Müqavimətlə yazılan mətnlər - Cavanşir YUSİFLİ

Cavanşir YUSİFLİ

 

1

Ədəbi prosesin qəribə dönəmlərindəki (bu günlərin, bu dövrün, məsələn), həm də indi üzə çıxan yazılarla zövqümüz arasında, məncə, gizlin bir savaş başlayıb. Bu, ya ədəbi-filoloji təfəkkürdə yenilənmə dövrünün təzahürüdür, ya da gəmilərimiz batır artıq. Sonuncu səs batdıqdan sonra eşidilir. Çək-çevir, mübahisə yoxdu, hər şey, hər nəsnə bir ucdan təriflənir, adamların səsi batsa da, tərif davam edir...

Ələnəcək hər şey, səhvlərimiz üzümüzə duracaq, gələcək üçün nəsə qalacaqmı? Məsələn, susduğumuz anların günahı... Fizika və riyaziyyatın həyat boyu unutduğumuz qanunları bu gün özünü göstərməkdədir. Məxrəcə nə yazılacaq, yazdıqlarımızı nəyə böləcəyik? Amma görünənlər, bu bölünmədən aşkar olanlar məni darıxdırır, səslər itir, sözlərin külü qalıb. Yəni, indiyə qədər sadəcə ötüb keçmişik, eynimizə olmayıb, indi o nələrinsə boşluğunu hiss edirik. Yük maşınının yedəyində getdiyimizdə maşın necə çuxura düşürsə, biz də əvvəl oturacaqdan qalxır, sonra yerimizə çırpılırıq. Özü də biz məhz o boşluğu doldurmaq istədikdə çuxur peyda olur.

Bəs ədəbi aləmdə vəziyyət necədi? Pis olan budu ki, hamı gözləyir ona qiymət verilsin, onlar o yük maşını misalını unudublar. Yol nə qədər hamar olsa da, çala qiyaməti hələ xəyalımızdadı, yəni, xəyalımızda olan hər şey bir gün əməlli-başlı gül aça bilər.

Bir neçə fiqur var, şahmat taxtasında, o taxta üzərində bütün daşlar var, şahnan vəzirdən başqa, top var, mərmisi yoxdu, fil var can ayağında, at bəs... at var, qanadlı atqarışqasına bənzər...

Həm qarşıma çıxan ən gözəl şeirin də bir-iki misrasını oxuyuram, kitabı örtürəm, fb səhifəsini ötürürəm, təkcə qisməti oxuya bilirəm, o da keçmişdə qalıb.

Payızlıq şuma bir ovuc dən səpilib ki, yazağzı bir neçə filosof cücərsin...

 

2

Götürək antologiyaları. Məsələn, hekayə antologiyasını, adı da belə olsun: Azərbaycan hekayəsi. Yox, ən müasir, yaxud modern Azərbaycan hekayəsi. Şeiri demirəm, şeir içimizdən bu gerçəkliyə, bu dünyaya tağ ata bilər hər gün. Yaxşı şeir, necə deyirm, hələ yazılmayan, içimizdə uyğuya dalan şeirdi. Nə qədər çox yatsa, bir o qədər gözəl olar, bir o qədər gözlənilməz olar. Hekayə antologiyası, ən modern hekayələr artıq nəşr edilə bilər. Ancaq seçəndə, gərək bir hekayəni seçəndə, tağından ayırıb kitaba qoyanda onunla birgə alaq otu da gəlməsin. Həm hər şeyi dəqiq seçmək. Bunun doğrudanmı, məqamı bu gündür? Bəlkə bir on il də gözləyək? Yox, bu gündü. Antologiyaya düşəcək hekayənin, bədii mətnin keyfiyyət ölçüsü köhnəlməməkdi, qida mənbəyi olmasındadı. Bu isə böyük məsuliyyətdi. Biz bunu seçə bilərikmi? Bu antologiyadakı hekayələr fikrimizcə, klassik Azərbaycan təhkiyəsi, hekayəçilik modeli ilə bir arada görünə bilir, bu hekayələr Axundov, Mirzə Cəlil, Haqverdiyev, Yusif Vəzir Çəmənzəminlinin hekayələrinin fəlsəfəsini tam olaraq mənimsəyib və mənimsəmə anlayışında təsdiqlə inkar can bir qəlbdədir. Sən mənimsədiyin ənənəni elə eyni güclə inkar edirsən, əks halda yenilik yarana bilməz. Götürək elə "Cənnətin qəbzi"ni. Həm də Axundzadə ənənəsini. Vaxtilə yazdığımıza bu gün qayıdanlar var: Axundzadə təkcə "Aldanmış Kəvakib" və "Kəmallüdövlə məktubları" ilə deyil, daha çox komediyaları ilə nəsrin yaranmasına həlledici təkan verdi. "Cənnətin qəbzi" bizdə bu komediyalar sayəsində əldə edildi; içindəki gülüş konsepsiyasına və nəyə, necə gülmək məsələsinə görə. Bu antologiyalara o hekayələr daxil edilə bilər ki, onlar "niyə" sualına dəqiq cavab verə bilsinlər. Bir hekayə cavabdı. Bunu, bu əhvalatı niyə yazdım? Hekayə, nəsr üçün bu sualın cavablanması həyati vacib məqamdır.

Ən müasir hekayə kitabına kimlərin adları yazıla bilər? Yadımıza kimlər, hansı imzalar düşür? Şərti olaraq adları çəkə bilərik: Seymur Baycan, Həmid Piriyev, Şərif Ağayar, Mübariz Örən, Nərmin Kamal, Jalə, Orxan Həsəni, Samirə Əşrəf, Əli Zərbəli, Ataqam, Orxan Cuvarlı... yadıma ilkin bunlar düşür, həm də ara verərək, axtararaq...

Hansı müəllifləri ki, daxil eləmirəm, onların adları birinci yadıma düşür. Siyahı müqavimətlə yazılır. Bütün bədii mətnlər kimi. Dünyadakı bütün bu kimi siyahılar belə tərtib edilir. Bəzi mətnləri də müqavimət hissi, yaxud müqavimətin özü dünyaya gətirir. Necə? Hə, burda bir az düşünmək gərək. Çünki çox köklü-köməcli məsələdən bəhs edirik. Yuxarıda dediyimiz kimi, nasirin "niyə yazıram" sualına cavabı illərlə çəkə bilər, yəni sual var, cavab yol gəlir, ona görə ki, belə suala, adətən illərlə cavab axtarmalı olursan. İçində müqavimətə güvənib yazırsan, ictimai həyatda, gerçəkliyin özündə, mühiti labələb dolduran, "beşikdən məzara" tutan informasiyaların bətnində elə şeylər var ki, onları ürəyin süzgəcindən keçirmək çətin olur. Şura hökuməti qurulanda M.Qorki inqilabi komitədən əlini üzüb, yəni diksinib İtaliyaya sığınmaşdı, daha doğrusu, özünə. Lenin Qorkinin oğlu Maksimə əmr elədi: nəyin bahasına olur-olsun, atanı geri qaytar. Rusiyaya qayıtdıqdan sonra Stalini anlamaq çətin olmadı. Onu İtaliyadan gətirib, tabutunun altına girib də cəmiyyətə və bütün dünyaya siyasi mesajlar verildi. Artıq yazıçının əsəriylə nələrə nifrət etdiyini, hansı mesajlar verdiyini dünyanın bütün tiranları bilir, bunun üçün dahi olmağa ehtiyac yoxdu, elə Stalin də Qorki ilə o səbəbdən dost olmuşdu. Bütün diktatorlar yazıçılarla məlum səbəblə dost olurlar. Bununla öyünməzlər, bu, dəhşətli bir şeydi.

Hə, yazıçının mətni onun ömrünün illərini alan müqavimətin əsəri olmalıdır. Nasir bu müqavimətin gücünü duyan kimi onu gizlətməyə çalışır, o qədər dərinlərə gedir ki, oxucu onun gizlətdiyinin yerindən əlbəəl xəbəri olsun. Ancaq bu informasiya elədir ki, oxucu bunu yalnız özüylə bölüşər. Hekayə bir əhvalat çevrəsində bəzi mətləbləri ifadə etsə də, onların xaricində onlarla mətləbi əhatəsinə alır, kiminsə sükutunu səsə, kiminsə qışqırığını sükuta çevirir. Hekayə-nəsr əslində çox dəhşətli janrdır, sənin mətn yaradıcılığında nümunə kimi ələ aldığın əhvalat o qədər transformasiyadan keçməlidir ki, tanınmaz hala düşsün, fikrən, xəyalən çox sayda oxucunun taleyindən keçsin, bütün insanların, bütün yuxu görənlərin yuxusundan keçsin, bir hekayə sadəcə sizin, bizim oxuduğumuz mətn deyil, çox şeylərdir, hekayə, həmin hekayə bu dünyadır, bu dünyaya qarşı duran bir dünyadır, ilahi qüvvənin gücüylə yaradılan, usta şəkildə tikilən, dizayn edilən bir parçanın, deyək ki, o parçadan tikilmiş bir geyimin sapları arasından sızıb o düzümə qarşı duran bir şeydir. Siz belə bir mətn gördünüzmü? Hər kəsin xəyalından doğan, ifadəolunma sərhədində yoxa çıxan, özünü ölənə qədər gizlədən sükutun səsə çevrildiyi an göy qübbəsinə çəkilən bir şeydir.

Yuxarıda "Cənnətin qəbzi"ni yada saldıq. Reallıq bu hekayədə başmaq-başmaq sökülür. Gülüş hər qarış insanın içindən iti külək kimi keçir. Yusif Vəzir bir söz işlədib ("başmaq...") ondan on verst o yana həmin sözün enerjisindən dəhşətli mətləblər yarada bilən yazıçı idi.

Adları çəkilən və çəkilməyən nasirlərin yazı üslubları da fərqlidir. Elə nasirlər var ki, bizim siyahıda bunlardan yalnız biri var (heyf - !), çox gözəl və mükəmməl bir hekayə-müqavimət əsəri yaza bilər, ancaq onun ətrafı "n" qədər mənasız və melodramatik üslublu hekayələr olmalıdır. Yaxud, "Nanəli konfet" hekayəsi kimi mətnlər. Roman yerinə hekayə. Bu mətnin istinad etdiyi sirli mətnlər çoxdur, bildiyimiz kimi, bu alt mətnlər hekayəyə güc qatdığı kimi, onun gücünü ala da bilir. "Nanəli konfet", bəlkə roman kimi yazılmalıydı? "Nanəli konfet"də nağıl sehri varmı? Var. Min bir gecə nağıllarının gücü. Bu elementin olmadığı mətnlər başqa oxu üçündür. Son dərəcə fərqli oxu strategiyasını tələb edir həmin mətnlər. Bu strategiya da illərlə formalaşır. Bir millətin mütaliə təcrübəsi də ciddi anlayışlardandır. Bizdə dünya ədəbiyyatı həm oxunur, həm də şərh edilir. Lev Tolstoy yaxşı oxunub, bunu onun haqqında təhlil yazıları da təsdiqləyir. Elçinin söhbətləri və Fəxri Uğurlunun yazılarını misal göstərmək olar. Avropa nəsrinin ənənə yaradan şah əsərləri haqqında da müəyyən yazılar mövcuddur, amma adda-buda formada. Hər bir əsərin içində onu yaradan müqavimət gücü oxunmalıdır (məsələn, professor Qorxmaz Quliyevin "Mirzə Cəlil və Şekspir" yazısında olduğu kimi - !). Bu kontekstdə nələr demək olar? Elə mətnlər var, içində istinad edilən başqa bir mətnlə təsir edir, müəyyən dalğalar yaradır ki, bunlar sonradan sözlərin səslərə çevrilməsini şərtləndirir. Elə hekaylər var ki, (Orxan Həsəninin "Qırmızı ayaqqabılar" hekayəsi) mətnin xaricindəki hansısa əhvalat təsir edir, mətnin içində qəribə aura yaradır.

Haqqında danışdığımız "Musson küləkləri" bizi geriyə dönməyə, on illər əvvəlin mətnlərinə baxmağa vadar etdi. Antologiyanın yaranma zərurəti də burdan doğur. Bu yazıda "antologiya" sadəcə bir obrazdır. Yaxud simvol...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!