Azər Turanın "Əzəl-axır dünya Türkün dünyası" kitabının işığında
Xalq şairi Zəlimxan Yaqub haqqında çox yazılıb. Ulu öndər Heydər Əliyevdən tutmuş, görkəmli elm və mədəniyyət xadimləri, məşhur ədəbiyyat adamlarınadək Zəlimxan Yaqubun söz sənəti haqqında dəyərli fikirlər söyləmişlər.
Çağdaş ədəbi-bədii fikrinin görkəmli nümayəndəsi Azər Turan bir tədqiqatçı, tənqidçi, yazıçı və filoloq kimi çox geniş yaradıcılıq diapozonuna malikdir. Ədəbi cameədə əsasən Əli bəy Hüseynzadə, Hüseyn Cavid və Cavidlər irsinin görkəmli tədqiqatçısı kimi tanınan Azər Turan, dövrümüzün çox gərəkli mövzusu olan türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edir. Onun Mahmud Kaşğari, İsmayıl bəy Qaspıralı, Əhməd Ağaoğlu, Mehmet Akif Ersoy, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Alp Ər Tonqa, Nihal Atsız, Fazil Kısakürək, Nazim Hikmət, Orxan Vəli, Çingiz Aytmatov və digər görkəmli simalar barədə silsilə araşdırmaları Azərbaycanda və xarici ölkələrdə dərc olunub və bu tədqiqatlar geniş oxucu kütləsinin diqqətini özünə cəlb etməklə, həm də müəllifinə böyük hörmət və nüfuz gətirir, onun kifayət qədər ciddi bir yolda olduğunu sübut edir.
Bu yazıda isə mənim məqsədim xalq şairi Zəlimxan Yaqubun doğum gününü qeyd etdiyimiz günlərdə Azər Turanın "Əzəl-axır dünya Türkün dünyası" kitabından söhbət açmaqdır. Niyə müəllif bu kitabı yazmaq qərarına gəldi? Düşünürəm ki, bu, ilk növbədə, onun xalq şairi Zəlimxan Yaquba, onun şəxsiyyət və yaradıcılığına olan məhəbbətindən irəli gəlirdi. Zəlimxan Yaquba olan münasibətini müəllif, şair haqqında məqalələrindən birində belə nəql edir: "Zəlimxan Yaqubla xatirələrim qalaq-qalaqdır. Bakıda, ya onun evində, ya bizim evdə, Borçalıda - Kəpənəkçidə onun ata yurdunda, Neftçalada, Salyanda - mənim ata yurdumda, Şəkidə, Gəncədə, Basqalda, Qusarda, Tiflisdə, İstanbulda, Afyon Karahisarda... Ya Məmməd Aslanla, ya Nizami Cəfərovla, ya Nizaməddin Şəmsizadə ilə, ya Şakir Acalovla, ya Rüstəm Kamalla... Çox vaxt da ikimiz baş-başa vermişik... Bizi 1980-ci ildə Xəlil Rza tanış etmişdi. Onda mən tələbə idim. Xəlil bəy: "İgid, əmr edirəm, Zəlimxanı tanı və sev!" - demişdi. Ulutürkün əmrinə Zəlimxanın son nəfəsinə qədər əməl etdim".

Bəs kitab necə yaranıb? Kitabın yazılmasının "səbəbi" həm də onun əsas ideyasıdır. Bu haqda Azər müəllimin öz açıqlamaları da var: "Zəlimxan Yaqub barədə "Əzəl-axır dünya Türkün dünyası" kitabımı yazdım. Onu yazmaya bilmədim. Məni Zəlimxanla bağlayan tək səbəb onun öz ruhuna Qurandan və Turandan qanad taxmasıdır".
Kitabı oxuduqca müəllifin və Zəlimxan Yaqubun türkçülüyə, turançılığa bağlılığına və sevgisinə heyran qalmaya bilmirsən. Müəllifin fikirləri o qədər aydın, o qədər səlis, şairdən gətirdiyi nümunələr o qədər heyrətamizdir ki, bu ifadələr adamın içində bu məfkurəyə qarşı bir sevgi aşılamaqla, qürur hissi yaradır və sən türk olmağınla fəxarət hissi keçirirsən. Düşünürəm ki, bu kitab Zəlimxan Yaqub və Azər Turanın Azərbaycançılıq və Türkologiya elminə verdiyi böyük bir töhfə kimi dəyərləndirilməli və təbliğ edilməlidir.
Kitaba ön söz yazmış görkəmli ictimai-siyasi və dövlət xadimi Həsən Həsənov haqlı olaraq qeyd edir ki: "Zəlimxan haqqında çox söz deyilib, lakin Azər Turanın təqdim olunan əsərindəki yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Z.Yaqubun yaradıcılığı belə geniş diapozonla təhlil olunur. Zəlimxanın zamanını və sözünü türklük, islam və müasirlik işığında təhlil edən Azər Turanın qənaəti dəqiqdir".
Bu gün, müstəqil Azərbaycanın əsas məfkurəsi olan türklük, islam və müasirliyə, əgər bu üç məfhuma müasir anlamda bütövlükdə Azərbaycançılıq desək, bunlar Azər Turanın əslində havası, suyu və çörəyidir. Azər Turanın məfkurəsi ailəsindən, ailə tərbiyəsindən və böyük Əli bəy Hüseynzadədən gəlir. Sonradan oxuduqca, öyrəndikcə, eşitdikcə bu üçlüyün məna və mahiyyətini getdikcə daha dərindən dərk etməyə başlayır, özünün əsas fəaliyyətini bu amal üstündə qurmağa çalışır, ömrünün ən qiymətli vaxtını bu idealların gerçəkləşməsinə sərf etməkdən doymur. Böyük istiqlal şairi Xəlil Rza onu Zəlimxanla tanış etdiyi ilk məqamdan anladı ki, o özünə bir məslək, amal dostu tapıb, böyük bir türkçünü, turan sevdalısını tapıb. Və onunla münasibətlərinin sonrakı illərində qənaətində yanılmadığına əmin oldu. Bildi ki, Zəlimxanla "...nə yozulsa, xeyirə yozum olacaq"... Və belə qənaətə gəldi ki: "Zəlimxan Yaqubun milli əhvalı diri saxlayan təlqinləri cəmiyyətimizə çox-çox gərəkdir. Dadaloğluna ünvanladığı şeirindəki təlqinlər kimi:
Yaranı vurdular yaranın
Yeriş elədilər Turanın üstə.
Başım nələr çəkdi Quranın üstə,
Qənimim xaç oldu, ay Dadaloğlu!
...İnanıram ki, üslublar, iqlimlər və dəyərlər... dəyişsə də, əvvəl-axır dünya bizim olacaq, Turanın və Quranın olacaq dünya..." deyir Zəlimxan Yaqub da, Azər Turan da.

Azər Turan Zəlimxan Yaquba, onun yaradıcılığına onun müasirlərindən fərqli bucaqdan baxır. Bu, xalq şairinin söykəndiyi və vəsf etdiyi milli dəyərlər, türkçülük düşüncə sisteminə söykənməsi ilə bağlıdır. Azər Turanın qənaətincə, onun (Zəlimxan Yaqubun - R.G.) mənəvi, fiziki və ideoloji gücü "Saza və İrfana, Məkkəyə və Təkyəyə, Qurana və Turana, Ruha və Yaddaşa bütövlükdə istinad etməsidir. Əgər milli-mənəvi dəyərlərimizin bu əsas qaynaqlarından biri Zəlimxanın düşüncə sitemində iştirak etməsəydi... indi biz bildiyimiz, tanıdığımız Zəlimxan Yaqub hadisəsinə, yəqin ki, şahid olmazdıq". Azər müəllimin qənaətinin təsdiqi üçün Zəlimxan Yaqubun "Ruhum" şeirindən nümunə gətirmək istədim:
Turi Sinada Musadır,
Çarmıxda Həzrət İsadır.
Həra dağda Məhəmməddir,
Dolaşır Quranda ruhum.
Kitabın hər başlığı Azərbaycan, ümumən türk poeziyasında Zəlimxan Yaqub fenomeninin xüsusiyyətlərini müəllif ustalıqla açmağa çalışıb və buna bacarıqla nail olub.
Təbii ki, Zəlimxan Yaqub yaradıcılığının hər bəndinə, hər sətrinə, hər kəlməsinə son dərəcə həssas olan müəllifin kitaba daxil etdiyi nümunələrin hər biri möhtəşəmdir. Lakin bu şeir müəllifin təqdimatında sanki türk amalının himni, manifesti kimi səslənir. Bu, təkcə himn deyil, bütün türk dünyasına, türk gənclərinə bir çağırış kimi ünvanlanır və mən bu yazıda həmin şeirdən nümunə gətirməyə bilmər.
...Yaddaşında sıralansın, anılsın
Ərtoğrul bəy, Osman qazi, Orxan türk.
Yenə Tanrı dağlarını qucaqla,
Dağlar olsun səngərin, türk, arxan, türk!
Döyüşən türk, oyanan türk, qalxan türk.
Kitabda hər bir yazı, bir dastanın boyu kimi təqdim olunur. Mətnin təhkiyəsi o qədər maraqlı və oxunaqlıdır ki, sanki dastan oxuyursan. Yazılar epik və lirik formada təqdim olunur. Azər Turanın təhkiyəsi ilə Zəlimxan Yaqubun şeiri bir-birini əvəz edir. Boylar o qədər bir-birindən maraqlıdır ki, bilmirsən, hansını nümunə gətirəsən. Hər bir başlıq altında verilmiş yazı barədə bir fikir yürütmüş olsan, elə həmin kitab həcmində bir kitab alınardı. Lakin bu yazıda mən Zəlimxan Yaqubun Xəlil Rza Ulutürklə dostluğundan, onların münasibətindən, məfkurə birliyindən və bununla bağlı Azər Turanın qənaətlərindən yazmaya bilməzdim. Kitabda bu münasibətləri, müəllif "Onun Mürşidi-Kamili Xəlil Bəydi..." başlığı altında verilmişdir. Müəllif yazıya Xəlil Bəyin Zəlimxan haqqında fikirlərini epiqraf kimi təqdim edir: "Zəlimxanın nəfəsində bizim milli qəhrəmanımız Mete dilə gəlir, Türküstan dünyası dilə gəlir. Biz bilməliyik ki, Azərbaycanın guşədaşı türklükdür... Böyük salonlarda bu eşqi tərənnüm eləyir Zəlimxan. Ona görə biz Zəlimxanı təkcə bir ər kimi yox, ictimai ürək kimi tanımalı, ondan ibrət götürməliyik".
Hələ 1982-ci ildə Xəlil bəy bu sətirlərin müəllifinə (Azər Turana - R.G.) "Sənə əmr edirəm ki, Zəlimxan Yaqubu oxuyasan və onu sevəsən", - demişdi.
Yazının çox maraqlı və təsirli olmasının bir səbəbi də, həm də kövrək notlara köklənməsidir. Xüsusilə, Xəlil Rza Ulutürkün İstanbulda xəstəxanada yatdığı günlər: "Xəlil bəy İstanbulda Cərrahpaşada xəstə yatdığı günlərdə Zəlimxan "Açın ürəyimi, həkimlər, açın" adlı poema yazdı... Zəlimxan Xəlil bəyin səhhəti ilə bağlı böyük şairin İstanbul hekayətini yenə də türklük düşüncəsinin çevrəsində və təhkiyəsində söylədi... Xəlil bəyin dərdi də, dərmanı da Turandı və Turan Xəlil bəyə görə yerdən çıxan od, göydən nazil olan "Qurandı".
Sarğını, məlhəmi bir kənara qoy,
Dərdimin dərmanı Turandı, qardaş
Turan mənim üçün yerdən çıxan od,
Göydən nazil olan Qurandı, qardaş!
Azər Turan Zəlimxan Yaqub-Xəlil Rza Ulutürk ruh birliyindən elə incə məqamlara, xatirələrə toxunur ki, həmin xatirələr son dərəcə maraqlı olmaqla bərabər, həm də çox təsirlidir və mən bu xatirədən bəzi məqamları yazıya daxil etmək istədim. Zəlimxan Yaqub deyirdi: "...Xəlil Rzanın şeirlərini yaddaşımda gəzdirirdim. Zəlimxanın yaddaşında Xəlil uçurdu; od kimi, qığılcım kimi yanırdı. Xəlil Rzanın qarşısında heç kəs dayana bilmirdi. Xəlil Rza ilə mən məclislərə fateh kimi girirdik"... Və xatirənin sonu: "Caviddən gələn ənənə ancaq Xəlil Rzada davam elədi. Heç bir şairimizdə Caviddən sonra türkçülük Xəlil Rzada olduğu qədər olmadı". Mən də Zəlimxan Yaqubun fikrini davam edərək, cəsarət edib deyirəm: "Xəlil Rza Ulutürkdən sonra türkçülük, turançılıq Zəlimxan Yaqubda olduğu qədər heç bir şairimizdə olmadı".
Və mən kitabı təkrar-təkrar oxuduqca onun kökündə, məğzində Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və Azər Turan ruhunun vəhdətinin parlaq təzahürünü duydum.
P.S. Ədəbiyyatşünas alim, yazıçı-publisist Azər Turanın "Əzəl axır dünya türkün dünyası" kitabı mərhum tarixçi-araşdırıcı Nizaməddin Onk tərəfindən Türkiyə türkcəsinə çevrilmiş, Türkiyədə nəşr olunaraq, yayılmışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
