Şopenhauerin sözlərini nəzmə çəkir", şeirlərində Şopenhauerə göndərmələr edirdi: "Ancaq cahanda müsbət olan iztirab imiş / Ümidlər vəsaili rəncü əzab imiş". Birinci Dünya müharibəsinin içindən yazdığı "Əlvahi-intibah"da Hadi həyatın mənası barədə "bu gün pis, sabah daha da pis olacaq və ən pisi olanadək bu beləcə davam edəcək" deyən Şopenhauerin, başqa sözlə, ziştbin - pessimist filosofların üslubunda düşünürdü. Dünyaya, bəşərə münasibəti fövqəlidrakın hüdudlarında cərəyan edirdi.
10-12 fevral 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
