Nizami CƏFƏROV
Xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan xalqının dili, tarixi, mədəniyyəti ilə sıx bağlı olan oğuz eposu "Dədə Qorqud" üzərində yarım əsrdən artıq davam edən ardıcıl (və məhsuldar) araşdırmalarının nəticəsi olaraq "Gizli "Dədə Qorqud" - yeni mənalar axtarışında" monoqrafiyasını nəşr etdirmişdir. Kitabın "Müəllifdən" başlıqlı ilkin qeydləri bir neçə baxımdan maraq doğurmaya bilməz. Birincisi ona görə ki, Kamal Abdulla üçün müəllif konsepti həm "Dədə Qorqud"a, həm də bu möhtəşəm epos haqqında öz düşündüklərinə, yazdıqlarına münasibətdə strateji əhəmiyyət daşıyır. Və neçə on illərdir ki, bizim müasirimiz olan bir müəllif (Kamal Abdulla) neçə yüz, bəlkə də, min illər bundan əvvəl yaşamış, əcdadımız olan başqa bir Müəllifin (Dədə Qorqudun və ya Qorqud Atanın) "Kitab"ını şərh edir, onun dərin, gizli qatlarına nüfuz etməyin son dərəcə uğurlu üsul, metod və örnəklərini verir.
Əlbəttə, qorqudşünaslığın bütün türk dünyasını və ümumən dünyanı əhatə edən kifayət qədər zəngin bir tarixi vardır. Keçən əsrin 50-ci illərində Sovetlər Birliyində eposun araşdırılması, xalq kütlələri arasında təbliği və onu yaradan xalq və ya xalqların yaddaşına yenidən qaytarılması dövlət səviyyəsində yasaqlansa da, əsası 20-ci, 30-cu illərdə qoyulmuş Azərbaycan qorqudşünaslığı "yumşalma" illərində təşəbbüsü yenidən ələ aldı. H.Araslı, Ə.Dəmirçizadə, M.H.Təhmasıb, Ə.Sultanlı, F.Zeynalov, T.Hacıyev, Ş.Cəmşidov, Anar, S. Əlizadə və b. müəyyən mənada daha sərbəst olan türkiyəli həmkarları - F.Köprülüzadə, O.Ş.Gökyay, M.Ergin, Ə.B.Ərcilasun, F.Türkmən, O.F.Sərtqaya və b. ilə birlikdə (və eyni zamanda xalqımızın mənşəyini saxtalaşdıran bir sıra tarixçilərə qarşı mübarizədə!) tədricən sübut etməyə nail oldular ki, "Kitabi-Dədə Qorqud" dili, ideya-məzmunu, toponimiyası ilə Azərbaycan xalqının pasportudur. Və bu elmi-mənəvi qənaəti müstəqillik illərində Ulu Öndər Heydər Əliyev eposun 1300 illik yubileyini yüksək dövlət səviyyəsində (və dünya miqyasında!) keçirməklə onun üzərinə qoyulmuş hər cür siyasi yasaqları aradan qaldırmış oldu.
Şübhəsiz, Kamal Abdullanın "Kitab" haqqındakı araşdırmalarının ideya-metodoloji əsasında, özünün də dəfələrlə etiraf etdiyi kimi, zəngin qorqudşünaslıq ənənələri dayanır. Ancaq yalnız Azərbaycan yox, bütün dünya qorqudşünaslarına artıq yaxşı məlumdur ki, xüsusilə, 1990-cı illərin əvvəllərindən - "Gizli Dədə Qorqud"un Bakıda ilk nəşri çıxandan Kamal Abdulla bu sahədəki araşdırmalarını eninə deyil, dərininə inkişaf etdirməkdədir. 1991-ci ildən indiyə qədər keçən otuz beş illik son dərəcə məhsuldar bir dövrdə "Gizli Dədə Qorqud" müəllifi eposun nəinki gizli - "alt qatda" olan mənalarını fakt-fakt aşkarlamış, eyni zamanda a)həmin faktların ciddi bir sistem təşkil etdiyini, b)bu sistemin miflə yazı arasındakı tarixi münasibətin təkzibedilməz qanunauyğunluqlarına dayandığını, c)mənsub olduğu oğuz-türk cəmiyyətinin etnoqrafik, etnopsixoloji, etnointellektual və s. təbiətindən irəli gəldiyini və ç) ümumbəşəri xarakterə malik olduğuna görə dünya eposunun ən mükəmməl örnəklərindəki faktlarla geniş müqayisə imkanları açdığını özünəməxsus analitik məntiqlə üzə çıxarmışdır.
Haqqında söhbət açdığımız kitabın "Aşkar və gizli Dədə Qorqud" adlı girişində müəllif əcdad "Kitab"ın, daha doğrusu, "Kitab"a ("Yazı"ya) çevrilmiş "Dastan"ın tarixi missiyası barədə deyir:
"Bu sirli Dastanın mahiyyətinə vardıqca, onun çoxqatlı dərinliyinə nüfuz etdikcə görürsən ki, o nəinki mənəvi dünyamızın müəyyənləşib formalaşmasına, həm də, ümumiyyətlə cəmiyyətin - bizim artıq haqsız olaraq unutmağa başladığımız Oğuz cəmiyyətinin bir cəmiyyət kimi inkişafına təkan vermişdir. Təkan vermək də azdır - cəmiyyətin daxili dünyasını, sinirlərini, aparıcı məqamlarını müəyyənləşdirmiş, hüquqi qanunlarını, etik-əxlaqi prinsiplərini, yasaq sistemini əmələ gətirib nizamlamış qədim insanın cəmiyyət daxilində inkişafı üçün müəyyən, yəni konkret yollar cızmışdır".
Kamal Abdullanın elmi-filoloji təfəkkürünün çox böyük məziyyətidir ki, eposun Mətnini ideya-məzmun və poetika-forma planları üzrə həm ayrı-ayrılıqda, həm də qarşılıqlı əlaqədə dəyərləndirməyin klassik nümunələrini verir. Yuxarıda gətirdiyimiz sitat eposu nə qədər ideya-məzmunca səciyyələndirirsə, aşağıdakı sitat o qədər məhz poetika-formaca təyin edir:
"Kitabi-Dədə Qorqud" dastanı bu keçidin - bütövdən təkcəyə, külldən vahidə, insan cəmiyyətindən insana keçidin ən ümumi, ən aparıcı məqamlarını təsvir etdiyi surətlərdə, hadisələrdə yaşadır. Mifdən Yazıya! Dastan bu ideyanı həyata keçirən, onu tezləşdirən bir vasitə kimi göz önündə canlanır".
Müasirimiz olan müəllifin əcdadımız olan Müəlliflə bu cür anlaşması, tarixi Mətni (özü də necə Mətni!) müasir dilə (və düşüncəyə) bütün adekvatlığı ilə tərcümə-təfsir eləməsi yalnız filoloji peşəkarlığın nəticəsi ola bilməz, burada fövqəladə istedaddan, doğma keçmişin ruhuna dərinliklərinə qədər nüfuz edə bilən dərrakə enerjisindən söhbət gedə bilər.
Kamal Abdulla "Dədə Qorqud"un sirlərini, artıq qeyd etdiyimiz kimi, fakt-fakt, motiv-motiv, kompleks-kompleks açır. 1991-ci ildən başlayaraq, bu mövzuda onun çoxlu məqalə, müsahibə və kitablarının (özü də müxtəlif dillərdə) yayınlandığı və bu əsərlərin hər birinin hadisəyə çevrildiyi, geniş müzakirələr doğurduğu məlumdur. O da məlumdur ki, müəllif əsərdən-əsərə yeni mülahizələr, qənaətlər, nəticələr (və müxtəlif miqyaslı kəşflərlə) keçmişdir. "Gizli Dədə Qorqud" silsiləsini göz önündə canlandırıb, görkəmli alimin tədqiqat üsulu barədə düşünərkən belə bir fikrə gəlməmək mümkün deyil ki, Kamal Abdulla hər şeyi zahirən adi görünən bir sözdən başlayıb bütöv bir obraza, süjetə, ideyaya qədər gedir, ancaq apardığı təhlilin heç bir mərhələsində həmin o "adi söz"ü - dayaq nöqtəsini (çox mürəkkəb ideyalar kompleksinin toplanıb sıxıldığı nöqtəni) unutmur. Ona görə də müəllifin mülahizələri nə qədər şaxələnib işıq şüaları kimi mövzunun qaranlıq, dumanlı qatlarına, süxurlarına yayılsa da, mənbəyi məlum olduğundan, nəticə etibarilə, öz məntiqi sistemindən, metodoloji bütövlüyündən yayınmır.
Silsilənin yeni kitabı biri digəri ilə sıx bağlı olan beş mövzunu ehtiva edir ki, buraya 1)mifdən yazıya və yaxud sirr içində dastan, 2)anavariantlara doğru, 3)mətnin semantik boşluqları, 4)mətnin oyun elementləri və 5)gizlindəki semantik sayrışmalar daxildir. Bu mövzuların hər biri eposun son dərəcə səciyyəvi dil-mətn materialları əsasında, onların üzərində aparılmış genişmiqyaslı müşahidələrin nəticəsi olaraq işlənmişdir. Azacıq diqqət yetirilsə, dərhal görünər ki, müəllif sitat gətirməyə o qədər də meyilli deyil, yalnız xüsusi hallarda, onda da mötəbər ümumnəzəri mənbələrə müraciət edir. Fikrimizcə, bunun birinci səbəbi odur ki, müəllifin yüksək elmi-metodoloji hazırlığı hər dəfə istinad axtarmağa ehtiyac görmür; ikincisi, əsərdə istinad funksiyasında məhz eposun öz materialları və həmin materiallarla, əsasən, qədim yunan eposundan olan materialların müqayisəsi çıxış edir; nəhayət, üçüncüsü, kitabın (və müəllifin) üslubunda aydın şəkildə özünü göstərən lirik-fəlsəfi və ya esseistik intonasiya, ən əsası isə, eposun öz ruhundan ilham alaraq qanadlanan məntiqi olduğu qədər də emosional, eşqli təxəyyül sitat (və polemika) prozaikliyinə enmir.
Əsərin son sözündə müəllif yenə də ilkin nəticələrə qayıtmağa ehtiyac duyur. Və bunu nə texniki-mexaniki, nə də formal-trafaret bir üslub manerası kimi deyil, mövzunun dərinliklərinə varmağın növbəti addımı kimi icra edərək yazır ki, ""Dədə Qorqud" cismi ilə (ilk növbədə dili ilə) XVI əsrdədir, ruhu ilə daha qədim dövrlərdə... Bizim dastanın ruhu ilə cismi bir-biri ilə uyğunlaşmır. Ruh cismin içində deyil. Ruh özü-özü üçündür, cism - özü-özü üçün. Amma bəzən bu uyğunlaşmağa cəhd kimi bəzi məqamlar da özünü göstərir... Həqiqətən, cism çapalayır, ruh isə narahatdır.
Bu, reallıqdır.
Bu, normaldır.
Bu, təbiidir".
Və bu cür hallarda bizim müəllifin təhkiyəsi, Aristotelin təbiri ilə desək, Loqos, Pafos və Etos həmahəngliyinin fövqünə yüksəlir.
Kitaba əlavə olaraq Kamal Abdullanın müxtəlif indiyə qədərki digər kitablarından seçilmiş parçalar verilmişdir ki, bunlar mövzunun daha geniş əhatəsinə xidmət etməklə yanaşı, müəllifin sözügedən sahədə apardığı araşdırmaların təfərrüatı barədə də məlumat verir: mifolinqvistikanın interdissiplinar bir dilçilik elmi kimi yaşamaq hüququnun əsaslandırılması, Birun- Əndərun münasibətləri, mağaranın içində və çölündəki həyat, dövlətçilik kimi məsələlər eposun ideya-məzmun kontekstində aparılmış ciddi araşdırmaların mükəmməl yekunlarıdır.
Kamal Abdulla ilə Rafiq Əliyevin birgə araşdırmalarının məhsulu olan (və 2024-cü ildə ilk dəfə "Ədəbiyyat qəzeti"ndə yayınlanmış) müsahibələri isə ayrıca qeyd etmək lazımdır. Bu iki görkəmli alimin fizika ilə metafizikanın hüdudlarında bir araya gələrək etdikləri söhbətlərin qorqudşünaslığın, ümumən Azərbaycan söz sənəti haqqındakı elmin qarşısında hansı metodoloji perspektivləri açdığı artıq mütəxəssislərə yaxşı məlumdur.
"Gizli "Dədə Qorqud" müəllifin bu mövzudakı əsərləri barəsində son illərdə yazılmış məqalələrindən seçmələrin kitaba əlavə edilməsinə gəldikdə isə, demək lazımdır ki, Kamal Abdullanın "Dədə Qorqud"u araşdıra-araşdıra yaratdığı mətnlərin özlərini də araşdırmağın vaxtı çatmış, xüsusilə, Azərbaycan və Türkiyədə Kamal Abdullanın qorqudşünaslıq mətn-mülahizələri kifayət qədər nüfuzlu mütəxəssislərin tədqiqat predmetinə çevrilmişdir. Və unutmaq olmaz ki, "Dədə Qorqud" araşdırmalarında Kamal Abdulla dərin mətləblərə nüfuz etməyə ona görə nail olur ki, eposa həm bir dilçi, həm bir ədəbiyyatşünas, həm bir tarixçi, həm bir psixoloq, həm bir sənətşünas... kimi akademik səviyyədə baxmaqla yanaşı, onun - Dədə Qorqud mətninin postmodernist yazıçı mövqeyindən ən yaxşı ideya-estetik interpretasiyaları da məhz Xalq yazıçısı Kamal Abdullaya mənsubdur.
Görkəmli yazıçı, alim və ictimai xadimin yaradıcılığının tədqiqatçılarından (və tələbələrindən) biri kimi hərdən düşünürəm ki, görəsən Kamal Abdulla bu fövqəladə (və fundamental) uğurları necə qazandı... Hər dəfə də həmin düşüncələr məni belə bir nəticəyə gətirib çıxarır ki, bunun əsas səbəbi o oldu ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində dilçilikdə, ədəbiyyatşünaslıqda kifayət qədər şöhrət qazanmış, cəmiyyətdə bu və ya digər dərəcədə populyar olan (ancaq ondan bir az yaşlı) həqiqətən, istedadlı həmkarlarından fərqli olaraq siyasi karyera arxasınca getmədi. 2000-ci ildə yeni yaradılmış Bakı Slavyan Universitetinin rektoru təyin olunana qədər, əvvəl Xarici Dillər, sonra Rus Dili və Ədəbiyyatı, sonra isə yenidən Xarici Dillər institutlarında kafedra müdiri kimi heç vaxt elmi mühitin mərkəzindən uzaqlaşmadı.
Əlbəttə, Kamal Abdullanın "Dədə Qorqud" araşdırmaları qədim eposun tədqiqində (ümumən dərkində!) keyfiyyətcə yeni mərhələ, bəlkə də, dövrdür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
