Nizami Gəncəvinin təkəbbür anlayışı - Siracəddin HACI

"Yeddi gözəl" məsnəvisinin "Bəhramın öz kənizi ilə dastanı" adlı bölməsinin şərhi - ağıllı, cəsur, çalışqan, gözəl türk qızı Fitnə təkəbbürlü Bəhram şahı necə məğlub etdi?

 

Birinci giriş

 

Şeyx Nizami Gəncəvi "Yeddi gözəl" ("Bəhramnamə") adlı dördüncü məsnəvisində ardıcıllıqla bu məsələlərə yer verdi:

- Sözə Allahın adı ilə başladı, əlli səkkiz beytlik tövhid bölməsi yazdı, Allahın bir sıra sifətlərini açıqladı, Onun təkliyinin dəlillərini göstərdi, Ona təslim oldu, Ondan yardım istədi, dedi ki, əlimdən tut, məni Allahdan başqa kimsəyə möhtac etmə, Sən mənimlə olsan, bütün dünya mənim olar;

- otuz üç beytlik nət yazdı, Allah Rəsulunu tanıtdı, Qurani-Kərimdən çıxış edərək Ona "kərim/əkrəm Elçi" dedi, Elçinin təbliğ etdiyi tövhid, azadlıq, ədalət, axirət, mərhəmət, barış, elm adlı dəyərlər insanlığın ortaq nemətləridir ölçüsünü qoydu, onlara "təzə xurma" adını verdi;

- "Yeddi gözəl" ("Bəhramnamə") məsnəvisinin yazılma səbəblərini açıqladı, yetmiş beş beytlik bölmədə dedi ki, bu məsnəvini böyük əməklə yazmışam, zəhmətsiz rəhmət yoxdur, sözüm bakirədir, "qışı olmayan bahardır", o, iş üslubunu tanıtdı, sələflərinə münasibət bildirdi;

- Nizami səksən səkkiz beytlik "Səadətli padşah Əlaəddin Körpə Arslana dua" adlı bölmədə "Yeddi gözəl" məsnəvisinin yazılmasının dörd səbəbini göstərdi: tövhid inancının, Allaha təslimiyyətin əsaslarını açıqlamaq, Allah Rəsulunu tanıtmaq, şaha sevgisini bildirmək, dövlət idarəçiliyinin ölçülərini - fəthin yollarını bildirmək;

- yetmiş səkkiz beytlik "Şaha təzim xitabı" adlı bölmədə dövlət anlayışını - Səlcuqluların dövlət nizamını izah etdi, dövlətin imanı, hüzurun qaynağı elm, mərhəmət, ədalətdir, - dedi, Azərbaycanın qədim mərkəzi Marağanı tanıtdı, "Yeddi gözəl" yeddi ədviyya ilə bişirilmiş ruzidir, rəngi yaşıldır - tövhidin, hüzurun, barışın, rifahın, sevginin, mərhəmətin, ədalətin, yeniliyin daşıyıcısıdır buyurdu;

- yüz altmış üç beytlik "Sözə sitayiş, tövsiyə və nəsihət" adlı bölmədə sözün dəyərini göstərdi, cahilin, cəhalətin əlamətlərini saydı, alimi, mərifət elmini, imanın dəyərini, qəlbi, ağılı, sosial ədaləti tanıtdı, insana hədəf verdi, öz halından şikayət etdi, bədii irsini iki mərhələyə ayırdı: öncə qora (kal üzüm) idim, sonra şirin üzüm oldum, Nizami xalis qızıl, usta zərgərdir, o, saxta şairlərin sözün dəyərini öldürdüyünü, istedadlı insanlara dəyər verməməyin zülm olduğunu söylədi, köləlikdən qurtuluşun, əbədi səadəti qazanmağın yollarını bir-bir saydı;

- yetmiş üç beytlik "Oğlum Məhəmmədə nəsihət" adlı bölmədə övlad tərbiyəsinin əsaslarını, üsul və metodlarını açıqladı, bildirdi ki, gözəl tərbiyə axirət azuqəsidir, elm ruzidir;

- Nizami addım-addım Bəhramın kimliyini inşa etdi, şah olacaq insana ciddi tərbiyə verilməlidir ölçüsünü qoydu;

- Bəhramın atasını tanıtdı, onun zülmünü önə çıxartdı ki, barış, ədalət, mərhəmət adlı dəyərlərin xeyri anlaşılsın;

- Xəvərnəq qəsrinin gözəlliyinin təsvirinə geniş yer verdi;

- Bəhramın elm, din, dillər, savaş sənəti öyrəndiyini açıqladı, ovçuluq məharətini təsvir etdi, onun əjdahanı öldürməsinə, xəzinə tapmasına ayrıca yer verdi;

- Bəhramın atasının ölümü ilə İranda yeni siyasi vəziyyət ortaya çıxdı, Nizami bu məsələ ilə bağlı dörd bölmə yazdı, Bəhramın siyasi ağlını, diplomatik bacarığını, hərbi gücünü, sarsılmaz iradəsini təsvir etdi;

- Nizami cəsarət anlayışının inşası üçün iyirmi səkkiz beytlik "Bəhramın iki şir arasından tacı götürməsi" adlı bölmə yazdı, şah ağıllı, cəsur olmalıdır ölçüsünü addım-addım açıqladı;

- seçilmişlik, müjdə, ümid anlayışlarına yer verdi, "ağıl və cəsarət Allahın yardımına yol açar" mesajı göndərdi, bu məqsədlə on yeddi beytlik "Bəhramın atanın yerinə taxta əyləşməsi" adlı bölmə yazdı;

- Nizami dövlətin imanı, şahlığın əsası ədalətdir, mərhəmətdir ölçüsünün şərhi üçün iyirmi iki beytlik "Bəhramın ədalət xütbəsi" adlı bölməyə yer verdi;

- qırx bir beytlik "Bəhram Gurun padşahlığı" adlı bölmədə dövlət idarəçiliyinin dayaqlarını bir-bir izah etdi;

- Şeyx Nizami mərhəmət anlayışını şahın, şahlığın - dövlət idarəçiliyinin mayasına yerləşdirdi, sosial dövlətin kimliyini açıqladı, mərhəməti quran, qurtaran - qurtarıcı olan, dövlətlə xalqı bir-birinə bağlayan, sevgiyə, barışa, sosial ədalətə, inkişafa, ilahi rizaya yol açan dəyər kimi tanıtdı, bu məqsədlə əlli iki beytlik "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölmə yazdı.

 

İkinci giriş

 

Şeyx Nizami Gəncəvi Bəhram şahın insani, siyasi kimliyinin inşasına davam edir, təkəbbür anlayışına yer verir, təkəbbürü sadəcə bir insanın fitrətindən uzaqlaşması nəticəsində ortaya çıxmış mənəvi-ruhi xəstəlik kimi tanıtmır. Təkəbbürlə şah, təkəbbürlə dövlət idarəçiliyi, təkəbbürlə şöhrət, sərvət, siyasi güc, təkəbbürlü şahla, dövlətlə xalq arasında bağ qurur, təkəbbürün insanlararası münasibətə, əxlaqa, siyasətə təsirini göstərir, bu nəticəyə gəlir: təkəbbür pozur, qoparır, ayırır, nifrətə, çöküşə, zülmə yol açır, insanın, şahın, siyasətin, dövlətin fitrətini - mayasını çürüdür, onları insanlardan, xalqdan, mərhəmətdən, sevgidən, barışdan uzaqlaşdırır, ruhi, sosial, siyasi xəstəliklərə yol açır, barış gedir, yerinə savaş gəlir, sevginin yerini nifrət tutur, təkəbbürlü şah və dövlət zülm vasitəsinə çevrilir.

Nizami təkəbbür anlayışının tanıdılması, onun siyasi, əxlaqi, sosial nəticələrinin təhlili üçün "Bəhramın öz kənizi ilə dastanı" adlı bölmə yazır, səbəbi də budur: sağlam, elmli, dindar, siyasəti, savaş sənətini dərindən öyrənmiş, bir neçə dil bilən, mahir ovçu Bəhram dərin ağlı, usta siyasəti, diplomatik bacarığı, cəsarəti ilə zalım atasının ölümündən sonra İranda hakimiyyəti ələ keçirmiş siyasi gücləri savaşmadan, qan tökmədən məğlub edir, İran imperatorluğunu siyasi, iqtisadi, sosial böhrandan, çöküşdən qurtarır, ədalətli dövlət qurur, mərhəməti ilə qıtlığın, yoxsulluğun, siyasi zülmün əlində can verən xalqı ölümün pəncəsindən xilas edir, hakimiyyətinin zirvəsinə çatır, böyük siyasi, hərbi, iqtisadi güc, xalq dəstəyi qazanır.

Bu nəticə xeyirlərə yol açdığı kimi, bir də insani, siyasi təkəbbürün ortaya çıxmasına şərait hazırlayır, şah artıq təkəbbür adlı qorxunc düşmənlə üz-üzədir, siyasi rəqiblərini böyük ağlı, sarsılmaz cəsarəti ilə məğlub edən Bəhram mənəvi düşmənini - nəfsini, təkəbbürü məğlub edə biləcəkmi? Siyasi güclə mənəvi gücün savaşında kim qalib gələcək, siyasi gücün təhlükəsindən, təkəbbürün bəlasından qorunmağın yolu, imkanı varmı, siyasi rəqiblər daha qorxuludur, yoxsa mənəvi rəqiblər? Şeyx Nizami "Bəhramın öz kənizi ilə dastanı" adlı bölmədə bu suallara cavab verir.

"Bəhramın öz kənizi ilə dastanı" adlı bölmə istifadə etdiyimiz orijinal nüsxədə səksən altı, sətri tərcümədə səksən səkkiz beytdir. Bölmənin başlığı da orijinala uyğun tərcümə edilməyib, belə ki, orijinalda "kənizək", tərcümədə "kəniz" sözü var. Sözün sonundakı "ək" şəkilçisi kiçildir, "cavanlaşdırır", sözə cavan/gənc qız qulluqçu anlamını yükləyir - "Bəhramın öz gənc kənizi ilə dastanı".

Şeyx Nizami mətndəki hər sözün, şəkilçinin, bədii vasitənin haqqını verən sənətkardır. Onun kənizin məhz gənc olmasını istəməsinin səbəbləri var: birincisi, cavan cəsur olar, danışarkən, çox zaman məsələnin bütün yönlərini düşünməz, Bəhram bir imperatordur, ona etiraz etmək hər adamın işi deyil, qulluqçu yaşlı, təcrübəli olsa idi, əsla Bəhrama qarşı çıxmazdı. Nizami cavandır, beyni qandır ölçüsü ilə hərəkət etmiş, bu yolla da etirazın inandırıcılığını ortaya qoymuşdur (o qız sonra deyir ki, məni şeytan yoldan çıxartdı), ikincisi, Bəhramın ən önəmli özəlliklərindən biri cəsur olmasıdır - Nizami cəsarəti cəsarətlə məğlub etmişdir, üçüncüsü, Nizami insani, siyasi təkəbbür anlayışını tanıdır, zəfərlər qazanmış Bəhramda təkəbbür əlamətləri var, şair təkəbbür cəsarətlə qırılar ölçüsü qoymuşdur, dördüncüsü, təkəbbürlü insan etirazı əsla qəbul etməz, o, hər zaman haqlıdır, bu halda, ona ancaq cavan, təcrübəsiz qız qulluqçu qarşı çıxa bilər, beşincisi, Nizami oğlan deyil, məhz cavan qız qulluqçu seçmiş, təkəbbürlü Bəhrama onun əli, cəsarəti ilə dərs vermişdir, altıncısı, Bəhramın usta olduğu işlərdən biri ovçuluqdur, o, təkəbbürlüdür, "mənim kimi ovçu yoxdur", deyir, cavan qız qulluqçu da şahın məhz ovçuluq yönünə etiraz edir, Bəhramın təkəbbür duyğusunu körükləyən tabusunu sındırır - tabu (şan, şöhrət, təkəbbür, inanc...) toxunulmazdır, sınmasa, xəstəlik sağalmaz, tabuya köləlik bitməz, yeddincisi, Nizami cavan qız qulluqçuya Bəhrama söz demək imkanı vermək üçün bölmənin başlığına "öz" ("xiş") əvəzliyini artırmışdır, yaxınlığı ifadə edir (o, şahı müşayiət edir, çox zaman onun yanındadır), yaxınlıq Bəhramı "adiləşdirir", qızın cəsarətini artırır. Səkkizincisi, Nizami cavan qız qulluqçunu Bəhramın qəzəbindən qorumaq, (təkəbbür olan yerdə qəzəb də var), ölümdən xilas etmək üçün deyir ki, o, çox gənc və gözəl idi, "təzə cənnət baharı kimi üzü təzə-tər", "çəmən yelləri kimi xuraman yerişli", "kərə yağla qarışmış bir bal" idi, şah ona məftun idi. Doqquzuncusu, cavan qız qulluqçunu ölümdən qurtaran bir vasitə də var: o, bacarıqlı, istedadlıdır, gözəl səsi var, rud çalır, rəqs edir, "rudun naləsini göyə qaldıranda quşları havadan endirərdi", şah məclislərdə, ovda onun nəğməsini dinləyərdi, şahın hüzur qaynağı idi, Bəhram ona heyran olmuşdu. Onuncusu, o cavan qız qulluqçunu ölümdən xilas edən bir vasitə də var, Bəhram qadın öldürməyi "aslan kişilərin işi saymır, qadın döyüşçü deyil", on birincisi, Nizami o cavan qız qulluqçunu ölümdən qurtaran bir yol da açır: Bəhram ordu başçısına deyir ki, bu qızı sən öldür, ancaq cəsur əsgərin "peşəsi ədalətdir", qızın ağıllı təkliflərini qəbul edir, onu qoruyur, nəticədə, onun cavan və qız olması, ağlı, bacarığı, gözəlliyi, istedadı, cəsarəti, günahsızlığı, şah yanındakı dəyəri, ordu başçısının ədaləti xilasına yol açır, məsnəvinin süjet xəttinin inkişafı təmin olunur, Bəhrama dərs verilir, təkəbbürün zərəri, onu məğlub etməyin yolları, müalicə üsulları göstərilir.

Şeyx Nizami o cavan qız qulluqçunun adını niyə Fitnə qoymuşdur? Dedik ki, Nizamidə təsadüfi söz olmur, bir vasitə seçirsə, ona mütləq bir anlam yükləyir, məsnəvinin məzmunu, ideyası ilə bağlayır.

"Fitnə" sözü ərəbcədir, "f-t-n" kökündəndir, eyni kökdən törəyən sözlərin bu mənaları var: "imtahan etmək", "pislik etmək", "əzab etmək", "uzaqlaşdırmaq", "azdırıcı", "dəlilik", "təzyiq", "qarışıqlıq", "çarə" (bağlamına görə "günah", "şeytanın hiyləsi, tələsi", "şeytanın zəif ruhlu insanlara aşıladığı batil inanc, vəsvəsə", "nifaq", "sıxıntı", "rüsvayçılıq", "ələ salmaq", "oyuncaq olmaq").

"Fitnə" sözünün əsl anlamı sağlamın çürükdən seçilməsi, təmizlənməsi üçün qızılın oda/atəşə atılmasıdır, bu yolla qızıl sınanır, həqiqi qızıl olub-olmadığı öyrənilir - fitnə seçici, ayırıcı vasitədir.

"Fitnə" sözü "bəla", "şiddət" mənalarını da daşıyır, ağır sınaqdır, elə bir sınaqdır ki, insanın dəyərini ortaya çıxarır, qızıl atəşə atılmasa, saflıq dərəcəsi bilinməz, insan çətin sınaqdan keçməsə, gerçək kimliyi üzə çıxmaz - imtahan seçir, öyrədir, üstün qılır.

"Fitnə" sözünün bu anlamları işığında deyə bilərik ki, sərvət, şəhvət, şöhrət, övlad, hakimiyyət - bir sözlə, insanın sınandığı hər şey fitnə, imtahandır, Onun dəyərini müəyyən edir.

Allah buyurur ki, bu dünya imtahan yeridir, insan hər an sınanır, imtahanın işləri var: öyrədir, seçir, sınaqdan keçənləri böyüdür. Hər imtahanda həm acı, həm də fürsət var, acıları fürsətə çevirmək insanın əlindədir.

Nizami cavan qız qulluqçuya içində imtahan mənası daşıyan Fitnə adı qoyur ki, böyük siyasi, iqtisadi, hərbi güc əldə etmiş, hakimiyyətinin zirvəsində olan Bəhramı onun vasitəsi ilə sınasın, test etsin, göstərsin ki, insanın bu qədər gücü idarə etmək imkanı varmı? Ölçü qoysun: böyük siyasi, iqtisadi, hərbi güc - sınırsız hakimiyyət təkəbbürə, təkəbbür həqiqəti görmək imkanının itirilməsinə, o da zülmə, məğlubiyyətə, dəyərsizləşməyə yol açar.

Məsnəvinin süjet xəttinin bu bölməsinin adı "Bəhramın öz cavan kənizi ilə dastanı"dır, adda bədii təzad var: imperator Bəhram - qulluqçu qız, güclü - zəif, kişi - qadın, yaşlı - cavan, zəngin-yoxsul, Nizami bədii təzadla deyir ki, hər xəstəlik ziddi ilə sağalar, təkəbbür qorxulu xəstəlikdir, siyasi təkəbbür isə daha qorxuludur, belə ki, nəticəsi bir insana deyil, xalqa təsir göstərir, ziddi təvazödür, bu xəstəliyi ağıl, cəsarət, mərhəmət, tənqidlə məğlub edə bilərsən.

Məsnəvinin süjet xəttinin mərhələlərini belə sıralaya bilərik:

- Bəhram ov etməyi çox sevir, usta ovçudur, gur ovlayır, bir gün ova çıxır - Nizami mesajı Bəhramın ən gözəl bacardığı iş üzərindən verir, Bəhramda belə bir fikir var idi ki, onun kimi ovçu yoxdur;

- Bəhramın ovçuluq məharəti incəlikləri ilə təsvir olunur ki, təkəbbürün qaynağı ortaya çıxsın;

- Bəhramın Fitnə adlı cavan qız qulluqçusu tanıdılır, o, şahın yanındadır, çox gözəl, bacarıqlı, çevikdir, şah ona aşiqdir - bu özəlliklər ona şaha etiraz imkanı verir;

- şahın Fitnəyə münasibəti açıqlanır, şah ən çox onun nəğməsini dinləyir, ona məftundur - bu ölçü də təkəbbürü tanıtmaq imkanı verir, o elə qorxulu xəstəlikdir ki, insanı çox sevdiyinin ölüm fərmanını verməyə də yönəldə bilər;

- Fitnə ağıllıdır, sınır qoyur, şahın ovçuluq məharətini tərifləmir, susur, bu yolla şahı qızışdırır, istəyir ki, Bəhram daha böyük ustalıq göstərsin, məharətinin zirvə nöqtəsində onu tənqid etsin ki, sözünün təsiri artsın, təkəbbür bütün gücü, qəzəbi, atəşi ilə üzə çıxsın;

- Bəhram Fitnənin tələsinə düşür, narahat olur, onu sancır, tərifini eşitmək üçün (narsist tərifsiz yaşaya bilməz) daha böyük ustalıq göstərmək qərarına gəlir, deyir ki, guru necə ovlamağımı istəyirsənsə, de, o biçimdə ovlayım. Fitnə şahın bir oxla gurun başını dırnağına tikməsini istəyir;

- şah böyük ustalıqla bu istəyi yerinə yetirir, çox sevdiyi Fitnədən tərif gözləyir, "əlimin hünərinə nə deyirsən?" - deyə sual verir, ancaq ondan təhqir saydığı cavab eşidir, belə ki, Fitnə Bəhramın bu məharətini onun gücünə deyil, vərdişə bağlayır;

- bu cavab şahın psixoloji tarazlığını pozur, qəlbini kinlə doldurur, o, Fitnəni öldürmək qərarına gəlir, ancaq qadını öldürməyi "aslan kişiliyinə" sığışdırmır;

- şaha sadiq, ədalətli, "şir kimi zəhmli" ordu başçısına əmr edir ki, Fitnəni öldürsün;

- Fitnə nə qədər ağıllı olduğunu göstərir, ordu başçısının şahın buyruğunu yerinə yetirməməsi üçün dəlillər sıralayır: qısa zamanda şah peşman olacaq, belə ki, məni çox sevir, Fitnəni öldürən ordu başçısı şahın gözündən düşəcək, bir neçə gün gözlə, şaha məni öldürdüyünü söylə, bu xəbər onu sevindirsə, məni öldürərsən, qanım sənə halal olsun, kədərləndirsə, iki nəticə qazanacaqsan: şah məni öldürmədiyini biləndə sənə cəza verməyəcək, əksinə, mükafatlandıracaq, axirətdə də bu məsələ ilə bağlı Allahın sorğu-sualından qurtulacaqsan, əmin ol ki, şaha çox yaxın olacaq, bir gün yaxşılığının əvəzini ödəyəcəyəm;

- Fitnə bir addım da atır, ordu başçısının qarşısına yeddi ləli olan boyunbağı qoyur - hərəsi bir ölkənin xəracı idi;

- Fitnənin ağıllı, məntiqli təklifləri ordu başçısını inandırır, o, Fitnəni öldürmür;

- şah Fitnənin ölüm xəbərini eşidəndə ağlayır, ordu başçısının qəlbi hüzura qovuşur;

- Fitnə ordu başçısının uzaq kənddəki köşkündə yaşayır, bu köşkün altımış pilləli bir eyvanı var, o, hər gün iki gün öncə doğmuş inəyin balasını çiynində altımış pilləli köşkün damına qaldırır, bu işi altı il təkrar edir, buzov öküz olsa da, adətindən əl çəkmir;

- Fitnənin məqsədi Bəhrama dərs verməkdir, o, şahın silahından istifadə edərək vərdişə çevrilmiş bir işin ustalıq olmadığını ortaya qoyur, bu yolla da təkəbbürün insanı həqiqətdən uzaqlaşdırdığını, yanlış qərarlara, zülmə yönəltdiyini, məğlubiyyətə sürüklədiyini, şahı xalqdan ayırdığını, ilahi cəzaya səbəb olduğunu göstərir.

 

Birinci beytin şərhi:

Şah ova həvəs göstərdi

 

Şah bir gün şikara həvəs göstərib,

Alçaq düzəngahlara, yüksək dağlara (üz qoyub).

 

Şeyx Nizami təkəbbür xəstəliyi ilə bağlı mesajlarını Bəhramın ovçuluq məharəti üzərindən verir, ondakı təkəbbür əlamətlərini bir-bir sayır. O, uşaqlıqdan ov etməyi çox sevdi, bu işi ustalarından öyrəndi, təcrübə qazandı, gur ovlaması ilə tanındı, Bəhram Gur oldu, onda belə bir düşüncə formalaşdı ki, ovçuluqda kimsə Bəhramla yarışa bilməz, müqayisə olunmaz.

Nizami məsnəvinin süjet xəttini hərəkətə keçirmək üçün Bəhramı ova çıxarır, onu adı ilə deyil, titulu ilə tanıdır, şah deyir. Şair "Yeddi gözəl" məsnəvisinin təkəbbürlə bağlı səksən səkkiz (orijinalda səksən altı) beytlik bu bölməsində Bəhramı tanıdarkən on dörd dəfə "şah", iki dəfə də "şəhriyar" sözünə yer vermişdir, istisna yoxdur, əsla Bəhram adından istifadə etməmişdir. Səbəbi də budur: "şah" sözünün təkəbbürü tanıtmaq imkanı daha çoxdur, rəqiblərini ağılı, məntiqi, gücü, diplomatiyası, cəsarəti ilə məğlub etmiş, İran adlı imperatorluğu dağılmaqdan, xalqı zülmün, qıtlığın ortaya çıxardığı ölümün pəncəsindən qurtarmış, siyasi, hərbi, iqtisadi gücə, xalqın sevgisinə qovuşmuş bir şah var. Bu sıraladığımız göstəricilər onda təkəbbürə yol açmışdır.

Nizami "şah" sözünü birinci sıraya qoyur, misranı bu sözlə başlayır, ova həvəs göstərən məhz şahdır, yəni ova getməyi kimsə təklif etmir, edə bilmir, şahın canı nə istəyirsə, o olur, nə zaman istəyirsə, onda olur, seçən, təyin odur. Şair təkəbbür xəstəliyi ilə bağlı mesajlarını şahlığa - dövlət idarəçiliyinə aid məsələlər üzərindən vermir, verməz, belə ki, bu məsələdə hələlik bir qüsur yoxdur, olsa da, kimsə şahı tənqid edə bilməz, cəsarəti çatmaz. Elə buna görə də təkəbbürlə bağlı mesajın təqdimi üçün ən uyğun imkan ovçuluqdadır. Bu məsələdə də şaha etiraz edən bir dövlət məmuru deyil, olmaz, bir cavan qızdır, qulluqçudur, şahın onu çox sevməsi qızı cəsarətləndirir, şaha etiraz imkanı verir, bir də ölümdən qurtarır, təkəbbürlə bağlı ölçünün təqdiminə yol açır.

Beytdəki təkəbbür əlamətinin daşıyıcılarından biri də budur: ov etmək qərarını şah verir, kimsə ilə məsləhətləşmir, fikir soruşmur, bu məntiqə uyğun olaraq da beytin xəbəri üçüncü şəxsin təkindədir, ona - şaha aiddir ("kərd" etdi, həvəs etdi).

Nizami məhz "həvəs etdi" / "bəyəndi", "həvəs göstərdi" feilini seçir, bu, planlaşdırılmış, müzakirə olunmuş iş deyil, şahın canı nə istəyirsə, onu edir, təkəbbürlü insan/şah müzakirəyə ehtiyac duymaz, fərqli fikir istəməz, o hər şeyi hamıdan yaxşı bilər, canı nəyi çəkərsə, onu edər.

Misrada şahın təkəbbürünü göstərən bir əlamət də var, Nizami "ruzi" deyir, "bir gün", "hər hansı bir gün", ov etməyin zamanını da şah müəyyən edir, özəl plan, gün, vaxt yoxdur, şah nə zaman istəyirsə, onda olur - təkəbbür xəstəliyinin ən önəmli əlamətlərindən biri zaman israfıdır.

Nizami şaha ov məkanı seçir: alçaq - dümdüz düzəngah/səhra, biyaban (tərcümədə "düzəngah" sözü cəmdə verilmişdir, doğru deyil), uca dağ (tərcümədə "dağ" sözü cəmdədir), "səhra", "dağ" sözləri arasındakı "və" bağlayıcısı sıralayır, məkanı, əslində, şahı böyüdür, onu məqsədin tələbinə uyğunlaşdırır. Məkan şahın adına, təkəbbürünə uyğundur, çox genişdir, ucadır, şah ovçuluq məharətini bütün incəlikləri ilə hər məkanda göstərmək istəyir - təkəbbür anlayışında göstəriş, görünmək, tərif eşitmək istəyi var.

 

İkinci beytin şərhi:

Gur vuruldu

 

Gur dırnaqlı kəhərini səhraya çapdı,

O qızışmışdı, gur vururdu.

 

Nizami təkəbbür anlayışının tanıdılması məqsədinə uyğun olaraq yeni vasitələr seçir, Bəhramın atını təsvir edir, o, ov atıdır, iki özəlliyi var: əşqər atdır, "əşqər" sözü "kəhər" kimi tərcümə edilib (kəhər - açıq-şabalıdı rəngli atdır), ancaq fars dilinin izahlı lüğətlərində bu sözün yalı, quyruğu qırmızı at mənası var. Şahın atının ikinci özəlliyi "gur dırnaqlı" olmasıdır, güclü dırnaqları silah kimidir, əşqər gurun üzərinə atılır, onu dırnaqları ilə vurub öldürür. Bu, özəl atdır, ancaq şaha aiddir, onu başqalarından seçir, üstün qılır, güclü, fərqli göstərir.

Şah atını səhraya çapdı, yavaş-yavaş getmədi, məhz çapdı, ovçuluq tutqusu duyğularını oynatdı, məharətini göstərməyə, alqışlanmağa tələsdi.

"Şur mikərd" - coşurdu, qızışırdı, cuşa gəlirdi, ehtirası artırdı, tərcümədə bu feil "qızmışdı" kimi verilib, dəqiq deyil, belə ki, feil orijinalda keçmiş davamedici zamandadır, davamlılığı göstərir, şah ov etdikcə ehtirası da artır, bitmiş hal yoxdur, davamlı artan, çoxalan hal var: qızışırdı, coşurdu, ehtirasa gəlirdi. Bizim tərcüməmiz bir də, sıradakı - ikinci misranın sonundakı feilə uyğundur, belə ki, o feil də davamlılığı bildirir - keçmiş davamedici zamandadır: "gur miəndaxt" - gur vururdu/ovlayırdı, şah qızışır, gur vurur, gur vurduqca ehtirası, coşqusu da artırdı.

Şah ov halındadır, o hala təslim olmuşdur, gözü başqa bir şey görmür, bildiyi, bacardığı, sevdiyi iş - gur ovu ruhunu oxşayır, ona üstünlük duyğusu yaşadırdı.

"Qızışırdı", "vururdu" feilləri arasındakı "və" bağlayıcısı da sıralayır, çoxaldır, davamlılığı ifadə edir, getdikcə coşan bir şah var.

Beytdə davamlı hərəkət anlamı daşıyan bir vasitə də var, belə ki, Nizami üç hərəkət, hal feilinə yer vermişdir: "çapdı", "qızışırdı", "vururdu" - gur ovlamaq hərəkətdir, hərəkət halında gur vurmaq məharətdir, məharət üstünlük duyğusu yaşadan nemətdir, şah üçün fərqi yoxdur, dağda da, səhrada da ovlayır, gurun usta ovçudan qaçış imkanı yoxdur.

 

 

Üçüncü beytin şərhi:

Müştəriyə yönəldi

 

Müştərinin mənzili Qövsdür,

Onun qövsü Müştəriyə yönəldi.

 

Nizami Bəhram şahın ovçuluq məharətini, gur ovlayarkən yaşadığı həzzi, sevinc, qürur duyğusunu, "mənim kimi ovçu yoxdur" anlayışını təqdim etmək üçün yeni vasitələr seçir:

- Astronomiya ilə bağlı dərin bilgisindən istifadə edir, Müştəri planetinin adını çəkir, onun bir adı da Yupiterdir, bu özəllikləri var: Günəş sisteminin ən böyük planetidir, içinə 1320 Yer planeti sığar, Günəş sisteminin şahıdır, Günəşlə arasında 758 milyon kilometr məsafə var, parlaqdır, cazibə imkanı çox böyükdür, gücü təmsil edir, sirlərlə doludur...;

- Nizami yazır ki, Müştəri Qövs bürcündə yer tutmuşdu - tərcümədə deyilir ki, Müştərinin mənzili Qövsdür, bu, mənanı dəqiq ifadə etmir, belə ki, Müştərinin davamlı mənzili yoxdur, şair vurğulayır ki, Bəhram ov edərkən Müştəri Qövs bürcündə idi;

- Qövs bürcünün bir adı da Yaydır, Müştəri - Yupiter ilə Qövs-Yay bürcü arasında bağ var, belə ki, Yay bürcünün himayəçisi /idarəçisi Müştəridir. Yay bürcündə doğulanların bu özəllikləri var: atəş qrupundandırlar, müsbət enerjilidirlər, onlar varsa, hüzn, kədər, çarəsizlik yoxdur, səxavətlidirlər, dostlarına dəyər verirlər, cazibəlidirlər, elmi, fəlsəfəni sevirlər, yeniliyə açıqdırlar, kəşfə maraqlıdırlar, enerjili, azad, risk edən, dərin zəkalı, ümidli, sevinc dolu, iradəli, özünə güvənən, açıqgözlü, şöhrətpərəst, idarəçi insanlardır, onları doğru tanıdan iki açar söz var: ümid, müdriklik...;

- Nizami deyir ki, Müştəri (Yupiter) Qövs (Yay) bürcündə idi, Müştəri Qövs bürcünə yerləşəndə ən parlaq, nurlu dönəmini yaşayır. Nur sevincin, fərəhin, coşqunun rəmzidir, yəni şah gur ovlamağı çox sevirdi, ov zamanı hüzur, həzz, sevinc içində olurdu, özünü dünyanın ən xoşbəxt insanı sayırdı;

- "Onun qövsü Müştəriyə yönəldi" (onunla razılaşdı, müqavilə/peyman bağladı) - Nizami "qövs" və "Müştəri" sözlərinin omonimliyindən yararlanır, birinci misrada "qövs" sözünün Yay bürcü mənasından, ikinci misrada isə "kaman", "yay" (oxun yayı) anlamından istifadə edir. Şahın kamanı / yayı, qövsü oxunu Müştəriyə tərəf atdı, yönəltdi ki, bu ov ona uğur, xoşbəxtlik, sevinc gətirsin, Müştəri Qövs bürcündə olarkən özünü necə xoşbəxt hiss edirsə, şah da o dərəcədə xoşbəxt olsun, oxları hədəflərə dəysin, bu da şahı coşdursun, duyğularını oxşasın;

- Nizami şahın gur ovlamağı bu dərəcədə sevməsini, ovla yaşamasını, ovçuluq məharətini, ovçuluğun onun həzz qaynağı olmasını ona görə bu qədər önə çıxarır ki, təkəbbür anlayışını inşa etsin: ova bu qədər bağlı olan, ovla nəfəs alan, ovçuluq məharəti ilə qürur duyan bir şah var, bir cavan qulluqçu qız da ona etiraz edir, edəcək, şahın ovçuluq məharətini vərdişə bağlayır, nəticədə, şahın özünə aşiq olduğu, təkəbbür xəstəliyinə tutulduğu üzə çıxır - yox deməsən, sınır qoymasan, etiraz etməsən, gerçək kimlik bilinməz.

 

Dördüncü beytin şərhi:

Şaha tərəf qovurdular

 

Səhrada süvarilər dairə bağlayıb,

Bir sürü guru şaha tərəf qovurdular.

 

Ov səhnəsinin təsviri davam edir, Nizami şahın ov tutqusunu çoxluq və genişlik anlayışları ilə tanıdır, uyğun vasitələr seçir:

- "Süvari" ("atlı") sözünü cəmdə işlədir, sayı artırır ki, ovun əzəməti üzə çıxsın, hər iş şahın ovçuluq ustalığının görünməsinə uyğun qurulub;

- "Pərre bəste" - "pərre" sözünün bu mənaları var: "ləçək", "gül yarpağı", "dilim", "qanad" - süvarilər gülün ləçəkləri kimi iç-içə, çox, sıx idilər ki, gurların ov məkanından qaçmaq imkanı olmasın;

- ov məkanı səhradır, çox genişdir, "dəşt"dir, çöldür, süvarilər səhrada gülün ləçəkləri kimi dairə biçimində bir-birinə bağlanmışdılar, ov etməyin qaydası-üsulu belə idi ki, süvarilər dağı və səhranı dairəyə alırdılar, yavaş-yavaş bu dairəni daraldırdılar ki, gurlar şaha doğru getsin, o da ovlasın;

- Nizami çoxluğun ifadəsi üçün bir vasitə də seçir, "rəme", sürü deyir, gur sürüsü, şah atlıların çevrələdiyi geniş məkanda doyunca ov edəcək, ustalığının əlamətlərini, incəliklərini bir-bir göstərəcək;

- atlıların işi gur sürüsünü (tərcümədəki kimi "bir sürü gur" deyil, gur sürüsüdür) şaha doğru qovmaq, yönəltməkdir.

 

Beşinci beytin şərhi:

Pusquda durmuşdu

 

Şah aslan kimi pusquda durmuşdu,

Kəhər at onun altında oynayırdı.

 

Nizami şahın ov istəyini, həzzini, tutqusunu, ov məkanını, atını, ovlamaq biçimini təsvir etdi, sıra şahın ovçuluq məharətinin incəliklərini açıqlamağa çatdı - bunlar olmasa, təkəbbürün qaynağı görünməz:

- Nizami yenə şah deyir, bu sözə ikinci dəfə yer verir, onu misranın başına yerləşdirir, Bəhramın gücünü, əzəmətini göstərir - o, ovçuların, ovçuluq işinin şahıdır;

- ustalığın əlamətlərindən biri də budur: hər şey planlı olacaq, ölçülüb-biçiləcək, şah harada, necə dayanacağını bilir;

- şair bu anlamın ifadəsi üçün məhz "mətrəh" sözünü seçir (tərcümədə "pusqu" kimi verilib, "pusqu" bu sözün dolayı, bağlama görə mənasıdır, şahın məharətinin göstərilməsinə gücü çatmır): "tərh" sözü ərəbcədir, "ta-ra-he" kökündəndir, eyni kökdən törəmiş sözlər bu mənaları daşıyır: "plan", "layihə", "sxem", "bir şeyi atıb uzaqlaşdırmaq", "uzaq yer", "mətrəh" sözü müzakirə olunmuş, düşünülmüş, ölçülüb-biçilmiş işin/məsələnin özəlliyidir;

- şah ustadır hökmünün dəlili var: o harada, hansı məsafədə, necə dayanacağını dəqiq bilir - "mətrəh" sözü bu anlamların hamısını əhatə edir;

- şah mətrəhdə - doğru müəyyənləşdirdiyi yerdə şir kimi dayanmışdı, misradakı "şir" sözü gücü, səbri, ayıqlığı ifadə edir, o, səbirlə ovunu gözləyir, hər an hücuma hazırdır, vaxtı çatanda sürətlə hərəkət edəcək;

- Nizami şahın ova hazırlıq biçimini təsvir edərkən onun atını ikinci dəfə tanıdır, "əşqər" deyir (quyruğu, yalı qırmızı at), bu sözün sonuna "əş" bitişən əvəzliyini artırır, "atı" - şahın atı, mənsubluq qəlibi bunları deyir: şahın hər şeyi özəldir, ancaq/yalnız onun belə bir atı var, o, ov atıdır, təcrübəlidir, ov işini əla bilir, sahibi ilə birgə savaşır;

- "Əşqərəş" - şahın atı rəqs edirdi, bu feil atın halını gözəl tanıdır, o, təcrübəli ov atıdır, sahibinin duyğularından xəbərdardır, ovun ətrini almış, coşmuşdur, sevinir, ayaqları oynayır, cilov gəmirir, şahın arzusunu yerinə yetirməyə can atır;

- şahın altında rəqs edir, onun güvənini artırır, ümid, cəsarət verir, halı ilə müjdələyir ki, ov çox uğurlu olacaq, hər kəs şahın ustalığına şahidlik edəcək;

- Bəhramın atı da təkəbbürlüdür, əşqər atdır - quyruğu, yalı qırmızıdır, gur dırnaqlıdır, davranışları ilə deyir ki, fərqliyəm, sahibim şahdır, seçilmişəm, o, ova ancaq mənimlə gedir, mən də bir gur ovçusuyam, təcrübəliyəm, şaha ümid, güvən, cəsarət verir, yardım göstərirəm.

 

Altıncı beytin şərhi:

Ox doldururdu

 

Onun əli yaydan dürr saçırdı,

Kirişi boşaldıb, ox doldururdu.

 

Nizami şahın ovçuluq məharətini göstərmək üçün yeni vasitələr seçir, bacarıq, sürət, çoxluq anlayışlarını önə çıxarır:

- "Dəstəş" - onun əli deyir, şahın bacarıqlı əlini təsvir edir, bu əl yaydan - yayın ipindən ("zeh" sözünün bu mənaları var: "sim", "tel", "bağırsaq", bir də "afərin", "mərhəba");

- sonra bacarıq və çoxluğu göstərmək üçün "nesar" sözünə yer verir - "bəxşiş", "hədiyyə", "nəzir", "qurban", "səpmə", "tökmə", onu "kərdən" feili ilə birləşdirir;

- bu feili keçmiş davamedici zamanda işlədir, fasiləsizliyi, çoxluğu göstərir, şahın əli o dərəcədə sürətli hərəkət edir ki, onu görmək olmur, "nesar mikərd", səpirdi, tökürdü, ox atmırdı, oxu səpirdi;

- Nizami birinci misrada "ox" sözünün yerinə "dürr" qəlibini, "atmaq" feilinin yerinə də bəxşiş/hədiyyə etmək, səpmək, tökmək feilini işlədir, şahın əli (bu usta əl ancaq onda var) yayın ipindən (gurların başına) dürr səpirdi, tez hərəkət edir, çox ox atır, hər biri də hədəfə dəyirdi, "gurları sevindirirdi".

İkinci misrada ustalıq, sürət, çoxluq mənalarını daşıyan bu bədii vasitələr var:

- Nizami yuyurdu, təmizləyirdi, boşaldırdı deyir - şahın əli oxu yayın ipindən yuyurdu / boşaldırdı, o dərəcədə sürətlə/tez, çox ox atırdı ki...;

- sonra da "boşaldırdı" feilinin antonimi olan "doldururdu" feilindən istifadə edir (ikinci misrada bir feil var, ancaq bağlamına görə həm "boşalmaq", həm də "doldurmaq" anlamını yüklənir), yayın ipi boşalırdı, dolurdu;

- aradakı "və" bağlayıcısı da mesaja xidmət edir, sıralayır, fasiləsizliyi, çoxluğu, ustalığı ifadə edir - davamlı çalışan, atdığı hər oxu hədəfinə vuran bir əl var;

- beytdə çoxluq, fasiləsizlik, məharət anlamını daşıyan bir vasitə də var, "mikərd" feili rədifdir, keçmiş davamedici zamandadır, şahın bacarıqlı əli gurların başına dürr səpir, tökür, oxun ipi boşalır, dolurdu;

- bu gün dilimizdə "tüfəng boşaltmaq", "tüfəng doldurmaq" ifadələri var, Nizami bu ifadələrin dövrə uyğun biçimlərindən yararlanmışdır: "ox boşaltmaq", "ox doldurmaq";

 

Yeddinci beytin şərhi:

Alov yağdırırdı

 

Onun yüksək cövhərli dəmir oxları yerə,

Gah alov yağdırırdı, gah da şikar.

 

İran adlı imperatorluğun xilaskar şahı olmaq, xalqın sevgisini qazanmaq, şahlıq məqamı, ovçuluq məharəti, geniş məkan, uca dağ, gur dırnaqlı, qırmızı yallı, qırmızı quyruqlu at, Müştəri planetinin Qövs bürcünə yerləşməsi, atlıların dağı, səhranı gül ləçəyi kimi çevrələməsi - dairəni addım-addım daraltması, gurun çoxluğu, şahın aslan kimi duruşu, atının - əşqərinin altında oynaması, sehrli əli, dürr (ox) səpilməsi, yayın ipinin oxdan boşalıb, oxla dolması, qafiyələr, rədiflər, şəkilçilər, bağlayıcılar - bu vasitələr təkəbbür anlayışının inşasına xidmət edir, Nizami mətni boş qoymur, hər vasitəni məqsədə yönəldir.

Şair bu beytdə yeni vasitələrə yer verir, şahın oxunu tanıdır, onun oxu da "təkəbbürlüdür", özünə oxşayır, fərqlidir, seçilmişdir, üstündür, şaha layiqdir:

- Nizami şahın oxunu tanıtmaq üçün "bəlarək" sözündən yararlanır, bu sözün "hind qılıncı" (hind dəmirindən olan qılınc), "hind poladı" mənaları var, tərcümədə "yüksək cövhərli dəmir" kimi verilmişdir, mənanı dəqiq ifadə etmir;

- onun bu özəl dəmirdən/poladdan hazırlanmış oxu yer üzərinə...;

- Nizami bu məqamda ustalığı, fasiləsizliyi, çoxluğu ifadə etmək üçün beş vasitədən istifadə edir, birincisi, "gah", "gah da" ("qahi", "gəh" biçimində, "qahi" sözünün "vaxt", "bəzən" mənaları da var) bölüşdürmə bağlayıcısına yer verir, bu bağlayıcı sıralayır, növbələşdirir, çoxaldır, ikincisi, "əfkəndən" feilindən yararlanır ("fekənd" biçimində), feilin "atmaq", "salmaq" mənaları var, bağlamına görə "yağdırmaq", "tökmək" anlamlarını yüklənmişdir, keçmiş davamedici zamanı bildirir - biçiminə görə elə olmasa da - davamlılığı, çoxluğu, ustalığı göstərir, üçüncüsü, sırası ilə yer üzünə iki şey yağdırır, tökür: atəş/od, bir də "nəxcir", bu sözün "ov", "quş", "ov quşları", "dağ keçisi" mənaları var - yer üzü (ov məkanı) atəş və ovla dolu idi, burada "gur" sözünün yerinə "nəxcir" qəlibinin işlənməsi ovun çeşidinin çoxaldılması kimi də oxuna bilər, dördüncüsü, beytdə mübaliğə var - yer üzünə (ov yerinə) atəş yağır, beşincisi, Nizami "və" bağlayıcısını da mətnə yerləşdirir, bu yolla sıralayır, çoxaldır, ustalığı göstərir;

- beytin qafiyəsi "ox", "ov" ("tir", "nəxcir") sözləridir, şahın hind poladından hazırlanmış oxunu tanıdır, gücünü, hədəfini göstərir, atılan hər ox guru ova çevirir.

 

Səkkizinci beytin şərhi:

Od lazımdır

 

Gurun budu ilə saf şərab olan yerdə,

Kabab üçün od lazımdır.

 

Bu, öncəki beytin davamıdır, Nizami dedi ki, şahın hind poladından hazırlanmış oxu yerə od yağdırırdı, ov məkanına od ələnirdi. Yemək bişirmək üçün oda/atəşə ehtiyac var. Bəhrama aid olan hər şey fərqlidir, od qalamaq üçün başqa vasitələrdən deyil, oxundan istifadə edir, oxu dəydiyi yeri yandırır.

Birinci misranın başındakı "çun" - "elə", "çünki", "ona görə", "kimi" qəlibi iki beyti bir-birinə bağlayır, oda ehtiyacın səbəbini açıqlayır:

- Şahın yeməyi də fərqlidir, o, gurun bud ətinin kababını yeyir, bu ətin kababının ləzzəti ayrıdır;

- şahın içkisi də seçilir, o, xalis, saf, təmiz şərab ("nab") içir, bud əti ilə saf şərab arasında "və" bağlayıcısı var, ikisini bir-birinə bağlayır, harada kabab varsa, orada şərab da var, iki həzz qaynağı bir yerdədir, şaha hüzur vermək üçündür, kabab məclisi bir də tərif məclisidir, şahın məharətini göylərə qaldıracaqlar;

- kababla, şərabla ləzzət məclisinin qurulması üçün atəşə ehtiyac var idi, elə buna görə də şahın özəl oxları yerə od yağdırırdı;

- beytin qafiyəsi "nab" (saf şərab), "kabab" sözləridir, şahın özəl yeməyini, içkisini göz önündə tutur, deyir ki, təkəbbür insanın seçilmək, üstün olmaq duyğusunu körükləyir.

 

Doqquzuncu beytin şərhi:

Odlandırırdı

 

Gurların qanını tökən şah peykanı,

Elə bil onun üçün (hər yeri) odlandırırdı.

 

Bu beyt də Bəhramın oxunu tanıdır, səbəbləri var: ox ovçuluğun əsasıdır, şahın ustalığını, təkəbbürünü ifadə imkanı verir, onu seçir, üstün qılır...

Nizami öncə, Bəhramın oxatma biçimini təsvir etdi: "əli yaydan dürr saçırdı", "yayın ipini oxdan boşaldıb oxla doldururdu", sonra dedi ki, Bəhramın oxu hind poladından hazırlanmışdı, bu oxlar alov yağdırırdı, ovun oxdan qaçmaq imkanı yox idi.

Şair məqsədin ifadəsi üçün oxun imkanlarını artırır, yeni vasitələr seçir:

- "Yasec" sözünə yer verir (tərcümədə "peykan" kimi verilib), "yasec"in özəllikləri bunlardır: bu oxun metaldan olan iti ucu (peykanı) var, şahlara aiddir, onlar adlarını bu oxların üzərinə yazdırırdılar - şərəf, üstünlük ölçüsü sayılırdı, "yasec" türkcə sözdür, türklər savaşçı olduqlarından oxları, ox atmaları ilə tanınırdılar - Bəhram bir türk kimi ox atır mənası yüklənir;

- Nizami "yasec"in dərəcəsini göstərmək üçün onu misranın başına yerləşdirir: açıq görünməsini, bilinməsini istəyir;

- şair "yasec"in dərəcəsini artırmaq üçün - bu yolla şahın üstünlüyü vurğulanır - bir vasitəyə də yer verir, "şahın yaseci" deyir - ancaq şaha aiddir, onun şanına layiqdir - təkəbbür fərqlənmə, seçilmə, üstün olma duyğusunu mayalayır;

- Şeyx Nizami "yasec"in dəyərini artırmağa davam edir, "şahın yasec"i ifadəsindən sonra "ke" qəlibinə yer verir, diqqəti özəl oxun üzərinə yönəldir, o ox ki, o oxu göstərirəm ki, elə bir oxdur ki...;

- sonra "yasec"in işini açıqlayır: ox gurların - söz cəmdədir, oxun və şahın gücünü göstərir - qanını tökdü, əslində, bağlama görə tökürdü;

- Nizami "yasec"i tanıdarkən məhz "tökmək" ("qan tökmək") feilini seçir, tökürdü, tökdü feili bu mənaları daşıyır: savaş - ox gurlarla savaşır, çoxluq, fasiləsizlik;

- "Məgər" sözü də yaseci tanıdır - "sən demə", "gör nə edir", "heyrət", "təəccüb" mənalarını yüklənir, qeyri-adiliyi bildirir: "yasec" sadəcə gurların qanını tökmür, bir də od qalayırdı, qaladı, "atəş əngixt";

- "Yasec" bu odu onun/şah üçün qaladı, ona sadiqdir, ona itaət edir, yalnız onun üçün çalışır - üstündə onun adı var, yazılmışdır;

- Beytin qafiyəsi feildir - "tökdü", qaladı/yandırdı/qızışdırdı, təhrik etdi, "yasec"i tanıdır, işini, şah üçün fədakarlığını ifadə edir.

 

Onuncu beytin şərhi:

Bişirirdi

 

Onun alovlu oxu öz zorba zərbəsi ilə

Öldürdüyü hər (guru) bişirirdi.

 

Nizami Bəhramın ov alətlərini tanıtmağa davam edir, təkəbbür anlayışını onlar üzərindən inşa edir, sıra "naçex"ə çatır, bu söz tərcümədə "ox" kimi verilib, beytin mənası təhrif olunub.

"Naçex" baltaya oxşayan ov/savaş silahıdır, şah ov zamanı oxdan, qılıncdan, naçexdən istifadə edir. Nizam naçexi bu özəlliklərlə tanıdır:

- "Onun naçexi" ("naçexəş") deyir, silaha özəl dərəcə qazandırır - şaha aiddir, başqasında yoxdur;

- atəşli naçexdir, oxu/yaseci kimi alov saçır, yerə, ova od yağdırırdı;

- bu atəşli naçexin zorba, güclü/böyük, yara açan ("yara"/"zəxm" sözü də tərcümədə ixtisar olunub, naçexin təsir gücü azalıb) zərbəsi var - şahın elə bir qol gücü var ki, o dərəcədə sərrast atırdı ki, naçex guru yaralayırdı;

- naçex hansı guru ki öldürürdü, onu odu ilə bişirirdi, atəşli naçex yaralayır, öldürür, bişirir;

- beytdə iki feil var, ikisi də keçmiş davamedici zamandadır, öldürürdü, bişirirdi, naçexi tanıdır, çoxluğu, fasiləsizliyi bildirir, davamlı iş başında olan bir alovlu naçex var, sahibinin əmrlərini yerinə yetirir, onu böyüdür, güclü göstərir, təkəbbür duyğusunu körükləyir;

- Nizami təkəbbür anlayışının inşasında mübaliğədən çox istifadə edir.

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!