Araz Dadaşzadənin Vaqif dünyası - Vaqif YUSİFLİ

Anadan olmasının 90 illiyinə

Vaqif YUSİFLİ

 

Araz Dadaşzadə ədəbiyyata 60-cı illərdə gəlmişdir. Azərbaycan ədəbiyyatında yeni bir yüksəliş dövrü kimi səciyyələnən bu illərdə şeirdə də, nəsrdə də, dramaturgiyada da yeni adlar və əsərlər ədəbi dövriyyəyə daxil oldu. "Yeni Azərbaycan nəsri", "Yeni poeziya" istilahları daha çox "altmışıncılar" ədəbi nəslinin yaradıcılığına şamil edilirdi. Ədəbi tənqiddə də yeni bir mərhələnin başlanğıcı qoyulur, tənqiddə estetik cəhətlərə, sənətkarlıq problemlərinə, forma xüsusiyyətlərinə, ədəbi qəhrəman axtarışlarına fərqli bir baxış bucağı müəyyənləşirdi, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynov, Gülrux Əlibəyli, Arif Abdullazadə, Arif Hacıyev, Araz Dadaşzadə, Arif Səfiyev kimi tənqidçi və ədəbiyyatşünasları da, mənim fikrimcə, "altmışıncılar" nəslinin tənqid - ədəbiyyatşünas qolu kimi qəbul etmək olar. Araz Dadaşzadə də istedadlı bir ədəbiyyatşünas kimi məhz altmışıncı illərdə parladı - 1966-cı ildə onun "Molla Pənah Vaqif" (həyat və yaradıcılığı) monoqrafiyası çap olundu. Onun bu monoqrafiyası Vaqifşünaslıqda bir dönüş yaratdı, daha doğrusu, Vaqifi yeni elmi-nəzəri təfəkkür işığında dərk etməyə səsləndirdi. Araz Dadaşzadənin Vaqif dünyası haqda bir qədər sonra söz açacağam. Amma bundan öncə, Araz Dadaşzadəni bir ədəbiyyat adamı kimi səciyyələndirmək istəyirəm.

1. Araz Dadaşzadə böyük Azərbaycan tənqidçisi akademik Məmməd Arifin ailəsində dünyaya gəlib. Səməd Vurğunun "Tənqidimizin vicdanı" adlandırdığı Məmməd Arif həm də bir şəxsiyyət kimi qibtəediləsi insan idi.

2. Araz Dadaşzadə əsl ədəbiyyat adamı idi, ədəbi prosesdə fəallığı ilə seçilirdi. Onun həm klassik ədəbiyyatla, həm də müasir ədəbi proseslə bağlı məqalələri, namizədlik və doktorluq dissertasiyalarına verdiyi rəylər, onlarla elmi əsərlərdə redaktor kimi çalışmaları, ayrı-ayrı tamaşalara həsr etdiyi resenziyalar, Yazıçılar İttifaqında keçirilən mötəbər müşavirələrdə çıxışları buna sübut ola bilər.

 

Qayıdıram Araz Dadaşzadənin Molla Pənah Vaqif dünyasına.

Araz Dadaşzadənin Vaqif yaradıcılığı ilə bağlı fikir və mülahizələri onun mükəmməl bir ədəbiyyat tarixçisi olduğunu, bu sahədə ustadları olan Həmid Araslı, Məmməd Arif, Məmməd Cəfər yolunu davam etdirdiyini göstərir. O, XVIII əsr Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini təhlil edəndən sonra Vaqif lirikasının özünəməxsus səciyyəsi haqqında söz açır. "Vaqif təpədən-dırnağa lirikdir, onun poeziyasında əsl lirik sənətkara xas xüsusiyyətlər: sadəlik, təbiilik, səmimilik, emosionallıq vardır. Əgər əruz vəznində şeirin, qəzəlin ustadı Füzulidirsə, heca vəznli şeirin, qoşmanın ustadı Vaqifdir", - deyir.

Vaqif yaradıcılığından söz açan müəlliflər mütləq Füzulini də yad edirlər və bu iki şairin məhəbbət lirikasını müqayisəyə çıxarırlar. Araz Dadaşzadə yazır: "Füzulinin lirik qəhrəmanı gözələ tabedir, onun quludur, gözəlin hər bir əmri onun üçün müqəddəs qanundur. O, gözəldən şikayət etməsə də, ondan nəvaziş də gözləmir.

 

Mənim tək hiç kim zarü pərişan olmasın, yarəb!

Əsiri-dərdi-eşqü dağı-hicran olmasın, yarəb!

 

Vaqifin lirik qəhrəmanı daha həyati bir adamdır, o, həyatdan nəşə almağa can atan və buna müvəffəq olan bir aşiqdir. Onun kədərlənib, qüssələnməyə vaxtı yoxdur". Burada Nizami Cəfərovun bir fikrini xatırlatmağa dəyər: "Füzuli heyrətə salır, Vaqif isə inandırır".

Araz Dadaşzadə Vaqifi nikbin bir şair kimi təqdim edir və dünya ədəbiyyatında - fəlsəfə tarixində "gedunizm" anlayışına üz tutur (yunanca bu sözün mənası - "nəşələnən" deməkdir).

Araz Dadaşzadə Vaqifin Azərbaycan ədəbiyyatındakı mövqeyini də düzgün təyin edir və ilk olaraq Mirzə Fətəli Axundova müraciət edir: "Mən əyyami-səyahətimdə səfheyi - Qarabağda Molla Pənah Vaqifin bir para xəyəlatımı gördüm ki, zikr etdiyim şərti bir növ ilə onda gördüm". Və sonra digər müəlliflərin fikirləri ilə bizi tanış edir.

Araz Dadaşzadə uzun müddət Azərbaycan Sovet Ensiklopediyasında çalışdı. Son iş yeri həmin ensiklopediyada baş redaktor vəzifəsi idi. Amma təssüf ki, səhhətində yaranan problemlər nəzərdə tutulan böyük işləri görməyə ona imkan vermədi. Ən yaxın dostlarından biri, Xalq yazıçısı Anar onun vəfatı ilə əlaqədar "Arazsız qaldıq" vida yazısını qələmə aldı. Doğrudan da, ədəbiyyat elmimiz, ensiklopediyamız Arazsız qaldı. Onun qəhrəmanı - Molla Pənah Vaqif unudulmadığı və əsrlər boyu mənən yaşadığı kimi, Araz Dadaşzadə də yaddaşlarda, xatirələrdə, ədəbiyyat tariximizdə heç vaxt unudulmayacaq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!