Elnarə QARAGÖZOVA
Orxan Fikrətoğlu müasir Azərbaycan ədəbiyyatında çoxşaxəli yaradıcılığı, yenilikçi əsərləri ilə tanınan imzadır. Onun əsərlərində modern, postmodern, absurd, eləcə də realist plastların kəsişməsi və bu kəsişmənin dinamik xarakteri bu yaradıcılığı müasir ədəbiyyatımızda da unikal bir mövqeyə çıxarır. Orxan Fikrətoğlunun polifonikliyi ilə seçilən, geniş spektrli bədii yaradıcılığı müstəqillik dövrü ədəbiyyatında moderndən postmodernizmə keçidin, postmodernin milli təzahürünün qabarıq örnəkləri ilə zəngindir. Yazıçının bu qəbildən olan "Pandemik mələk" hekayəsi ilk baxışda COVİD-19 pandemiyası ilə bağlı məqamların ədəbi diskursda əksi kimi qəbul edilə bilər. Lakin hekayənin alt məna qatları zahiri kontekstdən daha dərindir. Qeyd edilən mövzu - pandemiya/postpandemiya 2020-ci ildə və daha sonralar yaranan bir sıra xarici, eləcə də milli bədii mətnlərdə müxtəlif aspektlərdə, fərqli interpretasiyalarda əks olunmuşdur. "Pandemik mələk" hekayəsi isə bu əsərlərdən fərqli olaraq, daha çox milli, Şərq arxetipik cəmiyyət modelinin yeni postpandemik urban modelə keçidini, yeni sivilizasiyanın başlanğıcını simvollaşdıran bir mətndir. Hekayənin qəhrəmanının pandemik mələk-eşşəyin məsləhəti ilə şəhərə köçmə qərarını verməsi və bu qərarın məhz meşədə - kəndlə şəhərin simvolik sərhədində qabanın hücumu səbəbindən reallaşa bilməməsi bu məqamı bədii şəkildə vurğulayır. Hekayənin başlanğıcında müşahidə edilən, realist görünən elementlər təhkiyə irəlilədikcə qeyri-xətti zaman boşluğuna düşərək tədricən postmodern və absurd estetikaya keçid edir. Xronotop da eyni şəkildə dəyişir, hadisələr realist məkandan dini-fantastik məkana keçid edərək realist, cari insanın pandemik insan modelinə çevrilməsinin son nöqtəsini qeyd edir. Hekayədə postmodernlə magik realizmin qoşa təzahürü pandemik şok effekti kimi mətnə gətirilir. Məhz COVİD epidemiyasından sonra bu zamana qədər tənha yaşayan, amma cəmiyyətin bir fərdi olmaqdan imtina etməyən kişinin yeni - fərdi təcridə üstünlük verən cəmiyyətdə mövcudluğu sual altına düşür. Əvvəllər tənhalığını cəmiyyətin (kənd sakinlərinin) birliyi, ümumi şənliyi/kədəri, mərasimləri ilə "yuyub" paklayan kişi bu ümumi təcrid-tənhalıq effektinə tab gətirmir və pandemik psixoz eşşək-mələk cildində meydana çıxır. Reallıq və metaforanın sərhədlərinin pozulması postpandemik cəmiyyətin alleqoriyasını hekayənin əsas məğzinə çevirir. Mələk obrazı üçün Şərq mədəniyyətində estetik və romantik obraz olmayan bir canlının - eşşəyin seçilməsi də postpandemik dünyada klassik, ənənəvi anlayışların, dəyərlərin qəbul edilmədiyini göstərir. Lakin hekayənin sonunda bir məqam diqqəti cəlb edir:
"Kişinin gözü elə təzəcə meşənin zülmət qaranlığına öyrəşirdi ki, qarşısında iri çöl qabanı gördü. Qaban onunla Eşşək kimi dil açıb danışmadı. Dinməzcə üstünə cumub qarnına möhkəm bir kəllə vurdu. Zərbədən Kişi yerə yıxıldı. Qabanın iri kəsici dişləri qarnına soxulanda isə öləcəyini anladı. Və sonda onu bu sıx ormanlığa gətirib Qabana yem etmiş Eşşəyə üz tutub: - Bəs sən Mələk deyilsən?.. Kömək elə də mənə! - pıçıldadı.
Eşşək kişinin artıq sönən gözlərinə gülə-gülə baxıb: - "Mələk sənsən, görmürsən qanadların da çıxıb?!" - dedi.
Kişi: - "Bəs onda sən kimsən?" - xəbər aldı.
Eşşək: - "Mən Eşşəyəm! Ancaq sən məni mələk kimi görürdün!" - dedi və ormanın qaranlığında birdən-birə qeyb oldu".
Bu məqam postpandemik dünyanın diktəsinin nə qədər güclü olsa da, yenə də insanın hansı reallıqda yaşamaq seçiminin öz təşəbbüsü, öz şüuru, öz qərarı ilə bağlı olduğunu vurğulayır. Hekayənin dili və üslubu da məhz bu məqama - mənanın mətndə deyil, oxucu qavrayışında formalaşmasına hesablanıb.
Hekayədə postmodern ironiya da mühüm məqamlardandır. Ümumən, Orxan Fikrətoğlunun yazı tərzində postmodern çağdaşlıqla klassika, postmodern ironiya ilə Cəlil Məmmədquluzadə ironiyası iç-içədir. Təsadüfi deyil ki, yazıçının "Zorxana" telelayihəsinin qəhrəmanı Xeybər, Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin qəhrəmanı Novruzəlinin protoobrazı kimi qəbul edilir. Professor Şirindil Alışanlı "Novruzəlinin qan qardaşı Xeybər" məqaləsində yazır: "Xeybər Novruzəlinin bir əsr sonra dünyaya gəlmiş qan qardaşıdır. Novruzəli başqa bir zamanda yaşayırdı, Mirzə Cəlil bu dünyanın ağrılarını təkmilləşmədə, inkişafda, intibahda axtarırdı. Çıxış yolunu ictimai-mənəvi tərəqqidə axtarırdı. Orxanın Xeybəri isə paradokslarla dolu bir gerçəkliyin qəhrəmanıdır". Orxan Fikrətoğlunun "100 ilin kitabı" da Mirzə Cəlil Məmmədquluzadənin felyetonları ilə müəllifin publisist yazılarının birgə yer aldığı mozaik bir topludur. Belə bir nəşrlə yazıçı müasir Azərbaycan ədəbiyyatında mövqeyini simvolizə etməyə çalışmışdır. Cəlil Məmmədquluzadənin 100 il öncə söylədiklərini, bu gün Orxan Fikrətoğlu söyləyir, Mirzə Cəlil mətnini Orxan Fikrətoğlu mətni davam etdirir, Novruzəlinin oxucusu Xeybərin oxucusu ilə görüşür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
