Hafiz Rüstəm-75
Vaqif YUSİFLİ
Hafiz Rüstəm... Azərbaycan ədəbi mühitində kimsə bu ada laqeyd qala bilməz. Onun bir şair və tərcüməçi kimi bizim ədəbiyyatda özünəməxsus yeri var. Amma etiraf edək ki, onun çoxcəhətli ədəbi fəaliyyəti - şair kimi özünün poetik axtarışları, tərcüməçi kimi klassik Şərq poeziyası ilə bağlı çevirmələri, tədqiqat əsərləri, "Maarif" nəşriyyatındakı 27 illik redaktorluq fəaliyyəti o qədər də işıqlandırılmayıb. Təbiəti etibarilə çox sakit, bir çox haqsızlıqlara məruz qalsa da, hər növ münaqişəyə girişməyən bu adam, necə deyərlər, başını aşağı salıb ürəkdən bağlandığı işiylə məşğul olub. Həyatının ilk gənclik illəri kədərli keçib. 37-ci ilin repressiyasına məruz qalmışdı valideynləri. Ona görə də əslən Yardımlıdan olsa da, Salyanın Şorsulu kəndində yaşadı, yalnız icazə verildikdən sonra dağlar qoynuna - Yardımlıya qayıda bildi.
Yalnız repressiya dalğası ötüb keçəndən sonra Hafiz Rüstəm ADU-nun Şərqşünaslıq fakültəsinə daxil oldu. Elə tələbəlik illərindən ürəyindəki odu, alovu şeirlərinə qatdı və şərqşünaslıq elminə də öz imzasını tanıtmağa can atdı. Üstündən illər keçib, 2025-ci ildə Hafiz Rüstəmin bir şərqşünas alim - mütərcim kimi fəaliyyətini əks etdirən iki kitabı ilə qarşılaşdıq. O, böyük fars şairi Hafiz Şirazinin qəzəllərindən tərcümələrini "Qəzəllər" kitabında, XX əsr farsdilli poeziya nümunələrini "Bad-i Səba" antologiyasında oxuculara çatdırır. Amma onun tərcümələri də, Şərqin tanınmış şairlərinə sevgisi də şairliyindən gəlir.
Ona görə də öncə onun şeirlərindən söz açmaq istəyirəm.

Hafiz Rüstəmin şeirlərini bir şair ömrünün keçdiyi yolun poetik mənzərəsi kimi düşünürəm. Onun şeirlərində kəndlə, təbiətlə bağlılıq çox güclüdür. Bu duyğular təkcə həsrətdən doğmur, həm də təbiətə, kəndə böyük sevgidən doğur. Torpağı və kəndi sevmək elə Vətən sevgisinin bir parçası deyilmi? Yetmişinci illərdə yazılan "Dağlarda görüş" şeiri onun ən uğurlu şeirlərindən biri idi. O illərdən başlamışdı ana təbiətə qəsdlər, ekoloji nizamın pozulması, quruyan çaylar, kəsilən, doğranan meşələr.
Köks qəfəsindən indi aç, burax!
Çırpınan qəlbini qaranquş kimi.
Səni qucaqlasın bu göy, bu torpaq
Bir azadlıq kimi, qurtuluş kimi.
Döysün dolu səni, ya yağış səni,
İçindən ağrılar çıxıb gedincə!
Bahar qarşılasın üzü xoş səni,
Dincəlsin beynin də hər şeydən öncə.
Sığın yurdumuzun saf bucağına
Ana ağuşuna sığınan kimi.
Korun-korun yanan od-ocağına
Yiyə dur, ən nəcib bir insan kimi.
Azərbaycan poeziyasında söyüd haqqında xeyli şeirlər yazılıb. Böyük şairimiz Nəriman Həsənzadə hələ gəncliyində, əllinci illərində Araz qırağında əyilib o tayı öpən bir söyüd ağacına həsrətli bir şeir yazmışdı. Balaş Azəroğlu ona "Məcnun söyüd" adı vermişdi. Hafiz Rüstəmin "Yaşıl söyüdlərim" şeirində isə söyüdlə bağlı xatirələr dilə gətirir:
Söyüdlər, sizlərdən şıltaqlığımın
Min bir nağılı var, əfsanəsi var.
Uşaq sərtliyimin, yumşaqlığımın
Neçə silinməyən nişanəsi var.
Hafiz Rüstəmin "Bakıdan Yardımlıya səyahət" yaddaş-poeması haqqında da bir neçə kəlmə: bu poemada ulu sənətkar M.Şəhriyarın "Heydərbabaya salam" yolu davam etdirilir. Doğulduğu kənddə, onun dağına, meşəsinə, çayına, bulağına heyranlıq hissi, ağsaqqallarına, ağbirçəklərinə pərəstiş bu poemada da başlıca xətdir. Lakin təkcə Yardımlı haqqında deyil, Azərbaycan, onun tarixi keçmişi, gözəl təbiəti, yaxın otuz-qırx ilin ictimai-siyasi mənzərələri də bu poemada öz əksini tapmışdır. Və poemada ən təsirli fəsillər Yardımlının nadir təbiət mənzərələri ilə bağlıdır.
Əlbəttə, Hafiz Rüstəmin şeir yaradıcılığını təkcə bu nümunələrlə məhdudlaşdırmaq olmaz. Onun keçən il nəşr olunan "Nə çoxmuş qaranlıq, nə azmış işıq" poetik toplusunda 1968-ci ildən 2023-cü ilə qədər yazdığı şeirlərdən seçmələr toplanıb. Deyim ki, onun şeirləri həm mövzu baxımından, həm də bədii-sənətkarlıq nöqteyi-nəzərindən maraq doğurur. O, istənilən bir mövzuda yazır, amma çalışır ki, təzə söz desin. Daha doğrusu, illərin poetik təcrübəsi öz sözünü deyir. Amma təfərrüata varmıram, Hafiz Rüstəmin "Vətən" şeirindən misal gətirəcəyəm:
Ana laylasından, ana dilindən,
Qorqudun çaldığı qopuz telindən,
Şumer yazısından, Oğuz elindən,
Tarixi şöhrətdən başlanır Vətən.
Bilinmir nə ucu, nə də bucağı,
Xalqın ümid yeri, sığınacağı.
Hafizin əbədi sönməz ocağı,
Şeirdən, sənətdən başlanır Vətən!
Hafiz ərəbcə saxlayan, qoruyan, Quranı əzbər bilən adam mənalarını verir. Bu adı Hafiz Rüstəmə kim verib, deyə bilmərəm. Amma o, doğrudan da, həm bir şair, həm də tərcüməçi kimi Hafizkəlamdır. Çox maraqlı bir oxşarlıq meydana gəlir. Hafiz Rüstəm böyük fars şairi Hafiz Şirazinin vurğunudur.
"İki ad - Hafiz Şirazi və Məhəmməd Füzuli" biri farsdilli poeziyada, digəri türkdilli şeirdə. Farsdilli poeziyada qəzəlin ən yüksək inkişaf dövrü XIV əsr sayılır. Hafiz qəzəli bütün zamanlar üçün ilgi sayılacaq zirvəyə qaldırdı. Amma "gözəl qəzəl Füzulinin yolunu gözləyirmiş". Daha dəqiqi, akademik Rafael Hüseynovun söylədiyi kimi: "Qəzəl gözələ dönməkçün Füzulinin intizarında imiş". Bu qeydlər Hafiz Rüstəmin Hafiz Şirazinin "Qəzəllər" kitabına (tərcüməçi Hafiz Rüstəmdir) yazdığı geniş və əhatəli Ön sözündən götürülüb. Hafiz Rüstəm Hafiz Şirazinin 130 qəzəlini tərcümə edib və zənnimcə, bu sahədə mütəxəssis olmasam da, tərcümədəki qəzəllərin orijinala uyğunluğunu hiss edirəm. Bu 130 qəzəldə Hafiz Şirazi dünyasını, eşq aləmini, Allaha inamını görürəm:
Bu səhər oyandı bəxtim, mənə yaxın gəldi,
Dedi: "Qalx ayağa ki, Xosrovu Şirin gəldi"
Bir qədəh nuş eləyib, sonra tamaşaya çıx,
Görəsən ki, nigarımla neçə ayin gəldi.
Ey gizli ətirlənən, durma, gətir müjdəmi,
Ki, Xütəndən buraya ahu-yi mişkin gəldi.
Gözyaşıyla suvarıb birbəbir o təşnələri,
Nalə, fəryadla bizim aşiqi mişkin gəldi.
Eşidib sözlərimi bad-i səba bülbüldən
Reyhanlar ətir saçıb Hafizə təşkin gəldi.
Hafiz Rüstəmin tərcüməsi ilə "XX əsr farsdilli poeziya antologiyası" da bizim tərcümə sənətimizin yeni bir uğuru hesab etmək olar. Bu antologiyada İran, Tacikistan, Əfqanıstan, Hindistan, Pakistan, Azərbaycan və Türkiyə şairlərinin farsca yazdıqları şeirlərin tərcümələri ilə tanış oluruq.
Hafiz Rüstəmin 75 yaşını təbrik edək və sözümüzü onun Ömər Xəyyamdan tərcümə etdiyi bir rübai ilə başa çatdıraq:
Zənn etməyin, mən cahandan qorxuram,
Ölümdən, ya şirin candan qorxuram.
Ölüm haqdır... Mən qorxmuram o haqdan,
Yaxşı yaşamaram - ondan qorxuram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
