Umud Rəhimoğlunun 65 yaşına
Ümid yeri olan adamlar var... Çətinə, dara düşəndə ilk xatırladığın həmin adamlar olur. Bilirsən ki, onlar səni darda qoymayacaq, sənə dayaq duracaq, dərdinə şərik olacaq. Hər bir insanın həyatında belə adamların olması lazımdır. Onlar olmasa, yaşamaq müşküldən müşkül olar. Onlar sənin üçün hər zaman "doğmalar" kateqoriyasında qərarlaşır.
Günlərin bir günü çətin bir vəziyyətlə üzləşdim, həyatımın kritik dönəmi idi, nə edəcəyimi, kimə üz tutacağımı bilmirdim, eləcə şəhərdə fikirli-fikirli dolaşırdım. "Torqovı" tərəfdə qəfildən çətin günlərimin həyanı Əlisəmid Kürlə rastlaşdım. Hal-əhval tutandan sonra soruşdu ki, nə olub, gözümə birtəhər dəyirsən? Vəziyyəti danışdım, şair xeyli susdu. Mən də dinmədim, uzun-uzadı "Torqovı"da o baş-bu başa gəzib-dolaşdıq. Birdən Əlisəmid nəsə tapmış adamın sevinci ilə ayaq saxladı və dedi: - Sən belə elə... Get Umud Rəhimoğlunun yanına. Tanıyırsan da onu?!
Bilirdim ki, Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir, M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, qələm dostlarından onun haqqında həmişə xoş sözlər eşitmişdim. Şair dostumuz Xanəmirin qardaşının toyunda bir masada əyləşmişdik. Bizi elə Əlisəmid Kür tanış etmişdi. Bunu şairin yadına saldım. Dedi, vəssalam, sənə ancaq o, kömək edər. Daha heç nə fikirləşmə, get!
Umud müəllim məni o qədər səmimiyyətlə, doğma adam kimi qarşıladı ki, şaşırdım. İşinin-gücünün başdan aşdığı bir vaxtda (səhv etmirəmsə, həmin vaxt xaricdən qonaqları vardı) gözlənilməz qonağa səxavətlə vaxt ayırıb onu dinləyən Umud müəllimi məhz bu xüsusiyyətlərinə görə hamı öz dostu hesab edir. Əlisəmid Kür məni doğru ünvana yollamışdı. Mən həmin gün Umud müəllimin yanından məmnun halda çıxdım və düşündüm ki, nə yaxşı belə insanlar var.
Onu tanıyanlar bir şeydə həmfikirdirlər - Umud Rəhimoğlu dostcanlıdır və Vətən fədaisidir. Onun Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq işində xidmətləri ölçüyəgəlməzdir. Media və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində BAMF yüzlərlə layihə həyata keçirib. O, bütün həyatını bu işə həsr edib. Məhz bu səbəbdən qələmindən uzaq düşüb. Axı Umud Rəhimoğlu şairdir, qələm adamıdır. Müsahibələrindən birində deyir ki, "bəlkə də Qarabağ hadisələri olmasaydı, qələmimdən uzaq düşməzdim". Amma bilirəm ki, onun içindəki şair hər zaman dipdiridir.
Qayıdıb, hər şeydən qayıdıb -
Qayıdım gecənin sevgilərindən.
Qayıdım gündüzün qış yuxusundan,
Qayıdım ütülmüş cığırdan, izdən,
Qayıdım bir azca sığallı sözdən -
Qayıdım atamın oğlu kimi mən.
Özümə oxşayan şeirlər yazım,
Yazım ilk şeirimi torpaq rəngində -
Atama oxşasın!
Və sonra
Anamın ağappaq telləri rəngdə
Anamın heç zaman sığal görməyən,
Çörəyə oxşayan əlləri rəngdə
Şeirlər yazım.
Üzümə, gözümə çıxan şeirlər
Sevdiyim gözəlin gözütək duru,
Ürəkdən-ürəyə axan şeirlər,
Özümə oxşayan şeirlər yazım.
...Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində çoxuşaqlı ailədə dünyaya göz açıb. Onu bu yerlərin suyu, çörəyi, havası şair edib. "Çörəyə oxşayan ana əlləri" təşbeh kimi yenidir, orijinaldır və kənd stixiyasının məhsuludur. Şair bu şeirdə sanki öz taleyinin süjetini qurur. Özü haqqında danışanda belə deyir:
"Olduqca zəhmətkeş bir insan olub atam. Bu gün Rəhim kişinin övladları olaraq ondan bizə qalan bu geni şərəflə daşıyırıq və düşünürəm ki, bundan böyük nemət ola bilməz. Ailədə dörd qardaş, üç bacıyıq və həyatda qazandığımız bütün uğurlara bu miras sayəsində nail olmuşuq. Atam bu dünyadan Vətən həsrətiylə köçsə də, öz yurdunda dəfn olunmaq nəsibi oldu. Kəndimizin bir hissəsi azad olunduğundan mən təşkilatımız vasitəsilə tez-tez o yerlərə səfər edə bilirdim. Kənd qəbiristanlığının bir hissəsində düşmənin mövqeləri yerləşirdi, o biri tərəfində bizim əsgərlər dayanırdı. Ölümündən bir neçə gün əvvəl atamın vəsiyyəti bu oldu ki, məni öz kəndimdə torpağa tapşırarsınız. Qarlı bir gündə atam gözlərini əbədi yumdu və nəyin bahasına olursa-olsun, bu vəsiyyət yerinə yetirilməli idi. Qohumlar, dostlar çətin olacağını dilə gətirsələr də, biz - övladları hər şeyə rəğmən, onun son istəyinə əməl etdik. Ömür vəfa etsəydi, atam da bu günləri görərdi, lakin yenə təsəlli tapıram ki, son mənzili öz yurdundadı".
Övlad kimi belə oğuldur Umud Rəhimoğlu.
Dəyərli şairimiz Əbülfət Mədətoğlu danışır:
"Qarlı-şaxtalı bir qış gecəsi idi. Moskvanın Puşkin metrosunun ətrafında var-gəl edirdim. Şaxta adamı kəssə də, gecələdiyim mehmanxanaya getməyə heç həvəsim yox idi. Çünki Qarabağ savaşının ilk ilində düşmənlərin atdıqları əldəqayırma mərmi qardaşımın gözlərini yandırmışdı. Həmin mərminin partlayışı onun bir gözünü əlindən almışdı, ikinci gözünü xilas etmək üçün mən də qardaşımı Moskvaya aparmışdım. Metronun ətrafında gəzişdiyim gecənin səhəri onu əməliyyat edəcəydilər. Həkim çox da inamlı deyildi. Bu da məni əməlli-başlı ümidsizləşdirmişdi. Bu qərib şəhərdə getməyə, dərdimi bölüşməyə, fikrimi yayındırmağa doğma bir adam axtarırdım, tanış bir insanla qarşılaşmağı arzulayırdım. Birdən...
Qarşımdan bir oğlan gəlib keçdi. Əlində hörmə zənbil, onun içərisində də kənardan aydınca görünən ərzaqlar... bu yeriş mənə yaman tanış gəldi. Ağ saçlarının üzərinə qonan ağappaq qar dənələri onu yüz yaşlı bir kişiyə çevirmişdi. Özüm də hiss etmədən ona doğru yeriyib bircə kəlmə dedim.
- Umud!
Çevrilib geri baxdı. Bu qərib şəhərdə qucaqlaşdıq. Bu onunla qarşılaşdığım və yaddaşıma həkk olunmuş üçüncü bir məqam idi. Həmin gecəni o məni tək qoymadı. Özü ilə birlikdə təhsil aldığı və sonuncu kursunda olduğu Moskvanın və bütövlükdə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən biri olan Ədəbiyyat İnstitutunun yataqxanasına apardı. Burada imzasını tanıyıb üzlərini ilk dəfə gördüyüm çoxlu qələm adamı ilə tanış oldum. O gecəni necə keçirdimsə, səhərin açılmasından xəbərim olmadı. Bu mənim Moskvada keçən əlli günlük ömrümün, bəlkə də ən maraqlısı, ən yaddaqalanı oldu. Onu mənə Umud Rəhimoğlu bağışladı".
"O, kömək əli uzada biləcəyi hər kəsdən bu əli əsirgəmir". Bu da əksər jurnalistlərin özünə ustad hesab etdiyi professor Cahangir Məmmədlinin Umud Rəhimoğlu haqqında fikridir. Cahangir müəllim deyir ki, mənim işlədiyim Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Jurnalist" adlı bir tələbə qəzeti nəşr olunur. Umud müəllim bu qəzetin hər nömrəsi çapdan çıxan kimi tələbələri yaradıcılığa ruhlandırmaq üçün nömrənin imzalarına qonorar verir. Ümumiyyətlə, Umud Rəhimoğlu bizim fakültənin çox sevdiyi ziyalılardan biridir.
Şair Əlisəmid Kürlə uzun illərin dostu idilər. Onun adı çəkiləndə Əlisəmidin üzü-gözü işıqlanırdı, həmişə "Umud mənim qardaşımdı" deyirdi. Şair ağır xəstəliklə çarpışanda Umud Rəhimoğlu son ana qədər Əlisəmid Kürün yanında oldu, şair dostu üçün nə mümkün idisə, etdi. Belə dostdur Umud Rəhimoğlu. O, qələm dostlarının qayğılarıyla yaşayan adamdır. Təkcə qələm dostlarınınmı?! Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın ağrısını da öz ağrısı kimi yaşayıb, yurd-yuvasından didərgin düşmüş hər bir insanın dərdini öz dərdi bilib. Şükürlər olsun ki, doğma Qarabağımız yağı tapdağından azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Umud müəllimin qayğıları qismən azalıb. Amma bu gün də fəaliyyətini davam etdirir.
Umud müəllim bir zamanlar "Ədəbiyyat və incəsənət" qəzetində (indiki "Ədəbiyyat qəzeti"ndə) çalışıb, ədəbi mühitlə sıx bağlı olub. Müharibə, yurd itkisi onu yazı-pozudan, ədəbiyyatdan uzaq salıb. Amma Sözdən heç vaxt ayrı olmayıb Umud Rəhimoğlu.
Dərdim oldu özgə dərdi,
Mən unutdum, o göyərdi.
Ömür bitdi, ölüm bitdi,
Biz hamımız bir adamıq.
Hamını bir adam kimi gördüyündən, özgə dərdini öz dərdi bildiyindəndir ki, hamının harayına yetməyə can atır, hamının dərdinə şərik olmağa çalışır. Umud Rəhimoğlunun nə vaxtsa şeirlər kitabını külçə halında bizə təqdim edəcəyinə inanıram. Onun hələ də şeirlər kitabının çıxmaması sanki bir sufiyanə sirrə çevrilib. Yəqin ki, bu şeirləri küll halında oxumaq istəyən təkcə mən deyiləm. Onun qələm dostları bu kitabın yolunu çoxdan gözləyirlər. İnanıram ki, Umud Rəhimoğlu şair olduğunu unutmayıb və bir gün təptəzə bir kitabla oxucularının görüşünə gələcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
