Qədim yunan şairi Horatius öz əsərinə: "Haydı, get, sən artıq mənim deyilsən!", - deyə xitab edirmiş. Yəni yazılan əsər artıq onun deyil, hər kəsindir. Şairlər çoxdur. Və onların işi şeir yazmaqdır. Lakin nə şairlər bir-birinə bənzəyir, nə də yazdıqları şeirlər. Bu gün haqqında bəhs edəcəyimiz Azadə xanım Novruzova da həm şair olaraq fərqlidir, həm də yazdığı şeirləri ilə. Düşünürəm ki, "Ovunmayan həsrət", "Sən mənim ağ kitabım" adlı əsərlərini xalqın ixtiyarına verən Azadə xanımın yaradıcılığı haqqında söz demək hüququmuz var.
Hər yaradıcı insan öz doğulduğu, böyüdüyü mühitin övladıdır, - deyirlər. İstedadlı şair-publisist Azadə xanım Novruzova Qarabağ mühitinin övladıdır. Azərbaycanın qədim zəngin tarixi keçmişə malik olan Zəngəzur mahalında, Şəki kəndində anadan olub. Uşaqlıqdan saza, sözə sevdalanıb.

Uşaqlıqdan saza, sözə mehr-məhəbbətlə böyüyən, "Başsarıtel"in, "Ruhani"nin ecazında ruhu, bəlkə min yol ərşi-fərşi dolanıb-gələn, sözün və sazın sehrinə, ovsununa bələnən Azadə xanımın şeiriyyəti də gücünü Haqdan alıb. "Yerlə-göylə əlləşib, sevib-sevilib, öz-özünə küsüb-barışıb, özünü yada salıb, təkrar-təkrar yazıb-pozub, susub, danışmayıb". Bəlkə elə ona görə qələmə sevdalanıb. Susub danışmadıqlarını, kimsəyə anlada bilmədiklərini, yerlə göy arasındakı "spiritual" ruhani duyğularını sözlərə pıçıldayıb:
Sən hardan biləsən....
Küsüb öz-özünə barışmaq nədir?!
Susmaq...
danışmamaq nədir?
Özünü yada salmaq
təkrar-təkrar yazmaq, pozmaq
ürəyi durmamaq nədir?
Yerdə göylə, göydə yerlə əlləşmək
Sevmək, sevmək, sevmək nədir?
Allahın evində birdən...
Səndən darıxmaq nədir?
Üzü göylərə olan, ruhu yerlə göy arasında dolaşan şairə bəzən özünü yerdə qərib hiss edir, təkliyin sonuna varmaq istəyir: "Qəribəm, qalmışam yer-göy arası / Çək apar, təkliyin sonuna məni". Qeyd edək ki, "təkliyin sonu", çoxluğun vəhdətidir. Bizə əmanət verilən ruhumuzun (zərrənin) vaxtı gələndə mütləqə qovuşacağını bilənlər üçün yer həyatı müvəqqətidir. Əbədi məkan ruhumuzun aid olduğu yerdir. Azadə xanımın şeirlərindəki yolçuluğun ünvanı yerlə göy arasıdır. Şairlər üçün Yerlə Göy arasında nələr yoxdur ki... Yerin Göyü, Göyün Yeri var. Göylər aləmi əngin mavi səması, Günəşi, Ayı, ulduzları ilə möhtəşəm gözəlliyə büründüyü halda, Yerdə sonu bitməyən nağıllarla, sınaqlarla, imtahanlarla dolu bir həyat var. Bu həyat "Yeri-göydən, göyü-yerdən asılı dünyanın, gecə-gündüz davasıdır. Bu həyat insanların kəndirini kəsənlərin və insanları kəndirdən alanların "ağ qoçla qara qoçun" savaş meydanıdır: "Nəhayətdə ağ qoçu qara qoçun yenən.../ Quyuda kəndiri kəsilən Yusifin gerçək nağılı,/Sonun bilmədiyin eniş-yoxuşdur bu həyat".
Ağ-qaradan ilmə-ilmə toxunub
Yeri-göydən, göyü-yerdən asılı dünyanın
gecə-gündüz davasıdır bu həyat.
Sınaqdır, imtahandır, görkdür bu həyat.
Sirr dolu ehram
Vardan-yoxdan ün-səda.
Küllün təki
Haqdan paydır bu həyat.
Alman filosofu İ.V.Höte yazır ki, "İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər". Şeirlərində "Gözünü yumub, mənəvi dünyasına boylanan" Azadə xanım bir çox şeylərə açıqlıq gətirir. Şairənin "Bir qırmızı çiçəyə dönüb, yavaş-yavaş solan" quşa dönüb uçan ruhu dünyanı, sonu olmayan göyləri dolaşır:
Gözümü yumub,
İçimə boylanıram.
Bir qırmızı çiçək oluram,
Yavaş-yavaş soluram.
Gedirəm, elə hey gedirəm axırıma,
Bir dağın başında quş oluram.
Uçuram, elə hey uçuram.
Göylərin sonu yox,
Göylərdə heç kim yox.
Maraqlıdır, "Göylərin sonu yox./Göylərdə heç kim yox", - ifadələri ilə nəyi demək və ya nəyi görmək istəyir? Məlumdur ki, "hər şeyin bir kölgəsi var, heçlikdən başqa". "Ruhun ruhu" olan insan sonsuz göylərdə uçur, uçur, onu göylərdə axtarır. Gah "Ümmanda bir zərrə işıq olub /Yanır, yanır..., /Elə hey yanır, gah da "Uca bir dağ olur".
Gün çıxır, gün batır,
Dağ kimi əriyirəm...
Allah oluram.
Gözümü açıram,
Hər şey yalan olur...
Yenə adam oluram.
Azadə xanımın yağışla əlaqəsi, yağışa müraciəti o qədər səmimi və içdəndir ki... Azadə xanım da yağış kimi "yerlə göy" arasında gedib-gəlir. Onun ruhu yağış olub göylərə baş çəkir, bəzən Allaha üz tutur: "İçimə bir leysan tök", - od tutub yanan içindəki yanğını söndürmək üçün. Bu istəkdə bir başqa məqam da var. "Lirik mən" içində ölən sevgisinə yas tutmasını istəyir. Öləni oxşayarlar. Öləni ağlayarlar. Öləni gömərlər. "Bu kimsəsiz ölünü" oxşaması, ağlaması üçün aman Allah, - deyə fəryad edən "lirik mən" içinə bir leysan tökməsini" və "içində ölən sevgini oxşayıb ağladıqdan sonra elə oradaca gömməsini" istəyir. İçindəki sevgini öldürsə də, "qırmızı məzarında, / qırmızı yuxularının qırmızı sonu" kimi uyumasını arzu edir:
İçim od tutub yanır, Aman Allah,
İçimə bir leysan tök.
Bir sevgi ölüb içimdə,
Onu sən oxşa, onu sən ağla.
Oy qəlbimi, elə ordaca göm
Bu kimsəsiz ölünü,
uyusun qırmızı məzarında,
qırmızı yuxularımın
qırmızı sonu.
Əslində, "Poeziyada su - hikmət qaynağıdır və həmişə adı çəkilməyən yerlərdə bitir". Filologiya elmləri doktoru C.Yusifli yazır: "Belə də demək olar bəlkə: poeziya, əslində suya danışılan yuxu kimidir, yuxunu suya onu ürəkdən çıxarmaq, xeyir olanların cərgəsinə qoşmaq naminə danışırlar. Poeziya həm də yuxunun üzünə çilənən su kimidir".
Mövlana nə gözəl demiş: "Buludlar ağlamasa, yaşıllıqlar necə gülər". Yağışın yağması, buludun ağlaması təbiətə gülüş, bərəkət bəxş edir. Bəzən də insan bulud kimi dolur, sevdiyi, yaşadıqları "iki damla göz yaşına dönür". "Gözləri dolan "lirik mən" gözlərini sıxmaq istəyir, ancaq haraya? Onun "iki damla" dediyi göz yaşının miqyası o qədər böyükdür ki, "dənizə sıxsa, gəmilər boğulacaq",/ "balıqların donu daralacaq", / dərya yetim ayrılıqlar doğacaq, / küçələrin gözlərindən / həsrət-həsrət baxışlar boylanacaq,/ Qəhər tıxanacaq boğazına/ yosunlar dolaşıq düşəcək, /telləri əlçimlənəcək dalğaların, /qağayılar sərgərdan olacaq, /özgə ellər Vətən olmur, qaçqın uşağa". "İki damla" dediyimiz göz yaşında nələr var, nələr... Vətənsiz qaçqın uşağın yaşadığı vətənsizlik, həsrət, ayrılıq, yurd, "fərsiz oğullar, kəsərsiz noğullar", "solan çiçəklər", "bal yığa bilməyən arıların" dərdi və sairə:
Vətən yarımır naxələfdən oğul doğanda,
noğullar kəsərsiz olur
oğullar fərsiz olanda.
Arılar bal yığammır
çiçəklər solanda.
Yağış ol, ələn üstümə,
quruyum
gün çıxanda.
"Lirik mən"in "Yağış ol, ələn üstümə, / Quruyum gün çıxanda", - istəyində bu qədər dərd-sərdən arınmaq, silkinmək məqamı durur. "Üstünə ələnən yağışa qoşulub ağlamaq, islanmaq-yuyunmaq, yüngülləşmək, "dənizlərə sığmayan "iki damla göz yaşını" yağışın sularına axıtmaq istəyir".
İngilis şair və rəssamı Bleykin belə bir fikri yadıma düşür: "Göl suyu toplayır, bulaq paylayır". Şairənin şeirlərində "payladıqları" ərş-ilə fərşi dolanıb gələn ruhunun topladıqlarıdır. Mövzu dərin, şeirlərdə toxunulacaq məqamlar çoxdur. Bunların hər biri ayrı-ayrı məqalələrin mövzusudur.
Yazımızı gözəl şeirləri ilə ruhumuzu sevindirən Azadə xanıma müraciətlə sonlandırmaq istəyirik. Qələminiz ancaq gözəlliklərdən yazsın! Yolunuz uğurlu olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
