XX əsr tədqiqləri - Bədirxan Əhmədlinin üçcildliyi üzərinə qeydlər - Elnarə AKİMOVA

Elnarə AKİMOVA

 

Bədirxan Əhmədli imzasının geniş təqdimata ehtiyacı yoxdur. Elmin yoluna yeni gələnlər də, əvvəldən bu yola könül verib qalanlar da Bədirxan müəllimi yaxşı tanıyır. Yaradıcılığının şaxəli, çöxyönlü olmasının da burada az payı olmasın gərək. Mühacirət irsinin yaradıcıları, repressiyaya uğramış ədəbi irsin nümayəndələri, cümhuriyyət dövrünün təmsilçiləri və s. və i. Hələ çağdaş ədəbiyyatın bir çox tanınmış, istedadlı qələm adamları haqqında yazılarını da əlavə eləsək, mənzərə dəyişər. Asiya xalqları ədəbiyyatı ilə bağlı son dövr tədqiqatlarını da sıralasaq, miqyas və ölçü böyüyər. Amma miqyas onsuz da böyükdür və bu ölçü vahidini Bədirxan Əhmədli ədəbiyyat tarixçisi kimi çıxdığı yolun sərhədsizliyi ilə özü bəlirləyib.

İki il öncə müəllif XX əsr tədqiqləri sırasından üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" (Bakı, Qanun, 2024) kitablarını ərsəyə gətirdi. Hər biri XX əsri bütün parametrləri, gücü, ağırlığı, ziddiyyət və mürəkkəbliyi ilə meydana qoyan həcmli, siqlətli iş sayıla bilər. Dərsliyin birinci cildi Azərbaycan milli hərəkatı (1890-1920), ikinci cildi Postcümhuriyyət və sovet (1920-1950), üçüncü cildi isə müstəqillik ərəfəsi və müstəqillik (1960-2020) dövrünü əhatə edir. Bu kitablardan hasil olan başqa qənaət də var: ədəbiyyat tarixinin yazılması yönündə yeni təfəkkürün formalaşması proseslərini göstərmək və bu istiqamətdə meydana çıxacaq yaradıcılıq problemlərinin həllində elmi-nəzəri düşüncənin fəaliyyətini meydana çıxarmaq! Bədirxan Əhmədli üç cildlikdə bir sıra elmi vəzifələrin həllini gerçəkləşdirir: ilk növbədə, XIX əsrin sonlarından başlayaraq çağdaş dövrümüzün son çərəyinə qədər əhatələnən dövrün ümumi mənzərəsini canlandırır; müxtəlif zaman kəsimlərində və fərqli ideoloji diskurslarla meydana qoyulan mətnlərin oxşar və fərqli cəhətlərini göstərir; digər formasiyada, siyasi-ideoloji dalğada qabaran problemlərin sonrakı illər üçün davamını izləyib, onların elmi-nəzəri dəyərini müəyyənləşdirir; zamanın tələbi olan yeni dəyərlər sisteminin, çağdaş nəzəri-estetik baxışın formalaşmasında ədəbiyyat tarixinin rolunu təyin edir; çağdaş ədəbi prosesdə, müasir insan konsepsiyasının yaradılmasında müəllifin, mətnin və dövrün təcrübəsini işıqlandırır; həmçinin bütün tarixi-ədəbi proseslərə münasibətdə, onun yeni kontekstdə dəyərləndirilməsində tədqiqatçıların irəli sürdüyü dəyərləndirmə ideyalarını sərgiləyir. Belə hərtərəfli, çoxyönlü baxış bucağı və istiqamətlərində isə zamanın obrazı ilə yanaşı, bu kitabları ərsəyə gətirən araşdırmaçının özünün obrazı görünür.

 

Bədirxan Əhmədlinin ədəbiyyat tarixi konsepsiyası onun bədii-estetik və ədəbi-humanitar görüşlərində hər zaman aparıcı, prioritet mövqeni təşkil edib. Bunu üçcildlikdən əvvəl hasilə gətirdiyi işlərin də ruhunda oxumaq olar. Mühacirət ədəbiyyatının öyrənilməsi dediklərimizə yaxşı sübutdur. Bəlkə də yollar elə burdan başlamışdı. Mühacirət irsinin öyrənilməsindən! Məncə, bu irsin addım-addım öyrənilməsi, daha sonra repressiyaya uğramış, taleləri yarıda qırılmış insanların həyatlarının öyrənilməsinə yönələn maraqla geniş vüsət qazandı. Bədirxan Əhmədli arxivlərdə yatan sənədlərin tozunu içinə çəkərək milli tariximizdə açılan boşluğun üzərindəki sirr pərdəsini götürənlərdən oldu. Amma bu sirr örtüyünün qaldırılmasından milli ədəbiyyat tariximiz həm də onu qazandı ki, bütünlükdə XX əsrin ruhunu duymaq üçün silahlanan tədqiqatçı ilə üz-üzə dayandı. 

Bu yaxınlarda, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam mədəniyyətimizin uzunmüddətli inkişaf strategiyasını hazırlayan mühüm strateji sənəd kimi fundamentaldır. Düşünürəm ki, bu yolda bizə bələdçilik edən mühüm ədəbiyyat tarixçiliyi kitabları da olmalıdır ki, bu mənada, Bədirxan Əhmədlinin üçcildliyi tutarlı faktoloji sənədləri, tarixi həqiqətləri özündə ehtiva edən mühüm elmi-nəzəri arsenaldır. Azərbaycan xalqının mənəvi irsini dünya mədəniyyətinin inkişafı kontekstində tədqiq etmək, Azərbaycanda milli-sosial inkişafın, ədəbi-mədəni hərəkatın mərhələ özəlliklərini müstəqil dövlətçilik ideologiyasının tələb və meyarları ilə səsləşən yeni məzmun və keyfiyyət nümayiş etdirməklə üzə çıxarmaq bu kitabların əsas məfkurə, ideya nailiyyətidir.

Söhbət arxada qalan, tarixə qovuşan, mərhələ olaraq öz əlahiddəliyi ilə xüsusi əhəmiyyət kəsb edən XX əsrdən gedirsə, ziddiyyətli və təlatümlü dövr gerçəkləri ilə üz-üzə qalmağımız qaçılmazdır. Burada həm qopub ayrıldığımız sovet dövrünün rudimentləri var, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə etməyə çalışan düşüncə meyarları! Qızıl orta sadəcə, dövrü əsr səciyyəsində, öz varlığında tədqiq etməkdir. Bəs meyar, məhək daşı nə olmalıdır? Bədii fikrin özünün immanent inkişaf qanunauyğunluğunu nəzərə almaq, amma bu sırada həm də ədəbiyyatın milli və ictimai şüura təsirin ən fəal mənbəyi, ideoloji-estetik amilə çevrilmək qaynağı olmasını unutmamaq! Bədirxan Əhmədli bütün ədəbi-tarixi mərhələlərə məhz bu yöndə nəzər yetirir. Ədəbi hadisələrə, faktlara analitik nöqteyi-nəzər, akademik ifadə və dil, materialı yaxşı bilmək əzmindən irəli gələn təmkin və əminlik!

Bədirxan Əhmədlinin "Azərbaycan ədəbiyyatı tarixi" üçcildliyinin yeniliyini şərtləndirən daha mühüm amillərdən biri, onun ilk dəfə sistemli şəkildə işlənməsi, tədqiqata cəlb olunmasıdır. Belə ki, bütövlükdə XX əsrin müxtəlif zaman kəsimləri, keçdiyi tarixi inkişaf yolu, təkamül mərhələləri tədqiq olunsa da, bu kitablarda XX əsrin ədəbiyyatı ilk dəfə olaraq tədqiqat predmetinə çevrilir. Bizdə bu istiqamətdə az kitablar yazılmayıb, F.Köçərlidən başlayaraq Mir Cəlal, F.Hüseynov, Y.Qarayev, Ş.Salmanov, B.Nəbiyev, N.Şəmsizadə, N.Ələkbərli, Elçin, İ.Həbibbəyli, V.Quliyev, N.Cəfərov, Ş.Alışanlı, Şamil Vəliyev, A.Bayramoğlu, T.Əlişanoğlu, V.Sultanlı, C.Yusifli, A.Turan, T.Salamoğlu, R.Kamal və digərlərinin müxtəlif adlı monoqrafiyalarında ilk dəfə olaraq Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi ilə əlaqədar irəli sürülən tədqiqat ideyalarının elmi mənzərəsi verilib, yazılı ədəbiyyatımızın mənşəyi, onun dövrləşdirilməsi, intibah problemi, sovet dövrü Azərbaycan ədəbiyyatı barədə elmi-nəzəri fikrin ehtiva etdiyi metodoloji qənaətlər yer alıb. Bədirxan Əhmədli isə bunların hamısının cəmi olaraq bütünlükdə XX əsri - əvvəli və sonunu da tədqiqatına daxil etməklə incəliklərinə qədər tədqiqat predmetinə çevirir. Klassik irs, cümhuriyyət irsi, mühacirət irsi, repressiyaya uğramış yazıçıların irsi, sovet dövrü irsi, keçid dövrünün ədəbiyyatı, müstəqillik dövrünün ədəbi-prosesi. Bütün bu aşamalardan keçmiş ədəbiyyat və sənətkarın tutduğu mövqe, onun ədəbi prosesdə rolu, mənəvi həyata və sənətə müdaxiləsi kimi məsələlər! Ədəbiyyatın ayrı-ayrı inkişaf meyilləri, istiqamətləri, problemləri və hadisələri! B.Əhmədli dünya ədəbiyyatının bir çox mürəkkəb, ziddiyyətli hadisələrini, "izm"ləri, ədəbi cərəyanları, fərqli metodologiyanı və ədəbi prinsipləri özündə ehtiva edən inkişaf yoluna özünəməxsus ədəbi, metodoloji kontekstdən yanaşır. Sənətkar və mühit amili nəzərə alınmaqla, dövrün öz xaotik obrazından sərf-nəzər edilməməklə, qınamamaq, ittiham etməmək, yanlış təsəvvür və rəy formalaşdırmağa çalışmamaq, ucuz populizmə getməməklə! Belə olduğu üçündür ki, kitabda repressiya, sovet ədəbiyyatı, mühacirət və legion ədəbiyyatına məxsus ziddiyyətli məqamlar da siyasi baxışın predmetinə çevrilmir, növbəti ideoloji müdaxilənin qurbanı olmurlar.

Bədirxan Əhmədlinin kitabları bütün ziddiyyətli, mürəkkəb dövrlərin ədəbiyyatına müstəqil mövqedən, ədəbi fakta və prosesə yanaşmada sərbəst düşüncədən çıxış edərək yanaşmanın göstəricisi olmaq baxımından bütöv bir epoxanın dərkini verməyə hədəflənmiş məqsədyönlü mətnlər toplusudur. Həm də o baxımdan fərqlidir ki, burada artıq türk düşüncəsi öndədir, C.Əfqaninin "milli vəhdət" ideyasından başlanaraq yola çıxan bütün türk ruhu daşıyıcılarının irsi təhlilə çəkilir, M.F.Axundzadədən başlanan maarifçi dalğanın XX əsrin əvvələrində gəlib çatdığı hürriyyət sevdası bütün konturları ilə izah olunur, H.Zərdabidən başlanan milli oyanış əzminin özünüdərkdə oynadığı tarixi missiya meydana qoyulur. Tədqiqatçı Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Hadi, H.Cavid, Ə.Cavad, C.Cabbarlı əsərlərindəki milli vəhdət və məfkurə fəlsəfəsinin qaynaqlarına nüfuz edərək millətçilik, türkçülük, islamçılıq düşüncəsinin formalaşma yollarını izləyir.

Əlbəttə, yeni minillik reallığında Azərbaycan ədəbiyyatı tarixi probleminə yenidən dönüş etmək, onu milli əsaslar, meyar və prinsiplər əsasında yazılmasını zərurətə çevirmək bu yöndə qazanılan təcrübə və ənənələrin inkar olunması demək deyil. Elə Bədirxan Əhmədli də bu məsələyə son dərəcə ciddiliklə yanaşaraq, keçmiş tarixçilik ənənələrindən heç də sərf-nəzər edilmədiyini vurğulayır, hər halda müəllif istinadlarında mövcud olan təcrübə qiymətli və böyük tədqiqat irsi kimi dəyərləndirilir. Hələ ötən əsrin 90-cı illərində ədəbiyyat tarixinin yazılmasının vacibliyi məsələsini qabardan unudulmaz Yaşar Qarayev yazırdı ki, "Obyektiv, tarixi qanunlar və qanunauyğunluqlar var və onları biz əvvəlcədən ibtidai, primitiv, populist yanaşma tərzi ilə inkar və rədd eləsək, öz tədqiqatlarımızı əvvəlcədən elmi-nəzəri-metodoloji perspektivdən, miqyaslı, analitik nəzəri səpkidən məhrum eləmiş olarıq. Söhbət elmi meyarların dəqiqləşməsindən gedir, kökündən rədd olunub, quru yerdə yenidən "yaranmasından" yox!"!

Digər mühüm məqam nədir? Ədəbiyyat tariximizin bəzi məsələləri, onun mühüm məziyyət və problemlərinin aşkarlanması aktual mövzu kimi bu üçcildliyin də əsas predmetini təşkil edir. Bəzi mərhələ və faktlara münasibətdə müəyyən ideoloji saçmaların mövcudluğu ki, üçcildlik bu istiqamətdə məhdudluqların, qüsur və səhvlərinin üzə çıxarılmasını məqsədə çevirir və bu qüsur və səhvlərin nədə özünü göstərdiyini aşkarlamağa potensial cəhd göstərir. 1917-20-ci illər ədəbi prosesinə, bu dövr sənətkarlarının irsinə verilən qeyri-tarixi qiymət, 30-40-cı illərin ədəbiyyatşünaslığında romantizmə və onu təmsil edən şəxslərin yaradıcılığına vulqar-sosioloji aspektdə yanaşma və s. məsələlərlə razılaşmayan tədqiqatçı obyektiv elmi-metodoloji mövqedən çıxış edir. Faktlara müstəqil təfəkkür işığında yanaşır, ədəbi illərə və mərhələlərə müasir baxışla nüfuz edi, onun hər bir çərəyinə yeni metodologiya və dünyagörüş əsasında müdaxilə zərurəti duyur.

XX əsrin əvvəlindən başlayaraq çağdaş zamanımıza qədər olan dövrdə fəaliyyət göstərən bu qədər sənətkarı araşdırmaq, onların meydana qoyduğu əsərləri oxumaq, təhlil etmək, nəzəri analizin predmetinə çevirmək, xaotik dövr olan XX əsrin bütün inkişaf qanunauyğunluğunu vermək, mərhələ təsnifatını aparmaq, yaradıcılıq axtarışları, cərəyanlar, metodlar, hər bir yaradıcı mərhələnin əsasında dayanan struktur vahidləri və nəzəri anlayışları nüans səhihliyi ilə araşdırmaqla daşları yerinə oturtmaq çox çətin, mürəkkəb prosesdir. Amma Bədrixan Əhmədli ədəbiyyatımızda yaradıcılığı tədqiqat predmetinə çevrilməyə əsas verən heç bir müəllifi kölgədə saxlamır. XX əsr bu kitablarda məhz tarixi-tipoloji vahid kimi götürülür və mətnlər yalnız Azərbaycan ədəbiyyatı deyil, ümumiyyətlə, dünya ədəbiyyatı kontekstində araşdırmaya cəlb olunur. Bəzən başlıqlar belə bəs edir ki, müəllifin düzgün hədəfə vurmasına, yenilikləri açar söz olaraq kiçik başlıqlara sığdırma məharətinə şahidlik edək. Məsələn, deyək ki, ədəbiyyat tarixinin üçüncü cildində Bədirxan Əhmədli 80-ci illər Azərbaycan ədəbiyyatında olan nəsrin imzalarından danışırsa, dünya ədəbiyyatında Çingiz Aytmatov, Qabriel Qarsia Markes, Vasili Şukşin kimi yazıçıların yaradıcılığı ilə bir müqayisəli konteksti də verməyi unutmur.

Müasir ədəbiyyatdan danışırsa, mübahisələrə də varmağı qaçılmaz edir. Görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin Azərbaycan yazıçılarının X qurultayında səsləndirdiyi "çox təəssüf ki, müstəqillik dövrü ədəbiyyatında layiqli bir hadisəyə çevirən bir nəsr əsəri meydana çıxmadı" qənaətinə qarşılıq olaraq həmin dövrdə yazılan nəsr əsərlərinin ümumiləşmiş şərhini verir. 80-ci illər ədəbi tənqidinin ideoloji tərəflərindən yazırsa, onun estetik qütbünü təmsil edən Yaşar Qarayev tənqidini ayrıca araşdırır, Asif Əfəndiyev tənqidinin layiqli qiymətini meydana qoyur.

Bu ayrıcalıq hissi onun müasir dövrə baxışının də istiqamətini təyin edən əsas göstəriciyə çevrilib. Bədirxan Əhmədlinin bu gün çağdaş imzalar haqqında yazdığı bütün məqalələrdə bir xətt aydın görünür. Müasir prosesə klassik ədəbiyyatın təcrübəsini çatdırmaq meyli. O, müasir ədəbi prosesin şərhinə həmişə tarixdən gəlir, hadisənin, faktın etnik-tarixi tipini-genotipini müəyyənləşdirir. Bəlkə buna görə onun estetik mövqeyində müxtəlif yazıçı və şairlərə münasibətdə eyni hüquq bərəbərliyi nəzərə çarpır. Nəriman Əbdülrəhmanlı, Azad Qaradərəli, Firuz Mustafa nəsri, Zəlimxan Yaqub, Səxavət Sahil, Əsgər Rəsul poeziyası və digər tanınmış qələm adamları haqqında yazdığı məqalələrdə bütün digər cəhətlərlə yanaşı, bir məqam daim öndədir: yeni tendensiyaları anlamaq, yazarın fərqi xüsusiyyətlərini bilmək təmkini ilə bərabər, mətnin tarixi həqiqətlərini dərk etmək səriştəsi, yeni sənət nəzəriyyələrini milli spesifika ilə əlaqələndirmək əzmi!

Bədirxan Əhmədli hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Asiya xalqları ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. Bu gün təbii ki, Azərbaycan-Asiya xalqları arasında münasibətlər yüksələn bir xətlə inkişaf edir, strateji əməkdaşlıqlar, dost körpüləri qurulur. Ən böyük körpüləri isə mədəniyyət, ədəbiyyat qurur! Bədirxan Əhmədlinin özünün yazdığı kimi, "xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də bədii düşüncədir". Əfqan yazıçısı Xalid Hüseyni, hind mütəfəkkiri Rabindranat Taqor, yapon yazıçı Haruki Murakami, Koreya şairi Kim Jiha, Pakistanın filosof şairi Məhəmməd İqbal, Özbəkistanda müasir elmi cədidçilik hərəkatının nümayəndələri - dünyanın dörd bir tərəfinin ədəbiyyatını təmsil edən bu insanlardan yazmaqla Bədirxan Əhmədli yalnız ortaq ədəbi-mənəvi ərazilərin deyil, həmçinin milli ədəbiyyatşünaslığın tədqiqat sərhədlərini böyüdür. Bu, həm də ona bəslənən inam və etimadın əməldə, işdə təzahür tapmasıdır. Eyni zamanda, onun təsdiqidir ki, zəhməti sevən alim üçün mövzu və mühit, zaman və məkan məhdudluğu yoxdur. Yalnız Mətn, Sənət və Sənətkar var!

 

***

Bədirxan Əhmədlinin üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabları qorunan mənəvi missiyanın abidəsi kimi qiymətlidir. F.Köçərlidən başlanan müqəddəs missiyanın davamından, milli-mənəvi estafetin, ədəbi-bədii, mədəni mühitin fasiləsizliyindən xəbər verən yaddaş nümunəsidir. Və əlbəttə ki, öz yaşarılıq gücü ilə fikir həyatımızda özünə daim yer edəcəyi şübhəsizdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!