Gündəliklərindən görünən Yusif Səmədoğlu - Aygün BAĞIRLI

 

"- Haralısan?

- Dünyalıyam!"

Bu qısa qeyd Yusif Səmədoğlunun gündəliyindəndir.

Yusif Səmədoğlu özünə ünvanladığı suala cavab olaraq "Azərbaycandanam" demir, "Turan elindənəm" də demir, "keçmiş SSRİ-dənəm" heç demir. "Dünyalıyam", deyir.

Zənnimcə, bu, bir yazıçının, bir yaradıcı insanın çata biləcəyi ən ali məqamdır. Özünü böyük dünyanın vətəndaşı, bir parçası hesab etmək, dünyada baş verən bütün ictimai-siyasi proseslərə, narahatlıq doğuran məsələlərə özünü bir insan kimi, fərd kimi məsul saymaq. Yusif Səmədoğlu bu qeydi Azərbaycan Parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri kimi Brüsseldə separatizm haqqında qanunun müzakirəsində iştirakı zamanı yazıb. Yəqin razılaşarsınız ki, bunu sırf siyasət adamı nə yaza bilərdi, nə də düşünərdi. Ancaq sənət adamı, yaradıcı insan bu düşüncədə ola bilərdi. Yusif Səmədoğlu həmin yaddaş qeydinin altında yazırdı: romanım üçün. Yəni onun hansısa qəhrəmanı öz milli və şəxsi sərhədlərini aşıb, bütün insanların arzu və düşüncələrini ifadə etməlidir, Qərbin və Şərqin soyuq və qızılı çərçivələrindən kənarda.

Yusif Səmədoğlunu bu mərtəbəyə, bu ali məqama gətirən yollar haqqında düşündüm, o cığırı tapmaq istədim, bir yol kitablardan gəlirdi, mütaliə etdiyi zəngin kitablar dünyasından. Onun mütaliə marağı və mədəniyyəti haqqında 1957-ci ildə yazdığı xatirəsində oxuyuruq:

"Bizim evdə bir otaq var. Əvvəllər bu otağın axşam səkkizdən yanan işığı bəzən səhərə qədər sönmürdü. İndi isə artıq bir ilə yaxındır ki, o otağın pəncərələrindən işıq gəlmir. Bu otaq atamın kabinetidir. Burada hər şey - uzun və enli yazı stolu, stolun üstündəki qələm və kağızlar, divarlar boyu qoyulmuş şkafların rəflərindəki kitablar, hər şey, hər şey bizə son dərəcə əzizdir...

Atamın kitabxanası çox zəngindir: Nizami, Marks, Lenin, Puşkin, Sabir, Petefi, Vaqif, Bayron, Tolstoy, Axundov, Çexov, Molla Nəsrəddin, Turgenev və s.  Onlarla müəllif, onlarla cild... Bu cildlərin hər birini atam dəfələrlə varaqlamış, hər birində atamın qeydləri var. Budur, A.S.Puşkinin 1907-ci ildə Sankt-Peterburqda nəşr edilmiş on iki cildliyi. "Yevgeni Onegin"in çap olunmuş cildini rəfdən götürüb varaqlayıram. Səhifələr atamın qeydləri ilə doludur. Poemanın qurtaracağında, səhifənin təmiz hissəsində isə atam bu sözləri yazmışdır: "Eşq olsun belə sənətkara"... Yaxud başqa bir kitab: Sabirin "Hophopnamə"si. Kitabın sonuna atam bu sözləri yazmışdır: "Sənə min rəhmət!.." Bu misalların sayını istənilən qədər artırmaq mümkündür...

"Atam çox oxuyurdu. Əlbəttə ki, onun ən çox sevdiyi şeir kitabları idi. O özü son vaxtlar tez-tez etiraf edirdi ki, onun yaradıcılığının kamilləşməsində kitabların, məhz bədii ədəbiyyatın olduqca böyük rolu olmuşdur".

Atasının kitab oxumaq, dünya ədəbiyyatını oxuyub öyrənmək haqqında tövsiyələrindən, bəzən yeni çap olunan əsərləri vaxt ucbatından oxuya bilməmək gileylərindən yazan yazıçı qeyd edir ki: "İndi mən hər dəfə atamın kabinetinə ayaq basanda onun kitablar və bədii ədəbiyyat haqqında dediyi sözləri qulaqlarımda səslənir: "Oxu, bacardıqca oxu, oxumaqdan hələ heç kəs zərər çəkməyib..."; "Mən dünya ədəbiyyatını varaqlamışam, amma yadıma düşəndə ki, bir kitab var, onu oxuya bilməmişəm, min dəfə heyfsilənirəm..."; "Bu kitablar olmasaydı, mən indiyətən yazdıqlarımın heç yarısını da yaza bilməzdim..."

Bir hadisə ömrüm boyu yadımdan çıxmayacaq. Bakıya yay tətilinə gəlmişdim. Axşam saat on bir radələrində, bilmirəm, nə iş üçünsə atamın yanına - kabinetinə girdim. Mənim ayaq səslərimi eşidib o, başını qaldırdı. Mən onun yaşarmış gözlərini gördüm. Sözün düzü, özümü itirdim. Hələ indiyə kimi heç vaxt atamı gözüyaşlı görməmişdim. O, məni yanına çağırıb əlində tutduğu "Hophopnamə"ni stolun üstünə qoydu və kövrəlmiş bir səslə dedi: "Deyirəm, görəsən, Sabir yüz il yaşasaydı, dünyanın beli qırılardı? Eh, namərd dünya!.. Sən Sabiri oxumusanmı?"

Cavab verdim ki, oxumuşam.

Oxu, həmişə oxu. Yoldaşlarına da de ki, oxusunlar, deyə atam bir an susdu, sonra əlilə kitab şkaflarını göstərdi.

- Bax, mən dünyanı tutub durmayacağam... Bu kitabların hamısı sənin olacaq. Əgər bir gün sən bu otağa girib kitablardan birini varaqlamasan, onu bil ki, mən qəbirdə də bundan xəbər tutacağam..."

Yazıçının qardaşı Vaqif Səmədoğlu isə Yusiflə bağlı xatirələrində yazır ki, mən atamın ağladığını Yusif Moskvada Ədəbiyyat İnstitutuna qəbul olanda görmüşəm. "Yusif sənədlərini Qorki adına Ədəbiyyat İnstitutuna verdi. İnstitutun rektoru Polikarpovla yanaşı, bir neçə müəllimin sorğusundan keçdi. Həmin müddətdə atam Ədəbiyyat İnstitutunun dəhlizində dayanıb gözləyib. Sorğu-sual başa çatıb. İçəridəkilər çıxıblar. Təbii ki, Polikarpov da, institutun digər professorları da atamı yaxşı tanıyırdılar. Onlar qələm yoldaşı idilər. Rektor yaxınlaşıb. Atam ondan soruşub.

- Hə, mənim oğlum necədir?

- İxtiyar məndə olsaydı, oğlunuza elə indi diplom verərdim. Gözəl cavab verdi. Bizim məzunların hamısı birlikdə bu saat sizin oğlunuzun onda biri qədər bilmir, Səməd Yusifoviç. Oxumurlar...

Övladı barədə Qorki adına Ədəbiyyat İnstitutunun rektorundan bu cür sözlər eşitmək ata üçün qürurdur. Elə onda ağlamışdı Səməd Vurğun.

Bu uğur öz-özünə gəlib çıxmamışdı. Yusifin geniş mütaliə mədəniyyətinin nəticəsi idi. Mütaliə mədəniyyəti Yusifin öz daxilindən gəlirdi..." Göründüyü kimi, Yusifi mənən zənginləşdirən yollardan biri kitab və kitab dünyasına gedib çıxırdı.

Bir yol isə mənsub olduğu şəcərədən gəlirdi, mən şəcərə deyəndə, təkcə onun genetik və fiziki şəcərəsini - Vəkilovlar nəslini nəzərdə tutmuram. Ümumilikdə Şərq təfəkkürünü, türk əxlaq və zəkasını, şərqli ziyasını nəzərdə tuturam.

Bu barədə Yusif Səmədoğlu özü yenə gündəliyində yazır: "Azərbaycanın əxlaqi saflıq genləri dağılmazdır... Əxlaqi saflıq deyəndə, təbii ictimai əxlaqı nəzərdə tutmuram - bu, totalitar rejimin nəticəsidir - irsi əxlaqı nəzərdə tuturam". İrsi əxlaq genlərimizi dağılmaz hesab edən yazıçı fəaliyyətinin bütün istiqamətlərində, istər yazı masasının arxasında, istər parlament kürsüsündə, istər meydan hərəkatında bu genlərin müqəddəsliyini, toxunulmazlığını qorumağa çalışmışdır.

Yusif Səmədoğlunun gündəliyi həm onun özünün şəxsiyyət kimi obrazının bir göstəricisi, portretini tamamlayan və tanıdan ştrixdirsə, digər tərəfdən, dövrün siyasi mənzərəsini - meydan hərəkatını, siyasi hərc-mərcilikləri, daxili çaxnaşmaları, beynəlxalq sferadakı münasibətləri, iqtisadi çətinlikləri və yazıçının bütün bu adı çəkilənlərə münasibətini əks etdirir.

Ancaq hər nədən yazırsa-yazsın, "romanım üçün", "yeni hekayə üçün", "görəsən, bir roman da yaza bilərəmmi?", "məqalə üçün", "yazmamaq mənim üçün beyin qurutmaq deməkdir", "Ən qəribəsi də budur ki, çox sirləri ölümlə o dünyaya aparmaq istəmirəm. Yəqin ki, eqoistlikdəndi. Heyif... Təki romanımı qurtara bilim. Romanımı qurtarsam, şübhəsiz ki, ürəyimi boşaltmış olacam", - kimi yaradıcılıq planları cızır, bütün görüb müşahidə etdiklərini ədəbiyyatın yaddaşına köçürmək istəyirdi. Bu niyyətlərindən biri də Mirzə Cəlil haqqında xatirələr adlı bir yazı yazmaq idi. "Povestmi, romanmı, bilmirəm, amma hər halda bir şey yazmalıydım. Deyəsən, bu fikir yenə məni hərləyir. Bəlkə də, ayrıca əsər olmadı. Təzə yazdığım romanda onun süjetinə, mövzusuna axıb əriyəcək bir mövzu oldu".

Yusif Səmədoğlu gündəliklərində tez-tez səhhətindən şikayət edir, əcəldən romanını bitirmək üçün möhlət istəyir, bildiklərini özü ilə, ölümlə aparmaq istəmədiyini bildirir, dərhal bu arzusuna görə özünü ittiham edərək, bunun eqoistlikdən irəli gəldiyini düşünürdü.

Gündəliyində, həmçinin cəmiyyətdə, ətrafında baş verən proseslərə, müxtəlif həyat hadisələrinə qısa olaraq, bəzən bir cümlə ilə münasibətini bildirir. Məsələn, "İslamın mahiyyətinə qayıtmaq lazımdır, İranın icad elədiyi şəriət qanunlarına yox", deməklə həm islama, həm islamı öz təmənnalarına uyğun təhrif edənlərə münasibətini bildirirdi. Yaxud, "xoşbəxtlik və azadlıq bir-birinə bağlı anlayışlardır", - deyən yazıçı xoşbəxtliyi azadlıqla bir tuturdu və təbii ki, bu anlamda azadlıq çoxqatlı məna daşıyırdı, sözün azadlığı, xalqın azadlığı və nəhayətdə insan azadlığı.

Gündəliyində ruslar haqqında yazdığı fikirlər də maraqlıdır: iki ildən sonra Rusiya əsl mənada militarist dövlət olacaq. Araq və zalımlıq, daxili əxlaqsızlıq, insani humanist meyarların tədricən yox olması. Məhz buna görə də XIX əsr bu xalqın tarixində möcüzə kimi görünür. Rus xislətini obyektiv qiymətləndirən yazıçı gündəliyin başqa bir səhifəsində yazır: "Azərbaycan xalqı əxlaqi saflığını saxlamışdır... Azərbaycanın əxlaqi saflıq genləri dağılmazdır. Lakin intellektual səviyyəsi, müasir texnologiyaya yiyələnmək imkanı məhduddur. Bu sarıdan... o söz! Qarşıda iki nəslin görəcəyi işlər var azı!!"

Yaxud "Allah bizi şöhrət azarından, bir də bolşevizmdən hifz eləsin. Azərbaycanda demokratik hərəkatı bu iki amil yalnız puç edə bilər.

Şöhrət azarı liderlərimizin canına-qanına hopub, bolşevizm isə camaat arasında yayılmış ən həyati ideyadır", - deyərək ağrılı nöqtələrimizin üzərinə işıq salırdı.

Yazıçı gündəliklərində tez-tez kirlikir obrazını xatırlayır, onun üçün darıxdığını bildirir. Bir yerdə isə yazır: "kirlikir peyda olur və danışır: - Sənə demədim ki, dünyanın hər günü qətl günüdür?!"

Ümumiyyətlə, gündəliyindəki qeydlərində onu daim narahat, nigaran və qayğılı görürük. "Frankfurta uçuram. Servis ən yüksək səviyyədə. Özümü pis hiss eləmirəm. Amma yenə qayğılar, yenə fikirlər, yenə keçmişin xatirələri, şübhələri, ümidsizlik quyusunun dibindən çıxıb məni vahiməyə salan qaranlıq və ilaxır... Deyəsən, diabet mənim psixikamı o söz. Yox, sadəcə ömür tükənir, eqoist hisslər güclənir, cavan olmaq istəyirsən, nə isə... Romanı qurtara bilməyəcəm", kimi nigaran notlar. Və nəhayət, deyilənlər gəldi başa. Yarımçıq qalacağından çox narahat olduğu, haqqında söhbət gedən əsər bilirik ki, "Deyilənlər gəldi başa" romanıdır. Bir oxucu kimi düşünürəm ki, bu əsər bir əsər taleyi yox, sanki bir insan taleyi yaşadı, ona yazılmasına icazə verildiyi qədər yazıldı və şəxsən o roman məndə yarımçıqlıq təəssüratı yaratmır.

Yusif müəllim gündəliyinin, həm də ömrünün sonunda yazır:

"Ümdəsi: biz dünyaya niyə gəlirik? Bunun cavabını dünyada yəqin ki, heç kəs bilmir.

Yarım gecə gəldi, gecə getdi,

Heç bilmirəm, ömrüm necə gəldi, necə getdi".

Bu yerdə Anar müəllimin bir yazısı yadıma düşür, Anar müəllim də ömrü qürbətdə keçən Ağabəyim ağanın bu məşhur beytini yazır və deyirdi ki, bəzən böyük bir roman yazırıq ki, bu iki - Əfsus ki, yarım gecə gəldi, gecə getdi, // Heç bilmirəm, ömrüm necə gəldi, necə getdi,- misralarının ifadə etdiyi mənanı verə bilək.

Həyat belədir, dünyaya məmləkətin ən şöhrətli şairinin evində göz açıb, sonradan öz namını məşhurlaşdırsan da, yüksək kürsülərdən xalqın, millətin səsini ifadə etmək səadətini və məsuliyyətini yaşasan da, ecazkar qələminlə ismini ədəbiyyat tarixinə əbədi yazdırsan da, bir gün hamı kimi "insan dünyaya niyə gəlir?", "heç bilmirəm, ömrüm necə gəldi, necə getdi", - kimi sual və nidalarla baş-başa qalırsan.

Yusif Səmədoğlu kimi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!