Azadlıq, həsrət və məhəbbət şairəsi - Mədinə Gülgün - Pərvanə MƏMMƏDLİ

 

Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb və Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf etmişdir. İlk şeirlərini 1945-ci ildə Təbrizdə - "Vətən yolunda", "Azərbaycan" qəzetlərində çap etdirib. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Onun poeziyası bütövlükdə xalqa, doğma Vətənə məhəbbət ruhuna köklənmişdir.

 

"Azad qız", "Həsrət", "Mənim dostlarım" "Savalanın ətəklərində" kimi şeirlər onun "yazı masası", "bir parça daş", yatağı "tozlu səngər"(B.Vahabzadə) olan yaradıcılığının erkən çağlarına aiddir. Artıq o müqəddəs vətənə sahibdir, azad dili, azad sözü var:

 

Təbriz mənim doğma yurdum,

Elə bil ki, bir cənnətdir.

İftixarla deyirəm ki,

Artıq mən də azad qızam;

nə ürəkdə nisgilim var,

Nə köməksiz, nə yalqızam.

İndi mənə ilham verən

Bir müqəddəs vətənim var...

 

Mədinə Gülgünün poeziyası vətənə olan sevgi, azadlıq arzusu və doğma yurdun həsrəti ilə doludur. Şeirlərində o, Təbrizlə Bakı arasında gedib-gələ bilməməyin doğurduğu dərin qəlb yanğısını ustalıqla əks etdirir:

 

Bir torpaq üstündə doğulmuşuq biz,

Bir qolum Bakıdır, bir qolum Təbriz.

 

Bu sətirlər onun vətən sevgisinin, o tay-bu tay Azərbaycanın ayrılığının və eyni zamanda bütövlüyə olan inamının bariz ifadəsi idi.

"Müəllifin şeirlərində ayrılıq, vüsal həsrəti, vətən nisgili dərin, inandırıcı boyalarla ifadə olunmuşdur. Bu, oradan qaynaqlanır ki, şairə ayrılıq faciəsini sadəcə bir çoxları kimi, uzaqdan-uzağa duymamış, ömründə, taleyində yaşamışdır".

İkiyə bölünmüş xalqı narahat edən, düşündürən mühüm məsələlər onun şeirlərində öz bədii əksini tapmışdır. Cənub həsrəti, vətənpərvərlik, səmimi duyğular, saf və ülvi məhəbbət bir vəhdət yaradır. Bunlar "Vətən məhəbbəti", "Yora bilməz yollar məni", "Ərk qalası", "Qurban olum", "Vətənim mənim", "Vətən məhəbbəti", "Bir övladıq, bir elik" kimi şeirlərində aydın görünür:

 

Mənim, ey dost, o sahildə

            neçə nəğməm, sözüm qaldı,

Bahar fəsli alovlandı,

            bağım, bağçam, düzüm qaldı.

İnan ki, doymamışdım

            mən vətənin laləzarından,

Yar oldu ömrümə həsrət,

            o torpaqda gözüm qaldı.

 

Vətən həsrətini, ayrılıq dərdini özündə əks etdirən "Araz" şeiri şairin yanıqlı səsidir.

 

Dayan, salma məni dərdə,

Anam qalmış o ellərdə,

Min arzu var könüllərdə,

 Axma Araz, gözüm Araz,

Sənə vardır sözüm Araz.

 

Şairin "Təbrizin gülləri qönçə", "Təbrizin küçələri", "Təbrizin baharı", "Təbrizim mənim", "Oxu, Təbriz gözəli", "Təbrizi görməyincə", "Kaş durna olaydım", "Canım vətən torpağı" və başqa bu kimi şeirlərində bu həsrət daha da aydın hiss olunur. Təbriz Mədinə xanımın şeirlərinin qibləsidir. Ömrü boyu Təbrizə yol alıb səfərə çıxmaq istəsə də, bu, yuxuya, əlçatmaz ilğıma çevrilib. İnsanı dərdin dərinliyinə çəkən belə hisslərini böyük təəssüf və ağrı ilə yazırdı:

 

Sellər dözmədi, dözmədi,

Yandı sinəm, döymələndim.

Güllər dözmədi, dözmədi,

Mən yandıqca döndüm neyə,

Yandım, vətən deyə, deyə.

Bu həsrət, bu qəribliyə

Ellər dözmədi, dözmədi.

 

Təbrizin küçələrini seyrə çıxan şair yol salıb "Küçəbağa, Əhrab, Qaradağ üstünə baş çəkir, Şeşkilanı nəğməli görür. Şamqazandan addayıb, Qonka başına çatır. Maralanın güllərdən xonça tutur və Çərəndabın sözə döndüyünü, Lilavada çeşmələrin axdığını görür". Amma bu da ömür boyu gördüyü saysız şirinli-acılı yuxulardan biri olur:

 

Kim deyər, burdan keçmə,

Baxsın həsrət köçümə

Təbrizin küçələri.

Mənim söz dünyamsınız,

Sahilsiz dünyamsınız.

 

Xalq şairi Balaş Azəroğlunun ömür-gün yoldaşı olmuş Mədinə xanımın taleyində bu evlilik mühüm rol oynamış, onun yaradıcılıq taleyinə böyük təsir göstərmişdir. Bu iki cənub həsrətli şairin ailəsinin ilk övladı dünyaya gələndə ona "Araz" adını veriblər. Bununla da yolları yaxın etməyə, ayrılmış Vətənin birləşəcəyinə inam ifadə etmişdilər. Qəlbi Cənub həsrəti ilə döyünən Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib. Mədinə xanım Azəroğluya müraciətlə yazırdı:

 

Nə yaxşı ki, sən var idin yer üzündə.

Nə yaxşı ki, ulduzumuz qoşa yandı.

...Nə yaxşı ki, el dərdini qoşa çəkdik.

...Nə yaxşı ki, yer üzündə biz də varıq.

Nə yaxşı ki, haqq yolunda əsgərik biz.

 

Akademik Bəkir Nəbiyev şairin əsərləri haqqında yazırdı: "əsərlərdəki duyğuları yaşamaq üçün şairin təsvir və tərənnüm etdiyi hadisə, əhvalat və predmetlərə məhz Gülgünün gözü ilə baxmaq lazımdır. Belə olduqda, şeirlərdə Xəzər ləpələrinin pıçıldadığı əbədiyyət nəğməsini dinləmək, qar altından təzəcə çıxmış nərgizin qızıl düyməli ağ ipək köynək geydiyini görmək, şəfəqdən rəng alıb qızıl cama dönmüş lalənin şeh damlalarından içib bahar nəsimi ilə xumarlandığını müşahidə etmək mümkündür".

Şair sinəsi xalq yaddaşının can dəftərçəsidir. Orda şirinli-acılı xatirələr, həyatın böyüklü-kiçikli problemi özünə yer alır. Onun şeirlərinin çoxu Vətən nisgili, yurd həsrəti ilə yoğrulub.

Doğmalarından, anasından, Təbrizindən, Savalanından ayrı düşən bir insanın həsrət və nisgil dolu ürəyini, odlanan qəlbini, ruhunu elə onun həsrət və nisgilli misralarından duyuruq və oxuyuruq:

 

Dözürəm ümidlə həsrət acıma,

Qarlar birəm-birəm qonur saçıma.

Min şirin xəyalda, birdən bağçama

Bir körpə qaranquş endi, Savalan,

Könlüm qanadlandı, dindi, Savalan.

 

Mədinə Gülgün vətənimizin istiqlaliyyəti uğrunda döyüşən azadlıq mübarizlərinə, zindanlarda çürüyən fədailərə, el uğrunda canından keçən oğul və qızlara, zəhməti ilə xariqələr yaradan əməksevər insanlara, ədəbi fəaliyyətində sevdiyi sənətkarlara silsilə şeirlər həsr etmiş, onların bədii portretini yaradaraq əsərlərində əbədiləşdirmişdir.

Yaradıcı insanın ilham gücü, həyat təcrübəsinin zənginliyi onun əsərlərini daha canlı və təsirli edir. M.Gülgün zəngin təcrübəyə malik sənətkar idi. Güclü poetik düşüncəsi, zəngin həyat təcrübəsi şeirlərində də öz əksini tapırdı. Şeirləri yalnız şəxsi duyğuları deyil, həm də bütöv bir millətin nisgilini ifadə edirdi.

Doğma Azərbaycanın hər qarış torpağını qəlbinin dərinliklərində sevən, səhərlərini ümidlə qarşılayan Mədinə Gülgünün həsrəti ömür boyu bitmədi. Onun həyat yolu Vətənin çətin günləri ilə birgə yazıldı, arzuları isə ömrünə işıq saçan çıraq kimi  parladı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!