Tarixdən dastana axının Sadıq Kamal Tural duyarlılığı - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Mövzuca miqyaslı, ideya-məzmunca dərin araşdırmaları ilə türkologiyanın ən qədim qatlarından gələrək, ən müasir problemlərinə nüfuz edən böyük elm xadimi Prof Dr. Sadıq Kamal Turalın həm ayrı-ayrı məqalələri, həm də bir toplu olaraq türk dünyası oxucularına tanış "Tarixdən dastana axan duyarlılıq" kitabının altıncı nəşri yeni əlavələrlə yayınlanmışdır. "Dəyərli eşim Nihal Dicləyə" epiqrafı ilə işıq üzü görən kitabın elmi redaktoru Prof. Dr.Sərab Daşdəmir "Tarixçi gözü ilə redaktorun pəncərəsindən" adlandırdığı çox anlamlı (və təsirli) Ön sözündə yazır: "Sadıq K.Tural xoca keçmişə nəzər salarkən, doğru olanı görmə və göstərməyə cəhd edən ziyalıların öndə gedənlərindən biridir... Sadıq xocanı tanıyanlar onun bütün kitablarında ilk nəşrdən etibarən həmişə ən azı bir neçə yazı əlavə edilib, irəliləyən nəşrlərdə bir-iki yazının da çıxarılaraq oxucu qarşısına daim yeni, günün tələblərinə cavab verən, ancaq bir o qədər də dəyişməyən zamansız yazılarla çıxdığına şahidlik edərlər".

Elmi redaktorun bildirdiyi kimi, növbəti kitab da bu baxımdan istisna deyil. Və Sadıq xocanın keçən yüzilin 70-ci illərindən başlayan gərgin yaradıcılıq axtarışlarının necə bir məsuliyyət (və məhsuldarlıqla) davam etdiyini göstərir.

Sərab xanımın Ön sözündəki əksər qənaət, mülahizə və qeydlər uzun illərin müşahidələrinə əsaslandığına görə son dərəcə dəqiq, düşündürücü və cəlbedicidir ki, onların ən mühümlərindən biri, fikrimcə, Prof.Dr Sadıq K.Turalın özünəməxsus (və sözün müsbət mənasında təqlidə, örnək alınmaya, öyrənilməyə layiq) akademik üslubuna aiddir: "Sadıq K.Tural imzalı yayınların, kürsü çıxışlarının və ya söhbətlərin hamısında anlayışlar çərçivəsi cızmaq cəhdi görülməkdədir. Xocanın üzərində durduğu, tanıtmaya çalışdığı dörd yüzdən artıq anlayış var; israrla, dönə-dönə tanıtdığı bəzi anlayışlar var ki, onlardan ilk onu belə sıralana bilər: kültür, tarix, bilim (elm), kavram (anlayış), yöntem (metod), ədəbi əsər, şəxsiyyət, milli kimlik, bilmək-öyrənmək ehtiyacı, anlatmaq ehtiyacı. Anlatmaq ehtiyacı anlayışı Onun ədəbiyyat əsərlərinə metodoloji yanaşmanın və ictimai hadisələrin təhlilinin açarı funksiyasını daşıyır".

Ön söz müəllifi bizi inandırır ki, Sadıq K.Tural xoca sözügedən kitabında "oxucunu təməl anlayışlarla tanış etdikdən sonra artıq sadəcə Türkiyədə deyil, bütün türk dünyasında tarixdən dastana axaraq ilk atadan bu günə türk millətinə xidmət edənləri də bu yolçuluğa dəvət edərkən bir şölən havası içində sadəcə tarixdən dastana deyil, Türk Cümhuriyyətləri arasında da bir sərhəddən digərinə axır, adətən fiziki hüdudları aradan qaldırıb bir bütün olaraq oxucuya təqdim eləmək bacarığı göstərir".

Kitabın altıncı nəşrində iyirmi il əvvəlki beşinci nəşrinə mənsub giriş olduğu kimi saxlanılmışdır ki, bu, yalnız Sadıq xocanın deyil, türkoloji ədəbiyyatşünaslığın da yaradıcılıq tərcümeyi-halı üçün əlamətdar hadisədir. Və bir də ona görə türk dünyasının bu günü qədər gələcəyini də anlatmağa qadirdir ki, "hökm"lərini sadəcə düşünərək deyil, həm də bu düşüncələrdən ilhamlanaraq verir: "Bu gün dünyada 200 milyondan çox insan "Türk Ata" adlı kişidən törəyib gələn əhalidən ibarətdir. Bu əhalinin siyasi birlikdən ibarət olması, tək bir dövlət təşkil etməsi nə lazımdır, nə də əhəmiyyətli... Türk mənşəli xalqlar, atalarının keçmişdə yaratdığı dəyər və davranışlar ilə insanlığa bəxş etdiyi şəxsiyyətləri tanımaq üzrə keçmişə nəzər yetirərlərsə, orada kültür diriliyini gücləndirən oxşarlıq bulağını tapacaqlar".

Və bu "hökmlər" "zamanın əlindən tutaraq" "bilgələrin yolu" ilə yürüyən bir Müdrikin kəlamlarıdır: "Bizlər dilcə bir, kökcə bir, dincə bir olmamız gerçəyini bir böyük miras sayırıq: hürr, müstəqil, mötəbər, sülhpərvər türk dövlətləri kimi yaşamağı reallıq sayırıq". O Müdrikin ki, öz köklərini çox-çox keçmiş zamanlardan - özü demişkən, "qam, mürşid, sufi, vəli-övliya, ata, əmrə, abdal, dərviş, dai, baba, dədə-baba, şeyx, abız, şeşen, porhan, baxşı-baxşa və ata-saqun"lardan alır.

Kitab müəllifinin "tarix", "dastan" və "duyarlılıq" (həssasiyyət) anlayış-konseptləri barədəki özünəməxsus düşüncə-təsəvvürlərini irəlidə hər bir mövzu üzrə daha aydın göstərməyə çalışacağıq. Hələlik isə onu ayrıca qeyd etməyə ehtiyac var ki, S.K.Tural o klassik elm adamlarındandır ki, öz terminologiyasını özü müəyyənləşdirdiyindən onun mülahizə, fikir və qənaətlərini "necə gəldi" alıb anlamaq və ya izah eləmək mümkün deyil. Kimin üçün, deyə bilmərəm, amma Sadıq xoca üçün "anlayış" "hökm" qədər prinsipial, birmənalı və həlledicidir.

"Tarixdən dastana axan duyarlılıq" dörd bölmədən ibarətdir ki, onun birincisi "Keçmiş - ortaq yaddaşdır" adlanır. Burada "Tarix anlayışı ətrafında mühakimələr", "Anlatmaq ehtiyacı və ya qissə növünə dair" və "Qəhrəmanlıq nədir? Kimdir qəhrəman?" mövzularında geniş müzakirə açılır. Ən önəmlisi isə budur ki, Sadıq xoca hər bir "hökm"ündə opponent yox, həmfikir, həmrəy axtarır... Və bu ideya-məslək əməkdaşlığını da elmə məlum olan ən qədim dövrlərdən bəri özünü təsdiq etmiş obyektiv qanunauyğunluqlarda tapır.

 

Əlbəttə, "Tarixdən dastana axan duyarlılıq" müəllifinin anlayış-konsept həssaslığından irəli gələn əsas vəzifəsi, ilk növbədə, "tarix" və "dastan" məfhumlarına izah verməsidir. Belə görünə bilər ki, həmin məfhumlar artıq çoxdan izah olunmuşdur, xocanın interpretasiyalarından isə belə bir həqiqət meydana çıxır ki, "tarix olan"la "tarixi olan" arasında kəskin fərq var. Ancaq ondan əvvəl ümumən "tarix" anlayışını nəzərdən keçirərkən çox ciddi bir dil-təfəkkür problemi ilə qarşılaşırıq: "Bir toplum duyğusunu, xəyalını, düşüncəsini və bunların birləşməsi olan fikirlərini öz dilinin anlayışları ilə ifadə etmirsə, milli varlığı istismara açıqdır". Və bunun ardınca təkzibi mümkün olmayan belə bir gerçəklik ifadə edilir: "Anlayışlardan biri olan yaxın, uzaq və çox qədim zamanlara aid keçmiş bilgisinin adı türkcə deyil. Anladanın yaşadığı zamandan öncə gerçəkləşmiş olaylara, insanlara, vəziyyətlərə aid keçmiş bilgisi sayılanları ərəbcədən aldığımız tarix anlayışı ilə adlandırırıq... Hansı cür maraq sırası ilə bağlı olursa-olsun, keçmişdə olmuş, yaşamış, yaşanmış olay, varlıq və vəziyyətlərə tarix deyilir".

Bu isə ona işarədir ki, türkcədə "tarix" anlayışının (və sözünün) ərəbcədən alınması hər halda tarix şüurumuzun bütövlüyünə, milli keyfiyyətinə müəyyən təsir göstərmək, əgər belə demək mümkünsə, xələl gətirmək imkanına malikdir. Lakin anlayışın bütünlüklə formal xarakter daşıdığını, söz-terminin olmasa da, onun arxasında dayanan anlayış-mənanın "türkcəliy"inə şübhə olmadığını düşünənlər də vardır.

"Duyarlılıq" müəllifinin fikrincə, "bəlgənin, ortaq ağlı təmin edən bilginin yaratdığı tarixi olan anlayışına girən olay, vəziyyət və şəxsiyyətlər tarixçinin, doğrudan da, ixtisas sahəsidir; mifin, dastanın, əfsanənin, nağılın və qissənin verdiyi bilgilər isə tarixləşməyə bağlı olmaqla birlikdə gerçəkləşmiş keçmiş bilgisidir". Bununla belə "tarix bilgisi və / və ya tarixi gerçəklik sayılan bilgilərin çoxçeşidli qaynaqları vardır; tarixçi geriyə doğru getdikcə bir yanı vəhy səciyyəli qaynaqlardakı qissələrə, bir yanı miflərə, dastanlara, əfsanələrə və nağıllar ilə mənqibələrə əks olunmuş bilgilərə dayanmalı olacaqdır". Və heç şübhəsiz, tarixçinin hər hansı bir subyektiv təsir altına düşməkdən qaçması, ibrətlilik göstərməsi "nəyi, nə üçün, necə və nə zaman etməyəcəklərini bilərək şüurlu davranması tələb edilməkdədir.

Həm ədəbiyyatçı, həm də tarixçi təfəkkürünü ən yüksək səviyyədə mənimsəmiş müəllif yazır:

"Türk kökənli topluluqlara mənsub olan etnogenetik kodlar ilə mədəniyyətə aid anlayış və bilgilər ən qədim təhkiyəli mətnlərdədir. Bu mətnlər ən qədim zamanlardan 1700-cü illərə qədər olan insan və hadisələri ard-arda gerçəkləşdirərək əks etdirməkdədir. Mif, dastan (epos), əfsanə (lejand), nağıl (tale) və məddah hekayəsi adlı və ya səciyyəli mətnlərin quruluşunda, sosioloji, filoloji dəyişmə və çevrilmələr də, bədii təfəkkür və tarixilik də tapılmaqdadır".

Və əlavə edir ki, "Qurani-Kərim"də yer alan qissələr tarixin ortaya çıxmasına imkan verməz; vəhy səciyyəli qissələr kinayə, məcaz, təlmih və xüsusilə, istiarələrlə bəzənmiş "hikmət" bilgisinə vasitəçilik etməkdədir".

Bu mühakimə-mülahizələrin yekunu olaraq Sadıq xoca göstərir ki, "cəmiyyət üzvlərinin oxşarlığını qoruyub saxlayan, onlara aidlik və mənsubluq qazandıran kod bilgiləri, mədəni genlər bioloji genlərdən daha çox önəmlidir".

"Tarixdən dastana axan duyarlılıq"da müəllif işlətdiyi bütün anlayışları "yenidən kəşf etmək" kimi öz tədqiqat üslubuna məxsus bir intellektual-analitik ehtiyacla "duyarlılığ"a da aydınlıq gətirməkdədir:

"Duyğu çeşidlərinin, xəyal növlərinin düşüncə imkanlarının hərəkətə gələrək bioloji, psixoloji reaksiyavermə, mövqe qazanma vəziyyətinə duyarlılıq deməliyik. Həzz və kədərin sarsıtdığı insan "ölçüsü və kriteriyaları adama məxsus olmaqla duyarlılıq (həssasiyyət) səciyyəli inikaslarda mövcud olmaqdadır".

Xalq yaradıcılığının keçdiyi zəngin inkişaf yolunu göz önündə canlandıran müəllif onu da əlavə edir ki, "istər tarix olan, istərsə də tarixi olan bəzi anonim əsərlərin yaşayaraq bu günə qədər gəlməsinin səbəbi insanlaşdırıcı dəyər, duyarlılıq və davranışlarla bəzənməsidir".

Bölümün sonunda "qəhrəmanlıq nədir, qəhrəman kimdir?.." sualına mötəbər, ruhu bədəndə oynadan cavablar verilmişdir ki, bunlardan biri də belədir: "Qəhrəman zamanın, məkanın, şərtlərin əlindən tutub Allahın və Ata ruhlarının istədiyi yöndə, yaxşıya, doğruya, sülhə, şərəfə aparmağı mənimsəyən, getmək istəyənlərə öndərlik və ya yoldaşlıq edən insandır"... Və təbii ki, xalq ədəbiyyatı da öz ilhamını, ilk növbədə, onlardan - alplardan, batırlardan, cigidlərdən alır...

"Şüurun sözə əmanət edilməsi" adlı ikinci bölmə tarixlə ədəbiyyatın əlaqəsini əks etdirən çox maraqlı, eyni zamanda mövzunun metodoloji mahiyyətini ortaya çıxaran məsələlərə həsr olunmuşdur: "Tarixdən ədəbiyyat əsərlərinə", "Milli dastanlarımıza dair", "Tarixin romanlaşdırılması", "Təhkiyəli əsər və tarix", "Tarixi gerçəkliyin ədəbiləşməsinə dair notlar", "Tarixin ədəbiyyat əsərində inikası", "Mif, tarix, roman və Nurməmməd oğlunun əsərinə dair".

Bu məsələlərin hər birinin şərhində Sadıq K.Tural, ilk növbədə, ədəbiyyatçı, sonra tarixçi, daha sonra isə filosofdur. Bir çox hallarda isə onun sosioloq istedadı istənilən araşdırıcı üçün çox böyük hünər sayılacaq həmin məziyyətləri arxa plana keçirir. Və "Tarixdən ədəbiyyat əsərlərinə" məqaləsinin müəllifi sözünə belə başlayır: "21-ci yüzilin bayırındakı dünyanın qarşısında dayanan sosio-kültürəl məsələlər üçə endirilə bilər: gəlirlərin bölüşdürülməsində bərabərsizliyin doğurduğu rifah paylaşma fərqliliyi; yazılı və görüntülü yayım və yayın, orqanlarının böyük bir qisminin reytinq adına uyum (ahəng) və qaydalar düzənini tapdamaqdan çəkinməməsi; bu iki olumsuzluqla birgə, dövlətlərin "üst kimlik" anlayışını yetərincə qorumamaları nəticəsində zehniyyətlərin mikro millətçiliyə çevrilməsi..." Bu doğru qənaətə dayanan genişmiqyaslı elm adamı sözünün davamında yazır: "Türkiyə Cümhuriyyəti Dövlətinin vətəndaşlarının üst kimliyi "Türklük"dür. "Türklük" üst kimliyi tarixi təcrübələrin nəticəsidir. Bu yeni dövləti quran Atatürkün üst kimliyin "Türklük" olduğu məsələsini həm "Dövlət"in adına, həm də başda Onuncu İl Nitqi olmaqla, bütün çıxış və davranışlarına yerləşdirdiyini görürük".

Öz tarixinin ona verməli olduğu bilgiyə yiyələnmək, onu şüura çevirməkdən bu və ya digər dərəcədə imtina edən xalqların, cəmiyyətlərin gec-tez başqa mədəniyyətlərin təcavüzünə məruz qalacağını xatırladan müəllif yenidən bir millətin "şah əsəri" olan dövlət üzərinə gəlir: "Tarix bir xalqı bütünləşdirir, tarixi təcrübəyə əsaslanan bir Dövlət qurmağı bacaran və bu dövləti yaşatmağı bacaranlar isə zamanın alqışladığı millətlər olacaqlar. Bu nəticəni əldə etmək üçün elm, sənət, din, fəlsəfə araşdırmalarının verdiyi hökmlərin idarəçi, siyasətçi və əlaqələndiricilərə çatdırılması kifayət edəcəkdir".

"Duyarlılıq" müəllifi millətin mənəvi dövlətini onun maddi dövlətindən heç də az əhəmiyyətli saymır. Və hətta maddi olanla mənəvi olan arasındakı münasibəti bir millətin tarixi (və taleyi)ndəki rolunu formulə edərək yazır: "Maddi dövlət ilə mənəvi dövlətə - qüvvəsini bir-birindən alan bir birlik və bərabərliyə yetişdiyi gün milli dövlət anlayışı gerçəkləşmiş olur".

Əsərdə həm xalq, həm də divan ədəbiyyatında dastanın nə mənaya gəldiyi, hansı ideya-estetik məziyyətlər daşıdığı qeyd olunduqdan sonra "milli dastanlar" mövzusu üzərində xüsusi dayanılır. Çünki "bu cür dastanlar bir millətin ruhundan çıxmış olub milli mənliyi əks etdirirlər. Bu arada dəyərlər sistemi (din, örf-adət) ilə yurd etdikləri yerlər, müharibə elədikləri yer və millətləri anlatması baxımından bir çox elmə yardım göstərirlər... Dastanların hamısında bir milliyyətçilik vardır".

Türk etnosunun, demək olar ki, bütün mədəni simasını, xarakterini, dünyagörüşünü bir mənbədə birləşdirib zamanın sınaqlarından keçirə-keçirə bu günə qədər gətirən "Oğuz Kağan" eposu haqqında deyilənlər, dastanda milliyyətçiliyin nə demək olduğunu ən yüksək səviyyədə olduğu qədər də, ən aydın dillə izah etməkdədir: "Oğuz Kağan" dastanında cahangirlik idealı, türklərdəki təşkilat və qayda-qanun fikri ən parlaq cizgilər halındadır. Məzmun bir millətə aid olduğundan dastanın bütün ünsürləri də müştərək duyğu və zəkanın, qısaca milli mənliyin ifadəsidir. Bir dastandakı motivlər imanın, əxlaqın, ruh, həyəcan və yaradıcı zəkanın və digər qiymət hökmlərinin ifadə olunması baxımından millət həyatının üst quruluşunu; yemə, içmə, geymə, əkinçilik və sənətkarlıq qolları və oxşar ünsürləri ilə də alt quruluşunu təzahür etdirir".

Sadıq K.Turalın dastanlarda milliyyətçilik, yaxud milli dastanlarla bağlı apardığı bir müqayisə də, fikrimcə, dastanın bir xalq, millət üçün dəyərini anlamağa ideya-metodoloji yardım göstərir: "Türk dastanlarında mütləq hürriyyət eşqi, "alp"lıq, sözdən dönməmək, dürüstlük, qonaqpərvərlik, yardımsevərlik kimi mədəniyyətin təməl daşları vasitəsilə milli xarakterimiz sərt cizgilər halındadır. Bunun qarşılığı olaraq Odisseya dastanında büt-tanrıların belə qarışdığı hiylə və yalan göylərə çıxarılır; zövq, əyləncə və sərxoşluq o millətin xarakteri olaraq dastandakı yerini tutur".

Xocanın araşdırıcı-mütəfəkkir üslubuna xasdır ki, eyni mövzu-anlayışı müxtəlif baxış bucaqlarından hər dəfə yeni gözlə dəyərləndirməklə onun mükəmməl obraz-mücəssəməsini təqdim etmiş olduğuna inanana qədər gedir. Və Dastanın növbəti dəyərləndirilməsi göstərir ki, "Milli Dastanlar tam bir tarix deyildir, ancaq nağıl kimi dəyərləndirilmələri də, əgər arxasında bir niyyət yoxsa, doğru olmaz... Dastanlar sonradan xəyal gücünün şəkilləndirib epikləşdirdiyi bir tarixi həqiqətə dayanır".

Tarixin ən doğru-düzgün biçimdə bədii-estetik əksini tapdığı dastanın müasir ədəbiyyatın roman yaradıcılığı üçün örnək olduğuna şübhə etməyən S.K.Tural bu növdən bir sıra əsərləri təhlil etdikdən sonra ümumən tarixi roman müəlliflərinə (və bu dəfə ədəbiyyat tənqidçisi kimi) belə bir haqlı tövsiyə verir ki, sözügedən əsərlərdə a)coğrafiya və məkan, b)dil-üslub və c)geyim-keçim tarixi-etnoqrafik gerçəkliyi əks etdirməkdən kənarda qalmamalıdır. Doğrudan da, coğrafiyası (məkanı), dili-üslubu və geyim-keçimi ilə özü-özünə yad olan bir Zaman (Tarix) bu günün oxucusunu necə təsirləndirə bilər?

Kitabın bu bölməsində, fikrimcə, ümumən Tarix, o cümlədən də, Türk Tarixi üçün çox önəmli olan bir problemə diqqət çəkilir; qeyd edilir ki, "üç yüz il öncə tarix səhnəsində adları, yerləri, dilləri, mədəni mirasları tapılmayan xalqlar tək-tək müstəqil dövlətlər oldular, hətta müstəmləkəçilik baxımından yarışa girəcək qədər önə çıxdılar. Onların bu mövqelənməsi qarşısında Türk Atadan doğulduqlarını, eyni kökdən gəldiklərini unudan cəmiyyətlər həm bir-birinə zərər verdilər, həm də öz mədəniyyətlərinin DNT-sini təşkil etmiş oxşarlıqlarını var edən dəyər və davranışlara qarşı sayğısızlıq, sevgisizlik və əlaqəsizlik göstərdilər".

Mənə elə gəlir ki, strateji səciyyə daşıyan bu mülahizə problemin hələ yalnız üzdən müəyyən cizgi-ştrixlərini verir. Onun daha dərindən, daha prinsipial yönlərdən araşdırılmasına (və təbii ki, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən türk xalqı/xalqları tarixində özünü göstərən kataklizmlərin səbəblərinin elmi əsaslarla öyrənilməsinə!) böyük ehtiyac duyulmaqdadır... Bu da bir duyarlılıq!..

"Kültürümüzün əski coğrafiyası, əski qaynaqları" bölməsi zahirən bir- birindən fərqli mövzulardan bəhs etsə də, onları daxilən, ruhən bağlayan cəhətlər kifayət qədərdir: "Dünyanın ortaq dəyərləri, yaxud ortaq dəyərlər dünyası", "Sadıq Turalın Manas - 1000 toplantısında açılış nitqi", "Manas" dastanı mövzusunda nə işlər görülməlidir?", "Bir oyanış təmsilçisi: Dr.Baymirzə Hayit", "Hürriyyət və demokratiya aşiqi", "Bir elm adamı: Dr. Baymirzə Hayit", "Novruz gələnəyi və türklərdə Novruz" və "Güllü Yoloğlunun əsərinə giriş".

İlk üç yazı qırğız türklərinin, eləcə də bəzi digər türk tayfa və xalqlarının bədii-tarixi yaradıcılıq abidəsi olan "Manas" eposuna həsr edilmişdir. Sadıq Tural dünyanın həcmcə ən böyük əsəri "Manas"ı eyni dərəcədə böyük məhəbbətlə araşdırmış, onun dəyərini də məhz dünya miqyasında - dünya epos yaradıcılığı meyarları ilə vermişdir: "Epik olan bir mətnin yalnız bir adama aid xüsusiyyətləri öz strukturunda ehtiva etməsinə çox az hallarda rast gəlinir. Epik olanın drammatik quruluşu da, etnik quruluşu da içindən doğulduğu millətin xüsusiyyətlərini göstərəcək şəkildə sublimasiyaya uğrayar. "Manas" dastanı oturaq həyata keçməmiş türk topluluqlarının dövlət olmaq, müstəqilliyini qorumaq, kültürünü yaşatmağa çalışmaq mücadiləsini anladan milli dəyərlər ensiklopediyasıdır".

İstər çarizm, istərsə də sovet dövründə hakimiyyətin təzyiqləri ilə qarşılaşan, ifaçılarından naşirlərinə qədər təqib olunan "Manas", S.Turalın fikrincə, Orxon yazılarında təbliğ olunan milli mütəşəkkillik, müstəqillik ideyalarının yenidən canlandırılmasıdır. Və bu mənada Manas Oğuz Kağanın torun-törəməsidir. "Ər Manas bir şəxsiyyətdir. "Manas" dastanı bu adı daşıyan cigidin kalmıklara qarşı başarı qazandığı yerə qədər milli dəyərləri / qırğız mədəniyyətini əks etdirməklə bərabər, fərdi arzuları və qabiliyyətləri ifadə edir".

"Manas" dastanını ümumtürk epos yaradıcılığı ənənəsindən qətiyyən ayırmayan, qırğız eposunu həmin ənənənin üzvi tərkib hissəsi (və ən möhtəşəm yaradıcılıq nümunələrindən biri) kimi qiymətləndirən "Duyarlılıq" müəllifi yazır: "Fərdiyyətçiliyi əsas alan Qərb mədəniyyətinə əks olaraq türk mədəniyyəti şəxsiyyəti əsas alır; şəxsiyyət isə milləti təmsil etmək addımını atmağın, cəmiyyətin şüuraltı gözləntilərinə cavab verməyin və davranışlarıyla bir bütünlük yaratmağın nəticəsində, bir insanda qarşılaşdığımız "xüsusi", "yetkin", "örnək" quruluşdur".

"Manas"ın - qədim qırğızların hansı dövrün dünyagörüşünü əks etdirdikləri barədə söz açılarkən, ifadə olunan bu sözlər də diqqəti çəkməyə bilməz: "Manas" dastanı şamanlıq dövründə təşəkkül tapmışdır. "Gökteki Tanrı", "Ateş yükündü" ifadələri ilə andiçmə deyimləri şamanlıq inancı ilə bağlıdır... Manasın dostu və yardımçısı Kökötey xanın vəsiyyəti də, Kökötey xanın yuğu da, Manasın torpağa verilməsi mərasimi də şamanlıq və hətta A.İnana görə zərdüştlük inancının izlərini daşıyır".

Əlbəttə, "Manas"da şamanizmin doğma bir din-dünyagörüş olaraq yeri müstəsnadır, zərdüştlüyün, hətta sadəcə izlərinə gəldikdə isə, bu, ən azı ona görə rahat qəbul oluna bilməz (A.İnanın bütün elmi nüfuzuna rəğmən) ki, zərdüştlüklə (irançılıqla) şamanizm (turançılıq) həmişə bir-birinə kəskin əks qütblərdə dayanmışlar. Oda türklərin də, iranlıların da sahib çıxmağa çalışması onların haradasa eyni bir dünyagörüşə mənsubluğuna, yəqin ki, dəlalət etməməlidir. Od, atəş, işıq hamıya mənsubdur... "Həpimiz bir Günəşin zərrəsiyik" (A.Şaiq)...

"Duyarlılıq" müəllifinin istənilən türk xalqının dil, ədəbiyyat, incəsənət və ümumən mədəniyyət dərsliklərinin ilk səhifələrinə epiqraf kimi yazılmalı çoxlu mühakimələrindən birinə də müraciət etmədən keçinə bilməzdim: "Kimsəni hürkütmədən və qısqanclıq oyandırmadan söyləyə bilərik ki, dünyanın ən böyük mətninin sahibi olmaq şərəfi və öyüncü öncəliklə qırğız soydaşlarımıza, təbii ki, sonra da türk soylu xalqlara aiddir. Canlılar ailəsi üçün də keçmiş bilgisinə və şüuruna sahibolma yalnız insana məxsus bir haldır; həm də sıradan insanlara deyil, ruhca yüksək, zəkaca irəli insanlara və insan cəmiyyətlərinə... Keçmişi anlamlı bir duyarlıqla gündəmə gətirməyənlərin gələcəyin gündəmində olması çətindir".

Sadıq K.Tural göstərir ki, türk xalqlarının daha qədim tarixləri müəyyən mənbə məhdudluğu üzündən əlçatmaz olsa da, onları birləşdirən üç ünsürün mövcudluğu şübhəsizdir:

"Birincisi, XII yüzilin sonuna qədər ortaq türkcənin hakim olması...

İkincisi, XI yüzilin başlanğıcına qədər ortaq tarix bilgisi və inancına sahib olunması...

Üçüncüsü isə, eyni dinə mənsub olunması..."

Olduqca geniş bir müzakirə meydanı açacaq bu mövzulardan birinin də din olduğu görünməkdədir ki, xocanın "Duyarlılığ"ında çox böyük bir önəm daşımaqdadır. Hər şeydən əvvəl, xüsusi maraq doğuran müddəa bundan ibarətdir ki, "türk müsəlmanlığı həm ərəb və fars müsəlmanlığından tamamilə başqa bir yöndə yaşayışa dönüştürmənin, həm də daha öncəki həyatlarına dair inanış və həyat tərzlərini islamiləşdirməyə çalışmalarının nümunəsi ola bilmişdir".

Hər bir dinin hər hansı xalq, cəmiyyət tərəfindən qəbulu çox mürəkkəb siyasi, sosial və psixoloji şərtlərə əsaslanır... "Biz türklər islamiyyəti qılınc zoru ilə qəbul edən bir millət deyilik", deyən xoca şərhi cild-cild kitablara sığacaq çoxşaxəli mətləblərə toxunur ki, onlar barədə bəhs etmək, əlbəttə, bizim həddimiz deyil. Sadəcə mənsur şeir kimi qələmə alınmış bir mətn parçasını nümunə gətirməklə kifayətlənəcəyik:

"Türklər müsəlmanlığı mərasimlərin dini kimi deyil, vicdanın və əxlaqın dini olaraq mənimsədilər. Böyük din alimləri, İslam araşdırıcıları və müsəlmanlıq mütəfəkkirləri türk oğlu türk... Tamamilə təbiidir ki, hədis toplayanların ən etibarlıları türk... Təfsir elminin ən öndə gələn adlarından Zəmaxşəri türk, "Səhih hədislər" kitabının sahibi Buxaralı türk... Sofilik, təsəvvüf deyilən kəlamı fəlsəfəylə qovğa etdirmədən barışdırmağı bacaranlar türk... Əhməd Yəsəvinin sevgi sistemi... Süleyman Bakırqani, Yunis Əmrə kimi Yəsəvi dərvişləri... Mütəəsüb, öfkəli, missioner ruhlu, mərasimçi, camaatçı, təkfirçi bir anlatışdan çox daha yayğın olan ürəyigenişlik..."

Kitabın "Yol göstərən Atalardan biri: Qorqud Ata" bölməsi, adından da göründüyü kimi, bütünlüklə "Dədə Qorqud" eposuna həsr olunmuşdur: "Dədə Qorqud" mətnlərinin başındakı soylama / boylama", "Qorqud Dədəni Atanı qavramaq yolunda", "Qorqud Ata ətrafında toplaşdık", "Dədə Qorqud kəlimələrinə dair", "Dədə Qorqud dastanlarında ailə", "Bayat boyundan bir övliya: Qorqud Ata", "Prof. Dr. Kamil Vəlinin Qorqud Ata kitabının düşündürdükləri".

Mövzunu əlahiddə, əlaqəli mövzulardan ayrılmış, mücərrədləşdirilmiş şəkildə deyil, üzvi şəkildə daxil olduğu kontekstdə işləmək əvvəlkilərdə olduğu kimi bu bölməyə də aiddir. Və yaşadığımız yüzilliyə "tarix pəncərəsindən baxan" xoca görür (və göstərir)" ki, "xalqın hafizəsi ona əmanət ediləni dildən-dilə anladarkən, ya sərbəstliyini ən yuxarı pilləyə çıxararaq nağıllaşdırır, ya tarixi fövqəladilikləri yaşadaraq dastanlaşdırır, ya dini məsajlara ağırlıq verərək mənqabələşdirir, ya da anladanın da bəyənilməsini hədəf sayaraq hekayələşdirir, romanlaşdırır".

Yalnız elmi bir mülahizə (hökm!) deyil, həm də bir aforizm hüququnda olan bu sözlərdən sonra deyilir: "Tarixi sənədin və məlumatın, mötəbər tapıntı və qalıntıların ortada olmadığı yerdə xalqın duyarlılığına təslim edilən insanlar və hadisələr" qalıcı (əbədi - N.C.) olanın yaşadıldığı mətnlərə çevrilir... Bu mətnlər tarixdən dastana axan və arxasında bir cəmiyyətin vazkeçilməz dəyər, norma və davranışlarına aid duyarlılığını daşıyan dil anıtlarıdır (abidələridir - N.C.).

Çox istərdim ki, türkoloq-filoloqlar Sadıq xocanın belə bir kəlamını öz elmi-metodoloji baxış aktivlərinə daxil etsinlər ki, "türk təhkiyəsinin ən özgün yanı və ən kəndinə özgün yönü dastanlardır". Doğrudur, "tarix" kimi "dastan" anlayış-konsepti də biz türklərin yaddaşında türkcə qalmamışdır, ancaq birincisinin ərəbcə, ikincisinin farsca olması, yenə də türklər demiş, yalnız sözdür, mahiyyət, məzmun-mündərəcə məhz türkcədir.

Qorqud Atadan / Dədədən danışarkən, "Duyarlılıq" müəllifi növbəti kəşfini belə formülə edir: "Türk soylu xalqlarda anlatma, maraq, keçmişlə özdəşləşmə ehtiyacını qarşılayan mətnləri incələmək, bir yerə toplamaq, dəyərləndirmək deyil, sadəcə yaşama ünsürü saymaq xüsusiyyəti geniş yayılmışdır".

Dədə Qorqud ad-anlayışının "arxeologiya"sına varmaq, etnoqrafik köklərini araşdırmaq ona görə türkologiyanın ən mühüm vəzifələrindən biridir ki, qədim türk eposunun yeganə adı bizə məlum müəllifi, yunanlarda Homer olduğu kimi, odur - Dədə Qorquddur. "Dədə Qorqudun Altay dağları əhatəsində yaşayan bayatlar arasındakı adı Kökşin Özökön Kamdır. Kamlıqdakı bir inanışa görə, qorxuducu ruhların, adamların və ya varlıqların adları olduğu kimi çəkilməmiş, bunun yerinə "Gökşin" (göydə gəzən) sözü işlədilmişdir... İndiki bayatlar Gökşin Kamın şeirlərini dinlərkən yağmur yağdığını və güllər açdığını hiss edirlərmiş".

Tarixlə dastanı hər dəfə qarşılaşdıran, keçmişin dərkində dastanın tarix qədər etibarlı mənbə olduğuna ən azı türk mədəniyyəti çevrəsində inanan S.Tural yazır: "Tarixçinin çata bilmədiyi, etnoloqun konkret dəlil tapmadığı, antropoloqun və ya sosioloqun mötəbər vasitələrlə sübut edə bilmədiyi "keçmiş bilgisi", "tarix olan" əskiksiz, yetərli, aydınlıq, az müzakirəli elm olmaqdan çıxaraq, ortaq hafizənin biçimləndirdiyi, milli duyarlılığın formalaşdırdığı dastan halını almışdır.

Qorqud Ata boyları, ehtimal ki, 1500 ildən daha əvvələ gedir. Özü də bir qam, ağsaqqal, atabəy, övliya olan Dədə Qorqudun boyları insani əlaqələrimizdən təbiətə sayğıya qədər, hürriyyət və müstəqillikdən metod incəliklərinə qədər bir çox dəyər və davranışı bətnində daşıyan mətnlərdir".

"Dədə Qorqud" eposunun yalnız qəhrəmanlıq dastanı (bu da az önəmli bir keyfiyyət deyil) yox, eyni zamanda türk cəmiyyətinin bir ruh-mənəviyyat dərsliyi olduğu qənaətini xüsusi olaraq qabardan tədqiqatçı onun əsas "məsaj"larını beş paraqrafda təqdim edir: 1) Allaha inan, Allahını unutma; 2) əlindən, dilindən belindən əmin olunan insanlar isəniz, əxlaqlısınız - törəni, yəni əxlaqını unutma; 3) atalarını unutma; 4) dilini unutma; 5) bu yurdlara, bu torpaqlara yiyə durun. Və Dədə Qorqudu da unutmayın!

Dədə Qorqudun dastandakı missiyalarına gəldikdə isə, onların üçü ayrıca göstərilir: 1) bilici, tamam bilici olması; 2) müşkülü həll edən, məsləhətinə qulaq asılan və sözü tutulan şəxs olması; 3) ad qoymaq, insanları status və rollarını müəyyən edəcək dərəcədə tərifləmək, dua eləmək.

Xoca bir müddəasında da tamamilə haqlıdır ki, "dünyadakı heç bir dastanda qadını kişiyə bərabər tutan, qadını iffət və sədaqət simvolu sayan, qadını ailə quran və qoruyan bir yerə yüksəldən, qadını qəhrəmanlığıyla da önə çıxaran... bir örnək görülmür. "Dədə Qorqud" bir əxlaq və ailə dastanıdır".

"Tarixdən dastana axan duyarlılığ"ın hər səhifəsini çevirdikcə inanmıram ki, onun müəllifini yaxından tanıyan oxucular Sadıq K.Tural xocanın müdrik, ahəngdar və təlqinedici səsini eşitməsinlər. Bu, "Çağdaş Dədə Qorqud" ünvanlarını heç də təsadüfən almamış bir Milli Dühamızın çox-çox qədimlərdən gələn (və çox gələcəklərə gedən!) səsidir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!